Məhkəmə qərarları › İş №1(025)-40/2021

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-40/2021

29.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-40/2021 29.11.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Oğuz rayonu, Astraxanovka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Oğuz rayonu, Astraxanovka kəndində qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X2 həbsdə olan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 14.01.2021-ci il tarixdə saat 20 radələrində həmin vaxt sürücü kimi işlədiyi və işi ilə əlaqədar müvəqqəti yaşadığı Zərərçəkmiş şəxs MMC-nin nəzdnində olan Qəbələ rayon Bayramkoxalı kəndində yerləşən "xxxx" MMC-yə məxsus şirkətin ərazisində saxlanc yerindən kənarda saxlanılan, su artezianı üçün nəzərdə tutulmuş 600 metr uzunluğunda olan içərisi mis əsaslı ərintidən hazırlanmış və 1 metrinin qiyməti 4 (dörd) manat təşkil edən kabelin 205 metr uzunluğunda olan hissəsini gizli yolla kəsib götürərək üzərində olan izolyasiya materialını yandırdıqdan sonra mis metal hissəsini ərazidən aparıb satmaqla zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-yə məxsus şirkətə 820 (səkkiz yüz iyirmi) AZN dəyərində əmlakı gizli yolla talamışdır. Bundan başqa, o, təkrarən 15.01.2021-ci il tarixdə saat 20 radələrində həmin vaxt sürücü kimi işlədiyi və işi ilə əlaqədar müvəqqəti yaşadığı Zərərçəkmiş şəxs MMC-nin nəzdnində olan Qəbələ rayon Bayramkoxalı kəndində yerləşən "xxxx" MMC-yə məxsus şirkətin ərazisində saxlanc yerindən kənarda saxlanılan, su artezianı üçün nəzərdə tutulmuş 600 metr uzunluğunda olan içərisi mis əsaslı ərintidən hazırlanmış və 1 metrinin qiyməti 4 (dörd) manat təşkil edən kabelin 215 metr uzunluğunda olan hissəsini gizli yolla kəsib götürərək üzərində olan izolyasiya materialını yandırdıqdan sonra mis metal hissəsini ərazidən aparıb satmaqla zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-yə məxsus 860 (səkkiz yüz altmış) AZN dəyərində əmlakı gizli yolla talamış, nəticədə şirkətə ümumilikdə 1680 (bir min altı yüz səksən) manat maddi ziyan vurmuşdur Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin aprel ayından Qəbələ rayonu Bayramkoxalı kəndi ərazisində yerləşən “Elşad MMC” şirkətində traktor sürcüsü kimi işə düzəlmiş, şirkətin işləri Qəbələ rayonunda olduğu üçün işə düzəldiyi vaxtdan etibarən Qəbələ rayon Bayramkoxlı kəndində yerlşən şirkətə məxsus anbarların yaxınlığındakı şirkətin daxilində yerləşən evdə qalmışdır. 14.01.2021-ci il tarixdə saat 20 radələrindən sonra şirkətin işçiləri iş vaxtı başa çatdığından işdən getmişlər. Şirkətə məxsus anbarların yaxınlığında gəzən zaman şirkətin həyətində anbardan çöl tərəfdə artezian xətti üçün nəzərdə tutulmuş içərisi mis materialından hazırlanmış bükülərək bir yerə yığılmış vəziyyətdə kabel olduğunu görüb, həmin kabelin bir hissəsini kəsib oğurlayaraq satmaq qərarına gəlmişdir. Qaldığı evə qayıdaraq oradan çəkic və kisə götürərək yenidən kabel olduğu yerə gəlmiş, kabelin bir tərəfindən tutaraq onu çəkib açıq əraziyə çıxarmaqla təxminən 205 metr hissəsini kəsməklə yaxınlıqdakı kolluq ərazidə gizlətmiş, axşam saat təxminən 23 radələrində kabeli gizlətdiyi yerə gedərək kabeli alışqan vasitsəilə üzərini yandırmaqla mis olan hissəsini kisəyə yığıb gizlətmişdir. 15.01.2021-ci il tarixdə səhər saat 10 radələrində mis dolu kisəni xəlvəti heç kimin xəbəri olmadan götürərək satmaq məqsədi ilə Qəbələ rayon Hacallı kəndində Məmmədxan adlı şəxsin metal qəbulu məntəqəsinə getmişdir. Oğurladığı misin çəkisi ümumilikdə 21 kq etmiş ki, 1 kq 9 manata satmaqla 189 manat pul əldə etmişdir. Bundan sonra, yenidən iş yerinə qayıdaraq qərara gəlmişdir ki, axşam işdən işçilər getdikdən sonra həmin içərisi mis olan kabelin müəyyən hissəsinidə oğurlayıb satmaqla pul əldə etsin. Bu məqsədlə 15.01.2021-ci il tarixdə axşam saat 20 radələrindən sonra şirkətin işçilərinin işdən getdikdən sonra kabelin olduğu yerə gedərək əvvəlki kimi kabelin uc hissəsindən tutub dartıb açaraq təxminən 215 metrini çəkic vasitəsilə vurub qırmaqla digər hissədən ayıraraq kolluq əraziyə aparıb gizlətmişdir. Gecə saatlarında oğurladığı kabeli yandıraraq üzərini soyub mis hissəsini kisəyə yığmaqla şirkətin həyətinin bir kənarında kolluq ərazidə gizlədib qaldığı yerə qayıtmışdır İki gündən sonra, 17.01.2021-ci il tarixdə səhər saatlarında oğurladığı misi gizlətdiyi yerdən xəlvəti götürərək Hacallı kəndində gətirib Məmmədxan adlı şəxsə təhvil vermişdir. Oğurladığı mis 23 kq olduğu üçün kilosunu 9 manata Məmmədxana sataraq 207 manat pul almışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspert rəyi, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs MMC-nin nəzdnində olan Qəbələ rayon Bayramkoxalı kəndində yerləşən "xxxx" MMC-yə məxsus şirkət fəaliyyət göstərir ki, həmin şirkət əkinçiliklə məşğul olur, şirkətə məxsus əkin sahələrini sulamaq məqsədi ilə şirkətin nəzdnində bir neçə artezian quyusu var. Su artezianın biri nasaz olaraq təmir olunduğundan həmin arteziana aid 600 metr uzunluğundakı içərisi mis əsaslı ərintidən hazırlanmış üzəri izolyasiyalı kabeli çıxarılaraq topalanmış şəkildə şirkətin həyətinə gətirilərək qoyulmuşdur. 17.01.2021-ci il tarixdə həmin şirkətdə nəzarətçi işləyən Şahid1 şirkətin həyətini gəzib nəzarət edərkən, yerdəki izdən müəyyən etmişdir ki, kabel dartınaraq yerlə sürünüb kənara aparılmaqla çox hissəsi kəsilib oğurlanmışdır. Sonradan müəyyən olunmuşdur ki, həmin kabeli şirkətdə sürücü işləmiş hal-hazırda isə işdən çıxmış Təqsirləndirilən şəxs 14.01.2021-ci il tarixdə və 15.01.2021-ci il tarixdə xəlvəti olaraq iki dəfəyə hissə-hissə kəsməklə oğurlamışdır. Kabelin ümumi uzunluğu 600 metr olmuş ki, Təqsirləndirilən şəxs iki dəfəyə təxminən 205 metr bir və 215 metr bir olmaqla ümumilikdə 420 metr hissəsini kəsib oğurlamaqla satmışdır. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə 29.11.2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxs tərəfindən cəmiyyətə dəymiş ziyanın tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayət və tələbin olmadığını, mülki iddianın baxılmamış saxlanılmasını göstərməklə, ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-nin nəzdnində olan Qəbələ rayon Bayramkoxalı kəndində yerləşən "xxxx" MMC-yə məxsus şirkətdə nəzarətçi işləyir. Təqsirləndirilən şəxs 2020-ci ilin aprel ayından tanımış, belə ki, Təqsirləndirilən şəxs həmin şirkətə sürücü kimi düzələrək şirkətin ərazisində yaşamışdır. Şirkətə məxsus artezianın biri nasaz olaraq təmir olunduğundan həmin arteziana aid 600 metr uzunluğundakı içərisi mis materialdan olan üzəri izoliyasiyalı kabeli çıxarılaraq topalanmış şəkildə şirkətin həyətinə gətirilərək qoyulmuşdur. 17.01.2021-ci il tarixdə işlədiyi şirkətin həyətini gəzib nəzarət edərkən yerdəki izdən müəyyən etmiş ki, həmin kabel dartınaraq yerlə sürünüb kənara aparılmaqla çox hissəsi kəsilib oğurlanmışdır. Bu barədə şirlkət rəhbərliyinə şifahi məlumat vermiş, sonradan məlum olmuş ki, kabeli 14.01.2021-ci il tarixdə və 15.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs xəlvəti olaraq iki dəfəyə hissə-hissə kəsməklə oğurlamışdır. Həmin kabelin ümumi uzunluğu 600 metr olmuşdur. Fərid iki dəfəyə kabelin 420 metr hissəsini kəsib oğurlamaqla satdığını bildirmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Qəbələ rayonu Hacallı kəndində əlvan metalların qəbulu məntəqəsində əlvan metal alıb satmaqla məşğul olur. 15.01.2021-ci il tarixdə 11 radələrində Təqsirləndirilən şəxs ağ sintetik kisədə ona mis satmağa gətirmişdir. Həmin misi qəbul edib çəkmiş, çəkisi 21 kq etmiş ki, bir kilosunu 9 manata alaraq, ümumilikdə Fəridə 189 manat pul vermişdir. 17.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs saat 16 radələrində təkrar satmağa mis gətirmiş, həmin misi çəkrərək çəkisi 23 kq etmiş ki, misi Fəriddən 1 kilosunu 9 manata alaraq, ümumilikdə Fəridə 207 manat pul vermişdir. Sonradan ona məlum olmuşdur ki, Fəridin ona satdığı mis oğurluq olmuş, misin əvvəlcədən oğurluq olmasından heç bir məlumatı və xəbəri olmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyun 2021-ci il tarixli, 6/2243-9/3653 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: - qeyri metal izolyasiya təbəqələrindən və qırmızımtıl-sarı rəngli məftillərdən ibarət təxminən 108.0 sm uzunluqlu, ümumi diametri təxminən 11.6 mm qırmızımtıl-sarı rəngli məftillərdən bir ədədinin diamteri təxminən 1.3 mm olan 1 ədəd kabel nümunəsi mis əsaslı ərintidən hazırlanmışdır; aparılmış fiziki kimyəvi tədqiqatın nəticələrini nəzərə alaraq təqdim edilmiş qeyri-metal izolyasiya təbəqələrindən və qırmızımtıl-sarı rəngli məftillərdən ibarət təxminən 108.0 sm uzunluqlu, ümumi diametri təxminən 11.6 mm qırmızımtıl-sarı rəngli məftillərdən bir ədədinin diamteri təxminən 1.3 mm olan mis əsaslı ərintidən hazırlanmış kabelin istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin yanvar ayına 1 metrinin orta bazar qiyməti təxminən 4.0 manat müəyyən edilir. “Şübhəli şəxsin tutulması haqqında” 02 iyun 2021-ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 02 iyun 2021-ci il tarixdə saat 19:40-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Müstəntiqin 04 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 17:30-da saxlanıldığı Qəbələ RPŞ-nin müvəqqəti saxlanma yerindən azad edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli 1(025)-40/2021 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs axtarışı elan edilmiş və barəsində olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmişdir. Qəbələ rayon Polis şöbəsi tərəfindən məhkəməyə təqdim edilən 28 oktyabr 2021-ci il tarixli “axtarışda olan şəxsin könüllü gəlməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 oktyabr 2021-ci tarixdə QRP-yə gələrək özünü könüllü təqdim etmişdir və həmin gün Qəbələ RPŞnin müvəqqəti saxlanma yerinə təhvil verilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 07.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün ibtidai istintaq və ilkin məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadələri, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ibtidai istintaq zamanı və ilkin məhkəmə baxışı zamanı verdikləri ifadələri, ekspert rəyi, digər iş materialları ilə onun özgə əmlakını gizli olaraq talamaqla təkrar oğurluq cinayətin törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini könüllü etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam olaraq ödəməsini və onunla barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən, Təqsirləndirilən şəxs əməlində törətdiyi cinəyət əməlini könüllü etiraf edərək səmimi peşimançılıq hissi keçirməsi, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəməklə barışıq əldə etməsi, yaşadığı yer üzrə müsbət xarakterizə olunması kimi cəzanı yüngülləşdirən halların olmasını, habelə əvəllər məhkum olunmamasını və onun əməlində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almaqla, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə ilə bağlı olmayan az ciddi cəzanın təyin edilməsinin cəzanın məqsədinə çatmasına daha uyğun olmasını hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun 02 iyun 2021-ci il tarixdən 04 iyun 2021-ci il tarixə kimi tutulub saxlandığı 02 (iki) gün müddəti və 28 oktyabr 2021-ci il tarixdən 29 noyabr 2021-ci il tarixədək həbsdə olduğu 01(bir) ay 01 (bir) gün müddəti də cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulub saxlandığı və həbsdə olduğu ümumilikdə 01 (bir) ay 03 (üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə hesablanmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, məhkəmə zalından dərhal azad edilməlidir. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs cəmiyyətin xeyrinə cəmiyyətə vurulmuş maddi ziyan kimi 1680 (bir min altı yüz səksən) manat məbləğində pulun tutularaq ödənilməsini məhkəmə hökmü ilə müəyyən edilməsini xahiş etmişdir. Daha sonra, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə elektron qaydada əlavə iddia ərizəsi ilə müraciət edərək, Təqsirləndirilən şəxs cəmiyyətin xeyrinə 4590 (dörd min beş yüz doxsan) manat məbləğində pulun tutularaq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hazırkı məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən cəmiyyətə dəymiş ziyanın tam olaraq ödənildiyini, cəmiyyətin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, mülki iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 354-cü maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, rədd edilməsi və baxılmamış saxlanılması barədə qərarlardan biri əks etdirilir. Məhkəmə, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə mülki iddianın baxılmamış saxlanılması barədə ərizəsini, bununla bağlı digər tərəflərin etirazının olmadığını nəzərə alaraq, Zərərçəkmiş şəxs MMC-nin cəmiyyətə dəymiş, ümumilikdə 4590 (dörd min beş yüz doxsan) manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq, cəmiyyətə ödənilməsi barədə iddia ərizəsi baxılmamış saxlanılmasını əsaslı sayır. Qəbələ Rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut olan 1,08 m uzunluğunda kabel iş üzrə zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nəzdnində olan "xxxx" MMC-nə qaytarılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə müsadirə ilə bağlı məsələni araşdırır və hazırkı cinayət işi üzrə müsadirə olunmalı olan əmlak aşkar edilmədiyindən xüsusi müsadirə ilə bağlı tədbirin tətbiq olunmasını məqsədə müvafiq hesab etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulub saxlandığı və həbsdə olduğu ümumilikdə 01 (bir) ay 03 (üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə hesablanmaqla 02 (iki) ay 06 (altı) gün müddət ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Oğuz rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə zalında dərhal azad edilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin cəmiyyətə dəymiş, ümumilikdə, 4590 manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs tutularaq cəmiyyətə ödənilməsi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qəbələ Rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut olan 1,08 m uzunluğunda kabel iş üzrə zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nəzdnində olan "xxxx" MMC-nə qaytarılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar