Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-42/2021 25.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1966-cı ildə Qəbələ rayonu Mıxlıqovaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Qəbələ rayonu Mıxlıqovaq kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs dünyada və ölkə ərazisində geniş yayılmış koronavirus (COVİD-19) infeksion xəstəliyinin müayinəsi ilə əlaqədar 24 mart 2021-ci il tarixdə Qəbələ rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin təcili tibbi yardım şöbəsinə müraciət edərək yaxma üsulu ilə koronavirus testi verərək sənəd imzalanan tarixdən testin nəticəsi təsdiqlənən tarixədək olduğu yeri tərk etməmək, COVİD-19 virus infeksiyası aşkar olunduqda testin nəticəsi çıxdığı tarixdən etibarən 14 gün ərzində olduğu yer üzrə təcrid olunmaq kimi qaydalara riayət etmək barədə öhdəliklər götürməsi, həmin qaydalara riayət etmədiyi halda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə məsuliyyət daşımağı barədə iltizamı imzalamasına, 24 mart 2021-ci il tarixdə keçirilmiş koronavirus (COVİD-19) infeksiyasının müayinə testinin nəticəsi pozitiv çıxmaqla koronavirus (COVİD 19) infeksiyasına yoluxması faktının təsdiq olunması, bununla əlaqədar olaraq onun yaşayış yerini tərk etməməsi, karantin rejimini pozduğu təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilməsi barədə ona 25.03.2021-ci il tarixdə ***- ***-**-** saylı nömrədə işləyən mobil telefonuna İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən göndərilən mesaj vasitəsi ilə, eləcə də Qəbələ rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin “Ailə Sağlamlıq Mərkəzi”ndən istifadəsində olan mobil telefona həmin mərkəzin həkimi Şahid5 mobil telefonla zəng edərək şifahi qaydada xəbərdar etməsinə baxmayaraq, koronavirus (COVİD19) infeksiyasına yoluxmasını bilə-bilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 mart 2020-ci il tarixli qərarına əsasən ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə 24 mart 2020-ci il tarixdə, saat 00:00-dan etibarən elan edilmiş və hazırda davam edən epidemiya əlehinə olan xüsusi karantin rejimini qəsdən pozaraq 05 aprel 2021-ci il tarixdə, saat təqribən 16 radələrində yaşadığı evi tərk edərək təqribən 3 km məsafədə yerləşən otlaq sahəsindəotlayan təsərrüfatına məxsus malqaranı, qoyunlarını kəndin ara yolları ilə yaşadığı ünvana aparan zaman kənd içərisindəki yollarda və otlaq sahəsində olan kənar şəxslərə (COVİD-19) infeksion xəstəliyinin yayılması üçün real təhlükə yaratmış, həmin vaxt Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən (COVİD-19) xəstəliyinin yayılmasının qarşısını aımaq istiqamətində həyata keçirilən tədbirlər nəticəsində saxlanılaraq yaşayış yerinə qaytarılmışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139- 1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadə verərkən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, pandemiya ilə mübarizə çərçivəsində hər iki peyvəndi vurmuş, 24 mart 2021-ci il tarixdə evdə olan zaman səhhətində narahatlıq hiss edərək evdə özü hərarətini ölçdükdə hərarətinin 37,5 dərəcə olduğunu müəyyən etmiş, buna görə də koronavirusa yoluxmağından şübhələnib təcili tibbi yardımın “103” nömrəsinə zəng edərək həyətə çağırmışdır. Həyətində koronovirus testinin analizini burnundan yaxma üsülü ilə vermiş, həmçinin orada ona həkim iltizamnaməni imzalatmış, iltizamnamədə koronovirus infeksiyası barədə verdiyi testin nəticəsinin pozitiv çıxacağı halda yaşadığı evi tərk edərək karantin qaydalarını pozacağı hada cinayət və ya inzibati məsuliyyət daşımağı barədə xəbərdar edilməyi qeyd edilmişdir. İlltizamnaməni oxuyaraq onu imza etmiş və iltizam vermiş ki, “covid19” infeksiyasına yoluxmağı barədə verdiyi testin nəticəsi müsbət çıxarsa və bundan sonra 14 gün ərzində evi tərk edərək özünü təcrid qaydalarını pozub bayıra çıxıb karantin qaydasını pozacağı halda o zaman cinayət və ya inzibati məsuliyyət daşıyacaqdır. Həmin iltizamnamənin rəngli bir kopyası özündə qalmışdır. Həkimlər çıxıb getmiş, ev şəraitində qalmış, səhəri gün axşam saatlarında istifadəsində olan ***-***-**-** saylı mobil telefona mesaj gəlmişdir. Mesaj Səhiyyə Nazirliyinin TƏBİB-in İTS.GOV.AZ saytından imiş. Həmin anda mesajı oxuduqda mesajda 24 mart 2021-ci il tarixdə COVİD19 ilə bağlı verdiyi testin nəticəsinin pozitiv olması, həmin mesajda xəstəliyə yoluxduğu üçün özünə və ailə üzvlərinin yaşayış yerini tərk etməməyi, karantin rejimini pozduğu halda Azərbaycan Respublikası inzibati və Cinayət Məcəlləsi ilə məsuliyyət daşımağı barədə xəbərdar edilmişdir. Bir müddət evdə qalmış, səhəri gün Qəbələ rayon diaqnostika mərkəzindən Zaur həkim kimi özünü təqdim edən şəxs mobil telefonuna zəng edərək verdiyi covid19 testinin nəticəsinin müsbət çıxdığını deyərək xəstəlikdən müalicə üçün dərmanları verməsi üçün bir nəfər şəxs göndərməsini istəmişdir. Oğlu Habili həmin xəstəxanaya yollamış və o da dərmanları xəstəxanadan götürüb evə gəlmişdir. Evdə müalicə olunmağa başlamış, lakin, dolanışığı həyətindəki mal qarasından və qoyunlarından olduğundan onları otarmaq, baxmaq lazım imiş. 05 aprel 2021-ci il tarixdə günortadan sonra mal-qarasını, qoyunlarını evindən təxminən 3 km məsafə olan boş sahədə otlaq yerində otlayırmışlar. Həmin gün günortadan sonra onları həyətinə gətirmək üçün piyada yola çıxmış, piyada qoyunları və inəkləri həmin otlaq sahəsindən tapıb kəndarası ara yolla həyətinə gətirirmiş. Otlaq sahədən təxminən 600 metr aralanmışdır ki, bu zaman polis əməkdaşları onu ara yolda saxlamış, özlərini təqdim edərək nə üçün “covid19” infeksiyasına yoluxduğu halda yaşayış yerini tərk etdiyini soruşmuşlar. Polislərə təsərrüfatındakı heyvanları həyətinə apardığını bildirib məcbur qalıb evi tərk etdiyini demiş, ondan evə getməyi və özünütəcrid etməyi, bayıra çıxmamağı tapşırılmışdır. Evə getmiş və bir daha evi tərk etməmişdir. Polis əməkdaşları həmin vaxt videoçəkiliş aparılmış, heyvanlarını gətirməyə getdiyi yerin ictimai yer olmamışdır. Heç kimlə təmasda olmamış, ancaq getdiyi yolun kənarası ara yol olmuşdur. Evdə özünü təcrid müddəti 09 aprel 2021-ci il tarixdə bitmiş, bu barədə ona mesaj gəlmiş və həmin mesajları silmişdir. “Covid19” infeksiyasına yoluxduğu halda özünü təcrid qaydalarını pozub evdən çıxan zaman bunun qanunsuz və cinayət məsuliyyəti yaratdığını bilmişdir. Sadəcə olaraq məcbur qalıb evdən bayıra çıxmış, ailəsində və yaxınlarından heç kimin koronavirus infeksiyasına yoluxmamışdır. İmzaladığı iltizamnamənin onda qalan rəngli kopyasını evindən atdığı zibillərlə birgə yandırmışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən çox peşiman olduğunu, yaşının nəzərə alınmasını və məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Mıxlıqovaq kənd sakini kimi tanıyır, onunla normal münasibəti vardır. 26 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs “covid19” infeksiyasına yoluxması barədə olan məlumat əsasında onu evdə müşahidəyə götürmüş, hər gün onunla mobil telefonda əlaqə saxlayırmış. Qabil ev şəraitində müalicə alırmış və ona lazımı dərmanlar göndərirmiş. Qabilin evdə müalicə müddəti və evdə təcrid müddəti 09 aprel 2021-ci il tarixdə başa çatmışdır. Həmin günə kimi hər gün mütəmadi olaraq onunla əlaqə saxlayıb tibbi sənədlərinə müvafiq qeydlər etmişdir. 06 aprel 2021-ci il tarixdə Qabilin evdə özünü təcrid qaydalarını pozaraq bayıra çıxması barədə məlumat almış, Qabillə əlaqə saxladıqda qoyunları ac olduğundan məcbur qalıb onları otarmaq üçün bayıra çıxdığını bildirmişdir. Təqsirləndirilən şəxs yaxma üsulu ilə testi təcili tibbi yardımın feldşeri 24 mart 2021-ci il tarixdə götürmüşdür, ancaq kompüter sisteminə yaxma götürülməsi barədə qeydlər 25 mart 2021-ci il tarixdə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 05 aprel 2021-ci il tarixdə saat təxminən 16 radələrində Qəbələ rayon Mıxlıqovaq kəndin sakini Təqsirləndirilən şəxs “covid19” infeksiyasına yoluxduğu halda karantin və özünütəcrid qaydalarını pozaraq yaşadığı evi tərk edib kənddəki otlaq sahəsində təsərrüfatına məxsus mal-qaranı otarması barədə məlumat daxil olmuşdur. Qəbələ RPŞ-nin PPXB-nin polis nəfərləri Şahid4, Şahid3 və Şahid2la birgə Mıxlıqovaq kəndinə getmişlər. Kənddəki otlaq sahəsindən kəndəgedən yolda Təqsirləndirilən şəxs təsərrüfatına məxsus qoyunların, mal qaranı otlaq sahəsinin kənarındakı ara yolla həyətlərinə tərəf apardığını müəyyən etmişlər. Məsafədən Qabili görüb onunla şifahi söhbət edərək ondan nə üçün koronavirus infeksiyasına yoluxduğu halda bayıra çıxdığını soruşmuşlar. Qabil koronavirus infeksiyasına yoluxduğunu bildiyini, buna baxmayaraq təsərrüfatına məxsus qoyun-quzu, mal qaranın ac olduğunu, onları otaracaq adam olmadığından məcbur qalıb otarmaq üçün evdən bayıra çıxdığını bildirmişdir. Təqsirləndirilən şəxs “covid19” infeksiyasına yoluxması və bayıra çıxdığı halda məsuliyyət daşımağı barədə xəbərdarlıq mesajının daxil olub-olmadığı sorğu edildikdə o bu barədə mesaj gəlsə də, onu sildiyini demiş, Təqsirləndirilən şəxs “covid19” infeksiyasından özünü təcrid müddətinin 26.03.2021-ci il tarixdən başlayaraq 09.04.2021-ci il tarixə kimi davam etdiyi müəyyən edilmişdir. Qabillə aparılan söhbət mobil telefonla videoçəkiliş aparılaraq qeyd olunmuşdur. Təqsirləndirilən şəxs “covid19” infeksiyasına yoluxduğu halda evdən bayıra çıxmasının, özünü təcrid qaydalarını pozmasının məsuliyyətə səbəb olması barədə bir daha xəbərdar edilərək tərəfindən yaşayış yerinə, evinə geri qaytarılmış, Təqsirləndirilən şəxs saxlanılması barədə protokol tərtib edilmişdir. Daha sonradan polis şöbəsinə gələrək bu barədə raportla polis şöbəsinin rəhbərliyinə məruzə edərək apardığı videoçəkilişi də raporta əlavə etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Qəbələ RPŞ-nin PPXB-nin polis nəfəri Şahid4 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi, şahid ifadələri və aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Cinayət işi materiallarına əlavə edilmiş 05 may 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Qəbələ RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1, Qəbələ RPŞ-nin PPXB-nin polis nəfərləri, polis baş serjantı Şahid4 və polis baş serjantı Şahid3 və polis sıravisi Şahid2 tərəfindən qeydə alınmış və raporta əlavə edilmiş 01 ədəd DVD diskdəki videogörüntüyə baxış keçirilmişdir. Baxış keçirilən videogörütü 01 ədəd DVD diskdə yerləşir. Diskdə 01 ədəd 10,1 MB həcmdə, 1,04 saniyə müddətli video vardır. Videoda özünü Qəbələ rayon Mıxlıqovaq kənd sakini Təqsirləndirilən şəxs oğlu kimi təqdim edən şəxs COVİD 19 infeksiyasına yoluxmasını etiraf edərək bildirir ki, 25 mart 2021-ci il tarixdən aktiv koronavirus xəstəsidir. Mobil telefonunun mesaj bölümünü təqdim edən Qabil Əzizov bildirdi ki, koronavirus infeksiyasına yoluxması barədə daxil olan xəbərdarlıq mesajını silmişdir. Təsərrüfatında olan qoyun-quzunu, mal-qaranı otaracaq şəxs olmadığından onları otarmaq üçün kənddəki otlaq sahəsinə çıxmışdır. Ancaq etdiyi əməldən peşmandır. Video 05.04.2021ci il tarixdə gündüz saatlarında, təbii işıqlanmada qeydə alınıb. Təqsirləndirilən şəxs olduğu yervideodan göründüyü kənd yeri olmaqla evlərindən kənar ictimai yer olduğundan onun COVİD 19 virusunu kənar şəxslərə yoluxdurması üçün real təhlükə faktı möcuddur. Cinayət işi materiallarına əlavə edilmiş Qəbələ RMX PHŞ-dən daxil olmuş 08 aprel 2021ci il tarixli 3/349 nömrəli məktubdan görünür ki, Qəbələ rayon Mıxlıqovaq kənd sakini Təqsirləndirilən şəxs Qəbələ RMX-nın PHŞ-nin “covid19” virusuna yoluxmuş şəxslərin qeydiyyatı jurnalında 271-ci səhifədə 123 sayla qeydə alınmışdır. Ondan 25.03.2021-ci ildə test nümunəsi götürülmüş, 25.03.2021-ci il tarixdə saat 23:46 radələrində götürülən test nəticəsi pozitiv çıxmışdır. 26 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs evdə təcrid olunmuşdur. 09.04.2021-ci il tarixdə evdə təcridin müddəti bitmişdir. Vətəndaşa iltizam forması tərtib olunub. Tərtib olunmuş iltizamın surətindən görünür ki, Təqsirləndirilən şəxs 24 mart 2021-ci il tarixdə iltizamı imzalamış və sənəd imzalanan tarixdən testin nəticəsi təsdiqlənən tarixədək olduğu yeri tərk etməmək, “covid19” infeksiyasına yoluxduğu aşkar olunduğu halda 14 gün ərzində olduğu yer üzrə təcrid olunmaq vəzifəsi götürür və bu öhdəlikləri pozduğu halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyət daşımağı barədə xəbərdar edilir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Baş İnformasiya- Kommunikasiya İdarəsindən daxil olmuş 22 aprel 2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “covid19” infeksiyasına yoluxduğu və 25 mart 2021-ci il saat 10:35:18dən 08.04.2021-ci il saat 10:35:18-dək yaşayış yerini tərk etməsinə məhdudiyyət qoyulması barədə məlumat İcbari Dövlət Sığorta Agentliyinin Tibbi Ərazi X1 informasiya sistemi tərəfindən 26.03.2021-ci il saat 03:17:56-da Daxili İşlər Nazirliyinin müvafiq informasiya sisteminə ötürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş Qəbələ RMX PHŞ-dən daxil olmuş 21 aprel 2021ci il tarixli 3/383 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Qəbələ RMX PHŞ-nin polikilinika şöbəsinin “narkoloji və ruhi əsəb”kabinetində qeydiyyatda deyildir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işi materiallarına əlavə edilmiş Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Mıxlıqovaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 11.06.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Cinayət işi materiallarına əlavə edilmiş Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Mıxlıqovaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 11.06.2021-ci il tarixli, 482 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı 1971-ci il təvəllüdlü X5, uşaqları 1998-ci il təvəllüdlü X8, 1999-cu il təvəllüdlü X9, 2002-ci il təvəllüdlü X6, gəlini 1999-cu il təvəllüdlü X7 və nəvəsi 2021-ci il təvəllüdlü X4 ibarətdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün ibtidai istintaq və ilkin məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadələri, şahidlərin ibtidai istintaq zamanı və ilkin məhkəmə baxışı zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun koronavirus (COVİD 19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə tətbiq edilmiş xüsusi karantin rejimi dövründə xəstəliyin yayılması üçün real təhlükə yaratmaqla epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması cinayətin törətməsi tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №1(025)-42/2021
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-42/2021
25.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver