Məhkəmə qərarları › İş №1(025)-35/2021

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-35/2021

07.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-35/2021 07.07.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1992-ci ildə Qəbələ rayon Bum qəsəbəsində anadan olmuş, AR vətəndaşı, subay, işsiz, Qəbələ rayon Məhkəməsinin 05.04.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-ci maddələri ilə 2500 manat cərimə cəzasına məhkum edilmiş, həmin cəzası Qəbələ Rayon Məhkəməsinin 13.02.2020-ci il tarixli qərarı ilə 300 saat ictimai işlər cəzası ilə əvəz edilmiş, 01.10.2020-ci il tarixdə cəzasını çəkdiyi üçün Qəbələ rayon İcra və probasiya şöbəsinin qeydiyyatından çıxarılmış, məhkumluğu ödənilməmiş, Qəbələ rayon Bum qəsəbəsində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə 16.03.2021ci il tarixdən 17.03.2021-ci il tarixinə keçən gecə saat 02 radələrində Qəbələ rayon Tikanlı kəndində yol kənarında yerləşən Zərərçəkmiş şəxs məxsus yaşadığı həyətə bitişik ərzaq mağazasının qarşısına gəlib, həmin mağazanın çöl tərəfdən yerləşən dəmirdən olan giriş qapısı qıfıl ilə bağlı olduğu üçün oradan mağazaya daxil ola bilmədikdə, həyətin giriş qapısını açıb gizli yolla qanunsuz olaraq əvvəlcə Zərərçəkmiş şəxs məxsus həyətə, oradan isə həyətə bitişik vəziyyətdə olan həmin mağazaya həyət istiqamətinə açılan digər qapısının arxadan vurulan cəftəsini açmaqla içəriyə daxil olub mağazanın içərsindəki kassadan müxtəlif sayda kağız əskinazlardan və müxtəlif sayda dəmir qəpiklərdən ibarət 580 (beş yüz səksən) AZN nəğd pul, eləcə də piştaxta üzərindən 2 ədəd hər birinin qiyməti 2 AZN olmaqla cəmi 4 (dörd) AZN dəyərində “Azercell” kontur kartları və 2 qutu hər birinin qiyməti 3 AZN olmaqla cəmi 6 (altı) AZN dəyərində “LD” markalı siqaretləri oğurlamaqla Zərərçəkmiş şəxs məxsus ümumilikdə 590 (beş yüz doxsan) AZN dəyərində əmlakı gizli yolla talamışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Qəbələ rayon Bum qəsəbəsində yaşayır və daimi orada pasport qeydiyyatındadır. 16.03.2021-ci il tarixdə saat təxminən 14:30 radələrində yaşadığı Bum qəsəbəsindəki evdən çıxmaqla qəsəbənin mərkəzinə gəlmiş, həmkəndlisi Samitin işlətdiyi çayxanada domino oynayaraq çay içmiş, çayxanada bir neçə saat olduqdan sonra axşam saat 19 radələrindən sonra oradan çıxıb həmkəndlisi Elnurun mağazasına gələrək bir şüşə xırdalan pivəsi almışdır. Aldığı pivəni orada içərək yenidən qəsəbənin mərkəzinə gəlib bir neçə dəqiqə dayandıqdan sonra Bum qəsəbəsində 4 yol adlanan yerə Şəhriyarın kafesinə gələrək 3 bakal pivə içmişdir. 17.03.2021-ci il tarixdə saat təxminən 01 radələrində kafedən çıxıb piyada asfalt yol ilə qonşu kənd olan Qəbələ rayon Tikanlı kəndinə getmiş, acıdığı üçün Tikanlı kəndində “Dovşan dağı” adlanan yerdə olan tanımadığı şəxsin kafesinə getmiş, lakin kafe bağlı olduğu üçün Tikanlı kəndinin mərkəzi istiqamətinə getməyə başlamışdır. Yol ilə gedərkən yolun sağ tərəfində yerləşən, sonradan tanıdığı Şahid1 yaşadığı həyətin qapısna yaxınlaşıb qapı açıq olduğu üçün həyətə daxil olmuş, həyətdə qapının yaxınlığında talvarın altında Vaz 2106 minik markalı dövlət nömrə nişanını bilmədiyi avtomobil olduğunu görərək hava soyuq olduğundan üşüdüyü üçün qızınmaq məqsədi ilə, eləcədə yuxusu gəldiyindən 1-2 saatlıq dincəlmək məqsədi ilə avtomobilə yaxınlaşmışdır. Avtomobilin qapıları əvvəlcədən açıq olduğundan sağ qapını açıb avtomobilə daxil olmuş, təxminən bir saat avtomobildə dincəldikdən sonra avtomobildən düşərək həyətdən çıxıb piyada tək Tikanlı kəndinin mərkəzinə doğru gəlməyə başlamış, yol ilə gedərkən yolun kənarında sonradan adını bildiyi Zərərçəkmiş şəxs məxsus ərzaq mallarının satışı mağazasının olduğunu görmüşdür. Maddi imkanı olmadığından pula ehtiyacı olduğu üçün oradan oğurluq etmək qərarına gəlmiş, saat 02 radələrində mağazaya yaxınlaşaraq içəriyə daxil olmaq istədikdə mağazanın giriş qapısının qıfıl ilə bağlı olduğundan mağazanın sağ tərəfində olan həyətə giriş qapısından daxil olmuşdur. Həyətə daxil olduqda mağazanın həyətə tərəfə açılan qapısının olduğunu görərək qapıya tərəf yaxınlaşmış, qapıya yaxınlaşdıqda qapının üzərində qıfıl olmadığını, onun cəftə ilə bağlı vəziyyətdə olduğunu görərək cəftəni arxaya tərəf çəkib qapını açaraq mağazanın içərsinə daxil olmuşdur. Kassadan müxtəlif əskinazlardan ibarəd kağız pullar və xeyli sayda dəmir qəpik pullar olduğunu görərək kağız pulları və dəmir qəpik pulları oradan götürərək saymadan sellofan torpaya yığıb əynindəki gödəkcənin sağ yan cibinə qoymuşdur. Sonra isə piştaxtanın üzərindən 2 ədəd hər biri iki manat dəyərində olan sim-sim balans artırma kartları və 2 qutu LD markalı siqaretləri oğurlayaraq gödəkcənin sol yan cibinə qoyub mağazaya daxil olduğu qapıdan çıxaraq həyətdən çıxıb yol ilə piyada tək Uludaş, Yemişanlı kəndləri ilə Nic qəsəbəsinə ərazisinə gəlmiş, oğurladığı pulları saydıqda ümumilikdə 580 manat olduğunu müəyyən etmişdir. Danışıq kartlarını isə mobil telefon nömrəsinə yükləmiş, siqaretləri isə özü üçün çəkmiş, bir neçə saat sonra hava işıqlaşıb səhər açıldıqdan sonra tanımadığı taksi ilə Qəbələ şəhərinə gəlmişdir. Oğurladığı pullardan dəmir qəpik pullar ilə 2 manatını taksiyə vermiş, işləmək üçün Qəbələ şəhərindən Bakı şəhərinə gedən tanımadığı taksilərin birinə minməklə Bakı şəhərinə Şamaxinka deyilən yerə gedərək oğurladığı puldan 15 manatını həmin taksiyə vermişdir. Bakı şəhərində olarkən həmin gün Qəbələ rayon polis şöbəsindən zəng gələrək polis şöbəsinə dəvət edilmiş, Bakı şəhərindən Şamxinka deyilən yerdən tanımadığı taksilərin birinə minməklə Qəbələ şəhərinə gəlib oğurladığı puldan 15 manatını taksi sürücüsünə yol pulu vermiş, eləcədə Bakı şəhərində olduğu müddətdə oğurladığı pullardan 68 manat 5 qəpiyini öz şəxsi istifadəsi üçün xərcləmişdir. Qəbələ RPŞ-nə gələrək Zərərçəkmiş şəxs məxsus mağazadan oğurluq etdiyini səmimi etiraf edərək oğurladığı pullardan 440 manat kağız pulları və 49.95 qəpik dəmir qəpik pulları üzərindən çıxaraq könüllü təqdim etmişdir. Siyah Hacıağayevə məxsus avtomobildən oğurluq etməmiş, eləcədə Zərərçəkmiş şəxs məxsus mağazadan oğurluq hadisəsini özü tək etmişdir. Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasına Arazın razılığı və xəbəri olmadan qanunsuz daxil olmuşdur. Törətdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs həmçinin, hazırda əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmadığını və bir daha belə hallara yol verməyəcəyini bildirib, məhkəmədən ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs vermiş olduğu ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Qəbələ rayon Tikanlı kəndində yaşayır və daimi pasport qeydiyyatındadır. Təqsirləndirilən şəxs məlum hadisədən sonra tanımış və onunla heç bir düşmənçilik və ədavəti olmamışdır. Yaşadığı və qeydiyyatda olduğu Qəbələ rayon Tikanlı kəndində yaşadığı evin həyətyanı sahəsinə bitişik formada yolun kənarında kiçik həcmli ərzaq mallarının satışı mağazası var. Həmin mağazanı ancaq özü işlətməklə mağazanı hər gündəlik saat 08 radələrində açaraq gün ərzində fəaliyyət göstərməklə axşam saat təxminən 21 radələrində bağlayır. Mağazanın içərsinə daxil olmaq üçün 2 ədəd dəmirdən olan giriş qapısı var ki, həmin qapılardan biri yol tərəfə, digəri isə həyətinə doğru açılır, yola tərəf açılan giriş qapısını qıfıl ilə, həyətinə doğru açılan qapını isə qıfılla deyil, ancaq arxadan cəftə keçirməklə bağlayır. 16.03.2021-ci il tarixdə saat 08 radələrində mağazanı açıb gün ərzində fəaliyyət göstərməklə axşam saat 21 radələrində yola tərəf açılan dəmir giriş qapısını qıfıl ilə bağlamaqla, həyətinə tərəf açılan qapını isə arxadan cəftəsini keçirməklə yaşadığı evə gəlmiş, ertəsi gün 17.03.2021-ci il tarixdə saat 08 radələrində mağazanı açmaq üçün mağazaya getmişdir. Mağazaya yaxınlaşdıqda mağazanın həyətinə tərəf açılan giriş qapısını açıq vəziyytətdə olduğunu aşkar edərək həmin qapıdan içəriyə daxil olmuş, içəriyə daxil olduqda mağazanın daxilinin dağınıq formada olduğunu görüb oradan oğurluq olmasını müəyyən edərək baxış keçirməyə başlamışdır. Müəyyən etmiş ki, kassadan müxtəlif kağız əskinazlardan ibarət, eləcədə müxtəlif dəmir qəpik olmaqla 580 manat nəğd pul, eləcədə 2 ədəd hər biri 2 manat olmaqla sim-sim balansartırma kartı və 2 qutu hər biri 3 manat olmaqla 6 manat dəyərində LD markalı siqaretlər oğurlandığını müəyyən etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 590 manat maddi ziyan dəymişdir. Oğurluq hadisəsinin baş verməsi barədə rəsmi olaraq Qəbələ RPŞ-yə müraciət etmiş, etmiş olduğu müraciət əsasında Qəbələ RPŞ-də araşdırma aparılarkən müəyyən edilmişdir ki, ona məxsus mağazadan 16.03.2021-ci il tarixdən 17.03.2021-ci il tarixinə keçən gecə oğurluq hadisəsini Qəbələ rayon Bum qəsəbə sakini Təqsirləndirilən şəxs törətmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, Qəbələ rayonu Tikanlı kəndində yaşayır və daimi pasport qeydiyyatındadır. Qəbələ rayon Bum qəsəbə sakini Təqsirləndirilən şəxs baş vermiş məlum hadisədən sonra tanımış və onunla heç bir düşmənçilik və ədavəti yoxdur. Sürücülük hüququ olmadan baş etibarnamə əsasında idarə etdiyi Vaz 2106 markalı ** BJ *** dövlət nömrə nişanlı minik avtomobili vardır. Həmin avtomobil ilə sifariş əsasında taksi fəaliyyəti ilə məşğul olur. Avtomobili hər günün axşamı həyətində qaraj kimi inşa etdiyi talvarın altında saxlayır. 16.03.2021-ci il axşam saat 21 radələrində idarə etdiyi Vaz 2106 markalı ** BJ *** dövlət nömrə nişanlı minik avtomobili ilə Qəbələ şəhərindən yaşadığı Tikanlı kəndinə gələrək avtomobili həyətində qaraj kimi istifadə etdiyi talvarın altında saxlamaqla avtomobilin qapılarını bağlamadan evə getmişdir. 17.03.2021-ci il tarixdə saat 07:30 radələrində Qəbələ şəhərinə gəlmək üçün avtomobilinə yaxınlaşmış, avtomobilə yaxınlaşan zaman avtomobilin ön sağ qapısının açıq vəziyyətdə olduğunu, içərisinə baxdıqda isə avtomobilə aid sənədlərin oturacağın üzərinə və ayaqaltıya dağıldığını görmüşdür. Avtomobilinə kiminsə daxil olduğunu güman edərək avtomobildən oğurluq olub-olmamasını müəyyən etmək üçün baxış keçirmiş, lakin avtomobildən hər hansı bir oğurluq hadisəsi baş vermədiyini müəyyən etmişdir. Eləcədə avtomobilə maddi ziyan dəyməmişdir. Avtomobilinə kimin daxil olmasını müəyyənləşdirmək üçün bu barədə həmin tarixdə Qəbələ RPŞ-yə rəsmi müraciət etmiş, müraciəti əsasında araşdırma aparılarkən avtomobilə qonşu kənd sakini Qəbələ rayon Bum qəsəbə sakini Təqsirləndirilən şəxs daxil olması müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Qəbələ rayon Tüntül kəndində yaşayır və daimi pasport qeydiyyatındadır. Təqsirləndirilən şəxs baş vermiş məlum hadisədən sonra tanımışdır. Əvvəllər və hazırda onunla heç bir düşmənçilik və ədavəti olmamışdır. 16.03.2021-ci il tarixdən 17.03.2021-ci il tarixinə keçən gecə Təqsirləndirilən şəxs Qəbələ rayon Tikanlı kəndində həmin kənd sakini Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasına qanunsuz daxil olaraq oradan oğurluq etməsi ilə bağlı istintaqı aparılan cinayət işi ilə əlaqədar Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkətində iştirak etmiş, ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu oğurluq hadisəsini səmimi etiraf edərək əyani şəkildə 17.03.201-ci il tarixdə gecə saat 02 radələrində oğurluq məqsədi ilə Zərərçəkmiş şəxs yaşadığı həyətə bitişik yolun kənarında yerləşən ona məxsus mağazanın giriş qapısı qıfıl ilə bağlı olduğu üçün oradan mağazanın içərsinə daxil ola bilmədiyindən həyətin giriş qapısı açıq olduğu üçün oradan həyətə daxil olaraq mağazanın həyətə tərəf açılan digər qapısınının arxasından kilidini açmaqla oradan mağazanın içərsinə qanunsuz daxil olub mağazanın kassasından müxtəlif sayda kağız əskinazlardan və müxtəlif sayda müxtəlif dəmir qəpiklərdən ibarət 580 manat nəğd pul, vitirinin üzərindən 2 ədəd hər birinin qiyməti 2 manat olmaqla 4 manat dəyərində sim-sim balans artırma kartları və eləcədə 2 qutu hər birinin qiyməti 3 manat olmaqla 6 manat dəyərində LD markalı siqaretlər oğurladığını bildirmişdir. İfadənin yerində yoxlanılması zamanı ardıcıl fotoşəkillər çəkilməklə ifadənin yerində yoxlanılması protokolu tərəfindən imza edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsi, iş materialları və aşağıda göstərilən digər sübutlarlada təsdiq edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 20.05.2021-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, iş üzrə keçirilmiş ifadələrin yerində yoxlanılması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs tərəfindən törətmiş olduğu oğurluq cinayətini etiraf etməklə 16.03.2021-ci il tarixdən 17.11.2020-ci il tarixinə keçən gecə Zərərçəkmiş şəxs məxsus ərzaq mağazanın içərsindəki kassadan müxtəlif sayda kağız əskinazlardan və müxtəlif sayda dəmir qəpik pullardan ibarət 580 manat nəğd pul və vitirinin üzərindən, 2 ədəd hər birinin qiyməti 2 manat olmaqla 4 manat dəyərində sim-sim balans artırma kartları və 2 qutu hər birinin qiyməti 3 manat olmaqla ümumilikdə 6 manat dəyərində “LD” markalı siqaretlər oğurladığını hadisə yerində də, əyani şəkildə göstərmişdir. İstintaq hərəkəti zamanı istintaqın gedişatı ilə bağlı fotoşəkillər çəkilərək əksi çıxarılıb, protokola əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 17 mart 2021-ci il tarixli şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə hal şahidlərinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman əvvəlcədən ona üzərində olan əşyaları könüllü surətdə təqdim etmək təklif edilmiş və sonuncu təklifi qəbul edərək üzərində olan əşyaları könüllü təqdim edəcəyini bildirməklə Qəbələ rayon Tikanlı kənd sakini Zərərçəkmiş şəxs məxsus mağazadan oğurluq edərək əldə etdiyi əynindəki gödəkçənin sağ cibində saxladığı sellofan torbanın içərisində pulların olduğunu və həmin bir ədəd sellofan torbanı çıxararaq içərisində qəpik və kağız pulların olduğunu, sonra həmin sellofan torba açılaraq içərisinə baxıldıqda orada 2 ədəd Azərbaycan Respublikasının pul vahidi olan manat ilə 2 ədəd 100, 2 ədəd 50, 3 ədəd 20, 6 ədəd 10, 4 ədəd 5 manatlıq ümumilikdə 440 manat kağız pul əsginasları, həmçinin 99 ədəd 50 qəpik, 1 ədəd 20, 2 ədəd 10 və 1 ədəd 5 qəpiklik ümumilikdə 49.95 manat dəmir pul əsginaslarının olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd sellofan torbada olan 2 ədəd 100, 2 ədəd 50, 3 ədəd 20, 6 ədəd 10, 4 ədəd 5 manatlıq ümumilikdə 440 manat kağız pul əskinasları, həmçinin 99 ədəd 50 qəpik, 1 ədəd 20, 2 ədəd 10 və 1 ədəd 5 qəpiklik ümumilikdə 49.95 manat dəmir pul əskinasları iş üçün maddi sübut əhəmiyyəti kəsb etdiyindən tərəfindən götürülərək qablaşdırılıb və üzəri DİN-in “103” saylı möhürü ilə möhürlənmiş “Redmi” markalı telefon vasitəsilə video və fotoşəkillər çəkilmiş video görüntü CD diskə köçürülməklə fotoşəkillərin əksləri isə çıxarılmaqla protokola əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Qəbələ RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti polis baş leytenantı Bəhruz Həsənovun 14.04.2021-ci il tarixli raportundan görünür ki, Qəbələ rayon Tikanlı kənd sakini Zərərçəkmiş şəxs oğluna məxsus ərzaq mağazasından oğurluq hadisəsinin baş verdiyi yerdən götürülmüş əl-barmaq izləri DİNnin KTİ-in ADİS-in bazasında olan şəxslərin əl əksləri ilə müqayisə edildiyi, müqayisəli tədqiqat nəticəsində əl izlərindən 02 ədədi xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əl izləri ilə eynilik təşkil etməsi bildirilmişdir. İş materiallarında olan Qəbələ rayonu Mərkəzi xəstəxanasının 06.04.2021-ci il tarixli 3/340 saylı məktubundan görünür ki, əsasən Təqsirləndirilən şəxs “narkoloji və ruhi əsəb” kabinetində qeydiyyatda deyildir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən və Qəbələ Rayon Məhkəməsinin 1(025)-11/2017 nömrəli, 05 aprel 2017-ci tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.2-cü maddələri ilə təqsirli bilinərək 2.500 (iki min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 1(025)-11/2017 nömrəli, 05 aprel 2017-ci tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.2-cü maddələri ilə təqsirli bilinmiş və ona 2.500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilmişdir. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 13.02.2020-ci il tarixli 7(025)- 3/2020 nömrəli qərarından görünür ki, Qəbələ Rayon Məhkəməsinin 05 aprel 2017-ci il tarixli 1(025)-11/2017 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2500 (iki min beş yüz) manat cərimə növündə cəza üç yüz saat müddətinə ictimai işlər növündə cəza ilə əvəz edilmişdir. İş materiallarında olan məhkəmənin sorğusuna əsasən Qəbələ rayon İcra və probasiya şöbəsi tərəfindən verilmiş 07 iyul 2021-ci il tarixli, 6302/4 nömrəli məktubdan görünür ki, Qəbələ Rayon Məhkəməsinin 13.02.2020-ci il tarixli 7(025)-3/2020 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 300 saat ictimai işlər növündə cəzanı icra etdiyi üçün 01.10.2020-ci il tarixdən Qəbələ rayon İcra və probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyətinin Bum qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyətinin Bum qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 aprel 2021-ci il tarixli, 183 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qəbələ rayonu Bum qəsəbəsində qeydiyyatda olmaqla həmin qəsəbədə yaşayır. Ailə tərkibi atası X4, anası X2 ibarətdir. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olub, gizli yolla özgə əmlakını talayaraq oğurluq cinayətini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə digər sübutlarla tam təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir”. Bundan başqa, Plenumun həmin Qərarında göstərilir ki, “mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Talanmış əmlakı qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, «məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir». “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olaraq, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini və dəymiş ziyanı tamamilə aradan qaldırmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Qəbələ Rayon Məhkəməsinin 1(025)-11/2017 nömrəli, 05 aprel 2017-ci tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.2-cü maddələri ilə təqsirli bilinərək 2.500 (iki min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Qəbələ Rayon Məhkəməsinin 13.02.2020-ci il tarixli 7(025)- 3/2020 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası 300 saat ictimai işlər növündə cəza ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs qeyd olunan qərarla təyin edilmiş cəzanı icra etdiyi üçün 01.10.2020-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməsə də, onun əməlində cinayətlərin residivi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs Qəbələ Rayon Məhkəməsinin 13.02.2020-ci il tarixli 7(025)-3/2020 nömrəli qərarı ilə təyin edilmiş ictimai işlər cəzasını 01.10.2020-ci il tarixdə ödədiyindən həmin cəza ilə bağlı məhkumluğu ödənilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, müsbət xarakterizə edilməklə şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 17 mart 2021-ci il tarixli qərardan göründüyü kimi, Təqsirləndirilən şəxs 17 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli isə 17 mart 2021-ci il saat 16:35-dən hesablanmış, 19 mart 2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə saxlandığı MSY-dən azad edilmişdir. Ona görə də onun həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə hesablamaqla təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərkən, maddi sübut qismində tanınmış 2 ədəd 100, 2 ədəd 50, 3 ədəd 20, 6 ədəd 10, 4 ədəd 5 manatlıq ümumilikdə 440 manat kağız pul əskinasları, həmçinin 99 ədəd 50 qəpik, 1 ədəd 20, 2 ədəd 10 və 1 ədəd 5 qəpiklik ümumilikdə 49.95 manat dəmir pulların Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs oğlunun 17 mart 2021-ci il tarixdən 19 mart 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış 2 ədəd 100, 2 ədəd 50, 3 ədəd 20, 6 ədəd 10, 4 ədəd 5 manatlıq ümumilikdə 440 manat kağız pul əskinasları, həmçinin 99 ədəd 50 qəpik, 1 ədəd 20, 2 ədəd 10 və 1 ədəd 5 qəpiklik ümumilikdə 49.95 manat dəmir pulların Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar