Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-50/2021 24.11.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili X2 və təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X3 həbsdə olan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 25 iyun 2021-ci il tarixdə saat 22 radələrində həmin vaxt müvəqqəti olaraq yaşadığı Qəbələ rayon Zarağan kəndində yerləşən qohumu (yeznəsi) Zərərçəkmiş şəxs məxsus evin yataq otağında bükülü vəziyyətdə olan xalçanın içərisində saxladığı sonuncuya və ailə üzvlərinə məxsus 50000 (əlli min) AZN pulun içərisindən 13000 (on üç min) AZN məbləğində pulu gizli yolla talayaraq oğurluq cinayətini Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 17.05.2021-ci il tarixdə işləmək məqsədi ilə Qəbələ rayon Zarağan kəndində, bacısı Şahid2 evinə gəlmiş və bacısı Şahid2gil ilə birlikdə yaşamağa başlamışdır. Bacısı Günelin əri Zərərçəkmiş şəxs onun qohumudur, yəni əmisi oğludur. Bacısının əri Zərərçəkmiş şəxs onu Qəbələ şəhəri ərazisində yerləşən Azpetrol yanacaqdoldurma məntəqəsinin daxilindəki avtomobillərin yuyulma məntəqəsinə işə də düzəltmişdir. Gündəlik işə saat 07 radələrində gedərək gün ərzində işləyib axşam saat 20 radələrində yenidən bacısı Şahid2 evinə geri qayıdırmış. Onlarla qaldığı müddət ərzində bacısı Günelin əri Zərərçəkmiş şəxs bir neçə dəfə yatdıqları otaqda qara rəngli dəsmala bükərək xalçanın arasına pul qoyduğunun şahidi olmuşdur. 25.06.2021-ci il tarixdə axşam saat 20 radələri olardı ki, işdən Günelgilin evinə gələrək həyətdə birlikdə axşam yeməyini yeməyə hazırlaşdıqları zaman ani bir qərar vermiş ki, bacısıgil ailəvi olaraq hamısı həyətdədir, evdə heç kim yoxdur, onların pul qoyduğu evdən pul oğurlasın. Bacısı Günel ona yemək çəkərkən əlini yuyub gəlməsini bəhanə edərək saat 22 radələrində onların evinin yataq otağına daxil olmuş, əvvəlcədən gördüyü xalçanın yanına yaxınlaşmış, əlini xalçanın arasına salıb pul bükülü dəsmalı dartıb əli ilə çıxararaq həmin dəsmalı cırmışdır. Orada xeyli 100 manatlıq əskinazlardan ibarət pul olmuşdur ki, həmin pullardan müəyyən hissəsini oğurlayaraq pul bükülü dəsmalı yenidən xalçanın arasına geri qoymuşdur. Oğurlamış olduğu pulu saymadan öz yatdığı otaqda yerləşən çarpayının üzərində olan döşəyin altında gizlətmiş, bundan sonra evdən həyətə düşərək bacısıgil ilə birlikdə axşam yeməyini yemiş və Günel və ailə üzvləri ilə bir az söhbətləşdikdən sonra yatmağa getmişlər. Öz yatdığı otağa daxil olduqdan sonra otağın qapısını arxadan bağlamış və oğurlamış olduğu pulları saymış, müəyyən etmiş ki, oğurladığı pulların miqdarı 13000 (on üç min) manatdır. Həmin pulların hər biri bütöv 100 manatlıq əskinazlardan ibarət idi. Səhər açıldıqdan sonra, 26.06.2021-ci il tarixdə bacısı Günelgilin evindən oğurladığı pulları özü ilə götürərək işə getmək adı ilə evdən çıxmışdır. Oradan birbaşa Qəbələ rayon ərazisində yerləşən Dəmiraparan çayının üzərindəki körpünün yaxınlığında dayanan Bakı şəhərinə gedən taksilərin yanına getmişdir. Orada dayanmış markasını, rəngini və dövlət nömrə nişanını xatırlamadığı taksi sürücüsünə 100 manat vermək şərti ilə onu Bakı şəhərinə aparmasını bildirmişdir. Həmin taksi ilə Bakı şəhəri Şamaxinka deyilən yerdə gəlib düşmüşdür. Bundan sonra orada bənövşəyi rəngdə Opel markalı Aqil (**********) adlı taksi sürücüsü ilə tanış olmuşdur. Bakı şəhərini yaxşı tanımadığı üçün Aqildən onu Bakı şəhərində gəzdirməsini xahiş etmişdir. Aqil ilə 10 günə kimi bir yerdə olmuşlar. Aqil onu dediyi istiqamətlərdə taksi kimi aparmışdır. Bütün pulları Bakı şəhərində Qəbələ Hotel, Ağ Hotel deyilən yerlərdə qızlar dəvət etməklə öz əyləncəsinə xərcləməklə qurtarmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, qaynı Təqsirləndirilən şəxs 15.01.2021-ci il tarixdə cəzaçəkmə müəssisəndən azadlığa buraxılmışdır. 17.05.2021-ci il tarixdə isə onların yaşadığı Zarağan kəndindəki evə gəlmişdir. 17 maydan etibarən Təqsirləndirilən şəxs onun yaşadığı evdə yaşamağa başlamışdır. Amili işsiz olduğu və pula ehtiyacı olduğu üçün Qəbələ şəhərində yerləşən Azpetrol Yanacaqdoldurma məntəqəsinin içərisindəki avtoyuma məntəqəsinə yuyucu kimi işə də düzəltmişdir. Təqsirləndirilən şəxs hər gün saat 07:30 radələrində işə gedib-gəlirmiş. Eyni qaydada Təqsirləndirilən şəxs 26.06.2021-ci il tarixdə də evdən saat 07:30 radələrində çıxaraq getmişdir. 26.06.2021-ci il tarixdə saat 14 radələrində arvadı Şahid2 o, evin digər otağında yatan zaman ağlaya-ağlaya qardaşı Amilin pulları oğurladığını ona demişdir. Dərhal DİN-in “102” xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Arvadı Günel isə xalçanın içərisində qara rəngli parçanın içərisinə qoyub üzərini qırmızı rəngli parça ilə örtülü olan pulları saymadan polis şöbəsinə gəlmişdir. Daha sonra xalçanın içərisindəki pulları polis əməkdaşlarının iştirakı ilə sayan zaman əvvəlcədən xalçanın içərisində olan 50000 manat puldan 37000 manat pulun yerində olduğunu, lakin 13000 manatının isə yerində olmadığını aşkar etmişlər. Sonda isə Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona dəymiş ziyanın tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid X4 ifadəsində göstərmişdir ki, Bakı şəhərində idarə etdiyi Opel Astra minik markalı, ** TM *** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. 27.06.2021-ci il tarixdə saat 09 radələrində “Şamaxinka” deyilən ərazidə idarə etdiyi avtomobili saxlayaraq qəlyanaltı kimi dönər yeyən zaman adı sonradan ona məlum olan Amil adlı şəxs onun avtomobilinin yanına gəlmiş, ondan taksi sürücüsü kimdir deyə soruşmuş, Amilə “mənəm” deyə cavab vermişdir. Amil avtomobilin qabaq sərnişin oturacağına əyləşmiş və ona Bakı şəhərində yerləşən “Vasmoy” deyilən ticarət mərkəzinə getməli olduğunu, oradan paltar alacağını bildirmişdir. Amil “Vasmoyda” özünə geyim əşyaları aldıqdan sonra təkrar avtomobilinin yanına gəlmiş və onu çimməsi üçün bir yerə aparmasını bildirmişdir. Amili Masazır qəsəbəsində yerləşən “Aff” adlanan otelə aparmışdır. Amili qeyd etdiyi otelin qarşısında düşürmüş, düşürən zaman Amil ona 40 manat gediş haqqı vermiş və ondan mobil nömrəsini istəmiş ki, onunla əlaqə saxlasın. Axşam saatlarında saat 19 radələrində Amil ona zəng edərək “Aff” otelin qarşısına gəlməsini bildirmiş, Amili düşürdüyü otelin qarşısına getmiş, daha sonra isə Amili avtomobili ilə Xırdalan adlanan ərazidə yerləşən kafeyə aparmışdır. Birlikdə həmin kafedə oturaraq pivə içmişlər. Yeyib içdikləri yeməklərin müqabilində 16 manat hesabı Amil ödəmişdir. Daha sonra isə Amili həmin kafedən bir nəfər tanımadığı qızla birlikdə Masazır qəsəbəsində yerləşən otelə aparmışdır. Gediş haqqı kimi Amil ona 40 manat pul vermişdir. Həmçinin Amili otelə düşürən zaman Amil ona 300 manat pul vermiş ki, ona kirayə ev tapsın. 28.06.2021-ci il tarixdə Amil onunla birlikdə olmamışdır. Lakin, həmin gün Təqsirləndirilən şəxs istirahət etdiyi qadınla birlikdə Şamaxinka deyilən ərazidən Şamaxı rayonuna getmişlər. Həmin günün axşamı isə Amil ondan 300 manatını kirayə qalmaq istəmədiyini və rayona çıxıb gedəcəyini bildirdiyi üçün geri almışdır. 29.06.2021-ci il tarixdə isə saat 17 radələrində Amil ona zəng edib Neftçilər deyilən ərazidəki Xanbağı adlı restorana getməli olduğunu bildirərək onu Masazır qəsəbəsindəki otelə çağırmışdır. Həmin otelin qarşısından Amili Xan bağı restoranına aparmış və özü də Amil ilə birlikdə Xan bağı restoranına daxil olmuş və onlarla birlikdə yemək yemişdir. Amil yanında olan qızla birlikdə Xan bağı restoranında təxminən 3 saat yemək yeyib içmiş və istirahət etmişdir. Həmin vaxt Amilin nə qədər hesab verdiyini bilməmişdir. Xan bağı restoranından Ramana qəsəbəsində daha sonra isə Masazır qəsəbəsindəki otelə Amil ilə onun yanında olan tanımadığı qadını aparmışdır. Gediş haqqı kimi isə Amil ona 100 manat pul vermişdir. 30.06.2021-ci il tarixdə isə eyni qaydada Amil ona zəng edərək Nərimanov metrosunun yaxınlığındakı Metropark mərkəzinin qarşısına çağırmışdır. Amili və yanında olan qadını Nərimanov metrosunun yaxınlığından götürərək Neftçilər metrosuna aparmış, Amil orada yanında olan qadına geyim əşyaları almış, oradan isə onları Ramana qəsəbəsinə aparmışdır. Həmin qadın paltarlarını evlərinə qoymuş, daha sonra isə onları Masazır qəsəbəsindəki Ağ otelə gətirmişdir. Amil gediş haqqı kimi ona 50 manat pul vermişdir. 31.06.2021-ci il tarixdə isə Amilin zəngi əsasında Ağ otelin qarşısından Amil və həmin qadını götürmüş, əvvəlcə həmin qadını Ramana qəsəbəsindəki evlərinə aparmış, daha sonra isə Amili 3-ün dairəsi deyilən əraziyə gətirmişdir. 26.06.2021-ci il tarixdə pul oğurlaması barədə məlumatı olmamışdır. Ona polis şöbəsindən zəng edildikdən sonra bu barədə məlumatı olmuşdur. Məhkəmə iclasında Şahid2 Zərərçəkmiş şəxs ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Oğlunun 26.06.2021-ci il tarixdə oğurluq etməsi barədə qızı Günel və kürəkəni Tural ona zəng etdikdən sonra məlumatı olmuşdur. Həmin gündən etibarən oğlu Amilin harada olması və həqiqətən də oğurluq edib-etməməsi barədə məlumat almaq üçün soraqlaşsa da, Amil haqqında heç bir məlumat ala bilməmişdir. Lakin sonradan ona məlum olmuş ki, Amili polis əməkdaşları taparaq polis şöbəsinə gətirmişər. Amil oğurladığı 13 min manatı Amilin hara qoyduğu və hansı formada xərclədiyi barədə heç bir məlumatı yoxdur. Amil pul oğurladıqdan sonra yaşadığı Ağcabədi rayonundakı evə gəlməmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 11 iyul 2021-ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 11 iyul 2021-ci il tarixdə saat 09:10-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Müstəntiqin 12 iyul 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 19:00-da saxlanıldığı Qəbələ RPŞ-nin müvəqqəti saxlanma yerindən azad edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli 1(025)-50/2021 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs axtarışı elan edilmiş və barəsində olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmişdir. Qəbələ rayon Polis şöbəsi tərəfindən məhkəməyə təqdim edilən 07 noyabr 2021-ci il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 noyabr 2021-ci tarixdə Ağcabədi rayonunda tutulmuş və həmin gün Qəbələ RPŞ-nin müvəqqəti saxlanma yerinə təhvil verilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 19.07.2021-ci il tarixli tələbnamədən və İsmayıllı Rayon Məhkəməsinin 07 yanvar 2016-cı il tarixli 1(037)-02/2016 saylı hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 178.2.1, 178.2.2, 178.2.4, 186.2.2 və 204.1-ci maddələri ilə təqsirli bilinib, barəsində CM-nin 66.3-cü maddəsi tədbiq edilməklə, ona qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. 28.12.2016-cı ildə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 178.2.4cü maddəsi hökmdən xaric edilmişdir. 12.04.2018-cı ildə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 186.2.2-ci maddəsi hökmdən xaric edilmiş, cəza müddəti 06 (altı) ay azadılmış qəti cəza 05 (beş) il 06 (altı) saxlanılmışdır. 15.01.2021-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmə iclasında dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün ibtidai istintaq və ilkin məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ibtidai istintaq zamanı və ilkin məhkəmə baxışı zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun özgənin xeyli miqdarda əmlakını gizli yolla talayaraq oğurluq cinayətin törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cinayətin residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş və Həmin Məcəllənin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 11 iyul 2021-ci il tarixdə saat 09:10-dan 12 iyul 2021-ci il tarixdə saat 19:00-dək şübhəli şəxs qismində saxlandığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona hazırda təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 07 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut və mülki iddia olmamışdır. Məhkəmə müsadirə ilə bağlı məsələni araşdırır və hazırkı cinayət işi üzrə müsadirə olunmalı olan əmlak aşkar edilmədiyindən xüsusi müsadirə ilə bağlı tədbirin tətbiq olunmasını məqsədə müvafiq hesab etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 11 iyul 2021-ci il tarixdə saat 09:10-dan 12 iyul 2021-ci il tarixdə saat 19:00-dək şübhəli şəxs qismində saxlandığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli Cəzaçəkmə Müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 07 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №1(025)-50/2021
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-50/2021
24.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver