Məhkəmə qərarları › İş №1(025)-5/2024

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-5/2024

10.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-5/2024 10.01.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1971-ci il tarixdə Qəbələ rayon Bum qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Qəbələ rayon Bum qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altınavermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan 2023-cü ilin avqust ayının sonlarında istintaqa dəqiq məlum olmayan tarixdə Qəbələ rayonu Qəmərvan kəndinin yaxınlığından keçən “Duruca” çayının kənarında yerləşən meşəlik ərazidən yabanı halda bitmiş, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin yarpaqlarını yığaraq, qurudub qanunsuz olaraq kustar üsulla hazırlayıb əldə etdiyi xeyli miqdarda təmiz çəkisi - 10.20 qram olan narkotik vasitə qurudulmuş marixuananı ağ rəngli sellofan torbaya bükülü vəziyyətdə üzərində gəzdirərkən xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək yaşadığı Qəbələ rayonunun Bum qəsəbəsində “Kənd başı” adlanan yerdə saxlanılıb, rayon polis şöbəsinə gətirilməklə şöbənin inzibati binasında şübhəli şəxs qimsində müdafiəçisinin iştirakı və video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilən zaman həmin ağ rəngli sellofan torbaya bükülü vəziyyətdə narkotik vasitə qurudulmuş marixuana əynində olan şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadə verərkən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, uzun müddətdir ki, narkotik vasitə istifadəçisidir.Halhazırda isə narkotik vasitədən istifadə etmir. Narkotik vasitə marixuananı siqaret kimi doldurub çəkir.Marixuananı yabanı halda bitmiş yerlərdən qurudaraq əldə edir.Qəbələ rayon Qəmərvan kəndinin yaxınlığından keçən “Duruca” çayının kənarında yerləşən meşəlik ərazidə gəzərkən orada yabanı halda bitmiş marixuana bitkilərinin olmasını görmüşdür.2023-cü ilin avqust ayının sonlarında dəqiq xatırlamadığı günündə həmin ərazidə yabanı halda bitmiş marixuana bitkilərini özünə çəkmək üçün yığaraq orada qurutmuş və qurumuş marixuananı ağ kloka bükərək üzərində saxlamış ki, hərdənbir çəkərək istifadə etsin.Həmin marixuanadan bir qədərini çəkib istifadə etmiş, bir qədəri də üzərində imiş, əynindəki şalvarının cibindəsaxlamışdır.19 oktyabr 2023-cü il tarixdə saat təxminən 17:30 radələrində Bum qəsəbəsində “Kənd” başı” deyilən yerdə piyada evləri istiqamətdəgedən zaman polis əməkdaşları onu saxlamış, özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, üzərində narkotik vasitə olub-olmaması barədə soruşmuşlar.Onlara üzərində narkotik vasitə olduğunu, lakin adamların çox olduğu yerdə təqdim edə bilməyəcəyini, polis şöbəsində təqdim etmək istədiyini bildirmiş, öz razılığı iləpolis əməkdaşları ilə polis şöbəsinə gəlmiş, polis şöbəsində müdafiəçisinin iştirakı iləüzərinə axtarış keçirilən zaman şalvarının qabaq sol cibində üzərində gəzdirdiyi sellafon torbanın içərisindəki qurudub saxladığı marixuananı aşkar edərək götürmüşlər.Üzərindən başqa heç bir cinayət tərkibli predmet aşkar edilməmiş, fotoşəkillər çəkilmiş, videoçəkiliş aparılmışdır. Üzərindən aşkar edilmiş narkotik vasitə marixuananı özü istifadə etmək məqsədi ilə əldə etmiş, heç kimə narkotik vasitə satmamış və ya bağışlamamışdır.Narkotik vasitəniyığaraq qurudub saxlamağından heç kimin xəbəri olmamış, tək olmuş, polis əməkdaşları və ya qeyri kimsəsaxlanılarkən heç bir fiziki zor tətbiq etməmiş, müvəqqəti saxlama yerində ona heç bir fiziki zor və təzyiq edilməmiş, şərəf və ləyaqətinin alçaldılması ilə müşayiət edilən hərəkətlər olmamışdır.Ədliyyə Nazirliyinin Məhkəmə X9 Regional Bölməsindən daxil olmuş 20 oktyabr 2023-cü il tarixli 17/755 nömrəli bioloji ekspertiza rəyi ilə tanış olmuş, heç bir etirazı yoxdur.Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən çox peşiman olduğunu, himayəsində yetkinlik yaşına çatmayan uşağının olduğunu, həmçinin oğlunun yanvar ayında hərbi xidmətə yollanacağını bildirdi və məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 19 oktyabr 2023-cü il tarixdə Qəbələ rayon Bum qəsəbə sakini Təqsirləndirilən şəxs Qəbələ rayon Bum qəsəbəsində “Kəndbaşı” deyilən yerdə olması, onun qanunsuz olaraq narkotik vasitə olan marixuananı əldə edib, hazırlayıb, daşımaqla saxlamasına dair daxil olmuş məlumat əsasında həmin gün saat təxminən 17:30 radələrində Qəbələ RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ilə birgə həmin yerə getmişlər. İlqarı Bum qəsəbəsində “Kəndbaşı” deyilən yerdə piyada hərəkət etdiyini görmüşlər. Ona yaxınlaşıb özlərini təqdim edərək onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib ondan üzərində narkotik vasitə olub-olmadığını şifahi sorğu etmişlər. Bu zaman Təqsirləndirilən şəxs şalvarının cibində qurudulmuş marixuana olduğunu bildirmiş, ondan narkotik vasitəyə baxış keçirilərək təqdim etməsi istənildikdə Təqsirləndirilən şəxs həmin yerin ictimai yer olduğundan narkotik vasitəni polis əməkdaşlarına Qəbələ rayon polis şöbəsində təqdim etmək istədiyini bildirib üzərinə baxışın Qəbələ rayon polis şöbəsində aparılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs xahişini nəzərə alaraq onunla birgə Qəbələ rayon polis şöbəsinə gəlmişlər. Polis şöbəsinin inzibati binasının birinci mərtəbəsində təhqiqatçının otağında Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış aparılmağa başlanmış, şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub-olmaması sorğu edilmişdir. Təqsirləndirilən şəxs əynindəki şalvarın cibində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu demiş, ondan həmin narkotik vasitəni təqdim etməsi istənildikdə o, könüllü olaraq əlini əyinindəki şalvarının qabaq sol cibinə salaraq bir dənə sellofan bükülü çıxartmışdır. Həmin bükülü açıldıqda içərisindən yaşıl rəngli kəskin iyə malik qurudulmuş marixunaya bənzər kütlə aşkarlanmışdır. Təqsirləndirilən şəxs həmin kütlənin özünə məxsus qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütləni hardan əldə etməsi barədə şifahi sorğu edildikdə o, 2023-cü ilin avqust ayının sonlarında xatırlamadığı gündə Qəbələ rayon Qəmərvan kəndində “Duruca” çayının kənarındakı meşəlik ərazidən yabanı halda bitmiş marixuana bitkisini yığıb qurudaraq əldə etdiyini demiş, bundan sonra təqdim edilmiş narkotik vasitə olan marixuanaya bənzər kütlə qablaşdırılaraq götürülmüş, üzəri möhürlənmiş, imzalanmışdır. Şəxsi atarış zamanı video çəkiliş aparılmış, foto şəkillər çəkilmişdir. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan, polis şöbəsinə gətirilən, üzərinə şəxsi axtarış keçirilən zaman polis əməkdaları və ya qeyri şəxslər tərəfindən ona heç bir fiziki və sair zor tətbiq edilməmiş, şərəf və ləyaqətinin alçaldılması ilə müşayiət edilən hərəkətlər olmamışdır. Məhkəmədə şahid qismində Şahid2 Şahid1ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişlər. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Qəbələ RPŞ-nin TB-nin baş təhqiqatçısı Tural Mehdizadə tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə “şəxsi axtarış və götürmə” istintaq hərəkəti keçirilən zaman əynindəki qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd sellofan torbanın içərisində yaşıl rəngli, kəskin spesifik iyə malik marixuanaya bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin özünə məxsus olmaqla narkotik vasitə qurudulmuş marixuana olduğunu, özü üçün çəkməyə əldə etdiyini, həmin narkotik vasitəni Qəbələ rayon Qəmərvan kəndinin yaxınlığından keçən “Duruca” çayının kənarında yerləşən meşəlik ərazidən yığaraq qurudub ələ etdiyini bildirmişdir. Aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə DİN-in “103” saylı möhürü ilə möhürlənərək qablaşdırılaraq məhkəmə bioloji ekspertizası üçün götürülmüş, üzəri iştirak edən şəxslər tərəfindən imzalanmışdır. “Şəxsi axtarış və götürmə” zamanı videoçəkiliş aparılmış, fotoşəkillər çəkilmiş, videoçəkiliş 01 ədəd cd diskə köçürülərək, fotoşəkillərin isə əksi çıxarılaraq protokola əlavə edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan xx.xx.2023-ci il tarixli “ təqsirləndirilən şəxsin ifadələrinin yerində yoxlanılması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Qəbələ rayon Qəmərvan kəndinin yaxınlığından keçən “Duruca” çayının kənarında yerləşən meşəlik ərazini təqdim edərək 2023-ci ilin avqust ayının sonlarında dəqiq xatrılamadığı tarixdə həmin yerdən yabanı halda bitmiş marixuana bitkilərindən öz istifadəsi üçün çəkmək niyyəti ilə qurudub yığdığını, üzərindən aşkar edilmiş qurudulmuş marixuananın da həmin yerdən yığaraq qurudub saxladığı narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ifadələri yerində yoxlanılan zaman verdiyi ifadələrlə istintaq zamanı verdiyi ifadələr arasında heç bir ziddiyət müəyyən edilməmişdir. İfadələrin yerində yoxlanılması istintaq hərəkəti zamanı fotoşəkillər çəkilmiş, əksi çıxarılaraq protokola əlavə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinin X14 təqdim etdiyi 20 oktyabr 2023-cü il tarixli 17/755 nömrəli rəyindən görünür ki: - Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqə “İştirakçılar: Şübhəli şəxs.1)/İmza/Təqsirləndirilən şəxs. Vəkil 2./İmza/Müdafiəçi. İştirakçılar 3./İmza/Şahid2....” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd sellofan bükümdə, təmiz çəkisi -10,20 qram olan bitki kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işi materiallarına əlavə edilmiş Qəbələ rayon X19 X5 Müdiri, cinayət işi üzrə mütəxəssis qismində tanınmış X10 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli rəydə göstərilmişdir ki, Qəbələ rayon Qəmərvan kəndinin yaxınlığından keçən “Duruca” çayının kənarında yerləşən meşəlik ərazidə yabanı halda narkotik tərkibli bitkilərin yetişməsi üçün münbit torpaq sahəsi olub-olmamasını təftiş edilmiş, məlum olmuşdur ki, həmin ərazidə narkotik mənşəli çətənə bitkisinin bitməsi üçün münbit şərait vardır. Yabanı tərkibli narkotik mənşəli bitkilərin yetişməsi üçün həmin ərazidə onlara hər hansı bir aqrotexniki qulluq göstərilməsi halı müşahidə edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 14 noyabr 2023-cü il tarixli “maddi sübut kimi tanınma və saxlanılma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə “şəxsi axtarış və götürmə” aparılan zaman götürülmüş və bioloji ekspertizadan sonra qalmış 10,15 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və həmin marixuana Qəbələ RPŞ-nin saxlancına təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserindən daxil olmuş 21 noyabr 2023-cü il tarixli 1931 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Halhazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Nakoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Nərkəzi” X18 daxil olmuş xx.xx.2023-cü tarixli 733 saylı Təqsirləndirilən şəxs barəsində olan ambulator məhkəmə psixiatrik ekspertizası rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər və hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs psixi xəstəlik keçirmədiyindən onun məcburi qaydada müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayəti törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə birliyi” Publik hüquqi şəxs Qəbələ rayon mərkəzi xəstəxanası X18 daxil olmuş 13 noyabr 2023-cü il tarixli 18-1-52/2-1734/2023 saylı məktubunda göstərilmişdir ki, tqsirləndirilən şəxs Təqsirləndirilən şəxs “Qəbələ RMX PHŞ-in polikilinika şöbəsinin psixiatrik kabinetində hər hansı bir xəstəliklə qeydiyyatda deyildir. 2017-ci il tarixdə aşağıdakı diaqnozla narkoloji kabinetdə qeydiyyata götürülmüş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Narkoloji xəstələrin qeydiyyatının aparılması Qaydasının və onların qeydiyyatda olma müddətinin təsdiq edilməsi” haqqında xx.xx.2002-ci il 136 nömrəli Qərarına əsasən 2022-ci il tarixdə profilktiki qeydiyyatdan çıxarılmışdır.Dz:”F12.1 Kannabioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntusu.Zərərli istifadə. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli DİN BƏSİİ-dən daxil olmuş sorğuya cavaba əsasən Təqsirləndirilən şəxs Qəbələ rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şəki rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi 04 ay 20 gün müddətdən vaxtından əvvəl şərti azad olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Qəbələ Rayon İcra Hakimiyyəti Bum qəsəbə İnzibati Ərazi Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Cinayət işi materiallarına əlavə edilmiş Qəbələ Rayon İcra Hakimiyyəti Bum qəsəbə İnzibati Ərazi Nümayəndəliyi tərəfindən verilmiş 26 oktyabr 2023-cü il tarixli, 577 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi anası X4, həyat yoldaşı X6, uşaqları 2005-ci il təvəllüdlü X12, 2007-ci il təvəllüdlü X7 və 2014-cü il təvəllüdlü X8 ibarətdir. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib saxlamaqla üzərində daşımasında təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, işdə olan xx.xx.2023-ci il tarixli ifadələrin yerində yoxlanılması protokolu, digər istintaq hərəkəti protokolları və maddi sübutla tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 12-ci bəndinə görə narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın xalis çəkisi cəmi 10,20 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, əməlindən səmini peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, ona ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi əsaslı və ədalətlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Həmçinin, ümumilikdə götürdükdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri bəlaya çevrilərək fiziki mənada ayrı-ayrı xalqların genofonduna, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbələr vurur, qarşısının alınması külli miqdarada xərclər bahasına böyük çətinliklər yaradır. Məhz buna görə də X2 1961-ci il “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il “Psixotrop maddələr haqqında” və 1988-ci il “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyalarda narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. Azərbaycan Respublikası bu konvensiyalara qoşulmaqla bu qəbildən olan cinayətkarlıqla mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxsna Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, Təqsirləndirilən şəxs Qəbələ rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.Şəki rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi 04 ay 20 gün müddətdən vaxtından əvvəl şərti azad olunmuşdur.Göründüyü kimi təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin dövriyyəsi ilə bağlı azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, lakin həmin cəzadan lazımi nəticə çıxarmamış, yenidən cinayət törətmişdir. Bu hal onun şəxsiyyətini mənfi xarakterizə edən haldır və ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının məqsədini, yəni məhkumun islah edilməsini, həm özünün, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasını təmin edə bilməmişdir. Bütün bu hallar Təqsirləndirilən şəxs çətin islah olunan şəxs olduğuna dəlalət edir. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin məhkumluğunun olmasına diqqət yetirir, onun azadlıqdan məhrum edilmədən islah oluna bilməməsi qənaətinə gəlir. Məhkəmə həm də gəldiyi qənaətdə ona görə israrlıdır ki, narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün “ağ ölüm” kimi bir bəlaya çevrilmiş bu qəbilədən olan cinayətləri törətmiş təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının kifayət qədər əsaslar olmadan yüngülləşdirilməsini əsaslı və ədalətli hesab etmək olmaz. İş materiallarında olan 19 oktyabr 2023-cü il tarixli protokoldan göründüyü kimi, Təqsirləndirilən şəxs 19 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli isə 19 oktyabr 2023-cü il saat 17:50-dən hesablanmış, 21 oktyabr 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də onun həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə hesablamaqla təyin olunan azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. Məhkəmə hazırki hökmlə Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Odur ki, Təqsirləndirilən şəxs hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzasının əvvəli 10 yanvar 2024-cü il tarixdən hesablanmalı, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.1 və 56.1.2-ci maddələrinə əsasən, azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-məntəqə tipli cəzaçəkmə müəssisələrində; qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı «Qərarın» 26-cı bəndində qeyd olunur ki, «məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir». Məhkəmə istintaqında tədqiq olunmuş ibtidai istintaq zamanı təyin edilmiş narkoloji Dispanserinin rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, iş üzrə maddi sübut kimi tanınmış və Qəbələ rayon Polis şöbəsində saxlanılan bioloji ekspertizadan sonra qalmış 10,15 qram narkotik vasitə qurudulmuş marixuana hökm öz qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Qəbələ rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə baxışı dövründə hüquqlarını 8 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 8 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 48 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 19 oktyabr 2023-cü il tarixdən 21 oktyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli 10 yanvar 2024-cü il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi Narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi olan 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X3, kod 210005, VOEN **********, müxbir hesab AZE 41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). İş üzrə maddi sübut kimi tanınmış və Qəbələ rayon Polis şöbəsində saxlanılan bioloji ekspertizadan sonra qalmış 10,15 qram narkotik vasitə qurudulmuş marixuana hökm öz qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərilmiş 8 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 48 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar