Məhkəmə qərarları › İş №1(025)-30/2023

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-30/2023

11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-30/2023 11.10.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Qəbələ şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “X7” avtokar sürücüsü vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə gecə saat 04 radələrində, sərxoş vəziyyətdə, qısqanclıq zəminində daha əvvəl sevgi münasibəti bəslədiyi Qəbələ şəhəri, H.Əliyev prospekti, bina 02, mənzil 34-də müvəqqəti yaşayan X3 fərdi yaşayış evinin içərisində olduğunu və başqa bir şəxslə birgə orada yaşadığını ehtimal etməsi səbəbindən səhvən vətəndaş Zərərçəkmiş şəxs mülkiyyətində olmaqla 3 övladı ilə birlikdə yaşadığı, ünvan 2 ünvanında yerləşən, fərdi yaşayış evinin həyatyanı sahəsinə, mişar daşlarından hörülmüş hasardan aşmaqla daxil olmuş, daha sonra fərdi yaşayış evinin pəncərəsinə yaxınlaşıb, ayağında olan ayaqqabılarını soyunaraq pəncərənin plastik torunu çıxarmaqla, həmin pəncərədən mənzilin içərisinə, birbaşa otağa girmiş, oradan mətbəx otağına keçib daha sonra yenidən qonaq otağına qayıtdıqda, otağın sol tərəfində divanın üzərində yatılı vəziyyətdə olan xx.xx.2009-cu il təvəllüdlü Şahid1 gördükdə həmin mənzilin S.Əhmədovaya deyil başqa şəxsə aid olduğunu başa düşmüş, bu zaman Şahid1 yuxudan oyanaraq onu gördükdə qışqıraraq mənzilin digər otağına tərəf qaçmağa başlaması səbəbindən daxil olduğu pəncərədən yenidən həyətə tullanaraq oradan qaçmış və bununla da mənzildə yaşayanların iradəsi ziddinə həmin mənzilə daxil olmaqla mənzil toxunulmazlığını pozma cinayətini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2011ci ildə Qəbələ rayon Nohurqışlaq kənd sakini X6 ilə tanış olmuş və onunla 7-8 il qeyri rəsmi yaşamışdır. Sevinc Əhmədovanın 3 uşağı olmuşdur. Sevinci 3 uşağı ilə birlikdə Qəbələ şəhəri ərazisində yerləşən 5 mərtəbələrdə kirayə ev tutaraq orada qalması üçün şərait yaratmışdır. Onun bütün xərclərini ödəmişdir. Aralarında yaranan mübahisə zamanı Sevinc ondan ayrılmaq qərarına gəlmiş, lakin buna razı olmamışdır. Daha sonra Sevinc onunla ünsiyyəti kəsmişdir. Xeyli vaxt keçdikdən sonra 2023-cü ilin iyun ayının əvvəllərində Sevincin ona xəyanət etməsi barədə şübhələnmişdir. Sevinclə bir yerdə qaldıqları vaxtlar Sevinc ona qaldığı Şəhriyar küçəsinin yaxınlığına köçəcəyini demişdir. xx.xx.2023-cü il tarixdə axşam saat 19 radələrində Qəbələ şəhərinin mərkəzində yerləşən “köhnə sağlamlıq” deyilən yerin yanında olan kafeyə gedərək dostu Təbrizlə spirtli içki qəbul etmişdir. Oradan saat 00 radələrində çıxaraq dostu Təbrizlə şəhərin mərkəzində bir qədər gəzmiş, daha sonra Qəbələ şəhərinin mərkəzində olan tanımadığı taksi ilə razılaşıb ilk öncə Təbrizi evinə düşürmüş, daha sonra evlərinin girişinə gəlmiş, lakin həyətə daxil olmamışdır. Həmin vaxtlar Sevinc haqda düşünmüş, Sevincin yaşadığı küçənin yaxınlığında yerləşən evə köçməsini düşünərək həmin evin qarşısına gəlmiş, evin qabağında, qapıda ağ rəngli avtomobili görüb Sevincin həqiqətəndə ona xəyanət etdiyini və başqa kişiylə görüşdüyünü fikirləşib həmin həyətə hasardan daxil olmuşdur. Evin pəncərəsinə yaxınlaşaraq, ayaqqabılarını çöldə pəncərənin yanında soyunmuşdur. Hər iki əli ilə pəncərədə olan toru götürüb, evin bilmədiyi hansısa otağına girmişdir. Daha sonra mətbəxt otağına daxil olmuş, masanın üzərində olan şaftalı meyvəsini götürüb dişləyərək masaya qoymuşdur. Mətbəxdən geri qayıdan zaman divanda azyaşlı uşağın yatdığını görmüş, həmin uşağın Sevincin olmadığını görüb başa düşmüşdür ki, səhv girmiş və oradan geri qayıtmaq qərarına gəlmişdir. Bu vaxt uşaq yuxudan oyanaraq onu görüb qışqırmış, buna görə pəncərədən tullanıb qaçmış, ayaqqabılarını götürməyə çatdıra bilməmişdir. Səhəri günü xx.xx.2023-cü il tarixdə polis əməkdaşları onu polis şöbəsinə dəvət etmiş və ona ona məlum olmuşdur ki, qanunsuz daxil olduğu yaşayış evi xəstəxanada həkim işləyən Zərərçəkmiş şəxs yaşadığı evdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Qəbələ rayon X8 küçəsində, həyət evində, 3 övladı ilə birlikdə yaşayır. Həmin mənzili 7 ay əvvəl Telli adlı həkimin qardaşının oğlundan almış və onun mülkiyyətçisidir. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə övladları yaşadıqları evdə yatmışlar. Alparslan onunla yataq otağında, qızı Gülnarə öz yataq otağında, oğlu Raul isə zalda yatmışdır. Saat 04:30 radələrində oğlu Raul qışqırmış, dərhal oğlu Şahid1 öz yataq otağına getmiş lakin onun orada olmadığını görmüşdür. Daha sonra onun, qışqıraraq öz yataq otağına gəldiyini görmüş, Rauldan nəyə görə qışqırdığını soruşduqda, Raul ona qonaq otağına adını bilmədiyi naməlum şəxsin gəldiyini bildirmişdir. Dərhal həmin otağa yaxınlaşmış, lakin, orada heç kimi görməmişdir. Lakin zalın pəncərəsinin torunun çıxılı, pərdəsinin isə çəkili yəni açıq olduğunu görmüşdür. Bu barədə Qəbələ RPŞ-nin ***-***-**-** nömrəsinə yığıb polis əməkdaşlarına məlumat vermişdir. Onlar bir neçə dəqiqə sonra hadisə yerinə gəlmişlər. Sonra araşdırma zamanı növbəti gün evə daxil olan şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Həmin şəxsi görsədə tanımamışdır. Həmin şəxs evdəki əşyalara toxunmamış, oğurluğa cəhd etməmişdir. Hadisədən sonra oğlu Raul psixoloji sarsıntı keçirmiş, psixoloqların yanında müalicə almış və hal-hazıradək müalicəsini davam etdirir. Sonda isə Təqsirləndirilən şəxs şikayətçi olduğunu, onunla barışmayacağını bildirmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixə keçən gecə saat təxminən 04 radələrində yaşadıqları evin qonaq otağında divar tərəfdə qoyulmuş divanın üzərində yatmışdır. Birdən içəridə kiminsə olduğunu hiss edib ayılıb görmüşdür ki, bir nəfər şəxs sonradan adını bildiyi Təqsirləndirilən şəxs otağın pəncərəsindən içəri daxil olmuşdur. Həmin şəxsi görüb yatdığı yerdən durub qışqırmağa başlayıb öz otağına doğru qaçmışdır. Bu zaman həmin şəxs onun qışqırığına içəri girdiyi pəncərədən geri qayıdaraq zaldan çıxmışdır. Həmin vaxt anası Esmira onun otağının yanında olan yataq otağından çıxaraq tutub qucaqlıyıb nə baş verdiyini soruşmuşdur. Anasına olanları demişdir. Belə olub anası polisə şikayət etmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 04:40 radələrində Qəbələ RPŞ-nin NH-dən Qəbələ şəhəri M.H.Şəhriyar küçəsində yerləşən Zərərçəkmiş şəxs evinə naməlum şəxslərin daxil olması barədə məlumat daxil olmuşdur. Həmin vaxt əməliyyatistintaq qrupunun üzvü olmuşdur. Hadisə barədə məlumatı alıb NH-nin xidməti avtomobili ilə hadisə yerinə getmişdir. Hadisə yerinə baxış keçirilərək Zərərçəkmiş şəxs hadisə yerini təqdim edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixə keçən gecə övladları yaşadıqları evdə yatırmışlar. Alparslan onunla yataq otağında, qızı Gülnarə öz yataq otağında, oğlu Raul isə zalda divanda yatmışdır. Saat 04:30 radələrində oğlu Raul qışqırmış, dərhal oğlu Şahid1 öz yataq otağına getmiş, lakin onun orada olduğunu görmüşdür. Daha sonra onun, qışqıraraq öz yataq otağına gəldiyini görmüşdür. Şahid1 nəyə görə qışqırdığını soruşduqda, o, zala adını bilmədiyi naməlum şəxsin gəldiyini bildirmişdir. Dərhal zala yaxınlaşmış, lakin, zalda heç kimi görməmişdir. Zalın pəncərəsinin setkasının çıxılı olduğunu, pərdəsinin isə çəkili, yəni açıq olduğunu görmüşdür. Belə olub bu barədə Qəbələ RPŞ-nin ***-***-**-** nömrəsinə yığıb polis əməkdaşlarına məlumat vermişdir. Daha sonra müəyyən etmişdir ki, naməlum şəxsin daxil olduğu pəncərənin giriş hissəsində 1 cüt ayaqqabı və həmin pəncərədə qanabənzər izlər vardır. Belə olub RPŞ-ə məruzə edərək polis şöbəsinin kriminalistinin hadisə yerinə gəlməsini istəmişdir. X5 hadisə yerinə gələrək pəncərədə olan qanabənzər mayeni nümunə üçün tanpon vasitəsi ilə götürmüşdür. Daha sonra hadisə yerinin müaynəsi zamanı aşkar etdiyi 1 cüt ayaqqabını qablaşdıraraq hadisə yerində tərtib etdiyi protokola əlavə etmişdir. Hadisə yerində şəkillərini çəkməklə, Zərərçəkmiş şəxs təqdim etdiyi yerləri videogörüntü vasitəsi ilə çəkmişdir. Hadisə yerindən gəldikdə həmin naməlum şəxsin müəyyən olunması istiqamətində polis şöbəsinin CAB-ə əməliyyat tapşırığı vermişdir. Əməliyyat tapşırığına əsasən Təqsirləndirilən şəxs gətirmişlər. Təqsirləndirilən şəxs izahatı alınan zaman hər şeyi səmimi etiraf etmişdir. İşdə olan DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olan məktubdan görünür ki, tədqiqata təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 04 ədədi (ADİS-in məlumat bankına Qəbələ RPŞ-dən daxil olan) xx.xx.1991-ci il tarixdə Qəbələ rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin ovuc, çeçələ (02 dəfə) barmağının və sağ əlinin ovuc (qonaq otağı plastik pəncərə altlığından götürülmüş İz) əksləri ilə eynilik müəyyən etmişdir. Həmçinin, DİN-nin KTİ-dən daxil olan məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 04:35 radələrində, X1 yaşadığı, Qəbələ şəhər Şəhriyar k. ev 40-a, naməlum şəxsin daxil olması lakin heçnə oğurlanmaması faktı üzrə hadisə yerinin müayinəsi zamanı götürülmüş 01 (bir) ədəd tamponda qanabənzər maddə, həmçinin Təqsirləndirilən şəxs götürülmüş bioloji nümunələr üzrə aparılmış müqayisəli DNT tədqiqatı nəticəsində müəyyən edildi ki, təqdim edilmiş 01 (bir) ədəd tampon üzərində olan qan nümunəsi, Təqsirləndirilən şəxs (xx.xx.1991 -ci il, Qəbələ r.) məxsusdur. İşdə olan Azərbaycan Respublikası DİN-nin Qəbələ Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün ibtidai istintaq və ilkin məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ibtidai istintaq zamanı və ilkin məhkəmə baxışı zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olmaqla, mənzil toxunulmazlığını pozma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 157.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini könüllü etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 157.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qəbələ rayon Prokurorluğunda saxlanılan iş üzrə maddi sübut olan “Fashion” yazısı olan bir cüt Təqsirləndirilən şəxs məxsus idman ayaqqabısı hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərci olmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, aylıq qazancından 20 faiz məbləğdə pul dövlət nəfinə tutulmaqla 10 (on) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun qazancından dövlət nəfinə hər ay 20 faiz tutulmanın başlandığı gündən hesablansın. Cəzanın icrasına nəzarət yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Qəbələ rayon Prokurorluğunda saxlanılan iş üzrə maddi sübut olan “Fashion” yazısı olan bir cüt Təqsirləndirilən şəxs məxsus idman ayaqqabısı hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar