Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 1(025)-30/2020 09.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qafarlı Yelmar Elman oğlunun katibliyi, Xüsusi ittihamçı – X1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs – X2 iştirakları ilə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında X1 şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət işinin başlanılması və onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün məhkəməyə verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qəbələ rayon Dızaxlı kənd sakini X4 onun kəndçisi olan və həmkar yoldaşı olan Habilin maqazininə getmişdir. Həmin maqazindən çıxarkən Gəncimin onun şəklini çəkdiyini görmüşdür. Sonradan Gəncimə bildirmişdir ki, onun şəklini niyə çəkir. O da demiş ki, “çəkmişdim, indi sildim”. Bundan sonra onu dəfələrlə narahat edir və kənd camaatının yanında onun barəsində xoşa gəlməyən ifadələr işlədir. Ona dəfələrlə onun barəsində fikir və ya başqa sözlər işlətməsinin qarşısının alınmasını bildirmişdir. Onun sözlərinə məhəl qoymayaraq öz çirkin əməllərinə davam etməkdədir. Hazırda ona etdiyi xəbərdarlıqlardan nəticə çıxartmamışdır. Ona görə də bu məsələni qanunla həll etmək və onun cəzalanmasını istəyir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 xüsusi ittiham qaydasında şikayəti müdafiə edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsini və məhkəmə baxışının təyin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində şikayət verilən şəxs X4 şikayət ərizəsində göstərilənlərinn həqiqəti əks etdirmədiyini bildirərək, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəfləri dinləyib, şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nəlayiq formada qəsdən alçaltmadır. Bu cinayət obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi internet informasiya ehtiyatında başqa şəxsin şərəf və ləyaqətini nəlayiq formada alçaltmada ifadə olunur. Təhqiredici hərəkətlərin nəlayiq olması qiymətləndirilən anlayışdır və onun məzmununun nəlayiq olub-olmamasını cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq məhkəmə, habelə ilk növbədə zərərçəkmiş şəxs müəyyən edir. Başqa şəxsin şərəf və ləyaqətini nəlayiq formada alçaltma həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə onu əhatənin (dostlarının, tanışlarının və s.) gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş təhqir cinayətləri subyektiv cəhətdən yalnız bir-başa qəsdlə törədilə bilər. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət bir başa qəsdlə törədilmiş hesab edilir. Xüsusi ittihamçı tərəfindən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin düzünə qəsdini, şərəf və ya ləyaqətini ləkələyən məulmatları yaymasını dərk etməsini və bunu arzu etməsinə dair heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası CM-nın 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 saylı, xx xxxxxx 2014-cü il tarixli qərarının 6-cı hissəsində qeyd edilir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax,Jerusalem Avstriyaya qarşı, §43). Həmin Qərarın 7-ci hissəsində qeyd edilir ki, xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən yayılmış məlumatların təhqir və ya tənqid xarakterli olmasına, onların xüsusi ittihamçının şəxsi və ya ictimai həyatına, siyasi fəaliyyətinə müdaxilə olubolmamasına diqqət yetirsinlər. Nəzərə alınmalıdır ki, Avropa Məhkəməsinin presedent hüququna görə, ifadə azadlığının həyata keçirilməsi özündə məsuliyyət və öhdəlikləri ehtiva edir, Konvensiyanın 10-cu maddəsi ilə jurnalistlərə verilən təminat isə onunla şərtlənir ki, onlar jurnalist etikasına müvafiq olaraq düzgün və etibarlı məlumatı təqdim etmək məqsədilə vicdanla fəaliyyət göstərsinlər (bax, başqa mənbələrlə yanaşı, Radio Frans və digərləri Fransaya qarşı, §37 və yuxarıda qeyd olunmuşKolombani və digərləri, §65). Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsaltəsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» xx xxx 1999-cu il tarixli, 7 saylı qərarına görə, yayma dedikdə, başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları bir şəxsə, bir neçə şəxsə və yaxud qeyrimüəyyən şəxslər dairəsinə bildirmə başa düşülür. Belə məlumatların şərəf və ləyaqəti ləkələnən və ya nüfuzdan salınan şəxsin özünə deyilməsi CM-nin 147-ci maddəsi ilə məsuliyyət yaratmır. Qanunverici mülki məsuliyyətə səbəb olan böhtanla (təhqirlə) cinayət məsuliyyəti yaradan böhtanı (təhqiri) bir-birindən fərqləndirmək üçün cinayətin edilmə üsulunu cinayət tərkibinin zəruri əlaməti kimi CM-nin 147 və 148-ci maddələrinə daxil etmişdir. CM-nin 147 və 148-ci maddələrinə görə yalnız kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitələrində və ya kütləvi nümayiş etdirildiyi internet informasiya ehtiyatında ləkələyici və ya nüfuzdan salan məlumatların yayılması cinayət məsuliyyətinə səbəb olur. Qalan bütün hallarda belə məlumatların yayılması mülki məsuliyyət doğurur. Göründüyü kimi xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayətində barəsində X4 tərəfindən böhtan və təhqir xarakterli məlumatların yayılması barədə dəlillərini təsdiq edən sübutları əlavə etməmiş, ya da məhkəmə iclasında bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 saylı, xx xxxxxx 2014-cü il tarixli qərarının 5-ci hissəsində göstərilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.6 və 320.1.7-ci maddəsinə əsasən, cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayətin əlamətləri olmadıqda, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-ci maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət ərizəsi əsassız olduğundan, şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən, həmçinin barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsX2 əməllərində cinayətin əlamətləri olmadığından, onunAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən və məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299-300, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən və məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №1(025)-30/2020
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №1(025)-30/2020
09.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver