Məhkəmə qərarları › İş №1(025)-7/2021

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-7/2021

10.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-7/2021 10.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi – Şahid, müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1961-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Bum qəsəbəsində qeydiyyatda olan və Qəbələ rayonu, Zərgərli kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 09:30 radələrində Qaraməryəm- İsmayıllı-Şəki yolunun Qəbələ rayonu, Mirzəbəyli kəndi ərazisindən keçən 81-ci kilometrində nəqliyyat vasitələrini idarə etmə hüququ olmadan idarə etdiyi Volkswagen Passat markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı istiqamətində 50-60 km/saat sürətlə hərəkət edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin - yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdır kimi tələblərini pozaraq avtomobilini yolun sağ çiyninə çıxararaq yol çiynində dayanmış piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ yan hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması, baş beyinin orta dərəcəli əzilməsi, sağ baldır sümüklərinin orta 1/3-nin açıq yerdəyişən sınığı, sol iç topuğun qapalı, sol bayır topuğun açıq sınığı, almın, sol dirsəyin və hər iki əlin üst səthinin sıyrıqları kimi həyat üçün təhlükəli olan xəsarətlər yetirərək sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi üzrə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə səhər saatlarında yaşadığı Qəbələ rayonu Zərgərli qəsəbəsindəki evindən çıxıb idarə etdiyi Volkswagen Passat markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ şəhərinə yola düşmüşdü. İdarə etdiyi avtomobili saz, özü sağlam və ayıq vəziyətdə idi, avtomobildə sərnişin və ya yük yox idi. Saat 09:30 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun Qəbələ rayonu, Mirzəbəyli kəndi ərazisindən keçən hissəsi ilə təxminən 50-60 km/saat sürətlə İsmayıllı istiqamətində hərəkət edirdi. Qarşıdan hərəkət edən avtomobillərdən birinin onun hərəkət zolağına istiqamətləndiyini görüb həmin avtomobilə yol vermək üçün idarə etdiyi Volkswagen Passat markalı avtomobilin sükanını sağa döndərmişdi. Bu zaman avtomobilin sağ tərəfi çınqıllıq olan sağ yol çiyninə çıxmışdı. Həmin vaxt yolun sağ kənarında böyürtkən satan uşaqlar sıra ilə düzülmüşdülər. Avtomobilinin qabaq sağ tini yolun sağ çiynində dayanmış əlində böyürtkən satan az yaşlı uşağa dəymiş və uşaq yerə yıxılmışdı. İdarə etdiyi avtomobili yolun sağ tərəfində saxlamış, həyəcanlı olduğu üçün bir neçə dəqiqə avtomobildə dayanandan sonra yerə düşmüşdü. Ətrafda olan şəxslər də hadisə yerinə yığışmışlar. Hadisə yerinə yığışanlar uşağı tanımadığı Vaz 21011 markalı avtomobilə qoyub xəstəxanaya yola salmışlar. O da öz avtomobili ilə xəstəxanaya getmişdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin ifadəsi, ekspert rəyləri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə səhər saatlarında Qəbələ rayonu Mirzəbəyli kəndindəki orta məktəbin qarşısında olduğu zaman qohumlarından biri ona zəng vurub bildirmişdir ki, oğlu Fərruxu Qaraməryəm-İsmayıllı-Şəki yolunun Qəbələ rayonu, Mirzəbəyli kəndi ərazisindən keçən hissəsində yolun kənarında böyürtkən satarkən avtomobil vurmuşdur. Fərrux xəsarət aldığı üçün onu Qəbələ rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Dərhal xəstəxanaya getmiş, oğluna tibbi yardım göstərildiyini görmüş, sonra oğlu Fərruxu müalicə olunması üçün Bakı şəhərinə aparmışdır. Hadisə ilə maraqlananda məlum olmuşdur ki, oğlu Fərrux yolun sağ çiynində böyürtkən satarkən onu Şəki istiqamətindən gələn Ədalət adlı şəxs idarə etdiyi Volksvagen Passat markalı avtomobillə vurmuşdur. Ədaləti əvvəllər tanımamış və heç bir münasibəti olmamışdır. Sonda isə Təqsirləndirilən şəxs qarşı heç bir şikayətin və tələbin olmadığını bildirmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli 8/1822 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Volkswagen Passat markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1 -ci hisssəinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 X5 xx xxxxxxx 2020-ci il tarixli 410 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində qapalı kəllə beyin travması, baş beyinin orta dərəcəli əzilməsi, sağ baldır sümüklərinin orta 1/3-nin açıq yerdəyişən sınığı, sol iç topuğun qapalı, sol bayır topuğun açıq sınığı, almın, sol dirsəyin və hər iki əlin üst səthinin sıyrıqları müəyyən edilmişdir. Müəyyən edilmiş xəsarətlər xx.xx.2020-ci il tarixdə küt alətin (əşyaların) təsirindən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində piyadada törənə bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aiddir. İşdə olan BDYPİ-nin X4 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 016-81510-1220 nömrəli məktubdan görünür ki, BDYPİ X3 kompyuter uçot bazasının məlumatlarına əsasən xx.xx.1961-ci il təvəllüdlü Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin verilməsi barədə informasiya mövcud deyil. Bununla yanaşı müvafiq sistemdə vətəndaş Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumatlar mövcud deyildir. İşdə olan Qəbələ rayonu Mərkəzi Xəstəxanasından təqdim edilmiş xx xxxxxx 2020-ci il tarixli, 334 nömrəli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə hadisə baş verən anda ayıq olduğu müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin ifadəsi, digər iş materialları ilə Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlığından zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan cinayətin törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayətin törədilməsini, törətdiyi əməli könüllü etiraf edib səmimi peşimançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışdığını və onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbin olmamasını, ailəli olmaqla ailəsinə yeganə qazanc gətirən şəxs olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunduğunu cəzanı yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 263-1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan Volkswagen Passat markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinin sərəncamında saxlanılmış hesab edilməlidir. İş üzrə mülki iddia olmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan Volkswagen Passat markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinin sərəncamında saxlanılmış hesab edilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar