Məhkəmə qərarları › İş №1(025)-37/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №1(025)-37/2025

14.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 1(025)-37/2025 14.01.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi İsayeva Elvina Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1970-ci ildə Qəbələ şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, ünvan 1 ünvanda yaşayan, xx.xx.2025-ci il tarixli qərarla “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitəni əldə etmə, daşıma və saxlama cinayətini törətmişdir. Belə ki, o, Qəbələ rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04(dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək xx.xx.2023-cü il tarixdə azadlıqdan məhrum etmə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq məhkumluğu ödənilmədən residiv halında, satış məqsədi olmadan, 2025-ci ilin iyul ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan tarixdə və saatda Qəbələ rayon ərazisində yerləşən “Dəmiraparan” çayının sahilindən yabanı halda bitmiş, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisinin yarpaqlarını yığaraq qurutmuşdur. Qanunsuz olaraq kustar üsulla hazırlayıb əldə etdiyi 17,01 qram olmaqla xeyli miqdarda narkotik vasitə-qurudulmuş marixuananı bir ədəd şəffaf sellofan bükümdə üzərində gəzdirərkən xx.xx.2025-ci il tarixdə saat 09:50 radələrində Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Qəbələ şəhəri Natavan küçəsində “Ana abidəsi”nin yaxınlığında piyada hərəkətdə olarkən saxlanılmışdır. Əməliyyat tədbirinin keçirilməsinə müvəkkil edilmiş əməkdaşlar tərəfindən saxlanıldığı yerdə videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilən zaman yuxarıda qeyd edilən mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində gəzdirdiyi ümumi təmiz çəkisi 17,01 qram olmaqla xeyli miqdarda narkotik vasitə-qurudulmuş marixuana bir ədəd şəffaf sellofan bükümdə əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən aşkarlanaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında ifadə verərkən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, ünvan 2 ünvanında yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Qəbələ rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, eləcə də Qəbələ rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. 1990-cı il tarixdən bu günə kimi Birinci Qarabağ müharibəsində iştirak edərək travmalar aldığı üçün narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etməyə başlamışdır. Narkotik vasitə olan qurudulmuş marixuanı isə yabanı halda bitən ərazilərdə qarşısına çıxdığı zaman yığıb qurutmaqla əldə edir və siqaret kötüyünə doldurmaqla istifadə edirmiş. 2025-ci ilin iyul ayında dəqiq xatırlamadığı günündə Qəbələ rayon ərazisində yerləşən “Dəmiraparan” çayının sahilində piyada gəzərkən orada yabanı halda bitmiş çətənə bitkilərinin yarpaqlarını yığmış ki, sonradan qurudub istifadə etsin. Həmin vaxtdan etibarən isə yığdığı çətənə bitkilərinin yarpaqlarını qurudaraq üzərində gəzdirirmiş ki, narahat olduğu zamanlarda istifadə etsin. Bu məqsədlə də xx.xx.2025-ci il tarixdə saat təxminən 10 radələrində qeyd etdiyi çətənə bitkilərinin yarpaqlarından yığıb qurutmaqla əldə etdiyi qurudulmuş marixuananı sellofan bükümdə əynində olan qara rəngli gödəkcəsinin sol yan cibinə qoyaraq yaşadığı evdən piyada çıxmış və Qəbələ şəhəri ərazisində yerləşən “Ana abidəsi” kimi tanınan Natavan küçəsi adlanan əraziyə getmiş ki, orada qurudulmuş marixuanadan istifadə etsin. Həmin vaxt isə dörd nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını və onun narkotik vasitə istifadəçisi olmağı, eyni zamanda üzərində narkotik tərkibli maddələrin olmasında şübhələrin olduğunu bildirmişlər. Həmin vaxt üzərində narkotik təkibli maddənin olduğunu bildirmiş və üzərinə baxış keçirilən zaman gödəkcəsinin sol yan cibində saxladığı içərisində qurudulmuş marixuana olan sellofana bükülü narkotik vasitəni təqdim etmişdir. Həmin narkotik vasitəni polis əməkdaşları elektron tərəzidə çəkmişlər, çəkisi təxminən 17-18 qram olduğu müəyyən edilmiş, daha sonra qablaşdıraraq götürmüşlər. Daha sonra ondan yaşadığı evdə və ya başqa hər hansı bir yerdə narkotik vasitə saxlayıb-saxlamadığını soruşmuşlar, onlara evimdə və ya başqa hər hansı bir yerdə nakotik vasitə olan qurudulmuş marixuana saxlamadığını bildirmişdir. Daha sonra onu polis şöbəsinə gətirmişlər. Polis şöbəsində üzərindən aşkar edilmiş narkotikə yenidən təhqiqatçı tərəfindən baxış keçirilmiş və yenidən heç bir müdaxilə olmadan qablaşdırılmışdır. Protokol tərtib edilmiş və tərəfindən, eləcə də müdafiəçisi tərəfindən imzalanmışdır. Üzərindən aşkar edilmiş narkotik vasitəni öz şəxsi istifadəsi üçün saxlayaraq gəzdirmişdir. Narkotik vasitəni satış məqsədi ilə istifadə etməmiş və başqa şəxslərə satmamış, yalnız özü üçün istifadə etmişdir. Etdiyi əmələ görə peşmandır. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu bildirərək, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarının iştirakçısı olduğunu və himayəsində yetkinlik yaşına çatmayan uşağının olduğunu bildirərək, ərizə təqdim edərək barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 5.1-ci bəndinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Qəbələ rayon polis şöbəsinin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 19 sentyabr 2025-ci il tarixdə Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Qəbələ şəhəri Osman Sadıqov küçəsi, ev 39 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitənin qəbulunda və satış məqsədi olmadan üzərində daşımasında şübhəli olması barədə məlumat əldə etmişlər və saat 09:50 radələrində NMQnun əməliyyat müvəkkili Vüsal Rüstəmov, CAB-ın əməliyyat müvəkkilləri Şahid1 və Ruhlan Mustafayevlə birlikdə Qəbələ şəhəri Natavan küçəsinə getmişlər. Natavan küçəsində “Ana abidəsi”nin yaxınlığında Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görmüşlər, ona yaxınlaşaraq özlərini təqdim etmiş və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs özünü şübhəli aparmış və bildirmiş ki, üzərində narkotik vasitə vardır. Adı qeyd edilən şəxsin saxlanıldığı yerdə insanlar sıx şəkildə toplaşdığı üçün həmin ərazidən bir qədər kənarda üstünün yoxlanılmasına başlanmışdır. Təqsirləndirilən şəxs üstünün yoxlanılmasından qabaq ona üzərində olması ehtimal edilən narkotik vasitələri verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 1 ədəd ağ sellofan bükümdə narkotik vasitə-qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmiş və “nəşə” olduğunu bildirmişdir. Həmin bükümün içərisində kəskin spesifik iyə malik olan narkotik vasitə-qurudulmuş marixuanaya bənzər kütlələr var imiş. Bundan sonra sellofan büküm elektron tərəzidə çəkilib qablaşdırılmışdır. Çəkisinin bükümlə birlikdə təxminən 18 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs sorğu-sual edilmiş ki, üzərindən aşkar edilmiş “nəşə” olduğunu bildirdiyi kütləni haradan əldə etmişdir?. O isə bildirmiş ki, həmin “nəşə”ni 2025-ci ilin yay aylarında Dəmiraparan çayının sahilində yabanı halda bitmiş çətənə bitkilərindən yığaraq əldə etmiş və az-az istifadə etmişdir. Qeyd edilən bütün hərəkətlər Vüsal Rüstəmov tərəfindən mobil telefonla video və foto çəkiliş aparılmaqla qeydə alınmışdır. Daha sonra Təqsirləndirilən şəxs tərəflərindən Qəbələ RPŞ-nə gətirilib təhqiqatçıya təhvil verilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin kütləyə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinin X12 təqdim etdiyi xx.xx.2025-ci il tarixli 17/723 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “İştirakçılar: 1)Şübhəli şəxs: Təqsirləndirilən şəxs. 2) Vəkil: Müdafiəçi. Əməkdaşlar: 3) Şahid2. 4)Şahid1. Tərtib etdi: Mehdizadə.. xx.xx.2025.” yazısı və imzalar olan zərfin içərisindəki digər zərfin içərisində olan 01(bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi- 17,01 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Bununla yanaşı məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 17/723 saylı rəyindən görünür ki, təqdim edilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə-qurudulmuş marixuananın təmiz çəkisi 17,01 qram olmuş, 0,05 qramı tədqiqata sərf edildikdən sonra 16,96 qram qalmışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserindən daxil olmuş 22 oktyabr 2025-ci il tarixli 1685 nömrəli rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoid sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik vasitələrin acılığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Qəbələ rayon X19 X5 Müdiri, cinayət işi üzrə mütəxəssis qismində tanınmış X7 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli rəydən görünür ki, həqiqətən 16 oktyabr 2025-ci il tarixdə Qəbələ şəhəri ərazisində yerləşən Dəmiraparan adlı çayın sahilində, kənarlarında yabanı halda narkotik tərkibli bitkilərin yetişməsi üçün münbit torpaq sahəsinin olub-olmaması təftiş edilmişdir. Baxış zamanı məlum olmuşdur ki, həmin ərazidə çayın sahilində narkotik mənşəli çətənə bitkisi bitə bilər. Yabanı tərkibli narkotik mənşəli bitkilərin yetişməsi üçün həmin ərazidə onlara hər hansı bir aqrotexniki qulluq göstərilməsi halı müşahidə edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan xx.xx.2025ci il tarixli “maddi sübut kimi tanınma və saxlanılma haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 17,01 olmuş, 0,05 qramı tədqiqata sərf edildikdən sonra 16,96 qram qalmış narkotik vasitə-qurudulmuş marixuana sübut əhəmiyyəti kəsb etdiyindən ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmaqla saxlanması üçün Qəbələ RPŞ-nin maddi sübutların saxlama yerinə təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” X13 daxil olmuş 10 oktyabr 2025-ci il tarixli 717 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və ya sair psixi xəstəliyin əlamətləri müəyyən olunmur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə birliyi” Publik hüquqi şəxs Qəbələ rayon mərkəzi xəstəxanası Publik hüquqi şəxsdən daxil olmuş xx.xx.2025-ci il tarixli, 18-1-52/2-3013/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs RMX-nın PHŞ-nin poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyatda deyildir. Narkoloji kabinetdə isə F12.2 “Kannabionidlərin qəbulu nəticəsində psixi və davranış pozuntusu. Asılılıq sendromu” diaqnozu ilə qeydiyyatdadır. Cinayət işi materiallarına əlavə edilmiş tələbnaməyə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Qəbələ rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məhkəmənin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilməklə məhkumluğu ödənilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Qəbələ şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Qəbələ şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 oktyabr 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi anası X8, bacısı X9, arvadı X6, uşaqları 2006-cı il təvəllüdlü X10 və xx.xx.2011-ci il təvəllüdlü X2 ibarətdir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının (bundan sonra mətndə Qərar) 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 1-ci bəndinə əsasən 1. Təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla): 1.16. öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər. Həmin Qərarın 24-cü bəndinə əsasən Birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (CPM) 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda CPM-nin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 39.1.12. amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə CPM-nin 39.1.12-ci (amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda) maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Belə olan halda, məhkəmə, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan uşağının – xx.xx.2011-ci il təvəllüdlü X4 olmasını, barəsində amnistiya aktının tətbiq edilməsi barədə təqsirləndirilən şəxsin xahişini nəzərə alaraq hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndinə əsasən təqsirləndirilən şəxs barəsində cinayət təqibinə və cinayət işinin icraatına xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, iş üzrə maddi sübut kimi tanınmış və Qəbələ rayon Polis şöbəsində saxlanılan bioloji ekspertizadan sonra qalmış 16,96 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm öz qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş materiallarında olan 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 71,86 (yetmiş bir manat səksən altı) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344-348, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan cinayət təqibinə və cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qəbələ rayon Polis şöbəsində saxlanılan bioloji ekspertizadan sonra qalmış 16,96 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut olan 03 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 71,86 (yetmiş bir manat səksən altı) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X3, kod 210005, VOEN **********, müxbir hesab AZE 41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). İş üzrə mülki iddia yoxdur. Qərardan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar