Məhkəmə qərarları › İş №1(025)-34/2023

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-34/2023

01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-34/2023 01.11.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Qəbələ rayonu, Bum qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Bum qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayında istintaqa dəqiq məlum olmayan tarixdən başlayaraq yaşadığı Qəbələ rayonunun Bum qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində yarımtikili evin, eləcə də tərəvəzin içərisində və ətrafında 12 (on iki) ədəd olmaqla tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini toxumlarından istifadə etməklə qanunsuz olaraq əkib aqro texniki qaydada qulluq edərək yetişdirib xeyli miqdarda kultivasiya etmiş və bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında 16 iyul 2023-cü il tarixdə saat 15:10 radələrində Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən onun öz razılığı ilə yaşadığı yuxarıda qeyd olunan fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman həmin qanunsuz olaraq xeyli miqdarda kultivasiya etdiyi uzunluqları 53 sm, 60 sm, 92 sm, 174 sm, 176 sm, 186 sm, 223 sm, 231 sm, 243 sm və 280 sm ölçülərdə yaş vəziyyətdə ümumilikdə təmiz çəkiləri 18 kq 665,0 qram olmuş, 10 (on) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri, eləcə də uzunluqları 05 sm və 15 sm ölçülərdə yaş vəziyyətdə ümumilikdə təmiz çəkiləri 1,95 qram olmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin şitilləri kultivasiya edildiyi yerdən aşkarlanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Qəbələ rayonunun Bum qəsəbəsində yaşayır və orada pasport qeydiyyatındadır. 10 ilə yaxın müddətdir ki, narkotik vasitə olan marixuana istifadə edir. Narkotik vasitə olan marixuananı yabanı halda bitmiş çətənə kollarının toxumlarını əldə edərək əkmişdir. Belə ki, həmin toxumları 2022-ci ilin yay aylarında Qəbələ rayonunun Nic qəsəbəsi ərazisində Oğuz rayonu istiqamətinə gedəndə yolun sol tərəfində boş sahəlikdə yabanı halda bitmiş narkotik vasitə olan çətənə kollarından yığmışdır. 2023-cü ilin mart ayında həmin toxumları həyətindəki yarımtikili olan evin içərsində, həmçinin həyətyanı sahəsində olan tərəvəzin içərsində əkmiş ki, onlara xüsusi olaraq aqrotexniki qaydada qulluq edib böyütdükdən sonra yarpaqlarını qurudub istifadə etsin. Narkotik vasitə olan çətənə bitkilərinin toxumlarını əkdikdən sonra onların diblərini yumşaldıb suyunu vaxtı-vaxtında verirmiş ki, yaxşı inkişaf etsinlər. xx.xx.2023-cü il tarixdə saat 14 radələri olarmış yaşadığı Qəbələ rayonunun Bum qəsəbəsində həyətinin giriş qapısından yol tərəfdə olarkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək, onun qanunsuz olaraq həyətində narkotik tərkibli çətənə kollarını əkib-becərməklə məşğul olmağında şübhəli olduğunu bildirərək saxlamışlar. Polis əməkdaşlarına törətmiş olduğu cinayət hadisəsini etiraf edərək qanunsuz olaraq yaşadığı evin həyətyanı sahəsində narkotik vasitə olan marixuana əkib becərdiyini bildirərərk öz könüllü razılığı ilə həyətinə baxış keçirilməsi barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra hüquqlarının müdafiəsi üçün müdafiəçi və eyni zamanda aqranom dəvət edilərək hüquq və vəzifələri izah olunmaqla şübhəli şəxs qismində tutulmuşdur. Sonra həmin tarixdə öz könüllü razılığı ilə müdafiəçi Firidun Osmanovun, aqranom Elmdar Şəfiyevin və polis əməkdaşlarının birgə iştirakı ilə yaşadığı ünvana baxış keçirilmişdir. Baxış zamanı ilk olaraq giriş qapısından həyətə daxil olanda sol tərəfdə yerləşən mişar daşından yeni inşa etdirdiyi natamam şəkildə olan yaşayış evinin sağ tərəfindəki kürsünün içərsində əkdiyi narkotik vasitə olan 4 ədəd müxtəlif uzunluqlarda çətənə kolları, bundan əlavə həmin yarımtikili evin sağ tərəfində yerləşən tərəvəzin içərsində əkdiyi narakotik vasitə olan 06 ədəd müxtəlif uzunluqlarda çətənə kolları və 02 ədəd isə çətənə kollarının şitilləri polis əmnəkdaşları tərəfindən aşkarlanmışdır. Həmin narkotik vasitə olan çətənə bitkiləri və onların şitilləri polis əməkdaşları tərəfindən metirə ilə ölçülərək qablaşdırılmış, sonra özü və baxışda iştirak edən şəxslər tərəfindən imzalanaraq götürtülmüşdür. Yaşadığı evə baxış zamanı hər hansı bir narkotik vasitə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri, ekspert rəyləri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Qəbələ rayonunun Bum qəsəbəsi ərazisində yaşadığı evin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri əkib becərməsi ilə bağlı rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs 16 iyul 2023-cü il tarixdə Bum qəsəbəsi ərazisində yaşadığı evin yaxınlığında yol tərəfdə saxlanılıb ona özlərini təqdim edərək onun yaşadığı evin həyətyanı sahəsində tərkibində narkotik vasitə olan çətənə (kannabis) bitkiləri əkib becərdiyi üçün şübhəli olduğu bildirərkən Təqsirləndirilən şəxs bunu etiraf edərək həqiqətəndə yaşadığı evin həyətyanı sahəsində narkotik vasitə olan çətənə (kannabis) bitkiləri əkib becərdiyini bildirmişdir. Bundan sonra oraya müdafiəçi Firidun Osmanov, eləcə də aqranom Elimdar Şərifov dəvət olunmuşdur. Həmin tarixdə təhqiqatçı polis kapitanı Cavidan Əhmədli tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub müdafiəçisi Firidun Osmanov ilə birlikdə hüquq və vəzifələri izah edilməklə onun öz razılığı ilə həyətyanı sahəsinə baxış keçirilmiş və o da həmin baxışda iştirak etmişdir. Baxış zamanı ilk olaraq giriş qapısından həyətə daxil olanda sol istiqamətdə yerləşən mişar daşından yeni inşa edilən natamam formada olan yaşayış evinin sağ tərəfindəki otağında əkdiyi narkotik vasitə olan 4 ədəd müxtəlif uzunluqlarda çətənə kolları, bundan əlavə həmin yarımtikili evin sağ tərəfində yerləşən tərəvəzin içərsində əkdiyi narakotik vasitə olan 6 ədəd müxtəlif uzunluqlarda çətənə kolları və 02 ədəd isə müxtəlif uzunluqlarda çətənə kollarının şitillərini əkdiyi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan çətənə (kannabis) bitkilərini özü istifadə etmək məqsədi ilə 2023-cü ilin mart ayında əkdiyini və xüsusi qaydada qulluq edərək yetişdirdiyini bildirmişdir. Həmin narkotik vasitə olan çətənə bitkiləri təhqiqatçı Cavidan Əhmədli tərəfindən ölçülməklə maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürütərək qablaşdırılmış, sonra Təqsirləndirilən şəxs, müdafiəçisi Firidun Osmanov, aqranom Elimdar Şərifov, o, və baxışda iştirak edən digər polis əməkdaşları tərəfindən imzalanmışdır. Baxış zamanı baxış qeyd etdiyi ardıcıllıqla əks etdirən video və fotoşəkillər çəkilmiş bundan sonra baxış başa çatmışdır. Təqsirləndirilən şəxs yaşadığı həyətyanı sahəyə baxış zamanı polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir formada fiziki zor tətbiq edilməmiş, eyni zamanda ona məxsus yaşayış evinə baxış zamanı oradan heç bir narkotik vasitə aşkar edilməmişdir. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əridir və birlikdə yaşayırlar. Təqsirləndirilən şəxs ilə 2004-cü il tarixdə ailə qurmuş və birgə ailəliklərindən Aysu Eyyubova və Sənan Eyyubov adlı iki övladları var. Əri Elnur ilə ailə qurandan bu vaxta kimi Qəbələ rayonunun Bum qəsəbəsində bir evdə yaşayırlar.Təxminən 5 ilə yaxın müddətdir ki, əri Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuanadan istifadə etdiyini bilir. 2023-cü ilin iyun ayının əvəllərində tam günü və tarixi yadına gəlmir həyətlərində əkilmiş tərəvəzin içərsində tərəvəz yığdığı zaman tərəvəzin içərsində müxtəlif uzunluqlarda bir neçə ədəd yaş formada gəndalaş bitkisinə oxşayan birki növlərini görüb əri Elnurdan həmin bitkilərin nə bitkisi olduğunu soruşarkən Elnur ona “sənlik deyil öz işinlə məşğul ol” sözlərini deyərək bu barədə ona heç bir söz deməmişdir. Bu məsələdən bir neçə gün keçdikdən sonra xx.xx.2023-cü il tarixdə saat 14 radələrində işlədiyi Qəbələ rayonunun Bum qəsəbəsindəki çörəkbişirmə zavodundan evlərinə gələrəkən yaşadığı evin həyətinin giriş qapısından yol tərəfdə bir neçə polis avtomobilinin dayandığını, həyətə daxil olanda əri Təqsirləndirilən şəxs ilə birlikdə bir neçə polis geyimində polis əməkdaşlarının həyətlərində olduqlarını görmüşdür. Bundan sonra ona məlum olmuş ki, əri Elnur yaşadıqları evin həyətyanı sahəsində narkotik vasitə olan marixuana əkib becərdiyinə görə Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış və onun iştirakı ilə birlikdə polis əməkdaşları həyətlərinə baxış keçirirlər. Bu məsələdən sonra ona tam aydın olmuş ki, həyətlərində olan tərəvəzin içərsindəki əri Elnurdan soruşduğu bitkilər çətənə bitkiləri olmuş və həmin çətənə bitkiləri əri Elnur tərəfindən öz istifadəsi üçün əkilmişdir. Bundan başqa həyətlərində mişar daşından inşa edilmiş yarım tikili evin içərsində polis əməkdaşları tərəfindən çətənə bitkiləri aşkar edilmiş ki, həmin çətənə bitkiləri əri Elnur tərəfindən əkilmişdir. Həmin yarım tikili evin içərsi kol-kos basdığı üçün orya girmək çətin olduğundan bilməmiş ki, Elnur oradada çətənə bitkiləri əkibdir. Əri Elnurun orada çətənə bitkiləri əkməsindən polis əməkdaşları tərəfindən həyətlərinə baxış keçirib oradan çətənə bitkiləri aşkar etdiyi vaxtı məlumatlı olmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 17 iyul 2023-cü il tarixli, 17/544 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda ”1/imza/ Təqsirləndirilən şəxs, 3/imza/ E.Şərifov, 4/imza/ Şahid3, 5 /İmza/ Şahid2 yazısı, adlar və imzalar olan 01 (bir) ədəd göy rəngli böyük polietilen bağlamanın içərsindəki: 10 (on) ədəd uzunluqları 53 sm-dən 280 sm-dək yaş vəziyyətdə ümumi təmiz çəkiləri-18 kq 665.0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir; 02 (iki) ədəd uzunluqları 05 sm və 15 sm yaş vəziyyətdə ümumi təmiz çəkiləri 1,95 qram olan bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləridir. X1 tərəfindən verilmiş 16 iyul 2023-cü il tarixli rəyə əsasən təqdim edilmiş çətənə (kannabis) bitkilərinə və çətənə (kannabis) bitkisinin şitillərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri X3 X4 Ekspert Komissiyasının 12 sentyabr 2023-cü il tarixli, 1518 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən, Abşeron Rayon Məhkəməsinin 16 oktyabr 2017-ci il tarixli 1(012)-357/2017 nömrəli hökmün surətindən və Şəki Rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli 7(075)-151/2019 nömrəli qərarın surətindən görünür ki, Eyyubov X5 Rayon Məhkəməsinin 16 oktyabr 2017-ci il tarixli 1(012)-357/2017 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4 və 187.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 185.2.4-cü maddəsi ilə 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 187.1-ci maddəsi ilə 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Şəki Rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli 7(075)-151/2019 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməli ilə bağlı talama məqsədi olmadan avtomobili qanunsuz ələ keçirməklə zərərçəkmiş şəxsə vurulmuş ziyanla əlaqədar hökmdə yer alan “xeyli miqdar” ifadəsi Abşeron Rayon Məhkəməsinin 16 oktyabr 2017-ci il tarixli hökmdən xaric edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Abşeron Rayon Məhkəməsinin 16 oktyabr 2017-ci tarixli hökmü üzrə onun əməli CM-nin 185.2.4-cü maddəsindən CM-nin 185.1-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 16 oktyabr 2017-ci il tarixli hökmü ilə təqsirli bilindiyi CM-nin 187.1-ci maddəsi üzrə işə xitam verilmiş, o, həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinərək ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası iki il həddinə endirilmiş, Abşeron Rayon Məhkəməsinin 16 oktyabr 2017-ci il tarixli hökmündən residivlə bağlı müddəalar xaric edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzanın 06 iyun 2017-ci il tarixdən hesablanması nəzərə alınaraq cəzasını çəkib qurtarmış hesab olunmuş və cəzasını çəkib qurtarması ilə əlaqədar Təqsirləndirilən şəxs dərhal həbsdən azad olunmuş, Abşeron Rayon Məhkəməsinin 16 oktyabr 2017-ci il tarixli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin özünün istintaq və ilkin məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadələri, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, ekspert rəyləri, digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və yetişdirmə) cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini könüllü etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini, ailəli olmaqla himayəsində iki yetkinlik yaşına çatmayan uşağın olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunduğunu cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən tutulub saxlandığı müddəti, yəni 02 (iki) gün istintaq dövründə tutulub saxlandığı müddəti də nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 16 iyul 2023-cü il tarixdən 18 iyul 2023-cü il tarixədək hazırkı iş üzrə tutulub saxlandığı müddəti nəzərə alınmaqla Təqsirləndirilən şəxs hazırda təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 01 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə zalında həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Qəbələ Rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 18 kq 665,0 qram 10 (on) ədəd çətənə (kannabis) bitkiləri və 1,85 qram 02 (iki) ədəd çətənə (kannabis) bitkisinin ştilləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulub saxlandığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli 01 noyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli Cəzaçəkmə Müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalında həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. Qəbələ Rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 18 kq 665,0 qram 10 (on) ədəd çətənə (kannabis) bitkiləri və 1,85 qram 02 (iki) ədəd çətənə (kannabis) bitkisinin ştilləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar