Məhkəmə qərarları › İş №1(025)-46/2021

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-46/2021

11.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-46/2021 11.10.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1963-cü ildə Qəbələ rayon Vəndam qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs dünyada və ölkə ərazisində geniş yayılmış koronavirus (COVİD-19) infeksion xəstəliyinin müayinəsi ilə əlaqədar 07 aprel 2021-ci il tarixdə Qəbələ rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin təcili tibbi yardım şöbəsinə müraciət edərək yaxma üsulu ilə koronavirus testi verərək iltizamnamə imzalanan tarixdən testin nəticəsi təsdiqlənən tarixədək olduğu yeri tərk etməmək, COVİD-19 virus infeksiyası aşkar olunduqda testin nəticəsi çıxdığı tarixdən etibarən 14 gün ərzində olduğu yer üzrə təcrid olunmaq kimi qaydalara riayət etmək barədə öhdəliklər götürməsinə, həmin qaydalara riayət etmədiyi halda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə məsuliyyət daşımağı barədə iltizamı imzalamasına, 09 aprel 2021-ci il tarixdə keçirilmiş koronavirus (COVİD-19) infeksiyasının müayinə testinin nəticəsi pozitiv çıxmaqla koronavirus (COVİD19) infeksiyasına yoluxması faktının təsdiq olunmasına, bununla əlaqədar olaraq onun yaşayış yerini tərk etməməsi, karantin rejimini pozduğu təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilməsi barədə ona 09.04.2021-ci il tarixdə onunla birlikdə yaşayan oğlu Şahid1 050 402 51 66 saylı nömrədə işləyən Xiaomi markalı mobil telefonuna İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən göndərilən mesaj vasitəsi ilə xəbərdarlıq edilməsinə baxmayaraq, koronavirus (COVİD19) infeksiyasına yoluxmasını bilə-bilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 mart 2020-ci il tarixli qərarına əsasən ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə 24 mart 2020-ci il tarixdə, saat 00:00-dan etibarən elan edilmiş və hazırda davam edən epidemiya əlehinə olan xüsusi karantin rejimini qəsdən pozaraq 15.04.2021-ci il tarixdə saat 08:30 radələrində yaşadığı evi tərk etməklə Vəndam qəsəbəsinin mərkəzindəki əhalinin sıxlıq təşkil etdiyi ərazidə yerləşən işlətdiyi ərzaq mağazasına gələrək koronavirus (COVİD-19) xəstəliyinin digər şəxlərə yayılmasına real təhlükə yaratmış və həmin tarixdə saat 09:30 radələrində Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən COVİD-19 xəstəliyinin yayılmasının qarşısını almaq istiqamətində həyata keçirilən tədbirlər nəticəsində saxlanılaraq yaşayış yerinə qaytarılmışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139- 1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadə verərkən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, ailəsi ilə birlikdə Qəbələ rayon Vəndam qəsəbəsində yaşayır və daimi pasport qeydiyyatındadır. 2020-ci ilin əvvəllərindən başlayaraq dünyanın əksər dövlətlərində, eləcə də Azərbaycan Respublikası ərazisində yayılmış koronavirus (covid-19) infeksiyasının qarşısını almaq məqsədi ilə ölkədə karantin rejimi tədbiq olunmuş, karantin qaydalarını pozan şəxslər barəsində isə məsuliyyət nəzərdə tutulmuşdur. Onunla birlikdə yaşayan əri X1 xəstəliyinə tutulduğu üçün 07.04.2021-ci il tarixdə 103 təcili Tibi Yardımına zəng vuraraq ondan və eləcədə oğlu Şahid1 test nümunəsi götürmək məqsədi ilə yaşadığı ünvana çağırmışdır. Müraciəti əsasında Qəbələ rayon Mərkəzi xəstəxanasından tanımadığı sürücü və feltşer həkim gələrək ondan yaxma şəklində analiz götürərək, eləcədə iltizam alaraq analizin nəticəsi barədə məlumat veriləcəyi bildirilməklə oğlu Şahid1 məxsus mobil telefon nömrəsini götürməklə getmişlər. İki gün sonra, yəni 09 aprel 2021-ci il tarixdə oğlu Şahid1 Xiaomi markalı və həmin mobil telefonda istifadə etdiyi 050 402 52 66 saylı mobil nömrəyə 1ədəd İTS.GOV.AZ adresindən “X9 Sizin 07.04.2021-ci il tarixdə Covid-19 ilə bağlı verdiyiniz testin nəticəsi Pozitivdir. Xahiş olunur, siz və ailə üzvləriniz yaşayış yerini tərk etməyəsiniz. Karantin rejmini pozduğunuz təqdirdə, Azərbaycan Respublikası İnzibati Xətalar və Cinayət Məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilərsiniz” mövzuda xəbərdarlıq mesajı gəlmişdir. Beləliklə, bilmiş ki, koronavirus xəstəsidir və 14 gün ərzində sağalana kimi yaşadığı evi tərk etməməlidir, çünki ətrafdakıları yoluxdura bilər. Buna görə ev şəraitində qalaraq müalicə olunmağa başlamışdır. 15.04.2021-ci il tarixdə saat təxminən 08:30 radələrində evində istifadə etmək üçün lazimi əşyalar olmadığından işlətdiyi mağazaya gəlmiş ki, oradan salfetqa, sabun, qab yumaq üçün nəzərdə tutulmuş Feri, eləcədə tualet kağızı götürsün. Mağazaya gəlib qapını açaraq içəriyə daxil olduqdan sonra özünə lazım olan əşyaları yığarkən təxminən 40 dəqiqə sonra işlədiyi mağazaya kəndin sahə rəisi Şahid2 və onun köməkçisi Şahid3 gəlmişlər. Şahid2 onu görərək video çəkiliş aparmaqla “sən koronavirus xəstəsisən nə üçün xəstə olduğun halda mağazaya gəlmisən” sözlərini deyərək sual vermiş, o isə polis sahə rəisi Şahid2 sualına cavab olaraq evində istifadə etmək üçün lazimi əşyalar almaq üçün gəldiyini demişdir. Şahid2 ona yaşadığı evə qayıtmağını bildirməklə mağazadan getməyini bildirmiş, belə olub mağazadan çıxıb giriş qapısını bağlayaraq yaşadığı evə gəlib müalicəsini davam etdirməyə başlamışdır. 23.04.2021-ci il tarixdə oğlu Şahid1 istifadəsində olan Xiaomi markalı və həmin mobil telefonda istifadə etdiyi 050 402 52 66 saylı nömrəyə 1ədəd İTS.GOV.AZ adresindən onun barəsində “X9 və sizinle eyni evdə yaşayan şexslerin Covid-19 ilə bağlı evdə özünütəcrid müddəti bitmişdir. Sağlamlığınızı qoruyun” mövzusunda xəbərdarlıq mesaj mətini gəlmiş, bundan sonra o, sağalmasından tam əmin olaraq yaşadığı evi tərk etməyə başlamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən çox peşiman olduğunu, yaşının və qadın olmasının nəzərə alınmasını və məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ RPŞ-nin İTB-in polis sahə rəisi Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs baş vermiş məlum hadisədən sonra tanımış, buna görə də əvvəllər və hazırda onunla heç bir düşmənçilik və ədavəti yoxdur. 2020ci ilin əvvəllərindən başlayaraq dünyanın əksər dövlətlərində, eləcə də Azərbaycan Respublikası ərazisində yayılmış koronavirus (covid-19) infeksiyasının qarşısını almaq məqsədi ilə ölkə ərazisində karantin rejimi tədbiq olunmuş, karantin qaydalarını pozan şəxslər barəsində isə məsuliyyət nəzərdə tutulmuşdur. Qəbələ rayon İcra Hakimiyyətindən rayon polis şöbəsinə daxil olmuş koronavirus (Covid-19) infeksiyasına yoluxmuş şəxslərin siyahısına əsasən ev şəraitində müalicə olunmuş şəxslər 15 aprel 2021-ci il tarixdə Qəbələ RPŞ-nin İTBnin sahə polis nəfəri Şahid3 ilə birlikdə xidməti ərazisi olan Qəbələ rayon Vəndam qəsəbəsi ərazisində yoxlanılarkən həmin qəsəbə sakini aktiv koronavirus xəstəsi olan Təqsirləndirilən şəxsFərrux qızı üzərinə qoyulmuş məhdudiyyətləri pozaraq yaşayış yerini tərk etməklə Qəbələ rayon Vəndam qəsəbəsi ərazisində yerləşən işlətdiyi ərzaq mağazasına gəlib mağazanı açaraq içərsində olduğunu müəyyən etmişlər. Belə ki, Təqsirləndirilən şəxs 09 aprel 2021-ci il tarixdə Covid-19 xəstəsi kimi qeydiyyata götürülmüş və onun sağalması 14 gün müddəti 23 aprel 2021-ci il tarixdə başa çatdığı üçün Təqsirləndirilən şəxs yaxınlaşaraq onunla ara məsafəsi saxlamaqla video çəkiliş apararaq ona özünü təqdim edib onun aktiv koronavirus daşıyıcısı olduğu, onun özü və ailəsi karantinə alındığı 14 gün müddətində sağalana kimi yaşadığı evdən çıxmamağını, çünkü ətrafdakıları yoluxdurma təhlükəsi olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs etiraf edərək həqiqətəndə koronavirus xəstəsi olduğunu lakin yaşadığı evi tərk edərək yaşadığı evə ərzaq aparmaq üçün işlətdiyi mağazaya gəldiyini demiş, Təqsirləndirilən şəxs sağalana kimi yaşadığı evi tərk etməməsini və mağazanı bağlayıb yaşadığı evə getməsini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs mağazanı bağlayaraq oradan çıxıb piyada yaşadığı ev istiqamətinə getmiş, ardınca Qəbələ RPŞ-nə gələrək tərəfindən hadisə barəsində raportla şöbə rəisinə məruzə etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi, şahid ifadələri və aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Cinayət işi materiallarına əlavə edilmiş Qəbələ RPŞ-nin İTB-in polis sahə rəisi Şahid2 tərəfindən 15 aprel 2021-ci il tarixdə çəkilmiş video görüntüyə proses iştirakçılarının iştirakı ilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin diskdə 03 ədəd video görüntü vardır. VİD_20210415_095849.mp4 adlı video görüntüyə baxış zamanı video çəkilişi aparan vəzifəli şəxs, Qəbələ RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı Şahid2 Qəbələ rayon Vəndam qəsəbəsi ərazisində yerləşən marketin giriş qapısından içəridə olan Təqsirləndirilən şəxs qarşı verilən suallara aydın şəkildə cavab verməsi və müxtəlif bahənələr gələrək ev üçün lazımi ləvazumatların, eləcədə ərzaq məhsullarını almaq üçün gəldiyini bildirməsi, həmçini mobil telefonuna covid-19 xəstəliyi ilə bağlı vermiş olduğu testin nəticəsi pozitiv olması, onun və ailə üzvlərini yaşayış yerini tərk etməməsi barədə sms gəldiyindən xəbərdar olması aydın şəkildə müşahidə edilir. Diskə əlavə edilmiş digər VİD_20210415_095953.mp4 adlı video görüntüyə baxış zamanı Təqsirləndirilən şəxs işlətdiyi marketin giriş qapısını əlində olan açarla kilidləməsi və evinə doğru hərəkət etmək istəməsi, video çəkilişi aparan şəxs polis baş leytenantı Şahid2 Təqsirləndirilən şəxs verdiyi suallara cavab verməsi aydın şəkildə müşahidə edilir. Diskə əlavə edilmiş VİD_20210415_100056.mp4 adlı video görüntüyə baxış zamanı covid-19 xəstəliyinə yoluxmuş Təqsirləndirilən şəxs asfaltın kənarında olan daşlı-çınqıllı ehtiyyat hissədə piyada hərəkətdə olaması aydın şəkildə müşahidə edilir. Həmçinin ətrafda digər şəxslərin və ticarət obyektlərində olması aydın şəkildə görünür. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Qəbələ RMX PHŞ-nin 29 aprel 2021-ci il tarixli 3/402 nömrəli məktubundan görünür ki, Qəbələ rayon Vəndam qəsəbə sakini Təqsirləndirilən şəxs Qəbələ RMX-nın PHŞ-nin “Covid19” virusuna yoluxmuş şəxslərin qeydiyyatı jurnalında 529-ci səhifədə 171 sayla qeydiyyata alınmışdır. Ondan 07.04.2021-ci ildə test nümunəsi götürülmüş, 09.04.2021-ci il tarixdə götürülmüş test nəticəsi pozitiv çıxmışdır. 09.04.2021-ci il tarixdə Təqsirləndirilən şəxs evdə təcrid olunmuşdur. 23.04.2021-ci il tarixdə evdə təcridin müddəti bitmişdir. Vətəndaşa iltizam forması tərtib olunub. Tərtib olunmuş iltizamın surətindən görünür ki, Təqsirləndirilən şəxs 07 aprel 2021-ci il tarixdə iltizamı imzalamış və sənəd imzalanan tarixdən testin nəticəsi təsdiqlənən tarixədək olduğu yeri tərk etməmək, “Covid19” infeksiyasına yoluxduğu aşkar olunduğu halda 14 gün ərzində olduğu yer üzrə təcrid olunmaq vəzifəsi götürür və bu öhdəlikləri pozduğu halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyət daşımağı barədə xəbərdar edilir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsinin 23.06.2021-ci il tarixli 020-7627-1221 saylı məktubunda Təqsirləndirilən şəxs Covid-19 virusuna yoluxduğu və 07.04.2021-ci il saat 09:24:49-dan 21.04.2021-ci il saat 09:24:49-dək yaşayış yerini tərk etməsinə məhdudiyyət qoyulması barədə X11 Agentliyinin Təbib Ərazi X3 (TƏBİB) informasiya sistemi tərəfindən 09.04.2021-ci il 15:57:54-də Daxili İşlər Nazirliyinin müvafiq informasiya sisteminə ötürüldüyü bildirilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Qəbələ RMX PHŞ-dən alınmış 16 iyul 2021-ci il tarixli 3/680 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs RMX PHŞ-in Poliklinika şöbəsinin “narkoloji və ya ruhi əsəb” kabinetlərində qeydiyyatda yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işi materiallarına əlavə edilmiş Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Vəndam qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Cinayət işi materiallarına əlavə edilmiş Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Vəndam qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 16.07.2021-ci il tarixli, 1005 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi əri 1956-ci il təvəllüdlü X4 və uşağı 2001-ci il təvəllüdlü Şahid1 ibarətdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün ibtidai istintaq və ilkin məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadələri, şahidlərin ibtidai istintaq zamanı və ilkin məhkəmə baxışı zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun koronavirus (COVİD 19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə tətbiq edilmiş xüsusi karantin rejimi dövründə xəstəliyin yayılması üçün real təhlükə yaratmaqla epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması cinayətin törətməsi tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar