Məhkəmə qərarları › İş №1(025)-36/2021

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-36/2021

18.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-36/2021 18.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X4, zərərçəkmiş Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili X2 xx xxxxxx 1979-cu ildə Qəbələ rayonu Şəfili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu Şəfili kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 28 sentyabr 2015-ci il tarixdən başlayaraq 30 may 2010-cu il təvəllüdlü X8 və 22 yanvar 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 60,00 manat olmaqla cəmi 120,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Qəbələ Rayon Məhkəməsinin 29 oktyabr 2015-ci il tarixli 2(025)-1491/2015 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə həmin rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 12 yanvar 2018-ci il və 09 aprel 2019-cu il tarixlərdə hər dəfə 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə 25.09.2019-cu il, 16.11.2020-ci il və 21.12.2020-ci il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 18 yanvar 2021-ci il tarixədək şəxsi maraq niyyətilə cəmi 5970,00 manat aliment borcunu tələbkara ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməyərək və zərər çəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət işinin materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs bu cinayəti törətməkdə təqsiri tam sübuta yetirilmişdir və bu aşağıdakılarla təsdiq olunur. Beləki, Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilib, ifadə verərək göstərdi ki, həqiqətən o, 2009-cu ildə Zərərçəkmiş şəxs ilə qeyri rəsmi qaydada evlənməklə ailə qurmuşdur. Birgə yaşayışdan 30 may 2010-cu ildə Səid, 22 yanvar 2013-cü ildə isə Zeynəb adını verdikləri övladları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətləri olsa da, sonradan münasibətləri pozulmuş və Gültəkin uşaqları da götürüb ata evinə qayıtmışdır. Faktiki olaraq bir müddət ayrı yaşadıqdan sonra Gültəkin aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsi 28 sentyabr 2015-ci il tarixdən başlayaraq 30 may 2010-cu il təvəllüdlü X8 və 22 yanvar 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün ondan hər ay hər uşağa görə 60,00 manat olmaqla cəmi 120,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair 29 oktyabr 2015-ci il tarixli qətnamə çıxarmışdır. Qətnamənin icrası icra məmurları tərəfindən dəfələrlə ondan tələb olunmuşdur. Aliment məbləğini ödəmədiyinə görə iki dəfə də inzibati qaydada həbs edilmişdir. Lakin Səid adlı övladları internat məktəbində olduğu halda ona aliment müəyyən edildiyinə görə məhkəmə qətnaməsi ilə razılaşmadığından, həmçinin maddi imkanı zəif olduğundan müəyyən edilmiş aliment məbləğini tam olaraq ödəməmişdir. Eyni zamanda Gültəkindən ayrıldıqdan sonra yenidən ailə qurmuş və həmin ailəsindən bir övladı var. Fərdi qaydada işləyib əldə etdiyi qazancla hazırki ailəsinin maddi tələbatını çətinliklə ödəyir. Buna baxmayaraq imkanı daxilində aliment məbləğindən də ödənişlər etmişdir. 18.01.2021-ci il tarixə yaranmış 5970,00 manat aliment borcunu isə ödəyə bilmir. Buna səbəb isə odur ki, özü xəstədir və himayəsində bir azyaşlı uşağı var. Himayəsində olan uşağını çox çətinliklə dolandırır və rəsmi iş yeri yoxdur. Həmçinin Səid adlı övladı internat məktəbində olduğu halda ona aliment hesablanmışdır. Bundan əlavə Səid adlı övladı uzun müddət onun himayəsində qalsa da, həmin müddətə də ona aliment hesablanmışdır. Onun barəsində cinayət işi gedən zaman 495 manat, məhkəmə zamanı isə Zərərçəkmiş şəxs cəmi 100 manat ödəniş edilmişdir ki, həmin məbləğ də atası tərəfindən edilmişdir. Özünün aliment ödəməyə imkanı olmasa da, atası alimenti ödəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs xəstə olduğunu və himayəsində azyaşlı uşağının olduğunu bildirib, məhkəmədən ona həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs göstərdi ki, o, həqiqətən o, 2009-cu ildə Təqsirləndirilən şəxs ilə qeyri rəsmi qaydada evlənməklə ailə qurmuşdur. Birgə yaşayışdan 30 may 2010-cu ildə Səid, 22 yanvar 2013-cü ildə isə Zeynəb adını verdikləri övladları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətləri olsa da, sonradan münasibətləri pozulduğundan ayrılmışlar. Ayrı yaşadıqları müddətdə Amir uşaqlarla maraqlanmamış və onların saxlanılmasına maddi köməklik göstərməmişdir. Odur ki, aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qəbələ Rayon Məhkəməsi iddiasını qismən təmin edərək Təqsirləndirilən şəxs 28 sentyabr 2015-ci il tarixdən başlayaraq 30 may 2010-cu il təvəllüdlü X8 və 22 yanvar 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 60,00 manat olmaqla cəmi 120,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair 29 oktyabr 2015-ci il tarixli qətnamə çıxarmışdır. Qətnamənin qəbul edilməsindən xeyli müddətin keçməsinə baxmayaraq Amir məhkəmə qətnaməsinə məhəl qoymamış və müəyyən olunmuş alimenti ödəməmişdir. Halbuki, Amir fərdi qaydada işləyir, həmçinin təsərrüfatla məşğul olur və onun alimenti ödəməyə maddi imkanı vardır. Buna baxmayaraq müxtəlif əsassız bəhanələrlə alimenti ödəməkdən yayınmışdır. Belə ki, Amir alimenti ödəməmək üçün Səid adlı uşaqlarının İnternat məktəbində olduğunu bəhanə etmiş, halbuki, Səid internat məktəbində olsa da, onun maddi ehtiyaclarını da o qarşılamışdır. Son iki ilə yaxın müddətdə isə ölkədə olan karantin rejimi ilə əlaqədar Səid onun yanında qalmış, həmin vaxtı da bütün zəruri xərclərini o ödəmişdir. Amir isə alimenti ödəməmək üçün işlədiyi və qazancı olduğu halda xəstə olması barədə əsassız bəhanələr gətirməklə onsuz da uşaqların maddi tələbatları ilə müqayisədə cüzi məbləğ olan alimenti belə ödəməmişdir. Hazırda uşaqlar böyüdüyündən onların maddi tələbatları xeyli artmış və buna görə də onların zəruri xərclərini ödəməkdə çətinliklər çəkir. Maddi vəziyyətləri olduqca ağırdır. Buna görə də müəyyən edilmiş aliment məbləğinə ehtiyacı vardır. Alimenti ala bilmədiyinə görə dəfələrlə icra məmurlarına da müraciət etmişdir. İcra məmurları tərəfindən də zəruri tədbirlərin görülməsinə baxmayaraq Amir yenə də alimenti ödəməkdən yayınmışdır. Səid adlı övlarları internat məktəbində qalsa da, yenə də ona maddi cəhətdən kömək edir və tez-tez yanına baş çəkməyə getməkdədir. Hal-hazırda isə yay tətili olduğundan Səid də onun yanındadır. Lakin Təqsirləndirilən şəxs onlara heç köməklik etmir. Buna görə də Təqsirləndirilən şəxs şikayətçidir. Odur ki, uşaqların maddi təlabatının ödənilməsində çətinliklər çəkdiyini nəzərə alaraq Təqsirləndirilən şəxs 18.01.2021-ci il tarixədək yaranmış 5970,00 manat aliment borcunun alınaraq ona verilməsinə köməklik göstərilməsini və təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid ifadəsində göstərdi ki, 11 dekabr 2015-ci il tarixli qərarla icraata başlanılmış Qəbələ Rayon Məhkəməsinin 29 oktyabr 2015-ci il tarixli 2(025)-1491/2015 saylı qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən Təqsirləndirilən şəxs cavabdeh kimi 28 sentyabr 2015-ci il tarixdən başlayaraq 30 may 2010-cu il təvəllüdlü X8 və 22 yanvar 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 60,00 manat olmaqla cəmi 120,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra sənədi icraata qəbul edilərək tələbin icrası üçün borclu Təqsirləndirilən şəxs müvafiq bildiriş verilmiş, lakin borclu tələbin icrasını təmin etməmişdir. Odur ki, məcburi icra tədbirlərinə başlanılmışdır. Borclunun adına tələbin yönəldilə biləcək əmlak və gəlirlərinin olubolmamasının öyrənilməsi məqsədi ilə müvafiq sorgular göndərilmiş, nəticədə hər hansı əmlak və gəliri aşkar edilməmişdir. Borclu icra qurumuna dəvət edilərək icra sənədinin mahiyyəti ona izah olunmuş, müəyyən edilmiş alimentin ödənilməsi tələb olunmuşdur. Borclu alimenti ödəməyə maddi imkanının olmadığını bildirmiş və heç bir ödəniş etməmişdir. Borcluya alimenti ödəməsi üçün vaxt verilmişdir. Lakin bundan müəyyən müddətin keçməsinə baxmayaraq borclu alimentin ödənilməsini təmin etməmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu barəsində inzibati protokol tərtib edilərək məhkəməyə verilmişdir. Qəbələ Rayon Məhkəməsinin 12 yanvar 2018-ci il tarixli 3(025)-04/2018 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra da məcburi icra tədbirləri davam etdirilmiş, alimentin ödənilməsi borcludan tələb edilmiş, məsuliyyəti barədə dəfələrlə xəbərdarlıq olunmuşdur. Lakin borclu hərəkətlərində dönüş yaratmamış və müxtəlif bəhanələrlə alimenti ödəməkdən yayınmışdır. Odur ki, borclunun bir daha inzibati məsuliyyətə cəlb edilməsi istiqamətində təbirlər görülmüş və Qəbələ Rayon Məhkəməsinin 09 aprel 2019cu il tarixli 3(025)-212/2019 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib yenidən 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati məsuliyyətə cəlb edildikdən sonra yeni icra müddəti təyin edilərək qətnamənin icrası borcludan tələb olunmuş, məsuliyyəti barədə rəsmi xəbərdarlıq olunmuşdur. Lakin borclu Təqsirləndirilən şəxs ona edilən xəbərdarlıqlardan və barəsində görülmüş inzibati tədbirlərdən nəticə cıxarmamış, icra sənədinin icraya yönəldilməsindən uzun müddətin keçməsinə, tələbin icrasının dəfələrlə tələb olunmasına baxmayaraq hərəkətlərində dönüş yaratmamış və 18 yanvar 2021-ci il tarixədək 5970,00 manat aliment borcunu ödəməməklə qətnamənin icrasından qərəzli olaraq yayınmaqda davam etmişdir. İcra müddətində tələbkar Zərərçəkmiş şəxs isə dəfələrlə İcra və Probasiya Şöbəsinə müraciət edərək uşaqların maddi təlabatlarını ödəməkdə çətinliklər çəkdiyini bildirərək Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi üzrə yaranmış aliment borunun alınıb ona verilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyinə görə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması məqsədəmüvafiq hesab edildiyi üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə müvafiq təqdimat göndərilmişdir. Cinayət işinin materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 2(025)-1491/2015 nömrəli, 29 oktyabr 2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 2015-ci il sentyabrın 28-dən başlayaraq uşaqları – 30 may 2010-cu il təvəllüdlü X12 və 22 yanvar 2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa 60 (altmış) manat olmaqla cəmi 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq uşaqların anası – iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Cinayət işinin materiallarında olan Qəbələ rayon İcra şöbəsinin 11dekabr 2015-ci il tarixli “icraata başlamaq haqqında” qərarının və bildirişinin surətindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 2015-ci il sentyabrın 28-dən başlayaraq uşaqları – 30 may 2010-cu il təvəllüdlü X12 və 22 yanvar 2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa 60 (altmış) manat olmaqla cəmi 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq uşaqların anası – iddiaçı Zərərçəkmiş şəxs verilməsinə dair icra vərəqəsi icraata qəbul olunmuş və borclu Təqsirləndirilən şəxs icra sənədi üzrə 10 gün müddətində icra sənədində göstərilən tələbi könüllü təmin edilməsi üçün vaxt verilmişdir. Cinayət işinin materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 12 yanvar 2018-ci il tarixli 3(025)-04/2018 nömrəli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətə inzibati həbs edilmişdir. Cinayət işinin materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli 3(025)-212/2019 nömrəli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətə inzibati həbs edilmişdir. Cinayət işinin materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 04 yanvar 2018-ci il tarixli 8(025)-02/18 nömrəli qərardadının surətindən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-1491/2015 nömrəli, 29 oktyabr 2015-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclu Qəbələ rayonu, Şəfili kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Cinayət işinin materiallarında olan Qəbələ rayon İcra və probasiya şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş 17.08.2021-ci il tarixli, 7299/5 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs icra sənədi üzrə 7680 manat məbləğində aliment ödəməli olduğu halda cəmi 1710 manat illər üzrə ödəniş etmiş və 18.01.2021-ci il tarixə 5970 manat ödənilməmiş aliment borcu qalmışdır. Borclu barəsində cinayət təqdimatı verildikdən sonra Təqsirləndirilən şəxs tərəfindən tələbkara hər hansı məbləğdə aliment ödənilməməsi barədə məlumat yoxdur, eyni zamanda tələbkar Zərərçəkmiş şəxs icra sənədi üzrə ümumi borcdan hər hansı məbləğdə aliment borcunun silinməsi barədə icra şöbəsinə ərizə təqdim etməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbindən verilmiş 10.08.2021-ci il tarixli, 198 nömrəli məktubda göstərilmişdir ki, 30.05.2010-cu il təvəllüdlü X5 RİH başçısının 23.10.2017-ci il tarixli, 115 №-li Sərəncamı və Təhsil Nazirliyinin 01.11.2017-ci il tarixli, 142 №li göndərişi ilə 02.11.2017-ci il tarixdə məktəbin İİ sinfinə qəbul olunmuş, halhazırda Vİ sinif şagirdidir. ünvan 2 ünvanında qeydiyyatdadır. Anası Zərərçəkmiş şəxs vaxtarışı gəlib övladını ziyarət etmişdir. Səid hal-hazırda yay tətili ilə əlaqədar anasının yanındadır. Məhkəmənin sorğusuna cavab olaraq Qəbələ rayon Şəfili kənd ibtidai məktəbi tərəfindən verilmiş 13.08.2021-ci il tarixli məktubda göstərilmişdir ki, X14 2016-cı ildə valideyninin ərizəsi ilə Şəfili ibtiadi məktəbinə qəbul olunmuşdur. İ birinci sinifi tam başa vurmuş, İİ sinfi isə 2017-ci il noyabr ayına kimi Şəfili kənd ibtidai məktəbində təhsil almışdır. Anasının təkidi ilə X14 Bakı şəhəri Xəzər rayonu valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbin 2-ci sinfinə yerləşdirilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Həmin Qanunun 82.3-cü maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, «CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə İXM-in 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır.» Sözü gedən qərarda həmçinin qeyd edilir ki, «CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: -məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; -borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; -borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; -borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; -borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir (“İcra haqqında” Qanunun 82.3-cü maddəsi). Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir.» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair» 18 dekabr 2014-cü il qərarında inzibati tənbeh təkcə inzibati hüquq pozuntusu ilə deyil, həm də cinayətlə mübarizədə hüquqi vasitə hesab edilir. Belə ki, inzibati pozuntu törətmiş və buna görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilir. İnzibati məsuliyyətə cəlb edilmənin nəticəsiz qalması, bu inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir. Belə olan halda, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilir. İnzibati tənbehin icrası zamanı və qanunla nəzərdə tutulmuş icradan sonrakı müddət şəxsin inzibati məsuliyyətə cəlb olunmuş hesab edildiyi müddətdir. Bu müddət ərzində şəxsin yeni inzibati xəta törətməsi faktı onun üçün hüquqi xarakterli mənfi nəticələr (inzibati məsuliyyəti ağırlaşdıran hal və daha ciddi inzibati tənbehin tətbiqi üçün tövsifedici əlamət) yarada bilər. İnzibati tənbehin ödənilməsi müddəti sınaq müddəti hesab edilir və bu müddətdə məsuliyyətə cəlb olunmuş şəxs özünün islah olunmasını sübut etməlidir. Qərarda həmçinin qeyd edilir ki, «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə müvafiq olaraq barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs, məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Bu hallara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin tələbləri şamil edilmir.» Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.5-ci maddəsinin və “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2008-ci il 15 fevral tarixli Qərarında göstərilmişdir ki, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin quruluşunda qanunverici tərəfindən inzibati preyudisiyadan istifadə olunmuşdur. Həmçinin inzibati məsuliyyətdən sonra borclunun hüquqazidd davranışı davam etdiyi halda onun cinayət məsuliyyətinə cəlb olunması, bunun məhz Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq orqana, məhkəmə icraçıları qurumunun rəhbərinin təqdimatı əsasında mümkünlüyü müəyyən olunmuşdur.” Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 04 sentyabr tarixli Qərarında vurğulanır: “göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib- edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmələr belə işlərə baxarkən Konstitusiyadan irəli gələn tarazlıq prinsipini rəhbər tutaraq, bir tərəfdən məhkəmə aktının icrasının vacibliyinə, digər tərəfdən isə şəxsin lüzumsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməməsinə xüsusi diqqət yetirməlidirlər. Bu yanaşma, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli 2668 nömrəli Sərəncamında əks olunmuş dekriminallaşdırma siyasətinə dair tövsiyələrdən irəli gəlir.” Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarlarında nəzərdə tutulmuş tələblərin müəyyən edilmiş müddət ərzində dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə, məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq, məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görməməsi və qərəzli olaraq icra etməməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər sübutlarla tam təsdiq edilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndindəgöstərilmişdirki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələbinə görə, cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşdə olan Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Şəfili kənd İƏN-yi tərəfindən verilmiş 18 iyun 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə edilir. İşdə olan Qəbələ regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17.01.2020-ci il tarixli, AZ-İV seriyalı, 349090 nömrəli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X11 30.04.2019-cu il tarixdə Qəbələ rayonunda doğulmuş, atası Təqsirləndirilən şəxs, anası X3r. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfü axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, cəza məsələsini müzakirə edən məhkəmə, Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habeləY Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, onun şəxsiyyətini, cəzasını ağırlaşdıran halların olmamasını, təyin edilmiş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs həbslə bağlı olmayan cəza təyin edərkən onun zərərçəkmiş şəxslə birgə nikahdan doğulmuş X14 adlı uşağının Azərbaycan Respublikası Təhsil Nazirliyi Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbində olduğunu, həmçinin əvvəllər uzun müddət onun himayəsində olmasına baxmayaraq həmin müddətlərdə də ona aliment hesablanmasını, himayəsində bir azyaşlı uşağının olması kimi halları da nəzərə almaqdadır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon icra və probasiya şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə Qəbələ rayon icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Azərbaycan RespublikasıCPM-nin 344-347, 349, 351-353, 356 və 385-ci maddələrini rəhbər tutub, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş 01 (bir) il 06 (altı ay) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən 20 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar