Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-33/2022 19.10.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X4 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1986-cı il tarixdə Ağdaş rayonu Qolqəti kəndində anadan olmuş, subay, orta təhsilli, işsiz, Ağdaş rayonu Qolqəti kəndində qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Rusiya Federasiyasından qanuni yolla çıxa bilmədiyindən Azərbaycan Respublikasına qanunsuz gəlmək məqsədi ilə 24 yanvar 2022-ci il tarixdə saat 22 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Qəbələ rayonunda yerləşən 4-cü sərhəd zastavasının xidməti sahəsindən Rusiya Federasiyasından Azərbaycan Respublikasına keçmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsəməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə baxışı iclasında ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, 1986-cı il tarixdə Ağdaş rayonunda anadan olmuş, 1994-cü il tarixdə ailəsi ilə birlikdə Rusiya FederasiyasıNijni Novqorod şəhərinə köçmüş və həmin tarixdəndə həmin şəhərdə yaşamışdır. Rusiyada yaşadığı müddət ərzində özünə şəxsiyyətini təsdiq edən sənəd almamışdır. Yalnız doğum haqqında şəhadətnaməsi olmuşdur. Azərbaycan Respublikası vətəndaşının pasportunu almaq üçün bir neçə dəfə rəsmi qaydada Azərbaycan Respublikasının Moskva şəhərində yerləşən səfirliyinə müraciət etmiş, lakin pasport ala bilməmişdir. Subaydır və heç yerdə işləmir. Onun atası Mabud Qasımov uzun müddətdir onkoloji xəstədir və Ağdaş rayonunda yaşayır. 2022-ci ilin yanvar ayında atası ilə mobil telefonla danışarkən vəziyyətinin pis olduğunu və baxımsız qaldığını bildirmişdir. O da tezliklə Azərbaycana gələcəyini bildirmişdir. Pasportu olmadığından qərara gəlmişdir ki, Azərbaycana qanunsuz olaraq keçsin. Bunun üçün də mobil telefonda “Google Map” proqramına baxaraq uyğun yer axtarmağa başlamışdır. Həm Ağdaşa yaxın olmasını, həm də rahat olmasını istəmişdir. 24 yanvar 2022-ci il tarixdə günorta radələrində Rusiya Federasiyası Dağıstan Respublikası ərazisinə getmişdir. Xəritəyə baxaraq yer müəyyən etmiş və 24 yanvar 2022-ci il tarixdə saat 22 radələrində dövlət sərhədini Rusiyadan Azərbaycana Böyük Qafqaz sıra dağlarının ətəkləri ilə keçərək Qəbələ rayonunun Qəmərvan kəndinə gəlmiş, həmin kənddən də taksi ilə Qəbələ rayonuna getmiş və Qəbələ rayonundan da taksi ilə Ağdaş rayonuna gəlmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən çox peşiman olduğunu bildirdi və himayəsində onkoloji xəstə olan yaşlı atasının olmasını, atasına ondan başqa baxa biləcək heç kimin olmamasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o, 1961-ci il tarixdə Ağdaş rayonu Qolqəti kəndində anadan olmuşdur. Orta təhsilini Qolqəti kənd orta məktəbində almış və hazırda təqaüddədir. Eyni zamanda onkoloji xəstədir və mütəmadi həkim nəzarətində müalicə alır. Qardaşı İ Qarabağ müharibəsində şəhid olmuş və bu hadisədən sonra Azərbaycanda iş tapa bilmədiyindən Rusiya Federasiyasına getmişdir. Bir müddət sonra ailəsini də oraya aparmış, lakin sonradan Azərbaycana geri qayıtmışdır. Oğlu Rüfət isə Rusiyada qalaraq orada işləmişdir. Həyat yoldaşı öldükdən sonra tək qalmış və onkoli xəstə olduğundan baxıma ehtiyacı olmuşdur. Belə olub oğlu Təqsirləndirilən şəxs baxıma ehtiyacı olduğunu bildirmişdir. Rüfətin isə şəxsiyyət vəsiqəsi olmadığından və bu barədə dəfələrlə müraciəti cavabsız qaldığından dövlət sərhədlərini pozaraq Azərbaycana gəlmişdir. Məhkəmə təqsirləndirilən şəxsi və şahidi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi, şahidin ifadəsi və aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan 11 avqust 2022-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs dövlət sərhədini Rusiya Federasiyasından Azərbaycan Respublikası istiqamətində qanunsuz keçdiyi ərazi N nömrəli hərbi hissənin 4-cü sərhəd zastavasının 11-ci sahəsidir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan DSX-nin ƏABİ-nin sənədindən görünür ki, Təqsirləndirilən şəxs dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumatı olmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunan DSX-nin ƏABİ-nin sənədindən görünür ki, Təqsirləndirilən şəxs dövlət sərhədini qanunsuz olaraq keçməsi, qaçaqmalçılıqla məşğul olması və digər hüquqazidd hərəkətləri barədə məlumatlar mövcud deyil. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasından daxil olan məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxana müalicədə olmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Ağdaş RPŞ-dən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində polis şöbəsində təqsirləndirici və nüfuzdansalıcı məlumatlar yoxdur. İşdə olan DSMF-nin Mingəçevir Şəhər şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 040168 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs atası Şahid xx.xx.2020ci il tarixdən müddətsiz İİ qrup əlildir. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur və ona qanunla müəyyən edilmiş qaydada həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində onkoloji, yaşlı atasının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməllərində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, cəza məsələsini müzakirə edən məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməklə onun şəxsiyyətini, səmimi peşimançılıq keçirməsini, onkoloji xəstə atasına baxmaqla ailənin yeganə qazanc gətirən şəxsi olmaqla onun ailə vəziyyətini, onun cəzasını yüngülləşdirən halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə cəza təyin edilməsini ədalətli, məqsədə uyğun və onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olunması baxımından yetərli hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan əsas cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Qəbələ rayon vəkil bürosunun vəkili X2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Qəbələ rayon Vəkil Bürosunun vəkili X3 Təqsirləndirilən şəxs məhkəmə baxışı dövründə hüquqlarını 10 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil X2 60 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2000 (iki min) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil X2 60 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən 20 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №1(025)-33/2022
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-33/2022
19.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver