Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 1(025)-38/2021 28.07.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X11 Təsərrüfatı Mərkəzinin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının ittiham aktı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə ittiham olunmuşdur. İttiham aktına əsasən Təqsirləndirilən şəxs qanunsuz ağac kəsib sataraq qazanc əldə etmək məqsədi ilə X11 Təsərrüffatı Mərkəzinin tabeliyində olan və Kiçik Pirəlli kəndinin yaxınlığında Zarağan meşəbəyliyinin 04 saylı meşə dolayısının 13-cü kvartalında yerləşən ərazini Qəbələ rayonu Həmzəlli kənd sakini Şahid1 özünün şəxsi mülkiyyətində və istifadəsində olan bağ sahəsi kimi təqdim edib, orada bitmiş qoz və şabalıd cinsli ağaclardan işlik taxta materialına yararlı olanlarını ona 250 manat müqabilində satmaq şərti ilə razılığa gəldikdən sonra 13.01.2021-ci il tarixdə təxminən saat 10 radələrində Şahid1 və sonuncunun özü ilə ağacları kəsib doğrayaraq yük avtomobilinə yığıb aparmaq üçün gətirdiyi Şahid2 və X6 ilə birlikdə həmin meşə dolayısına gələrək, onlara bir daha ərazini və içərisində olan ağacları öz şəxsi mülkiyyəti kimi təqdim edib, orada bitmiş 01 (bir) ədəd 24 sm, 01 (bir) ədəd 52 sm və 01 (bir) ədəd 72 sm diametrində şabalıd cinsinə mənsub, 01 (bir) ədəd 44 sm və 02(iki) ədəd 60 sm diametrində qoz cinsinə mənsub ağacları onlara göstərib, həmin ağacları 13.01.2021-ci il tarixdən saat 10 radələrindən 16 radələrinə kimi qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan ərazinin meşə fonduna məxsus olmasından və qanunsuz kəsilməsindən məlumatlı olmayan Şahid1, Şahid2 və Sadiq İbrahimli tərəfindən Şahid2 istifadə etdiyi motorlu-mişarla kəsilib götürülməsinə şərait yaratmış, bununla da o, meşə fonduna aid torpaq sahəsindən cəmi 06(altı) ədəd olmaqla 9,809 kub metr həcmində və 2544,20 (iki min beş yüz qırx dörd manat, iyirmi qəpik) manat dəyərində ağacları qanunsuz kəsərək X11 Təsərrüffatı Mərkəzinə xeyli miqdarda ziyan vurulmasına səbəb olmuşdur. Məhkəmə hazırlıq iclasında Dövlət ittihamçısı bildirdi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxışı aidiyyəti üzrə Qəbələ Rayon Məhkəməsinə aiddir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə aparılmış ibtidai araşdırma dövründə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələbləri pozulmamışdır. Cinayət işi üzrə icraatın dayandırılması, xitam verilməsi üçün əsaslar və ya işin məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar yoxdur. Cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizamqətimkan tədbirinin dəyişdirilməsi üçün heç bir əsas yoxdur. İttiham tərəfinin sübutlar siyahısı ittiham aktında göstərilənlərdən ibarətdir. İttiham aktında qeyd olunan sübutların məhkəmə baxışında araşdırılmasını, təqsirləndirilən şəxsin məhkəməyə verilməsini və işin məhkəmə baxışına təyin olunmasını təklif etmişdir. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs ibtidai istintaqın düzgün aparılmadığını, bu səbəbdən işin məhkəmə baxışına verilməsinə etiraz etdiyini bildirdi. Belə ki, o, izahatında göstərdi ki, atası vəfat etməmişdən Kiçik Pirəlli kəndində evlərindən 100-150 metr aralıda meşə ərazisində kolluq hissəni açıb orada bağ salaraq, ətrafını çəpərlə hasarlayıb içərisinə qoz, fındıq, şabalıd və digər meyvə ağacları əkib böyütmüşdür. O, həmin ərazinin meşə ərazisi olduğunu bilmişdir. Həmin atası tərəfindən salınmış bağ sahəsini istifadə etmiş, əvəzində isə meşə idarəsinin işçilərinə fındıq vermişdir. O, bağ kimi istifadə etdiyi həmin meşə ərazisindən iki dəfə ağac kəsib satmışdır. Belə ki, 1-ci dəfə 2020-ci ilin payız ayında 3 ədəd qoz və 2 ədəd şabalıd ağacını özünə məxsus “Ural” markalı motopilası ilə kəsmişdir. 2-ci dəfə isə həmin bağ kimi istifadə etdiyi meşə ərazisindən 3 ədəd qoz və 3 ədəd şabalıd ağacını Həmzəlli kənd sakini Vasif adlı şəxsə razılaşaraq hər birini 250 manat pul müqabilində satmağa razılaşıb kəsdirmişdir. Vasif həmin əraziyə gələndə həmin ağacların şəxsi mülkiyyətində olması barədə Vasifə konkret söz deməmişdir. Əksinə Vasif ona Meşə İdarəsinin işçiləri ilə ağacların kəsilməsi barədə razılaşdıqlarını, idarənin xəbəri olduğunu və ağacları kəsdiyi təqdirdə problem olarsa məsuliyyətin onluq olduğunu bildirmişdir. Vasifin yanında Ramizi həm sürücü kimi, həm də motopila işlədən kimi gətirmişdir. Həmçinin onların yanında bir fəhlə də gəlmişdir. Onlar ağacları özlərinə məxsus “Stil” markalı motorlu mişarla kəsib qurtarana yaxın oraya Rəfayel adlı meşə idarəsinin işçisi gəlmişdir. Daha sonra isə X4 adlı meşə işçisi gəlmişdir. Onlar orada olanda da Vasifgil ağacları kəsməkdə davam etmişlər. X5rdan pul tələb etmiş, pul verməyəcəkləri halda işi polisə verəcəklərini bildirmişdir. O isə imkanı olmadığını, məhz bu səbəbdən ağacları kəsib satdığını bildirmişdir. Daha sonra onu, Vasif, Ramiz və yanlarında olan fəhləni meşə idarəsinə aparmışlar. Meşə idarəsində onu meşə idarəsinin məsul işçisi X1 çağıraraq kəsdikləri ağaclara görə 1500 manat pul istəmiş, pulunun olmadığını, ağacı kəsməklərinin də maddi ehtiyacı üzündən etdiyini bildirmiş, bundan sonra onu Meşə İdarəsinin müdirinin otağına aparmış, o da ondan kəsilən ağaclara görə 1500 manat istəmiş, həmin pulu verməyəcəkləri halda işi polisə göndərəcəyini bildirmişdir. Onunla olan digər şəslər isə X4 və adını bilmədiyi Meşə İdarəsinin müdüri ilə görüşdükdən sonra çıxıb getmiş və onları bir də görməmişdir. Daha sonra ilkin olaraq təhqiqatçı onu çağıraraq dindirmişdir. Təhqiqatçıya bütün bu olanları olduğu kimi danışmışdır. Bundan sonra isə müstəntiq tərəfindən izahatı alınmışdır. Müstəntiq tərəfindən alınmış izahata qol çəkmiş, lakin orda yazılanları oxumamışdır. Fikirləşmiş ki, müstəntiq onun dediklərini olduğu kimi izahatına yazmışdır. Onun barəsində əvvəl kəsdiyi ağaclara görə bu günə qədər hər-hansı inzibati protokol tərtib olunmamışdır. O, birinci dəfə ağacları özünə məxsus “Ural eksport” markalı motorlu mişarla kəsmişdir. Lakin ikinci dəfə ağaclar kəsilən zaman Şahid2 məxsus “Stil” markalı motorlu mişardan istifadə edilmişdir. Ona məxsus motorlu mişar polis tərəfindən götürülmüşdür, lakin Şahid2 məxsus motorlu mişarın harada saxlanmasından xəbərdar deyildir. Həmçinin 26.07.2021-ci il tarixdə məhkəmə iclası keçirildikdən sonra və 28 iyul 2021-ci il tarixə təyin edildikdən sonra 27.07.2021-ci il tarixdə Qəbələ RPŞ-nin müstəntiqi Tural Hüseynov ona zəng edərək barmaq izinin götürülməsi ilə əlaqədar onu Qəbələ rayon Polis şöbəsinə dəvət etmişdir. O, şöbəyə getməyəcəyini bildirdikdə isə, müstəntiq ona məhkəmə zamanı digər şəxslərin, yəni Şahid1, Şahid2 və Şahid3 adını çəkməməsini tapşırmışdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi işin məhkəmə baxışına verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X11 Təsərrüfatı Mərkəzinin nümayəndəsi Zərərçəkmiş şəxs işin məhkəmə baxışına verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsiilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən ibtidai araşdırma orqanı tərəfindən ibtidai araşdırma zamanı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsində nəzərdə tutulan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildiyindən cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsinə əsasəsən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması, başqa sözlə cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi öyrənilərkən Qəbələ rayon Polis şöbəsinin İstintaq şöbəsinin müstəntiqi Tural Hüseynov tərəfindən prosessual qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına riayət edilməməsi və ittiham aktının Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 289.4-cu maddəsinin tələblərinə uyğun olmayan şəkildə tərtib olunması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur.; 124.1.1-ci maddəsinə əsasən cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalıdır: 124.1.2-ci maddəsinə əsasən hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir; 124.2.3-cü maddəsinə əsasən maddi sübutlar cinayət prosesində sübut kimi qəbul olunur; 128.1-ci maddəsinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər: 128.2-ci maddəsinə əsasən Əşya cinayət prosesini həyata keçirən orqanın qərarı ilə maddi sübut hesab edilir; 128.3.1-ci maddəsinə əsasən Əşyanın maddi sübuti əhəmiyyəti məhkəmə tərəfindən o halda qəbul olunur ki, əşya əldə olunduqdan dərhal sonra o, ətraflı təsvir edilməklə, möhürlənməklə və bu kimi hərəkətlər yerinə yetirilməklə onun üzərindəki izlərin əlamətlərinin və xüsusiyyətlərinin əhəmiyyətli surətdə dəyişdirilməsi imkanı aradan qaldırılmış olsun; 129.1-ci maddəsinə əsasən Maddi sübutlar mümkün qədər qablaşdırılır, möhürlənmiş halda cinayət işində saxlanılır, həcmi böyük olduqda isə təşkilatlara, müəssisələrə və müvafiq şəxslərə onların razılığı ilə məsul saxlanışa verilə bilər; 129.4-cü maddəsinə əsasən Maddi sübutların və iş üzrə götürülmüş digər əşyaların təyinatı məsələsi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında qərarı ilə həll edilənədək bu əşyalar cinayət prosesini həyata keçirən orqanda saxlanılır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda maddi sübutlar haqqında qərar cinayət təqibi üzrə icraat qurtaranadək də qəbul edilə bilər. 130.1-ci maddəsinə əsasən Maddi sübutların və digər əşyaların saxlanılması zamanı, habelə onların ekspertizadan keçirilməsi, cinayət işinin digər ibtidai araşdırma orqanına, prokurora və ya məhkəməyə göndərilməsi ilə əlaqədar bu əşyaların itirilməsi, zədələnməsi, xarab olması, bir-birinə toxunması və ya qarışmasının qarşısının alınması üçün müvafiq tədbirlər görülməlidir. 130.2-ci maddəsinə əsasən Cinayət təqibi üzrə icraatın materialları göndərilərkən onları müşayiət məktubunda, ayrıca siyahıda və ya ittiham aktına əlavə olunmuş arayışda həmin materiallarla göndərilən bütün maddi sübutlar və digər əşyalar qeyd olunmalıdır. Cinayət təqibi üzrə icraatın materialları ilə göndərilməyən əşyaların saxlanıldığı yerlər yuxarıda sadalanan sənədlərdə göstərilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 289.8.3-cü maddəsinə əsasən, xüsusi müsadirə olunması təklif edilən əmlak barədə ittiham aktına müstəntiq tərəfindən arayış əlavə edilir. Həmin Məcəllənin 289.8.4-cü maddəsinə əsasən mülki iddianın və ola biləcək xüsusi müsadirənin təmin edilməsi üçün görülmüş tədbirlər barədə ittiham aktına müstəntiq tərəfindən arayış əlavə edilir. Hazırki cinayət işi üzrə “sübutların qiymətləndirilməsi haqqında” 07 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 2020-ci ilin payız ayında 5 ədəd ağac kəsməsi epizodu üzrə Təqsirləndirilən şəxs barəsində başlanacaq inzibati icraat işi üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüş “Ural eksport” markalı motorlu mişar inzibati icraat işi üzrə yekun qərar qəbul edilənədək Qəbələ rayon polis şöbəsinin maddi sübutları saxlama yerində saxlanılması qərara alınmışdır. İş materiallarında olan şahidlər Şahid1, Şahid2 və Şahid3 izahatlarından görünür ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas olan ağacların kəsimi zamanı Şahid2 məxsus “Stil” markalı motorlu mişardan istifadə edilmişdir. Lakin təhqiqatçı tərəfindən qanunsuz kəsilmiş ağacların kəsimi zamanı istifadə edilən “Stil” markalı motorlu mişarın “maddi sübut kimi tanınması və saxlanmaya təhvil verilməsi” haqqında hər hansı bir qərar qəbul edilməmiş və maddi sübut hesab olunan “Stil” markalı motorlu mişarın taleyi həll edilməmişdir. Bunun nəticəsində müstəntiq tərəfindən tərtib edilmiş ittiham aktına əlavə edilmiş arayışda 13.01.2021-ci il tarixdə ağacların kəsilməsi zamanı istifadə edilən “Stil” markalı motorlu mişarın taleyinə münasibət bildirilməmişdir. Göründüyü kimi ittiham aktına müstəntiq tərəfindən arayış əlavə edilsə də, arayışa xüsusi müsadirə olunması təklif edilən əmlak barədə, ola biləcək xüsusi müsadirənin təmin edilməsi üçün görülmüş tədbirlər barədə məlumat qeyd edilməmiş, yəni ittiham aktı Azərbaycan Respublikası CPM-in 289.8.3 və 289.8.4-cü maddələrinin tələblərinə uyğun şəkildə tərtib edilməmişdir. Bundan başqa, məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs izahatında kəsilmiş ağaclara görə ondan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X11 Təsərrüfatı Mərkəzinin məsul işçisi X3 və Mərkəzin Direktorunun 1500 manat rüşvət tələb etməsini həm təhqiqatçıya, həm də müstəntiqə bildirdiyini qeyd etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 207.5-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatların alındığı hər bir halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işi başlamaq, cinayət işinin başlanmasını rədd etmək, məlumatı istintaq aidiyyəti üzrə göndərmək, xüsusi ittiham qaydasında təqib olunan cinayətə dair məlumatı məhkəmə aidiyyəti üzrə göndərmək haqqında qərarlardan birini qəbul etməlidir. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaqı aparan müstəntiq yuxarıda qeyd edilən cinayət-prosessual qanunvericiliyinin normasının tələblərinə əməl etməmiş, cinayət işinin istintaqı zamanı təqsirləndirilən şəxsin həmin ifadəsini onun ibtidai istintaq zamanı alınmış izahatında qeyd etməmiş, həmin məsələyə heç bir münasibət bildirməmiş və həmin məsələ ilə bağlı heç bir tədbir görməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 289.3.3-cü maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar göstərilir. İttiham aktında qeyd edilən Təqsirləndirilən şəxs ifadəsində “Vasif, Ramiz və onlarla gələn fəhlə ağacları onun şəxsi bağında yerləşdiyini bilmişlər” deyə qeyd olunmuşdur. Lakin məhkəmə hazırlıq iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs “bağ kimi istifadə etdiyi meşə ərazisindən 3 ədəd qoz və 3 ədəd şabalıd ağacını Həmzəlli kənd sakini Vasif adlı şəxsə razılaşaraq hər birini 250 manat pul müqabilində satmağa razılaşıb kəsdirmişdir. Vasif həmin əraziyə gələndə həmin ağacların şəxsi mülkiyyətində olması barədə Vasifə konkret söz deməmişdir. Əksinə Vasif ona Meşə İdarəsinin işçiləri ilə ağacların kəsilməsi barədə razılaşdıqlarını, idarənin xəbəri olduğunu və ağacları kəsdiyi təqdirdə problem olarsa məsuliyyətin onluq olduğunu bildirmişdir. Vasifin yanında Ramizi həm sürücü kimi, həm də motopila işlədən kimi gətirmişdir.” deyə bildirmişdir. Həmçinin göstərmişdir ki, Qəbələ rayon Polis şöbəsində onun adından yazılmış izahata qol çəkmiş, lakin izahatın məzmununu oxumamış, təhqiqatçının və müstəntiqin onun dediklərini qeyd etdiyini düşünmüşdür. Təqsirləndirilən şəxs ifadəsinin məzmunundan məlum olur ki, törətdiyi əməldə sonuncu özünü təqsirli bilsə də, ifadəsi ilə həmin əməli digər şəxslər - Şahid1, Şahid2 və Şahid3 ilə birgə etdiyini göstərmişdir. Həmçinin məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs qeyd etmişdir ki, 26.07.2021-ci il tarixdə məhkəmə iclası keçirildikdən sonra və 28 iyul 2021-ci il tarixə təyin edildikdən sonra 27.07.2021-ci il tarixdə Qəbələ RPŞ-nin müstəntiqi Tural Hüseynov ona zəng edərək barmaq izinin götürülməsi ilə əlaqədar onu Qəbələ rayon Polis şöbəsinə dəvət etmişdir. O, şöbəyə getməyəcəyini bildirdikdə isə, müstəntiq ona məhkəmə zamanı digər şəxslərin, yəni Şahid1, Şahid2 və Şahid3 onunla birgə ağacları kəsməməsi barədə heç nə deməməsini və onların adını çəkməməsini tapşırmışdır. Təqsirləndirilən şəxs məhkəmə zamanı ifadəsində göstərdiklərinin onun ittiham aktında göstərilən izahatı ilə üstüstə düşməməsi, eyni zamanda Qəbələ rayon Polis şöbəsinin müstəntiqi X8 Veysəlova zəng edərək məhkəmə zamanı digər şəxslərin, yəni Şahid1, Şahid2 və Şahid3 adını çəkməməsini bildirməsi barədə Təqsirləndirilən şəxs məhkəməyə bildirdiyi xüsusatlar, məhkəmənin daxili inamı digər təqsirləndirilən şəxslərin müstəntiq tərəfindən bilərəkdən məsuliyyətdən kənar qoyulmasına ciddi şübhələr yaratmışdır. Məhkəmə qeyd edir ki, bu hallar müstəntiq tərəfindən kifayət qədər araşdırılmamış, nəticədə Təqsirləndirilən şəxs Şahid1, Şahid2 və Şahid3 ilə birlikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsində nəzərdə tutulmuş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunsuz ağac kəsmə cinayətinin tərkibinin yarana biləcəyi halda, yalnız Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan edilmiş, Şahid1, Şahid2 və Şahid3 barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Göstərilən hallar Azərbaycan Respublikası CPM-nin 289.4-cü maddəsinin tələblərinin kobud pozuntusu olduğundan, həmin Məcəllənin 303.3.6-cı maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməli və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır; 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir; 303.3.6-ci maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmamasından ibarət kobud pozuntulara yol verildikdə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı ibtidai araşdırma orqanı tərəfindən yol verilmiş pozuntular əhəmiyyətli və kobud olduğundan və aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmadığından hazırkı cinayət işinin baxılmasına xitam verilməli və qeyd olunan pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarırmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxılmasına xitam verilərək, iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, habelə cinayət işi üzrə CPM-nin yuxarıda qeyd olunan tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində ayrıca xüsusi qərar çıxarılmalıdır. Bununla yanaşı CPM-nin 306.1-ci maddələrinin müddəaları baxımından cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul etmiş məhkəmə, təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi, uzadılması və ya ləğv edilməsi ilə bağlı məsələyə münasibət bildirməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. Qəbələ RPŞ-nin İB-nin polis müstəntiqi Tural Hüseynovun 22 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barələrində “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 306.2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barələrində seçilmiş “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 173.2-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı hallar istisna olmaqla, qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 300.1.5, 303, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barələrində seçilmiş “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №1(025)-38/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №1(025)-38/2021
28.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver