Məhkəmə qərarları › İş №1(025)-6/2022

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-6/2022

16.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-6/2022 16.05.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X3, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1986-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri 42-ci məhəllə, yataqxana 11-də qeydiyyatda olmaqla Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi, Xəzri yaşayış massivi Xəmzə küçəsi ev 140-da yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 yanvar 2022-ci ildə saat 14 radələrində Qaraməryam-İsmayıllı- Şəki yolunun Qəbələ rayonunun Mirzəbəyli kəndi ərazisindən keçən 79-cu kilometrində «X19» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda TOYOTA COROLLA minik markalı 50ED465 dövlət qeydiyyat nişanlı avtomobili 80 km/saat sürətlə idarə edib Şamaxı rayonu istiqamətində hərəkətdə olarkən, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyib «X19» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib, qarşıda sürətin 60 km/saat sürətə qədər məhdudlaşdırılması işarəsini və sol tərəfə olan sərt döngəni görüb ayağını qazdan çəkərək sola manevr etdikdə idarəetməni itirib avtomobil yolun hərəkət hissəsindən çıxaraq avtomobilin qabaq sağ qanadı və qabaq alın şüşəsi ilə yolun qırağında dayanmış piyada X4 vuraraq ehtiyatsızlıqdan ona həyat üçün təhlükəli olan baş beyinin qişalarına və toxumasına qansızma, kəllə əsası sümüyünün sınığı, burun sümüyünün sınığı, başın yumşaq toxumasına qansızma və dərialtı hematoması, alının, alt dodağın və alt çənənin əzilmiş-sıyrılmış yaraları, alının, üzün sol tərəfinin, sağ əlin İİ daraq sümüyünün bayır tərəfinin, sağ diz oynağının ön aşağı hissəsinin və sağ baldırın ön aşağı 1/3-nin sıyrığı xəsarətlərini yetirərək ölümünə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüququ vardır və 2016-ci ildə ona 2026-ci ilədək etibarlı olan «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Zaqatala rayonunda hərbi xidmətdə olub 10 günlük məzuniyyətə buraxılmış İdris adlı qonşusu, onu yola salmaq məqsədi ilə gələn qardaşı Nihad və dostu Şəmistanı 18 yanvar 2022-ci ildə saat 03 radələrində idarə etdiyi “TOYOTA COROLLA” minik markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin qismində götürüb, İdrisi xidmətdə olduğu Zaqatala rayonuna aparmaq üçün yaşadığı Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsindən yola düşmüşlər. Saat 09:30 radələrində İdris Zaqatala rayonunda xidmət etdiyi Sərhəd xidmətinin N nömrəli hərbi hissədə avtomobildən düşmüş, onlar isə Sumqayıt şəhərinə qayıtmaq üçün yola düşmüşlər. Yola düşdükdə avtomobilin qabaq sağ oturacağında Şəmistan, arxa oturacaqda isə Nihad oturmuşdur. Həmin gün saat 14 radələrində Qaraməryam-İsmayıllı-Şəki yolunun Qəbələ rayonunun Mirzəbəyli kəndi ərazisindən keçən 79-cu kilometrliyində idarə etdiyi TOYOTA COROLLA minik markalı 50ED465 dövlət qeydiyyat nişanlı avtomobilə Şamaxı rayonu istiqamətində 80 km/saat sürətlə hərəkət edərkən qarşıda sürətin 60 km/saat sürətə qədər məhdudlaşdırılması işarəsini görüb ayağını qazdan çəkmişdir. Buna baxmayaraq ani olaraq qarşıda sol tərəfə olan sərt döngəni görüb sola manevr etdikdə, avtomobil sürüşərək yolun hərəkət hissəsindən çıxıb sol ehtiyat hissəsində, sağ təkəri şebendən olan yol örtüyünün üzərində olarkən avtomobilin qabaq hissəsi sola sürüşməkdə davam etmiş, bu zaman avtomobilin qabaq sağ qanadı və qabaq alın şüşəsi yolun qırağında dayanmış cavan oğlana çırpılmışdır. Zərbədən həmin oğlan, yəni hazırda şəxsiyyəti məlum olan Qəbələ rayonunun Kiçik Pirəli kənd sakini 2000-ci il təvəllüdlü X9 yerə yıxılmışdır. Avtomobili dayandıraraq yerə düşmüşdür. Şəmistan, Nihad və hadisəni görüb avtomobilini dayandırmış avtomobildən düşən kişi ilə bir yerdə köməkləşib xəsarət almış İsmayıl Adıgözəlovu yerdən qaldıraraq idarə etdiyi avtomobilə qoyub xəstəxanaya yola düşməyə hazırlaşdıqda İsmayılın atası Ramiz gəlib hadisə yerinə çıxmışdır. Ramizin müşaiyəti ilə X13 müalicə diaqnostika mərkəzinə çatırmışlar. X14 idarə etdiyi avtomobillə vurduğunu demiş və yaralı orada qəbul edilmişdir. Diaqnostika Mərkəzinin həyətindən YPX inspektorunun müşaiyəti ilə hadisə yerinə qayıdıb piyadanın vurulduğu yeri inspektora göstərmişdir. Bundan sonra hadisə yerinə gəlmiş təhqiqatçı hadisə yerinə baxış keçirdikdə baxışda iştirak etmişdir. Sonradan məlum olmuşdur ki, İsmayıl Adıgözəlov həmin gün Diaqnostika mərkəzində ölmüşdür. Hadisə zamanı sərxoş olmamış, idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisədən sonra X2 dəfn xərclərini qarşılamış və hadisədən sonra onun ailə üzvlərinə maddi və mənəvi dəstək olmuşdur. Hadisədən dərhal sonra zərərçəkmiş şəxsin hüquqi varisinə 8000 manat, sonradan məhkəmə baxışında 3000 manat olmaqla, ümumilikdə 11000 manat pul ödəmişdir. Hazırda zərərçəkmişin hüquqi varisi ilə barışmışdır. Ona qarşı zərərçəkmiş şəxsin hüquqi varisinin heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs əməlindən peşman olmasını bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafından başqa, aşağıdakı qeyd edilənlərlə sübuta yetirilir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X10 izahatında göstərdi ki, oğlu İsmayıl Adıgözəlov 28.03.2000-ci ildə doğulmuş, 44 günlük Vətən müharibəsinin iştirakçısı olmuş, Qəbələ rayonunun Zarağan kəndində yerləşən «Bazarstore» mağazasında işləmişdir. 18 yanvar 2022-ci ildə saat 13:30 radələrində İsmayıl Adıgözəlov evdən çıxıb işə getmiş, təxminən 7-8 dəqiqədən sonra ona zəng gələrək oğlunun avtomobillə vurulması bildirilmişdir. Dərhal evdən çıxıb Şəki rayonu istiqamətində getmiş, 4-5 dəqiqə piyada yol getdikdən sonra hadisə yerinə çatıb orada oğlunu qırmızı rəngli «TOYOTA» markalı avtomobilin salonunda uzanıqlı vəziyyətdə görüb, həmin avtomobilə minərək Qəbələ rayon Diaqnostika mərkəzinə getmişlər. Təxminən 30-40 dəqiqədən sonra oğlunun öldüyünü bilmişdir. Oğlu morqa yerləşdirilərək, müayinə olunduqdan sonra meyiti onlara təhvil verilmiş və həmin gün X20 kənd qəbiristanlığında dəfn edilmişdir. Oğlunun Eldəniz adlı şəxsin idarə etdiyi avtomobillə vurduğunu oğlunu xəstəxanaya apararkən avtomobilin sürücüsünün telefonla danışığı zamanı məlum olmuşdur. Həmçinin oğlunun yolun kənarında dayanıb Qəbələ istiqamətinə gedən maşın gözləyərəkən avtomobillə vurulması da ona məlum olmuşdur. Həmçinin göstərdi ki, təqsirləndirilən şəxsin qohumları yas mərasimində iştirak etmiş, ümumiyyətlə isə onlara 11000 manat pul ödəmişdir. 16.05.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X10 məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, Zaqatala rayonunda hərbi xidmətdə olub, 10 günlük məzuniyyətə buraxılmış qardaşı İdrisi hərbi hissəyə yola salmaq məqsədi ilə qonşuları Şəmistanla birlikdə 18 yanvar 2022-ci ildə saat 03 radələrində digər qonşusu Eldənizin idarə etdiyi TOYOTA COROLLA minik markalı 50ED465 dövlət qeydiyyat nişanlı avtomobilə yaşadıqları Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsindən yola düşmüşlər. Saat 09:30 radələrində İdris Zaqatala rayonunda xidmət etdiyi Sərhəd xidmətinin hərbi hissəsində avtomobildən düşmüş, özü isə Şəimstanla birlikdə Eldənizin idarə etdiyi həmin avtomobillə Sumqayıt şəhərinə qayıtmaq üçün yola düşmüşlər. Avtomobilin qabaq sağ oturacağında Şəmistan, arxa oturacaqda isə özü oturmuşdur. Həmin gün saat 14 radələrində sərnişini olduğu avtomobil Qaraməryam-İsmayıllı-Şəki yolunun Qəbələ rayonunun Mirzəbəyli kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən avtomobildə yatmışdır. Bu zaman tappıltı səsinə ayılıb yola baxdıqda Eldəniz avtomobili yolun hərəkət hissəsinin ortasında dayandırdığını görmüşdür. Eldənizdən nə baş verdiyini soruşduqda, Eldəniz demişdir ki, adam vurub və avtomobili döndərib 3-4 metr geriyə hərəkət edərək piyadanın vurulduğu yerdə, yəni yolun hərəkət hissəsinin kənarında uzanıqlı vəziyyətdə olan cavan oğlanın yanında dayandıraraq, məhz həmin oğlanı idarə etdiyi avtomobillə vurduğunu bildirmişdir. Onlar avtomobildən düşüb həmin oğlana yaxınlaşmış, oğlan nəfəs alsa da danışa bilməmişdir. Təxminən 5 dəqiqədən sonra həmin oğlanın atası hadisə yerinə gəlmiş, atasının dediyinə görə avtomobillə vurulan şəxsin Qəbələ rayonunun Kiçik Pirəli kənd sakini 2000-ci il təvəllüdlü X9 olduğunu öyrənmişlər. X7 idarə etdiyi avtomobilə mindirmişlər. Eldəniz yaralını atasının müşaiyəti ilə Qəbələ müalicə diaqnostika mərkəzinə aparmışdır. Onların arxasınca Şəmistanla birlikdə həmin mərkəzə başqa avtomobillə getmişlər. Az sonra xəstəxanadan bildirmişlər ki, İsmayıl Adıgözəlov ölmüşdür. Eldənizdən piyadanı avtomobillə necə vurduğunu soruşmuş, Eldəniz piyada oğlanın yolun kənarında dayanmış vəziyyətdə olduğunu, döngəni dönərkən avtomobilin sürüşməsi və oğlanın qabağa gəlməsi səbəbindən avtomobilin sağ «stoyka», sağ parpresin bir küncü və sağ güzgüsu oğlana dəydiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, X5 adına olan TOYOTA COROLLA minik markalı 50ED465 dövlət qeydiyyat nişanlı avtomobili satın alaraq baş etibarnamə ilə özünə məxsusdur. Həmin avtomobili 25 iyun 2021-ci ildə Təqsirləndirilən şəxs icarəyə verərək avtomobili idarə etmək üçün ona etibarnamə verilmişdir. 18 yanvar 2022-ci ildə Təqsirləndirilən şəxs həmin avtomobili idarə edərkən piyadanı vurmaqla törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində avtomobil əzilmiş və bu səbəbdən ona 1200 manat maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 mart 2022-ci il tarixli 8/699 saylı ekspert rəyindən görünür ki, baş vermiş yol nəqliyyat hadisəsində TOYOTA COROLLA minik markalı 50ED465 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X19» Azaybaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «X19» Azaybaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş 10.02.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyi Qəbələ rayon şöbəsinin 03 saylı meyitin ekspertizası rəyində göstərilmişdir ki, X2 meyitində olan baş beyinin qişalarına və toxumasına qansızma, kəllə əsası sümüyünün sınığı, burun sümüyünün sınığı, başın yumşaq toxumasına qansızma və dərialtı hematoması, alının, alt dodağın və alt çənənin əzilmiş-sıyrılmış yaraları, alının, üzün sol tərəfinin, sağ əlin İİ daraq sümüyünün bayır tərəfinin, sağ diz oynağının ön aşağı hissəsinin və sağ baldırın ön aşağı 1/3nin sıyrığı xəsarətləri aşkar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyati olub onun ölümündən əvvəl küt alətin (əşyaların) təsirindən, yəni 18 yanvar 2022-ci ildə baş vermiş yol nəqliyyat hadisəsi zamanı piyadada törənə bilərlər. Dərəcəsinə görə həmin xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aiddir. X2 ölümünə səbəb baş beyinin ağır dərəcəli əzilməsi olmuşdur və onun ölümü ilə hadisə vaxtı aldığı bədən xəsarətlərinin birbaşa səbəbli əlaqəsi vardır. X2 meyitindən götürülmüş qanda və sidikdə aparılmış məhkəmə kimya tədqiqatları nəticəsində spirti içki, narkotik, psixotrop və güclü təsiredici maddələr aşkar edilməmişdir. Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. İş materiallarına əlavə edilmiş DİN BDYPİ Qİİ tərəfindən verilmiş 23.02.2022-ci il tarixli 016-23477-1222 məktubdan məlum olur ki, Azaybaycan Respublikası DİN BDYPİ Qeydiyyat- İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs 17.08.2016-cı ildə 17.08.2026-cı il tarixədək etibarlı olan AC 225992 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. İş materiallarına əlavə edilmiş AE seriyalı 141280 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Coralla” minik markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobil X6 məxsusdur. İş materiallarına əlavə edilmiş 14.02.2022-ci il tarixdə verilmiş etibarnamənin surətindən görünür ki, X12 “Toyota Coralla” minik markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobili 14.02.2023-cü il tarixə kimi idarə etməyi Şahid3 etibar etmişdir. İş materiallarına əlavə edilmiş 25.06.2021-ci il tarixdə verilmiş etibarnamənin surətindən görünür ki, X12 “Toyota Coralla” minik markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobili 25.10.2022-ci il tarixə kimi idarə etməyi Təqsirləndirilən şəxs etibar etmişdir. İş materiallarına əlavə edilmiş AC seriyalı 225992 nömrəli 17.08.2016-ci il tarixdə verilmiş və 17.08.2026-ci il tarixə kimi qüvvədə olan sürücülük vəsiqəsinə əsasən Təqsirləndirilən şəxs «BC» kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ mövcuddur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi 21 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 04 aprel 2022-ci il tarixli, 455 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, “Xəzri” yaşayış massivi həyət evində qeydiyyatsız yaşayır. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri, hadisə yerinə baxış protokolu və digər sübutlarla tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə əsasən, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulan əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “X19” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 8-ci hissəsinin 2-ci bəndinə əsasən 3.20, 3.22, 3.24 nişanları üçün — onların qüvvədə olduğu sahənin qurtaracağında müvafiq olaraq 3.21, 3.23, 3.25 nişanları qoymaqla və ya 7.2.1 lövhəciyi tətbiq etməklə. 3.24 nişanının qüvvədə olduğu sahəni maksimum hərəkət sürətinin başqa kəmiyyəti göstərilən 3.24 nişanı qoymaqla azaltmaq olar. “X19” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan zərərçəkmiş şəxsin hüquqi varisi X10 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. İşdə olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi 21 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş 04 aprel 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İşdə olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi 21 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş 04.04.2022ci il tarixli, 456 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, “Xəzri” yaşayış massivi həyət evində qeydiyyatsız yaşayır. Ailə tərkibi anası 1961-ci il təvəllüdlü Urqiyə Cəfərova, qardaşları 1981-ci il təvəllüdlü Çingiz İsmayılov və 1983-cü il təvəllüdlü Pərviz İsmayılovdan ibarətdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, törətdiyi əməli etiraf edərək peşiman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışıq əldə edilməsini, dəymiş ziyanın aradan qaldırılmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünşülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 60.1. maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.1 və 56.1.2-ci maddələrinə əsasən, azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-məntəqə tipli cəzaçəkmə müəssisələrində; qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasının göstərişinə əsasən, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin onun təqsirli bilindiyi 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə əsas cəza, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəza təyin olunmalı, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərkən, maddi sübut qismində tanınmış “TOYOTA COROLLA” minik markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibnə qaytarılmasını nəzərə alır. İş üzrə ekspertiza xərci 85 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata düşdüyü vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış “TOYOTA COROLLA” minik markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X8, kod 210005, VOEN **********, müxbir hesab AZE 41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar