Məhkəmə qərarları › İş №1(025)-7/2022

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-7/2022

11.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-7/2022 11.05.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx.xx.1996-cı il təvəllüdlü, Qəbələ rayon Çuxur Qəbələ kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, orta təhsilli, Qəbələ rayon Çuxur Qəbələ kəndində qeydiyyatda olmaqla Qəbələ şəhəri Almabağı yaşayış massivində nömrəsiz evdə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayının ortaları istintaqa dəqiq məlum olmayan tarixdə günorta saatlarında Qəbələ şəhəri Almabağı yaşayış massivində nömrəsiz evdə yaşayan Zərərçəkmiş şəxs evinə sonuncunun ailə üzvlərinin icazəsi ilə daxil olaraq ev sahibləri evdə olmaqla evdə xidmətçi işləyən zaman evin ikinci mərtəbəsində uşaq otağında təmizlik işləri apararkən otağa ev sahiblərinin, həmçinin, kənar şəxslərin gəlmədiyinə əmin olduqdan sonra həmin otaqda açıq formada şkafda Zərərçəkmiş şəxs məxsus onun özü və ailə üzvləri tərəfindən pul toplanılan plasmas materialdan, boz-bənövşəyi rəngli, ovalvari oyuncaq pul qabını silkələyib pul daxil edilən ara yerindən 5 ədəd 100 manatlıq pul əskinazını çıxarıb gizli yolla talayaraq zərərçəkmişə 500 manat maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən, 2021-ci ilin dekabr ayının ortaları istintaqa dəqiq məlum olmayan tarixdə günorta saatlarında Qəbələ şəhəri Almabağı yaşayış massivində nömrəsiz evdə yaşayan Zərərçəkmiş şəxs evinə sonuncunun ailə üzvlərinin icazəsi ilə daxil olaraq ev sahibləri evdə olmaqla evdə xidmətçi işləyən zaman evin ikinci mərtəbəsində uşaq otağında təmizlik işləri apararkən otağa ev sahiblərinin, həmçinin, kənar şəxslərin gəlmədiyinə əmin olduqdan sonra həmin otaqda açıq formada şkafda Zərərçəkmiş şəxs məxsus olan onun özü və ailə üzvləri tərəfindən pul toplanılan plasmas materialdan, boz-bənövşəyi rəngli, ovalvari oyuncaq pul qabını silkələyib pul daxil edilən ara yerindən 2 ədəd 100 manatlıq pul əskinazını çıxarıb gizli yolla talayaraq zərərçəkmişə 200 manat maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən, 04 yanvar 2022-ci il tarixdə günorta saatlarında Qəbələ şəhəri Almabağı yaşayış massivində nömrəsiz evdə yaşayan Zərərçəkmiş şəxs evinə sonuncunun ailə üzvlərinin icazəsi ilə daxil olaraq ev sahibləri evdə olmaqla evdə xidmətçi işləyən zaman evin ikinci mərtəbəsində uşaq otağında təmizlik işləri apararkən otağa ev sahiblərinin, həmçinin, kənar şəxslərin gəlmədiyinə əmin olduqdan sonra həmin otaqda açıq formada şkafda Zərərçəkmiş şəxs məxsus dəyəri 4 manat təşkil edən plasmas materialdan, boz-bənövşəyi rəngli, ovalvari oyuncaq pul qabını içərisindəki 2370 manat pulla birgə gizli yolla talayaraq zərərçəkmişə 2374 manat, ümumilikdə isə 3074 manat maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 2021-ci ilin yaz aylarından Qəbələ şəhər Almabağı adlanan yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs evində təmizləyici işləmiş, buna görə Səbuhi ona aylıq 100 manat zəhmət haqqı verirmiş. Həftə ərzində bir-iki dəfə Səbuhinin evində təmizlik işləri aparırmış, ancaq evin açarları heç zaman onda olmamış, yalnız Səbuhi, yaxud övladları, arvadı evdə olduqda təmizlik işləri aparmışdır. Yəni, özbaşına evə daxil olmaq icazəsi olmamış, lakin, evə daxil olandan sonra təmizlik işləri üçün bütün otaqlara sərbəst giriş çıxışı olmuşdur. O, ailəli olsa da, bir müddətdir ki, övladı olmur, bu səbəbdən Bakı şəhərində həkimlərdə müalicə alırmış. Ancaq maddi imkanı aşağı olduğu üçün vaxtı vaxtında müalicə ala bilməmiş, pul lazım olmuşdur. Səbuhinin evində təmizləyici işlədiyi zamandan evin ikinci mərtəbəsində uşaq otağında girişdən sağda divara bitişik formada açıq şkafda yuxarı hissədə bir ədəd boz-bənövşəyi rəngdə oyuncaq pulqabı görmüş, onun içərisində pul olduğnu bilmişdir. Çünki, əvvəllər də evi təmizləyən zaman Səbuhinin arvadı Səkinənin oraya pul əskinazlarını daxil etməsini görmüşdür. 2021-ci ilin ilin noyabr ayının ortalarında dəqiq tarixini bilmədiyi gündə təxminən günorta saatlarında yenə də Səbuhigilin evində təmizlik işləri aparırmış. Evlərində Səbuhinin arvadı Səkinə və 2 övladı varmış. Uşaqların otağını təmizləyən zaman həmin pul qabından pul oğurlamaq qərarına gəlmişdir. Çünki, müalicəsi üçün ona təxminən 500 manata lazım imiş. Səkinənin və övladlarının digər otaqlarda başlarının qarışıq olmasına və təmizlədiyi uşaq otağına gəlmədiklərinə əmin olduqdan sonra pul qabını orada götürüb onun içərisinə pul salınan kəsik hissəsini aşağı tərəfə çevirərək silkələmiş və bu yolla pul qabından lazım olan qədər, yəni, 5 ədəd 100 manatlıq olmaqla 500 manat pulu çıxarmış və cibinə qoymuşdur. Daha sonra eyni qaydada otağı və digər otaqlarda təmizlik işləri aparmış, etdiyi oğurluq barədə Səkinəyə və uşaqlarına heç nə demədən evdən çıxıb getmişdir. Həmin vaxtlar Bakı şəhərinə gedərək pulu orada öz müalicəsi üçün xərcləmiş və pulu qurtarmışdır. Bundan sonra bir neçə dəfə də Səbuhinin evində təmizlik işləri aparmış, ancaq hələlik ehtiyacı olmadığı üçün pul oğurlamamış, təxminən 2021-ci ilin dekabr ayının ortalarında dəqiq tarixini bilmədiyi gündə yenə də Səbuhigilin evində təmizlik işləri aparırmış. Evlərində arvadı Səkinə və 2 övladı varmış. Şəxsi ehtiyacları olduğundan yenə də uşaqların otağındakı pul qabından pul oğurlamaq qərarına gəlmişdir. Səkinənin və övladlarının digər otaqlarda başlarının qarışıq olmasına və təmizlədiyi uşaq otağına gəlmədiklərinə əmin olduqdan sonra pul qabını oradan götürüb onun içərisinə pul salınan kəsik hissəsini aşağı tərəf çevirərək silkələmiş və bu yolla pul qabından lazım olan qədər, yəni, 2 ədəd 100 manatlıq olmaqla 200 manat pulu çıxarmış, cibinə qoymuşdur. Daha sonra eyni qaydada həmin otaqda və digər otaqlarda təmizlik işləri aparmış, etdiyi oğurluq barədə Səkinəyə və uşaqlarına heç nə demədən evdən çıxıb getmiş, 200 manat pulu Qəbələ şəhərində öz ehtiyacları üçün xərcləyərək qurtarmışdır. Bundan sonra bir neçə dəfə də Səbuhinin evində təmizlik işləri aparmış, ancaq hələlik ehtiyacı olmadığı üçün pul oğurlamamışdır. Ancaq sonradan həmin pul qabını tam olaraq içərisindəki pulla qarışıq oğurlamaq, ancaq Səbuhigilin şübhələnməməsi üçün həmin pul qabının oxşarından, eyinisindən, eyni materialdan, eyni ölçüdə və rəngdə mağazadan almış, içərisi pulla dolu olan pul qabını götürüb, əvəzində isə yerinə ona bənzər boş pul qabını qoymaq qərarına gəlmişdir. Təxminən 2022-ci ilin yanvar ayının əvvəllərində dəqiq tarixini bilmədiyi gündə günorta saatlarında yenə də Səbuhigilin evində təmizlik işləri aparırmış. Özü ilə təzə aldığı boş pulqabını da aparmış, heç kimə göstərməmişdir. Səbuhigilin evlərində arvadı Səkinə və 2 övladı varmış. Bütün otaqları təmizləmiş, əyninə qalın qış gödəkçəsini geyinmiş, sonra Səkinənin və övladlarının digər otaqlarda başlarının qarışıq olmasına və uşaq otağına daxil olmadıqlarına əmin olduqdan sonra içərisində pul olan qeyd etdiyi pulqabını götürüb onu əynindəki gödəkçənin altında gizlətmiş, təzə aldığı boş pul qabını isə həmin pulqabının yerinə qoymuş, ancaq oğurladığı pulqabıda nə qədər pul olmasını bilməmişdir. Nisbətən ağır olmasına görə içərisinin dolu olduğu hiss edilirmiş. Pulqabının boş olmasından ondan şübhələnilməməsi üçün isə təzə aldığı pulqabının içərisinə özündən 10 manat pul salmşdır. Daha sonra Səkinəgillə sağollaşıb həmin pulqabı ilə birgə evə gəlmiş və pulqabını sındırıb içərisindəki pulları çıxartmış, pulları saydıqda məbləğin 2370 manat olduğunu müəyyən etmişdir. Həmin pullar 100 manatlıq, 50 manatlıq və müxtəlif əskinazlardan ibarət imiş. Oğurluq etməyi barədə evdə də heç kimə heçnə deməmiş, pulları özü gizlədərək evdə saxlamışdır. Həmin pulları öz ehtiyacları üçün az-az xərcləmək qərarına gəlmişdir. Beləliklə əvvəl oğurladığı pulla birgə cəmi oğurladığı pulun məbləği 3070 manat təşkil etmişdir. 15 yanvar 2022-ci il tarixdə onu Qəbələ rayon polis şöbəsinə dəvət edərək Səbuhinin evindən pul qabından 3070 manat pulun oğurlanmasında şübhəli olduğu bildirilmiş, etdiyi oğurluq əməlini etiraf etmişdir. Sonradan Zərərçəkmiş şəxs evindən oğurladığı cəmi 3070 manat pulu istintaq vasitəsi ilə geri Səbuhiyə qaytarmışdır. Oğurladığı pul qabı oyuncaq, nazik plasmas materialdan olmuşdur. Oğurluğu tək etmiş, ona heç kim oğurluq etməyə köməklik etməmişdir. 500 manat və 200 manatı oğurlayan zaman hər dəfə qərara gəlib yenidən oğurluq etmiş, yəni, əmin pulların hamısını tam olaraq əvvəlcədən oğurlamaq barədə niyyəti olmamış, başqa heç bir oğurluq etməmişdir. Oğurladığı 500 manatı və 200 manatı xərcləyib qurtarmış, 2370 manat pulu isə topa şəkildə xərcləməyərək saxlamış, həmin pulun üzərinə 700 manat əlavə edərək Səbuhigildən oğurladığı cəmi 3070 manat pulu geri qaytarmışdır. Törətdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs həmçinin, hazırda əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmadığını və bir daha belə hallara yol verməyəcəyini bildirib, məhkəmədən ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclaslarında iştirak etməmiş, lakin məhkəməyə göndərdiyi ərizədə göstərmişdir ki, Qəbələ Rayon Məhkəməsinin icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi vardır. O, həmin iş üzrə zərərçəkmiş şəxsdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən göstərilən halların qərar qəbul edilərkən nəzərə alınmasını xahiş edir. Eyni zamanda məhkəmənin nəzərinə çatdırır ki, hal-hazırda sağlamlığı ilə əlaqədar əmək qabiliyyətini itirmiş və gəzə bilmir və bu müddət təxminən 1 ay davam edəcəkdir. Beləliklə, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsinə etirazı yoxdur və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, 2010-cu ilin sentyabr ayından Qəbələ şəhərində Almabağı yaşayış massivində ailəsi ilə birgə yaşayır. Ailə üzvləri özü, həyat yoldaşı Zərərçəkmiş şəxs və 2008-ci il təvəllüdlü oğlu Şahid2 və 2015-ci il təvəllüdlü oğlu Cahid Şirinovdan ibarətdir. Ev işlərinin çoxluğu ilə bağlı həftədə bir-iki dəfə evlərinə gələrək evdə təmizlik kimi işlərin görülməsinə köməklik üçün Qəbələ rayon Çuxur Qəbələ kənd sakini Təqsirləndirilən şəxs təxminən 2021-ci ilin mart ayından qulluqçu kimi tutmuşlar. Hər ay Şəhlaya zəhmət haqqı kimi 100 manat pul vermişlər. Şəhla onlar evdə olanda gəlib evdə təmizlik işləri aparırmış, yəni evin açarları onda olmamış, evə ancaq özləri evdə olanda daxil olmasına icazəsi olmuşdur. 2020-ci ildən yaşadıqları evdə uşaq otağında boz-bənövşəyi rəngli, ovalvari bir ədəd oyuncaq pul qabı varmış ki, onun içərisinə özü və də digər ailə üzvləri mütəmadi olaraq pul toplamışlar ki, pul qabı dolanda pulları götürüb istifadə etsinlər. Həmin pul qabı evin ikinci mərtəbəsində uşaq otağında qapıdan girişdəki kitab rəfində olmuşdur. Pul qabına pul qoyduqda ailə üzvlərindən hər birinin məlumatı olmuş, yəni, şifahi olaraq qoyulan pulların miqdarını özlərində toplayaraq bilmişlər. Sonuncu dəfə pul qabına pulu 04 yanvar 2022-ci il tarixdə özü qoymuşdur. Həmin vaxt artıq pulqabında cəmi 3070 manat pul olmuşdur. Belə ki, oğurluq baş verdiyi onlara məlum olana kimi, yəni 13 yanvar 2022-ci il tarixədək pul qabının içərisində 3070 manat pul olduğunu bilmişdir. 13 yanvar 2022-ci il tarixdə səhər saatlarında həyat yoldaşına zəng edərək pul qabına pul qoymaq istəyən zaman pul qabının içərisini boş gördüyünü bildirmişdir. Pul qabına diqqətlə baxdıqda həmin pul qabının onların olmadığını müəyyən etmişlər. Belə ki, öz pul qabının göz hissəsini oğlu Əlinin deməsinə görə qələmlə yazı yazmış, evdə olan pul qabının isə yazılı deyilmiş. Pul qabının oğurlanıb və əvəzinə onun oxşarı qoyulduğunu bilmişlər. Pul qabının sındırıb içərisinə baxan zaman orada 1 ədəd 10 manatlıq əskinaz aşkar edilmişdir. Səhəri gün polis şöbəsinə bu barədə ərizə ilə müraciət edəndən sonra oğurluq etmiş şəxsin onların evində xidmətçi işləyən Təqsirləndirilən şəxs olduğu məlum olduğu məlum olmuşdur. Sonradan Şəhla evlərindən pul qabından oğurladığı ümumilikdə 3070 manat pulu istintaq vasitəsi ilə geri qaytarmışdır. Evlərindən başqa heç nə oğurlanmamış, Şəhlanın əvəzlədiyi pul qabını sındırıb içərisinə baxdığları üçün yararsız olduğundan zibilxanaya tullamışlar. Özləri evdə olanda Şəhlanın evdə təmizlik işləri aparması sərbəst evə daxil olmasına icazəsi olmuş, həmçinin evin hər bir otağına sərbəst giriş-çıxışı olmuşdur. 04 yanvar 2022-ci il tarixdə də Şəhlanın onlar özləri evdən olan zaman təmizlik işləri aparan zaman oğurluq etmiş, Şəhla 13 yanvar 2022-ci il tarixdən əvvəldə 04 yanvar 2022-ci il tarixdə evlərində olaraq təmizlik işləri aparmış, oğurluğu da həmin vaxtı etməsini fikirləşmiş, çünki, 04 yanvar 2022-ci il tarixdən 13 yanvar 2022-ci il tarixləri arasında pul qabına pul qoymamışlar. Baş vermiş oğurluq hadisəsi nəticəsində onlara 3070 manat maddi ziyan dəymiş, pul qabının isə qiyməti 4 manat təşkil etmiş, Şəhla onun pul qabını da sındırmaqla 4 manat da maddi ziyan vurmuş, pul qabını elə 2020-ci ildə Qəbələ şəhər bazarından 4 manata almışlar. Şəhlanın əvvəllər pul qabından az-az oğurluq etməsindən məlumatsız olmuşdur. Hal-hazırda Şəhla onlara dəymiş ziyanı tamamilə ödəmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Qəbələ şəhəri üzrə sahənin polis nəfəri vəzifəsində işləyir. Əvvəllər Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanımamışdır. 31 mart 2022-ci il tarixdə şöbənin istintaq bölməsi tərəfindən cinayət işi üzrə Təqsirləndirilən şəxs Fərasət qızının ifadələrinin yerində yoxlanılması istintaq hərəkəti keçiriləcəyi bildirilib iştirak etməyi istənilmişdir. Həmin gün Təqsirləndirilən şəxs ifadələrinin yerində yoxlanılması zamanı iştirak etmişdir. Belə ki, istintaq hərəkəti Qəbələ şəhəri Almabağı massivində Zərərçəkmiş şəxs yaşayış mənzilində keçirilmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi da iştirak edirmiş. Müstəntiq tərəfindən ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs hadisə yerini təqdim etməsi təklif edildikdə o, Qəbələ şəhəri Almabağı yaşayış massivində Zərərçəkmiş şəxs nömrəsiz evinin giriş hissəsini həyət qapısının qarşısını təqdim edərək həmin evdə əvvəllər xidmətçi işlədiyini bildirmişdir. Daha sonra həyətə daxil olduqda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus 2 mərtəbəli evi təqdim etmiş, Təqsirləndirilən şəxs pulları haradan və hansı otaqdan oğurlaması şifahi soruşulduqda o, evə daxil olaraq ikinci mərtəbədəki uşaq otağını təqdim edib oraya daxil olaraq girişdən sağdakı divara bitişik şkafın rəfini təqdim edib 2021-ci ilin noyabr və dekabr aylarında evdə xidmətçi işləyən zaman orada olan oyuncaq plastik uşaq pul qabından ilkin olaraq 500 manat, daha sonra isə 200 manat, 04 yanvar 2022-ci il tarixdə isə ümumiyyətlə həmin yerdə olan pul qabının içərisindəki pulla birgə oğurladığını və özü ilə birgə apardığını, əvəzində isə oraya həmin pulqabınnın eynisi olan pul qabı qoyduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs evdən başqa əşyalar oğurlayıb oğurlamaması barədə sorğu edildikdə o başqa heç nə oğurlamadığını bildirmişdir. Təqsirləndirilən şəxs ifadələri yerində yoxlanılan zaman ona heç bir təzyiq göstərilməmiş, sərbəst olaraq ifadə vermişdir. İfadələri yerində yoxlama istintaq hərəkəti keçirilən zaman müstəntiq tərəfindən fotoşəkillər çəkilmiş, həmçinin bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, əlavə və düzəliş olmadığından Təqsirləndirilən şəxs, müdafiəçisi tərəfindən imzalanmış, istintaq hərəkəti başa çatmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, şahidlərin ifadəsi, iş materialları və aşağıda göstərilən digər sübutlarlada təsdiq edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 14 yanvar 2022-ci il tarixli Qəbələ RPŞ-nin TB-nin baş təhqiqatçısı Tural Mehdizadə tərəfindən tərtib edilmiş “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs yaşadığı Qəbələ şəhəri Almabağı yaşayış massivindəki evinin ikinci mərtəbəsindəki uşaq otağındakı açıq vəziyyətdə olan şkafı təqdim edərək içərisində 3070 (üç min yetmiş) manat olan pul qabının oradan oğurlandığını, əvəzində isə oraya oğurlanmış pul qabının eynisi olan pul qabı qoyulduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs 31 mart 2022-ci il tarixli “ifadələrin yerində yoxlanılması” haqqında protokoldan görünür ki, təqsirləndirilən şəxs Şəhla Qaçaybəyli Zərərçəkmiş şəxs yaşadığı evdə xidmətçi işləyən zaman 2021-ci ilin noyabr ayında əvvəlcə 500, daha sonra həmin ilin dekabr ayında 200, daha sonra isə 04 yanvar 2022-ci il tarixdə içərisində 2370 manat pul olan pul qabını pullarla birgə oğurladığı yeri təqdim etmişdir. İş materiallarında olan Qəbələ "xxxx" MMC Ticarət Mərkəzi Kompleksindən daxil olmuş 10 mart 2022-ci il tarixli 04 nömrəli məktuba əsasən Zərərçəkmiş şəxs evindən oğurlanmış 01 ədəd oyuncaq pulqabının 2022-ci ilin yanvar ayı üçün sərbəst bazar qiymətinin 4(dörd) manat təşik etdiyi müəyyən edilmişdir. İş materiallarında olan 19 yanvar 2022-ci il tarixli “götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı evdən oğurladığı 3070 manat puldan özündə qalmış 2370 manat pulu istintaqa təqdim etmiş, təqdim edilmiş pul vəsaitləri götürülmüş, 19.01.2022-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və həmin tarixdə müvafiq protokolla Zərərçəkmiş şəxs qaytarılmışdır. İş materiallarında olan 21 yanvar 2022-ci il tarixli “götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Fərasət qızı Zərərçəkmiş şəxs yaşadığı evdən etdiyi oğurluq nəticəsində sonuncuya dəymiş maddi ziyanın ödənilməsi məqsədi ilə istintaqa təqdim etdiyi 700 manat pul vəsaiti ondan götürülərək 21.01.2022-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və həmin tarixdə müvafiq protokolla Zərərçəkmiş şəxs qaytarılmışdır. İş materiallarında olan Qəbələ RMX PHŞ-dən daxil olmuş 29 yanvar 2022-ci il tarixli 77 nömrəli məktuba əsasən Təqsirləndirilən şəxs Qəbələ RMX PHŞ-ın Poliklinika şöbəsinin psixiatrik, narkoloji və nevroloji kabinetinlərində qeydiyyatda deyildir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyətinin Çuxur Qəbələ kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyətinin Çuxur Qəbələ kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 fevral 2022-ci il tarixli, 26 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi atası 1967-ci il təvəllüdlü X4, anası 1966-ci il təvəllüdlü X6, bacıları 18.02.1992-ci il təvəllüdlü X5, bacısı oğlu 25.03.2011-ci il təvəllüdlü X13 və qardaşı 24.09.1997-ci il təvəllüdlü X1 ibarətdir. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə təkrar oğurluq cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlər ifadələri, habelə digər sübutlarla tam təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir”. Bundan başqa, Plenumun həmin Qərarında göstərilir ki, “mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Talanmış əmlakı qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, «məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir». “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olaraq, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini və dəymiş ziyanı tamamilə aradan qaldırmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, müsbət xarakterizə edilməklə şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərkən, maddi sübut qismində tanınmış 3070 manat pul vəsaitinin zərərçəkmiş şəxsə qaytarılmasını nəzərə alır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış 3070 manat pul vəsaitinin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökm elan olunduğundan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar