Məhkəmə qərarları › İş №1(025)-38/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №1(025)-38/2023

29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 1(025)-38/2023 29.11.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2, müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2yan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X2 həbsdə olan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 24 avqust 2023-cü il tarixdə saat 18:40 radələrində faktiki yaşadığı Qəbələ şəhəri, H.Əliyev prospektində rayon mərkəzi xəstəxanasının qarşısından gələn yolun kəsişməsi ilə üzbəüz yerləşən 11 nömrəli iki mərtəbəli ümumyaşayış binasının qarşısında əhalinin sıx toplaşdığı ictimai yerdə orta dərəcə alkoqol sərxoş vəziyyətdə olmaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət olunan hərəkətlər edərək, yəni həmin gün birlikdə yaşadığı arvadı X3 ilə mübahisə edərək onun və qonşuluqda yaşayan qohumu (qaynı) Zərərçəkmiş şəxs3 arvadı Şahid4 ünvanına nalayiq ifadələr işlətməsi ilə əlaqədar olaraq onun yanına gəlib irad bildirən qaynı Zərərçəkmiş şəxs3, eləcə də sonuncunun qayınları, Oğuz rayon sakinləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə mübahisə edib, Şahid4 və Kəmalə Musayevanın ünvanına nalayiq söyüşlər söyməsi barədə ona tutduqları iradı bəhanə gətirərək hər hansı bir əsaslı səbəb olmadan əvvəlcə onların ünvanına ucadan nalayiq ifadələr işlətmiş, daha sonra Zərərçəkmiş şəxs1 sinəsindən itələyib ona fiziki zor tətbiq edərək fiziki ağrı yetirmiş, bundan sonra yaşadığı evdən əlinə götürdüyü məişət-təsərrüfat təyinatlı baltanı havaya qaldırıb əlində açıq-aşkar nümayiş etdirərək Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 üzərinə hücum çəkmiş, bunu görən sonuncular oradan qaçıb uzaqlaşsalar da, o, qanunsuz və qərəzli hərəkətlərini davam etdirib, həmin balta ilə onların arxaları ilə əhalinin və nəqliyyat vasitələrinin sıx hərəkətdə olduğu və ictimai yer sayılan Heydər Əliyev prospektində qovub ətrafda çoxlu sayda insanların olmasına məhəl qoymayıb, yenə də uca səslərlə nalayiq ifadələr işlətməklə və onları əlində nümayiş etdirdiyi balta ilə vurub öldürəcəyi və ya orqanlarını kəsib doğrayacağı ilə hədələmiş, həmçinin yerdən bir ədəd daş götürüb daşla da onları vurmaqla hədələyib daşı onlara tərəf atmış, lakin daş onlara dəyməmiş, daha sonra yenə də balta ilə onları qovaraq hədələməyə davam edərkən həmin şəxslərdən Zərərçəkmiş şəxs1 onun bu cür əməllərini mobil telefonu ilə video çəkiliş aparmaqla qeydə aldığını, həmçinin ərazidə xidmət aparan və hadisəni görüb yaxınlaşan polis əməkdaşlarının gəldiyini görərək geriyə qayıtmış və polis əməkdaşları onu saxlayaraq əlindəki baltanı alıb zərərsizləşdirməklə polis şöbəsinə aparıldığından onun bu cür qanunsuz və qərəzli hərəkətləri başa çatmış, bununla da, o, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 qarşı hədənin icra ediləcəyi üçün real əsaslar olmaqla öldürməklə və sağlamlığa ağır zərər vurmaqla hədələmə cinayətini, o cümlədən həmin şəxslər üzərində zor tətbiq olunması ilə və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayət olunan qərəzli xuliqanlıq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, arvadı Şahid7 ilə təxminən 4 ildir ki, ailə münaqişəsi vardır. Son zamanlar Kamalə ondan boşanmaq istəmiş, o, isə buna narazılığını bildirdiyinə görə aralarında dəfələrlə münaqişələr baş vermişdir. Sonuncu dəfə isə evdə tək özünə təxminən 500 qram araq içib sərxoş olduqdan sonra 24 avqust 2023-cü il tarixdə saat 13 radələrindən başlayaraq həmin mövzu üstündə yaşadığı ünvan 3 ünvanındakı evdə arvadı Kamalə ilə sözlü mübahisə etmişdir. Həm də Kəmalənin qardaşı Tehran ondan polisə şikayət etdiyi üçün onların da ünvanına söyüşlər söyürmüş. Həmin gün Kamaləyə qarşı hər hansı bir fiziki zor tətbiq etməmiş, ancaq onunla sözlü mübahsiə edib ünvanına söyüşlər söymüş, hətta bunu qonşular da eşidirmiş. Mübahisəyə görə Kəmalə demiş ki, gedib ondan polisə şikayət edəcək və bunu deyib evdən çıxmışdır. Lakin oğlu onun qarşısına keçib xahiş edərək buna imkan verməmişdir. Saat 17-18 radələrində kiçik övladı ona bildirmiş ki, gəzmək istəyir. Buna görə də geyinərək həyətə düşmüşlər. Bu zaman isə binanın qarşısında tanımadığı Mercedes markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı qara rəngli avtomobil saxlamışdır. Avtomobildən Daşqın və Zərərçəkmiş şəxs1 qardaşları düşüb yanına gəlmişdirlər. Həmin vaxt qaynı Zərərçəkmiş şəxs3 da orada imiş. Onlar üçü də onun yanına gələrək Tehranın və onun arvadı Zeynəbin ünvanına söyüş söydüyü üçün ona irad bildirmişlər və onu kənar bir yerə söhbət etməyə dəvət etmişlər. Üç nəfərin onun üstünə düşüb onu söhbətə çağırmalarından əsəbləşib demiş ki, əgər kişilikləri çatırsa onunla tək-tək danışsınlar. Bu vaxt aralarında mübahisə yaranmış və o, Coşqunun yaxasından tutmuş, Coşqun da onun yaxasından tutmuş və Coşqunun sinəsindən əli ilə arxaya itələmişdir. Bu vaxt Coşqun onun sifətindən şillə ilə vurmuşdur. Coşqun onu şillə ilə vurduqdan sonra və üç nəfər şəxsin onun üzərinə gəlib təkləmələrindən çox əsəbələşmiş və yaşadığı binaya daxil olmuş, 1-ci mərtəbədəki yaşadığı otaqda olan ət kəsmək üçün istifadə etdiyi sap hissəsi taxta materialından olan kəsici hissəsi isə dəmir materialından olan baltanı götürmüş və yenidən binadan həyətə düşmüşdür. Bu zaman ucadan nalayiq ifadələr işlətmişdir. Qarşılıq olaraq Daşqın, Coşqun və Tehran da onu söymüşdür. Ucadan nalayiq ifadələr işlədərək əlində balta ilə, baltanı baş nahiyyəsindən yuxarıya qaldırmaqla onların, yəni Daşqın, Coşqun və Tehranın arxası ilə qaçmış və hər üçünü qorxutmaq üçün onları öldürməklə və vurub xəsarət yetirməklə hədələməyə başlamış, onlar onun balta ilə gəldiyini görərək yola tərəf qaçmışlar. Binanın qarşısından əsas küçəyə çıxıb sağa tərəf dönərək piyada səkisinin üstü ilə vergi idarəsinə tərəf qaçmağa başlamışlar. Baltanı əlində tutub havaya qaldıraraq “sizi doğrayacam” deyərək hər üçünü hədləyərək arxaları ilə qaçmışdır. Məqsədi onları həmin balta ilə vurmaq deyil, sadəcə hədələyib qorxuzmaq idi. Daha sonra yola çatmamış yerdən bir ədəd daş götürüb tuşlamamış yenə də onları qorxuzmaq üçün onlara tərəf həmin daşı atmış, daş onlara dəymədən kənara düşmüşdir. Bir neçə metr onları qarşısında balta ilə qovduqdan sonra Coşqunun onu telefonu ilə videoya çəkdiyini görüb baltanı arxasına tərəf tutaraq geriyə qayıtmışdır. Həmin vaxt yoldan keçən yol polisi onu balta əlində adamları qovduğunu görüb saxlayaraq yanına gəlmişdir. Əlavə post patrul xidməti də çağırıb onu polis şöbəsinə gətirmişlər. Onun sərxoşluğu yoxlanılmış, şübhəli şəxs qismində tutulmuş, məsuliyyətə cəlb olunaraq həbs edilmişdir. Hazırda zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ilə barışmış, onlara hər hansı bir ziyan yetirməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun yeznəsidir. Təqsirləndirilən şəxslə qonşudur. Əvvəllər aralarında dəfələrlə münaqişə və mübahisə baş vermişdir. 24 avqust 2023-cü il tarixdə saat 13 radələrində Ağdaş rayonun Ərəbocaq kəndinə getmiş, orada əmisi arvadı öldüyü üçün qohumlarına baş sağlığı vermişdir. Saat 17 radələrində isə Ağdaş rayonundan çıxaraq Qəbələ rayonuna yaşadığı evə gəlmişdir. Evə çatdıqda artıq saat 17:30 radələri olarmış. Evə gələn zaman görmüş ki, bacısı Şahid7 binadan çıxaraq gedir. Evdə anası Şahid1 soruşmuş ki, bacısı hara gedir. Anası isə demiş ki, bacısı Kamalə əri Ədalətlə dalaşmış, buna görə də Kamalə şikayət etmək üçün Qəbələ RPŞ-yə gedir. Bu zaman artıq binanın dəhlizində imiş. Bu zaman Kamalənin oğlu X4 anası Kamalənin qarşısına çıxaraq ondan polisə getməməsi üçün xahiş etmişdir. Kamalə də geriyə qayıdaraq dəhlizdə oturmuşdur. Bu zaman Ədalət dəhlizə çıxaraq bacısı Kamaləni çağırmış ki, evə gəlsin. Kamalə də evə girmişdir. Evdə artıq münaqişə səsləri gəlirmiş. Bu zaman Ədalət nalayiq ifadələr işlədəişlədə dəhlizə çıxmışdır. Qulağı səs eşitmiş ki, Ədalət onun da ünvanına nalayiq ifadələr işlədir. Hələ də dəhlizə çıxmamış ki, bəlkə Ədalət sakitləşər. Bu zaman Ədalət ucadan yenə də onun ünvanına nalayiq ifadələr işlətmişdir. Lakin onun sözlərinə məhəl qoymamış və qayınları Coşqun və Daşqının gəlməsini gözləmişdir. Belə ki, onlara arvadı Zeynəb zəng edərək məlumat vermiş və oraya çağırmışdır. Artıq Ədalət də binanın qarşısına düşmüşdür. Bu zaman saat 19 radələrində qayınları Coşqun və Daşqınla birlikdə həmin binanın qarşısına gəlmişlər. Binanın qarşısında onları əvvəlcə Arzu xanım qarşılamış, daha sonra özü də binadan düşərək onların yanına gəlmiş, onlarla salamlaşmışdır. Həmin vaxt isə Təqsirləndirilən şəxs binanın qarşısındakı skamyada oturmuşdur. Yanında isə böyük oğlu Allahverdi var idi. Bu zaman Ədaləti yanına çağırmış və ondan “sən idin mənim varyoxuma söyən?” deyə soruşmuşdur. Ondan avtomobilə əyləşməsini istəmiş ki, harasa gedib söhbət etsinlər. Bu zaman Ədalət ucadan onların ünvanına nalayiq ifadələr işlətmişdir. Coşquna isə yenə də təkrar nalayiq ifadə işlətmişdir. Ədalət daha sonra Coşqunun köynəyindən tutub itələmişdir. Bu zaman Coşqun Ədalətin ağız nahiyyəsindən tutmuş, onu itələmiş və şillə ilə sifətindən bir dəfə vurmuşdur. Bu zaman Ədalət binaya tərəf qaçmış, təxminən 1 dəqiqə çəkməmiş binadan çıxmış, onun əlində balta var imiş. Ədalət əlində balta ilə təhqirlər edərək üzərlərinə qaçaraq gəlməyə başlamışdır. Təxminən 50 metr məsafə onların arxası ilə əlində balta olmaqla qaçmışdır. Baltanı isə başından yuxarıda tutaraq onlara “sizi kəsəcəm, öldürəcəm, doğrayacam” sözlərini işlətmişdir. Ədalətin ucadan nalayiq ifadələr işlətdiyini yaxınlıqda olan şəxslər də eşidirmiş. Ədalətdən qaçmağa başlamışlar. Artıq magistral yola çıxmışlar. Üçü də Zarağan kəndi istiqamətində olan magistral yolda qaçmağa başlamışlar. Hətta Ədalət yerdən daş götürüb onlara atsa da daş onlara dəyməmişdir. X6rı balta ilə bir qədər qovduqdan sonra istifadəsində olan mobil telefonla Ədalətin hərəkətlərini videolentə almışdır. Həmin görüntüləri də istintaqa təqdim etmişdir. Ədalət Coşqunun onu hərəkətlərini görüntüyə aldığını görərək baltanı belininin arxasında tutub gizlətmiş və evə tərəf qayıtmağa başlamışdır. Bu zaman isə hadisə yerinə polis əməkdaşı gəlmişdir. Ədalət ona heç bir xəsarət yetirməmiş və ziyan vurmamışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və bacısı Şahid4 bir-biri ilə bina qonşularıdır. 24 avqust 2023-cü il tarixdə saat 19 radələrində bacısı Zeynəb saat 18 radələrində ona zəng edərək qonşuları Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü və təhqir edildiyini bildirmişdir. Qardaşı Daşqınla birlikdə həmin binanın qarşısına gəlmişlər ki, Ədaləti bu cür hərəkətlərindən çəkindirsinlər və öz iradlarını bildirsinlər. Binanın qarşısında onu Arzu xanım, yəni yeznəsi Tehranın anası qarşılamış, daha sonra yeznəsi Tehran binadan onların yanına gəlmiş, onlarla salamlaşmışdır. Həmin vaxt isə Təqsirləndirilən şəxs binanın qarşısındakı skamyada oturmuşdur. Bu zaman Ədalət onların yanına gəlmiş, ona əli ilə toxunaraq demiş ki, “nə borcu borcu burada dayanmasın?”. Ədalətə onu tanımadığını bildirmişdir. Bu zaman Ədalət onu sinəsindən tutub arxaya itələmiş və öz əlini öz belinin arxasına atmışdır. Bu zaman onu itələmiş və şillə ilə sifətindən bir dəfə vurmuşdur. Bu zaman Ədalət binaya tərəf qaçmış, təxminən 1 dəqiqə çəkməmiş binadan çıxmış, onun əlində balta var imiş. Ədalət əlində balta ilə təhqirlər edərək üzərlərinə qaçaraq gəlməyə başlamışdır. Həmin vaxt yanında qardaşı Daşqın və yeznəsi Tehran var idi. Ədalətin ucadan nalayiq ifadələr işlətdiyini yaxınlıqda olan şəxslər də eşidirmiş. Onlar da Ədalətdən qaçmağa başlamışlar. Artıq magistral yolda imişlər. Üçü də Zarağan kəndi istiqamətində olan magistral yolda qaçmağa başlamışlar. Ədalət isə əlində balta ilə onların üzərinə qaçaraq gəlirmiş və ucadan “sizi öldürəcəm, kəsəcəm, doğrayacam” sözlərini işlədirmiş. Hətta yerdən bir ədəd daş götürüb onlara tərəf atsa da daş onlara dəyməmişdir. Baltanı isə başından yuxarı qaldırmaqla onlara göstərib hədələyirmiş. Bu zaman istifadəsində olan mobil telefonla Ədalətin hərəkətlərini videolentə də almışdır. Ədalət onun hərəkətlərini görüntüyə aldığını görərək baltanı belininin arxasında tutub gizlətmiş və evə tərəf qayıtmağa başlamışdır. Bu zaman hadisə yerinə yol patrul xidməti əməkdaşı gəlmişdir. Ədalət ona heç bir xəsarət yetirməmiş və ziyan vurmamışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun yeznəsinin yeznəsidir. O, Qəbələ şəhəri H.Əliyev prospekti ünvanında üzü ünvan 5 təxminən 15-20 metr məsafə içəridə yerləşən iki mərtəbəli opşitel binasında yaşayır. 24 avqust 2023-cü il tarixdə saat 18 radələrində ona və qardaşı Coşquna bacısı Zeynəb zəng edərək qonşusu Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü və təhqir edildiyini bildirmişdir. Qardaşı Coşqunla birlikdə həmin binanın qarşısına gəlmişdir. Binanın qarşısında onu Arzu xanım qarşılamış, daha sonra Tehran binadan onların yanına gəlmişdir. Həmin vaxt isə Təqsirləndirilən şəxs binanın qarşısındakı skamyada oturmuşdur. Bu zaman Ədalət onların yanına gəlmiş, qardaşı Coşquna əli ilə toxunaraq demiş ki, “nə borcu borcu burada dayanmasın?”. Qardaşı Coşqun da Ədalətə onu tanımadığını bildirmişdir. Bu zaman Ədalət qardaşı Coşqunu sinəsindən tutub arxaya itələmiş və öz əlini öz belinin arxasına atmışdır. Coşqun da bu zaman onu itələmiş və şillə ilə sifətindən bir dəfə vurmuşdur. Bu zaman Ədalət binaya tərəf qaçmış, təxminən 1 dəqiqə çəkməmiş binadan çıxmış, binadan çıxan zaman isə onun əlində balta var imiş. Ədalət əlində balta ilə təhqirlər edərək üzərlərinə qaçaraq gəlməyə başlamış və həmin balta ilə onları kəsib doğrayacağı ilə hədələmişdir. Ədalətin ucadan nalayiq ifadələr işlətdiyini yaxınlıqda olan şəxslər də eşidirmiş. Ədalətin balta ilə üzərlərinə gəldiyini görüb küçəyə çıxıb qaçmağa başlamışlar. Hətta Ədalət yerdən bir ədəd daş götürüb onlara tərəf atmış, lakin daş onlara dəyməmişdir. Qardaşı Coşqun istifadəsində olan mobil telefonla Ədalətin hərəkətlərini videolentə almışdır. Ədalət qardaşının onun hərəkətlərini görüntüyə aldığını görərək baltanı belininin arxasında tutub gizlətmiş və evə tərəf qayıtmağa başlamışdır. Bu zaman hadisə yerinə yol patrul xidməti əməkdaşı gəlmişdir. Daha sonra hadisə yerinə gələn YPX əməkdaşları Ədaləti polis şöbəsinə gətirmişlər. Ədalət ona heç bir xəsarət yetirməmiş və ziyan vurmamışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Aralarında dəfələrlə mübahisə və münaqişə baş vermişdir. Uzun illərdir ki, ümumiyyətlə yola getmirlər. 24 avqust 2023-cü il tarixdə saat 12 radələrində, o, və əri Ədalətin arasında mübahisə baş vermişdir. Belə ki, Ədalət ondan soruşmuş ki, boşanma ərizəsində nə yazmış, qızıl və aliment istədiyini bildirmişdir. Artıq saat 16 radələri olarmış. Belə olub aralarında mübahisə baş vermişdir. Ədalət həmin vaxt spirtli içkinin təsiri altında idi. Ədalət onunla mübahisə edib boşanmaq istəmədiyini bildirirmişdir. Ədalətdən şikayət etmək üçün polisə getdiyini deyib evdən çıxanda kiçik övladı Səxavət qarşısına keçmiş ki, polisə şikayət etməsin, buna görə fikrindən daşınmışdır. Daha sonra Ədalət onu evə çağırmış, yenə də nalayiq ifadə işlətmişdir. Eləcə də qardaşı Tehranın da ünvanına söyüş söymüşdür. Həmin vaxt artıq qardaşı Tehran öz evində olmuşdur. Daha sonra Ədalət binanın həyətində anası Arzu ilə sözlü mübahisə etməyə başlamışdır. Ədalət artıq dərəcədə sərxoş vəziyyətinə düşmüşdür. Ədalət həyətdən qardaşı Tehranın ünvanına ucadan nalayiq ifadələr işlətməyə başlamışdır. Qardaşı Tehran isə həmin vaxt mübahisə olmaması üçün Ədalətin söyüşlərini eşitsə də həyətə düşmürmüş ki, münaqişə baş verməsin. Ədalət həmçinin Zeynəbin də ünvanına nalayiq ifadələr işlətdiyi üçün Zeynəb öz qardaşları Coşqun və Daşqını çağırmış ki, Ədalətin bu hərəkətlərinin qarşısı alınsın. Artıq saat 19 radələri olarmış ki, Mercedes markalı taksi ilə Coşqun və Zərərçəkmiş şəxs2 qardaşları binanın həyətinə gəlmişlər. Həmin vaxt Ədalət həyətdə idi. Bu zaman Şahid1 gəlini Zeynəbi çağırmış ki, qardaşları gəlibdir. Qardaşı Tehran da həyətə düşüb Daşqın və Coşqunun yanına gəlmişdir. Tehran Ədaləti yanına çağırmış ki, gedib söhbət etsinlər və bu mübahisələrə, eləcə də Ədalətin söyüşlər söyməsinə son qoyulsun. Coşqunun həmin vaxt əlləri belində idi. Bu zaman Coşqunla Ədalət bir-biri ilə söhbət etməyə başlamışdır. Ədalət anidən əlini belinə atmış, nalayiq ifadələr işlətmiş və guya belindən bıçaq çıxardırmış kimi etmişdir. Coşqun da Ədalətin belindən bıçaq çıxartdığını düşünüb dərhal Ədalətin sifətindən bir dəfə vurmuşdur. Həmçinin Coşqun və Ədalət bir-biri ilə dartışmışdır. Ədalət isə bu zaman oğlu Allahverdini çağırıb “görmürsənmi atanı təkləyiblər, niyə bunların varyoxuna söymürsən?” sözünü demişdir. Daha sonra isə Ədalət qaçaraq evə getmişdir. Ədalət binadan qaça-qaça çıxmış, bu zaman onun əlində balta var idi. Baltanı isə evdən götürmüşdür. Ucadan nalayiq ifadələr işlətməklə “doğrayacam, kəsəcəm, öldürəcəm” sözlərini deyərək Tehranı, Daşqını və Coşqunun arxası ilə qaçmağa başlamışdır. Onlar qaçıb avtomobillərin sıx şəkildə hərəkət etdiyi yola çıxmışdır. Yolda da onları qovmağa başlamış hətta yerdən daş götürüb onlara atsa da dəyməmişdir. Ədalətin söyüşlərinin ardı-arası kəsilməmişdir. Bu zaman kiçik oğlu Səxavət Ədalətin qarşısına keçmiş və ona yalvarmış ki, heç nə etməsin. Daha sonra Ədalət həyətdən dayanaraq qışqırırmış və ucadan nalayiq ifadələr işlətmişdir. Hətta Ədalət yerdən daş götürüb Tehran, Coşqun və Daşqına tərəf atmışdır. Lakin daş onlara dəyməmişdir. Həmin vaxt yaxınlıqda o, anası Arzu, oğlu Allahverdi, Səxavət, eləcə də bina sakinləri Aynur, Sevda, Nuranə, Sara və digər tanımadığı şəxslər var idi. Hadisə yerinə gələn polis işçiləri Ədalətin əlindən baltanı götürmüş və onu Qəbələ RPŞ-nə aparmışlar. Məhkəmə iclasında şahidlər Şahid4, Şahid1, Şahid3 və Şahid6 Şahid7 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdirlər. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Qəbələ RPŞ-nin DYPB-nin YPX inspektoru vəzifəsində işləyir. 24 avqust 2023-cü il tarixdə saat 19 radələrində Qəbələ şəhəri H.Əliyev prospektində üzü Zarağan kəndi istiqamətində yol patrul xidməti avtomobil ilə iş yoldaşı Şahid5la birlikdə xidmətdə olmuşdur. Bu zaman H.Əliyev prtospekti ünvanında yerləşən iki mərtəbəli binanın həyətindən bir nəfər adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs əlində balta ilə magistral yola çıxaraq üç nəfərin arxası ilə qaçdığının şahidi olmuş və dərhal avtomobili saxlayaraq yerə düşmüşdir. Daha sonra Ədalətin arxası ilə qaçıb onu zərəsizləşdirmək istəmişlər. Həmin vaxt Ədalət ucadan nalayiq ifadələr işlətmiş və eləcə də həmin üç nəfərin arxası ilə qaçaraq onları öldürməklə hədələmişdir. Həmin vaxt Ədalət baltanı əlində baş nahiyyəsindən yuxarıya etməklə tutmuşdur. Təqsirləndirilən şəxs yaxınlaşmışlar və ona söyüş söyməməsini, həmin ərazinin ictimai yer olduğunu, kənarda insanların ona baxdığını və ictimai qaydanı pozduğunu bildirmişlər. Ədalətin hərəkətlərindən aydın şəkildə hiss olmuşdur ki, o, artıq dərəcədə sərxoş vəziyyətdədir. Daha sonra Təqsirləndirilən şəxs əlindəki baltanı götürmüş, patrul avtomobilinə əyləşdirərək gətirib Qəbələ RPŞ-nin NH-nə təhvil vermişlər. Qeyd olunan baltanı da Növbətçi Hissəyə təhvil vermişdir. Məhkəmə iclasında Şahid5 Şahid2 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-3/1393 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 01 ədəd predmet, kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsiciçapıcı, digər tərəfi əzici xassəyə malik olan məişət-təsərrüfat təyinatlı baltadır, soyuq silah hesab edilmir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 29 avqust 2023-cü il tarixli 476 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində xəsarətlər aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 29 avqust 2023-cü il tarixli 478 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində xəsarətlər aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 29 avqust 2023-cü il tarixli 479 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində xəsarətlər aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşdə olan Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışıb, ona hər hansı bir ziyan vurulmamışdır. İşdə olan Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışıb, ona hər hansı bir ziyan vurulmamışdır. İşdə olan Zərərçəkmiş şəxs3 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışıb, ona hər hansı bir ziyan vurulmamışdır. Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə irəli sürülən ittiham cinayət işinin materiallarında mövcud olan və biri digərini tamamlayan sübutlar vasitəsi ilə (təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslər və şahid ifadələri ilə və s.) tam təsdiq olunsa da, məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs qarşı CM-nin 134-cü maddəsi ilə başlanmış cinayət təqbinə xitam verilməli və təqsirləndirilən şəxs həmin maddə ilə məsuliyyətdən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi, cinayət qanunvericiliyinin sözügedən maddəsində imperativ olaraq nəzərdə tutulmuşdur ki, həmin maddədə əks olunan hər hansı cinayət əməllərindən birini törətmiş şəxs zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmişdirsə, cinayət məsuliyyətindən azad edilir. Cinayət işinin materiallarından müəyyən olunur ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmış və onlara dəymiş ziyan tamamilə ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1 və 39.1.11-ci maddələrində göstərilmişdir ki, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1 və 43.1.2-ci maddələrinə əsasən isə bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134 və 221.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla xitam verilsin və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə cinayət məsuliyyətindən azad olunsun. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar