Məhkəmə qərarları › İş №1(025)-4/2025

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-4/2025

17.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-4/2025 17.02.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və Müdafiəçi iştirakı ilə, xx.xx.1998-ci ildə Qəbələ rayonu, Mirzəbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə “8 noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” AR MMnin xx.xx.2021-ci il tarixli 395-VİQR nömrəli Qərarının 4-cü bəndinə əsasən çəkilməmiş qalan cəzası 06 ay müddətə azadılmış və xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, işləməyən, Qəbələ rayonu Mirzəbəyli kəndində yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam qatimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ondan ötrü məhkəməyə verilmişdir ki, o, qəsdən cinayət törətdiyinə görə əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, bundan nəticə çıxararaq islah olunmaq əvəzinə məhkumluğu ödənilmədən residiv halda yenidən özgənin əmlakını elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə gizli yolla, qanunsuz və əvəzsiz şəkildə ələ keçirmək niyyəti ilə xx.xx.2024-cü il tarixdə saat 05 radələrində Qəbələ şəhəri Heydər Əliyev prospekti X3 filialının inzibati binasının sağ tərəfində yerləşən “Gəncə Təndiri” adlı şirniyyat evində işdə olduğu vaxt iş yoldaşı Zərərçəkmiş şəxs əvvəlcədən dəmir masanın altına qoyduğu əl çantasının içərsindən sonuncuya məxsus Kapital Banka aid **********703501 saylı və hesabında 2928 (iki min doqquz yüz iyirmi səkkiz) manat pul vəsaiti olan kartını gizlin şəkildə özü ilə götürərək Leyla Səmədovadan xəbərsiz gizli şəkildə əvvəlcə həmin tarixdə saat 08:28 radələrində Qəbələ rayonunun Zarağan kəndi ərazisində yerləşən “Bazarstore” adlı mağazanın xaricində yerləşdirilmiş Kapital Banka məxsus Bankomata yaxınlaşıb həmin kartı Bankomata daxil edib 1995 saylı PİN kodu qeyd edərək hesaba daxil olmaqla hesabdan 2000 (iki min) manat, daha sonra isə həmin tarixdə saat 09:48 radələrində Qəbələ şəhəri Heydər Əliyev prospektində yerləşən “Emil Market” adlı mağazanın xaricində yerləşdirilmiş Kapital Banka məxsus bankomata yaxınlaşıb eyni üsulla, yəni həmin kartı Bankomata daxil edib 1995 saylı PİN kodu qeyd edərək hesaba daxil olmaqla hesabdan əlavə 866 (səkkiz yüz altmış altı) manat pulu məxaric edib, ümumilikdə isə Zərərçəkmiş şəxs məxsus 2866 (iki min səkkiz yüz altmış altı) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunmuş qəsdlə və gizli yolla talayaraq qanunsuz və əvəzsiz ələ keçirib şəxsi ehtiyaclarına sərf etmiş, bununla da o, elektron daşıyıcı hesab olunan bank kartından və informasiya texnologiyalarından istifadə etməklə oğurluq cinayətini törətmişdir. İş üzrə Təqsirləndirilən şəxs özünü ona qarşı Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonunun Mirzəbəyli kəndində yaşayır. Qəbələ rayonunun Aydınqışlaq kənd sakini Zərərçəkmiş şəxs 2024-cü ilin yay aylarında Qəbələ şəhəri Heydər Əliyev prospektində yerləşən “Gəncə Təndiri” adlı şirniyyat evində işləyərkən tanımışdır. Belə ki, həmin şirniyyat evində gecə növbəsində o, qızardıcı, Zərərçəkmiş şəxs isə yapıcı işləmiş, onlar hər gün saat 20 radələrində işə gəlib növbəti gün saat 08 radələrindək işləmişlər. Zərərçəkmiş şəxs Kapital Banka aid 1995 saylı Pin kodu olan pul kartı olmuş, Leyli həmin pul kartını əl çantasının içərsində gəzdirirərək saxlamış və hər dəfə işə gələrkən əl çantasını şirniyyat evinin içərsində olan dəmir stolun altına qoymuşdur. xx.xx.2024-cü il tarixdə gecə növbəsində işdə olarkən Leylinin əl çantasında saxladığı kartı gizlin götürüb içərsində olan məbləği çıxarmağı planlaşdırmış, saat 05 radələrində kartı götürmüş və işdən çıxdıqdan sonra saat təxminən 08:30 radələrində Qəbələ rayonunun Zarağan kəndi ərazisinə gəlib kartı oradakı “Bazarstore” mağazanın xaricində yerləşdirilmiş Kapital banka məxsus bankomata daxil edərək kartın 1995 saylı PİN kodu qeyd edib hesabı açmışdır. Hesabda cəmi 2928 (iki min doqquz yüz iyirmi səkkiz) manat pul olmuş, əvvəlcə 2000 (iki min) manat götürmüş, daha sonra isə həmin tarixdə saat təxminən 09:40 radələrində Qəbələ şəhərinə gələrək Heydər Əliyev prospektində yerləşən “Emil Market” adlı mağazanın xaricində yerləşdirilmiş Kapital banka məxsus bankomatdan eyni qaydada 866 (səkkiz yüz altmış altı) manat çıxararaq ümumilikdə Zərərçəkmiş şəxs məxsus cəmi 2866 (iki min səkkiz yüz altmış altı) manat pulu oğurlamışdır. Həmin gün axşam saat 20 radələrində işə gəlmiş və həmin pul kartını Leylinin iş yerindəki stolun altına qoyduğu sellofan torbanın içinə atmışdır. Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərmişdir ki, əməlindən peşman olmuş və Zərərçəkmiş şəxs dəymiş maddi zərəri tam şəkildə ödəyərək onunla barışmışdır. İş üzrə Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, Qəbələ rayonunun Aydınqışlaq kəndində yaşayır. Qəbələ rayonunun Mirzəbəyli kənd sakini Təqsirləndirilən şəxs 2024-cü ilin yay aylarında Qəbələ şəhəri Heydər Əliyev prospektində yerləşən “Gəncə Təndiri” adlı şirniyyat evində işləyərkən tanımışdır. Belə ki, həmin şirniyyat evində gecə növbəsində o, yapıcı, Təqsirləndirilən şəxs isə qızardıcı işləmiş, onlar hər gün saat 20 radələrində işə gəlib növbəti gün saat 08 radələrindək işləmişlər. X6 aid **********703501 saylı Bir Bank kartı olmuş, özünə məxsus bütün pulları həmin karta yükləməklə saxlamış və kart hesabında ümumilikdə 2928 (iki min doqquz yüz iyirmi səkkiz) manat pul olmuşdur. Pul kartını özü ilə gəzdirdiyi əl çatasında saxlamış, kartı sifariş verib X5 filalından alarkən Təqsirləndirilən şəxs onun yanında olduğu üçün 995 saylı Pin kodunu bilmişdir. xx.xx.2024-cü il tarixdə, saat təxminən 20 radələrində iş yerinə gəlib pul kartını saxladığı əl çantasını iş yerində olan dəmir stolun altına qoyub işə başlamış və saat təxminən 08 radələrində işdən çıxıb əl çantasını qoyduğu yerdən götürərək içərsinə baxmadan yaşadığı evə gəlmişdir. İki gün keçdikdən sonra təsadüfən əl çantasına baxdıqda pul kartını tapmayaraq axtarmağa başlamış, pul kartını əl çantasının içərsində deyil, iş yerində geyinmək üçün geyim əşyalarını apardığı sellofan torbanın içərsində aşkar etmişdir. Bundan sonra kiminsə pul kartını götürüb içərsində olan pulunu çıxarmasından şübhələnərək kartını yoxlamış, hesabında olan 2866 (iki min səkkiz yüz altmış altı) manat pulun çıxarılaraq oğurlandığını, kart hesabında cəmi 62 (altmış iki) manat pul qaldığını görmüş və pulunun oğurlanması barədə Qəbələ RPŞ-nə şikayət etmişdir.Aparılan araşdırma nəticəsində Təqsirləndirilən şəxs onun kart hesabın olan 2866 (iki min səkkiz yüz altmış altı) manat pulu çıxararaq oğurladığı məlum olmuşdur. Zərərçəkmiş şəxs daha sonra ifadəsində göstərmişdir ki, kart hesabında olan 2866 (iki min səkkiz yüz altmış altı) manat pulun oğurlanması nəticəsində ona dəymiş maddi zərər Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənildiyi üçün ona qarşı heç bir tələbi və şikayəti yoxdur. İş üzrə Şahid ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında yaşayır və Qəbələ şəhəri Heydər Əliyev prospektində yerləşən X1 məxsus “Gəncə Təndiri” adlı şirniyyat evində nəzarəti vəzifəsində işləyir. Şirniyyat evində gecə növbəsində Təqsirləndirilən şəxs qızardıcı, Zərərçəkmiş şəxs isə yapıcı kimi işləmiş, onlar hər gün saat 20 radələrində işə gəlib növbəti gün saat 08 radələrindək işləmişlər. 2024-cü ilin avqust ayının əvəllərində Zərərçəkmiş şəxs şirniyyat evində işdə olarkən iş yerindəki dəmir stolun altına qoyduğu əl çaəəntasından Kapital Banka aid pul kartını kiminsə oğurlayaraq kart hesabında olan 2866 (iki min səkkiz yüz altmış altı) manat pulunu çıxardığını bildirmişdir. Həmin ərəfələrdə iki nəfər polis əməkdaşı iş yerinə gələrək mobil telefonda ona bir nəfər şəxsin şəkilini göstərib onu tanıyıb-tanımamasını soruşarmuş və o, həmin şəxsi tanıyaraq şirniyyat evində gecə növbəsində qızardıcı işləşən Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs şikayəti ilə əlaqədar polis əməkdaşları şirniyyat evinə baxış keçirərkən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə gecə növbəsində işdə olarkən Zərərçəkmiş şəxs pul kartını əl çantasından gizlin şəkildə götürüb hesabda olan pulunu çıxardığını etiraf etmişdir. Həmin məsələdən sonra Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs işdən çıxmışlar. İşdə olan xx.xx.2024-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokola əsasən Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən 31 iyul 2024-cü il tarixdə saat 05 radələrində Qəbələ şəhəri Heydər Əliyev prospektində yerləşən “Gəncə Təndiri” adlı şirniyyat evində işdə olarkən iş yoldaşı Zərərçəkmiş şəxs məxsus Kapital Banka aid pul kartını şirniyyat evindəki dəmir stolun altına qoyulmuş əl çantasından gizli şəkildə götürərək hesabında olan cəmi 2866 (iki min səkkiz yüz altmış altı) manat məbləğində pulu çıxararaq oğurlaması barədə ifadəsində qeyd olunanlarla eyni şəkildə bəhs etmişdir. (c.i. səh: 108-112) İşdə olan xx.xx.2024-cü il tarixli Kapital Bank ASC-nin ödəniş kartı üzrə Çıxarışa əsasən içərsində 2,928 (iki min doqquz yüz iyirmi səkkiz) manat pul olan Zərərçəkmiş şəxs məxsus Kapital Banka aid 5239 1517 2570 3501 saylı kart hesabından 31 iyul 2024-cü il tarixdə, saat 08:28 radələrində Qəbələ rayonunun Zarağan kəndi ərazisində yerləşən “Bazarstore” adlı mağazanın xaricində yerləşdirilmiş Kapital Banka məxsus Bankomatdan 2000 (iki min) manat, həmin tarixdə saat 09:48 radələrində Qəbələ şəhəri Heydər Əliyev prospektində yerləşən “Emil Market” adlı mağazanın xaricində yerləşdirilmiş X2 866 (səkkiz yüz altmış altı) manat, ümumilikdə 2866 (iki min səkkiz yüz altmış altı) manat məbləğində pul məxaric edilmişdir. (c.i. səh: 7) İşdə olan xx.xx.2024-cü il tarixli “CD formatlı diskdə yerləşdirilmiş məlumatlara baxış keçirilməsi haqqında” protokola əsasən Zərərçəkmiş şəxs məxsus **********703501 saylı Kapital Banka aid pul kartı vasitəsilə aparılan maliyyə əməliyyatlarında Təqsirləndirilən şəxs tərəfindən 31 iyul 2024-cü il tarixdə saat 08:28 radələrində Qəbələ rayonunun Zarağan kəndi ərazisində yerləşən “Bazarstore” adlı mağazanın xaricində yerləşdirilmiş Kapital Banka məxsus Bankomatdan 2000 (iki min) manat, daha sonra isə həmin tarixdə saat 09:48 radələrində Qəbələ şəhəri Heydər Əliyev prospektində yerləşən “Emil Market” adlı mağazanın xaricində yerləşdirilmiş Kapital Banka məxsus Bankomatdan əlavə 866 (səkkiz yüz altmış altı) manat olmaqla, ümumilikdə 2866 (iki min səkkiz yüz altmış altı) manat məbləğində pul vəsaiti məxaric edildiyi yer almışdır. (c.i. səh: 62-64) AR CPM-nin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübütların məcmuyuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Məhkəmə tədqiq olunmuş subutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib CM-nın Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla cəzalanmalıdır. AR CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza ədalətin bərpası, məhkumun islah edilməsi və məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan Bakı şəhəri, Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün surətinə əsasən Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş,dir. ( c.i.səh: 114-120) İşdə olan AR DİN BƏSİİ tərəfindən verilmiş sorğu xx.xx.2024-cü il tarixli məlumata əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə “8 noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” AR MM-nin xx.xx.2021-ci il tarixli 395-VİQR nömrəli Qərarının 4-cü bəndinə əsasən çəkilməmiş qalan cəzası 06 ay müddətə azadılmış və xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (c.i. səh: 55-56) Cinayətlərinin residivinin olması Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Zərərçəkmiş şəxsə dəymiş maddi zərəri ödəyərək onunla barışıq əldə etməsi və əməlindən peşmançılıq çəkməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. İşdə olan Qəbələ RİHB Mirzəbəyli kənd İƏD üzrə İN tərəfindən verilmş xx.xx.2024-cü il tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. (c.i. səh: 121-122) «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 3-cü bəndinin 2-ci abzastında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, törətdiyi cinayətin xarakteri və cəzasını ağırlaşdıran hal nəzərə alınaraq Təqsirləndirilən şəxs AR CM-nın müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli və cəzanın həddi müəyyən edilərkən cəzasını yüngülləşdirən hallar, o cümlədən şəxsiyyəti nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilib “həbs” qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə zalında həbsə alınmalı, AR CM-nın 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir; İş üzrə olan maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351-353 və 383- 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilib “həbs” qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə zalında həbsə alınsın. Cəza çəkməsinin əvvəli 17 fevral 2025-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə olan maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Hökmdən 20 (iyirmi) gün müddətində (həbsdə olan şəxs hökmü aldıqdan sonra) Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar