Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-49/2021 01.11.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi katibi Tahirova Ləman Kamran qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili X1 və təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Qəbələ rayonu, Kiçik Pirəlli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, Dayanıqlı və Operativ Sosial Təminat (DOST) agentliyində nəzarətçi işləyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Kiçik Pirəlli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz ağac kəsib sataraq qazanc əldə etmək məqsədi ilə X7 Təsərrüffatı Mərkəzinin tabeliyində olan və Kiçik Pirəli kəndinin yaxınlığında Zarağan meşəbəyliyinin 04 saylı meşə dolayısının 13-cü kvartalında yerləşən ərazini Qəbələ rayonu Həmzəlli kənd sakini Şahid1 özünün şəxsi mülkiyyətində və istifadəsində olan bağ sahəsi kimi təqdim edib, orada bitmiş qoz və şabalıd cinsli ağaclardan işlik taxta materialına yararlı olanlarını ona 250 manat müqabilində satmaq şərti ilə razılığa gəldikdən sonra 13.01.2021-ci il tarixdə saat 10 radələrində Şahid1 və sonuncunun özü ilə ağacları kəsib doğrayaraq yük avtomobilinə yığıb aparmaq üçün gətirdiyi Şahid2 və X5 ilə birlikdə həmin meşə dolayısına gələrək, onlara bir daha ərazini və içərisində olan ağacları öz şəxsi mülkiyyəti kimi təqdim edib, orada bitmiş 01 (bir) ədəd 24 sm, 01 (bir) ədəd 52 sm və 01 (bir) ədəd 72 sm diametrində şabalıd cinsinə mənsub, 01 (bir) ədəd 44 sm və 02(iki) ədəd 60 sm diametrində qoz cinsinə mənsub ağacları onlara göstərib, həmin ağacları 13.01.2021-ci il tarixdən saat 10 radələrindən 16 radələrinə kimi qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan ərazinin meşə fonduna məxsus olmasından və qanunsuz kəsilməsindən məlumatlı olmayan Şahid1, Şahid2 və Sadiq İbrahimli tərəfindən Şahid2 istifadə etdiyi motorlu-mişarla kəsilib götürülməsinə şərait yaratmış, bununla da o, meşə fonduna aid torpaq sahəsindən cəmi 06 (altı) ədəd olmaqla 9,809 kub metr həcmində və 2544,20 (iki min beş yüz qırx dörd manat, iyirmi qəpik) manat dəyərində ağacları qanunsuz kəsərək X7 Təsərrüffatı Mərkəzinə xeyli miqdarda ziyan vurulmasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1998-ci ildə vəfat etmiş atası uzun illər əvvəl hazırda yaşadıqları Kiçik Pirəli kəndində evlərindən 100-150 metr aralıda meşə ərazisində kolluq hissəni açıb orada bağ salaraq, ətrafını çəpərlə hasarlayıb içərisinə qoz, fındıq, şabalıd və digər meyvə ağacları əkib böyütmüşdür. Atası vəfat etdikdən sonra da həmin bağdan o və onunla yaşayan anası Sənubər istifadə edirlər. O, əvvəlcədən bilirmiş ki, həmin ərazini atası bağ kimi salsa da, ora onların şəxsi mülkiyyəti sayılmır, meşə idarəsinin ərazisidir, heç bir sənədləri yoxdur. O, bağ kimi istifadə etdiyi həmin meşə ərazisindən iki dəfə ağac kəsib satmışdır. 1-ci dəfə 2020-ci ilin payız ayında dəqiq xatırlamadığı tarixdə 4 ədəd qoz və 1 ədəd şabalıd ağacını özünə məxsus “Ural” markalı motopilası ilə kəsib, gövdəsini material kimi adını xatırlamadığı Qəbələ rayon Mıxlıqovaq kənd sakininə satmış, budaqlarını isə evlərində odun kimi istifadə etmişlər. Çünki həmin ərəflərdə uşağı xəstə olduğundan onun müalicəsi üçün pula ehtiyacı var imiş, başqa yerdən pul tapa bilmədiyi üçün meşə bağındakı ağaclardan 5-ni kəsib cəmi 350 manata satmışdır. Bundan sonra 2-ci dəfə həmin bağ kimi istifadə etdiyi meşə ərazisindən 3 ədəd qoz və 3 ədəd şabalıd ağacını Həmzəlli kənd sakini Vasif adlı şəxsə 250 manat pul müqabilində satmağa razılaşıb kəsdirmişdir. Belə ki, həmin vaxtlarda maddi imkanı çətin imiş, pula ehtiyacı yaranmış, yenə pul əldə etmək üçün qərara gəlmiş ki, bağ kimi istifadə etdiyi meşə ərazisindən ağac kəsib satsın. Buna görə də tanışlarına demiş ki, ağac istəyən olsa ona deyərlər. Fikri var imiş ki, ağacları alan şəxsin özünə kəsdirsin, çünki qalan ağacların diamterləri böyük imiş, o, öz motoru ilə onları kəsə bilməzmiş, həm də səhhətində narahatlıq olduğuna görə fiziki imkanları buna imkan verməmişdir. Zarağan kəndində olarkən tanışlardan öyrənmişdir ki, Həmzəlli kəndindən olan Vasif adlı şəxs ağac alır. 2021-ci ilin təxminən 10 yanvarında o, Vasifin istifadəsində olan 051 909 99 15 saylı mobil nömrəyə zəng vurub öz şəxsi bağında satılıq qoz və şabalıd ağacları olduğunu, almaq istəyirsə gəlib baxmağı təklif etmişdir. Vasif demiş ki, gəlib ağaclara yerində baxacaq, bəyənsə kəsib alacaq. Bundan 1 və ya 2 gün sonra 12.01.2021-ci il tarixdə Vasif adlı şəxs ona zəng edib yaşadığı kəndə gəlmiş və onlar birlikdə meşə bağına getmişlər. Bağda olan qoz və şabalıd cinsli 10 ədəd ağacı Vasifə göstərmişdir. Vasif ağaclara baxıb onlardan 3 ədəd qoz və 3 ədəd şabalıd ağaclarını bəyənib onunla qiymət danışmışdır. Vasifə orada bir daha demiş ki, ağaclar öz şəxsi bağının ağaclarıdır, uzun illər əvvəl atası tərəfindən əkilib hazırda maddi ehtiyac üzündən, həm də bağda olan fındıq ağaclarına kölgə saldıqları üçün kəsib satır. Vasiflə ümumilikdə 6 ədəd ağacı 250 manata razılaşmışdır. Razılaşmaya görə ağacları Vasif özü kəsdirib aparmalı, fəhlə və yol haqqını özü verməli imiş. Bundan bir gün sonra 13.01.2021-ci li tarixdə saat 10 radələrində Vasif yanında bir nəfər sonradan bildiyi Ramiz adlı şəxsin idarə etdiyi ZİL 131 markalı yük maşını ilə meşə bağına gəlmişdir. Ramizi həm sürücü kimi, həm də motopila işlədən kimi gətirmişdir. Əlavə olaraq adını bilmədiyi bir nəfər də fəhlə gətirmişdir. Vasif və o Ramizə əvvəlcədən baxıb seçdikləri 3 ədəd qoz və 3 ədəd şabalıd ağaclarını göstərib kəsilməsini bildirmişlər. Həmin gün saat 16 radələrinə kimi Ramiz motopila ilə o və Vasifin göstərdiyi 3 ədəd qoz və 3 ədəd şabalıd ağaclarını dibindən kəsib yıxaraq 1-1.50 metr uzunluğunda girdin formasında doğramış, yanındakı fəhlə isə ağacın budaqlarını kəsirmiş, həm də doğranmış ağacları maşına yükləmək üçün gəlmişdir. Vasifə satıb kəsdirdiyi 6 ədəd ağaclar onun 3-4 ay əvvəl kəsdiyi ağacların diametirindən böyük imiş. Onlardan 3 ədədi tam yaş vəziyyətdə, 3 ədədinin isə yuxarı hissəsi quru vəziyyətdə olmuşdur. Vasifgil kəsilib doğranmış ağacları gətirdikləri Ramizin maşınına yükləyərkən əvvəlcə meşə gözətçisi, sonra isə onun dəvəti ilə meşə idarəsinin digər bir neçə işçisi ağac kəsdikləri yerə gəlib çıxmışlar və ağacları qanunsuz kəsdiyini bildirərək aktlaşdırmışlar. Meşə idarəsinin işçiləri həm 3-4 ay əvvəl kəsdiyi ağacları, həm də həmin vaxt Vasifə satıb kəsdiyi 6 ədəd ağac olmaqla ümumilikdə 11 ədəd ağacın kəsildiyini aşkar etmişlər. Kəsilmiş ağacların diametrləri ölçülmüş, bu barədə akt tərtib edilmiş və aktın doğruluğunu o imazalamışdır. Hətta meşə idarəsinin işçiləri Vasifə satıb kəsdiyi ağacları müsadirə edərək meşə idarəsinə aparmışlar. Bundan sonra Vasif bilmiş ki, ona satdığı ağacların yerləşdiyi bağ onun öz şəxsi mülkiyyəti deyil, meşə ərazisidir. Sonra meşə idarəsi işi polisə vermişdir. Polisdə bununla bağlı araşdırma aparılarkən 11 ədəd ağacı kəsdiyini səmimi etiraf etmiş və təhqiqatçıya ağacların kəsildiyi yerləri və dib kəsiklərini yerində göstərmişdir. İstər 2020-ci ildə, istərsə də 2021-ci ildə meşə bağından ağac kəsmək üçün heç bir rəsmi icazə almamış və bu barədə hər hansı meşə idarəsinin işçisinə məlumat verməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspert rəyi həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X7 Təşərüfatı Mərkəzində meşə uçotu və kadastırı üzrə baş mühəndis vəzifəsində işləyir. Mərkəzin tabeliyində olan Zarağan meşəbəyliyinin 4 saylı dolayısının 13-cü kvartalından 11 ədəd ağacın Təqsirləndirilən şəxs tərəfindən kəsilməsi ilə bağlı Qəbələ rayon polis şöbəsində istintaq olunan cinayət işi üzrə zərər çəkmişin nümayəndəsi qismində iştirak etmək səlahiyyətləri mərkəzin direktoru Şahid8 tərəfindən verilmiş etibarnaməyə əsasən ona həvalə edilmişdir. Ona məlumdur ki, Zarağan meşəbəyliyinin 4 saylı dolayısının 13-cü kvartalında yerləşən və uzun illərdir ki, hər hansı bir icarə müqaviləsi olmadan Kiçik Pirəlli kənd sakini Təqsirləndirilən şəxs tərəfindən bağ kimi istifadə olunan meşə sahəsindən 11 ədəd ağacın kəsilməsi faktını 13 yanvar 2021-ci il tarixdə həmin dolayısının meşə gözətçisi Şahid4 aşkar edərək bu barədə aidiyyəti üzrə həmin ərazinin meşəbəyisi Şahid5 məlumat vermiş, Şahid5 və idarənin digər əməkdaşları, o cümlədən meşə mühafizəsi mühəndisi Şahid7 ağacların kəsildiyi yerə gedib, Təqsirləndirilən şəxs və yanında olan 3 nəfər Həmzəlli kənd sakinini ərazidən ağac kəsərək yük avtomobilinə yükləyərkən müəyyən edərək ağacların kəsildiyi yerə baxış keçirib müvafiq akt tərtib etmiş, həmçinin kəsilib doğranmış 21 ədəd kötüyü mərkəzin anbarına gətirib təhvil vermişlər. Ağacların kəsildiyi əraziyə mühəndislər tərəfindən iki dəfə baxış keçirilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bağ kimi istifadə etdiyi meşə sahəsindən 13.641 kub metr həcmində 7 ədəd qoz cinsli və 4 ədəd şabalıd cinsli ağac kəsilmiş və nəticədə mərkəzə ümumilikdə 2951.20 (iki min doqquz yüz əlli bir manat, iyirmi qəpik) manat dəyərində ziyan dəymiş, kəsilmiş ağaclardan bir qismi götürülərək meşə mərkəzinin anbarına təhvil verildiyindən ödəniləcək məbləğ 1675,00 manat təşkil edir. Həmçinin baxış zamanı müəyyən edilmişdir ki, həmin ağaclardan 4 ədəd qoz və 1 ədəd şabalıd cinsli olmaqla ümumi 5 ədəd ağac 2020-ci ilin payız aylarında, 3 ədəd qoz və 3 ədəd şabalıd cinsli olmaqla cəmi 6 ədəd ağac isə 13 yanvar 2021-ci il tarixdə kəsilmiş, 2020-ci ilin payız ayında kəsilmiş ağaclara görə dəymiş ziyan 407.00 manat, 13 yanvar 2021-ci il tarixdə kəsilmiş ağaclara görə dəymiş ziyan isə 2544,20 manat məbləğində müəyyən edilmişdir. Bütün qeyd etdiyi hallar ona mərkəzdə tərtib edilmiş ziyan aktlarına və həmin aktlara əlavə edilmiş həcm-qiymət cədvəllərinə, eləcə də ağac kəsmə faktını aşkar edərək yerində baxış keçirən əməkdaşlarla keçirdiyi sorğuya əsasən məlum olmuşdur. Zərərçəkmiş şəxs ifadəsində Qəbələ rayonu Tikanlı kənd sakini Elvin Şəfiyevin vurulmuş maddi ziyanı ödəməyə imkanı olmasa da, ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, heç bir yerə işləmədiyinə görə dolanışıq məqsədi ilə şəxsi mülkiyyətdən kəsilmiş müxtəlif növ ağacların alqı-satqısı ilə məşğul olur. 10.01.2021-ci il tarixdə bir nəfər ona zəng edərək özünü Kiçik Pirəli kənd sakini Salman kimi təqdim edərək onda quru 6 ədəd qoz və şabalıd ağaclarının olduğunu, həmin ağacları satmaq istədiyini bildirmişdir. Salmana demiş ki gəlib ağaclara baxacaq, əgər xoşuna gəlsə alacaq. 12.01.2021-ci il tarixdə o, Kiçik Pirəlli kəndinə gedərək həmin kəndin mərkəzində orta məktəb binasının qarşısındakı yolda Salmanla görüşmüşdür. Salman onu həmin yerdən 150-200 metr aralıda kənarları setka ilə hasara alınmış, içərisində qoz, fındıq, şabalıd və digər meyvə ağacları olan bağ sahəsini göstərib, özünə məxsus bağ olduğunu, bağda olan meyvə ağaclarının mərhum atasının əkib böyütdüyünü, hazırda maddi ehtiyacı olduğuna görə qoz və şabalıd ağaclarından ümumilikdə 6 ədədini kəsib satmaq qərarına gəldiyini bildirmişdir. Həmin bağ sahəsində olan 3 ədəd qoz və 3 ədəd şabalıd cinsli ağacları göstərib bildirmiş ki, onları satır. Ağaclar yarı quru, yarı yaş vəziyyətdə imiş. Ağacların diamterləri 30-60 sm arası imiş. Həmin ağaclara baxıb bəyənərək almaq qərarına gəlmiş və qarşılığında Salmana 250 manat pul verilməsi ilə razılaşmışdır. Lakin o, pulu ona ağacları kəsib aparan zaman verməli imiş. Orada bir daha Salmandan ağacların yerləşdiyi bağın kimə məxsus olduğunu soruşmuş, o yenə də ona demiş ki, özünə məxsus şəxsi bağ sahəsidir, ağacları vəfat etmiş atası əkib, indi isə fındıq ağaclarına kölgə saldığı üçün, həm də xəstəsi olduğu üçün satır. 13.01.2021ci il tarixdə o, həmkəndliləri Zil 131 markalı avtomobilin sürücüsü, həm də motorlu mişar işlədən Şahid2 və bir nəfər də fəhlə olaraq Sabiq İbrahimovla birlikdə Kiçik Pirəli kəndinə getmişlər. Onlara əvvəlcədən demiş ki, bir nəfər şəxs öz şəxsi bağından ağac satır, həmin ağacları alıb, gedib kəsib doğrayıb gətirsinlər, əvəzində onlara 80 manat zəhmət haqqı verəcək. Onlar ağacları kəsmək üçün saat 10 radələrində Salmanın bağına gəlmişlər. Ramiz özünə məxsus “Stil” markalı motorlu mişarla əvvəlcədən Salmanın ona göstərdiyi və bəyəndiyi kök üstə olan 3 ədəd şabalıd və 3 ədəd qoz ağacını dib hissələrindən kəsib yerə yıxmışdır. Sabiq isə kəsilmiş ağacların budaqlarını balta ilə budamışdır. Ramiz ağacların kötük hissəsini 1.5 sm uzunluğunda hissələrə ayırmışdır. Ramiz saat 10 radələrindən başlayaraq 5-6 saat ərzində ağacları kəsib doğramışdır. Daha sonra Ramiz, Salman və Sadiq həmin kötükləri Ramizə məxsus ZİL 131 maraklı avtomobilinə yığmağa başlamışlar.Kötükləri yığıb qurtaran zaman meşə idarəsinin Azad, Vüqar, Hidayət, Xəqani və Şamo adlı işçiləri onların yanına gəlmiş və həmin sahənin meşə idarəsinin ərazisi olduğunu bildirib akt tərtib etmişlər. Bundan əlavə meşə idarəsinin işçiləri bağda köhnədən kəsilmiş əlavə 5 ədəd qoz ağacını da aşkar edib sənədləşdirdilər. Lakin, onun həmin ağacları kimin kəsməsindən xəbəri olmadığını bildirmişdir. Salman özü orada meşə işçilərinə demiş ki, həmin 5 ədəd ağacı 1 il əvvəl özü kəsib satmışdır. Salmandan ərazinin həqiqətən də meşə ərazisi olduğunu soruşanda etiraf edib bildirmiş ki, onların ağac kəsdiyi yer əslində meşə ərazisidir, oradan bir neçə ildir ki, bağ kimi istifadə edir, ona bağın şəxsi mülkiyyəti olduğunu yalan demişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, 16.07.2020-ci il tarixdən Qəbələ rayon Zarağan Meşəbəyliyinin 4 saylı dolayısında meşə gözətçisi kimi işləyir. Həmin dolayıda Pirəli kənd sakinləri tərəfindən istifadə olunan bir neçə bağ sahələri olsa da, həmin şəxslərin heç bir icarə müqavilələri yoxdur. Həmin şəxslərdən biri də Təqsirləndirilən şəxsdur. Salman atası tərəfindən uzun illər bundan əvvəl salınmış, içərisində, qoz, şabalıd, fındıq və digər meyvə ağacları olan bağ sahəsindən istifadə edir. Həmin bağ sahəsi meşə fondu torpağı olduğuna görə oradan rəsmi icazə olmadan hansısa ağacın kəsilməsinə yol verilmir. 13.01.2021-ci il tarixdə saat 16 radələri olarmış ki, 4 saylı dolayının 13-cü kvartalında gəzərkən Salmanın bağ kimi istifadə etdiyi həmin meşə ərazisində motorlu mişar səsi eşidib, ağac kəsilməsindən şübhələnərək ora getmişdir. Gedib görmüş ki, Salman özü də oradadır və yanında əlavə 3 nəfər şəxs var, onlardan biri motorlu mişar işlədirmiş, Salman və digər biri doğranmış ağac girdinlərini Zil-131 markalı maşına yükləyirmişlər. İçərilərində ən yaşlı olanı isə kənarda oturmuşdur. Əraziyə baxanda görmüş ki, 7 qoz və 4 ədəd şabalıd ağacı kəsilib. Kəsilmiş ağacların diametri 20 sm-dən başlayaraq 70-75 sm-ə kimi dəyişirmiş. Məlum olmuş ki, həmin ağaclardan 3 ədəd qoz və 3 ədəd şabalıd həmin gün oradakı onun aşkar etdiyi Salman və yanındakı şəxslər tərəfindən kəsilib. Digər 5 ədəd ağacın dib kəsiklərindən görünürmüş ki, həmin ağaclar köhnədən kəsilib. Salmandan soruşduqda bildirmiş ki, əvvəlki beş ağacı 5-6 ay əvvəl özü kəsib satıb, hazırda kəsilən 6 ağacı yanındakı şəxslərə satıb. Salmanın yanında olan sonradan bildiyi 3 nəfər Həmzəlli kənd sakinləri, adları yadında qalmayan şəxslər bildirmişlər ki, onlar ərazinin meşə yeri olduğunu bilməyiblər, Salman ərazini onlara öz şəxsi bağı kimi təqdim edib. Salman özü də bunu etiraf etmişdir. O, qırıntı aşkar etməsi barədə tabeçiliyində olduğu meşəbəyi Şahid5 məlumat vermişdir. Bir neçə dəqiqə sonra Şahid5 və meşə idarəsinin digər işçiləri, Şahid7, Vüqar Hüseynov və Şahid6 ağacların kəsildiyi yerə gəlmişlər. Onlar ağacların kəsildiyi yerə baxış keçirib yerində akt tərtib etmişlər. Həmin şəxslərin kəsib doğradıqları ağaclar isə götürülərək idarəyə gətirilib aidiyyəti üzrə təhvil verilmişdir. Məhkəmə iclasında şahidlər Şahid5 və Şahid6 Şahid4 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişlər. İşdə olan Qəbələ Regional MTM-dən daxil olmuş 16 may 2021-ci il tarixli rəydən və həmin rəyə əlavə edilmiş həcm-qiymət cədvəllərindən görünür ki, Qəbələ RMTM-nin Zarağan 4 saylı meşə dolayısının 13-cü kvartalına, Təqsirləndirilən şəxs tərəfindən ağacların kəsildiyi əraziyə təkrar baxış keçirilmiş və baxış zamanı qeyd olunan ərazidən şabalıd cinsindən-diametri 24 sm köküstə quru 1 ədəd, 52 sm 1 ədəd, 72 sm 1 ədəd olmaqla 3 ədəd, qoz cinsindən- diametri 44 sm 2 ədəd, 60 sm 1 ədəd olmaqla 3 ədəd, ümumi cəmi 6 ədəd qoz və şabalıd cinsindən olan ağacların 13 yanvar 2021-ci il tarixdə kəsildiyi, eyni zamanda həmin tarixdə kəsilmiş 3-ü şabalıd, 3-ü qoz cinsli olmaqla cəmi 6 ədəd ağaca görə dəymiş ziyanın 9,809 kub metr həcmdə və 2544, 20(iki min beş yüz qırx dörd manat iyirmi qəpik) manat dəyərində, ödəniləcək məbləğin 1531. 00 manat dəyərində olduğu müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyun 2021-ci il tarixli, 9/3565 saylı rəyindən görünür ki, Qəbələ rayonu Zarağan meşəbəyliyinin 04 saylı meşə dolayısının 13 saylı kvartalından Təqsirləndirilən şəxs tərəfindən 13 yanvar 2021-ci il tarixdə kəsilmiş ağacların sayı 6 ədəd, həcmi 9,809 kub metr, məbləği 2544.20 manat, ödəniləcək məbləğ 1531,00 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 08.04.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün ibtidai istintaq və ilkin məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadələri, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ibtidai istintaq zamanı və ilkin məhkəmə baxışı zamanı verdikləri ifadələri, ekspert rəyi, digər iş materialları ilə onun meşə fonduna daxil olmayan, meşə fonduna aid torpaq sahəsindən xeyli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə cinayətin törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi əməli könüllü etiraf edib səmimi peşimançılıq hissi keçirməsini, ailəli olmaqla himayəsində üç azyaşlı uşağın olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunduğunu cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 259.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. İş üzrə maddi sübut olan X4 Mərkəzində saxlanılan 21 (iyirmi bir) ədəd ağac kötükləri hökm qanuni qüvvəyə mindikdən sonra satılaraq dəyəri Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X4 Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia olmamışdır. Məhkəmə müsadirə ilə bağlı məsələni araşdırır və hazırkı cinayət işi üzrə müsadirə olunmalı olan əmlak aşkar edilmədiyindən xüsusi müsadirə ilə bağlı tədbirin tətbiq olunmasını məqsədə müvafiq hesab etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan X4 Mərkəzində saxlanılan 21 (iyirmi bir) ədəd ağac kötükləri hökm qanuni qüvvəyə mindikdən sonra satılaraq dəyəri Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X4 Mərkəzinin hesabına köçürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №1(025)-49/2021
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-49/2021
01.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver