Məhkəmə qərarları › İş №1(025)-31/2020

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-31/2020

19.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-31/2020 19.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1964-cü ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə təqsirlən-diril-məsinə dair ci-na-yət işinə məhkə-mənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 19:40 radələrində Qəbələ rayonu, Daşlıca kəndi ərazisində “xxxxxxxxx” MMC-nin sifarişi ilə İcraçı “xxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən aralarında bağlanmış xx xxx 2020-ci il tarixli müqaviləyə əsasən aparılan anbar və ofis binasının planlaşdırılmış tikintisi ilə əlaqədar, icarəyə götürdüyü müqavilə şərtlərinə əsasən ikinci tərəf kimi istismar zamanı avtomaşını təhlükəsiz idarə etmək, beton nasosunu təhlükəsiz işlətməklə vaxtlı-vaxtında nəzarət etmək, habelə əvvəlcədən rəsmi qaydada elan edilmiş beton nasosun istismarı təlimatı üzrə təhlükəsizlik qaydalarına riayət etmə vəzifələrini öhdəsinə götürmüş sürücü-operator qismində, etibarnamə ilə müstəqil olaraq idarə etdiyi, üzərinə beton nasosu quraşdırılmış “xxxxxxxxxxxxxxxxxxxx” ASC-yə məxsus Mersedes Benz ACTROS 2631 markalı avtomobilin sahibi Şahid2 ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin “a”,”b”,“d”, bəndlərinin və xx.xx.2019-cu il tarixli “Beton nasosun istismarı Qaydalarına” dair təlimatın sürücü operatorun vəzifələri nəzərdə tutulmuş 6-cı və 7-ci bəndlərinin tələblərini pozaraq, həmin təlimata əsasən təhlükəsizlik qaydalarına riayət edilməsi vəzifələrini öhdəsinə götürsə də, cinayətkarcasına etinasızlığı nəticəsində öz əməlinin ictimai təhlükəli nəticələr verəcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda onları görməmiş, əksinə uzun müddətli iş təcrübəsinə güvənib, yüksək təzyiqlə idarə olunan beton nasosunu işə salmadan öncə iş şəraiti ilə yaxından tanış olmamış, hadisə zamanı Mersedes Benz ACTROS 2631 markalı beton nasosu tikinti sahəsində torpaq örtüklü yerdə təhlükəsiz qaydada (yəni yana yatmasına qarşı dayanıqlı vəziyyətdə) yerləşdirməmiş, istismar zamanı silkələnmə verən avtomaşının təhlükəsiz idarə edilməsinə və beton nasosu işləyən zaman onun təhlükəsiz istismarına vaxtlı-vaxtında nəzarət etməmiş, işin gedişatı zamanı da avtomaşının tarazlığını vaxtaşırı yoxlamamış, göstərilən pozuntuların, əsasən də torpağın tərkibindən və sıxlığından asılı olaraq avtomaşının pəncəsinin xəndəyin aşırımından təhlükəsiz məsafədə quraşdırmamış, habelə işin gedişatı zamanı yaranan dəyişkən yüklənmələrin (o cümlədən betonun vurulması zamanı açılmış xortumun monoton titrəyişlərinin) təsirindən pəncələrdən birinin altında torpağın xəndəyə tərəf sürüşüb uçulmaqla avtomaşının yana yatması ilə əlaqədar tikinti işlərinin aparılmasında təhlükəsizliyi qaydalarını pozaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün real təhlükə yaratdığından, beton nasosun xortumunun tikilinin təməlinin betonlanmasında fəhlə kimi işləyən Qəbələ rayonu, Qəmərvan kənd sakini, xx.xx.1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs üzərinə düşərək, baş vermiş hadisə nəticəsində, onun daxili qanaxma, qara ciyərinin cırılması, sağ böyrək ətrafı toxuma və bağırsaqların müsariqəsinə qansızma, başın təpə nahiyyəsinə yumşaq toxumaya qansızma, alt çənənin əzilmiş, cırılmış yarası, hər iki gözaltı nahiyyəyə qansızma, başın sol təpə-alın nahiyyəsinin, alını sol qaşüstü hissəsinin, sol gözün bayır bucağı nahiyyəsinin, burunun sol tərəfinin, burunun uc hissəsinin, üzün sol tərəfinin, sol ağız bucağı nahiyyəsinin, döş qəfəsinin ön sağ və sol nahiyyəsinin, sol bazu oynağının ön səthinin, sol bazunun ön yuxarı və orta 1/3-nin, döş qəfəsinin sol aşağı nahiyyəsinin, qarının ön sağ tərəfinin, sol budun ön aşağı iç səthinin, sol baldırın ön orta 1/3-nin, sağ baldırın ön orta 1/3-nin sıyrıqları kimi xəsarətlər almasına və həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aid bədən xəsarətləri yetirilməsi nəticəsində, ehtiyatsızlıqdan zərərçəkmiş Zərərçəkmiş şəxs qara ciyərinin cırılmasına görə baş verən kəskin daxili qanaxma nəticəsində ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsi üzrə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, iş yeri “xxxxxxxxxxxxxxxxxxxx” ASC-də olmuş, 2020-ci ilin mart ayında müvafiq əmək müqaviləsi əsasında işə qəbul olunmuş, xx xxxx 2020-ci il tarixdə əmək haqqı az olduğundan öz ərizəsi ilə işdən azad olunaraq həmin şirkətdə icarə müqaviləsi əsasında işləməyə başlamışdır. xx xxxx 2020-ci il tarixdə şirkətin sədri Şahid2 mülkiyyətində olan “X20 2631” yük markalı beton nasos tipli, **-MZ-*** dövlət nömrə nişanlı avtomobili müvafiq etibarnamə əsasında idarə etməyə başlamışdır. Gəlirin 30 faizini həmin şirkətə verməklə maşının təmir xərcləri özünə aid edilmişdir. Həmin gün o, saat 11 radələrində idarə etdiyi beton pompası ilə Qəbələ rayonu, Daşlıca kəndində yerləşən anbar tikilən yerə gəlmiş, əvvəlcə tikilinin sol tərəfində maşını qabaq tərəfi torpaq sahəsinin hasarına tərəf, arxa tərəfi isə asfalt yola tərəf saxlayıb pompanı quraşdırmışdır. Pompanın sol ayaqları qazılmış təməl çuxurundan təxminən 1 metr məsafədə quraşdırıb, orada yaxın yerlərin betonlama işlərini gördükdən sonra maşını tikilinin qabağında quraşdırmışdır. Maşının qabaq tərəfi tikiliyə tərəf olmaqla, qazılmış çuxura perpendikulyar vəziyyətdə saxlayaraq orada da betonlama işləri görüldükdən sonra saat 17 radələrində maşını tikilinin sağ tərəfinə sürdüb pompanı orada quraşdırmışdır. Həmin yerdə də pompanın sağ ayaqları çuxurdan təxminən 1 metr məsafədə olmuşdur. Pompanı quraşdırdıqdan sonra betonlama işləri aparan işçilərə yaxın məsafədə dayanıb xüsusi qurğu vasitəsilə pompanı və borunu idarə etmişdir. Təxminən saat 20:00-da işin yekunlaşmağına az qalmış betonlaşma işini aparan fəhlənin əlində boru yerə yıxıldığını görmüş, belə ki, beton pompasının sağ qabaq dayağı torpaq örtüyün aşması nəticəsində yerindən çıxıb pompa sağ yanı üstə çuxura çökmüşdür. Həmin pompanın borusu da sonradan adının Əhməd olduğunu bildiyi işçiyə dəyərək onu yerə yıxmış və üzərinə düşmüşdür. Dərhal əlində olan idarəedici qurğu ilə pompanın borusunu kənara çəkib və orada olan digər işçilər Əhmədi götürüb kənara qoymuşlar. Onun üzünə su vurub köməklik etməyə çalışmışlar. Bundan sonra hadisə yerinə təcili tibbi yardım maşını gəlib və Əhmədi xəstəxanaya aparmışdır. Sonra o, pompanı əvvəlki vəziyyətinə gətirib ayaqlarını başqa yerdə quraşdırıb, orada qalan işçilər betonlama işini davam etdirib yekunlaşdırmışlar. İş qutqrdıqdan sonra o, pompanı yığıb və qazan hissəsini yuyub oradan çıxıb İsmayıllı rayonuna qaraja qayıtmışdir. xx xxxx 2020-ci il tarixdə səhər saatlarında öyrənmişdir ki, həmin işçi hadisə zamanı aldığı bədən xəsarətlərindən gecə saatlarında xəstəxanada vəfat etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 222.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspert rəyləri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X10 ifadəsində göstərmişdir ki, bu ilin iyun ayının əvəllərində həmkəndli və uzaq qohumu Şahid1 xahiş etmişdir ki, iş olanda oğlu Əhmədi də özü ilə işə aparsın belə ki, Sərvər müxtəlif tikintilərdə briqada yığaraq işlər görürdü. Sərvər də onun xahişini nəzərə alaraq oğlu Əhmədi rayonun Daşlıca kəndi ərazisındə tikintisi aparılan anbar binasının tikintisinə digər 5-6 nəfərlə birlikdə cəlb etmişdir, bildiyinə görə onlar tikintidə ilkin olaraq betonlama işlərini aparmışlar. Həmin işi gördürəndə onların həmkəndlisi Şahid3 adlı şəxs idi. Oğlu, Əhməd orada işin xüsusiyyətlərinə görə hər kvadrat metrinə 5-10 manat pul alacaqmış. İşlədiyi müddətdə Əhmədə avans kimi ümumilikdə 70 manat pul vermişlər. Hadisə barədə xx xxxx 2020-ci il tarixdə axşam saat 20 radələrində ona xəbər veriblər ki, tikintidə bədbəxt hadisə baş verib və betonu pompası xəndəyə aşması nəticəsində pompanın borusu Əhmədin üstünə düşərək onu yaralayıb və onu hadisə yerinə gələn təcili tibbi yardım maşını ilə X7 Mərkəzinə aparıblar. Dərhal xəstaxanaya gedib, lakin Əhmədi görə bilməmiş, onu reanimasiya otağına aparmışlar. Orada olan iş yoldaşlarından nə baş verdiyini soruşduqda onlar da beton maşınının xəndəyə aşması nəticəsində, maşının borusunun Əhmədin ustünə düşərək onu yaraladığını bildirmişlər. Həkimlər Əhmədi əməliyyat etmişdilər. Gecə saat 01 radələrinə qədər xəstəxanada qalıb sonra evə getmiş, səhərə yaxın Əhmədin xəstəxanada vəfat etdiyini ona demişlər. Sonda isə oğlu Əhmədin tikintidə bədbəxt hadisə nəticəsində ölməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı, ümumiyyətlə heç kimdən hər hansı bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, həmkəndlisi Şahid3 Məhiyəddin oğlunu əvvəldən tanımış, belə ki, 2019-cu ildə Qəmərvan kəndində onun evinin tikintisində işləmiş, təxminən 3 həftə əvvəl Qədir ona Qəbələ rayonu, Daşlıca kəndi ərazisində anbar binası tikmək istədiyini və onun həmin tikintidə qazıntı və betonlama işlərini görməyini istəmiş və bundan sonra o, razılaşaraq özü tək traktorla təxminən 1 həftə həmin binanın bünövrəsini qoymaq üçün qazıntı işlərini aparmışdır. Sonra betonlama işlərinə başlamaq ücün həmkəndliləri və qohumları olan 6 nəfər şəxsi bu işə cəlb edərək onlarla razılaşmışdır. Həmin şəxslər Qəbələ rayonu, Qəmərvan kənd sakinləri Millət, Lütfi, Nemət, İlkin, İrfan və Əhmədlə birlikdə Qədirlə şifahi razılaşmalarına əsasən, betonlama işlərini gördükdən sonra onların işi bitməli idi. Qədirlə aralarında olan şifahi razılaşmaya əsasən, işin xüsusiyyətlərinə görə hər kvadrat metrinə 5-10 manat pul alacaq idilər. Tikintinin layihəsinə əsasən, həmin yerə təxminən 156 kub metr beton tökülməli idi. Onların əsas işi qəlib düzəltdikdən sonra xüsusi avadanlıq vasitəsilə betonun kipləşdirilərək havasının çıxardılması və betonlama işləri idi. Beton “xxxxxxxxxxxxxxxxxxxx” ASCnin rəhbəri Azad adlı şəxsə məxsus beton zavodundan beton pompaları vasitəsilə gətirilirdi. Həmin şirkətlə razılaşmaya əsasən, xx xxxx 2020-ci il tarixdə 26 maşın beton gətirməli idilər. Həmin gün səhər saat 09:30 radələrində həmin zavodla əlaqə saxlamış və betonu gətirmələrini bildirmişdir. Lakin pompa xarab olduğundan birinci maşın təxminən saat 11-12 radələrində tikinti aparılan əraziyə gəlib çıxmışdı. İşi başlamazdan əvvəl Qədir ona işlədəcəyi işcilərin adlarını İsmayıllı tikinti idarəsinin rəhbəri Azad müəllimə təqdim edib həmin işcilərlə rəsmi müqavilə bağlayıb onları işə götürməsini, işciləri geyim və qoruyucu ləvazimatlarla təmin edib onlara təlimat verməsini desədə, o Qədirin dediklərini yadından cıxartdığından bu işləri etməmişdir. Orada işlətdiyi fəhlə və ustalara özü rəhbərlik etmiş onlara cavabdehlik özü daşımışdır. İşlədikləri 1 həftə müddət ərzində o, 4 dəfə olmaqla (500, 300, 300 və 100 manat) ümumilikdə 1200 manat Seymur adlı şəxsdən əlbəəl pul almışdır. Seymur Qədirin qardaşı oğlu olmuş və həmin əraziyə hər gün gəlməklə qarovul işini həyata keçirirdi. Qalan pulu onlar işin yekununda almalı idilər. O, hər dəfə Seymurdan pul aldıqca müxtəlif məbləğlərdə işçilərə avans kimi pul verərək bu barədə hər hansı rəsmi sənəddə qeydiyyat aparmamışdır. Zərərçəkmiş şəxs ilə uzaq qohumluq münasibətləri olmaqla onunla və adlarını yuxarıda qeyd etdiyi şəxslərlə bərabər betonlama işlərini görmək üçün birlikdə işləməyi təklif etmiş və onlar da razılaşmışlar. Onunla, eləcə də digər işçilərlə o, hər hansı əmək müqaviləsi bağlamamış, belə ki, aralarında olan şifahi danışığa əsasən, onlar birlikdə betonlama işlərini yekunlaşdırdıqdan sonra işləri bitəcəkdi. Əhmədlə günü 30 manata işləməyi razılaşaraq, ötən bir həftə ərzində Əhmədə avans kimi ümumilikdə 70 manat pul vermişdir. Həmin günü yəni,xx xxxx 2020-ci il tarixdə səhər saat 11-12 radələrindən etibarən 26 beton maşını əraziyə gəlmiş və onlar tərəfdən betonlama işləri başlanılmışdır. Sonuncu maşın təxminən saat axşam saat 20 radələrində əraziyə gəlmişdi. Hadisə saat 19:40 radələrində baş vermişdir. Belə ki, 25-ci beton maşınında olan betonu pompa vasitəsilə kipləşdirən zaman mərhum Zərərçəkmiş şəxs da onun yanında adlarını çəkdiyi digər işçilərlə beton pompası əvvəlcə tikilinin sol tərəfində, daha sonra qabaq hissəsində, ən axırda isə tikilinin sağ tərəfində yerləşdirilmişdi. Tikilinin sol və qabaq hissələri betonlandıqdan sonra saat 17 radələrində beton pompası tikilinin sağ tərəfində yerləşdirilmişdir. Belə ki, pompanın qabağı hasara tərəf, arxası isə asfalt yola tərəf idi və tikiliyə paralel dayanmaqla, pompanın sol tərəfində olan ayaqları nisbətən uzun açılmışdı, sağ tərəfdəki ayaqlar isə qazılmış xəndəkə görə qısa açılmışdı. Saat 19:30 radələrində onlar tikilinin arxa hissəsində betonlama işlərini aparmışlar. Əhməd və digər işçilər pompanın borusunu tutaraq beton vurmuşlar. Borunun ümumi uzunluğu 36 metr onların beton vurduğları yerdə boru təxminən 30 metrə qədər açılmışdı. Əhməd borunu tutub beton vuran zaman anidən işlək vəziyyətdə olan boru onun kürək nahiyəsindən üstünə gələrək onu yerə yıxmışdır. Onlar qaçıb onu borunun altından çıxardaraq təcili tibbi yardıma zəng vurub hadisə yerinə çağırmışlar. Həmin vaxt o, baxanda beton pompasınin bərkidildiyi yerdən sağ tərəfi üstünə qazılmış xəndəkə aşdığını görmüşdür. Belə ki, həmin beton pompasının sağ qabaq dayağı torpaq örtüyün aşması nəticəsində bərkidildiyi yerdən çıxmış və nəticədə pompa aşaraq borusu zərblə Əhmədə dəyərək onu yerə yıxmışdır. Hadisə yerinə gələn təcili tibbi yardım maşını Əhmədi X7 Mərkəzinə aparmışdır. Özünə məxsus avtomobillə onun arxasınca xəstəxanaya getmişdir. Tikinti aparılan ərazidə qalan digər işçilərə isə onun tapşırığına əsasən, beton pompasını əvvəlki vəziyyətə gətirərək başqa yerdə torpağa bərkidib sonuncu beton maşınında olan betonu da işlətmişlər. Xəstəxanaya gəlib Əhmədin yanında olmuşdur. Gecə saat 01 radələrinə qədər xəstəxanada qalmış və sonra evə getmiş, səhərə yaxın bilmişdir ki, Əhməd xəstəxanada vəfat edib. Məhkəmə iclasında şahid X2 ifadəsində göstərmişdir ki, 2019-cu ilin yanvar ayında oğulları Ayaz və Anar Umudəliyevlər birlikdə “xxxxxxxxx” MMC adlanan şirkət yaradaraq, həmin şirkətdə onların hər ikisinin payı 50%-50% olmaqla səhmlərə malikdirlər. Şirkətin fəaliyyəti əsasən ərzaq mallarının alqı-satqısından ibarətdir. Hər iki oğlanları müvafiq olaraq xx.xx.2015-ci il və xx.xx.2014-cü il tarixlərdə ona etibarnamə əsasında bütün hüquqi işləri və səlahiyyətləri 5 il və 10 il olmaqla etibar etmişlər. Bu səbəbdən “xxxxxxxxx” MMC-nin bütün işlərini, əsasən təmir-tikinti işlərinə nəzarəti o edir. Onlar “Coca Cola” şirkətinin Qəbələ, Oğuz, İsmayıllı, Ağdaş rayonlarında və Mingəçevir şəhərində satışını həyata keçirirlər. Belə ki, Qəbələ rayonu ərazisində anbar icarəyə götürüb və “Coca cola”nın məhsullarını həmin anbara yığmaqla, satışını oradan həyata keçirmişlər. Sonradan onlar, Qəbələ rayonu ərazisində torpaq alıb özlərinə məxsus anbar tikib və şirkətin məhsullarını həmin anbara yığmaq məqsədi ilə, təxminən 2010-cu ildə Qəbələ rayonu, Daşlıca kəndi ərazisində bir şəxsin mülkiyyətində olan 1.04 ha torpaq sahəsini alaraq anbarı da həmin torpaqda tikmək qərarına gəlmişlər. Qəbələ rayon İcra Hakimiyyəti tərəfindən 2020-ci ilin may ayının 6-da obyektin tikintisinə icazə sənədini alaraq, tikintini Şahid2 adlı şəxsin işlətdiyi “xxxxxxxxxxxxxxxxxxxx” ASC-yə həvalə etmişdir. Belə ki, həmin şirkətlə aralarında bağlanan xx.xx.2020-ci il tarixli, 13/05-20 nömrəli Tikinti işləri üzrə Müqaviləyə əsasən, Qəbələ rayonu, Daşlıca kəndi ərazisində yerləşən həmin torpaq sahəsində layihə-smeta sənədlərinə uyğun olaraq anbar və ofis binasının tikintisi “xxxxxxxxxxxxxxxxxxxx” ASC-yə tapşırıldıqdan sonra onlar anbarın tikintisinə başlamışlar. Həmin torpaq sahəsi təmizlənib anbarın tikintisi üçün çuxur qazılmış və hazırlıq qatı düzəldilmişdir. Bundan sonra betonlama işləri həyata keçirilmişdir. Betonlama işlərini o, əvvəldən tanıdığı və həmkəndlisi olan Sərvər adlı şəxs və onun gətirdiyi 5-6 nəfər işçi heyəti həyata keçirmişdir. Belə ki, “xxxxxxxxxxxxxxxxxxxx” ASC-nin sədri Azad ona demişdi ki, işçiləri tap, oda onlarla əmək müqaviləsi bağlayacaq. Həmin işləri görməyi Sərvərə təklif edərək, onunla razılaşmış və ona bildirmişdir ki, işcilərinin adlarını Azad müəllimə versin ki, həmin şəxslərlə o, müqavilə bağlasın, işciləri lazımı paltar və ləvazimatla təmin etsin. Sərvərdə onu arxayın etmişdir ki, o şeyləri özü həll edəcəkdir. Lakin sonradan ona məlum oldu ki, Sərvər dediklərini etməyib işcilərlə əmək müqaviləsi bağlanmamışdı. xx xxxx 2020-ci il tarixdə səhər saatlarında həmin əraziyə gəlmiş, lakin müəyyən səbəblərə görə beton maşını gecikmiş və saat 12 radələrindən sonra gəlməyə başlamışdı.Tikiləsi anbarın uzunluğu 60 metr, eni isə 48 metr ölçüsündə nəzərdə tutulmuşdu və təxminən 156 kub metr beton tökülməli idi. Əvvəlcə əraziyə beton pompası gəitirilib, daha sonra beton maşınları gələrək pompa vasitəsilə ərazi betonlanmağa başlamışlar. Beton pompası əvvəlcə tikilinin sol tərəfində, daha sonra qabaq hissəsində, ən axırda isə tikilinin sağ tərəfində yerləşdirilmişdi. Tikilinin sol və qabaq hissələri betonlandıqdan sonra saat 17 radələrində o, yorğun olduğundan çıxıb Qəmərvan kəndində yerləşən evinə getmişdir. Sonra işçilər pompanı tikilinin sağ tərəfində yerləşdirib həmin küncü də betonlamalı idilər. Beton maşınlarını qarşılayıb müvafiq sənədləri toplamağı qardaşı oğlu Seymura həvalə etmişdir. Belə ki, o, həmin əraziyə hər gün gəlib-gedir və tikinti materiallarına nəzarət edirdi. Saat 20 radələrində, qardaşı oğlu Seymur ona zəng vuraraq beton pompasının aşdığını və işçilərdən biri olan Əhməd adlı şəxsin xəsarət aldığını bildirmişdi. Bundan sonra, Qəbələ DM-inə gedib xəsarət alan Əhmədin xəstəxanaya təzə gətirildiyini və onu əməliyyata aparıldığını bilmişdir. Gecə saat 01 radələrinə qədər xəstəxanada qalıb sonra evə getmiş və səhər saatlarında Əhmədin əmisi Ələsgərə zəng vurduqda, onun rəhmətə getdiyini bilmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, hazırda idarə heyətinin sədri olduğu “27 saylı İsmayıllı səyyar mexanikləşdirilmiş dəstə” adı altında fəaliyyət göstərmiş, 2000-ci ildən etibarən özəlləşdirilərək, “xxxxxxxxxxxxxxxxxxxx” ASC adlanan idarə heyətinin sədri vəzifəsində işləyir. 2020-ci ilin may ayının əvvəllərində Qədir adlı şəxs ona zəng vuraraq Qəbələ rayonu ərazisində anbar binası tikmək və tikinti işlərinin aparılmasını ona həvalə etmək istəyi ilə əlaqədar onunla görüşüb əvvəlcə beton satışı ilə bağlı razılığa gəlib rəsmi və qeyri-rəsmi ödənişlərin aparılması barədə danışıqlar aparmışlar. Qədirə betonun həm rəsmi, həm də qeyri-rəsmi satış qiyməti barədə məlumat vermişdir. Bundan sonra Qədir ona zəng vuraraq, tikintinin onunla aparmaq istədiyini bildirdib və tikinti işləri üzrə müqavilə tərtib edib ona göndərməyini demişdi. Onun göstərişi əsasında işçisi İmran Musayev tərəfindən 2 nüsxədə xx.xx.2020-ci il tarixli, 13/05- 20 nömrəli Tikinti işləri üzrə müqavilə tərtib edilmiş və oda həmin müqaviləni özünə aid olan hissədə imzalayıb, möhürlə təsdiq etdikdən sonra tanış maşınla Qəbələ rayonuna Qədirə göndərmişdir. Həmin müqaviləni Qədir imzalayıb təsdiq etdikdən sonra ona qalmalı olan nüsxə ona verməmişdir. Sonradan ona məlum olmuşdur ki, Qədir özü tanışı və həmkəndlisi Sərvər adlı şəxslə razılaşıb həmin ərazidə tikinti işlərini aparır. Həmin vaxta qədər Qədir ondan bir dəfə torpaq sahəsinin hasarlanması üçün nağd qaydada ümumilikdə 60-70 kub metr betonu müvafiq qaimə əsasında satmışdır. Həmin hasarın tikintisində nə özü nədə ki, səlahiyyətli nümayəndəsi iştirak etməmişdir. May ayının axırları Qədirdən həmin ərazidə tikinti işlərinin aparılması barədə maraqlanmış sonuncuda, ona ucuz olsun deyə öz həmkəndliləri ilə razılaşıb, tikintini onlar aparacaqlarını, ondan isə ancaq beton alacağını bildirmişdir. Qədirə “xxxxxxxxx” MMC şirkətinin rəhbəri və sifarişçi tərəf olduğundan bu barədə ona heç nə deməmişdir. Bundan sonra, tikintinin hazırlıq qatı üçün 60 kub metr müvafiq qaimə əsasında beton vermişdir. “xxxxxxxxx” MMC ilə “xxxxxxxxxxxxxxxxxxxx” ASC arasında tikinti işləri üzrə müqavilə bağladıqdan sonra o, müvafiq əmr əsasında iş icraçısı kimi həmin tikintini aparmağı şirkətin əməkdaşı X3 həvalə etsədə, sonradan “xxxxxxxxx” MMC-nin həmin tikinti özünün həyata keçirdiyinə əmin olduqdan xx.xx.2020-ci il tarixdə müvafiq əmr əsasında həmin şirkətlə aralarında bağlanmış müqaviləni sifarişçi tərəfindən maliyyələşdirilməməsi və layihə-smeta sənədlərinin təqdim edilməməsi səbəbindən ləğv etmişdir. Lakin “xxxxxxxxx” MMC-nin hüquqi şəxs olaraq yerləşdiyi ünvanı bilmədiyindən bu barədə həmin şirkətə rəsmi məktub göndərə bilməmişdir. Bundan başqa həmin şirkətlə aralarında bağlanmış müqaviləyə görüləcək işlər barədə qiymətlərin razılaşma protokolu da tərtib edilərək əlavə edilməmişdir. “xxxxxxxxx” MMC-nin tikintinin onun tərəfindən həyata keçirmək istəməməsi qənaətinə gələrək müqaviləyə birtərəfli xitam vermişdir. Qədirlə olan danışığına əsasən tikilinin betonlama işlərini aparması üçün ilkin danışığa əsasən ona təxminən 100 kub metr betonun 1 kub metrini 90 manatda razılaşaraq sifariş etdiyini və xx xxxx 2020-ci il tarixdə saat 10-dan etibarən tikinti aparılan yerə betonun çatdırılmasını demişdir. Oda Qədirlə razılaşdıqdan sonra ona xx xxxx 2020-ci il tarixdə səhər saatlarından etibarən sifariş etdiyi betonu göndərəcəyini bildirmişdir. Şəxsi mülkiyyətində olan beton pompasını sürücüsü və operator kimi Təqsirləndirilən şəxs etibarnamə əsasında verib və betonun hər kub metrinə 1 manat məbləğində faizə işləməsi, beton pompasının istismara yararlılığı, eləcə də təhlükəsizliyinə həmin sürücü tərəfindən cavabdehlik daşıması barədə razılaşmışlar. xx xxxx 2020-ci il tarixdə saat 09:30 radələrində İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən notariat kontorunda mülkiyyətində olan “X21 2631” yük markalı, **-MZ-*** dövlət nömrə nişanlı beton pompasını 5 il 5 ay 14 gün müddətinə idarə etmək üçün Təqsirləndirilən şəxs etibarnamə əsasında vermişdir. Həmin etibarnaməni notariusdan aldıqdan sonra Rövşənin özünə təqdim edib onu həmin gün Qəbələ rayonu, Daşlıca kəndi ərazisində “xxxxxxxxx MMC” tərəfindən aparılan tikinti yerinə göndərmişdi. Həmin gün o, tikinti yerinə özü getməmiş və gün ərzində də Qədir və ya digər şəxslərlə əlaqə saxlamamışdır. Qədir ona 100 kub metr beton sifarişi versə də, gün ərzində ehtiyac olduğundan təxminən 150 kub metr beton verilmişdir. Həmin betonlar zavoddan müvafiq qaimə əsasında verilib və hər beton daşıyan maşın üçün tərtib edilmiş həmin qaimələrin bir nüsxəsi beton zavodunda, bir nüsxəsi isə sifarişçidə qalmışdır. Axşam saat 20 radələrində beton daşıyan maşının sürücülərindən biri Bayram adlı işçisi ona zəng vuraraq bildirmişdir ki, beton pompasının borusu ərazidə çalışan işçilərdən birinin üzərinə aşmış və xəsarət almışdır. Həmin işçini təcili tibbi yardım maşını ilə xəstəxanaya aparmışlar. Qədirə zəng vurub hadisə barədə məlumatı olubolmamasını soruşduqda, Qədirdə xəbərinin olduğunu və xəstəxanaya getdiyini bildirmişdi. Səhər saatlarında Qədirə yenidən zəng vurduqda xəsarət almış işçinin gecə xəstəxanada vəfat etdiyini bilmişdir. Məhkəmə iclasında şahid X11 ifadəsində göstərmişdir ki, Şahid3 Məhiyəddin oğlunu əvvəldən bir həmkəndli kimi tanımış, təxminən 3 həftə əvvəl həmkəndlisi Sərvər ona Qəbələ rayonu, Daşlıca kəndi ərazisində anbar binası tikintisi başlanacağını bir necə nəfər həmkəndliləri olan usta və fəhlələrində orada işləyəcəkləri barədə təklifini qəbul edib orada işləməyə razılıq vermişdir. Həmin tikintidə Sərvər, özüdə fəhlə kimi işləməklə yanaşı briqadirlik etmişdi. Həmin ərazidə qazıntı və betonlama işlərini aparılmaqdan ötəri həmin binanın bünövrəsini qoymaq üçün qazıntı işlərini aparılmışdır. Bundan sonra betonlama işlərinə başladıqda o, həmkəndli və qohumları olan 6 nəfər şəxslə birlikdə bu işi görməyə başlamışlar. Həmin şəxslər Qəbələ rayonu, Qəmərvan kənd sakinləri Millət, Lütfi, iki Nemət, İlkin, Sərvər və Əhməd olmuşlar. Təxminən 1 həftə onlar yuxarıda adlarını qeyd olunan şəxslərlə betonlama işlərini görmüşlər. Onların Sərvərlə şifahi razılaşmasına əsasən, orada yalnız betonlama işlərini görməli idirlər. Betonlamadan sonrakı işləri yəni hörgü və digər işlərin kimin gördürəcəyindən məlumatı olmamışdır. Aralarında olan şifahi razılaşmaya əsasən, işin xüsusiyyətlərinə görə hər kvadrat metrinə 5-10 manat pul almalı idilər. Tikintinin layihəsinə əsasən, həmin yerə təxminən 156 kub metr beton tökülməli idi. Onlar orada əsas işi qəlib düzəltdikdən sonra xüsusi avadanlıq vasitəsilə betonun kipləşdirilərək havasının çıxardılması və betonlama işləri idi. Beton “xxxxxxxxxxxxxxxxxxxx” ASC-nin rəhbəri Azad adlı şəxsə məxsus beton zavodundan beton pompaları vasitəsilə gətirilirdi. xx xxxx 2020-ci il tarixdə səhər saat 11-12 radələrindən etibarən 26 beton maşını əraziyə gəlmiş və onlar betonlama işlərini aparmışlar. Hadisə saat 19:40 radələrində baş vermişdir. Belə ki, onlar 25-ci beton maşınında olan betonu pompa vasitəsilə kipləşdirən zaman mərhum Zərərçəkmiş şəxs onun yanında olmuşdur. Orada həmçinin adları çəkilən digər işçilər işləmişlər. Beton pompası əvvəlcə tikilinin sol tərəfində, daha sonra qabaq hissəsində, ən axırda isə tikilinin sağ tərəfində yerləşdirilmiş, tikilinin sol və qabaq hissələri betonlandıqdan sonra saat 17 radələrində beton pompası tikilinin sağ tərəfində yerləşdirilmişdi. Belə ki, pompanın qabağı hasara tərəf, arxası isə asfalt yola tərəf tikiliyə paralel dayanmışdı. Pompanın sol tərəfində olan ayaqları nisbətən uzun açılmış, sağ tərəfdəki ayaqlar isə qazılmış xəndəyə görə qısa açılmışdı. Saat 19:30 radələrində onlar tikilinin arxa hissəsində betonlama işlərini aparmışlar. Belə ki, növbəli şəkildə o, mərhum Əhməd və digər işçilər pompanın borusunu tutaraq beton vurmuşlar. Bəzisi isə növbə ilə vibrasiya qurğusu ilə betonu vibrasiya etmişlər. Pompanın açılan borusunun ümumi uzunluğu 36 metr, onların beton vurduğları yerdə boru təxminən 30 metr açılmışdı. Əhməd borunu tutub beton vuran zaman anidən işlək vəziyyətdə olan boru onun kürək nahiyəsindən üstünə gələrək onu yerə yıxmış və boru onun üstünə düşmüşdü. Onlar dərhal Əhmədi borunun altından çıxartmışlar. Bundan sonra, təcili tibbi yardıma zəng vurub hadisə yerinə çağırmışlar. Həmin vaxt baxanda görmüşdür ki, beton pompası bərkidildiyi yerdən sağ tərəfi üstünə qazılmış xəndəyə aşmışdır. Belə ki, həmin beton pompasının sağ qabaq dayağı torpaq örtüyün aşması nəticəsində bərkidildiyi yerdən çıxmış və nəticədə pompa aşmışdır. Hadisə yerinə gələn təcili tibbi yardım maşını Əhmədi X7 Mərkəzinə apararkən, oda onunla birlikdə xəstəxanaya getmişdi. Sərvərdə də özünə məxsus avtomobillə xəstəxanaya gəlmişdir. Xəstəxanada Əhmədi əməliyyat etdilər. Əhmədin vəziyyəti nisbətən yaxşı olmuş və hətta əməliyyatdan əvvəl onlarla danışmışdı. Gecə saat 01 radələrinə qədər xəstəxanada qalmış və sonra evə getmişdir, səhərə yaxın Əhməd xəstəxanada vəfat etdiyini bilmişdir. Məhkəmə iclasında şahidlər Şahid4, X12, X4 və Şahid8 şahid X5 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişlər. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 10/1669 saylı rəyindən görünür ki, “X20 2631” yük markalı beton nasosunun sahibkarı Şahid2 (birinci tərəf) ilə sürücü Təqsirləndirilən şəxs (ikinci tərəf) arasında xx xxxx 2020ci il tarixində bağlanılmış müqavilənin «İkinci tərəfin öhdəlikləri» adlı başlığının «a», «b», «d» bəndlərinin və «Beton nasosunun istismar təlimatı»nın 6, 7 bəndlərinin tələbləri pozulmuşdur.Həmin tələblərin pozulması hadisənin səbəbləri olmuşdur. Belə ki, hadisə zamanı, “X20 2631” markalı beton nasos tikinti sahəsində, torpaq örtüklü yerdə təhlükəsiz qaydada (yəni yana yatmasına qarşı dayanıqlı) vəziyyətdə yerləşdirilməmiş, işin gedişatı zamanı da avtomaşının tarazlığı vaxtaşırı yoxlanılmamışdır. Göstərilən pozulmaların və əsasən də, torpağın tərkibindən və sıxlığından asılı olaraq, avtomaşının pəncəsinin xəndəyin aşırımından təhlükəsiz məsafədə quraşdırılmaması nəticəsində, işin gedişatı zamanı yaranan dəyişkən yüklənmələrin (o cümlədən betonun vurulması zamanı açılmış xortumun monoton titrəyişinin) təsirindən pəncələrdən birinin altında torpağın xəndəyə tərəf sürüşüb uçulması və bu səbəbdən də avtomaşının yana yatması nəticəsində hadisə baş vermişdir. “X20 2631” yük markalı beton nasosunun sahibkarı Şahid2 (birinci tərəf) ilə sürücü Təqsirləndirilən şəxs (ikinci tərəf) arasında xx xxxx 2020-ci İl tarixində bağlanılmış müqavilənin «ikinci tərəfin öhdəlikləri» adlı başlığının «a», «b», «d» bəndlərinin və «Beton nasosunun istismar təlimatı»nın 6,7 bəndlərinin tələbləri, beton nasosunu işə salmadan öncə iş şəraiti ilə yaxından tanış olub istismarı zamanı avtomaşının təhlükəsiz idarə edilməsini, beton nasos işləyən zaman onun təhlükəsiz işləməsinə vaxtlı-vaxtında nəzarət edilməsini və beton nasosun istismar olunması təlimatı ilə tanış olmaqla həmin təlimata əsasən təhlükəsizlik qaydalarına riayət edilməsi vəzifələrini üzərinə götürmüş sürücü operator Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 10/1991 saylı rəyindən görünür ki, xx xxxxxx 1999-cu ildə qəbul edilmiş Azərbaycan Respublikasının Texniki təhlükəsizlik haqqında qanununda, xüsusən də Azərbaycan Respublikasının Əmək məcəlləsində-tikinti maşınlarının (məsələn, betonnasosun və s.-in) təhlükəsiz istismarını bildirən, o cümlədən onların quraşdırılmasını, idarə olunmasını və icra olunan işlərin düzgün və təhlükəsiz ardıcıllığını bildirən müddəalar nəzərdə tutulmamışdır. Həmin müddəalar, müxtəlif istehsalat prosesləri, iş növləri və işçi peşələri üçün işlənib hazırlanmış qayda və onlardan irəli gələn təlimatlarda öz əksini tapmalıdır. Göstərilən hallar xx.xx.1985-ci il tarixdə təstiq edilmiş «Təlimatların işlənib hazırlanması haqda əsasnamə»nin müvafiq olaraq 1.1, 1,2, 1.5 və 1.7 bəndlərinin tələbləri ilə tənzimlənir (həmin bəndlərin mətnləri rəyin tədqiqat hissəsində göstərilmişdir). İlkin rəy verildikdə məhz həmin müddəalar əsas götürülməklə, 10.10,2019-cu il tarixində “X20 2631” yük markalı beton nasosunun sahibkarı Şahid2 tərəfindən təstiq edilmiş - «Beton nasosunun istismar təlimatı»na və sürücü operatorun («ikinci tərəf» kimi) vəzifələri bildirilmiş - “X20 2631” yük markalı beton nasosunun sahibkarı Şahid2 ilə sürücü operator Təqsirləndirilən şəxs arasında xx xxxx 2020-ci il tarixdə bağlanılmış müqaviləyə istinad edilmişdir. Hadisə zamanı Zərərçəkmiş şəxs qoruyucu vasitələrin, o cümlədən qoruyucu dəbilqənin verilməməsi «Qoruyucu vasitələrin, xüsusi ayaqqabının, xüsusi geyimin verilməsi, saxlanılması və istifadəsi qaydaları haqda təlimat»ın 3 bəndinin tələbinə zidd olmuşdur. Lakin həmin tələbin pozulması hadisə zamanı beton işlərini görən fəhlə Zərərçəkmiş şəxs xəsarət alaraq ölməsi ilə səbəbli əlaqəsi olmamışdır. Baş vermiş hadisə ilə əlaqədar: “X20 2631” yük markalı beton nasosunun sahibkarı Şahid2 (birinci tərəf) ilə sürücü Təqsirləndirilən şəxs (ikinci tərəf) arasında xx xxxx 2020-ci il tarixində bağlanılmış müqavilənin «ikinci tərəfin öhdəlikləri» adlı başlığının «a», «b», «d» bəndlərinin və «Beton nasosunun istismar təlimatı»nın 6, 7 bəndlərinin tələbləri pozulmuşdur. Həmin tələblərin pozulması hadisənin səbəbləri olmuşdur. Belə ki, hadisə zamanı, “X20 2631” markalı beton nasosu tikinti sahəsində, torpaq örtüklü yerdə təhlükəsiz qaydada (yəni yana yatmasına qarşı dayanıqlı) vəziyyətdə yerləşdirilməmiş, işin gedişatı zamanı da avtomaşının tarazlığı vaxtaşırı yoxlanılmamışdır. Göstərilən pozulmaların və əsasən də, torpağın tərkibindən və sıxlığından asılı olaraq, avtomaşının pəncəsinin xəndəyin aşırımından təhlükəsiz məsafədə quraşdırılmaması nəticəsində, işin gedişatı zamanı yaranan dəyişkən yüklənmələrin (o cümlədən betonun vurulması zamanı açılmış xortumun monoton titrəyişinin) təsirindən pəncələrdən birinin altında torpağın xəndəyə tərəf sürüşüb uçulması və bu səbəbdən də avtomaşının yana yatması nəticəsində hadisə baş vermişdir.“X20 2631 yük markalı beton nasosunun sahibkarı Şahid2 (birinci tərəf) və sürücü Təqsirləndirilən şəxs (ikinci tərəf) arasında xx xxxx 2020-ci il tarixindən bağlanmış müqavilənin “ikinci tərəfin öhdəlikləri” adlı başlığının “a”,“b”,”d” bəndlərinin, “beton nasosunun istismar təlimatı”nın 6, 7 bəndlərinin tələbləri, beton nasosunu işə salmadan öncə iş şəraiti ilə yaxından tanış olub istismarı zamanı avtomaşının təhlükəsiz idarə edilməsini, beton nasos işləyən zaman onun təhlükəsiz işləməsinə vaxtlı-vaxtıda nəzarət edilməsini və beton nasosun istismar olunması təlimatı ilə tanış olmaqla həmin təlimata əsasən təhlükəsizlik qaydalarına riayət edilməsi vəzifələrini üzərinə götürmüş sürücü operator Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Aparılmış tədqiqatlara və müəyyən edilmiş faktiki hallara əsaslanaraq nəticəyə gəlmək olar ki, «xxxxxxxxxxxxxxxxxxxx» ASC və «xxxxxxxxx» MMC-nin vəzifəli şəxsləri tərəfindən, hadisənin baş verməsi ilə əlaqədarlıq təşkil edən, tikinti işlərinin təhlükəsiz aparılmasına dair əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə normativ aktların tələblərinin pozulması müəyyən edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 X22 xx xxxx 2020-ci il tarixli 02 saylı rəyindən görünür ki, X1 meyitində daxili qanaxma, qara ciyərin cırılması, sağ böyrək ətrafı toxuma və bağirsaqların müsariqəsinə qansızma, başın təpə nahiyəsinə yumşaq toxumaya qansızma, alt çənənin əzilmiş-cırılmış yarası, hər iki gözaltı nahiyyəyə qansızma, başın sol təpə-alın nahiyyəsinin, alın sol qaşüstü hissəsinin, üzün sol tərəfinin, sol ağız bucağı nahiyyəsinin, burunun sol tərəfinin, burun uc hissəsinin, sol bazu oynağının ön səthinin, sol bazu ön yuxarı və orta 1/3-nin, döş qəfəsinin sol aşağı nahiyyəsinin, qarının ön sağ tərəfinin, sol budun ön aşağı ic səthinin, sol baldırın ön orta 1/3-nin, sağ baldırın ön orta 1/3-nin sıyrıqları kimi xəsarətləri vardır. Həmin xəsarətlər küt alətin (əşyanın) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə yəni xx.xx.2020-ci ildə törənə bilər və canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aiddir. X1 ölümünə səbəb qara ciyərin cırılması nəticəsində baş verən kəsgin daxili qanaxma olmuşdur. Onun ölümü tibbi sənədlərində göstərilən vaxtda, yəni xx xxxx 2020-ci ildə saat 02-30- da baş verməsinə uyğun gəlir. Onun ölümü qərarda göstərilən tarixdə və şəraitdə baş verə bilər. Mərhumn meyitindən götürülmüş qanda və sidikdə məkəmə-tibbi kimya tədqiqatları nəticəsində spirtli içki, narkotik, psixotrop və güclü təsir edici maddələr aşkar edilməmişdr. İşdə olan Azərbaycan Respublikası Baş Prokurorluğun Kriminalistika və İnformasiya texnologiyaları idarəsinin xx xxxx 2020-ci il tarixli 14/1-85ia saylı məktubundan görünür ki, DİNnin “Vahid məlumat axtarış sistemindən” götürülmüş məhkumluq barədə ilkin əməliyyat məlumatlarına əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan A 602925D nömrəli texniki pasportda və xx.xx.2020-ci il taixli etibarnamədə təsdiq olunduğu kimi “X20 2631 yük markalı beton nasos quraşdırılmış avtomaşın icarə müqaviləsi üzrə birinci tərəfə Şahid2 məxsusdur və etibarnamə əsasında idarə etmək üçün sürücü-operator Təqsirləndirilən şəxs etibar edilmişdir. İşdə olan “xxxxxxxxxxxxxxxxxxxx” ASC-nin sədri Şahid2 tərəfindən imzalanmış xx.xx.2020ci il tarixli 14 nömrəli Əmrin Çıxarışından görünür ki, Təqsirləndirilən şəxs əmək müqaviləsinə əsasən eperator pompa vəzifəsinə işə qəbul edilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə həmin tikinti obyektində yenidənqurmanın aparılması zamanı işlərin və sair tikinti işlərinin aparılmasının təhlükəsizliyi qaydalarını insanların həyat və sağlamlığı üçün real təhlükə yaratmaqla, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayətin törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 222.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi əməli etiraf edib səmimi peşimançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsin hüququ varisi ilə barışıq əldə etməsini, ona qarşı heç bir şikayət və tələbinin olmamasını, yaşadığı yer üzrə müsbət xarakterizə olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 222.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Qəbələ rayon prokurorluğunda saxlanılan iş üzrə maddi sübut bir ədəd şalvar və bir ədəd köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 270 (iki yüz yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia olmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəl-lə-si-nin 222.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətə “operator pompa” vəzifə tutma hüququndan məhrum edilməklə, 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıq-dan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssi-sə-sində çəksin. Cəza çəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Qəbələ rayon prokurorluğunda saxlanılan iş üzrə maddi sübut bir ədəd şalvar və bir ədəd köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 270 (iki yüz yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar