Məhkəmə qərarları › İş №1(025)-28/2021

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-28/2021

26.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-28/2021 26.05.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxx 1998-ci ildə Qəbələ rayon Mıxlıqovaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, “Abşeron” oteldə texnik işləyən, Qəbələ rayon Mıxlıqovaq kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs dünyada və ölkə ərazisində geniş yayılmış koronavirus (COVİD-19) infeksion xəstəliyinin müayinəsi ilə əlaqədar 30 oktyabr 2020-ci il tarixdə Qəbələ rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin təcili tibbi yardım şöbəsinə müraciət edərək yaxma üsulu ilə koronavirus testi verməsinə, 02 noyabr 2020-ci il tarixdə keçirilmiş koronavirus (COVİD-19) infeksiyasının müayinə testinin nəticəsi pozitiv çıxmaqla koronavirus (COVİD19) infeksiyasına yoluxması faktının təsdiq olunması, bununla əlaqədar olaraq onun yaşayış yerini tərk etməməsi, karantin rejimini pozduğu təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilməsi barədə ona 02.11.2020-ci il tarixdə saat 09:32 radələrində ***- ***-**-** saylı nömrədə işləyən mobil telefonuna İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən göndərilən mesaj vasitəsi ilə, eləcə də Qəbələ rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsindən mobil telefonla zəng edilərək şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq, koronavirus (COVİD19) infeksiyasına yoluxmasını bilə-bilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 mart 2020-ci il tarixli qərarına əsasən ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə 24 mart 2020-ci il tarixdə, saat 00:00-dan etibarən elan edilmiş və hazırda davam edən epidemiya əlehinə olan xüsusi karantin rejimini qəsdən pozaraq 04 noyabr 2020-ci il tarixdə səhər saatlarında, bundan başqa təkrarən 06 noyabr 2020-ci il tarixdə günorta saatlarında yaşadığı evi tərk edib Qəbələ rayon Mıxlıqovaq kəndində Şahid1 işlətdiyi mağazaya siqaret almaq məqsədi ilə gedərək sonuncuya, həmçinin, orada olan müştərilərə koronavirus (COVİD-19) infeksion xəstəliyinin yayılması üçün real təhlükə yaratmış, həmçinin, təkrar olaraq 07 noyabr 2020-ci il tarixdə axşamtərəfi isə açıq havaya çıxmaq bəhanəsi ilə yaşadığı evi tərk edib evindən təxminən 600 metr məsafədə yerləşən Mıxlıqovaq kənd məktəbinin futbol meydançasına çıxıb koronavirus (COVİD-19) infeksion xəstəliyinin ictimai yerdə kənar şəxslərə yayılması üçün real təhlükə yaratmış, bu zaman Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən (COVİD-19) xəstəliyinin yayılmasının qarşısını almaq istiqamətində həyata keçirilən tədbirlər nəticəsində saxlanılaraq yaşayış yerinə qaytarılmışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139- 1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadə verərkən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Bakı şəhərində “Abşeron qrup” oteldə texnik işləyir. 2020-ci ilin oktyabr ayının sonları Bakı şəhərində işdə olan zaman atası Sərdar onun mobil telefonuna zəng edərək Vətən müharibəsi ilə əlaqədar olaraq onun Qəbələ rayonuna Səfərbərlik və hərbi Xidmət üzrə Çağırış xidmətinə çağırıldığını demişdir. 29 oktyabr 2020-ci il tarixdə saat 14 radələrində Çağırış Xidmətində olmalı olduğunu bildirmişdir. Bakı şəhərində olduğundan həmin gün gəlib çata bilməmiş, buna görə də 30 oktyabr 2020-ci il tarixdə saat 10 radələrində Çağırış xidmətinə gəlib orada qeydiyyatda düşmüşdür. Səfərbərlik barədə peçat vuraraq onu Qəbələ rayon mərkəzi xəstəxanasına koronavirus testi verməsi üçün göndərmişlər. Xəstəxanada burun vasitəsilə ilə yaxma üsulu ilə koronavirus testi vermiş, 01 noyabr 2020-ci il tarixdə gündüz saatlarında hərbi komissarlıqdan mobil nömrəsinə zəng gəlmiş, ondan 02.11.2020-ci il tarixdə komissarlıqda olması tələb olunmuşdur. Həmin gün, yəni, 01 noyabr 2020-ci il tarixdə axşam nömrəsini və adını xatırlamadığı bir həkim onun mobil nömrəsinə zəng edərək Qəbələ rayon mərkəzi xəstəxanasından olduğunu bildirib “verdiyiniz “covid19” testinin nəticəsi pozitiv çıxmışdır” demiş, həkim ona özünü təcrid edərək 14 gün evdə evdə qalmalı olduğunu bildirmişdir. Həmin həkimə komissarlığa çağırıldığını demiş, həkim isə özüəlaqə saxlayacağını bildirmiş, bundan sonra komissarlıqla danışıb onlara “mənim telefonuma xəstəxanadan zəng gəlmiş və mənim koronavirus infeksiyasına yoluxduğumu bildirmişlər” demişlər. Komissarlıqdan isə gözləməyini xahiş edərək əlaqə saxlayacaqlarını demişlər. 02.11.2020-ci il tarixdə səhər tezdən mobil telefonuna komissarlıqdan zəng gələrək koronovirus infeksiyasına yoluxduğu üçün komissarlığa gəlməməsini tapşırmışlar. Elə həmin gün, yəni, 02 noyabr 2020-ci il tarixdə saat 09:32 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil telefonuna Səhiyyə NazirliyininTƏBİB-in İTS.GOV.AZ saytından mesaj daxil olmuşdur. Həmin anda mesajı oxuduqda mesajda 30.10.2020-ci il tarixində COVİD19 ilə bağlı verdiyi testin nəticəsi pozitiv olması, həmin mesajda xəstəliyə yoluxduğu üçün özünə və ailə üzvlərinin yaşayış yerini tərk etməməyi, karantin rejimini pozduğu halda Azərbaycan Respublikası İnzibati və Cinayət Məcəlləsi ilə məsuliyyət daşımağı barədə xəbərdar edilmiş, bir müddət evdə qalmışdır. Ancaq siqaret çəkən olduğundan və kimsəyə siqaret aldıra biləcəyi şəxs olmadığından koronavirus infeksiyasına yoluxduğunu bildiyi halda 04 noyabr 2020-ci il tarixdə səhər saatlarında, ikinci dəfə isə 06.11.2020-ci il tarixdə günortadan sonra Mıxlıqovaq kəndində yerləşən Şəhriyar adlı şəxsin ərzaq mağazasına gedərək oradan 2 dəfə siqaret almış, birbaşa olaraq evə gəlmişdir. 07 noyabr 2020-ci il tarixdə günortadan sonra yaşadığı evdə sıxıldığı üçün evdən təxminən 600 metr məsafəyə kənd məktəbinin futbol meydançasına çıxmışdır. Həmin vaxt kəndin sahə rəisi Şahid4 mobil telefonuna zəng edərək harada olduğunu soruşmuşdur. Yerini demiş, kənddə futbol meydanında olduğunu bildirmişdir. Oraya polis əməkdaşı Nəsir və yanında olan digər polis əməkdaşı gəlmiş, özlərini təqdim etmiş, “covid19” infeksiyasına yoluxduğunu demiş, həqiqətən də “covid19” infeksiyasına yoluxduğunu etiraf etmişdir. Ondan əvvəlki günlər də “covid 19” xəstəsi olduğu halda bayıra çıxdığını, mağazaya getdiyini bildirmişdir. Polis əməkdaşları onunla söhbət apararaq özünü təcrid edərək edərək evə qaytarmışlar. Evə qayıtmış və bir daha evdən bayıra çıxmamışdır. 16 noyabr 2020-ci il tarixdə isə mobil nömrəsinə “covid19” xəstəliyinə yoluxmağı ilə bağlı evdə özünü təcrid müddətinin bitməsi yuxarıda göstərdiyi ünvandan mesaj gəlmişdir. Bundan sonra bayıra çıxmış, 20 noyabr 2020-ci il tarixdə isə Bakı şəhərinə gedərək orada da iş yerində “covid 19” testi vermiş və 23 noyabr 2020-ci il tarixdə isətelefon nömrəsinə verdiyi testin nəticəsinin neqativ olması barədə mesaj daxil olmuşdur. Koronovirus infeksiyasına yoluxduğu halda yaşadığı Mıxlıqovaq kəndindəki Şəhriyar adlı şəxsin mağazasına 04.11.2020-ci il tarixdə tək getmişdir. Şəhriyar da mağazada tək olmuş, mağazada və kənddə həmin vaxt heç kimlə təmasda olmamışdır. Ancaq kənarda adamların olmuş, mağazaya gedərkən tibbi maska taxmışdır. 06.11.2020-ci il tarixdə də yenə də koronovirus infeksiyasına yoluxmuş, bilə-bilə Şəhriyar adlı şəxsin mağazasına getmişdir. Şəhriyar mağazada tək olmuş, mağazada və kənddə həmin vaxt heç kimlə təmasda olmamışdır. Ancaq kənarda adamların olmuş, mağazaya gedərkən tibbi maska taxmışdır. 07.11.2020-ci il tarixdə kənd məktəbinə futbol meydanına çıxdığı zaman ətrafda kimsə olmamışdır. İstintaq tərəfindən təqdim edilmiş videoçəkilişlə tanış olmuş, həqiqətən də çəkilişdəki özünün olmuşdur. Mobil telefonu xarab olduğu üçün daxil olan mesajları silinmiş, silməzdən əvvəl Səhiyyə Nazirliyinin TƏBİB-in İTS.GOV.AZ saytından daxil olan mesajların ekran fotoşəklini çəkib həmin mesajların şəklini istintaqa Bakı şəhərində olan zaman “Whatsaap” sosial şəbəkəsi vasitəsi ilə göndərmişdir. Həmin mesajların əksi çıxarılmış fotoları tanış olmuş, həqiqətən də həmin mesajlar göndərdiyi mesajlardır. 04.11.2020-ci il tarixdə, 06.11.2020-ci il tarixdə Şəhriyar adlı şəxsin mağzasına gedən zaman, 07.11.2020-ci il tarixdə evdən bayıra futbol meydanına çıxan zaman koronavirus infeksiyasına yoluxduğunu gələn xəbərdarlıq mesajından və Qəbələ rayon xəstəxanasından gələn zəngdən bilmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən çox peşiman olduğunu bildirdi və məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs doğma oğludur, Röyal Bakı şəhərində “Yeni Bakı” otelində işləyir. 2020-ci ilin sentyabr ayında Ermənistan-Azərbaycan müharibəsi başlayanda ölkəmizdə elan edilən qismən səfərbərliklə bağlı kəndin icra nümayəndəsi Rauf Rəsulov mobil telefonuna zəng edərək Röyalın hərbi komissarlığa çağırıldığını bildirmişdir. Röyalın Bakı şəhərində olduğunu deyərək Röyala zəng edib bu barədə məlumat vermiş, səhəri gün Röyal Bakı şəhərindən gələrək Qəbələ hərbi komissarlığına getmişdir. Orada oğluna xəstəxanaya gedərək “covid19” testi verilməli olduğunu, onlar çağırdıqda getməli olduğunu demişlər. Röyal da buna görə 30.10.2020-ci il tarixdə komissarlıqdan mərkəzi xəstəxanaya getmiş, orada “covid19” testi vermiş, 02 noyabr 2020-ci il tarixdə Röyalın mobil telefon nömrəsinə “Təbib”dən onun “covid19” testinin pozitiv çıxması barədə məlumat gəlmişdir. Sonradan təxminən 4-5 gün sonra polis sahə rəisi həyətinə gəlib Röyalın karantin qaydasına əməl edib-etmədiyini yoxlayanda Röyalın kənd məktəbinin boş meydançasına kəndə çıxdığı məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs doğma oğludur. Röyal Bakı şəhərində “Yeni Bakı” otelində işləyir. 2020-ci ilin sentyabr ayında Ermənistan-Azərbaycan müharibəsi başlayanda ölkəmizdə elan edilən qismən səfərbərliklə bağlı Röyal hərbi komissarlığa çağırılmışdır. Röyala zəng edərək bu barədə məlumat vermişlər. Səhəri gün Röyal Bakı şəhərindən gələrək Qəbələ komissarlığına getmişdir. Orada oğluna xəstəxanaya gedərək “covid19” testi verilməli olduğunu, onlar çağırdıqda getməli olduğunu demişlər. Röyal da buna görə 30.10.2020-ci il tarixdə komissarlıqdan mərkəzi xəstəxanaya getmiş və orada “covid19” testi vermişdir. 02 noyabr 2020-ci il tarixdə Röyalın mobil telefon nömrəsinə “Təbib”dən onun “covid19” testinin müsbət çıxması barədə məlumat gəlmişdir. Sonradan təxminən 4-5 gün sonra Röyalla bağlarında imiş. Bu zaman Röyal bağdan bayıra hava almağa çıxdığını demiş, özü isə həyətə gəlmişdir. Az sonra həyətə polis əməkdaşları kəndin icra nümayəndəsi ilə birgə gəlib ondan Röyalın harada olduğunu soruşmuş, Röyalın evdə olmadığını, bağyaxınlığına çıxdığını demişdir. Bundan sonra polislər həyətdən çıxıb getmişlər. Sonradan polis əməkdaşları Röyalı kənddə saxlayaraq “covid19” infeksiyasına yoluxduğundan bayıra çıxmasına görə videoçəkiliş aparmışlar və Röyalın bu hərəkətlərini sənədləşdirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 07 noyabr 2020-ci il tarixdə saat təxminən 16 radələrində xidməti ərazisi olan Mıxlıqovaq kəndində Qəbələ RPŞ-nin İTB-nin sahənin polis nəfəri Şahid5 ilə birgə xidmətdə olan zaman Mıxlıqovaq kənd sakini Təqsirləndirilən şəxs “covid19” infeksiyasına yoluxduğu halda yaşadığı evi tərk etməsi barədə məlumat daxil olmuşdur. Dərhal məlumatı yoxlamaq üçün onun yaşadığı ünvana kəndin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rauf Rəsulovla və polis nəfəri Şahid5 ilə birgə getmiş, Təqsirləndirilən şəxs anası Şahid3 onları həyətində qarşılamış ondan oğlu Röyalın “covid19” virusuna yoluxub-yoluxmadığını soruşmuşlar. Reyhan oğlu Röyalın “covid19” virusuna yoluxduğunu bildirmiş, ondan Röyalın harada olduğunu soruşduqda Reyhan oğlu Röyalın həyətdən çıxaraq kənd ərazisinə gəzməyə çıxdığını demiş, Reyhana oğlunun karonavirus infeksiyasına yoluxduğu halda karantin və özünü təcrid qaydalarını pozmasının məsuliyyətə səbəb olduğunu bildirib həyətdən uzaqlaşıb Röyalın istifadəsində olan mobil telefona zəng etmişdir. Ondan “covid19” infeksiyasına yoluxub-yoluxmadığını soruşduqda Röyal koronavirus infeksiyasına yoluxduğunu demiş, Röyaldan harada olması barədə sorğu edildikdə o, Mıxlıqovaq kənd məktəbinin futbol meydançasının yanında olduğunu, oradan həmin şəxslərlə Mıxlıqovaq kənd orta məktəbinin futbol meydançasının yanına gəlib məsafədən Röyalı görüb onunla şifahi söhbət edərək ondan nə üçün koronavirus infeksiyasına yoluxduğu halda bayıra çıxdığını soruşmuşlar. Röyalkoronavirus infeksiyasına yoluxduğunu bildiyini, buna baxmayaraq hava almaq üçün darıxıb evdən bayıra çıxdığını demiş, həmçinin söhbət zamanı Röyal bundan əvvəlki günlər də iki dəfə yaşadığı kəndin mərkəzindəki mağazaya gedərək siqaret aldığını etiraf etmişdir. Röyalla aparılan söhbət tərəfindən mobil telefonla videoçəkiliş aparılaraq qeyd olunmuşdur. Təqsirləndirilən şəxs “covid19” infeksiyasına yoluxduğu halda evdən bayıra çıxmasının, özünü təcrid qaydalarını pozmasının məsuliyyətə səbəb olması barədə bir daha xəbərdar edilərək yaşayış yerinə evinə geri qaytarılmışdır. Daha sonradan polis şöbəsinə gələrək bu barədə raportla polis şöbəsinin rəhbərliyinə məruzə edərək apardığı videoçəkilişi də raporta əlavə etmiş, Təqsirləndirilən şəxs “covid19” infeksiyasına yoluxduğunu bilə-bilə Mıxlıqovaq kəndindəki Şəhriyar adlı şəxsin işlətdiyi mağazaya iki dəfə siqaret almaq üçün getməsinə görə Şəhriyarla bu baradə mobil telefonda danışdıqda Şəhriyar Röyalın həqiqətən də 2-3 gün əvvəl onun mağzasına iki dəfə gəlib siqaret aldığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 Şahid4 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Şahid2 cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi, şahid ifadələri və aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş 24 noyabr 2020-ci il tarixli “CD formatlı diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 07 noyabr 2020-ci il tarixdə Qəbələ RPŞ-nin İTB-nin sahə rəisi Şahid4 və sahənin polis nəfəri Şahid5 tərəfindən qeydə alınaraq raporta əlavə etdikləri video çəkilişə baxış keçirilmişdir. Baxış keçirilən video görüntü 01 ədəd DVD diskdə yerləşir. Diskdə 02 ədəd videogörüntü vardır. Onlardan biri 61,9 MB, digəri isə 562 MB həcmdədir. Videoda özünü Qəbələ rayon Mıxlıqovaq kənd sakini Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs COVİD 19 infeksiyasına yoluxmasını etiraf dərək bildirir ki, yaşadığı Mıxlıqovaq kəndinin mərkəzində yerləşən Şəhriyar adlı şəxsin işlətdiyi mağazaya əvvəlki günlər ərzində COVİD 19 infeksiyasına yoluxduğu halda gedərək siqaret almışdır. Hazırda isə hava almaq üçün yaşadığı kəndin məktəninin yanındakı meydançaya çıxdığını bildirdi. Videoda görünən yer ictimai yer olduğundan onun COVİD 19 virusunu kənar şəxslərə yoluxdurması üçün real təhlükə faktı mövcuddur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Qəbələ RPŞ-nin İTB-nin polis sahə rəisi Şahid4 tərəfindən tərtib edilmiş 07 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Qəbələ rayonu Mıxlıqovaq kəndində xidmət apararkən koronavirus (COVİD19) infeksiyasına yoluxmuş və ev şəraitində müalicə olunan şəxsləri Qəbələ RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis baş sertjantı Şahid5, Mıxlıqovaq kənd İƏD üzrə nüayəndəsi X7 ilə birlikdə yoxlayarkən Təqsirləndirilən şəxs yaşadığı evdə olmadığı, anası ilə söhbət apararkən oğlunun evi tərk edərək kənd ərazisində gəzməyə çıxdığını, onun yerini müəyyən edərkən məktəbinin yaxınlığında olmasını, onunla qoyulmuş qadağalarla bağlı söhbət apararkən onun yaşadığı evi ilk dəfə deyil, 04.11.2020-ci il və 06.11.2020-ci il tarixlərdə də tərk edərək kənd mərkəzində yerləşən mağazaya getməsini müəyyən etmiş, ondan nə üçün covid19 infeksiyasına yoluxduğu halda karantin qaydalarını pozaraq evdən çıxması şifahi sorğu edildikdə Təqsirləndirilən şəxs hava almaq məqsədi ilə evdən bayıra çıxdığını bəhanə etmiş, Təqsirləndirilən şəxs etdiyi əmələ görə məsuliyyət daşıdığı barədə xəbərdar edilərək yaşadığı evə geri qaytarılmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Qəbələ RMX PHŞ-dən daxil olmuş 09 dekabr 2020-ci il tarixli 3/897 nömrəli məktubdan görünür ki, Qəbələ rayon Mıxlıqovaq kənd sakini Təqsirləndirilən şəxs Qəbələ RMX PHŞ-nin yoluxmuş şəxslər jurnalında 01.11.2020-ci il tarixdə 243 sıra nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Qəbələ RMX PHŞ-dən Təqsirləndirilən şəxs adına verilmiş 04.11.2020-ci il tarixli 8/1432 nömrəli arayışdan görünür ki, ondan 30.10.2020-ci il tarixdə götürülmüş yaxma nümunəsində “covid19” testinin nəticəsi Bakı Referans laboratoriyasının 01.11.2020-ci il tarixli cavabına görə pozitivdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş 16 dekabr 2020-ci il tarixli “internet vasitəsi ilə göndərilmiş məlumatların götürülülməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə istifadəsində olan ***-***-**-** saylı mobil telefonla ***-***-**-** saylı mobil telefonla əlaqə saxlayaraq onun koronavirus infeksiyasına yoluxub-yoluxmaması barədə verdiyi analizin nəticəsinə dair nəticə barədə mobil telefonuna TƏBİB-in İTS.GOV.AZ saytından mesaj daxil olub-olmadığını şifahi olaraq soruşulmuş, Təqsirləndirilən şəxs 30 oktyabr 2020-ci il tarixdə koronavirus infeksiyasına yoluxub-yoluxmadığını yoxlamaq məqsədi ilə burnundan yaxma üsülü ilə test analizi verdiyini, 02 noyabr 2020-ci il tarixdə səhər saatlarında TƏBİB-in İTS.GOV.AZ saytından istifadəsində olan ***-***-**-** saylı nömrəyə koronavirus infeksiyasına yoluxması, verdiyi testin nəticəsinin pozitiv olması barədə mesaj daxil olduğunu, həmçinin mesajda karantin rejimin pozduğu halda məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş 16 dekabr 2020-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin “whatsapp” hesabından ***-***-**-** saylı nömrənin “whatsapp” hesabına göndərdiyi 01 ədəd fotoşəkilin əksini çıxarılaraq baxış keçirilmişdir. Müəyyən edilmişdir ki: 02.11.2020-ci il tarixdə saat 09:32 radələrində İTS.GOV.AZ ünvanından “Hormetli ROYAL QEDİMLİ. Sizin 30.10.2020-ci il tarixinde COVİD 19 ilə bağlı verdiyiniz testin neticesi POZİTİVDİR. Xahish olunur, siz ve aile üzvleriniz yashayish yerini terk etmeyesiniz. Karantin rejimini pozdugunuz teqdirde, Azerbaycan Respublikasinin İnzibati Xetalar və Cinayet mecellelerində nezerde tutulmush qaydada mesuliyyete celb oluna bilersiniz. tel 1542. Bundan başqa həmin şəkildə16.11.2020-ci il tarixdə saat 13:40 radələrində İTS.GOV.AZ ünvanından “Hormetli ROYAL QEDİMLİ, Siz ve sizinle eyni evdə yashayan shexslerin COVİD 19 ile baglı evde ozunutecrid muddeti bitmishdir.Saglamliginizi qoruyun. Həmçinin, həmin şəkildə 23.11.2020-ci il tarixdə saat 11:20 radələrində Hormetli ROYAL QEDİMLİ. Sizin 20.11.2020-ci il tarixində COVİD19 ilə bağlı verdiyiniz analizin nəticəsi NEQATİVDİR, virus ashkar edilmədi. tel 1542. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya-Kommunikasiya idarəsindən daxil olmuş 26.03.2021-ci il tarixli 020- 3550-1221 nömrəli məktuba əsasən Təqsirləndirilən şəxs “covid19” virusuna yoluxduğu və 30.10.2020-ci il 15:00:17tarixdən 13.11.2020-ci il 15:00:17 tarixədək yaşayış yerini tərk etməsinə məhdudiyyət qoyulması barədə məlumat İcbari Dövlət Sığorta Agentliyinin Tibbi Ərazi X2 (TƏBİB) informasiya sistemi tərəfindən 02.11.2020-ci il 00:59:39 tarixdə Daxili İşlər Nazirliyinin müvafiq informasiya sisteminə ötürülmüşdür. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Qəbələ RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Nəzər Qaragözovun 20.11.2020-ci il tarixli əməliyyat tapşırığına cavab raportundan görünür ki, Təqsirləndirilən şəxs koronavirus infeksiyasına yoluxduğunu bilə-bilə 04.11.2020-ci il tarixdə səhər saatlarında, 06.11.2020-ci il tarixdə günortadan sonra yaşadığı evi tərk edərək Mıxlıqovaq kəndinin mərkəzindəki Şahid1 işlətdiyi ərzaq və sənaye malları mağazasına getmişdir. İşdə olan Qəbələ RMX PHŞ-dən daxil olmuş 01 dekabr 2020-ci il tarixli 3/883 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs oğlu Qəbələ RMX PHŞ-nin polikilinika şöbəsinin “narkoloji və ruhi əsəb” kabinetində qeydiyyatda deyildir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İşdə olan Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Mıxlıqovaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 21.12.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İşdə olan Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 21.12.2020-ci il tarixli, 778 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi atası 1966-cı il təvəllüdlü X5, anası 1966-cı il təvəllüdlü Şahid3 İsfəndiyar qızı və qardaşı 1993-cü il təvəllüdlü X3 ibarətdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün ibtidai istintaq və ilkin məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadələri, şahidlərin ibtidai istintaq zamanı və ilkin məhkəmə baxışı zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun koronavirus (COVİD 19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə tətbiq edilmiş xüsusi karantin rejimi dövründə xəstəliyin yayılması üçün real təhlükə yaratmaqla epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması cinayətin törətməsi tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halların olmamasını, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. İş materiallarında olan 15 mart 2021-ci il tarixli qərardan göründüyü kimi, Təqsirləndirilən şəxs 15 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli isə 15 mart 2021-ci il saat 11:00-dan hesablanmış, 15 mart 2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə saxlandığı MSY-dən azad edilmişdir. Ona görə də onun şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə hesablamaqla təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 15 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş 01 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar