Məhkəmə qərarları › İş №1(025)-38/2024

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-38/2024

18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-38/2024 18.12.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Qanuni nümayəndə, Dövlət ittihamçısı və müdafiəçi X1 iştirakı ilə, xx.xx.2008-ci ildə Qəbələ rayonu Nohurqışlaq kəndində anadan olmuş, AR vətəndaşı, subay, Qəbələ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(025)31/2023 saylı hökmü ilə AR CM-nın 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Qəbələ rayonu Nohurqışlaq kəndində yaşayan və barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ondan ötrü məhkəməyə verilmişdir ki, o, Qəbələ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 01(bir) il 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq, cəzasını çəkdiyi dövürdə bundan nəticə çıxararaq islah olunmaq əvəzinə, əksinə özgə əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Qəbələ rayonunun Nohurqışlaq kəndində yerləşən həmkəndlisi, eləcə də qonşusu Zərərçəkmiş şəxsgilə məxsus həyət evinin qarşısına gələrək həyətin giriş qapısı bağlı olduğu üçün evinin həyətyanı sahəsinin mişar daşından inşa edilmiş hasarından aşmaqla qanunsuz həyətə daxil olub, həyət evindən ibarət bir mərtəbəli yaşayış evinin plastik materialdan olan giriş qapısını əli ilə itələyib açmaqla oradan yaşayış evinin içərsinə qanunsuz daxil olaraq qonaq otağındakı böyük həcimli sadıqın üzərindəki qıfılbəndini yataq otağındakı dolabın içərsindən tapdığı açarla açmaqla sandıqın içərsindən Zərərçəkmiş şəxs məxsus 3.80 qram kütləli, üzərində mirvariyə bənzər muncuq və halqasının alt hissəsində “583” damğası olan 583/585 əyyarlı 323 (üç yüz iyirmi üç) manat dəyərində 01 ədəd qızıl üzüyü gizli yolla talayıb, qanunsuz və əvəzsiz ələ keçirərək oğurluq cinayətini törətmişdir. İş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs ona qarşı AR CM-nin 178.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Qəbələ rayonunun Nohurqışlaq kəndində yaşayır və orta məktəbdə oxumur. Qəbələ rayonu Nohurqışlaq kəndində Zərərçəkmiş şəxs məxsus birmərtəbəli yaşayış fərdi yaşayış evi olsa da, o, bir neçə ildir ki, ailə üzvləri ilə birlikdə Qəbələ şəhərində yaşayır və arabir kəndə gəlib evlərinə baş çəkir. Zərərçəkmiş şəxs kəndədki evinin sahibsiz olduğunu bildiyi üçün həmin evdən oğurluq etməyi planlaşdırmış və xx.xx.2024-cü ii tarixdə günorta saat təxminən 13-00 radələrində həmin həyət evinin giriş qapısının qarşısına gələrək ətrafa nəzər salıb onu heç kimin görmədiyinə əmin olduqdan sonra həyətin giriş qapısı bağlı olduğu üçün mişar daşından inşa edilmiş hasarın üzərindən aşaraq içəri keçmişdir. Həyətə daxil olduqdan sonra yaşayış evinə yaxınlaşaraq plastik materialdan hazırlanmış ağ rəngli giriş qapısını əli ilə arxaya tərəf itəlibk açmış və içəri daxil olaraq qiymətli əşya tapmaq məqsədilə otaqları gəzməyə başlamışdır. Evin qonaq otağında qıfılbəndlə bağlanmış və üzərinə döşəklər yığılmış sandıq görmüş, digər otağdakı şkafdan sandığın açarını taparaq həmin açarla sandığı açmış və içərisini axtararaq tapdığı 01 ədəd üzərində ağ rəngli qaşı olan qızıl üzüyü götürmüşdür. Evin sahibləri evdən oğurluq olmasından şübhələnməsinlər deyə sandığın qıfılını əvvəlki vəziyyətdə bağlayıb açarı götürdüyü yerə qoymuş və evdən çıxaraq üzüyü satmaq üçün piyada Qəbələ rayonunun Vəndam qəsəbəsinin mərkəzinə gəlmişdir. Vəndam qəsəbəsinin mərkəzində əvvəlcədən tanıdığı Şahid1lə qarşılaşmış və ona anası Qanuni nümayəndənın xəstə olduğu üçün evdən bayıra çıxa bilmədiyini, üzüyün qaşı tez-tez düşdüyündən onu satmaq üçün ona verdiyini, lakin yaşı az olduğu üçün üzüyü sata bilmədiyini bildirərək üzüyü sataraq pulunu ona verməsini xahiş etmişdir. Şahid1 üzüyü ondan alıb satmaq üçün həmin tarixdə saat təxminən 16 radələrində Qəbələ şəhərinə getmiş və təxminən bir saat sonra geri qayıdaraq Vəndam qəsəbəsində onunla görüşərək üzüyü ümumilikdə Qəbələ şəhərində qızıl alqı-satqısı mağazasına 160 manat dəyərində satdığını bildirərək həmin pulu ona vermişdir. Üzükdən əldə etdiyi 160 manatdan 20 manat Pünhana zəhmət haqqı kimi vermiş, qalan 140 manatı isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. İş üzrə zərərçəkmiş şəxs X2 ifadəsində göstərmişdir ki, 2023-cü il tarixdə əri X7 vəfat etdikdən sonra ailə üzvləri ilə birlikdə Qəbələ rayonunun Nohurqışlaq kəndindəki evlərindən Qəbələ şəhərindəki evlərinə köçsə də, arabir kəndə gedərək evlərinə baş çəkmiş, yay aylarında isə çox vaxtı Nohurqışlaq kəndindəki həmin evdə yaşamışdır. xx.xx.2024-cü il tarixdə oğlu Azadla birlikdə Qəbələ rayonunun Tüntül kəndinə uzaq qohumlarının yas mərasiminə getmiş və mərasimindən sonra saat təxminən 15 radələrində oradan çıxıb Nohurıqşlaq kəndinə gəlib evlərinə baş çəkmişdir. Evin otaqlarını gəzərkən qonaq otağında olan sandığın üstünə yığılmış döşəklərin dağınıq olduğunu görüb evin içərsinə kiminsə girdiyindən şübhələnmiş və sandığın içərsinə baxaraq sandıqda saxladığı özünə məxsus 02 ədəd qızıl üzükdən birinin olmadığını müəyyən etmişdir. Ona məxsus qızıl üzüyü oğurlayan şəxsin kim olduğunu müəyyən etmək üçün oğlu Azad Əzimli bu barədə Qəbələ rayon polis şöbəsinə şikayət etmiş, araşdırma aparılarkən ona məxsus olan 1 ədəd qızıl üzüyün qonşusu Təqsirləndirilən şəxs tərəfindən oğurlandığı müəyyən edilmişdir. İş üzrə Şahid2 ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında yaşayır və Qəbələ şəhərində açdığı mağazada qızıl alqı-satqısı ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə saat təxminən 16 radələrində iş yerində olduğu zaman sonradan tanıdığı Qəbələ rayonunun Vəndam qəsəbə sakini Pünhan adlı şəxs mağazaya gələrək ona satmaq məqsədilə üzərində ağ rəngli qaşı olan 01 ədəd qızıl üzük göstərmiş, ondan üzüyün kimə məxsus olduğunu soruşarkən Pünhan üzüyün tanışının anasına məxsus olduğunu, həmin şəxsin anasının xəstə olduğunu, özün isə yaşı az olduğuna görə üzüyü satmaq üçün ona verdiyini bildirmişdir. Üzüyü Pünhandan alıb elektron tərəzidə çəkmiş, ümumi çəkisi 3.45 qram olmaqla dəyəri 160 manat təşkil etmişdir. Pünhanın şəxsiyyət vəsiqəsini alıb onun barədə olan məlumatları kitaba qeyd etmiş və Pünhan imzaladıqdan sonra 160 manat verərək üzüyü ondan almışdır. xx.xx.2024-cü il tarixdə mağazaya polis əməkdaşları gələrək bir gün öncə üzərində ağ qaşı olan 01 ədəd qızıl üzük alılb-almamsı barədə soruşarkən polis əməkdaşlarına bir gün əvvəl Qəbələ rayon Vəndam qəsəbə sakini Pünhan adlı şəxsdən 160 manata qızıl üzük alması barədə bildirmiş və üzüyü gətirərək təqdim etmişdir. Həmin qızıl üzüyə görə ödədiyi 160,0 manat Şahid1 tərəfindən ona qaytarılmışdır. İş üzrə şahid X3 ifadəsində göstərmişdir ki, o, Qəbələ rayon Vəndam qəsəbəsində yaşayır. xx.xx.2024-cü il tarixdə saat təxminən 15-00 radələrində əvvəlcədən tanıdığı Qəbələ rayonunun Nohurqışlaq kənd sakini Təqsirləndirilən şəxs ilə Qəbələ rayonunun Vəndam qəsəbəsinin mərkəzində qarşılaşarkən Əmiralı ona üzərində anasına məxsus 01 ədəd qızıl üzüyün olduğunu, həmin üzüyün qaşı tez-tez düşdüyü üçün anasının üzüyü satmaq istədiyini, lakin anası xəstə olduğu üçün evdən çıxa bilmədiyini, özünün izə yaşı az olduğu üçün üzüyü sata bilmədiyini deyərək üzüyü satmaqda ona köməklik göstərməsini xahiş etmişdir. O, Təqsirləndirilən şəxs dediklərinə inanaraq üzüyü ondan götürmüş və həmin tarixdə saat təxminən 16 radələrində Qəbələ şəhəri ərazisində qızıl-alqı-satqısı ilə məşğul olan Şahid2 mağazasına gələrək üzüyü Xeyrəddinə təqdim edib satmaq istədiyini bildirmişdir. Şahid2 üzüyün oğurluq olub-olmamasını soruşmuş, ona üzüyün oğurluq olmadığını bildirdikdən sonra üzüyü alıb tərəzidə çəkmiş və 160 manat verərək üzüyü alımışdır. Bundan sonra o, Vəndam qəsəbəsinə qayıdaraq aldığı 160 manatı Təqsirləndirilən şəxs vermiş və ondan 20 manat zəhmət haqqı almışdır. xx.xx.2024-cü il tarixdə Qəbələ RPŞ-nə dəvət olunarkən Təqsirləndirilən şəxs ona satmaq üçün verdiyi üzüyü qonşusunun evindən oğurladığını bilmiş və 160,0 manatı Əmiralıdan alaraq Şahid2 qaytarmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokola əsasən Təqsirləndirilən şəxs 16 mart 2024-cü il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs məxsus olan Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən birmətəbəli yaşayış evinə qanunsuz daxil olaraq qonaq otağında olan sandıqdan 01 ədəd üzərində ağ rəngli qaşı olan qızıl üzüyü oğurladığını bildirmişdir. Baxış zamanı baxış protokolu tərtib olunmuş, fotoşəkillər və video görüntü çəkilərək həmin fotoşəkillərin əksləri çıxarılmaqla, videogörüntü isə CD disqə köçürülməklə protokola əlavə edilmişdir. (c.i. səh: 25-30). İşdə olan xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokola əsasən Zərərçəkmiş şəxs məxsus Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 1 ədəd üzüyə baxış zamanı üzüyün qızıl ollduğu və üzərində mirvariyə bənzər ağ rəngli qaşı olduğu müəyyən olunmuşdur. Baxış zamanı baxış protokolu tərtib olunmuş, fotoşəkillər və video görüntü çəkilərək həmin fotoşəkillərin əksləri çıxarılmaqla, videogörüntü isə CD disqə köçürülməklə protokola əlavə edilmişdir. (c.i. səh: 21-24). İşdə olan xx.xx.2024-cü il tarixli “maddi sübutun tanınması və sahibinə qaytarılması haqqında qərar”a əsasən, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs məxsus 16 mart 2024-cü il tarixdə oğurlanmış 3.80 qram kütləli, üzərində mirvariyə bənzər muncuq və halqasının alt hissəsində “583” damğası olan 583/585 əyyarlı 01 ədəd qızıl üzük iş üzrə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs xahişinə əsasən ona qaytarılaraq təhvil verilmişdir. (c.i. səh: 105). İşdə olan Qəbzə əsasən Zərərçəkmiş şəxs 3.80 qram kütləli, üzərində mirvariyə bənzər muncuq və halqasının alt hissəsində “583” damğası olan 583/585 əyyarlı 01 ədəd qızıl üzüyü 30.xx.xx.2024-cü il tarixdə təhvil almışdır. (c.i. səh: 107. İşdə olan AR ƏN MEM tərəfindən verilmiş 04 aprel 2024-cü il tarixli 3-16-16/2-6/1665-9/2246 nömrəli Rəydə göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 3.80 qram kütləli, üzərində mirvariyə bənzər və halqasının alt hissəsində “583” damğası olan 1 ədəd üzük 583Ə585 əyarlı qızıldan hazırlanmış, həmin üzüyün 2024-cü ilin mart ayına olan orta bazar qiyməti 323,00 (3.80 qrx85 man) manat olduğu göstərilmişdir. Odur ki, qeyd olunan rəyə əsasən oğurluq hadisələri nəticəsində Zərərçəkmiş şəxs məxsus 323,00 (üç yüz iyirmi üç) manat dəyərində üzüyün oğurlandığı nəzərə alınmışdır. Məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/1665 nömrəli rəyi cinayət işinin digər materialları ilə uyğunluq təşkil etməklə real gerçəkliyi əks etdirdiyindən iş üzrə sübut növü kimi qəbul edilmişdir. (c.i. 1-cild, səh: 39-42). AR CPM-nin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübütların məcmuyuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Məhkəmə tədqiq olunmuş subutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib CM-nın Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla cəzalanmalıdır. AR CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza ədalətin bərpası, məhkumun islah edilməsi və məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsinə əsasən, Əliyev X4 rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (c.i. səh: 76-77). İşdə olan Qəbələ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(025)31/2023 saylı hökmünün surətinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (c.i. səh: 110-120). İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə göndərdiyi teleqramda bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Cinayəti törədərkən yetkinlik yaşına çatmaması və zərərçəkmiş şəxslə barışıq əldə etməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşdə olan Qəbələ RİHB Nohurqışlaq kənd İƏD üzrə İN tərəfindən verilmiş 23 avqust 2024-cü il tarixli 5-59-40/2-365-2024 nömrəli xasiyyətnamədə Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmuşdur. (c.i. 1-cild, səh: 71-73). İşə əlavə edilmiş Qəbələ rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 284007/2023-5 saylı məlumata əsasən Qəbələ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(025)31/2023 saylı hökmü ilə 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəzasının 01 il 03 gününü çəkmiş, cəza müddətinin çəkilməmiş hissəsi xx.xx.2024-cü il tarixə 05 ay 27 gün qalmışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında » Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 3-cü bəndinin 2-ci abzastında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Yetkinlik yaşına çatmamış şəxslərə cəza təyin edilərkən hər bir konkret halda yeniyetmələrin həyat və məişət şəraiti, yaşlı şəxslərin onun davranışına mənfi təsiri barədə məlumatlar, psixi inkişaf səviyyəsi və şəxsiyyətinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsi və cəzasını yüngülləşdirən hallar nəzərə alınaraq Təqsirləndirilən şəxs AR CM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli və AR CM-nın 67.1-ci maddəsinə əsasən təyin olunan cəza Qəbələ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi ilə qismən birləşdirilərək ona qəti cəza təyin edilməlidir; İş üzrə ekspertiza xərcini təşkil edən 128,0 manat Qanuni nümayəndə tutulub dövlət büdcəsinə keçirilməlidir; İş üzrə mülki iddia yoxdur; İş üzrə maddi subut olan 3.80 qram kütləli, üzərində mirvariyə bənzər muncuq və halqasının alt hissəsində “583” damğası olan 583/585 əyyarlı 01 ədəd qızıl üzüyün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-347, 349, 351-353, 383-385-ci maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 01(bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. AR CM-nın 67.1-ci maddəsinə əsasən təyin olunan cəza Təqsirləndirilən şəxs Qəbələ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(025)31/2023 saylı hökmü ilə təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 5 (beş) ay 26 ( iyirmi altı) günü ilə qismən birləşdirilərək üzərində qəti olaraq 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23-00-dan növbəti gün saat 07- 00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Qəbələ rayonunun inzibati ərazisinin hüdudlarından çıxmamaq, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə ekspertiza xərcini təşkil edən 128,0 manat Qanuni nümayəndə tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar