Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-27/2021 19.05.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X3 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1994-cü ildə Qəbələ rayonu Tüntül kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli əvvəllər məhkum olunmamış, Qəbələ rayonu Tüntül kəndində qeydiyyatda olan və yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Qəbələ rayon Tüntül kəndi ərazisində yerləşən mərhum atası X8 və mərhum əmisi X6 mülkiyyətinə məxsus bağ sahəsinə bitişik Tüntül bələdiyyəsinə aid torpaq sahəsində bitmiş qoz cinsinə mənsub ağacları kəsdirib sataraq qazanc əldə etmək məqsədi ilə həmin ərazini və ağacları 28.08.2020-ci il tarixdə tanışı, Qəbələ rayonu Yengicə kənd sakini Şahid1 özünün mülkiyyətində olan bağ sahəsi və ağaclar kimi təqdim edib, onunla 30 (otuz) manat zəhmət haqqı müqabilində həmin ağacları motorlu mişarla kəsib doğraması və toplaması barədə razılığa gəldikdən sonra 29.08.2020-ci il tarixdə saat 09 radələrindən 12 radələrinə kimi yuxarıda qeyd olunan bələdiyyə mülkiyyətinə aid ərazidə bitmiş qoz cinsinə mənsub 01 (bir) ədəd 51 sm, 01 (bir) ədəd 60 sm, 01 (bir) ədəd 63 sm və 01 (bir) ədəd 64 sm diametrində olmaqla cəmi 4 (dörd) ədəd köküstə yaş halda olmuş ağacları qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan ərazinin bələdiyyə mülkiyyətinə məxsus olmasından məlumatlı olmayan X2 və Şahid1 sonuncunun istifadə etdiyi Stıhl markalı motorlu mişarla kəsdirərək Tüntül bələdiyyəsinə ümumilikdə 5500 (beş min beş yüz) manat dəyərində xeyli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə cinayətini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 259.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 259.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 259.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Qəbələ rayonu Tüntül kəndində yaşayır və daimi pasport qeydiyyatındadır. Qəbələ rayonu Tüntül kəndində kənarları çəpərlə bağlı formada bağ sahəsi var ki, həmin torpaq sahəsi mərhum əmisi Ələkbər Quluyevə, mərhum atası Rafik Quluyevə və Tüntül kənd Bələdiyyəsinə aiddir. Qeyd olunan bağ sahəsində müxtəlif cinsə məxsus ağaclar, o cümlədən qoz cinsinə məxsus ağaclar var ki, maddi vəziyyəti yaxşı olmadığından pula ehtiyacı olduğu üçün həmin ağacları kəsərək satmaq qərarına gəlmişdir. Bu məqsədlə 28.08.2020-ci il tarixdə qonşu kənd Qəbələ rayonu Yengicə kənd sakini əvvəlcədən tanıdığı Şahid1 ilə görüşüb ona müraciət edərək Tüntül kəndi ərazisində ona məxsus bağda 8 ədəd qoz ağacı cinsinə məxsus ağaclar olduğunu, onları kəsməsini və ona 30 manat pul verəcəyini bildirmişdir. Şahid1 ilə birlikdə ağacların olduğu bağ sahəsinə gələrək Vüsalın ağaclara baxdıqdan sonra səhər özü ilə bir nəfər fəhlə götürüb gələrək ağacları kəsəcəyini deyərək çıxıb getmiş, ertəsi gün 29.08.2020-ci il tarixdə saat 09 radələrində Şahid1 həmkəndlisi Mərdan Gülməmmədli ilə qeyd olunan bağa gələrək özü ilə gətirdiyi Stıhl markalı matorlu mişar ilə 4 ədəd bələdiyyə mülkiyyətindən, 3 ədəd mərhum əmisi Ələkbər Quluyevin mülkiyyətindən və 1 ədəd mərhum atası Rafik Quliyevin mülkiyyətindən olmaqla 8 ədəd qoz ağacını dib hissəsindən kəsərək onları hissələrə bölmüşdür. Mərdan isə bölünmüş kötükləri kənara yığmış, Vüsal ilə Mərdan işlərini 3 saat ərzində görərək saat 12 radələrində bağdan çıxaraq getmişlər. 30.08.2020-ci il tarixdə əmisi qızı Şahid3 qanunsuz ağac kəsdiyinə görə barəsində Qəbələ RPŞ-yə etdiyi şikayətə görə kəsdirmiş olduğu ağacları satmaqdan imtina etmiş, Şahid1 və Mərdan Gülməmmədliyə həmin yerin özünə məxsus olduğunu demişdir. Ağacların kəsilməsi üçün müvafiq qurumdan rəsmi icazəsinin olmamışdır. Təqsirləndirilən şəxs hazırda əməlindən səmimi peşmançılıq çəkdiyini, bir daha belə hallara yol verməyəcəyini, Qəbələ rayonu, Tüntül bələdiyyəsinə dəymiş ziyanın hissə-hissə gələcəkdə ödəyəcəyini, himayəsində yaşlı anasının olduğunu və anasına ondan başqa baxan heç kimin olmadığını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmişin nümayəndəsi Nümayəndə vermiş olduğu ifadəsində göstərdi ki, Qəbələ rayonu Tüntül kəndində yaşayır və daimi pasport qeydiyyatındadır. 2017-ci il tarixdən Qəbələ rayonu Tüntül kənd bələdiyyəsində sədr vəzifəsində işləyir. Quluzadə X5 sakinidir və Təqsirləndirilən şəxs dair heç bir düşmənçilik, ədavət və qohumçuluq münasibəti yoxdur. 30.08.2020-ci il tarixdə iş yerində olduğu zaman inzibati binaya Qəbələ RPŞ-nin TBnin baş təhqiqatçısı polis baş leytenantı Tural Mehdizadə gələrək Şahid3 AR DİN-nin 102 xidmətinə zəng vuraraq Təqsirləndirilən şəxs 29.08.2020-ci il tarixdə onlara məxsus bağ sahəsindən ağacları kəsməsi barədə verdiyi məlumat əsasında tərəfindən araşdırıma aparıldığını bildirmişdir. Həmin faktla bağalı qeyd olunan əraziyə gedərək baxış keçirilmiş və məlum olmuş ki, ağacların kəsildiyi ərazinin bir hissəsi Bələdiyyə mülkiyyətinə, Təqsirləndirilən şəxs mərhum əmisi Ələkbər Quliyevin mülkiyyətinə və eləcədə mərhum atası Rafik Quliyevin mülkiyyətinə aiddir. Təqsirləndirilən şəxs tərəfindən kəsilmiş ağaclar müxtəlif diametrli yaş kök üstə bitmiş qoz ağacı cinsinə məxsus ağaclar olmuş, həmin ağaclardan 4 ədədi Bələdiyyə mülkiyyətinə, 3 ədədi Ələkbər Quliyyevin mülkiyyətinə 1 ədədi isə Rafik Quliyevin mülkiyyətinə düşən torpaq sahəsindən kəsilmişdir. Təqsirləndirilən şəxs tərərfindən Bələdiyyə mülkiyyətindən qanunsuz ağac kəsməsi ilə bağlı hər hansı bir icazəsi olmamışdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Rafiq oğlu ifadəsində bildirdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfətişi vəzifəsində işləyir. 01.09.2020-ci il tarixdə Qəbələ rayon polis şöbəsindən Təqsirləndirilən şəxs Tüntül kəndi ərazisindən 8 ədəd qoz cinsinə məxsus ağacları qanunsuz kəsdirməsi ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinə ağacların kəsildiyi yerə baxış keçirilərək dəymiş maddi ziyanın müəyyən edilməsi ilə bağlı icraatına məktub daxil olmuşdur. Məktub əsasında sözü gedən əraziyə baxış keçirilməklə kəsilmiş 8 ədəd ağacın 6 ədədinin Bələdiyyənin verdiyi məktuba əsasən Bələdiyyə mülkiyyətinə aid olması qənətinə gələrək, 6 ədəd ağaca görə tərəfindən dəymiş maddi ziyan 8400 manat təşkil etməklə bu barədə polis şöbəsinə rəsmi məlumat verilmişdir. İstintaq araşdırması zamanı Təqsirləndirilən şəxs tərəfindən kəsdirilmiş 8 ədəd qoz cinsinə məxsus ağaclardan 4 ədədi - (bir) ədədi 51 sm, 01 (bir) ədədi 60 sm, 01 (bir) ədədi 63 sm və 01 (bir) ədədi 64 sm diametrində olmaqla Bələdiyə mülkiyyətinə aid olduğu müəyyən edildiyindən həmin kəsilmiş 4 ədəd qoz ağacı ARsı Nazirlər kabinetinin 27 oktyabr 2016-cı il 421 nömrəli qərarı ilə hesablanaraq ümumilikdə 5500 manat təşkil etmişdir. Həmçinin göstərmişdir ki, ətraf mühitə vurulmuş ziyanla bağlı fiziki və hüquqi şəxslərə qarşı ziyanların müəyyən edilməsi və hesablanması onun vəzifə səlahiyyətlərinə aiddir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Qəbələ rayonu Yengicə kəndində yaşayır və daimi pasport qeydiyyatındadır. Qəbələ rayon Tüntül kənd sakini Təqsirləndirilən şəxs Rafiq oğlunu çoxdandır ki, tanıyır. 28.08.2020-ci il tarixdə Təqsirləndirilən şəxs onu Tüntül kəndində görərək Qəbələ rayon Tüntül kəndində ona məxsus bağ sahəsinin olduğunu, orada bitmiş 8 ədəd qoz ağacı cinsinə məxsus ağacları kəsməsini bildirmişdir. Təqsirləndirilən şəxs ilə birlikdə bağ sahəsinə gedərək kəsiləsi ağaclara baxmış, həmin ağaclar müxtəlif diametrdə, yaş kök üstə olan 8 ədəd qoz ağacı cinsinə məxsus ağaclar olmuşdur. Ağaclara baxdıqdan sonra Rəşadətə həmin ağacları dib hissəsindən kəsib yerə yıxmaqla hissələrə bölüb ondan fəhlə daxil olmaqla zəhmət haqqı kimi 30 manat pul alacağını bildirərək Rəşadətlə razılaşmışdır. Sonra yaşadığı Yengicə kəndinə gələrək həmkəndlisi Mərdan Gülməmmədli ilə görüşərək ona Tüntül kəndi ərazisində kəsiləsi ağaclar olduğunu, fəhlə kimi ona köməklik göstərməsini və iş üçün 10 manat zəhmət haqqı pul verəcəyini bildirmişdir. Ertəsi gün 29.08.2020-ci il tarixdə səhər saatlarında həmkəndlisi Mərdan ilə birlikdə özünə məxsus “Shtil” markalı matorlu mişarı götürərək Qəbələ rayonu Tüntül kəndinə gələrək Təqsirləndirilən şəxs ilə görüşüb onun ağacları kəsmək üçün birlikdə göstərdiyi bağ sahəsinə gəlmişlər. Gün ərzində Rəşadətin göstərişi ilə 8 ədəd yaş kök üstə olan müxtəlif diametrli qoz ağaclarını dib hissəsindən kəsib yerə yıxaraq müxtəlif hissələrə doğramış, həmkəndlisi Mərdan Gülməmmədli isə ona kömək edərək kəsdiyi qoz ağaclarından doğradığı kötükləri kənara toplamış, həmin günü 8 ədəd ağacın hamısını kəsib qurtararaq və zəhmət haqqı Rəşadətdən 30 manat pul alıb həmin puldan 10 manatını həmkəndlisi Mərdana vermişdir. Ağacları kəsmiş olduğu yerin Təqsirləndirilən şəxs mülkiyyətinə aid olduğunu bilmişdir. Həmin yerin digər mülkiyyətə aid olmasından məlumatlı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş X4 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirdi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti xxxx MMC 9 saylı Qəbələ LTİ-nin mühəndisi vəzifəsində işləyir. Qəbələ rayon Polis şöbəsinin məktubunda qeyd olunmuş Qəbələ rayonu Tüntül kəndi ərazisində, kənd sakini Təqsirləndirilən şəxs Rafiq oğlunun 29.08.2020-ci il tarixdə Şahid3 şəxsi mülkiyyətinə aid olan həyətyanı torpaq sahəsindən kəsmiş olduğu 2 (iki) ədəd və sonuncunun istifadəsində olan bələdiyyəyə məxsus torpaq sahəsindən isə 6 (altı) ədəd qoz ağaclarının yerləşdiyi torpaq sahəsinin hansı kateqoriyaya aid olmasını təyin etmək məqsədi ilə əraziyə baxış keçirmişlər. Tələbdə göstərilən kəsilmiş ağacların yerləşdiyi torpaq sahəsinin GPS aləti vasitəsi ilə sərhədlərinin döngə nöqtələrinin koordinatları təyin olunmuşdur. Çöl ölçmə işlərinin nəticəsinə və Mərkəzin elektron bazasında öz əksini tapan Qəbələ rayonu keçmiş A.Hüseynzadə adına təsərrüfatın ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu layihəsinə əsasən, məlum olmuşdur ki, kəsilmiş 8 ədəd ağac Tüntül kənd İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində 0,08394 hektar (839,4 kvadrat) metr sahədə yerləşir. Tərtib edilmiş sxemlərdə göstərilidiyi kimi kəsilmiş ağaclardan 4 ədədi Qəbələ rayon Tüntül bələdiyyəsi mülkiyyətində olan 797,4 kvadrat metr torpaq sahəsində, 3 ədədi JN-134F nömrəli Torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməyə əsasən X7 mülkiyyətində olan 0,10 hektar torpaq sahəsinin 39,94 kvadrat metr hissəsində, 1 ədədi isə JN-135F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X9 mülkiyyətində olan 0,58 hektar torpaq sahəsinin 2,1 kvadrat metr hissəsində yerləşir. Kəsilmiş 8 ədəd ağacların yerləşdiyi 839,4 kvadrat metr torpaq sahəsinin 797,4 kvadrat metr hissəsi bələdiyyə mülkiyyəti, 42,04 kvadrat metr hissəsi xüsusi mülkiyyət olmaqla, kateqoriyası yaşayış məntəqəsi torpaqları, uqodiyası çoxillik əkmələrdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirdi ki, Qəbələ rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı vəzifəsində işləyir. 30.08.2020-ci il tarixdə saat 10:37 radələrində ünvan 1 ünvanında yaşayan Şahid3 AR DİN-in “102” xidmətinə müraciət edərək Tüntül kəndində yaşayan qaynının oğlu Təqsirləndirilən şəxs həyətində yerləşən ağacları kəsməsi barədə məlumat vemişdir. Daxil olmuş məlumat HK-1/1005 sayla qeydiyyata alınaraq araşdırılması üçün icraatına daxil olmuş və tərəfindən araşdırma aparılmışdır. Araşdırma zamanı AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən təqdim edilmiş sorğuya cavaba əsasən bildirilmişdir ki, Qəbələ rayon Tüntül kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq kəsdirdiyi 8 ədəd qoz cinsinə mənsub ağacdan 6-sı Tüntül kənd Bələdiyyəsinin fonduna aid torpaq sahələrinə aiddir və dəymiş ziyanlıq 8400 (səkkiz min dörd yüz) manat təşkil edir. Aparılan araşdırma zamanı Qəbələ rayon Tüntül kəndində kəsilmiş ağacların yerləşdiyi yerə baxış keçirilərək bu barədə protokol və fotocədvəl tərtib edilmiş, eləcə də baxış protokolu videoçəkilişə alınaraq tərtib edilmiş CD disk protokola əlavə edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs kəsilmiş ağacları yerində saxlaması barədə məlumat verilmiş və xəbərdarlıq edilmişdir. Lakin maddi sübut hesab olunan kəsilmiş ağaclar, onların sayı və ölçüləri barədə məlumatlar həmin vaxt tərəfindən protokollaşdırılmamış, həmçinin saxlanılması üçün saxlanca verilməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının CM-nin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadəsi, iş materialları və aşağıda göstərilən digər sübutlarlada təsdiq edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş 30 avqust 2020-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş foto cədvəldən görünür ki, həmin tarixdə Qəbələ rayon polis şöbəsinin təhqiqat bölməsinin baş təhqiqatçısı, polis baş leytenantı Tural Mehdizadə Təqsirləndirilən şəxs ağac kəsdirdiyi yerə baxış keçirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs səkkiz ədəd ağacı kəsdirdiyi yeri təqdim etmişdir. Baxış zamanı, ağacların kəsildiyi yerin Qəbələ rayonu Tüntül kəndində bağ ərazisində yerləşdiyi və oradan 41 sm, 44 sm, 50 sm, 59 sm, 63 sm, 69 sm, 70 sm, və 143 sm diametrində səkkiz ədəd qoz cinsinə mənsub ağacların kəsildiyi müəyyən edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş 01 oktyabr 2020-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş foto cədvəldən görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətindən ayrılmış mütəxəsisin, hal şahidlərinin, eləcə də ağacları kəsmiş Təqsirləndirilən şəxs iştirakları ilə baxış keçirilmişdir. Bununla əlaqədar baxış zamanı Şəki-Layihə Tədqiqat İdarəsinin mühəndisi Coşqun Babayev tərəfindən ağacların kəsildiyi nöqtələrə nəzərən elektron cihazla çöl ölçmə işləri aparılmış və müəyyən edilmişdir ki, ağacların kəsildiyi ərazi Tüntül kənd İnzibati Ərazi dairəsinin sərhədləri daxilində 0,08394 hektar sahədə yerləşir yerləşir. Baxış zamanı mühəndis Coşqun Babayev ölçmə işləri aparmış və əldə edilmiş məlumatların kameral şəraitdə xidmətin tabeliyində olan “xxxx” MMC-nin Şəki-Layihə İdarəsinin mövcud olan elektron baza məlumatları ilə müqayisə olunduqdan sonra ağacların kəsildiyi ərazinin mülkiyyət formasının müəyyən olunaraq bu barədə istintaqa rəsmi qaydada məlumat veriləcəyini qeyd etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş 09 yanvar 2021-ci il tarixli “könüllü təqdim edilmiş əşyanın götürülməsi haqqında” qərardan və protokoldan görünür ki, Şahid1 29.08.2020-ci il tarixdə Təqsirləndirilən şəxs göstərişi ilə Qəbələ rayonu Tüntül kəndində yerləşən ona özününki kimi təqdim etdiyi bağ sahəsindən səkkiz ədəd ağacı kəsdiyi “Sthıl” markalanma yazılı, kəsici hissəsi dəmir ramadan və həmin rama üzərində dairəvi şəkildə fırlanan kəsici dişli sepdən ibarət, mühərrikxanasının üzəri narıncı rəngli, mühhərikxanasının arxa, üst və ön tərəfində olmaqla üç ədəd qara rəngli dəstəyi olan, mühhəriki əl ilə dartılan tros vasitəsilə işə salınan motorlu mişarı könüllü olaraq təqdim etdikdən sonra iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş və baxış keçirilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş 18 mart 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfətişi Şahid4, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı xidmətinin X22 Təsərrüfatı Mərkəzinin əməkdaşı mütəxəsis Arzu Qocayevin, hal şahidlərinin və Təqsirləndirilən şəxs birgə iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən Tüntül kənd Bələdiyyəsinə məxsus torpaq sahəsindən kəsilmiş qoz cinsinə məxsus ağaclar 01 (bir) ədəd 51 sm, 01 (bir) ədəd 60 sm, 01 (bir) ədəd 63 sm və 01 (bir) ədəd 64 sm diametrində, X7 mülkiyyətinə məxsus bağ sahəsindən 01 (bir) ədəd 28 sm, 01 (bir) ədəd 58 sm və 01 (bir) ədəd 64 sm diametrində və X10 mülkiyyətinə məxsus bağ sahəsindən 01 (bir) ədəd 50 sm diametrində olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyesti Xidmətinin 05.03.2021-ci il tarixli **********60 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 8 ədəd ağacların kəsildiyi yer 4 ədədi Qəbələ rayon Tüntül kənd Bələdiyyəsinin mülkiyyətinə, 3 ədədi X6 mülkiyyətinə, 1 ədədi isə X8 mülkiyyətinə aid torpaq sahəsində yerləşdiyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş 19 mart 2021-ci il tarixli Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən təqdim edilmiş 33 nömrəli məktubdan, həmin məktuba əlavə edilmiş maddi ziyanın hesablanması cədvəlindən görünür ki, Qəbələ rayonu Tüntül kəndində yerləşən bələdiyyə mülkiyyətinə məxsus bağ sahəsindən 01 (bir) ədəd 51 sm, 01 (bir) ədəd 60 sm, 01 (bir) ədəd 63 sm və 01 (bir) ədəd 64 sm diametrində olmaqla cəmi 4 (dörd) ədəd qoz cinsinə mənsub ağaclarının köküstə yaş halda qanunsuz olaraq kəsilməsi nəticəsində dəymiş ziyan Azərbaycan Respublikası Nazirlər kabinetinin 2016-cı il 27 oktyabr tarixli 421 saylı qərarı ilə hesablanaraq 5500 (beş min beş yüz) manat təşkil edir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qəbələ rayon Mərkəzi Xəstəxanasının 16.01.2021-ci il tarixli 3/26 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Qəbələ RMX-nın PHŞ-in Poliklinika şöbəsinin “narkoloji və ya ruhi əsəb” kabinetində qeydiyyatda olmadığı göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İşdə olan Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Tüntül kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 yanvar 2021-ci il tarixli, 24 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İşdə olan Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Tüntül kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 yanvar 2021-ci il tarixli, 25 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi anası 1966-cı ildə anadan olmuş X1 ibarətdir. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iş üzrə təqsirləndirilən şəxsin meşə fonduna daxil olmayan bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsindən xeyli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə cinayətini törətməsi, yəni onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olaraq, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf edərək peşimançılıq hissi keçirməsini, ailənin yeganə gəlir mənbəyi olmaqla himayəsində 1966-ci il təvəllüdlü anasının olmasını və anasına ondan başqa baxacaq heç kimin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, müsbət xarakterizə edilməklə şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 259.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 15 mart 2021-ci il tarixli qərardan göründüyü kimi, Təqsirləndirilən şəxs 15 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli isə 15 mart 2021-ci il saat 11:15-dən hesablanmış, 15 mart 2021-ci il tarixdə saat 13:42 radələrində barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə saxlandığı MSY-dən azad edilmişdir. Ona görə də onun həbsdə saxlanıldığı bir gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə hesablamaqla təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. İş üzrə maddi sübut olan Qəbələ Rayon Polis Şöbəsində saxlanılan bir ədəd “Stıhl” markalı motorlu mişar hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Şahid1 (CPM 131.1.2) qaytarılmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 15 mart 2021-ci il tarixdə həbsdə saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş 01 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Qəbələ Rayon Polis Şöbəsində saxlanılan bir ədəd “Stıhl” markalı motorlu mişar hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Şahid1 qaytarılsın. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №1(025)-27/2021
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-27/2021
19.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver