Məhkəmə qərarları › İş №1(025)-3/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №1(025)-3/2024

22.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 1(025)-3/2024 22.01.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili X2 və təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 12 oktyabr 2023-cü il tarixdə saat 08 radələrində Qaraməryəm-İsmayıllı- Şəki maqistral yolunun Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisindən keçən 58-ci kilometrliyində idarə etdiyi “X7 115” markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəki rayonu istiqamətində hərəkətdə olan zaman hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu, avtomobili 30 km/saat sürətlə idarə etməli olduğu halda həmin tələblərə riayət etməyib “X6” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq qeyd olunan tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq avtomobili 60 km/saat sürətlə idarə edərkən sağ tərəfdəki yol ayrıcından əsas yola daxil olmuş Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz-21063” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə qarşı hərəkət zolağında toqquşmuş, hadisə nəticəsində “Vaz- 21063” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan sol bud sümüyünün başının qapalı, qəlpəli yerini dəyişən sınığı-çıxığı, çanağın sol sirkə kasası adlanan hissəsinin arxa divarının sınığı, sol bud-çanaq oynağının açıq cərrahi üsulla total endoprotezləşdirilməsindən sonrakı vəziyyət, sol gözün bayır bucağı nahiyyəsinin əzilmiş-cırılmış yarası, hər iki dirsək nahiyyəsinin, sağ budun bayır orta 1/3-nin, sağ budun ön aşağı 1/3-nin, hər iki dizin ön səthinin sıyrıqları kimi ağırlıq dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirməklə yol hərəkəti qaydalarını pozma cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünə məxsus “X7 15 CDİ” markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Sürücülük vəsiqəsi vardır və məhdudiyyəti yoxdur. Avtomobili ilə rayon ərazisində sərnişin daşımaqla pul qazanmışdır. 12 oktyabr 2023-cü il tarixdə saat 08 radələrində həmin avtomobillə Qəbələ rayonu, Vəndam qəsəbəsindən Qəbələ şəhərinə getmişdir. Həmin vaxt avtomobili özü idarə etmiş, avtomobildə tək olmuşdur. Hərəkətdə olan zaman Qəbələ rayonu, Vəndam qəsəbəsinin çıxışında hərəkət etmişdir. Vəndam çayının üzərində olan körpünü keçdikdən sonra hərəkətinə davam etmişdir. Körpünü keçdikdən sonra yolun sağ tərəfində, “Rüsyan” yaşayış massivindən əsas yola çıxan yol ayrıcında Vaz-2106 markalı göy rəngli avtomobilin olmasını görmüşdür. Həmin avtomobili gördükdə avtomobil hərəkət etməmişdir. Buna görə öz hərəkətinə davam etmişdir. Həmin vaxt avtomobili təxminən 50-60 km/saat sürətlə idarə etmişdir. Həmin avtomobilə çatmağa təxminən 10-15 metr qalmış avtomobilin sürücüsü qəflətən avtomobili idarə edib əsas yola çıxaraq Qəbələ rayonu, Vəndam qəsəbəsi istiqamətində hərəkət etmək istəmişdir. Bu vaxt aralarında məsafə az olmasına görə qəzanın qarşısını ala bilməmiş və həmin avtomobil ilə toqquşmuşdur. Bundan sonra isə həmin avtomobilin sürücüsünə kömək etmiş və onu Qəbələ RMX-na aparmışlar. Özü isə hadisə yerində qalmışdır. Sonda isə zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödənilməsini nəzərə alaraq, işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, özünə məxsus “Vaz- 21063” markalı **-BP-*** qeydiyyat nişanlı avtomobili vardır. Sürücülük vəsiqəsi vardır və məhdudiyyəti yoxdur. Fərdi əməklə məşğul olur. 12 oktyabr 2023-cü il tarixdə səhər radələrində İsmayıllı rayonu, İstisu kəndinə fəhlə işləmək üçün getməkdən ötrü avtomobili ilə evdən çıxmışdır. Evdən çıxdıqdan sonra Qəbələ rayonu, Vəndam qəsəbəsi istiqamətində hərəkət etməyə başlamışdır. Qəbələ rayonu, Yeddi Gözəl otelinin yanında olan yol ayrıcına saat 08 radələrində çatmışdır. Yol ayrıcında “yol verin” nişanı olmasına görə bir qədər gözləyib sola və sağa baxmış, lakin hər iki tərəfdən də avtomobilin olmamasını görmüşdür. Bundan sonra isə hərəkətinə davam etmişdir. Hərəkətinə davam edib Qəbələ rayonu, Vəndam qəsəbəsi istiqamətində, yəni sol tərəfə hərəkət etməyə başlamışdır. Yolun orta hissəsinə çatıb sola dönmüşdür. Bu anda sol tərəfdən, yəni Qəbələ rayonu, Vəndam qəsəbəsi tərəfdən tanımadığı Mersedes Vita markalı ağ rəngli avtomobil sürətlə gəlməsini görmüşdür. Həmin vaxt Mersedes Vita markalı avtomobilin sürücüsü sürətlə gəlməsinə görə idarə etməsini itirmiş və onun avtomobilin ön sol tərəfindən vurmuşdur. Bundan sonra isə avtomobillər bir qədər arxaya gedib dayanmışdır. Daha sonra isə xəsarət almağına görə Qəbələ RMX-na aparmışlar. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, dəymiş ziyan tamamilə ödənildiyindən və barışıq əldə olunduğundan, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbin olmadığını bildirmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” Publik hüquqi şəxsin 20 noyabr 2023-cü il tarixli 564 nömrəli ekspert rəyindən görünür ki, X4 bədəni üzərində sol bud sümüyünün başının qapalı, qəlpəli yerini dəyişən sınığı-çıxığı, çanağın sol sirkə kasası adlanan hissəsinin arxa divarının sınığı, sol bud-çanaq oynağının açıq cərrahi üsulla total endoprotezləşdirilməsindən sonrakı vəziyyət, sol gözün bayır bucağı nahiyyəsinin əzilmişcırılmış yarası, hər iki dirsək nahiyyəsinin, sağ budun bayır orta 1/3-nin, sağ budun ön aşağı 1/3nin, hər iki dizin ön səthinin sıyrıqları kimi xəsarəti vardır. Həmin xəsarətlər küt alətin (əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə yəni 12 oktyabr 2023-cü ildə törənə bilər. Bədən xəsarətlərinin ağırlıq dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa ağır zərər vurmanın əlamətləri kimi qiymətləndirilir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 noyabr 2023-cü il tarixli, 8/3199 saylı ekspert rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən “Vaz-21063” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində “X6” Azərbaycan Respublikası Qanunun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 “Yol verin” üstünlük yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “X7 115” markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X6” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü E.B.Həsənov avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 30 km/saata qədər məhdudlaşdırılmış yolda icazə veriləndən artıq, yəni 60 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «X6” Azarbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 noyabr 2023-cü il tarixli, 8/3199 saylı ekspert rəyində yaranmış anlaşılmazlığı aradan qaldırılması üçün videokonfrans əlaqə sistemindən istifadə edilməklə ekspert Sahib Qədirov ilə əlaqə saxlanılmış və o, bildirmişdir ki, qeyd olunan rəyin nəticə hissəsinin 3-cü abzasında texniki səhvə yol verilərək, sürücünün inisialları “E.B.Həsənov” kimi yanlış olaraq göstərilmiş, rəyin həmin hissəsində sürücünün soyadı, adı və atasının adı “Təqsirləndirilən şəxs” kimi oxunmalıdır. İşdə olan 12 oktyabr 2023-cü il tarixli 169 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən tarixdə yəni 12 oktyabr 2023-cü il tarixdə ayıq vəziyyətdə olmuşdur. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 02 noyabr 2023-cü il tarixli 3-13-16/2-151112/2023 nömrəli məktubundan görünür ki, DİN-in Baş X9 İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin komputer uçot bazasının məlumatlarına əsasən xx.xx.1983-ci il təvəllüdlü, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə (xx.xx.2029-cu il tarixədək etibarlı olan) AE 732340 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmayıb. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ərizə təqdim edərək törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşiman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödənilməsini nəzərə alaraq, işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan əməlin törətməsi özünün və zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tam şəkildə ödədiyindən, o, cinayət məsuliyyətindən azad olunmalı, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11–ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda, başlanmış cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq ləğv edilməli, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməli, iş üzrə maddi sübut olan “X7 115” markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Vaz-21063” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil sahiblərinin sərəncamında saxlanılmış hesab edilməlir. İş üzrə mülki iddia olmamışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 320-321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan “X7 115” markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Vaz-21063” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil sahiblərinin sərəncamında saxlanılmış hesab edilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar