Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-5/2025 12.02.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Dövlət ittihamçısı və müdaiəçi Müdafiəçi iştirakı ilə, xx.xx.1991-ci ildə Qəbələ şəhərində anadan olmuş, AR vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qəbələ şəhəri, Nəsimi küçəsi ev 43-də yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ondan ötrü məhkəməyə verilmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat 07 radələrində etibarnamə ilə sahibliyində olan VAZ-2101 minik markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobili alkoqollu içki qəbulunun təsirindən yaranmış sərxoş vəziyyətdə və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsi olmadan yağışlı hava şəraitində Qəbələ şəhəri Fazil Rəhimov küçəsində asfalt-beton örtüklü yolla Zərifə Əliyeva küçəsi istiqamətinə idarə edərək yolun Fazil Rəhimov küçəsi 18 ünvanında yerləşən Şahid yaşadığı həyət evinin qarşısından keçən hissəsində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə əsasən nəqliyyat vasitələrini sürücülük hüququ verən sənədlə idarə etməli, həmçinin həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, bu qaydalara əməl etmək üçün diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili yolun hərəkət hissəsi ilə dayanaqlı hərəkətini təmin etməli, eləcə də həmin qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə əsasən nəqliyyat vasitələrini sərxoş vəziyyətdə idarə etməməli olduğu halda və bu qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, qanunun yuxarıda göstərilən tələblərini kobud surətdə pozmaqla avtomobili sərxoş vəziyyətdə, idarə etmə hüququ olmadan yağışlı hava şəraitində idarə edərkən diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayıraraq yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin edə bilməmiş, həmin vaxt ondan ön tərəfdə Qəbələ rayonu Nohurqışlaq kənd sakini, xx.xx.1977-ci il təvəllüdlü Zərərçəkmiş şəxs eyni istiqamətdə hərəkət hissəsinin sağ kənarı ilə piyada hərəkətdə olmasını nəzərə almadan və idarə etdiyi avtomobil piyadanın yanından keçərkən onlar arasında kontakt baş verməməsi üçün əvvəlcədən həmin piyada ilə təhlükəsiz yan məsafəni təmin etmək üçün zəruri tədbir görməmiş, bununla da texniki cəhətdən saz vəziyyətdə olan VAZ-2101 minik markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən idarətməni itirərək ondan ön tərəfdə hərəkət hissəsinin sağ kənarı ilə piyada hərəkətdə olan Zərərçəkmiş şəxs avtomobilin ön tərəfi ilə vurmuş, nəticədə ehtiyyatsızlığından sonuncunun başın sağ gicgah nahiyəsinin, sağ qulaq seyvanının əzilmişcırılmış yaraları, sağ gicgah sümüyünün açıq yerdəyişməyən sınığı, sağ dirsək oynağının arxa səthinin, sağ saidin bayır yuxarı 1/3-nin sıyrıqları və sağ baldırın yuxarı 1/3-nin qançırı kimi həyat üçün təhlükəli olan sağlamlığına Ağır zərər vuran bədən xəsarətləri yetirilməsinə səbəb olmuşdur. Bu hərəkətləri ilə vətəndaş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş üzrə Təqsirləndirilən şəxs ona qarşı AR CM-nin 263-1.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır və özünə məxsus olan Vaz 2101 minik markalı ** EJ *** dövlət qeydiyyat nişanlı minik avtomobillə metal tullantıları toplayıb qəbul məntəqələrinə təhvil verməklə məşğul olur. xx.xx.2024-cü il tarixdə saat təxminən 07-00 radələrində Qəbələ şəhərinin mərkəzində yerləşən 24 saat ərzində işləyən “Oba” marketdən siqaret almış və idarə etdiyi Vaz 2101 minik markalı ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ şəhəri Fazil Rəhimov küçəsi ilə “Emil Market” mağazasının yanından “Pərviz” kafesi istiqamətində yaşadığı evə doğru asfalt örtüklü yolla saatda təxminən 40-50 km sürətlə hərəkət etmişdir. Həmin vaxt o, avtomobildə tək olmuş, nəqliyyat vasitəsini idarə etmə hüququ olmamış və bir qədər əvvəl evdə təxminən 4-5 ədəd 0.5 litirlik şüşədə spirtli içki olan pivə içdiyi üçün sərxoş vəziyyətdə olmuşdur. Qəbələ şəhər sakini Şahid məxsus həyət evinin qarşısından keçən hissədə hərəkətdə olarkən yol örtüyü nəm olduğu üçün idarəetməni itirmişdir. Avtomobil yoldan çıxaraq sağ tərəfə doğru hərəkət edib əvvəlcə onunla eyni istiqamətdə yolun sağ kənarı ilə piyada hərəkət edən Zərərçəkmiş şəxs vurmuş, daha sonra isə yolun sağ ehtiyyat hissəsində, yaşadığı evin həyətinin qiriş qapısından qarşısında dayanmış Şahid məxsus olan ağ rəngli Vaz 2101 markalı ** FS *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində piyada Zərərçəkmiş şəxs müxtəlif bədən xəsarətləri almış və hər iki avtomobil zədələnmişdir. O, zəng edərək hadisə yerinə 103 Təcili Tibbi yardım avtomobili çağırmış və Zərərçəkmiş şəxs Qəbələ rayon mərkəzi xəstəxanasına aparmışdır. Təqsirləndirilən şəxs daha sonra ifadəsində yol nəqliyyat hadisəsində xəsarət almış Zərərçəkmiş şəxs müalicə olunmaqdan ötrü 200,0 manat verdiyini və əlavə olaraq 400,0 manat ödəmək istəsə də qəbul edilmədiyini göstərmiş, əməlindən peşmançılıq çəkdiyini ifadə etmişdir. İş üzrə Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonunun Nohurqışlaq kəndində yaşayır. 26 iyun 2024-cü il tarixdə, saat 06:30 radələrində Qəbələ şəhəri Fazil Rəhimov küçəsində asfalt örtüklü yolun sağ kənarı ilə Zərifə Əliyeva küçəsi istiqamətində piyada hərəkət etmiş və Qəbələ şəhər sakini Şahid məxsus həyət evinin qarşısında olarkən onunla eyni istiqamətdə arxadan hərəkətdə olan Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 2101 minik markalı ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobilin ön tərəfi ilə vurulmuşdur. Vaz 2101 minik markalı ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobil onu vurduqdan sonra yolun sağ ehtiyyat hissəsində Şahid yaşadığı evin həyətinin qiriş qapısının qarşısında dayanmış ağ rəngli Vaz 2101 markalı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində o, müxtəlif bədən xəsarətləri aldığı üçün Qəbələ rayon mərkəzi xəstəxanasına aparılmış və sağlamlığına dəymiş zərərə görə sürücü Təqsirləndirilən şəxs şikayətçi olmuşdur. İş üzrə Şahid ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında yaşayır. xx.xx.2024-cü il tarixdə saat təxminən 06:30 radələrində yaşadığı evdə olarkən yaşadığı evin həyətinin giriş qapısının qarşısından yol nəqliyyat hadisəsinə aid səs eşitmiş və o, evdən bayıra çıxıb yola tərəf gedərək Qəbələ şəhər sakini Təqsirləndirilən şəxs idarə etdiyi qırmızı rəngli Vaz 2101 minik markalı dövlət qeydiyyat nişanı avtomobillə yolla hərəkət edən piyadanı vuraraq xəsarət yetirdiyini və ona məxsus olan həyətinin giriş qapısının qarşısında saxladığı Vaz 2101 minik markalı 10FS 259 dövlət nömrə nişıanlı avtomobillə toqquşduğunu görmüşdür. Baş vermiş yol nəqliyyat hadisəsində avtomobilinin zədələnməsi nəticəsində ona dəymiş maddi zərər Təqsirləndirilən şəxs tərəfindən ona tam şəkildə ödənildiyi üçün heç bir şikayəti və tələbi yoxdur. İşdə olan xx.xx.2024-cü il tarixli “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokola əsasən yol nəqliyyat hadisəsi Qəbələ şəhəri, Z.Əliyeva küçəsində baş vermiş, hadisə yerində yol asfaltbeton örtüklü olmaqla yaş və hamar olmuşdur. Asfalt yolun hərəkət hissəsi üfüqi və düz, eni 5,0 metr, 02 hərəkət zolaqlı, hər bir hərəkət hissəsinin eni 2,5 metr, yolun hərəkət hissəsinə sağ və soldan daşlı-çınqıllı ehtiyat hissə birləşir və hərəkət özü-özünə tənzimlənir. Ətrafda tikililər və yaşayış evləri vardır. Piyada yolun sağ ehtiyat hissəsində vurulmuş, vurulma yeri yolun sağ asfalt kənarında 0,60 metr, sol asfalt kənarından 4,40 metr məsafədə yerləşir. Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 2101 minik markalı ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobil yolun sağ ehtiyat hissəsində hərəkətsiz dayanmış Vaz 2101 minik markalı 10FS 259 dövlət nömrə nişıanlı avtomobillə toqquşmuş, hadisədən sonra avtomobillər arasındakı məsafə 3,9 metr, Vaz 2101 minik markalı 10FS 259 dövlət nömrə nişıanlı avtomobillə Şahid məxsus həyətin giriş darvazasınadək olan məsafə 3,0 metr olmuşdur. İşdə olan AR SN MTEPAB PHŞ Qəbələ rayon şöbəsi tərəfindən verilmiş 16 iyul 2024-cü il tarixli 329 nömrəli ekspert rəyində göstərilmişdir ki, 1977-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər – başın sağ gicgah sümüyünün açıq yerdəyişməyən sınığı, sağ dirsək oynağının arxa səthinin, sağ saidin bayır yuxarı 1/3-nin sıyrıqları və sağ baldırın bayır yuxarı 1/3-nin qançırı kimi xəsarətləri vardır. Qeyd olunan xəsarətlər küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə və şəraitdə yəni 26 iyun 2024-cü ildə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində piyadada törənə bilər. Həmin xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmayan əlamətlərinə aiddir.(c.i.səh: 92-94) İşdə olan AR ƏN MEM tərəfindən verilmiş 01 oktyabr 2024-cü il tarixli 8/2046 nömrəli ekspert rəyində göstərilmişdir ki, Vaz 2101 minik markalı ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33cü maddəsinin4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə yol nəqliyyat ekspertizasının 01 oktyabr 2024-cü il tarixli 8/2046 nömrəli rəyi cinayət işinin digər materialları ilə uyğunluq təşkil etməklə real gerçəkliyi əks etdirdiyindən iş üzrə sübut növü kimi qəbul edilmişdir. (c.i.səh: 90-91) İşdə olan “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında” 26 iyun 2024-cü il tarixli 91 nömrəli aktda göstərilmişdir ki, 26 iyun 2024-cü il tarixdə müayinə olunan Vaz 2101 minik markalı ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs yüngül dərəcədə sərxoşluq (0,735 pr.m) aşkar edilmişdir. (c.i.səh: 22) İşdə olan AR “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X6 Qəbələ RMX PHŞ tərəfindən verilmiş 19 noyabr 2024-cü il tarixli 18-1-52/2-3305/2024-cü il tarixli məlumatda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il tarixdən “F20.0 Paranoid şizofreniya” xəstəliyi ilə Qəbələ RMX-nın Poliklinika şöbəsinin psixiatrik qabinetində qeydiyyata alınmış və xx.xx.2022-ci il tarixdə Şəki rayon psixiatiriya xəstəxanasına göndərilərək orada stasionar müalicə almışdır. (c.i.səh: 87) İşdə olan AR SN-nin Şəki rayon psixiatiriya xəstəxanası tərəfindən verilmiş 16 dekabr 2024cü il tarixli 1082 nömrəli məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən Şəki rayon psixiatiriya xəstəxanasında “F20.0 Paranoid şizofreniya” xəstəliyi ilə dispanser müşahidəsindədir. (c.i.səh: 166) İşdə olan AR SN MPEM PHŞ tərəfindən verilmiş 10 dekabr 2024-cü il tarixli 913 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs əvvəllər Şizofreniya, X1 XBT (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F20.0xəstəliyindən əziyyət çəkmişdir və hal-hazırda da həmin xəstəlikdən əziyyət çəkir. Həmin xəstəlik remissiya (davamlı yaxşılaşma) vəziyyətində olduğundan onun hal-hazırda tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. O, cinayət əməlini törədərkən, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. (c.i.səh: 130-132) İşdə olan “X7” MMC tərəfindən verilmiş 03 iyul 2024-cü il tarixli arayışda göstərilmişdir ki, Vaz 2101 minik markalı ** EJ *** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobillərin tormoz, sükan və digər idaretmə mexanizmlərində hər hansı bir nasazlığın olmadığı,yol nəqliyyat hadisəsi zamanı avtomobilin tam saz vəziyyətdə olduğu müəyyən edilmişdir. (c.i.səh: 29) İşdə olan Qəbələ RPŞ İB-nin xx.xx.2024-cü il tarixli Qərarına əsasən Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi zamanı idarə etdiyi Vaz 2101 minik markalı ** EJ *** qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanması üçün ona qaytarılmışdır. (c.i.səh: 96) İşdə olan AR DİN-nin BDYPİ-nin Şəki Regional Qİ və TB şöbəsinin 19 dekabr 2024-cü il tarixli 016-3-13-16-6/2937/2024 nömrəli məlumatda göstərilmişdir ki, Təqsirləndirilən şəxs adına Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin mərkəzləşdirilmiş kompüter bazasında sürücülük vəsiqəsi qeydə alınmamışdır. (c.i.səh: 165) AR CPM-nin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 338.1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hökm çıxartdıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də o, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirli bilinib Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla cəzlanmalıdır. AR CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza ədalətin bərpası, məhkumun islah edilməsi və məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan Qəbələ RİHB Qəbələ şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 589-12/2-2193/120/2024 saylı arayışa əsasən Təqsirləndirilən şəxs ünvan 1də yaşayır, evlidir, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 adlı uşağları vardır. (c.i.səh: 110) Himayəsində iki nəfər azyaşlı uşaqları olması və əməldən səmimi peşmançılıq çəkməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. . Cinayət işində olan AR DİN BƏSİİ tərəfindən verilmiş sorğu məlumatına əsasən Təqsirləndirilən şəxs məhkum edilməmişdir. (c.i. səh: 108) İşdə olan Qəbələ RİHB Qəbələ şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 559-12/2-2191/120/2024 saylı xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Məhkəmə hesab edir ki, törətdiyi cinayətin xarakteri nəzərə alınaraq Təqsirləndirilən şəxs AR CM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli və cəzanın həddi müəyyən edilərkən cəzasını yüngülləşdirən hallar nəzərə alınmalıdır. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs saxlanılan “VAZ 2101” markalı ** EJ *** dövlət nömrə nişanlı avtomobil onun özünə verilməli; Təqsirləndirilən şəxs 85 (səksən beş) manat ekspertiza xərci alınıb dövlət büdcəsinə keçirilməlidir; İş üzrə mülki iddia yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzasını çəkməsinin əvvəli onun cəzasını çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs saxlanılan “VAZ 2101” markalı ** EJ *** dövlət nömrə nişanlı avtomobil onun özünə verilsin. Təqsirləndirilən şəxs 85,0 (səksən beş) manat ekspertiza xərci alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Hökmün icrasına nəzarət Qəbələ rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №1(025)-5/2025
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-5/2025
12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver