Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-30/2021 24.05.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1962-ci ildə Qəbələ rayonu, Böyük Əmili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, Qəbələ idman kompleksində mühafizəçi işləyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Böyük Əmili kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 16.12.2020-ci il tarixdə saat 15:02 radələrində nəqliyyat vasitələrini idarə etmə hüququ olmadan etibarnamə əsasında sahibliyində olan VAZ-210130 minik markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili Ağdaş-Zarağan yolunun Qəbələ rayon Zarağan kəndinin mərkəzində dairəvi hərəkət təşkil olunmuş yolayrıcından keçən hissəsində Qəbələ şəhəri istiqamətində saatda 70 kilometr sürətlə idarə etməklə hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 33-cü maddəsinin 4-cü hissəsinin, 50-ci maddəsinin 1-ci hissəsinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etməməli, nəqliyyat vasitəsini yaşayış məntəqəsi daxilində maksimum icazə verilən saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etdirməməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda və bununla da hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, göstərilən tələblərə riayət etməməklə, yuxarıda sadalanan yol hərəkəti qaydalarını pozaraq, avtomobili idarə etmə hüququ verən sürücülük vəsiqəsi olmadan yaşayış mənətəqəsi daxilində maksimum icazə verilən sürət həddini 10 kilometr həddində aşıb, saatda 70 kilometr sürətlə idarə edib hərəkətdə olarkən Qəbələ rayonu Nic qəsəbə sakini Zərərçəkmiş şəxs ondan qarşı tərəfdə dairəvi yolayrıcından soldan sağa doğru piyada yolu keçməyə başladığını və bununla da hərəkət üçün təhlükə yarandığını görmüş, həmin anda piyadanın vurulma yerinə çatana kimi avtomobilin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görmədiyindən yolun mərkəzi hissəsində idarə etdiyi avtomobilin ön tərəfi ilə Zərərçəkmiş şəxs ehtiyyatsızlığından vurması nəticəsində sonuncuya açıq kəllə beyin travması, baş beyinin sol payının epidural hematoması, baş beyinin sağ alın gicgah paylarının ağır dərəcəli hemorargik əzilməsi-ödemi, sol təpə-gicgah və ənsə sümüklərinin xətti sınığı, post travmatik serebral koma, başın yumuşaq toxumasının əzilməsi və alın-təpə nahiyyəsinin əzilmiş-cırılmış yarası, sol qamış sümüyünün orta 1/3-nin qapalı yerdəyişən sınığı kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aid bədən xəsarəti yetirilməsinə səbəb olan yol nəqliyyat hadisəsi cinayətini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi üzrə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, etibarnamə ilə ona məxsus olan VAZ-21011 markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi olmadan yaşadığı Böyük Əmili kəndindən idarə edərək Qəbələ şəhərinə qızı Vəfanı işdən gətirməyə getmişdir. Avtomobili təxminən saatda 70 kilometr sürətlə üzü Qəbələ istiqamətinə idarə edərək Zarağan kəndinin mərkəzindəki dairəyə yaxınlaşarkən əvvəlcədən görmüş ki, sol tərəfdən dairənin içərisi ilə bir nəfər şəxs sağa doğru piyada gəlir. Həmin vaxt dairədən çıxıb sola dönərək Qəbələ istiqamətinə hərəkət edən mersedes benz markalı avtomobilin sürücüsü piyadanın yola tərəf gəldiyini görüb sürətini azaltmışdır. O, fikriləşmiş ki, piyada həmin avtomobili və onun idarə etdiyi avtomobili buraxdıqdan sonra yolu keçəcək. Lakin, qəflətən həmin piyadanın sol zolaqla gedən və sürətini azaldan mersedes markalı avtomobilin qarşısından yoluna çıxdığını görmüşdür. Həmin vaxt piyada ilə onun arasındakı məsafə qısa olduğuna görə tormoz versə də, avtomobili piyadaya çatana kimi saxlaya bilməmiş və dairəyə paralel hərəkət hissəsinin ortasında avtomobilin ön orta tərəfi piyadanın sağ yan tərəfindən dəymiş və kapotun üstünə qalxıb başı ön şüşəyə çırpılmış, daha sonra havaya qalxıb bir neçə metr qarşıya asfalt üzərinə düşmüşdür. Avtomobil isə piyadaya dəydikdən sonra 15-20 metr tormozda qarşıya sürüşmüş və dayanan anda sağa tərəf sürüb yolun sağ kənarında saxlamışdır. Dərhal avtomobildən düşüb piyadanın yanına qaçmışdır. Hadisəni görən yolun kənarındakı tanımadığı şəxslər də kömək etmək üçün piyadanın yanına gəlmişlər. Vurduğu piyada gənc yaşlarında oğlan olmuş, sonradan məlum olmuş ki, Nic qəsəbə sakini Niftalıdır, atasının adı Azərdir. Əvvəlcə istəmiş ki, xəsarət alan piyadanı dərhal öz maşınına qoyub xəstəxanaya aparsın, kənarda olan şəxslərdən kimsə demiş ki, təcili tibbi yardıma zəng ediblər, qoy təcili tibbi yardım gəlib iynə vuraraq özləri aparsın, ona kimi tərpətməsələr yaxşıdır. Bir neçə dəqiqədən sonra hadisə yerinə təcili tibbi yardım maşını ilə həkimlər gəlib vurduğu piyadanı diaqnostika mərkəzinə aparmışlar. Xəstəxanada həkimlər bildirmiş ki, Niftalı başından travma alıb. Bir neçə dəqiqə diaqnostika mərkəzində gözlədikdən sonra o, hadisə yerinə qayıtmış və polis əməkdaşları onun iştirakı ilə hadisə yerinə baxış keçirmişlər. Baxış zamanı piyadanın yoluna çıxdığı yeri, piyadanı vurduğu yeri, eləcə də tormoz izini göstərmişdir. Məlum olmuş ki, piyada dairənin yanında orta zolaqda yolun sol kənarından 6 metr yolun içərisinə doğru məsafədə vurulub. Tormoz izi ölçüldükdə sol təkərin tormoz izinin uzunluğu 19 metr, sağ təkərin tormoz izinin uzunluğunun isə 20 metr olduğu müəyyən edilmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında protokol tərtib edilmiş və hadisə yerinin foto şəkilləri çəkilmişdir. Protokolun doğruluğu onun tərəfindən imzalanmışdır. Niftalının xəsarətləri ağır olduğu üçün qohumları onu Mingəçevirə aparmışlar. Sonradan o, özü və ailə üzvüləri Niftalının müalicə xərclərini ödəmişlər və o bir neçə gün sonra ayılaraq vəziyyəti yaxşılaşmağa başlamışdır. Bir neçə gün xəstəxanada yatdıqdan sonra evə buraxılmış və evdə müalicəsini davam etdirmişdir. Hadisəni o, törətdiyinə görə maddi imkanı çatan səviyyədə Niftalının müalicə xərclərini ödəmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 16 dekabr 2020-ci il tarixdə saat 14 radələrində işlədiyi X2 otelə getmək üçün Qəbələ rayonu Nic qəsəbəsində yerləşən yaşadığı evdən çıxıb yol ötən avtomobillərin biri ilə əvvəlcə Zarağan kəndinin mərkəzinə gəlmişdir. Orada taksidən düşüb, “Araz” supermarketin qarşısından keçib, Qəbələ-Ağdaş yolunun kənarına gəlmiş ki, oradan yolun digər tayına, yəni Qəbələ istiqamətinə hərəkəti nəzərdə tutan yol tərəfə keçsin. Əvvəlcə Ağdaş istiqamətinə hərəkəti nəzərdə tutan yolu maneəsiz keçib dairə yoluna daxil olmuş, dairə yolu ilə adi yerişlərlə qarşıya gedib, Ağdaşdan Qəbələ istiqamətinə gedən yola çatıb, sağ tərəfinə baxıb, Qəbələ istiqamətində gələn avtomobillərlə arasındakı məsafənin kifayət qədər olduğunu görüb, həmin yola daxil olmuş, hətta bir-iki maşına yol verib yavaş addımlarla hərəkət edib, yolun ortasına çatanda Ağdaş tərəfdən gəlib Qəbələ istiqamətinə hərəkət edən və əvvəlcədən gəldiyinə fikir vermədiyi sarı-ağ rəngli vaz-21011 markalı avtomobil ön tərəfi ilə onu vurmuş və bundan sonra huşunu itirmiş, ayıldıqda xəstəxanada olduğunu görmüşdür. Sonda isə Təqsirləndirilən şəxs qarşı heç bir şikayətin və tələbin olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma oğludur və onunla birlikdə yaşayır. Niftalı məlum hadisədə xəsarət alana kimi X2 oteldə aşpaz köməkçisi işləyirmiş. O, hər gün işə yol maşınları ilə gedib-gəlirmiş. 16 dekabr 2020-ci il tarixdə nahar yeməyindən sonra saat 14 radələrində Niftalı evlərindən çıxıb işə yollanmışdır. Bundan təxminən 2 saat sonra Qəbələ rayon diaqnostika mərkəzindən kimsə ona zəng vurub bildirmiş ki, oğlu Niftalını maşın vurub və xəsarət aldığı üçün onu diaqnostikaya aparıblar, təcili diaqnostikaya getmək lazımdır. Dərhal evdən çıxıb doaqnostikaya gəlmiş və məlum olmuş ki, oğlu Niftalı koma vəziyyətindədir, xəsarətləri ağırdır və onu reanimasiya şöbəsinə yerləşdiriblər. Başından, ayağından və digər müxtəlif nahiyyələrindən xəsarət almış, ağır xəsarəti başında və ayağında olmuşdur. Niftalını maşın vurduğunu eşidən digər bir neçə qohumu da diaqnostikaya gəlmişlər. Orada o və qohumları maraqlanaraq öyrənmişlər ki, Niftalı Zarağan kəndinin mərkəzində dairədə piyada yolun digər tayına, yəni Qəbələ istiqamətinə gələn yol tərəfə keçərkən Əmili kənd sakini Ələsgər adlı şəxs idarə etdiyi vaz-21011 markalı avtomobillə Qəbələ istiqamətində hərəkətdə olarkən onu vurmuşdur. Həkimlər bildirmiş ki, Niftalının vəziyyəti ağırdır, onu ya Bakı şəhərinə, ya da Mingəçevir şəhərində yerləşən xəstəxanaların birinə aparmaq lazımdır. Bakı uzaq olduğu üçün Mingəçevirə aparmaq qərarına gəlmişlər. Həmin gün axşam üstü Niftalını Mingəçevir şəhərində yerləşən Regional adlanan hospitala aparıb yerləşdirmişlər. Niftalının müalicə xərclərini hadisəni törədən Ələsgər və onun qohumları ödəmişlər. Çünki Ələsgər bildirmiş ki, hadisə onun günahından baş verib və Niftalını müalicə etdirmək onun öhdəliyinə düşür. Niftalı Mingəçevirdə xəstəxanada bir neçə gün komada qaldıqdan sonra ayılaraq vəziyyəti yaxşılaşmağa başlamış və həyatı təhlükə keçdikdən sonra o evə buraxılmaqla müalicəsini evdə davam etdirmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, 16.12.2020-ci il tarixdə saat 15 radələrində xidmətdə olarkən ona bildirmişlər ki, Qəbələ rayon Zarağan kəndinin mərkəzində yolayrıcı dairə olan hissədə piyada vurma ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib və hadisə yerinə getmək lazımdır. Dərhal yol patrul xidməti avtomobili ilə hadisə yerinə getdikdə məlum olmuş ki, hadisə Zarağan kəndinin mərkəzində dairəvi yolayrıcı olan hissədə baş vermişdir. Məlum olmuş ki, Qəbələ rayonu Böyük Əmili kənd sakini Ələsgər adlı şəxs idarə etdiyi vaz-2101 markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş tərəfdən gəlib Qəbələ şəhəri istiqamətinə hərəkətdə olarkən dairə olan hissədən daxil olub Qəbələ istiqamətinə hərəkəti nəzərdə tutan yolun sağ kənarına keçmək istəyən Qəbələ rayonu Nic qəsəbəsindən olan piyadanı vurması nəticəsində baş vermişdir. Hadisə yerinə çatarkən piyadanı aldığı xəsarətlərlə əlaqədar xəstəxanaya aparmışlar. Hadisə yerinə toplaşan şəxslər bildirmişlər ki, hadisə nəticəsində piyada ağır xəsarətlər alaraq koma vəziyyətinə düşüb və hadisə yerinə çağrılan təcili tibb yardım maşını ilə onu xəstəxanaya aparıblar. Piyadanın asfalt üzərinə düşdüyü yer aydın şəkildə görünürmüş, həmin hissə dairədən 20-30 metr qarşıda yolun sol hərəkət zolağında yerləşirmiş və orada qırmızı rəngli qan ləkələri var imiş. Piyadanı vuran Vaz-21011 markalı avtomobil isə dairədən 30-40 metr qarşıda yolun sağ kənarında üzü yolun kənarına tərəf dayanmışdır. Avtomobilin qarşı tərəfi əzilmiş, ön alın şüşəsi isə sınmış vəziyyətdə imiş. Zədə yerlərindən aydın şəkildə görünürmüş ki, avtomobil piyadaya dəymişdir. Bundan başqa hadisə yerində dairədən sonra balşayan iki ədəd tormoz izi var imiş. Tormoz izi hərəkət hissəsinin ortasından başlayaraq bir qədər sola doğru çəpinə davam edirmiş, uzunluğu sonradan müstəntiq tərəfindən ölçüldükdə 20 metr olduğu müəyyən edilmişdir. Aydın şəkildə görünürmüş ki, həmin tormoz izi piyadanı vuran vaz-21011 markalı avtomobilə aiddir. Bir neçə dəqiqə sonra hadisə yerinə müstəntiq gələrək onun, iki hal şahidinin və hadisəni törədən sürücünün iştirakı ilə hadisə yerinə baxış keçirərək fotoşəkillər çəkmiş və ölçmə işləri aparmışdır. Sürücü piyadanı vurduğu yeri, hadisədən öncəki hərəkət istiqamətini, hərəkət zolağını, avtomobilin piyadaya dəydiyi hissəsini, hadisə yerində olan tormoz izini və piyadanın vurulduqdan sonra düşdüyü yeri təqdim etmişdir. Müstəntiq tərəfindən baxış keçirilərək müəyyən olunmuş ki, piyada Qəbələ istiqamətinə hərəkəti nəzərdə tutan yolun dairə ilə kəsişməsində orta zolaqda vurulub. Baxış keçirildikdən sonra müstəntiq tərəfindən sxem və protokol tərtib edilmiş, həmin protokol və sxem ona, eləcə də baxışda iştirak edən digər şəxslərə oxunduqdan sonra doğruluğu imzalarla təsdiq edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 mart 2021-ci il tarixli 8/573 saylı rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən VAZ-210130 minik markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən yüksək sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin 29 yanvar 2021-ci il tarixli 12 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində açıq kəllə beyin travması, baş beyinin sol payının epidural hematoması, baş beyinin sağ alın gicgah paylarının ağır dərəcəli hemorargik əzilməsi-ödemi, sol təpə-gicgah və ənsə sümüklərinin xətti sınığı, post travmatik serebral koma, başın yumuşaq toxumasının əzilməsi və alın-təpə nahiyyəsinin əzilmiş-cırılmış yarası, sol qamış sümüyünün orta 1/3-nin qapalı yerdəyişən sınığı kimi xəsarətlər vardır, həmin xəsarətlər küt alətin (əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni 16 dekabr 2020-ci ildə hərəkətdə olan minik avtomobilinin piyadanı vurması nəticəsində törənə bilər, qeyd olunan xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aiddir. İşdə olan Qəbələ RPŞ-nin DYPB-i tərəfindən verilmiş 01.02.2021-ci il tarixli arayışdan görünür ki, Azəbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi X1 Ələsgər Osman oğlunun adına sürücülük vəsiqəsi qeydiyyata alınmamışdır. İşdə olan Qəbələ rayonu mərkəzi xəstəxanasından təqdim edilmiş 16 dekabr 2020-ci il tarixli, 489 nömrəli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”na əsasən sürücü Təqsirləndirilən şəxs Osman oğlunun 16.12.2020-ci il tarixdə hadisə baş verən anda ayıq olduğu müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 06.02.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Osman oğlu əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs Osman oğlunun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, digər iş materialları ilə Təqsirləndirilən şəxs Osman oğlunun nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlığından zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan cinayətin törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs Osman oğluna cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Osman oğlunun ilk dəfə olaraq cinayətin törədilməsini, törətdiyi əməli könüllü etiraf edib səmimi peşimançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışdığını və onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbin olmamasını, ailəli olmaqla ailəsinə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 263-1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Osman oğlu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs Osman oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs Osman oğlundan tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan VAZ-210130 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinin sərəncamında saxlanılmış hesab edilməlidir. İş üzrə mülki iddia olmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Osman oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Osman oğlu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs Osman oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs Osman oğlundan tutulub Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan VAZ-210130 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinin sərəncamında saxlanılmış hesab edilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №1(025)-30/2021
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-30/2021
24.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver