Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-37/2024 18.11.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Xüsusi ittihamçı – X10 və onun vəkili və etibarnamə üzrə nümayəndəsi Müdafiəçi Zaman oğlunun, təqsirləndirilən şəxs – X5 və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili X6 iştirakları ilə 15 iyun 1970-ci il tarixində Qəbələ rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittihamçı X10 xüsusi ittiham qaydasında şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 nümayiş etdirildiyini bildiyi halda internet informasiya ehtiyatında X10 şəxsiyyətini, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla 2024-cü ilin iyul ayında “Facebook” sosial şəbəkəsində mövcud olan “Azərbaycan Arıçılar Assosiasiyası” adlı qrupda aparılan yazışmada X16 barəsində “Levent fitnəkardı. Hakkıdan nisyə istəyib o da verməyib. Buna görə belə edir. Qəbələdə o atanşik kimi ad çıxarıb və neçə dəfə məhkəməsi olub balıq üzrə” məzmununda ifadələrlə, X13 təhqir etmişdir. Beləliklə də, X9 X3 nümayiş edilən internet informasiya ehtiyatında şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla təhqir etmişdir. Bununla da, X9 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X10 xüsusi ittiham qaydasında şikayəti 04 noyabr 2024-cü il tarixli qərarı ilə məhkəmənin icraatına qəbul edilmiş, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məhkəməyə verilmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, barəsində xüsusi ittiham qaydasında şikayət olunan X9 "Facebook" sosial şəbəkəsində mövcud olan və X11 üzv olmadığı "Azərbaycan Arıçılar Assosiasiyası" adlı qrupda aparılan yazışmada X17 barəsində "Levent fitnəkardı. Hakkıdan nisyə istəyib o da verməyib, Buna görə belə edir. Qəbələdə o atanşik kimi ad çıxarıb və neçə dəfə məhkəməsi olub balıq üzrə" ifadəsini işlədərək X14 təhqir etmişdir. Bilindiyi kimi "atanşik" dələduz deməkdir. Dələduzluq isə ictimai təhlükəli əməl olub Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində öz əksini tapmışdır. Bu ifadənin pis mənalı olması həmin ifadə ilə əhatə olunan əməldən birbaşa görsənir. X17 barəsində təhqiredici ifadə işlədilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin tərkib əlamətini yaratmışdır. Eyni zamanda "fitnəkar" ifadəsi də pis mənalı söz olmaqla təhqiramiz söz sayılır. Bundan sonra X17 tərəfindən Qəbələ rayon Polis Şöbəsinə ərizə ilə müraciət edilmişdir. Qəbələ rayon Polis Şöbəsində araşdırma aparılmış və xx.xx.2024-cü il tarixli məktubla xüsusi ittiham qaydasında məhkəməyə müraciət etməli olduğumuz bildirilmişdir. Aparılmış araşdırma zamanı izahatı alınmış X18 törətmiş olduğu əməli etiraf etmiş və əsəbləşib mənfi rəy yazığını bildirmişdir. oğlu Eyni zamanda həmin şəxsin törətmiş olduğu əməlin fotoşəkilləri ərizəyə əlavə olunacaqdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs X9 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, Levent Turan qurduğu işi əlindən almışdır. 3 dəfə ona mal gətirib, 4-cü dəfə pulunu alıb, daha sonra pulunu qaytarıb və malını gətirməmişdir. O, ziyana düşmüşdür. Bundan əlavə onun mal aldığı adama onun barəsində böhtan xarakterli sözlər demiş, yalan məlumatlar vermiş, işini tamamilə əlindən almışdır, onu gəlirindən məhrum etmişdir. Ona qarşı heç bir cinayət törətməmişdir. Bəli, Levent Turan ona atıbdır. Levent Turan onun haqqında həmin adama yalan, böhtan xarakterli məlumatlar verib, sonradan həmin adam deyilən sözlərin yalan olduğunu öyrənib, Levent Turana qarşı münasiəti dəyişmişdir. Sonradan onlar arasında olan iş münasibətləri də bitmişdir. Əvvəl onu aldadıb gətirəcəyi malı gətirməmiş, həmin mal gec gəlib çatdığı üçün 86 ədədindən 25 ədədi sağ gəlmişdir. İkinci dəfə də onun işini əlindən almışdır. Əvvəl 3 dəfə göndərdiyi mallar Yevlaxdan, Qaxdan, Şəkidən olan adamlara çatdırılıb. Əməlindən peşimandır. O, həmin səhifədə təkzib də verməyə hazırdır. Lakin Leventin dediyi məbləği ödəmək iqtidarında deyil. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X16 xüsusi ittiham qaydasında şikayəti müdafiə edərək, şikayətə uyğun ifadə verdi və əlavə olaraq bildirdi ki, o, rəsmi qaydada arıçılıq fəaliyyəti ilə məşğuldur. Bununla bağlı vergi ödəyir. Oğuz rayonunda arıçılıq ləvazimatlarının satışı mağazası var. Həmçinin Azərbaycan Arıçılar Assosasiyasının üzvüdür. Azərbaycan Arıçılar Assosasiyasının “Facebbok” Sosial Şəbəkəsində qrupu var. Həmin qrupun üzvüdür. Həmin qrupun da 80.000 nəfər civarında üzvü var. X9 da Türkiyədən qaçaq yollarla ana arı gətirib satır. Ana arı satması ilə bağlı “Facebbok” Sosial Şəbəkəsində paylaşımları da var. O, Türkiyədə Hakkı adlı bir arıçıdan öz arıxanası üçün ana arı gətirmişdir. Sonradan görmüş ki, bu ana arının sortu yaxşı deyil, yararsızdır. Bu barədə “Facebbok” Sosial Şəbəkəsində həmin qrupda paylaşım etmiş və yazmış ki, “o, Türkiyədə Hakkı adlı arıçıdan ana arı almış, başına belə bir problem gəlmiş, siz də alsaz, başınıza belə problem gələcək, təsərrüfatınız batacaq”. Bundan bir il keçəndən sonra X9 gedib Türkiyədən həmin adamdan ana arı gətirib satmağa başlayıb və bu barədə “Facebbok” Sosial Şəbəkəsində həmin qrupda paylaşım edib ki, ana arı satır. X7 bir nəfər yazıb ki, bu ana arılar haranın arısıdır. X9 cavab verib ki, X19 alıb, onun arılarıdır. Həmin adam X7 yazıb ki, bu barədə Levent Turanın paylaşımı var idi, Hakkı Gökçənin arıları yararsızdır. Həmin vaxt X9 onun barəsində alçaldıcı ifadələr işlədərək, “X23 atanşik kimi tanınır, dəfələrlə məhkəməsi olub” yazıb. Onun nüfuzunu alçaldıb. Onu təhqir edib. On görə də qərara gəlmiş ki, ondan şikayət etsin. Göstərilənlərə əsasən X8 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirli bilərək barəsində ittiham hökmü çıxarılmasını xahiş etdi. Çünki o, bu işlə bağlı 800 manat həcmində zərər də çəkmişdir. Təqsirləndirilən şəxs isə ona həmin məbləği ödəmək istəmir. Bu səbəbdən də onunla barışmaq isətmir və məhkəmədən ittiham hökmü çıxarılmasını xahiş edir. Məhkəmə, xüsusi ittihamçı X10 və təqsirləndirilən şəxsin ifadəsini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verməklə yuxarıda göstərilən məlumatların hər birinə münasibətdə X5 təqsirli olub-olmamasına qiymət verilməsini, onun əməlində CM-in 148-ci maddəsinin cinayət tərkibi elementlərinin hər birinin olub-olmamasının araşdırılmasını zəruri hesab edir. Belə ki, şikayətə əlavə edilmiş “Facebook” sosial şəbəkəsindən çıxarışdan görünür ki, X9 özünə məxsus Hikmet Davudov adlı səhifəsi ilə “Facebook” sosial şəbəkəsində mövcud olan “Azərbaycan Arıçılar Assosiasiyası” adlı qrupda aparılan yazışmada X16 barəsində “Levent fitnəkardı. Hakkıdan nisyə istəyib o da verməyib. Buna görə belə edir. Qəbələdə o atanşik kimi ad çıxarıb və neçə dəfə məhkəməsi olub balıq üzrə” məzmununda sözlər paylaşmışdır. Şikayətə əlavə edilmiş Qəbələ Rayon Polis Şöbəsinə tərəfindən X15 ünvanlanmış xx.xx.2024-cü il tarixli, 26/3-13-89/2-26128 saylı məktubda göstərilmişdir ki, müraciətdə göstərilən xüsusatlar xüsusi ittiham xarakterli olduğundan və baxılması məhkəmə orqanlarının səlahiyyətlərinə aid olduğundan xüsusi ittiham qaydasında aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi bildirilmişdir. Şikayətə əlavə edilmiş X16 tərəfindən Qəbələ rayon Polis şöbəsinə ünvanlamış şikayətdə göstərilmişdir ki, “15 iyun 1970-ci il təvəllüdlü Qəbələ rayon sakini Hikmət Davudov (mob: (070) *** ** ** ve 070 *** ** ** ) adlı şəxs 8959 nefer üzvü olan Facebook sosial şəbəkəsində mövcud olan və mənim üzv olmadığım "Azərbaycan Arıçılar Assosiasiyası" adlı qrupda aparılan yazışmada barəmdə "Levent fitnəkardı. Hakkıdan nisyə istəyib o da verməyib. Buna görə belə edir. Qəbələdə o atanşik kimi ad çıxarıb və neçə dəfə məhkəməsi olub balıq üzrə" ifadəsini işlədərək məni təhqir etmişdir. Bilindiyi kimi "atanşik" dələduz deməkdir. Dələduzluq isə ictimai təhlükəli əməl olub Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178ci maddəsində öz əksini tapmışdır. Bu ifadənin pis mənalı olması həmin ifadə ilə əhatə olunan əməldən birbaşa görsənir. Barəmdə hər-hansısa məhkəmə hökmü olmadan şəxsin kütləvi informasiya vasitəsində barəmdə təhqiredici ifadə işlətməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin tərkib əlamətini yaratmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma -min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda "fitnəkar" ifadəsi də pis mənalı söz olmaqla reallığı əks etdirmir. Göstərilənləri nəzərə alaraq Sizdən 15 iyun 1970-ci il təvəllüdlü Hikmət Davudov (mob: (070) *** ** ** ) adlı şəxsin məsuliyyətə cəlb edilməsi üçün tədbirlərin görülməsini xahiş edirəm.” Şikayətə əlavə edilmiş X5 Qəbələ RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı Səxavət Qafarova yazdığı verdyi izahatda göstərmişdir ki, “Mənə verilən suallara cavab olaraq bildirirəm ki, məh həqiqətən də yuxarıda göstərilən ünvanda yaşayıram, evliyəm üç övladım var. Hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmirəm. Fərdi təsərrüfatla məşğul oluram. Bildiriəm ki, təxmini keçən ilin sentyabr ayında Türkiyədən təsərrüfat üçün ana arı gətirmişəm. Məşğulluq xidmətindən mənə verilən arı ailələri üçün ana arıları vermişəm. Bundan çoxaltmaq məqsədilə alıb satışı məqsədilə məşğul olmuşam. Facebook sosial şəbəkəsində Türkiyə Respublikası vətəndaşı Turan Leventi arıçılıq fəaliyyəti ilə məşğul olan şəxs kimi tanımışam. Mən bir neçə nəfərdən söhbət əsnasında həmin adamın Türkiyədən gətirdiyi ana arıların keyfiyyətsiz olması və bunun nəticəsində məhsuldarliğın olmaması barədə eşitmişəm. Mən facebooka daxil olan zaman orada gördüm ki, bir neçə şəxs Turan Leventin barəsində rəy yazıb. Məndə bu rəylərə qoşuldum və onu yalançı kimi təqdim etmişəm. Həmin şəxs bu barədə Qəbələ rayon polis şöbəsinə ərizə ilə mütaciət edib. Qeyd edim ki, onun bir neçə belə hərəkəti olduğu üçün mən əsəbiləşib onun barəsində mənfi rəy yazmışam. Polis şöbəsində olan zaman mənimlə profilaktiki söhbətlər aparılb və etdiyim hərəkətə görə ondan üzrxahlıq etmişəm. Əməlimdən peşmanam.” Beləliklə, məhkəmə istintaqı zamanı xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs ona qarşı verilmiş xüsusi ittihamda özünü təqsirli bilərək, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən xüsusi ittihamçının ifadəsinə, qeydə alınmış digər sübutlara tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin X9 tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə tövsif edilir. Çünki müəyyən edilir ki, 2024-cü ilin iyul ayında “Facebook” sosial şəbəkəsində mövcud olan “Azərbaycan Arıçılar Assosiasiyası” adlı qrupda aparılan yazışmada X16 barəsində “Levent fitnəkardı. Hakkıdan nisyə istəyib o da verməyib. Buna görə belə edir. Qəbələdə o atanşik kimi ad çıxarıb və neçə dəfə məhkəməsi olub balıq üzrə” məzmununda ifadələr işlətmiş, həmin ifadələr və hərəkətlər təhqir hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ görə (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, «Facebook» sosial şəbəkəsində X9 tərəfindən xüsusi ittihamçı X2 nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltması məhkəmə iclasında araşdırılan sübutlarla öz təsdiqini tapır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 10-cu maddəsində də nəzərdə tutulur ki, hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir, Konvensiyasının bu maddəsi tamamilə, hətta ciddi ictimai narahatlıq doğuran məsələlərin mətbuatda əks olunmasına gəldikdə belə, məhdudiyyətsiz ifadə azadlığını təmin etmir. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 nömrəli 21 fevral 2014cü il tarixli qərarında qeyd edilir ki, xüsusi ittiham qaydasında şikayətlər üzrə işlərə baxarkən məhkəmələr hər kəsin toxunulmazlığının, şərəf və ləyaqətinin, habelə Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş digər hüquqlarının məhkəmə müdafiəsinin təmin edilməsi üçün qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Sözügedən qərarın 2 və 5-ci bəndlərində qeyd edilir ki, məhkəmələrə izah edilmiş ki, “cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdəşəxsin öz mənəvi vəəqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi vəözünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isəşəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Qeyd edilmiş ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə vəşikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdəəks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansışəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçatmağa görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür.» Həmin qərarın 6 və 7-cı bəndlərində qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Məhkəmələrə tövsiyə edilmişdir ki, “xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən yayılmış məlumatların təhqir və ya tənqid xarakterli olmasına, onların xüsusi ittihamçının şəxsi və ya ictimai həyatına, siyasi fəaliyyətinə müdaxilə olub-olmamasına diqqət yetirsinlər. Belə ki, X5 Qəbələ rayon Polis şöbəsində verdiyi izahat məhkəmə baxışında elan edilərək tədqiq edilmişdir. Həmin izahatdan gürünür ki, X9 izahatında X13 yalançı kimi təqdim etdiyini, əsəbləşib onun barəsində mənfi rəy yazdığını etiraf etmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq xüsusi ittihamçının ifadəsini, «Facebook» sosial şəbəkəsində mövcud olan “Azərbaycan Arıçılar Assosiasiyası” adlı qrupda aparılan yazışmadan şəkillərin çıxarışları, habelə digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib hesab edir ki, X9 tərəfindən xüsusi ittihamçı X2 nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltması və bununla da Azərbaycan Respublikası CM-nın 148-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Belə ki, həm məhkəmə hazırlıq iclasında, həm məhkəmə baxış iclasında, həm də məhkəmə istintaqı bitdikdən sonra çıxışlar dövrü məhkəmə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəllənin 37.2, 38.4, 39.1.9, 41.7, 43.1.1-ci maddələrində nəzərdə tutulmuş hallarla bağlı xüsusi ittihamçının diqqətinə çatdıraraq ona təklif etmişdir ki, hazırkı şikayət üzrə xüsusi ittiham qaydasında təqsirləndirilən şəxsə qarşı verdiyi ittihamdan imtina etmək hüququ, geri götürmək hüququ, barışmaq hüququ olduğunu diqqətinə çatdırmış, lakin xüsusi ittihamçı şikayətindən imtina etmədiyini, şikayətini müdafiə etdiyini, barışmadığını bildirmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 8-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, Xüsusi ittiham qaydasında verilmiş şikayətdə zərər çəkmiş şəxsin təhqir olunması iddiası irəli sürüldükdə yayılmış məlumatların təhqir xarakterli məlumatlar olmasını yoxlayarkən məhkəmələrə müvafiq lüğətlərdən, linqvistika sahəsində mütəxəssislərin fıkirlərindən istifadə etmələri, zərurət yarandıqda məhkəmə-linqvistik ekspertizası keçirmələri tövsiyə edilir. Beləliklə, məhkəmə tərəfindən X9 tərəfindən X16 barəsində işlədilən “fitnəkar” və “atanşik” ifadələri lüğətdən istifadə edilərək araşdırılmışdır. Azərbaycan dilinin izahatlı lüğətində “fitnəkar” sözünün mənası “bir nəfər və ya bir cəmiyyətdən asayiş və əmin-amanlığın alınması, iki və ya daha çox insanı bir-birinin canına salıb ikitirəlik yaratmaq, həmçinin xalqa əziyyət və işgəncə vermək” deməkdir. Eyni zamanda Azərbaycan dilinin izahatlı lüğətində “atanşik” sözünün mənası “borca pul götürüb qaytarmayan, söz verib etməyən, hər yerdə cığallıq edən adam tipi” deməkdir. Nəticədə “fitnəkar” və “atanşik” sözlərinin mənası Azərbaycan dilinin lüğətində açıqca öz əksini tapdığından məhkəmə-linqvistik ekspertizası keçirməsinə zərurət yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 148-ci maddəsinə görə, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət- hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər,ədalətin bərqərar edildiyi də aydın görünməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Eyni zamanda, «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təhqir və böhtanla bağlı işlər üzrə təqsirləndirilən şəxslər barəsində cəza tədbiri seçərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini səciyyələndirən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, ifadə azadlığının demokratik cəmiyyətin təməl sütunlarından biri olmasını və bununla bağlı Avropa Məhkəməsinin presedent hüququnu nəzərə alsınlar. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, X9 məhkumluğu olmayan şəxsdir. Beləliklədə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxs X9 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində göstərilən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. X5 əməlində Azərbaycan Respublikası CM-nin 61-cimaddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X7 cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, təqsirləndirilən şəxs X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinməli, ona Azərbaycan Respublikası CM-nin 148-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə cəzası təyin edilməlidir. Məhkəmə, X7 CM-nin 148-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər cəzasının təyin edilməsini cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 47.2-1-ci maddəsinə əsasən X5 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, təqsirləndirilən şəxs X9 ona təyin edilmiş ictimai işlər cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs X7 təyin edilmiş ictimai işlər cəzasının çəkilməsi yaşadığı yer üzrə Qəbələ rayon icra və probasiya şöbəsində ictimai işlər növündə cəzanı çəkməyə başladığı vaxtdan hesablanmalıdır. Eyni zamanda məhkəmə Hikmət Davudova təyin ediləcək cəzanın azadlıqdan məhrumetmə ilə bağlı olmadığını nəzərə almaqla onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, xüsusi ittiham qaydasında şikayətə əlavə edilmiş “Facebook” sosial şəbəkəsindən çıxarışlar, Qəbələ rayon Polis şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu və araşdırma materialları iş üzrə maddi sübut kimi tanınmalı və cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351- 353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 260 (iki yüz altmış) saat ictimai işlər cəzasına məhkum edilsin. X5 cəza çəkmə müddətinin əvvəli ictimai işlər növündə cəzanı çəkməyə başladığı vaxtdan hesablansın. X5 üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Hökmün icrası X5 yaşayış yeri üzrə Qəbələ rayon İcra və probasiya şöbəsinə tapşırılsın. X9 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Xüsusi ittiham qaydasında şikayətə əlavə edilmiş “Facebook” sosial şəbəkəsindən çıxarışlar, Qəbələ rayon Polis şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu və araşdırma materialları iş üzrə maddi sübut kimi tanınsın və cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökm apellyasiya şikayəti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №1(025)-37/2024
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-37/2024
18.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver