Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-29/2020 26.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri X6, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2ci yaşayış massivi, Abbasqulu Abbaszadə küçəsi, inzibati binada qeydiyyatda olan və Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, dalan 2, ö/t 24 D ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdə saat 20 radələrində ictimai yerdə, yəni Qəbələ şəhərində yerləşən “Orman” adlanan restoranda narkotik maddənin qəbulu nəticəsində yaranmış sərxoşluq vəziyyətində hər hansı bir əsaslı səbəb olmadan həmin restoranın işçiləri ilə mübahisə yaradıb, təxminən 25-30 dəqiqə müddət ərzində davamlı olaraq uca səslərlə nalayiq söyüşlər söyüb, onlar üzərinə hücum çəkərək və silah qismində istifadə olunan əşyalardan istifadə etməklə həyat və ya sağlamlıq üçün real təhlükə yaradan fiziki zor tətbiq etməyə cəhd etmiş və zor tətbiq etməklə hədələmiş, yəni əvvəlcə restorana bələdçilik edərək gətirdiyi turistlərlə birlikdə oturduğu kabinetdə onlara xidmət göstərən həmin restoranın ofisiantı Zərərçəkmiş şəxs2 sifariş verdikləri yeməyin keyfiyyətsiz olmasını bəhanə gətirərək, buna görə də hesabı verməyəcəyini bildirib, ona qarşı nalayiq söyüşlər söyüb, kabinetdə olan stolun üzərindən götürdüyü şüşə materialdan olan içki bakalını onun baş nahiyyəsinə vurmağa cəhd edib həyat və ya sağlamlığı üçün real təhlükə yaradarkən restoranın bufet nəzarətçisi Zərərçəkmiş şəxs1 bunu görüb onun qolundan tutaraq bakalı əlindən almaqla Zərərçəkmiş şəxs2 baş nahiyyəsinə vurmağa imkan verməmiş, eləcə də sakitliyə riayət etməsini və nalayiq söyüşlər söyməməsini ondan xahiş etməklə onun bu cür ictimai qaydanın pozulmasına yönəlmiş hərəkətlərinin qarşısını alarkən o, Zərərçəkmiş şəxs1 da ünvanına uca səslərlə nalayiq söyüşlər söyməyə başlayıb, üzərinə bir neçə dəfə hücum çəkərək fiziki zor tətbiq edəcəyi ilə hədələmiş, həmçinin iki dəfə yerdən daş götürüb həmin daşlarla Zərərçəkmiş şəxs1 üzərinə hücum çəkib vurmağa cəhd edərək və zor tətbiq etməklə hədələyərək həyat və ya sağlamlığı üçün real təhlükə yaradarkən restoranın digər işçiləri onun qarşısını kəsərək, əlindən daşları alıb kənara atmaqla buna imkan verməmiş, buna baxmayaraq o, bu cür qanunsuz hərəkətlərini davam etdirərək, özü ilə restorana gətirdiyi çantanın içərisindən götürdüyü bir ədəd mətbəx bıçağını və bir ədəd vintaçanı əlində açıq-aşkar nümayiş etdirərək bir neçə dəfə bufetin içərisində olan Zərərçəkmiş şəxs1 ünvanına nalayiq söyüşlər söyə-söyə hücum çəkib, onu həmin bıçaqla və vintaçanla vuracağı ilə hədələyərək həyat və sağlamlığı üçün real təhlükə yaradarkən onun bu cür ictimai qaydanın pozulmasına yönələn qanunsuz hərəkətlərinin qarşısını almağa çalışan, yəni ona yaxınlaşaraq əlindəki bıçağı və vintaçanı almağa cəhd edib onu sakitləşdirmək istəyən restoranın digər işçisi Zərərçəkmiş şəxs3 boğazına tərəf əlindəki bıçağı və vintaçanı uzadıb onu da həmin bıçaq və vintaçanla vuracağı ilə hədələyərək arxaya çəkilməsini tələb etmiş və əli ilə sinəsindən vurub arxaya itələməklə fiziki ağrı yetirmiş, daha sonra yenidən həmin bıçaq və vintaçanla, eləcə də iki dəfə bufetin qarşısındakı piştaxta üzərindən götürdüyü boş çaxır şüşəsi ilə Zərərçəkmiş şəxs1 üzərinə hücum çəkərək onu bıçaq, vintaçan və çaxır şüşələri ilə vurmağa cəhd etməyə və hədələməyə davam etmiş, kənarda olan restoran işçiləri bufetin qapısını arxadan bağlayaraq onun içəri girməsinə imkan vermədiklərinə, eləcə də hadisə yerinə gələn polis əməkdaşlarının müdaxiləsinə görə öz iradəsindən asılı olmayan səbəblərdən Zərərçəkmiş şəxs1 zor tətbiq etməyə nail ola bilməsə də, silah qismində istifadə etdiyi yuxarıda qeyd olunan əşyaların vasitəsi ilə zərər çəkmiş şəxslərin həyat və ya sağlamlığı üçün real təhlükə yaratmış, nəticədə restoranın iş rejiminin və restoranda olan yerli müştərilərin, xarici turistlərin istirahətlərinin xeyli müddətə pozulmasına səbəb olan, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində fiziki zor tətbiq edilməsi ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətlərini ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə qarşı müqavimət göstərməklə və silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə Bakı şəhərindən iki nəfər X1 Həməd Kidbi və Nasr Kidbi adlı turistləri bələdçilik edərək qohumu, Bakı şəhər sakini X8 idarə etdiyi Mersedes Benz markalı nömrəsini bilmədiyi avtomobillə Qəbələyə gətirmişdir. Qəbələdə olarkən şam yeməyi üçün ərəbləri saat 18:00 və ya 19:00 radələrində əvvəllər bir neçə dəfə turist gətirdiyi meşəlik ərazidə yerləşən “Orman” adlanan restorana gətirmişdir. Onlar “Orman” restoranında kabinetlərin birində oturmuşlar. Restorana gəlib kabinetdə oturduqdan sonra ərəblər aş və kabab sifariş vermişlər. Aş və kabab çiy bişdiyindən ərəblər buna etiraz etmişlər. Onlara qulluq edən sonradan bildiyi Turqut adlı ofisiantı çağırıb yeməklərin çiy bişməsinə görə etirazını bildirmişdir. Həm də 4 şiş kababa, 4 şüşə kolaya, bir şüşə kampota və iki salata görə 120 manat hesabın çox olduğundan da narazı olmuşdur. Hətta əsəbləşib kabinetdə stolun üstündəki şüşə materialdan olan içki bakalını götürüb havaya qaldıraraq onun başına həmin bardaqla vurmaqla hədələmiş və söymüş, lakin vurmamışdır. Yeməklərin pis bişdiyini ofisianta dedikdə o bildirmiş ki, yeməklərin keyfiyyətinə o yox, bufetçi cavabdehdir. Bufetçinin harada olduğunu soruşanda bildirmiş ki, digər kabinetdə tanışları ilə yeyib-içir. Ofisianta demiş ki, hesab çox olduğu üçün verməyəcəklər. Bundan sonra qalxıb bufetçinin oturduğu həmin kabinetə getmişdir. Kabinetə daxil olanda görmüş ki, sonradan adını bildiyi Elməddin adlı bufetçi 2 nəfərlə oturub yeyib-içir, hətta araq içirlər. Elməddinə yeməklərin keyfiyyətsiz olduğunu irad bildirəndə kobudcasına cavab qaytarıb demiş ki, “sənin nəslində heç belə ət yeyən olmayıb” Elməddinin bu sözündən çox əsəbləşmiş və onun oturduğu stula təpiyi ilə vurmuş və Elməddin kabinetin içərisində yerə yıxılmışdır. Bundan sonra Elməddin özü və yanında olan şəxslərdən biri onun üstünə cumub, şillə təpiklə onu vurub döyməyə başlamışlar. Hadisə kabinetdə olduğu üçün kənardan bunu görən olmamışdır. Onların kabinetdə onu döymələri nəticəsində başında və bədənində fiziki ağrılar yaranmışdır. Onların əlindən çıxıb əsəbi vəziyyətdə öz oturduqları kabinetə qayıtmışdır. Onu döyən şəxslər də arxasınca ünvanına nalayiq söyüşlər söyə-söyə gəlmişlər. Həmin şəxslərin onu döyəcəyindən qorxub dərhal 102 xidmətinə zəng vurub “Orman” restoranında bir neçə nəfər şəxs tərəfindən döyülməyi barədə məlumat vermişdir. Daha sonra çox əsəbləşdiyi üçün restoran işçilərinə tərəf getmişdir. Onlardan əsas Elməddinlə mübahisə edirdi və onu söyürdü. Artıq restoranın bütün işçiləri bufetdən çölə çıxmışdılar. Nicat və ərəblər, eləcə də kafeni işlədən şəxslərdən bəziləri onu sakitləşdirmək istəyirdilər. Həddindən artıq əsəbləşdiyi üçün o, restoran işçilərinin ünvanına uca səslərlə söyüşlər söyürdü. Onlara deyirdi ki, “kişilikləri” varsa tək-tək üstünə gəlsinlər. Həmin ərəfədə arxadan gələn iki nəfər tanımadığı həmin restoranda müştəri olan şəxslər arxadan onun qolunu burub dizi üstə onu çökdürüb sakitləşməsini tələb etmişlər. Onu yerə yıxan kimi restoranın bufetçisi Elməddin və onunla kabinetdə onu döyən digər 1 nəfər tanımadığı şəxs onu yerdə təpikləri ilə bədəninin müxtəlif nahiyyələrinə vuraraq döyməyə başlamışlar. Restoranın digər iki nəfər işçisi, onlarla gələn sürücü Nicat və ərəblər onu həmin şəxslərin əlindən almışlar. Ayağa qalxıb orada olan hər kəsin ünvanına “şərəfsizlər, namərdlər, hamınız tökülmüsüz mənim üstümə” deyən kimi tanımadığı iki nəfər restoran işçiləri onu vurmuşdu. Onlardan biri sinəsindən yumruğu ilə bir dəfə, digər biri isə ayağından badalax vurmuşdur. Lakin o, özünü yıxılmağa qoymamışdır. Bir daha 102 xidmətinə zəng vurub polis çağırmışdır. Həmin ərəfədə artıq onu birinci dəfə kabinetdə və kabinetdən çöldə bufetçi ilə birlikdə döyən şəxs qaçıb getmiş, onun yanında olan digər 1 nəfər şəxs isə hələ orada dayanmışdı. Döyüldüyü üçün, əsasən də onu Elməddin döydüyü üçün sonuncunun üstünə gedib söyməyə başlamış, hətta iki dəfə onu daşla vurmaq istəmiş, lakin buna imkan verməmişlər, restoran işçilərindən kimsə daşı əlindən almışdır. Bundan sonra o, ərəblərlə oturduqları kabinetə gedib stolun üstündə olan bir ədəd mətbəxt bıçağını və öz əşyalarıının içərisində olan bir ədəd atfiyorkanı götürüb uca səslərlə söyüşlər söyə-söyə Elməddinin olduğu bufetə tərəf getmişdir. Elməddin bufetə girdikdən sonra restoranın digər işçiləri bufetin qapısını arxadan bağlamışlar. Əlindəki atfiyorkanı bufetin şüşəsinə vuraraq ona deyirdi ki, “ay şərəfsiz, binamus çıx çölə təkbətək söhbət edək.” Lakin, o çölə çıxmırdı, hətta bufetin içərisindən onun ünvanına söyüşlər söyürdü. Daha da əsəbləşərək Elməddinin ünvanına söyüşlər söyüb atfiyorkanı və bıçağı bufetin şüşəsinə vuraraq çölə çıxmasını tələb edirdi. Hətta həmin ərəfədə ona yaxınlaşıb sakitləşməsini istəyən restoranın İslam adlı işçisinin boğazına tərəf əlindəki atfiyorkanı və ya bıçağı uzadıb yaxınlaşacağı halda vuracağı ilə hədələyib sinəsindən arxaya itələmişdir. Daha sonra yenə də bufetə girməyə cəhd etmiş və söyə-söyə Elməddini çölə çağıraraq onu əlindəki atfiyorka və bıçaqla vuracağı ilə hədələmişdir. Ona deyirdi ki, “çıx çölə bağırsaqlarını yerə tökəcəm”. Bıçağı və atfiyorkanı xatırlamadığı yerə qoyub bufetin qarşısında çöldə vitrində olan çaxır şüşələrindən birini əlinə götürüb bufetin açıq pəncərəsindən Elməddinə yaxınlaşıb onu həmin butulka ilə vuracağı ilə hədələmişdir. Elməddin də bufetdən çıxmaq və üzərinə gəlmək istəsə də, restoranın işçiləri onu tutub saxlamışlar. Bir nəfər də yaxınlaşıb çaxır butulkasını onun əlindən almışdır. Yenidən başqa çaxır butulkası alıb, yenə də bufetin pəncərəsindən Elməddinə yaxınlaşıb onu söyüb butulka ilə vuracağı ilə hədələmişdir. Yenə də əvvəl butulkanı əlindən alan şəxs butulkanı onun əlindən almışdır. Bir qədər də bufetin qarşısında dayanıb Elməddini söydükdən sonra ərəblərlə oturduğu kabinetə qayıtmış ki, özünə aid əşyaları toplayıb getməyə hazırlaşsın. Çünki bilirdi ki, 102 xidmətinə zəng etdiyi üçün bir neçə dəqiqəyə polis əməkdaşları gələcək. Öz əşyalarını yığışdıran vaxt polis əməkdaşları gəlib çıxmışlar. Əsəbi olduğu üçün polis əməkdaşları ilə də mübahisə etməyə başlamış və onu polis şöbəsinə gətirmişlər. Daha sonra Elməddini və restoranın digər işçilərini də polis şöbəsinə gətirmişlər. Polis şöbəsində də polis əməkdaşlarına qarşı hörmətsizlik edərək onların qanuni tələbinə tabe olmurdu. Buna görə polis əməkdaşları onun bu hərəkətlərini sənədləşdirmişlər. Həm də o, özü polis şöbəsində ərizə yazaraq “Orman” adlanan restoranda 7 nəfər şəxsin onu döyməsi barədə şikayət etmişdir. Həmin gün o, narkoloji müayinədən keçirilmiş və sidiyindən narkotik tərkibli maddə qəbulu nəticəsində sərxoşluq müəyyən olunmuşdur. Çünki o, həmin gün Bakı şəhərindən yadında qalmayan aptekdən aldığı psixotrop dərmandan istifadə etmişdi, bu isə sərxoşluğuna səbəb olmuşdur. Polis əməkdaşlarının qanuni tələblərinə riayət etmədiyi üçün ertəsi gün barəsində toplanmış materiallar Qəbələ rayon məhkəməsinə göndərilmiş və məhkəmə tərəfindən onun barəsində 10 gün müddətinə inzibati həbs seçilmişdir. Daha sonra Orman restoranında həmin restoranın işçilərinə qarşı etdiyi xuliqanlıq hərəkətlərinə görə barəsində cinayət işi başlanmış və o məsuliyyətə cəlb olunmuşdur. Əvvəlcə o, Azərbaycan Respublikası CM-nin 221.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində iltizam qətimkan tədbiri seçilmiş, daha sonra 221.2.2-ci maddəsi ilə ona ittiham elan olunmuş, sonda isə 221.3-cü maddəsi ilə itiham elan edilmişdir. Təqsirləndirilən şəxs onu da bildirdi ki, özünü CM-nin 221.2.2-ci maddəsi ilə təqsirli bilir, olanlara görə təəssüf hissi keçirir, zərərçəkmişlərlə barışıq əldə etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün qismən etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 4-5 ildir Qəbələ şəhəri “Rus meşəsi” deyilən ərazidə yerləşən “Orman” adlanan restoranda bufetçi işləyir. Bakı şəhər sakini Vahid adlı şəxsi 2-3 il olar ki, tanıyır. Belə ki, Vahid turistlərə bələdçilik edərək bir neçə dəfə Orman restoranına müştəri qismində gəlmişdir. Vahid əsasən həmin restorana ərəb turistləri gətirir. xx xxxxxxx 2019-cu il tarixdə saat 19:00 radələrində Vahid sürücüsünü tanımadığı şəxsin idarə etdiyi mersedes benz markalı avtomobillə iki nəfər ərəb turist gətirib Orman restoranına gəlmişdir. Onlara restoranda işləyən ofisiant Turqut qulluq edirdi və restoranın bufetlə üzbəüz olan kabinetində əyləşmişlər. Turqut gedib onlardan sifariş qəbul edərək bufetə qayıtmış və demiş ki, onlar kabab və plov sifariş veriblər. Aşbaz Allahverən verilən sifarişləri hazırlamış və Vahidgilin kabinetinə yollamışlar. Həmin vaxt restorana gələn qəssab tanışı Rəşadla birlikdə bufetin sol tərəfində olan kabinetdə oturub yeyib-içirdi, ancaq tez-tez gəlib bufetə baş çəkirdi. Əlavə olaraq restoranda Vahidgilin oturduğu kabinetin yaxınlığında yerləşən digər kabinetdə də iki nəfər müştəri var idi, onlara da ofisinat İlqar qulluq edirdi. Bufetdə olarkən Turqut Vahidgilə apardığı aşı bufetə geri qaytarıb demiş ki, ərəblər və Vahid deyir ki, aş yaxşı bişməyib, buna görə təkrar bişirməyə gətirib. Aşbaz həmin aşı yenidən bişirib Vahidgilə göndərmişdir. Bundan təxminən 10 dəqiqə sonra Vahidgilin oturduğu kabinetdən səs-küy eşidib ora getmişdir. Görmüş ki, Turqutun üstünə qışqıraraq kababın yaxşı bişmədiyini irad bildirir. Onun bu cür kobud formada restoranın ofisiantına irad bildirməsi onun xoşuna gəlməmiş, həm də Vahidin bu cür səs-küy salması restoranda olan digər müştəriləri narahat edirdi. Vahid oturduqları kabinetdən çölə çıxıb qapının qarşısında qışqırırdı. Onun əlində su bakalı var idi və həmin bakalı ofisiant Turquta qıcanıb vurmaq istəyirdi. Hesab verənin və alanın ünvanına “var-yox” söyüşü söyürdü. Davranışlarından aydın şəkildə hiss olunurdu ki, Vahid sərxoş vəziyyətdə idi. Söyüş söydüyünə və əlinə götürdüyü su bakalı ilə Turquta qıcandığını görüb Vahidə yaxınlaşıb bakal olan əlindən tutub fırlayaraq dizüstə yerə çökdürmüş, bakalı əlindən alıb restoranı tərk edib getməsini tələb etmişdir. Vahidi dizi üstə yerə çökdürəndə restoranın yuxarıda adlarını çəkdiyi işçiləri dərhal yanlarına gəlib Vahidlə onu ayırmağa başlamışlar. Onlar elə başa düşmüşlər ki, o, Vahidi döymək istəyir. Onlara demiş ki, Vahidi döymək məqsədi yoxdu, sadəcə bakalı onun əlindən alır. Vahid restoranın bütün işçilərini uca səslərlə söyürdü. Restoranın işçilərinə demiş ki, Vahidi vurmasınlar. Heç kim də Vahidi vurmamış, sadəcə olaraq hamı ondan söyüş söyməməsini tələb edirdi. Onu Vahiddən ayırdıqdan sonra o, bufetə tərəf gələrkən Vahid arxasınca nalayiq söyüşlər söyə-söyə ona yaxınlaşmış və onunla mübahisə etməyə və ünvanına nalayiq söyüşlər söyməyə davam etmişdir. Əsəbləşərək Vahidin ünvanına söyüşlər söymüşdür. Restoranın digər işçiləri isə dalaşmasınlar deyənə aralarına girmişlər. İşçilərin bəziləri Vahidi tutmuş, bəziləri isə onun qarşısına keçib dayanmışlar. Vahid onu pis söydüyü üçün əsəbləşib onun üstünə gedib deyirdi ki, çıxıb getsin. Restoran işçiəri elə bildilər ki, o, Vahidi vuracaq. Lakin, onun belə bir niyyəti yox idi. Vahid fasilə vermədən uca səslərlə onun ünvanına nalayiq söyüşlər söyürdü və vurmaq üçün üstünə hücum çəkirdi. Restoranın işçiləri İslam, Allahverən, İlqar, Seymur və Turqut isə onları tutub bir-birlərindən uzaqlaşdırırdılar. Həmin vaxt onlar bufetin qarşısında idilər. Vahid yerdən iki dəfə daş götürüb onu vurmaq istədikdə birinci dəfə İlqar, ikinci dəfə isə Hikmət alıb kənara atmışdır. Buna görə də Vahid onu daşla vura bilməmişdir. Söyüşlərini isə dayanmadan davam etdirirdi. Hətta bu söyüş səslərindən narahat olan restoranın katejlərindən birində əyləşmiş iki nəfər tanımadıqları şəxs çölə çıxıb səs-küyə görə narazılıqlarını bildirmişlər, hətta onlar da söyüş söydüyünə görə Vahidə iradlarını bildirmişlər. Ərəb turistlər və onları gətirən sürücü də Vahiddən xahiş edirdi ki, mübahisəyə son qoysun və çıxıb getsinlər. Vahid isə heç kimə məhəl qoymadan öz nalayiq ifadələrini davam etdirib onu vurmaq üçün üstünə hücum çəkirdi. Restoranın işçiləri isə qeyd etdiyi kimi Vahidin və onun qarşısına keçib onları bir-birindən uzaqlaşdırırdılar. Vahid “darıxma, səni yortacam, doğruyub tökəcəm” deyərək oturduğu bufetə tərəf getmişdir. Həmin anda o, bufetə daxil olmuşdur. Restoranın digər işçiləri də ona demişlər ki, bufetdən çıxmasın, Vahid sakitləşib getsin. Həm də Vahid özü əvvəlcədən 102 xidmətinə zəng vurub guya restoranda döyülməsi barədə yalan məlumat vermiş və onlar gözləyirdi ki, polis gələcək. Buna görə iş yoldaşları ona deyirdi ki, biraz səbirli olsun polislər gələcək. Vahid ərəblərlə oturduğu kabinet tərəfdən yenə əsəbi halda söyüş söyə-söyə bufetə tərəf gəlmişdir. Görmüşlər ki, Vahidin əlində bir ədəd mətbəxt bıçağı və bir ədəd atfiyorkanı silkələyərək üzünü ona tutub “səni doğrayacam, bağırsaqlarını yerə tökəcəm” deyərək onu hədələyə-hədələyə və nalayiq söyüşlər söyə-söyə bufetə girməyə cəhd edir. İşçilər bufetin qapısını bağlamışlar. Lakin, Vahid əlindəki bıçağı və atfiyorkanı bufetin şüşəsinə vurub sındırmaq və içəri girmək istəyirdi. Vahidin söyüşlərindən əsəbləşirdi və o da cavab olaraq onu söyürdü və deyirdi ki, çıxıb getsin. Bufetdən çöldə olan iş yoldaşı İslam Vahidə yaxınlaşıb onu sakitləşdirmək və əlindəki bıçağı almaq istəyəndə Vahid bıçağı İslamın boğazına tərəf uzadıb yaxınlaşacağı təqdirdə onu da bıçaqla vuracağı ilə hədələmiş və əli ilə sinəsindən basıb arxaya itələmişdir. Bundan sonra İslam qorxaraq kənara durmuşdur. Vahid bufetin qarşısından əl çəkməyərək söyüşlərini davam etdirməklə ondan çölə çıxmasını tələb edirdi və davamlı olaraq onu əlindəki bıçağı nümayiş etdirməklə öldürəcəyi və ya xəsarət yetirəcəyi ilə hədələyirdi. Əsəbləşərək Vahidin üzərinə gedib deyirdi ki, söyüş söyməsin, tələb edirdi ki, çıxıb getsin. İş yoldaşları da onu tutub Vahidin üstünə getməyə qoymurdu. Vahid əlindəki bıçaq və vintaçan azmış kimi bufetin qarşısında çöl tərəfdə vitrinə yığdıqları boş çaxır şüşələrindən birini əlinə götürüb pəncərədən ona qıcanaraq həmin butulka ilə onu vuracağı ilə hədələyərək çölə çıxmağını tələb edirdi. Hətta butulkanı bufetin şüşəsinə vurub sındırmaq istədikdə çöldə olan İlqar şüşəni Vahidin əlindən alıb yerinə qoymuşdur. Vahid bir daha çaxır şüşələrindən birini götürüb onu söyə-söyə çölə çıxmasını tələb edirdi, içəridən işçiləri bufetin qapısını bağladıqları üçün qışqırırdı ki, qapını açmasalar şüşə ilə vurub sındırıb içəri girəcək. Yenə butulka ilə bufetin şüşəsini vurub sındırmaq istədikdə İlqar şüşəni onun əlindən alıb yerinə qoymuşdur. Buna baxmayaraq Vahid əlindəki bıçaq və atfiyorka ilə bufetin içərisinə girməyə və ona hücum çəkməyə cəhd edirdi və söyüş söyə-söyə onu hədələməyə davam edirdi. Bufetin qapısı bağlı olduğu üçün o içəri girə bilmirdi. Bir neçə dəfə bufetin şüşəsini sındırmağa cəhd etsə də, çöldə olan restoranın işçiləri İlqar, İslam və Turqut Vahidi içəri girməyə və şüşəni sındırmağa imkan vermirdi. Təxminən yarım saata yaxın Vahid bu cür hərəkətlərini davam etdikdən sonra hadisə yerinə polis əməkdaşları gəlmişdir. Bundan sonra da Vahid sakitləşməyib nalayiq söyüşlərini davam etdirirdi. Polis əməkdaşları da buna görə Vahidi xidməti avtomobilə mindirib polis şöbəsinə aparmışlar. Hətta onu və restoranın digər işçilərini də polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində o, ərizə ilə müraciət edərək Vahidin qanunsuz hərəkətləri barədə şikayət etmişdir. Vahid də Orman restoranın işçilərinin onu döyməsi barədə həqiqətə uyğun olmayan şikayət etmişdir. Hətta həmin hadisə yerinə gəlmiş polis əməkdaşlarına tabesizlik etdiyinə görə ertəsi gün Vahid Qəbələ rayon məhkəməsi tərəfindən inzibati qaydada həbs edilmiş, Orman restoranında etdiyi xuliqanlıq hərəkətlərinə görə isə polis şöbəsində cinayət işi başlanmışdır. Zərərçəkmiş şəxs1 onu da qeyd etdi ki, təqsirləndirilən şəxs Vahid ilə barışmışdır və ondan heç bir şikayəti, yaxud tələbi yoxdur. Bu barədə tərəfindən məhkəməyə ərizə təqdim olunmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişlər. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 əlavə olaraq bildirmişdirlər ki, təqsirləndirilən şəxs Vahid ilə barışmışdırlar və ondan heç bir şikayətləri, yaxud tələbləri yoxdur. Bu barədə məhkəməyə tərəflərindən ərizələr təqdim olunmuşdur. Məhkəmə iclasında şahidlər Şahid6, Şahid1 və X7 Zərərçəkmiş şəxs1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, qəssablıq fəaliyyəti ilə məşğul olaraq ət alveri edir. Qəbələ şəhərində yerləşən “Orman” adlanan restorana da hərdən ət satır, buna görə də restoranın işçilərini, xüsusən də Elməddini yaxından tanıyır, bir neçə dəfə həmin restoranda onunla yeyib-içmişdir. xx xxxxxxx 2019-cu il tarixdə işlərini qurtardıqdan sonra axşam saat 19 radələrində yeyib-içmək üçün Orman restoranına getmişdir. Orada restoranın bufetinin sol tərəfində yerləşən kənarları şəffaf sellofanla bağlı olan kabinetlərin birində oturub restoranın işçisi Elməddinlə yeyib-içməyə başlamışdır. Kabinetin kənarları sellofanla bağlı olduğundan çölü aydın şəkildə görmək olurdu. Elməddin iş başında olduğuna görə spirtli içkini az miqdarda qəbul edirdi, həm də tez-tez gedib bufetə baş çəkirdi və müştərilərə göstərilən qulluqla maraqlanırdı. Restorana gəldikdən təxminən 40 dəqiqə sonra çöldən, yəni restoranın bufeti ilə üzbə-üz yerləşən kabinetin qarşısında səs-küy gəlmiş, baxanda görmüşdür ki, həmin kabinetin qarşısına toplaşanlar var. Elməddin nə məsələ olduğunu aydınlaşdırmaq üçün çölə çıxmışdır. Özü də maraqlanmaq üçün Elməddinin arxasınca çölə çıxmışdır. Bufetlə üzbəüz yerləşən kabinetdə olan müştərilərdən biri uca səslərlə söyüşlər söyürdü. Məlum olmuş ki, həmin şəxs ərəb turistlərlə gəlib. Qışqıra-qışqıra sifariş verdikləri yeməyin keyfiyyətsizliyindən narazılıq edirdi, həm də uca səslərlə nalayiq söyüşlər söyürdü. Hiss olunurdu ki, həmin adam özündə deyil, aqressivdir və sərxoş haldadır. Elməddin həmin adama yaxınlaşıb restoranda ondan başqa da müştərilərin olduğunu, buna görə də söyüş söyməməsini tələb etmişdir. Özü də həmin adama, yəni sonradan adının Vahid olduğunu öyrəndiyi şəxsə yaxınlaşıb söyüş söydüyünə görə irad bildirmişdir. Lakin, o heç kimə məhəl qoymurdu və getdikcə daha da aqressivləşirdi. Elməddin ona demişdir ki, baş qoşmayıb çıxıb getsin. Bundan sonra, orada dayanmayıb getmişdir. Ertəsi gün Elməddinin özündən eşitmişdir ki, o getdikdən sonra Vahid adlı şəxs restoran işçilərindən Turqutun başına bakal vurmaq istədikdə Elməddin yaxınlaşıb bakalı onun əlindən almış, daha sonra həmin adam Elməddinin üzərinə daşla, bıçaqla, atfiyorka və butulka ilə hücum çəkib vurmağa cəhd etmiş, onu hədələmiş, lakin restoran işçiləri buna imkan verməmişlər. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, Qəbələ şəhəri “Rus meşəsi” deyilən yerdə yerləşən “Orman” adlanan restoranı təxminən 6-7 il olar ki, işlədir. Bakı şəhər sakini Vahid adlı şəxsi isə 2-3 il olar ki, tanıyırdı, belə ki, Vahid bir neçə dəfə onun işlətdiyi restorana bələdçilik edərək ərəb turist gətirmiş, buna görə də münasibətləri yaranmışdır. xx xxxxxxx 2019-cu il tarixdə saat 20 radələri olardı ki, o, Bakı şəhərindən Qəbələyə qayıdıb İsmayıllı rayonu ərazisində olarkən restoranın bufet nəzarətçisi Zərərçəkmiş şəxs1 ona zəng vurub demiş ki, Vahid ərəb turistlərlə təxminən 1 saat əvvəl restorana gəlib, sonradan yeməklərin keyfiyyətsiz olmasını bəhanə gətirib restoranda dava salmışdır. Elməddin bildirmiş ki, Vahid həmin vaxt sərxoş olub, o təxminən yarım saat ərzində Elməddinin özünün, restoranın digər işçilərinin ünvanlarına uca səslərlə nalayiq söyüşlər söyüb, Elməddinin üzərinə bıçaqla, atfiyorka, daş və çaxır şüşəsi ilə bir neçə dəfə hücum çəkib hədə-qorxu gəlib, Elməddindən başqa ofisiant Turqutu da bakalla vurmağa cəhd edib, eləcə də restoranın administratoru Zərərçəkmiş şəxs3 da bıçaq çıxarıb hədələmişdir. Elməddin onu da demiş ki, Vahid özü bu hərəkətləri etməsinə baxmayaraq 102 xidmətinə zəng vurub onu restoran işçilərinin döyməsi barədə yalan məlumat verərək polis çağırıb. Vahidlə telefonda danışanda görmüş ki, o həqiqətən sərxoş vəziyyətdədir, aqressivdir, nə danışdığını bilmir. Vahidi başa sala bilməyəcəyini görüb Elməddinə demiş ki, özü bir neçə dəqiqəyə restorana çatır. Restorana çatanda görmüş ki, polis əməkdaşları oradadır, Vahid isə nalayiq söyüşlər söyür, polis əməkdaşlarına da məhəl qoymurdu. Vahidə yaxınlaşıb nə baş verdiyini soruşanda sifariş verdiyi yeməklərin keyfiyyətsiz olmasından narazılıq etmiş və yenə işçilərin ünvanına söymüşdür. Vahiddən nalayiq söyüşlər söyməməsini tələb etmişdir. Polis əməkdaşları Vahidi xidməti avtomobilə mindirib polis şöbəsinə aparmışlar. Restoran işçilərini də şöbəyə dəvət etmişlər. Restorana gəldikdən sonra bütün işçiləri yığıb onlarla ətraflı söhbət edib Vahidi döyüb-döyməmələri ilə bağlı ona həqiqəti danışmalarını xahiş etmişdir. Bütün işçilər ona tam əminliklə bildirmişlər ki, onların heç biri və ya restoranda olan digər başqa şəxs Vahidi döyməyib, ona qarşı heç bir fiziki zor tətbiq etməyiblər. Sadəcə olaraq Elməddin Vahidin əlindən Turqutu vurmaq istədiyi içki bakalını alarkən, onun qolunu burmuş və həmin vaxt Vahid dizi üstə yerə yıxılmışdır. Daha sonra Vahid Elməddini daşla vurmaq istədikdə restoranın aşbazı Hikmət onu arxadan qucaqlayıb yerə yıxaraq daşı əlindən almışdır. Bunların video müşahidə kamerasına da düşdüyünü bildirmişdir. Elməddin polis şöbəsindən qayıtdıqdan sonra gəlib ona demiş ki, Vahid polis şöbəsində ərizə yazaraq guya restoranda 7-8 nəfər işçinin onu döyməsi barədə şikayət edib. Elməddin də Vahidin restoranda etdiyi qanunsuz hərəkətlər barədə ərizə yazmışdır. Sonradan o, özü restoranın bufeti ilə üzbəüz yerləşən video müşahidə kamerasının yaddaşına baxanda oradan həqiqətən Vahidin qanunsuz hərəkətlər etdiyinin şahidi olmuşdur. Həmin video görüntülər polis əməkdaşları tərəfindən götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10- Təcrübi və Tədris Birliyinin xx xxxxxxx 2019-cu il tarixli 647 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində xəsarət aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10- Təcrübi və Tədris Birliyinin xx xxxxxxx 2019-cu il tarixli 648 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində sağ saidin bayır orta 1/3-nin sıyrığı kimi xəsarəti vardır. Həmin xəsarətlər küt alətin (əşyaların) təsirindən hadisənin baş vermə tarixinə, yəni xx xxxxxxx 2019-cuil tarixə uyğun gəlməklə dərəcəsinə görə sağlamlığa zərər vurmayan bədən xəsarətlərinə aiddir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Səhiyyə İdarəsinin Rayonlararası X2 X4 Ekspert Komissiyasının xx xxxx 2020-ci il tarixli, 635 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir.Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir.Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var.Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X3 xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün məhkəmə iclasında və ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, ekspert rəyləri, digər iş materialları ilə onun vətəndaşlar üzərində fiziki zor tətbiq edilməsi ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət olunan, ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə qarşı müqavimət göstərməklə və silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edib səmimi peşimançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxslə barışdığını və ona qarşı heç bir şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək həbs müddəti nəzərə alınmaqla Təqsirləndirilən şəxs hazırda təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza təyin edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 25-ci bəndinə əsasən, şərti məhkum etmə haqlarında yalnız CM-nin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edib səmimi peşimançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxslə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdiyini, cəzanı yüngülləşdirən halları kimi nəzərə alır və cəzanın yüngülləşdirən bu halların məcmusuna, habelə cəzanı ağırlaşdıran halın olmadığına əsaslanaraq, həm də törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini və cəzasını çəkməsi ailə vəziyyətinin maddi cəhətdən ağırlaşdırılacağını, eyni zamanda cəza çəkmədən islah olunmasını mümkün saydığını nəzərə almaqla hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi ilə nəzərdə tutulan şərti məhkum etmə tətbiq olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Qəbələ Rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut bir ədəd daş, bir ədəd çaxır şüşəsi və bir ədəd içki bokalı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia olmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək 02 (iki) gün həbsdə saxlamanın müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə müddətindən çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın və Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə İcra və Probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata götürülsün. Qəbələ Rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut bir ədəd daş, bir ədəd çaxır şüşəsi və bir ədəd içki bokalı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №1(025)-29/2020
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-29/2020
26.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver