Məhkəmə qərarları › İş №1(025)-29/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №1(025)-29/2024

03.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 1(025)-29/2024 03.10.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş X6 vəkili və nümayəndəsi Müdafiəçi, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 iştirakları ilə X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X6 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X12 xusüsi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, barəsində xüsusi ittiham qaydasında şikayət olunan şəxs, Qəbələ rayonunun Vəndam qəsəbəsində xx.xx.1965ci ildə anadan olmuş, AR vətəndaşı, Qəbələ rayonunun Vəndam qəsəbəsində qeydiyyatda olan və yaşayan X1 barəsində böhtan, yəni yalan olduğunu bilə-bilə, hər hans şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayış etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaya görə, həmçinin ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmaya görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 147.2-ci maddələri ilə, həmçinin təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayış etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsin şərəf və ləyaqətinin nalayiq formada qəsdən alçaltma əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə xüsusi ittiham qaydasında cinayət işi başlamaqla məhkəmə istintaqı aparılması, Şikayət olunan şəxs X1 haqqında AR CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə ittiham hökmü çıxarılması, barəsində həmin maddələrdə nəzərdə tutulmuş daha ciddi cəza növü təyin edilməsi, şikayət olunan şəxs X1 üzərinə barəsində böhtan və təhqir kimi cinayət xarakterli əməllərinə görə kütləvi informasiya vasitələrində üzrxahlıq etməklə üzr istəmək vəzifəsinin qoyulmasının təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 2018-ci ilin avqust ayından onun birgə, şərikli iş qurmaq təklifi əsasında "Vedrə bazarı"na ayrılacaq torpağın sənədlərinin hazırlanması, tikinti və digər işlərin görülməsi üçün özündən və o, ölkə xaricində olanda Nail adlı dostundan ümumilikdə 60.000 manat məbləğdə pul almış və tikinti işlərinə sərf etmişdir. 2019-cu ilin iyul ayından vedrə bazarı tam fəaliyyətə başlamış, Ə.Valeh şəxsən yazdığı smslərdə, atdığı səslərində onlarla birlikdə yalnız "yadında qalan" 50.000 manat borclu olduğunu etiraf etmişdir. 2019-cu ilin sentyabrından nəğd aldığı pulları qaytarmasına dair müxtəlif təkliflərini də Ə.Valeh qulaqardına vurmağa davam etdiyindən həmin məsələlərə məhkəmədə baxılması üçün tərəflərindən 2024-cü ilin iyununda məhkəməyə mülki iddia ilə müraciət olunmuşdur. İş barədə tərəf kimi ona məhkəmədən bildiriş göndərilməsindən sonra Ə.Valeh xeyli müddət ərzində əvvəllərdən ardıcıl davam etdirdiyi kimi sosial şəbəkələrdə onu şantaj etməyə, şərəf və ləyaqətini alçaltmağa, onu nüfuzdan və hörmətdən salmağa yönəlmiş böhtan və təhqir mahiyyətli paylaşımlar yaymağa başlamışdır və hazırda da bu cinayət xarakterli əməllərini qəsdən davam etdirməkdədir. Odur ki, V.Əzizovun xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması üçün hazırkı şikayətlə müraciət edir.

1. Ə.Valehin xx.xx.2023-cü il tarixdə öz feysbuk səhifəsindəki paylaşımı: "Oğlunu 44 günlük müharibədə arvad kimi gizlədib, xalqa vətənpərvərlik dərsi keçən tüllab…" Bildirir ki, oğlu Xəyal xx.xx.1993-cü il doğumlu olub RF MN-nin əmri ilə Saxalin vilayəti hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılmış və 2011- 2012-ci illərdə N saylı hərbi hissədə xidmət etmişdir və bunlar onun hərbi biletindəki (AX:1003494) qeydlərlə tam öz təsdiqini tapır. Ə.Valeh burada faktiki olaraq onu rüşvət verməkdə, bunun müqabilində oğlunu həqiqi hərbi xidmətdən yayındırmaqda, indiyə qədər hərbi xidmətdə olmamasını iddia etməklə oğlunu hərbi xidmət keçməkdən yayınmada, fərarilikdə "günahlanırmış", ona ağır cinayətlər etməkdə böhtan atmış, düşük, bambılı mənası verən tüllab sözü ilə təhqir etmiş, şərəf və ləyaqətimi alçaldan kütləvi paylaşım etmişdir.

2. Ə.Valehin xx.xx.2023-cü il tarixdə öz facebook səhifəsindəki paylaşımı:"Hər hürən itə cavab verməyə nə həvəsim var, nə də hövsələm…Amma xatırladım ki, çomağı əlimdən qoymamışam". Ə.Valeh burada ona yönəlik ciddi təhqirə yol vermişdir.

3. Ə.Valehin xx.xx.2023-cü il tarixdə öz facebook səhifəsindəki paylaşımı:" Sənə cavab olaraq yazdıqlarıma bir daha nəzər saldım…Doğrusu, özümdən utandım. Sənin kimi cibi dolu, başı boş, səviyəsiz tüllaba baş qoşduğum üçün utandım… Burada da Ə.Valeh ona yönəlik ciddi təhqirə, aşağılayıcı ifadələrə yol vermişdir.

4. Ə.Valehin öz facebook səhifəsindəki paylaşımı:"…Məsələni tam anlamayanlar mədəniyyət evinin indiki sahibini tərifləməklə məşğuldurlar…Bəziləri isə özlərini tam çaşdırıblar, "zakaz" aldıqları məlum, amma "vedrə bazarı" məsələsi ilə mədəniyyət evi məsələsini dəyişik salıblar…Bu işdə xüsusi fəallıq göstərənlər heç dostluğumda da yoxdurlar… Bu "yaxşı oğlanın" hesabına gəlib Qəbələdə şellənənləri heç qınamıram…Neyləsinlər yazıqlar?…Müf çörək kopoğlu şeydir. Amma barıtı çox eləməyin…Tezliklə bu məsələlərə aydınlıq gətirəcəm. Hələlik dilinizi soxun, dinməz yerinizə, onun verdiyi yala görə üstümə hürməyin…" Qeyd olunan keçmiş Vəndam kənd mədəniyyət evi kimi tanınan obyekt qeyri-rentabelli kimi ƏK-nin sərəncamına verilmiş və özəlləşdirmə qaydalarına uyğun olaraq keçirilmiş hərracda tərəfindən alınmışdır. Buna baxmayaraq Ə.Valeh onu və həmin qurumları dəfələrlə qanunsuzluqda, onu rüşvət verməkdə, onları rüşvət almaqda, digər müxtəlif qanunsuz ağır əməllərdə "günahlandırmaqla" böhtan atmış və ardınca ciddi təhqiedici ifadələrə, paylaşımlara yol vermişdir.

5. Ə.Valehin öz facebook səhifəsindəki paylaşımı:"Bu gün bir nəfərin şər, böhtan dolu iddiasına cavab vermək üçün məhkəməyə çağırıblar…Allah hamınızı şərdən, böhtandan qorusun…" Bildirir ki, o və dostu Q.Nailin Valehə verdikləri pullara dair konkret, mötəbər sübutlarla birlikdə mülki iddia ilə məhkəməyə müraciət etmişlər. Bu paylaşımından bir gün əvvəl keçirilmiş məhkəmənin ilk hazırlıq iclasında Valeh iddia ərizəsində göstərilənlərin hamısının düz olduğunu, hamısı ilə razı olduğunu, əksinə Nail adlı şəxsdən iddiada göstərilən 15.000 manatdan da artıq pul aldığını etiraf etmişdir ki, bu da məhkəmə iclasının audio-video yazıları ilə təsdiq olunur. Buna baxmayaraq Valehin ertəsi günü və daimi olaraq onları, şəxsən onu "şər-böhtançı kimi qələmə verən paylaşımları" təhqirdir, onun nüfuzuna ciddi ziyan vuran əməllərdir.

6. Ə.Valehin öz facebook səhifəsindəki paylaşımı: "İnsan utanmasa hər şey eliyərmiş, o boyda Azərbaycan Rusiya dostluq cəmiyyətinin rəhbəri, televiziya verilişlərinin birinin eksperti, iş adamı məhkəmədə iddia qaldırıb ki, mənə peraşki aparatı verib, turba verib və s…onların pulunu məndən faizlə istəyir…Nə başınızı ağrıdım, nə az nə çox 80 min manata yaxın… Tamahına tula bağlayım…" Ə.Valehin mülki iddiaya məhkəmədəki ilk rəsmi münasibətini yuxarıda yazmışdır. Qeyd olunan əmlakları da ona verdiyinin özünün etirafı və digər sübutlarla növbəti məhkəmə iclasında öz təsdiqini tapmasına, bütün tələblərinin mülki qanunvericiliyin normalarına əsaslanmasına baxmayaraq onun qəsdən təhqirə yol verdiyinin, şəxsi aşağılamaq niyyətinin olduğunun birbaşa tam təsdiqidir.

7. Ə.Valehin öz facebook səhifəsindəki paylaşımı:"…Mən inanıram ki, bu iddia ərizəsinin böhtan və şərlə dolu olduğunu məhkəmə iclasında sübut edə biləcəm. Maraqlısı odur ki, o da vəkili də Vəndamlılardır və illərlə hər ikisinən çörək kəsmişəm". Ə.Valehin bu paylaşımına Habil Azəri adlı istifadəçinin "Vəndamlıdırlarsa yola gətirmək olar. Sülh gözəl şeydir, inşallah siz də sülhə gələrsiz" şərhinə Ə.Valehin cavab paylaşımı:" Habil bəy, sülh olsa vəkil "qonararsız" qalar axı…" Bildirir ki, Ə.Valehin 2019-cu ildən bu yana xeyli gəlirləri olmasına, Bakı şəhərində oğluna ev almasına, müxtəlif maşınlar alıb dəyişdirməsinə, adına daşınar və daşınmaz başqa əmlakları olmasına və bunlara dair ona ismarıclar göndərməyinə baxmayaraq Ə.Valehin "halalca borcunu qaytarmaq" əvəzinə onu aldatmaq və şantaj etmək yolu tutmasına baxmayaraq o, yalnız 5 ildən sonra məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bildirir ki, Ə.Valehin yuxarıdakı paylaşımları birmənalı şəkildə ona ünvanlanmışdır, qeyd olunan böhtan və təhqir xarakterli ifadələr kütləvi şəkildə paylaşılmış və yayılmışdır. Şikayət olunan şəxsin, Ə.Valehin böhtan və təhqir xarakterli paylaşımları ilə əlaqədar onun müvafiq böhtan və təhqir əməllərinə görə barəsində xüsusi ittiham qaydasında cinayət işinin başlanılması, məsuliyyətə cəlb edilməsi, onun şərəf və ləyaqətinə zərər vuran, cəmiyyətin üzvləri arasında nüfuzdan salan və nüfuzuna xələl gətirən ifadələrinə görə cinayət hüquqi məsuliyyət daşıması üçün hazırkı şikayətlə müraciət edir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X6 vəkili və nümayəndəsi Müdafiəçi şikayətin məzmununu müdafiə edərək məhkəmədən xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması ilə əlaqədər xüsusi ittiham qaydasında X6 vəkili və nümayəndəsi Müdafiəçi verdiyi şikayətin icraata qəbul edilməsindən və məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 299.11-ci maddəsinə əsasən məhkəmə hazırlıq iclasını xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş X6 vəkili və nümayəndəsi Müdafiəçi tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi səbəbinə görə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ilkin olaraq aşağıda sadalananlara əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun deyildir, həmçinin şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3-cü maddəsinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası; Azərbaycan Respublikası CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3.1 və 299.3.3-cü maddələrinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə və xüsusi ittiham qaydasında şikayətin məzmununun Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. Həmin Məcəllənin 301.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticəsində xüsusi ittiham qaydasında şikayətin materialında məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar olmadıqda və xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə məhkəmə baxışı təyin edilir. Həmin Məcəllənin 302.1-ci maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında 1) şikayət həmin məhkəməyə aid olmadıqda; 2) şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 3) şikayətin məzmunu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 4) cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 5) barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimaixüsusi qaydada təqib edilməli olduqda; 6) cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 7) şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 8) şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyi hallarında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2-ci maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlardan birini qəbul edir: 1)şikayət həmin məhkəməyə aid olmadığı müəyyən edildiyi halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 2)barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduğu halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 3)şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildiyi; şikayətin məzmunu Məcəllənin 293.3.1-293.3.7-cimaddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığı; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığı; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyi; şikayəti vermiş şəxs şikayətindən imtina etməsi və təqsirləndirilən şəxslə barışması və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyi hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. İlk növbədə məhkəmə onu qeyd edir ki, Şikayət ərizəsində “şikayət edən şəxsin” və “şikayət olunan şəxsin” anket məlumatları tam olaraq qeyd olunmamış və dəqiq məlumatlar öz əksini tapmamışdır. Tədqiq edilmiş materiallarından da aydın olur ki, əməldə cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olması öz təsdiqini tapmır. Belə ki, xüsusi ittihamçı şikayətə X3 məxsus “Valeh Əziz” feysbuk səhifəsindən çıxarışları (foto-şəkilləri) əlavə etsə də, həmin sözlərin məhz X4 tərəfindən X8 ünvanlanması təqdim olunmuş sənədlərdə birbaşa göstərilməmişdir. Bundan əlavə X4 məhkəmə hazırlıq iclasında verdiyi izahatında X9 təhqir etmədiyini, “feysbook statuslarında” bu barədə hər hansı bir sübutun olmamasını qeyd etmişdir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 2 və 3-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Məhkəmələrin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 147, 148, 165.1 və 166.1-cı maddələri ilə xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən bütün hallarda Konstitusiyanın 30-cu maddəsində (əqli mülkiyyət hüququ), 32-ci maddəsinin İİ və İİİ hissələrində (şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ), 46 (şərəf və ləyaqətin müdafiəsi hüququ), 47 (fikir və söz azadlığı), 50-ci (məlumat azadlığı) maddələrində, Konvensiyanın 8 (şəxsi həyata və ailə həyatına hörmət hüququ) və 10-cu (fikri ifadə etmək azadlığı) maddələrində təsbit edilmiş hüquq və azadlıqların pozulub-pozulmaması araşdırılmalı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra Avropa Məhkəməsi) ifadə azadlığına dair presedent hüququndan geniş istifadə olunmalıdır. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 4-cü bəndində məhkəmələr nəzərə almalıdırlar ki, Avropa Məhkəməsinin presedent hüququnda demokratik sistemin davamlılığı baxımından söz azadlığının əhəmiyyətinə xüsusi diqqət yetirilir. Bununla belə, o da nəzərə alınmalıdır ki, fıkri ifadə etmək azadlığı Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən digər şəxslərin nüfuzu və hüquqlarının müdafıəsi üçün məhdudiyyətlərə məruz qala bilər. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olub-olmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Avropa Məhkəməsi həmçinin bildirmişdir ki, mətbuatın demokratik cəmiyyətdə oynadığı “gözətçi” rolu xüsusi əhəmiyyət kəsb edən amildir (bax, X5rşı, 27 mart 1996-cı il, § 39). Onun vəzifəsi öz məsuliyyət və öhdəliklərinə uyğun qaydada siyasi məsələlər və ümumi maraq kəsb edən digər məsələlər barədə məlumat və fikirləri yaymaqdan ibarətdir (bax, başqa bir çox mənbələrlə yanaşı, De Haes və Gijsels Belçikaya qarşı, § 37 və Kolombani və digərləri Fransaya qarşı, § 55). Lakin mətbuat müəyyən hədləri, xüsusilə başqalarının nüfuz və hüquqlarına aid olan hədləri aşmamalıdır. Həmçinin nəzərə alınmalıdır ki, məqbul olan tənqidin hüdudları fərdi şəxslə müqayisədə ictimai xadim, o cümlədən siyasətçi ilə bağlı daha genişdir. Birincidən fərqli olaraq ictimai və ya siyasi xadim sözlərinin və hərəkətlərinin jurnalistlər və ümumiyyətlə ictimaiyyət tərəfindən yoxlanılmasına qaçılmaz olaraq və bilə-bilə açıq edir və buna görə o, daha böyük dərəcədə dözümlülük nümayiş etdirməlidir (bax, Lingens Avstriyaya qarşı, § 42). “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 17-ci bəndində izah olunur ki, Məhkəmələrə izah edilsin ki, xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinə xitam həmçinin xüsusi ittihamçının irəli sürdüyü ittihamdan imtina etdiyi və ya üzrlü səbəblər göstərmədən təkrarən məhkəmə hazırlıq iclasına gəlmədiyi hallarda da verilir (CPM-nın 43.1.1 və 43.2-ci maddələri). Məhkəmə tərəfindən xüsusi ittiham qaydasında şikayət üzrə qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla xitam verilməsi haqqında qərarın qəbul edilməsi zərərçəkmişin təkrarən eyni ittiham üzrə məhkəməyə müraciət etməsini istisna edir CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən xüsusi ittiham qaydasında şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilməlidir. Xüsusi ittiham qaydasında şikayət vermiş X2 Valeh Abdulhəmid oğlu tərəfindən feysbuk sosial şəbəkəsində təhqir olunduğu və ona böhtan atıldığını qeyd etsə də, şikayətində məhz feysbukda X4 tərəfindən yazılan statusların X12 barəsində yazılmasına dair hər hansı sübut təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən X4 feysbuk sosial şəbəkəsində tərəfindən yazılmış statusların X8 ünvanlanmadığını qeyd etmişdir. Bununla da xüsusi ittihamçı X12 “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 11-ci bəndinin və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərini pozmuşdur. Bundan əlavə X12 şikayətində doğulduğu tarixi, məşğuliyyət növünü göstərməmiş, bununla da CPM-in 293.3.1-ci maddəsinin tələbini pozmuşdur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 11-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPMin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. CPM-in: 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu CPM-in 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət CPM-in 293.3.1-293.3.7-cü maddəsində göstərilən xüsusi ittiham qaydasında verilmiş şikayətin forma və məzmununa dair tələblərinə riayət edilmədən verildiyindən X12 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və CPM-nin 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

X6 X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar