Məhkəmə qərarları › İş №1(025)-43/2021

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-43/2021

01.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-43/2021 01.09.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri X3, müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Qəbələ rayonu, Corlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Corlu kəndində qeydiyyatda olan və Qəbələ rayonu, Mirzəbəyli kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs dünyada və ölkə ərazisində geniş yayılmış koronavirus (COVİD-19) infeksion xəstəliyinin müayinəsi ilə əlaqədar 26 mart 2021-ci il tarixdə Qəbələ rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin təcili tibbi yardım şöbəsinə müraciət edərək yaxma üsulu ilə koronavirus testi verərək sənəd imzalanan tarixdən testin nəticəsi təsdiqlənən tarixədək olduğu yeri tərk etməmək, COVİD-19 virus infeksiyası aşkar olunduqda testin nəticəsi çıxdığı tarixdən etibarən 14 gün ərzində olduğu yer üzrə təcrid olunmaq kimi qaydalara riayət etmək barədə öhdəliklər götürməsi, həmin qaydalara riayət etmədiyi halda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə məsuliyyət daşımağı barədə iltizamı imzalamasına, 28 mart 2021-ci il tarixdə keçirilmiş koronavirus (COVİD-19) infeksiyasının müayinə testinin nəticəsi pozitiv çıxmaqla koronavirus (COVİD19) infeksiyasına yoluxması faktının təsdiq olunması, bununla əlaqədar olaraq onun yaşayış yerini tərk etməməsi, karantin rejimini pozduğu təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilməsi barədə ona 28.03.2021-ci il tarixdə 077-311-36 36 saylı nömrədə işləyən mobil telefonuna İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən göndərilən mesaj vasitəsi ilə xəbərdarlıq edilməsini baxmayaraq, koronavirus (COVİD19) infeksiyasına yoluxmasını bilə-bilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 mart 2020-ci il tarixli qərarına əsasən ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə 24 mart 2020-ci il tarixdə, saat 00:00-dan etibarən elan edilmiş və hazırda davam edən epidemiya əlehinə olan xüsusi karantin rejimini qəsdən pozaraq 06.04.2021-ci il tarixdə saat 16:20 radələrində siqaret çəkmək və təssərrüfatlarına məxsus inəklərə nəzarət etmək adı ilə yaşadığı evi tərk edərək kənd yolunda həmkəndliləri Şahid1 və Şahid2 ilə birlikdə söhbət etməklə koronavirus (COVİD-19) xəstəliyinin digər şəxlərə yayılmasına real təhlükə yaratmış, Qəbələ rayon polis şöbəsinin X1 polis sahə rəisi vəzifəsini müvəqqəti icra edən Şahid3 və X1 sahə polis nəfəri Şahid4 tərəfindən koronavirus infeksiyasına yoluxmuş və ev şəraitində karantində olan vətədaşları yoxlayarkən tərəflərindən aşkarlanmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, anası X4 2021-ci ilin mart ayının əvvəlində koronavirus xəstəliyinə tutulmuş və hal-hazırda müalicə olunaraq sağalmışdır. Anası həmin xəstəliyi keçirdiyi üçün 26.03.2021-ci il tarixdə test nümunəsi vermək məqsədi ilə 103 X8 zəng vuraraq yaşadığı ünvana çağırmışdır. Qəbələ rayon Mərkəzi xəstəxanasından tanımadığı sürücü və feltşer həkim gələrək, ondan yaxma şəklində analiz götürməklə, eləcədə iltizam alaraq, ona analizin nəticəsi barədə məlumat veriləcəyi bildirilməklə, mobil telefon nömrəsini alaraq getmişlər. İki gün sonra yəni 28.03.2021-ci il tarixdə istifadəsində olan Honor markalı və həmin mobil telefonda istifadə etdiyi 077 311 36 36 saylı mobil nömrəyə 1ədəd İTS.GOV.AZ adresindən “Hörmətli Təqsirləndirilən şəxs Sizin 26.03.2021-ci il tarixdə Covid- 19 ilə bağlı verdiyiniz testin nəticəsi Pozitivdir. Xahiş olunur, siz və ailə üzvləriniz yaşayış yerini tərk etməyəsiniz. Karantin rejmini pozduğunuz təqdirdə, Azərbaycan Respublikası İnzibati Xətalar və Cinayət Məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilərsiniz” mövzuda xəbərdarlıq mesajı gəlmişdir. Həmin xəbərdarlıq müsajından sonra bilmiş ki, koronavirus xəstəsidir 14 gün ərzində sağalana kimi yaşadığı evi tərk etməməli çünki ətrafdakılarıda yoluxdura bilər. Hətda buna görə yaxma şəklində analiz götürülərkən iltizamda vermiş, buna görə ev şəraitində qalaraq müalicə olunmağa başlamışdır. 06.04.2021-ci il tarixdə saat 16:10 radələrində təssərrüfatlarına məxsus inəklərə nəzarət etmək və siqaret çəkmək üçün yaşadığı evi tərk edərək, yola tərəf çıxmış, həmin vaxtı həmkəndlisi Şahid2 bağ sahəsinin çəpərini bərpa etmiş, Şahid1 isə yolda təssərrüfatına məxsus qoyunları güdmüşdir. Həmkəndliləri Vüqar və Ceyhun ilə birlikdə söhbət edən zaman kəndin sahə rəisi Şahid3 və onun köməkçisi Şahid4 birlikdə gələrək onun koronavirus xəstəsi kimi qeydiyyatda olduğunu və sağalmadan yaşadığı evi tərk etdiyi üçün müəyyən suallar verməklə mobil telefonla video görüntüsünü çəkərək yaşadığı evə qayıtmağını bildirməklə oradan getmişlər. Sonra yaşadığı evə gəlmiş və müalicəsini davam etdirməyə başlamışdır. 11.04.2021-ci il tarixdə istifadəsdə olan Honor markalı və həmin mobil telefonda istifadə etdiyi ********** saylı nömrəyə 1ədəd İTS.GOV.AZ adresindən “Hörmətli Təqsirləndirilən şəxs siz və sizinle eyni evdə yaşayan şexslerin Covid-19 ilə bağlı evdə özünütəcrid müddəti bitmişdir. Sağlamlığınızı qoruyun” mövzusunda xəbərdarlıq mesaj mətini gəlmiş, bundan sonra sağalmasından tam əmin olaraq yaşadığı evi tərk etməyə başlamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, 06.04.2021-ci il tarixdə nahar vaxtından sonra saat 17 radələrində bağ sahəsinin kənarının çəpərini düzəldərək onu bərpa etmişdir. Şahid1 ona məxsus bağın yaxınlığında gediş-gəliş yolunun kənarında təssərrüfatına məxsus qoyunları otarmışdır. Həmin vaxtı həmkəndlisi Təqsirləndirilən şəxs evlərindən yola tərəf çıxıb, oblara yaxınlaşaraq hər üçü birlikdə bir yerdə dayanmaqla söhbət etmişdirlər. Az keçmiş oraya kəndin polis sahə rəisi Şahid3 və onun köməkçisi polis sahə nəfəri Şahid4 gəlmişdirlər. Şahid3 Təqsirləndirilən şəxs görüb, ona koronavirus xəstəsi olduğundan onun qeydiyyatda olduğu və sağalana kimi 14 gün müddətində yaşadığı evi tərk etməməsini çünki ətrafdakıları yoluxdurmaq təhlükəsinin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs isə ona cavab olaraq həqiqətən koronavirus xəstəsi olduğunu, lakin təssərrüfatlarına məxsus heyvanlara nəzarət etmək üçün yaşadığı evi tərk edərək yola tərəf çıxdığını demişdir. Video çəkilşdən sonra polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı evə getməsini və 14 günü tamam olduqdan sonra yaşayış yerini tərk etməsini bildirməklə Təqsirləndirilən şəxs öz evlərinə getmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, 2020-ci ilin əvvəllərindən başlayaraq dünyanın əksər dövlətlərində, eləcə də Azərbaycan Respublikası ərazisində yayılmış koronavirus (covid-19) infeksiyasının qarşısını almaq məqsədi ilə ölkə ərazisində karantin rejimi tədbiq olunub, karantin qaydalarını pozan şəxslər barəsində isə məsuliyyət nəzərdə tutulub, Qəbələ rayon İcra Hakimiyyətindən rayon polis şöbəsinə daxil olmuş koronavirus (Covid-19) infeksiyasına yoluxmuş şəxslərin siyahısına əsasən ev şəraitində müalicə olunmuş şəxslər 06.04.2021-ci il tarixdə Qəbələ RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid4 ilə birlikdə xidməti ərazisi olan Qəbələ rayon Corlu kəndi ərazisində yoxlanılarkən həmin kənd sakini aktiv koronavirus xəstəsi olan Təqsirləndirilən şəxs üzərinə qoyulmuş məhdudiyyətləri pozaraq yaşayış yerini tərk etməklə Corlu kəndində yol tərəfdə vətəndaşların gedib gəldiyi yerdə həmkəndliləri Şahid1 və Şahid2 ilə birlikdə bir yerdə söhbət etdiyi tərəflərindən arşkarlanmışdır. Şahid4 mobil telefon ilə video çəkiliş aparmaqla Təqsirləndirilən şəxs özünü təqdim edərək, “Siz bilirisinizmi aktiv koronavirus xəstəsisiniz, sizdən götürülmüş testin nəticəsi pozitiv çıxıb, bəs nəyə görə aktiv koronavirus xəstəsi ola-ola evdən yola tərəf çıxıb camaatı yoluxdurursunuz, bilirsinizmi bununla bağlı cinayət məsuliyyəti var, siz cinayət məsuliyyətinə cəlb oluna bilərsiniz?” deyə sual vermişdir. Təqsirləndirilən şəxs həqiqətəndə koronavirus xəstəsi olduğunu, sağalmadığını, xəstə olduğu halda yaşadığı evi tərk edərək təssərrüfatına məxsus heyvanlara nəzarət etmək üçün yola çıxdığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evi xəstə olub sağalmadığı halda tərk edərək digər vətəndaşları yoluxdurmaq təhlükəsi yaratdığı üçün barəsində qanuna müvafiq olaraq tədbir görüləcəyini və yaşadığı evə qayıtmasını izah etmişdir. Bundan sonra, şöbəyə qayıdaraq, bu barədə şöbə rəisinə raportla məruzə etmişdir. Məhkəmə iclasında Şahid4 Şahid3 ifadasinə uyğun eyni məzmunlu ifadə vermişdir. İşdə olan Qəbələ RMX PHŞ-dən daxil olmuş 21 aprel 2021-ci il tarixli 3/373 nömrəli məktubdan görünür ki, Qəbələ rayon Corlu kənd sakini Təqsirləndirilən şəxs Qəbələ RMX-nın PHŞ-nin “Covid 19” virusuna yoluxmuş şəxslərin qeydiyyatı jurnalında 297-ci səhifədə 179 sayla qeydiyyata alınmışdır. Ondan 26.03.2021-ci ildə test nümunəsi götürülmüş, 28.03.2021-ci il tarixdə götürülmüş test nəticəsi pozitiv çıxmışdır. 28.03.2021-ci il tarixdə Təqsirləndirilən şəxs evdə təcrid olunmuşdur. 16.04.2021-ci il tarixdə evdə təcridin müddəti bitmişdir. Vətəndaşa iltizam forması tərtib olunub. Tərtib olunmuş iltizamın surətindən görünür ki, Təqsirləndirilən şəxs 26 mart 2021-ci il tarixdə iltizamı imzalamış və sənəd imzalanan tarixdən testin nəticəsi təsdiqlənən tarixədək olduğu yeri tərk etməmək, “Covid19” infeksiyasına yoluxduğu aşkar olunduğu halda 14 gün ərzində olduğu yer üzrə təcrid olunmaq vəzifəsi götürür və bu öhdəlikləri pozduğu halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyət daşımağı barədə xəbərdar edilir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsinin 23.06.2021-ci il tarixli 020-7626-1221 saylı məktubunda Təqsirləndirilən şəxs Covid-19 virusuna yoluxduğu və 26.03.2021-ci il saat 18:27:45-dən 09.04.2021-ci il saat 18:27:45 dək yaşayış yerini tərk etməsinə məhdudiyyət qoyulması barədə X9 Agentliyinin Təbib Ərazi X2 (TƏBİB) informasiya sistemi tərəfindən 28.03.2021-ci il 05:57:55-də Daxili İşlər Nazirliyinin müvafiq informasiya sisteminə ötürüldüyü bildirilmişdir. İşdə olan 16 iyul 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 077 311 36 36 saylı mobil nömrədə işləyən özünə məxsus Honor markalı mobil telefonun “mesajlar” bölümünün “gələn mesajlar” qutusuna daxil olub, oradakı İTS.GOV.AZ saytından gələn mesajlara baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin mobil telefona İcbari Tibbi Sığortaya aid İTS.GOV.AZ saytından 1542 saylı nömrəsindən 28 mart 2021-ci il tarixdə saat 11:40 dəqiqədə “Hörmetli SUBHAN MAHMUDOV Sizin 26.03.2021-ci il tarixində COVİD-19 ilə bağlı verdiyiniz testin neticesi POZİTİVDİR. Xahish olunur, siz və aile üzvüleriniz yashayish yerinizi terk etmeyesiniz. Karantin rejimini pozdugunuz teqdirde, Azerbaycan Respublikasının İnzibati Xetalar ve Cinayet mecellelerinde nezerde tutulmuş qaydada mesuliyyete celb oluna bilersiniz.tel:1542” məzmunlu və 11.04.2021-ci il tarixdə saat 16:32 dəqiqədə isə “Hörmetli SUBHAN MAHMUDOV.Siz ve sizinle eyni evdə yashayan shexslerin COVİD-19 ilə bağlı evde ozunutecrid muddeti bitmishdir.Saglamliginizi qoruyun.” məzmunlu mesajlar daxil olmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 18.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün ibtidai istintaq və ilkin məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadələri, şahidlərin ibtidai istintaq zamanı və ilkin məhkəmə baxışı zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun koronavirus (COVİD 19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə tətbiq edilmiş xüsusi karantin rejimi dövründə xəstəliyin yayılması üçün real təhlükə yaratmaqla epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulması cinayətin törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi əməli könüllü etiraf edib səmimi peşimançılıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunduğunu cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. İş üzrə maddi sübut olan bir ədəd CD disk və mesaj mətnləri cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia olmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan bir ədəd CD disk və mesaj mətnləri cinayət işi materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar