Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 1(025)-4/2024 10.01.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx xxxxxx 1992-ci il tarixdə Qəbələ rayonu, Nohurqışlaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, işsiz, ali təhsilli, Qəbələ rayonu, Nohurqışlaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə, xx xxx 1987-ci il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, işsiz, orta təhsilli, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 10 oktyabr 2023-cü il tarixdə saat 18:30 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun Qəbələ rayonu, Nohurqışlaq kənd ərazisindən keçən 59cu kilometrliyində idarə etdiyi Mersedes Benz C200 markalı **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəki rayonu istiqamətində hərəkətdə olan zaman yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə zərər vurmamalı, diqqətini avtomobilin idarə olunmasından və daim yol şəraitindən ayırmamalı, qarşıdan əks istiqamətdə nəqliyyat vasitəsi yaxınlaşdığı vəziyyətdə avtomobili qarşı hərəkət zolağına çıxarmamalı və qarşıdan əks istiqamətdə hərəkətdə olan nəqliyyat vasitəsinin hərəkəti üçün təhlükə yaratmamalı, avtomobili 30 km/saat sürətlə idarə etməli olduğu halda həmin tələblərə riayət etməyib “X12” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 64-cü maddəsinin 1ci hissəsinin tələblərini pozaraq qeyd olunan tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq avtomobili 50 km/saat sürətlə idarə edib qarşıdan əks istiqamətdə hərəkəti istiqamətində yolun sağdan daralması səbəbindən yolun Şəki istiqamətində sol hərəkət zolağına çıxaraq hərəkətini davam etdirən zaman qarşı hərəkət zolağında İsmayıllı rayon istiqamətində hərəkətdə olan sürücü Təqsirləndirilən şəxs2 idarə etdiyi Mersedes Benz 190 markalı **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuş, ehtiyatsızlıqdan hadisə nəticəsində Mersedes Benz 190 markalı **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü Təqsirləndirilən şəxs2 sağ diz qapağının sınığı, üst göz qapağının əzilmiş-cırılmış yarası və alının sıyrığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aid xəsarət, Mersedes Benz 190 markalı **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini Zərərçəkmiş şəxs burun sümüyünün yerini dəyişən sınığı, travmatik burun qanaxması, üst dodağın əzilmiş-cırılmış yarası, üst çənədə soldan birinci dişin travmatik düşməsi, alının orta hissəsinin qançırı, burunun üst dodağın, sol dizin ön səthinini, sağ baldırın ön yuxarı 1/3-nin sıyrıqları və alt dodağın orta hissəsində selikli qişaya qansızma kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aid xəsarət yetirməklə yol hərəkəti qaydalarını pozma cinayət əməlini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 10 oktyabr 2023-cü il tarixdə saat 18:30 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun Qəbələ rayonu, Nohurqışlaq kənd ərazisindən keçən 59cu kilometrliyində idarə etdiyi Mersedes Benz 190 markalı **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İsmayıllı rayonu istiqamətində hərəkətdə olan zaman hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu, avtomobili 30 km/saat sürətlə idarə etməli olduğu halda həmin tələblərə riayət etməyib “X12” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq qeyd olunan tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq avtomobili 50-60 km/saat sürətlə idarə edərkən qarşıdan əks istiqamətdə hərəkəti istiqamətində yolun sağdan daralması səbəbindən yolun Şəki istiqamətində sol hərəkət zolağına çıxaraq hərəkətini davam etdirən sürücü Təqsirləndirilən şəxs1 idarə etdiyi Mersedes Benz C200 markalı **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuş, ehtiyatsızlıqdan hadisə nəticəsində Mersedes Benz 190 markalı **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini Zərərçəkmiş şəxs burun sümüyünün yerini dəyişən sınığı, travmatik burun qanaxması, üst dodağın əzilmiş-cırılmış yarası, üst çənədə soldan birinci dişin travmatik düşməsi, alının orta hissəsinin qançırı, burunun üst dodağın, sol dizin ön səthinini, sağ baldırın ön yuxarı 1/3-nin sıyrıqları və alt dodağın orta hissəsində selikli qişaya qansızma kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aid xəsarət yetirməklə yol hərəkəti qaydalarını pozma cinayət əməlini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında ifadə verərkən iş üzrə Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, rəsmi olaraq hər hansı bir təşkilatda işləmir. 3-cü qrup əlildir. Mercedes Benz C 200 markalı, ** GM *** dövlət qeydiyyat nişanlı minik avtomobili ona məxsusdur. Avtonobili “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir. 10 oktyabr 2023cü il tarixdə axşam radələrində həmin avtomobillə Vəndam qəsəbəsindən çıxıb yaşadığı ünvana getmişdir. Avtomobili özü idarə etmiş, salonda sərnişin, yük yerində yük olmamışdır. Saat təxminən 18:30 radələrində avtomobili Qəbələ-Oğuz yolunun Nohurqışlaq kəndi ərazisindəki “Nohurçay” restoranının qarşısından keçən hisəsində Oğuz istiqamətində təxminən 50 km/saat sürətlə idarə etdiyi zaman yolun təmir gedən və daralan hissəsinə çatdıqda onun hərəkətini yaxınvuran işıqlarla asvalt hissə ilə davam etdirmişdir. Bu zaman yolun sol tərəfindəki çınqıl zolaqla da əks istiqamətdə avtomobillər gəlmişdir. Həmin avtomobillərin arxasından qəfildən Mercedes Benz markalı avtomobil çıxmış və onun üzərinə gəlmişdir. İdarə etdiyi avtomobilin tormozunu basıb toqquşmanın qarşısını almağa çalışmışdır. Lakin məsafə az olduğundan hadisənin qarşısını almaq mümkün olmamışdır. Yolunda avtomobillər qarşı-qarşıya toqquşmuşlar. Avtomobillər elə toqquşma yerində dayanmışlar. Hadisə zamanı ciddi bir xəsarət almadığından heç bir tibb müəssisəsinə müraciət etməmişdir. Mercedes 190 markalı avtombilin sürücüsü və sərnişini xəsarət almışlar və onları hadisə yerinə gələn təcili yardımla Qəbələ xəstəxanasına aparmışlar. Hal-hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və onunla barışmışdır. Zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs1 məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödədiyini, onunla barışdığını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbin olmadığını bildirərək barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadə verərkən iş üzrə Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu Vəndam qəsəbəsində yaşayır. Rəsmi olaraq hər hansı bir təşkilatda işləmir. Gündəlik fərdi əməklə məşğul olur. İkinci Qarabağ müharibəsi iştirakçısı və qazisidir. Lakin hələ əlillik statusu ala bilməmişdir. Mercedes Benz 190 markalı, ** UK *** dövlət qeydiyyat nişanlı minik avtomobili ona məxsusdur. Avtonobili “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir. 10 oktyabr 2023cü il tarixdə axşam radələrində həmin avtomobillə Qəbələ şəhərindən çıxıb yaşadığı Vəndam qəsəbəsinə getmişdir. Avtomobili özü idarə etmiş, həmkəndlisi Zərərçəkmiş şəxs qarşı sağ oturacaqda oturmuşdur. Avtombilin yük yerində yük olmamışdır. Saat təxminən 18:30 radələrində avtomobili Qəbələ-İsmayıllı yolunun Nohurqışlaq kəndi ərazisindəki “Nohurçay” restoranının qarşısından keçən hisəsində İsmayıllı istiqamətində təxminən 50-60 km/saat sürətlə idarə etmişdir. Həmin vaxt yol təmir ilə əlaqədar bir qədər daralmışdır. Hərəkətdə olan zaman ondan qarşıda eyni istiqamətdə gedən avtomobil hərəkət sürətini azaldıb sağ tərəfə çıxmışdır. O, isə bir qədər sola yönəlib hərəkətini asvaltla düzünə davam etdirmək istəmişdir. Elə bu anda da görmüşdür ki, qarşıdan onun üzərinə Mercedes markalı avtomobil gəlmişdir. Onunla toqquşmamaq üçün dərhal tormozu basıb idarə etdiyi avtomobili dayandırmağa çalışmışdır. Lakin məsafə az olduğundan hadisənin qarşısını almaq mümkün olmamışdır. Asvalt zolaqda avtomobillər qarşı-qarşıya toqquşmuşlar. Avtomobillər elə toqquşma yerində dayanmışlar. Hadisə zamanı sınıq xəsarətləri almış və hadisə yerinə gələn təcili yardım avtomobili ilə onu Qəbələ xəstəxanasına aparmışlar. Hal-hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və onunla barışmışdır. Zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs2 məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödədiyini, onunla barışdığını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbin olmadığını bildirərək barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs2 tanıyır. Onunla dostluq münasibətləri vardır. 10 oktyabr 2023-cü il tarixdə 17 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə ona məxsus olan Mersedes Benz 190 markalı **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qəbələ şəhərinə getmişdir. Onlar Qəbələ şəhərinə getdikdən sonra orada işlərini bitirmişdir. Bundan sonra isə Qəbələ şəhərindən çıxmış və Qəbələ rayonu, Vəndam qəsəbəsinə doğru hərəkət etməyə başlamışdır. Həmin vaxt avtomobili Aqil idarə etmiş, o isə ön sərnişin oturacaqda əyləşmişdir. Aqil avtomobili 50-60 km/saat sürətlə idarə etmişdir. Onlar Qəbələ rayonu, Nohurqışlaq kənd ərazisində olan zaman yol təmir ilə əlaqədar daralmışdır. Həmin vaxt qarşısında tanımadığı bir avtomobil olmuşdur. Hərəkətdə olan zaman qarşısında olan avtomobil təmir olan hissəyə çatdıqda avtomobili sağ tərəfə istiqamətləndirmiş, Aqil isə avtomobili asfalt ilə hərəkət etdirmək istəmiş və avtomobili bir qədər sol tərəfə istiqamətləndirmişdir. Bu vaxt Qəbələ rayonu, Vəndam qəsəbəsi istiqamətində sürətlə Mersedes markalı avtomobilin gəlməsini görmüşdür. Həmin vaxt avtomobillər arasında məsafə az olmasına görə qəzanın qarşısını ala bilməmiş və hər iki avtomobil toqquşmuşdur. Qəzadan sonra o və Aqil Qəbələ RMX-na getmişdir. Ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilmişdir. Hazırda onlar barışmışlar. Onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və maddi tələbi yoxdur. Təqsirləndirilən şəxslərin barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə ərizələr təqdim edərək ona dəymiş maddi ziyanın ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, təqisrləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş hadisə yerinə baxış protokolundan görünür ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ rayonu ərazisindən keçən 59-cu km-də vermişdir. Hadisə baş verən ərazi yaşayış məntəqəsi daxilində yerləşir. Yolun bir hərəkət hissəsi var. Yol ikitərəflidir, hər istiqamətə bir hərəkət zolağı var. Hadisə yerində İsmayıllı istiqamətinə doğru yolda təmir-tikinti işləri səbəbindən yolun sol çiyni və sol hərət zolağı qazılmış və sərhədlənərək hərəkət hissəsindən ayrılmışdır. Hərəkət zolaqları 1.1 üfiqi nişanlanma xətti vasitəsilə sərhədlənmiş, lakin qazılmış sahədə xətt itmişdir. Yol İsmayıllı istiqamətdə 1.18.3 (yolun soldan daralması), 1.23 (yol işləri), 1.30 (digər təhlükələr), maksimum sürəti 30 km saat həddində məhdudlaşdıran 3.24 nişanlarının, Şəki istiqamətində isə 1.18.2 (yolun sağdan daralması), 1.23 (yol işləri), 1.30 (digər təhlükələr), 3.20 (ötmək qadağandır), maksimum sürəti 30 km saat həddində məhdudlaşdıran 3.24 nişanlarının təsiri zonasındadır. Yolun hərəkət hissəsi asfalt örtüklüdür, hamardır, islanmış vəziyyətdədir, hava şəraiti yağışlıdır, yol sağa doğru döngəlidir. Yolun hərəkət hissəsinin eni 5,5 metrdir. Yolun sağ hərəkət zolağının eni 4 metr, sol hərəkət zolağının eni isə 1,5 metrdir. Yolun sol kənarına paralel 4 metr enində çınqıl zolaq yerləşir. Yoldan sağ tərəfdə bağ sahəsi, sol tərəfdə çay və dağ yamacı yerləşir. Hadisədə iştirak etmiş Mercedes Benz 190 markalı, ** UK *** dövlət qeydiyyat nişanlı minik avtomobili yolun sağ zolağında arxası yoldan sağ tərəfə istiqamətlənmiş vəziyyətdə köndələn dayanmışdır. Avtomobilin qarşı hissəsi əzilmişdir. Hadisədə iştirak etmiş Mercedes Benz C 200 markalı, ** GM *** dövlət qeydiyyat nişanlı minik avtomobili yolun sağ tərəfi yolun sol zolağında, sol tərəfi yolun sağ zolağında olmaqla Şəki istiqamətində dayanmışdır. Avtomobilin qarşı hissəsi əzilmişdir. Avtomobillərin toqquşma 1.1 üfiqi nişanlama xəttinin üzərində yerləşir. Toqquşma yeri avtomobillərdən tökülmüş qırıntılara əsasən müəyyən edildi. Toqquşma yerinin mərkəzindən yolun hərəkət hissəsinin sağ kənarına 4 metr, sol kənarına 1.5 metr məsafə var. Yolda avtomobillərə aid tormoz və ya sürtülmə izləri yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 8/3163 nömrəli məhkəmə yol nəqliyyat hadisələri ekspertizası rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes Benz C200 markalı, ** GM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində “ X12” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs1 Mercedes Benz C200 markalı avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 30 km/saata qədər məhdudlaşdırılmış yolda 50 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «X12” Azarbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. 2. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes Benz 190 markalı, ** UK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 hərəkətlərində “X12” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. X8 Benz 190 markalı avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 30 km/saata qədər məhdudlaşdırılmış yolda 50-60 km/saat sürətlə idarə etdiyindən etdiyindən onun hərəkətlərində «X12” Azarbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2023-cü il tarixli 563 nömrəli məhkəmə tibbi ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində burun sümüyünün yerini dəyişən sınığı, travmatik burun qanaxması, üst dodağın əzilmiş-cırılmış yarası, üst çənədə soldan birinci dişin travmatik düşməsi, alının orta hissəsinin qançırı, burunun üst dodağın, sol dizin ön səthinini, sağ baldırın ön yuxarı 1/3-nin sıyrıqları və alt dodağın orta hissəsində selikli qişaya qansızma kimi xəsarəti vardır. Həmin xəsarətlər küt alətin (əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni 10 oktyabr 2023-cü ildə törənə bilər. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmanın əlamətlərinə aiddir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2023-cü il tarixli 595 nömrəli məhkəmə tibbi ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində sağ diz qapağının sınığı, sol üst göz qapağının əzilmiş-cırılmış yarası və alının sıyrığı kimi xəsarəti vardır. Həmin xəsarətlər küt alətin (əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni 10 oktyabr 2023-cü ildə törənə bilər. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmanın əlamətlərinə aiddir. İş materillarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 167 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinə aktı ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 hadisə vaxtı ayıq olmuşdur. İş materillarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 166 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinə aktı ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 hadisə vaxtı ayıq olmuşdur. İş materiallarına əlavə edilmiş BDYPİ-dən daxil olmuş məktubdan görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin komputer uçot bazasının məlumatlarına əsasən xx.xx.1987-ci il təvəllüdlü, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə (xx.xx.2032-ci il tarixədək etibarlı olan) BD 709527 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmayıb. İş materiallarına əlavə edilmiş BDYPİ-dən daxil olmuş məktubdan görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin komputer uçot bazasının məlumatlarına əsasən xx.xx.1992-ci il təvəllüdlü, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə (xx.xx.2021-ci il tarixədək etibarlı olan) BD 703842 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmayıb. İş materiallarına əlavə edilmiş Qəbələ RMX-dan daxil olmuş məktubdan görünür ki, Qəbələ rayonu Nohurqışlaq kənd sakini xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və Qəbələ rayonu Vəndam qəsəbə sakini xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 Qəbələ RMX Polinlinika şöbəsinin psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda deyildirlər. İş materiallarına əlavə edilmiş BD seriyalı 280412 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz C200” minik markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs1 məxsusdur. İş materiallarına əlavə edilmiş AD seriyalı 965148 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz 190” minik markalı, **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobil X7 məxsusdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixdə verilmiş etibarnamənin surətindən görünür ki, X9 “Mercedes Benz 190” minik markalı, **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixə kimi idarə etməyi Təqsirləndirilən şəxs2 etibar etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri məhkəmə iclasında təqsirləndirilən şəxslərin özlərinin etirafedici ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyləri, hadisə yerinə baxış protokolu, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Həmin Məcəllənin 263.1-ci maddəsinə əsasən Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışmalarını və dəymiş ziyanı tamamilə ödəmələrini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndi tətbiq edilməklə, cinayət məsuliyyətindən azad edilməli, onların Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 263.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməldir. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərkən, maddi sübut qismində tanınmış Mersedes Benz C200 markalı **-GM- *** dövlət qeydiyyat nişanlı və Mersedes Benz 190 markalı **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılmasını nəzərə alır. İş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, cinayət məsuliyyətindən azad edilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində inzibati xəta tərkibinin əlamətləri olduğundan onların inzibati məsuliyyətə cəlb olunması üçün hazırki qərarın surəti, qərar qanuni qüvvəsini aldıqdan sonra, ərazi aiddiyatı üzrə Qəbələ rayon Polis şöbəsinə göndərilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Qəbələ rayon vəkil bürosunun vəkilləri X6 və Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkillər tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, Qəbələ rayon Vəkil Bürosunun vəkili X6 Təqsirləndirilən şəxs1 məhkəmə baxışı dövründə hüquqlarını 7 saat müddətində və Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs2 məhkəmə baxışı dövründə hüquqlarını 7 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş 7 saat hüquqi xidmətə görə vəkil X3 42 manat məbləğində pul və Təqsirləndirilən şəxs2 göstərilmiş 7 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi1 42 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 43, 321, 347, 356, 384- 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndi tətbiq edilməklə, o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndi tətbiq edilməklə, o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut qismində tanınmış Mersedes Benz C200 markalı **-GM-*** dövlət qeydiyyat nişanlı və Mersedes Benz 190 markalı **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X4, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində inzibati xəta tərkibinin əlamətləri olduğundan onların inzibati məsuliyyətə cəlb olunması üçün hazırki qərarın surəti, qərar qanuni qüvvəsini aldıqdan sonra, ərazi aiddiyatı üzrə Qəbələ rayon Polis şöbəsinə göndərilsin. Təqsirləndirilən şəxs1 göstərilmiş 7 saat hüquqi xidmətə görə vəkil X3 42 manat məbləğində pul və Təqsirləndirilən şəxs2 göstərilmiş 7 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi1 42 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №1(025)-4/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №1(025)-4/2024
10.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver