Məhkəmə qərarları › İş №1(025)-6/2021

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-6/2021

08.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-6/2021 08.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi – Şahid4, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs2, müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili X1 və təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Qəbələ rayonu, Kiçik Əmili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Kiçik Əmili kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 21:15 radələrində nəqliyyat vasitələrini idarə etmə hüququ olmadan atası Zərərçəkmiş şəxs2 məxsus VAZ-21063 minik markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili Qəbələ rayonu Yeni Dızaxlı kəndi ərazisində asfaltbeton örtüklü yolla Dızaxlı kəndi istiqamətində saatda 70 kilometr sürətlə idarə etməklə hərəkətdə olarkən, Azərbaycan Respublikası “X5” qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin, həmin maddənin 1-ci hissəsinin 11-ci bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkət və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, nəqliyyat vasitəsini sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etməməli, yol hərəkətinin ən müdafiəsiz iştirakçılarından sayılan velosipedçilərin təhlükəsiz hərəkətini təmin etmək üçün mümkün olan bütün tədbirləri görməli, nəqliyyat vasitəsini yaşayış məntəqəsi daxilində maksimum icazə verilən saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etdirməməli olduğu halda və bununla da hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, göstərilən tələblərə riayət etməməklə, yuxarıda sadalanan yol hərəkəti qaydalarını pozaraq, avtomobili idarə etmə hüququ verən sürücülük vəsiqəsi və etibarnamə olmadan yaşayış mənətəqəsi daxilində maksimum icazə verilən sürət həddini 10 kilometr həddində aşıb, saatda 70 kilometr sürətlə Dızaxlı kəndi istiqamətinə idarə edib qarşısında onunla eyni istiqamətə gedən yük avtomobilini qarşı hərəkət zolağına çıxaraq ötmə edərkən qarşıdan onunla əks istiqamətə yolun sağ hissəsi ilə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 idarə etdiyi mühərriksiz ikitəkərli velosipedin gəldiyini və bununla da hərəkət üçün təhlükə yarandığını görmüş, həmin anda avtomobili yaşayış məntəqəsi daxilində icazə verilən 60 km/saat sürətlə hərəkət etdirməsi şəraitində avtomobili velosipedçinin vurulma yerinə çatmadan dayandırmağa texniki imkanı olmasına baxmayaraq, avtomobili qeyd olunan sahədə icazə verilən maksimum sürət həddini aşmaqla hərəkət etdirməsi səbəbindən velosipedçinin vurulma yerinə çatana kimi sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görə bilməmiş və idarə etdiyi avtomobilin ön tərəfi ilə Zərərçəkmiş şəxs1 idarə etdiyi velosipedi vurması nəticəsində sonuncuya qapalı kəllə beyin travması, travmatik şok, sağ bazu sümüyünün açıq yerdəyişən sınığı, sol bazu sümüyünün yerdəyişən qapalı sınığı, sol qamış sümüyünün orta və sağ qamış sümüyünün aşağı 1/3-nin qapalı yerini dəyişən sınığı, alt çənənin və dodağın, sağ bazunun bayır aşağı 1/3-nin əzilmiş-cırılmış yaraları, alının və gövdənin sıyrıqları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarəti yetirilməsinə, həmçinin atası Zərərçəkmiş şəxs2 məxsus VAZ-21063 minik markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili zədələyərək sahibinə 748 (yedd yüz qırx səkkiz ) manat və Zərərçəkmiş şəxs1 məxsus velosipedi zədələyərək sahibinə 150 (bir yüz əlli ) manat maddi ziyan vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi cinayətini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi üzrə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 21 radələrində atası Şirinə məxsus vaz-2106 markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili qardaşı Əlidən götürüb idarə edərək əmisi Fazil Umudəliyevlə birlikdə yaşadıqları Qəbələ rayonu Kiçik Əmili kəndindən Çuxur Qəbələ kəndində Fazilin ailə üzvülərini qaynatasıgildən evlərinə gətirməyə gedirmişlər. Avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi və etibarnaməsi yoxdur. Əmisi Fazil sağ qabaq sərnişin oturacağında əyləşmişdir. Saat 21:15-də gəlib Dızaxlı kəndinə çatmışlar. Dızaxlı kəndinin girişindən təxminən 1 kilometr kəndin içərisinə doğru gedib asfalt yolla avtomobili təxminən 50 km/saat sürətlə idarə edirmiş. Hava tam olaraq qaralıbmış və yol kənarda işıqlar yox imiş. Qarşısında onunla eyni istiqamətdə markasına və nömrəsinə fikir vermədiyi Ford markalı yük maşını aşağı sürətlə hərəkət etdiyi üçün onu ötüb keçməli olmuşdur. Dızaxlı kəndinin girişində birinci evlər yerləşən ərazidə qarşısında gedən Ford markalı avtomobilə ön işıqlarını yandırıb söndürməklə işarə etmiş ki, ona yol versin ki, ötüb keçsin. Ford markalı avtomobil sağ tərəflə getməsinə baxmayaraq yol enli olmadığı üçün fikirləşmiş ki, o biraz da sağa çəksin ki, rahat ötə bilsin. Marqat etdiyi üçün Fordun sürücüsü avtomobili bir qədər də sağa çəkmişdir. Bundan sonra idarə etdiyi avtomobilin sürətini təxminən 70 km/saata qaldırıb sola dönmə işığını yandırıb qarşısında gedən yük avtomobilini ötmək üçün sol əks zolağa çıxmışdır. Yolun həmin hissəsində hərəkət zolaqlarını ayıran xətt olmadığından və ötmə əməliyyatının qadağan olunduğunu göstərən yol nişanı olmadığından, eləcə də qarşı tərəfdə yol düz və döngəsiz olduğundan yük maşınını ötməyə başlamışdır. Qarşısındakı yük avtomobilini sol əks zolağa çıxıb ötməyə başlayarkən diqqətini ona yönəltmiş ki, əgər sola doğru çıxsa tədbir görə bilsin. Buna görə də bir-iki saniyəlik fikri ötdüyü Ford maşınına yönəlmiş və qarşısına baxdıqda təxminən 20-25 metr qarşıdan əks zolağın sağ kənarı ilə üzbə-üz velosipedin gəldiyini görüb onu vurmamaq üçün dərhal əyləci basmışdır. Həmin velosipedin işığı yox imiş və o özü həmin vaxt avtomobili yaxına vuran işıqda idarə edirmiş. Sağında yük avtomobili olduğu üçün sağa tərəf çəkə bilməmişdir. Velosipedçini görüb əyləc pedalını basmasına baxmayaraq avtomobili velosipedçiyə çatana kimi tam saxlaya bilməmiş və avtomobil tormozda qarşıya bir neçə metr sürüşüb ön orta tərəfi əks zolaqda yolun sol kənarına yaxın hissədə bir nəfərin darvazasının qarşısında velosipedin ön tərəfi ilə toqquşmuşdur. Bundan sonra velosipedçi velosipedin üstündən sıçrayıb avtomobilin ön şüşəsinə dəyib oradan yuvarlanıb avtomobilin arxasına düşmüşdür. İdarə etdiyi avtomobil velosipedə dəydikdən sonra təxminən 8-10 metr qarşıya gedib yolun sol kənarında üzü Dızaxlı kəndinin mərkəzinə tərəf bir qədər sağa çəpləşmiş vəziyyətdə dayanmışdır.Vurduğu velosiped də avtomobilin qarşısında bir qədər qarşıya sürüşüb avtomobilin dayandığı yerdə qabaq tərəfində yerə yıxılmış vəziyyətdə dayanmışdır. Dərhal o və Fazil avtomobildən düşüb velosipedçiyə tərəf qaçmışlar. Avtomobilin arxasında huşsuz vəziyyətdə asfaltda uzanmış vəziyyətdə imiş. Həmin şəxs oğlan uşağı imiş, baxanda görünürmüş ki, qolları sınıb. Hadisə yerinə ilk olaraq qəzanın baş verdiyi yerin yanında yerləşən həyətdən çıxan bir nəfər orta yaşlarında kişi gəlmişdir. Həmin kişi bildirmiş ki, velosipedçi Dızaxlı kənd sakini Məhərrəmin oğlu Salehdir. Sonra hadisə yerinə çoxlu sayda kənd sakinləri toplaşmışdır. Onların kim olduğunu tanımamışdır. Ora toplaşan şəxslərdən kimsə hadisə yerinə təcili tibbi yardım çağırmış, bir neçə dəqiqədən sonra hadisə yerinə gələn təcili tibbi yardım xəsarət almış velosipedçini xəstəxanaya aparmışdır. Bundan sonra, hadisə yerinə gələn polis əməkdaşları onun və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirmişlər. Vurduğu velosipedçi bir gün Qəbələ diaqnostika mərkəzində yatdıqdan sonra onu Bakı şəhərinə travmatologiya xəstəxanasına aparmışlar və orada əməliyyat olunmuşdur. Məlum olmuş ki, hadisə zamanı onun hər iki ayağı və qolları sınıb. Salehin bütün müalicə xərclərini o və ailə üzvüləri ödəmişlər. Saleh sonradan xəstəxanadan evə buraxılmış və evdə yataq şəraitində müalicəsini davam etdirmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun oğludur, özü və həyat yoldaşı Məhbubə Rəhmanovanın himayəsində olmaqla onlarla birlikdə yaşayır. xx.xx.2020-ci il tarixdə günortadan sonra 4-5 radələrində oğlu Saleh özünə məxsus ikitəkərli mühərriksiz velosipedini idarə edib həyətdən çıxaraq onlarla eyni kənddə yaşayan anası Zülfirəgilə getmişdir. Anası tək yaşadığı üçün o və ya ailə üzvülərindən bir nəfər hər gün gedib ona baş çəkirmişlər. Bundan təxminən 2-3 saat sonra 21 radələrində evində olarkən bir nəfər yadında qalmayan şəxs ona zəng vurub demiş ki, oğlu Saleh velosipedlə evlərinə tərəf gələndə onu maşın vurub və xəsarət alıb, hadisə yerinə təcili tibbi yardım çağırıblar. Öyrənmiş ki, hadisə onun evindən təxminən 300-400 metr uzaqlıqda Ramiz müəllimin həyətinin qarşısından keçən yolda baş verib. Dərhal hadisə yerinə gəlib görmüş ki, xeyli adam toplaşıb, oğlu Saleh qırmızı rəngli Vaz-2106 markalı, nömrəsi yadında qalmayan avtomobilin arxasında yolun kənarında uzanmış və huşsuz vəziyyətdədir. Avtmobil Ramiz müəllimin həyət darvazasının paralelində əks istiqamətli hərəkət zolağının kənarında üzü Dızaxlı kəndinin mərkəzi istiqamətinə dayanıbmış. Salehin velosipedi isə həmin maşının qabaq hissəsində əzik və yerə yıxılmış vəziyyətdə imiş. Bildirmişlər ki, Salehin velosipedini həmin qırmızı rəngli vaz-2106 markalı avtomobil vurub. Saleh koma vəziyyətində imiş, onun sifətindən qan axırmış, həm də baxan kimi aydın olurmuş ki, ayaqları və qolları sınıb. Dərhal oğlunu qucaqlayıb yanına oturmuş, bir neçə dəqiqə sonra hadisə yerinə təcili tibbi yardım gəlmiş və Salehi diaqnostika mərkəzinə aparmışlar. Orada həkimlər onu müayinə edib bildirmişlər ki, ayaqları və qolları sınıb, eləcə də kəllə beyin travması alıb. Salehin sınan nahiyyələrinə sarğı qoyularaq reanimasiya şöbəsinə yerləşdirilmişdir. Diaqnostikada olarkən qohumların və tanışların ona dediklərindən məlum olmuş ki, Salehi vuran maşının sürücüsü Qəbələ rayonu Kiçik Əmili kənd sakinidir. Həm də kənd camaatından soraqlaşıb öyrəndikdə məlum olmuş ki, Saleh velosipedi ilə kəndin mərkəzindən evlərinə tərəf yolun sağ kənarı ilə gələrkən qarşıdan gələn vaz-2106 markalı avtomobil qarşısında hərəkət edən hansısa yük maşınını ötüb keçərkən əks yolda Salehin velosipedini vurub. Həmin gecə Salehi diaqnostikada saxlamışlar, səhər o komadan ayılmış, lakin heç nə danışa bilmirmiş. Xəsarətləri ağır olduğundan Salehi cərrahi əməliyyat olunması və müalicəsinin davam etdirilməsi üçün Bakı travmatologiya xəstəxanasına göndərmişlər, orada Saleh əməliyyat olunmuş və təxminən 20 gün həmin xəstəxanada yatdıqdan sonra evə buraxılmışdır. Xəstəxana xərcləri Salehi vuran avtomobilin sürücüsü Ceyhun və qohumları tərəfindən ödənilmişdir. Bir neçə dəfə də Ceyhun özü və yaxın qohumları qeyd olunan hadisəyə görə onların yaşadıqları evə gələrək üzüxahlıq etmiş, Salehin evdə davam edən müalicəsinə də köməklik etmişlər. Hazırda Salehin evdə yataq şəraitində müalicəsini davam etdirdiyini, vəziyyətinin getdikcə yaxşılaşdığını bildirmişdir. Sonda isə Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbin olmadığını göstərmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur və onunla bir evdə yaşayır. VAZ-2106 markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur, onunla yaşayan digər oğlu Şahid3 idarə etmək üçün etibarnamə vermişdir. Ceyhunun sürücülük vəsiqəsi olmadığına görə ona etibarnamə verməmiş, lakin Ceyhunun sərbəst avtomobil idarə etdiyini bilirmiş. xx.xx.2020-ci il tarixdə saat 22 radələrində evdə olarkən böyük oğlu Əli ona zəng vurub demiş ki, Ceyhun ona məxsus avtomobillə qardaşı Fazilin ailə üzvülərini Çuxur Qəbələ kəndində yaşayan qaynatasıgildən gətirməyə gedərkən Dızaxlı kəndi ərazisində velosiped sürən uşağı vurub və həmin uşaq ağır xəsarətlər aldığına görə onu təcili tibbi yardımla xəstəxanaya aparırlar, o da diaqnostikaya getsin. Əli demiş ki, axşam üstü qardaşı Fazil ondan xahiş edib ki, gedib onun ailə üzvülərini onların maşını ilə qaynatasıgildən gətirsinlər, Əli də həmin vaxt pivə içdiyindən maşını Ceyhuna verib deyib ki, gedib Fazillə birlikdə onun ailəsini gətirsin. Ceyhun da avtomobili ondan götürüb idarə edərək Fazillə birlikdə Çuxur Qəbələ kəndinə yollanıb və Dızaxlı kəndindən keçərkən velosiped sürən uşağı vurub. Dərhal xəsarət alan uşaqdan xəbər bilmək üçün diaqnostikaya yollanmışdır. Çatdıqda məlum olmuş ki, uşağın adı Salehdir, o koma vəziyyətində reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağırdır. Orada uşağın atası Dızaxlı kənd sakini Məhərrəm adlı şəxslə görüşüb bildirmiş ki, nə köməklik lazımdısa edəcəklər. Həkimlər bildirmişlər ki, Salehin hər iki ayağı və hər iki qolları sınıb, həmçinin başından travma alıb, onu Bakıya xəstəxanaya aparmaq lazımdır, Qəbələdə əməliyyat mümkün deyil. Belə olub ertəsi gün Salehi Bakıya travmatologiya xəstəxanasına aparmışlar. Oğlu Əli də onlarla birlikdə Bakıya getmiş, orada Saleh əməliyyat olunub bir neçə gün qalmış və bütün müalicə xərclərini onlar ödəmişdir. Saleh bir neçə gün Bakıda xəstəxanada qaldıqdan sonra evə buraxılmış və hazırda müalicəsini evdə davam etdirir. Valideyinlərinə bildirmişlər ki, nə köməklik lazım olsa yenə edəcəklər. Həmçinin hadisə nəticəsində ona məxsus olan vaz-2106 markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil zədələnərək ona maddi ziyan dəysə də, hadisəni törədən öz oğlu olduğuna görə ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 21 radələrində havanın qaranlıq vaxtı ailə üzvüləri ilə birlikdə həyətində olarkən həyət darvazasının qarşısından keçən yolda avtomobilin nəyləsə güclü toqquşma səsini eşitmiş, yol qəzasının baş verdiyini bilib dərhal darvazadan yola çıxdıqda görmüş ki, darvazasının qarşısında asfalt örtüklü yolda üzü Dızaxlı kəndi istiqamətinə qırmızı rəngli vaz-2106 markalı avtomobil yolun onun darvazası tərəfdə olan sol hərəkət zolağında dayanıb, həmin avtomobilin arxasında isə darvazaya yaxın yerdə bir nəfər oğlan uşağı yerdə huşsuz vəziyyətdə uzanıb. Yanında isə iki nəfər kişi var imiş. Ətrafda başqa heç kim yox imiş, hadisə yerinə kənardan birinci o gəlmişdir. İki nəfər şəxs isə həmin vaz-2106 markalı avtomobildən düşmüşlər. Cavan yaşlarında olan şəxs bildirmiş ki, sürücü odur, yanındakı isə sərnişin olub, avtomobili üzü Dızaxlı kəndi istiqamətinə idarə edərkən həmin huşsuz vəziyyətdə olan uşağın sürdüyü velosipedi vurub və nəticədə uşaq xəsarət alıb. Avtomobilin qarşı tərəfində isə zədələnmiş və yerə yıxılmış vəziyyətdə ikitəkərli velosiped var imiş. Xəsarət almış uşağa baxıb tanımış və məlum olmuş ki, onun direktor olduğu məktəbin 10-cu sinif şagirdi Zərərçəkmiş şəxs1dur. Dərhal Salehin atası Məhərrəmə zəng vurub hadisə barəsində məlumat vermişdir. Artıq hadisə yerinə bir neçə şəxs toplaşmış, həmçinin Məhərrəmin özü də gəlib çıxmışdır. Kimsə hadisə yerinə təcili tibbi yardım çağırmışdır. Bir neçə dəqiqədən sonra təcili tibbi yardım gələrək xəsarət almış Salehi xəstəxanaya aparmışdır. Bundan sonra hadisə yerinə polis əməkdaşları gələrək baxış keçirmişlər. Məhkəmə iclasında Şahid1 Təqsirləndirilən şəxs ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır və birlikdə yaşayırlar. Atasına məxsus olan VAZ-2106 minik markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün atası ona etibarnamə vermiş, həmin avtomobili idarə etmək üçün qardaşına icazə versə də, onun sürücülük vəsiqəsi olmadığına görə rəsmi etibarnamə verə bilməmişdir. xx.xx.2020-ci il tarixdə saat 19 radələrində avtomobili idarə edərək Böyük Əmili kəndinin mərkəzinə çayxanaya gəlmiş, çayxanada onunla birlikdə olan əmisi Fazil ondan xahiş etmiş ki, avtomobillə gedib onun ailə üzvülərini Çuxur Qəbələ kəndindən qaynatasıgildən gətirsinlər. Fazilə demiş ki, onun işi var, qardaşı Ceyhuna deyər, həmin avtomobillə onunla birlikdə ailə üzvülərini gətirməyə gedər. Qardaşı həmin vaxt Böyük Əmili kəndində digər çayxanada imiş. Ceyhuna zəng vurub demiş ki, gəlib ondan maşını götürüb Fazil əmisi ilə birlikdə Çuxur Qəbələyə gedərək onun ailə üzvülərini gətirsin. Ceyhun da təxminən 1 saat sonra onun yanına gəlib avtomobili ondan götürərək Əmili kəndinin mərkəzindən idarə edib əmisi Fazillə birlikdə Çuxur Qəbələ kəndinə yollanmışdır. Ceyhun Böyük Əmili kəndindən gedərkən saat 21 radələri olarmış. Bundan təxminən yarım saat sonra qardaşı Ceyhun ona zəng vurub demiş ki, Çuxur Qəbələyə gedərkən Dızaxlı kəndində bir nəfər azyaşlı velosipedçi uşağı vurub, nəticədə uşaq xəsarət alıb və hazırda hadisə yerindədir. Dərhal yol ötən maşınların biri ilə hadisə yerinə getmişdir. Hadisə yeri Dızaxlı kəndinin girişindən təxminən 500-600 metr kəndin içərisinə doğru məsafədə asfalt yolda imiş. Gedib görmüş ki, ora xeyli adam toplaşıb, qardaşı Ceyhun və əmi Fazil də oradadır. Ceyhunun idarə etdiyi avtomobil yolun sol kənarında bir qədər sağa çəpləşmiş formada dayanıbmış, onun tormoz izi də aydın görünürmüş, lakin neçə metr olduğunu bilməmişdir. Bundan başqa avtomobilin ön şüşəsi sınmış, qabağı isə əzilmiş vəziyyətdə imiş. Vurduğu velosiped avtomobilin qarşısında imiş və velosiped də zədələnmişdir. Vurulmuş oğlan uşağı yarı huşsuz vəziyyətdə avtomobilin arxasında uzanmış və kənd camaatı başına toplaşmışdır. Aydın şəkildə görünürmüş ki, onun qolları və ayaqları sınıb, hətta alnında sıyrıq var. Məlum olmuş ki, uşaq Dızaxlı kənd sakinidir, adı Salehdir. Onun atası Məhərrəm adlı şəxs də hadisə yerinə gəlmişdir. Hadisə yerinə çağrılmış təcili tibbi yardım maşını ilə o və Salehin atası Məhərrəm uşağı Qəbələ rayon diaqnostika mərkəzinə gətirmişlər. Saleh artıq komaya düşübmüş və buna görə də onu reanimasiya şöbəsinə yerləşdirmişlər. Həkimlər bildirmiş ki, Saleh başından travma alıb, eləcə də onun ayaqları və qolları sınıb. Xəsarətləri ağır olduğu üçün Bakı şəhərinə göndərməli olmuşlar. Belə olub ertəsi gün o və Salehin atası Məhərrəm onu Bakı şəhərinə travmatologiya institutuna aparmışlar, Saleh orada əməliyyat olunmuş, bir neçə gün müalicəsini orada davam etdirdikdən sonra evə buraxmışlar. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 22 radələrində xidmətdə olarkən şöbənin növbətçi hissəsindən bildirilmiş ki, rayonun Yeni Dızaxlı kəndində velosipedçinin vurulması və xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Şöbənin baş müstəntiqi ilə birlikdə hadisə yerinə getmişlər. Hadisə yerinə çatdıqda məlum olmuş ki, hadisə Qəbələ rayonu Çarxana-Şəfili-Dızaxlı və Çuxur-Qəbələ kəndlərini birləşdirən yerli əhəmiyyətli asfaltbeton örtüklü yolun Yeni Dızaxlı kəndi ərazisindən keçən hissəsində VAZ-2106 markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin azyaşlı oğlan uşağının idarə etdiyi velosipedi vurması nəticəsində baş verib. Onlar hadisə yerinə çatarkən xəsarət alan şəxsi artıq xəstəxanaya aparılmışdır. Ora toplaşan şəxslər bildirmişlər ki, velosipedçinin xəsarətləri ağır olub və o koma vəziyyətində imiş. VAZ-2106 markalı avtomobilin sürücüsü rayonun Kiçik Əmili kənd sakini Ceyhun adlı şəxs isə hadisə yerində imiş. Müstəntiq tərəfindən onun, vaz-2106 markalı avtomobilin sürücüsü və iki hal şahidinin iştirakı ilə hadisə yerinə baxış keçirilərək protokol tərtib edilmiş, sxem və foto şəkillər çəkilmişdir. Baxış zamanı məlum olmuş ki, VAZ-2106 markalı avtomobil üzü Dızaxlı kəndi istiqamətində hərəkətdə olarkən qarşı hərəkət zolağına çıxmış və bu vaxt qarşı hərəkət zolağının sağ hissəsi ilə əks istiqmətdə olan velosipedi vurub. Vurulma yeri qarşı hərəkət zolağının sağ kənar qurtracağına yaxın hissədə imiş. Vaz-2106 markalı avtomobil əks istiqamətli hərəkət zolağında üzü kəndin mərkəzi istiqamətində yolun sol kənarında dayanıbmış. Avtomobilin ön tərəfi əzilmiş, ön şüşəsi sınmışdır. Maşından bir qədər qarşıda isə iki təkərli velosiped yolun kənarına aşmışdır. Sürücü özü bildirmiş ki, üzü Çuxur-Qəbələ kəndi istiqamətində gedərkən qarşısında olan yük avtomobilini ötmək üçün əks zolağa çıxmış, bu vaxt qəflətən qarşıdan velosipedin gəldiyini görüb tormozloma etsə də, maşını saxlaya bilməmiş və yolun sol kənarına yaxın hissədə idarə etdiyi avtomobilin ön tərəfi ilə velosipedin ön təkərindən vurmuş, bundan sonra velosipedçi maşının üstündən aşıb arxasına düşmüş və xəsarət almışdır. Sürücü hadisədən əvvəl hərəkət etdiyi istiqaməti, velosipedçini vurduğu yeri, idarə etdiyi avtomobilə aid tormoz izini göstərmişdir. Hadisə yerində vaz-2106 markalı avtomobilin 18-20 metr uzunluğunda tormoz izi aşkar edilmişdir. Tormoz izi əks zolaqda imiş, bu isə onu izah edir ki, sürücünün özünün qeyd etdiyi kimi o qarşısında hərəkət edən avtomobili ötmək üçün əks zolağa çıxmış və bu zaman onunla əks istiqamətdə velosipedçinin gəldiyini görüb tormozloma etmiş, lakin maşını tam olaraq saxlaya bilmədiyindən həmin zolaqda velosipedçini vurmuşdur.Tormoz izinin uzunluğundan aydın olurmuş ki, sürücü avtomobili sürət həddini aşmaqla idarə edib. Çünki həmin ərazi kənd yeri olmaqla yaşayış məntəqəsi hesab olunur, “X5” qanununa əsasən yaşayış məntəqəsi daxilində maksimum sürət həddi saatda 60 kilometrdir. Hesab edir ki, hadisə vaz-2106 markalı avtomobilin sürücüsünün sürət həddini aşması, eləcə də ötməni təhlükəsiz yerinə yetirməməsi səbəbindən baş vermişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 8/1799 saylı rəyindən görünür ki, hadisə yerində VAZ-21063 markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus qalmış tormoz izinə uyğun onun hərəkət sürəti mövcud şəraitdə 64 km/saatdır. Lakin tormoz izinin sonunda VAZ-21063 markalı avtomobilin dayanmaması nəzərə alınmaqla VAZ-21063 markalı avtomobilin tormozlamadan əvvəlki real hərəkət sürəti hesabatla müəyyən edilmiş 64 km/saatdan artıq olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara görə VAZ-21063 markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X5” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuş və sürücünün hərəkətlərində “X5” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. Sürücü Təqsirləndirilən şəxs VAZ-21063 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “X5” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx xxxxxx 2020-ci il tarixli 363 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində qapalı kəllə beyin travması, travmatik şok, sağ bazu sümüyünün açıq yerdəyişən sınığı, sol bazu sümüyünün yerdəyişən qapalı sınığı, sol qamış sümüyünün orta və sağ qamış sümüyünün aşağı 1/3-nin qapalı yerini dəyişən sınığı, alt çənənin və dodağın, sağ bazunun bayır aşağı 1/3-nin əzilmiş-cırılmış yaraları, alının və gövdənin sıyrıqları kimi xəsarətlər vardır, həmin xəsarətlər küt alətin (əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx xxxx 2020-ci ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilər, qeyd olunan xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aiddir. İşdə olan Qəbələ RPŞ-nin DYPB-dən daxil olmuş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Azəbaycan Respublikası DİN-in Baş Dövlət X6 X4 Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi qeydə alınmamışdır. İşdə olan Qəbələ rayonu mərkəzi xəstəxanasından təqdim edilmiş xx xxxx 2020-ci il tarixli, 299 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokoludan görünür ki, sürücü Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə hadisə baş verən anda ayıq olduğu müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X3 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin və şahidlərin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlığından zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan cinayətin törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayətin törədilməsini, törətdiyi əməli könüllü etiraf edib səmimi peşimançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslərlə barışdığının və onların təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbin olmamasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunduğunu cəzanı yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 263-1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan VAZ-21063 markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil sahibinin sərəncamında saxlanılmış hesab edilməli və Qəbələ şəhəri avtomobillərə xidmət stansiyasında saxlanılan “STELS” markalı ikitəkərli mühərriksiz velosiped sahibinə qaytarılmalıdır. İş üzrə mülki iddia olmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan VAZ-21063 markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil sahibinin sərəncamında saxlanılmış hesab edilsin və Qəbələ şəhəri avtomobillərə xidmət stansiyasında saxlanılan “STELS” markalı ikitəkərli mühərriksiz velosiped sahibinə qaytarılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar