Məhkəmə qərarları › İş №1(025)-36/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №1(025)-36/2025

11.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 1(025)-36/2025 11.03.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Cabbarova Səbinə Adil qızının katibliyi, Dövlət ittihamçısı və Müdafiəçi iştirakı ilə, xx.xx.1971-ci il tarixdə Qəbələ rayonu, Bum qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş vəxx.xx.2025-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, işləməyən, Qəbələ rayonu, Bum qəsəbəsində yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxıb M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ondan ötrü məhkəməyə verilmişdir ki, o, 2025-ci sentyabr ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan tarixdə Qəbələ rayonu Tikanlı kəndində çaylaq ərazidə yabanı halda bitmiş, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin yarpaqlarını yığaraq qurutmaqla satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək, hazırlayıb, saxlamaqla üzərində gəzdirərkən 16 sentyabr 2025-ci il tarixdə Qəbələ şəhəri, 28 may küçəsində piyada hərəkət edən zaman Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılmış, həmin yerdə əməliyyataxtarış tədbirini keçirən cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən foto və video çəkiliş aparılmaqla üstünə yoxlama aparılan zaman yuxarıda qeyd edilən mənbədən qanunsuz olaraq əldə etdiyi ağ rəngli sellofan bükümdə təmiz çəkisi 10,82 qram çəkidə xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əynindəki qara rəngli gödəkçənin sol yan cibindən aşkarlanaraq müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Qəbələ rayonu, Bum qəsəbəsində yaşayır və 30 ildən artıq müddətdir ki, narkotik maddə olan qurudulmuş marixuanadan istifadə edir və marixuananı Qəbələ rayonunun Tikanlı kəndi ərazisində yabanı halda bitmiş çətənə kollarının yarpaqlarından yığmaqla əldə etmişdir. Hazırda istifadə etdiyi narkotik vasitə olan marixuananı 2025-ci sentyabr ayının əvvəllərində Qəbələ rayonu Tikanlı kəndi yaxınlığındakı çaylaq ərazidə yabanı halda bitmiş marixuana bitkilərindən yığaraq istifadə etmək üçün qurutmuş və sellofan torbaya yığaraq ailə üzvlərindən xəbərsiz yaşadığı ünvanda həyətdə gizlədərək saxlamışdır. Həmin narkotik vasitədən müxtəlif vaxtlarda az-az istifadə etmiş, xx.xx.2025-ci il tarixdə günortaya yaxın qalan hissəni çəkmək üçün sellofan torba ilə birlikdə götürüb Qəbələ şəhərinə gəlmişdir. Saat təxminən 12:41 radələrində Qəbələ şəhəri, 28 May küçəsində Bum qəsəbəsi istiqamətində gəzərkən tanımadığı iki nəfər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirakından şübhələndiklərini bildirərək üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar. Onlara üzərində qurudulmuş marixuana olduğunu bildirərək əynindəki qara rəngli gödəkçəsinin sol cibində saxladığı 01 (bir) ədəd ağ rəngli sellofan torbadakı narkotik vasitə olan qurudulmuş marixuana kütləsini polis əməkdaşlarına təqdim etmiş, həmin kütləni Qəbələ rayonu, Tikanlı kəndi yaxınlığındakı çaylaq ərazidə yabanı halda bitən çətənə bitkilərindən topladığını və qurudaraq yaşadığı ünvanda gizlətdiyini, üzərindəki narkotik vasitəni də həmin yerdən götürdüyünü bildirmişdir. Şahid1 ifadəsində göstərmişdir ki, o, Qəbələ RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 16 sentyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə olan marixuana qanunsuz olaraq əldə edərək üzərində daşıması, eləcə də saxlaması barədə daxil olmuş məlumat əsasında həmin gün günorta vaxtı Qəbələ RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri, Ruhlan Mustafayev, Babək Mustafazadə və Şahid2 ilə birlikdə Qəbələ şəhəri, 28 may küçəsinə gedərək mövqe tutub müşahidə aparmış və Təqsirləndirilən şəxs ərazidə olarkən saxlanılmışdır. Özlərini təqdim edərək ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilib hüquq və vəzifələri izah edilmiş və ondan üzərində narkotik vasitə, yaxud digər cinayət xarakterli predmet olub-olmadığı şifahi qaydada soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərində qurudulmuş marixuana olduğunu bildirmiş və əynindəki qara rəngli gödəkçəsinin sol cibindən 01 ədəd ağ rəngli sellofan torba çıxararaq təqdim etmişdir. Sellofan torba açıldıqda kəskin iyə malik qurudulmuş marixuanaya bənzər yaşıl rəngli kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin kütlənin qurudulmuş marixuana olduğunu və 2025-ci sentyabr ayının əvvəllərində Qəbələ rayonu Tikanlı kəndi yaxınlığındakı çaylaq ərazidə yabanı halda bitmiş marixuana kollarından yığaraq əldə edib özü istifadə etmək üçün saxladığını bildirmişdir. Aşkar edilmiş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və tədbirdə iştirak edənlər tərəfindən imzalamışdır. Təqsirləndirilən şəxs üzərinə baxış zamanı mobil telefon vasitəsilə fotoşəkillər çəkilmiş və videoçəkiliş aparılmış, fotoşəkillər, eləcə də videogörüntü 01 ədəd CD diskə köçürülərək protokola əlavə edilmişdir. İş üzrə şahid Qəbələ RPŞ CAB-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsində göstərilən xüsusatları eyni ilə təsdiq etmişdir. İşdə olan 16 sentyabr 2025-ci il tarixli “Əməliyyat axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokola əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni əldə edərək üzərində saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı o, 16 sentyabr 2025-ci il tarixdə, saat 12:41 radələrində Qəbələ şəhəri, 28 may küçəsində saxlanılmış, hüquq və vəzifələri izah olunaraq üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs 1 (bir) ədəd ağ rəngli sellofan torbada yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Həmin narkotik maddə olan qurudulmuş marixuanaya oxşar kütlə sellofan torba ilə birlikdə elektron tərəzidə çəkilərək 12.42 qram gəlmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan qurudulmuş marixuananı 2025-ci sentyabr ayının əvvəllərində Qəbələ rayonunun Tikanlı kəndi yaxınlığındakı çaylaq ərazidə yanabı halda bitən nartkotik tərkibli bitklərin yarpaqlarından toplayaraq özünün istifadəsi üçün qurudub yaşadığı ünvanda gizlədərək saxladığını və həmin qurudulmuş bitki kütləsini üzərində daşıyarkən yaxalandığını bildirmişdir. Qeyd olunan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə baxış zamanı mobil telefon vasitəsilə fotoşəkillər çəkilmiş və videoçəkiliş aparılmış, həmin fotoşəkillər, eləcə də videogörüntü 01 ədəd CD diskə köçürülərək protokola əlavə edilmişdir. (c.i.səh:11-18; fotocədvəl. səh:13-17) İşdə olan xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyaya baxış keçirilməsi, həmçinin, şəxsi axtarış və götürmə haqqında” protokola əsasən 16 sentyabr 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs aşkar edilmiş əşyalara (predmetlərə) videoçəkilişdən istifadə edilərək baxış keçirilərkən təqdim olunan 01 ədəd ağ rəngli zərf açıldıqda içərisində 1 ədəd ağ rəngli sellafon torbada olan kəskin iyə malik, marixuanaya bənzər qurudulmuş yaşıl kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin bitki kütləsinin onun üzərində aşkar edilərək götürüldüyünü, həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və 2025-ci sentyabr ayının əvvəllərində Qəbələ rayonunun Tikanlı kəndi yaxınlığındakı çaylaq ərazidə yanabı halda bitən nartkotik tərkibli bitklərin yarpaqlarından toplayaraq özünün istifadəsi üçün qurudub üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik maddə olan qurudulmuş marixuana kütləsi təkrarən elektron tərəzidə çəkildikdə 12,43 qram gəlmiş və və həmin kütlə 1 ədəd müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı mobil telefon vasitəsilə fotoşəkillər çəkilmiş və videoçəkiliş aparılmış, həmin fotoşəkillər, eləcə də videogörüntü 01 ədəd CD diskə köçürülərək protokola əlavə edilmişdir. (c.i.səh: 34-42; fotocədvəl. səh:34-41) İşdə olan xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin ifadələrinin yerində yoxlanılması” haqqında protokola əsasən Təqsirləndirilən şəxs Qəbələ rayonu Tikanlı kəndi yaxınlığındakı ərazini göstərərək xx.xx.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən üzərində aşkarlanaraq götürülmüş 1 ədəd sellofan torbada olan qurudulmuş marixuana kütləsini 2025-ci sentyabr ayının əvvəllərində həmin yerdə yabanı halda bitmiş marixuana bitkilərindən öz istifadəsi üçün yığdığını və qurutduqdan sonra Qəbələ rayonu, Bum qəsəbəsində, yaşadığı ünvanda saxladığını bildirmişdir. (c.i. səh: 126-131; fotocədvəl. səh: 129-131) İşdə olan AR ƏN MEM X17 tərəfindən verilmiş 16 sentyabr 2025-ci il tarixli 17/704 nömrəli məhkəmə bioloji ekspertizasının rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “İştirakçılar” 1.Şübhəli şəxs Təqsirləndirilən şəxs 2.Müdafiəçi.” yazısı və imzalar olan 01 (bir) ədəd zərfin içərsindəki, digər 01 (bir) ədəd zərfin içərsində olan 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 10,82 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixunadır; Tədqiqata 0,05 qram sərf eilmiş,marixuananın qalıq çəkisi 10,77 qram olmuşdur. ( c.i. səh :52-55) İşdə olan Qəbələ rayon X19 Mərkəzinin Bitkiçilik sektorunun müdiri, mütəxəssis-aqronom X8 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Rəyə əsasən Qəbələ rayonununun Tikanlı kəndində Tikanlı çayının kənarlarında narkotik tərkibli çətənə (kannabis) bitkiləri yabanı halda bitə bilər. Yabanı halda narkotik mənşəli bitkilərin yetişməsi üçün həmin ərazidə onlara hər hansı bir aqrotexniki qulluq göstərilməsi halı müşahidə edilməmişdir. (c.i. səh : 144) AR CPM-nin 124.2-ci maddəsinə əsasən şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər cinayət prosesində sübut kimi qəbul edilir. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. İşdə olan AR DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məlumata əsasən Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2025-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. ( c.i. səh : 85-89) İşdə olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə birliyi” Publik hüquqi şəxs Qəbələ rayon mərkəzi xəstəxanası Publik hüquqi şəxs tərəfindən verilmiş 23 sentyabr 2025-ci il tarixli 18-1-52/2-2636/2025 saylı məlumata əsasən Təqsirləndirilən şəxs Qəbələ RMX PHŞ-in polikilinika şöbəsinin psixiatrik kabinetində hər hansı bir xəstəliklə qeydiyyatda deyil, xx.xx.2020-ci ildən narkoloji kabinetdə qeydiyyatdadır. İşdə olan AR SN Gəncə Şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 05 noyabr 2025-ci il tarixli 1761 saylı rəyə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir və narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. ( c.i. səh : 132) İşdə olan Qəbələ RİHB Qəbələ rayon Bum qəsəbə İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 5-59-13/3-580/2025 saylı xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. ( c.i.səh:109-111) İşdə olan xx.xx.2025-ci il tarixli “cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” protokola əsasən Təqsirləndirilən şəxs həmin tarixdə AR CM-nın 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (c.i. səh: 20). İşdə olan Qəbələ RPŞ-nin xx.xx.2025-ci il tarixli qərarının surətinə əsasən Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. (c.i. səh: 78-83) İşdə olan AZ-İİ 114490 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətinə əsasən xx.xx.1971-cı il təvəllüdlü Təqsirləndirilən şəxs X10 və X1 törəmişdir. İşdə olan AZ-İ 288735 nömrəli “ölüm haqqında şəhadatnamə”nin surətinə əsasən X10 xx.xx.2008-ci ildə Qəbələ rayonu, Bum qəsəbəsində vəfat etmişdir. İşdə olan Qəbələ RİHB Qəbələ rayon Bum qəsəbə İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli 5-59-13/3-103/2026 saylı arayışa əsasən Təqsirləndirilən şəxs Qəbələ rayonu, Bum qəsəbəsində yaşayır. Onun atası X10, anası X6, babası X3r. İşdə olan AR Milli Arxiv İdarəsi Qəbələ Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2026cı il tarixli, 3-48-27RA/2-96/2026 saylı məktuba əlavə edilmiş xx.xx.1938-ci il tarixli 1 saylı “doğum haqqında akt qeydi” nə əsasən xx.xx.1937-cı il təvəllüdlü X5 atası X7, anası X4r. İşdə olan AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli, 3-43-36/2-7970/2026 saylı məlumata əsasən X2 adı Qəbələ rayon şöbəsi üzrə Böyük Vətən müharibəsi illərində həlak olan və itkin düşənlərin siyahısı qovluğunda 42-ci səhifədə, 1109-cu sırada aşkar olunmuşdur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” AR Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.9-cu bəndində göstərilir ki, İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı döyüşlərdə iştirak etmiş, eləcə də həmin dövrdə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində və arxa cəbhədə xidmət etmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada bunlara bərabər tutulan şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, habelə keçmiş SSRİ-nin orden və medalları ilə təltif olunmuş şəxslər (qanunvericiliklə müəyyən edilmiş qaydada orden və medallardan məhrum edilmiş şəxslər istisna olmaqla) təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilir. (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla) Həmin Qərarın 5.1-ci bəndində göstərilir ki, məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar. (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); AR CM-nın 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. AR CPM-nin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci. maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində amnistiya tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməsi barədə xahişi və amnistiyanın tətbiqinə məhdudiyyətlərin olmadığı nəzərə alınaraq “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” AR Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.9 və 5.1-ci bəndi tətbiq edilərək o, barəsində AR CM-nın 234.1-ci maddəsi ilə olan cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilərək işin icraatına xitam verilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir; İş üzrə maddi sübut, Qəbələ RPŞ-nin maddi sübutların saxlanma yerinə təhvil verilmiş 10,77 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli və iş üzrə ekspertiza xərcini təşkil edən 71,86 manat Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasın Azərbaycan Respublikası CPM-nin 321-ci maddəsini rəhbər tutaraq QƏRARVERDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” AR Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.9 və 5.1-ci bəndi tətbiq edilərək Təqsirləndirilən şəxs barəsində AR CM-nın 234.1-ci maddəsi ilə olan cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut, Qəbələ RPŞ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmiş cəmi 10,77 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza xərcini təşkil edən 71,86 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Qərardan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar