Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-7/2025 19.03.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2 və Müdafiəçi iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Gədəbəy rayonu, Söyüdlü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ondan ötrü məhkəməyə verilmişdir ki, o, “Muğanlı-İsmayıllı-Qəbələ” yeni magistral avtomobil yolunun tikintisi layihəsi üzrə qum, dolğu, çay daşının tikinti yerinə daşınması barədə sifarişçi “X11” MMC ilə arasında 07 iyul 2024-cü il tarixli XM/007/07/24 nömrəli bağlanmış “xidməti müqavilə” əsasında 27 iyul 2024-cü il tarixdə saat 12:30 radələrində “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi “SHACMAN SX331” özüboşaldan yük markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə çay dolğusu yükünü həmin yolun 61-ci kilometrliyində tikinti yerinə daşıyıb gətirərək yükün boşaldılması zamanı “Shacman” markalı özüboşaldan yük maşınlarının istismarı üzrə təlimat»ın 3.1 və 3.2 bəndlərinin tələblərinə əsasən yükün boşaldılması zamanı kuzovu qaldırılmış vəziyyətində avtomobilin hərəkətə gətirib qəfl tormozlanma aparılmaqla idarə edilməsinin qadağan edildiyi, özüboşaldan yük maşınından yükü boşaltmağa başlamazdan əvvəl sahənin düz, möhkəm və təhlükəsiz olduğuna, avtomobilin üfüqi səthdə dayandığına, özüboşaldan avtomobildən yükü boşaltmazdan öncə avtomaşının dayanıqlı vəziyyətini təmin etmək üçün xüsusi dayaqları quraşdırmaya, ətrafa baxış keçirməklə yük boşaldılan ərazidə insanların mövcud olmamasına, yük boşaltma prosesinin hər hansı təhlükə yaratmamasına və sahənin təhlükəsiz olmasına əmin olduqdan sonra yükü boşaltmağa borclu olduğu halda, həmin qaydaları, o cümlədən özüboldan yük maşınının sürücüsü kimi avtomobilin müvafiq yük yeri qurğusunun istismarı və yol tikintisi işlərinin aparılmasının təhlükəsizliyi qaydalarını insanların həyat və sağlamlığı üçün real təhlükə yaratmaqla kobud şəkildə pozaraq həmin tikintiyə yük daşıyan avtomaşınların reyslərini qeydə alması vəzifəsi həvalə edilmiş "xxxx" MMC-də fəhləsi, İsmayıllı rayon Qurbanəfəndi kənd sakini, xx.xx.1997-ci il təvəllüdlü X3 tikinti sahəsində onun yük boşaldığı ərazidə olmasını bildiyi və kuzovu qaldırmazdan öncə sonuncunun özünün vizual müşahidə edə biləcəyi yük boşaldılan ərazinin əks istiqamətində olmasına əmin olduqdan sonra yükü boşaltmağa başlamalı olduğu halda təhlükəsizlik qaydalarına riayət etməyərək, cinayətkarcasına etinasızlığı nəticəsində öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda onları görməmiş, əksinə iş təcrübəsinə güvənib qanunla qadağan edilmiş qaydada tikintisi başa çatmamış yol səthində avtomaşının dayanıqlı vəziyyətini təmin etmədən yükün boşaldılması prosesinə başlamış, tikinti sahəsinə gətirdiyi çay daşını boşaldan zaman kuzovu qaldırıb yükün bir hissəsini boşaltdıqdan sonra, nəm vəziyyətdə olması səbəbindən kuzovda qalmış digər hissəni də yerə boşaltmaq məqsədi ilə qeyd edilən müvafiq qaydalara zidd olaraq kuzovu qaldırılmış vəziyyətdə silkələmək üçün avtomobili hərəkətə gətirib qəfl tormozlama aparmış bunun nəticəsində idarə etdiyi avtomaşının kuzovu qalxmış vəziyyətdə sol istiqamətə əyilərək fəhlə X3 üzərinə aşmaqla ona daxili qanaxma, ağ ciyərlərin əzilməsi, diafraqmanın, dalağın və bağırsaqların cırılması, çanaq sümüklərinin, qabırğaların çoxsaylı sınığı, sol bud sümüyünün orta 1/3-nin, sol bazu sümüyünün yuxarı boyun hissədən və sol said sümüyünün orta 1/3-nin yerdəyişən sınığı, başın arxa ənsə nahiyyəsinin, alının, burunun, alt çənənin sağ tərəfinin, aralıq nahiyyəsinin əzilmiş-cırılmış yaraları, bədən səthinin bütün nahiyələrinin sıyrıqları kimi dərəcəsinə görə ölümlə nəticələnən və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid xəsarətlər yetirməsi nəticəsində ethiyyatsızlıqdan zərərçəkmiş şəxsin daxili orqanların travmatik zədələnməsi zamanı baş verən daxili qanaxmadan sonrakı şok nəticəsində ölümünə səbəb olmuşdur. İş üzrə Təqsirləndirilən şəxs ona qarşı AR CM-nin 222.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, “Muğanlı-İsmayıllı-Qəbələ” yeni magistral avtomobil yolunun tikintisi layihəsi üzrə qum, dolğu, çay daşının tikinti yerinə daşınması barədə sifarişçi “X11” MMC ilə arasında bağlanmış 07 iyul 2024-cü il tarixli XM/007/07/24 nömrəli bağlanmış “xidməti müqavilə” əsasında işlərin yerinə yetirilməsinə cəlb edilmiş və 27 iyul 2024-cü il tarixdə, saat 08 radələrində idarə etdiyi “Shacman SX331” markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobillə işə başlayaraq tikinti gedən sahəyə 2 reys çay dolğusu gətirmişdir. Həmin gün saat 12:30 radələrində o, təmir olunan hissəyə çatdıqdan sonra çay daşını yolun sol tərəfində olan yeni təmir olunan hissəyə boşaltmaqdan ötrü idarə etdiyi “Shacman” markalı avtomobili geriyə doğru həmin hissəyə hərəkət etdirməyə başlamış, yükün düzgün yerə boşaltmasına "xxxx" MMCnin işçisi Firavan adlı şəxs nəzarət etmişdir. Firavan həm reys saylarını qeyd etmiş, həm də yükün boşalmasına nəzarət etmişdir. O, Firavanın göstərişi ilə avtomobili geriyə verib yükün bir hissəsini boşaltmış, lakin avtomobilin kuzasının qabaq hissəsində bir qədər yük qalmışdır. Avtomaşının dayandığı yer tökülmə torpaq olduğuna və vərdələnmədiyinə görə avtomobilin sol arxa və sol orta təkəri torpağa batmış, o, avtomobilin aşacağını hiss edərək dərhal yük yerini tam endirməyə cəhd etmiş və yük yerini bir qədər aşağı endirsə də, qəzanın qarşısını ala bilməmişdir. Həmin vaxt Firavanın avtomobilin sol tərəfində olmasını bilməmiş, avtomobilin idarə etməsini itirmiş və nəticədə avtomobil sol tərəfə doğru aşmışdır. Avtomobildən yerə düşdükdən sonra Firavanın avtomobilin yük hissəsinin, yəni kuzanın altında qalmasını bilmişdir. Bundan sonra yaxınlıqda olan Vüqar adlı buldozer sürücüsü idarə etdiyi buldozerlə yük avtomobilinin kuza hissəsini bir qədər yuxarı qaldırmış və birlikdə Firavanın meyitini həmin yerdən çıxarmışlar. Yükü qaldırıb boşaldan zaman Firavan qəbzi ona verdikdən sonra kənara çəkilmiş, onun avtomobilin yaxınlığında dayandığını görməmiş, buna diqqət etməmişdir. İşə başlamazdan əvvəl əməyin mühafizəsi və texniki təhlükəsizlik barədə sahə rəisi Ramiz Şərifovdan müvafiq təlimatları almışdır. Qəzanın baş verməsi avtomobilinin dayandığı yerdə yer səthinin yaş olması və tökülmüş dolğunun hamarlandıqdan sonra vərdənə ilə bərkidilməməsi ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs daha sonra ifadəsində baş vermiş bədbəxt hadisə nəticəsində X3 ölməsinə görə iztirab çəkdiyini, onun hüquqi varisi X2 ilə hər cür maddi və mənəvi yardım göstərərək barışdığını bildirmiş və əməlindən peşman olduğunu ifadə etmişdir. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 12:00 radələrində oğlu Firavan işdə qardaşı ona zəng edərək Firavanın qəzaya düşüb-düşməməsi barədə məlumatı olub olmadığını soruşmuş, qardaşına bu barədə heç bir məlumatı olmadığını bildirmiş və sonra məsələni aydınlaşdırmaqdan ötrü Qəbələ rayon mərkəzi xəstəxnasının təzə binasına getmişdirlər. Onlara Firavanın xəstəxananın köhnə binasında olduğu bildirilmiş və onlar RMX-nın köhnə binasının həyətində olan morqa gəlib Firavanın meyitinin orada olduğunu bilmişlər. Firavan "xxxx" MMC-də qeydiyyatçı fəhlə vəzifəsində işləmiş, onun ölümünə səbəb olan qəzanın baş verməsi sürücünün ehtiyatsızlığı və tikintidə təhlükəsizlik qaydalarına əməl edilməməsi ilə əlaqədar olmuşdur. X2 daha sonra ifadəsində göstərmişdir ki, tikintidə baş vermiş bədbəxt hadisə nəticəsində X3 ölməsində təqsirli olan Təqsirləndirilən şəxs, o cümlədən "xxxx" MMC tərəfindən ona hər cür maddi və mənəvi yardım göstərilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. İş üzrə Şahid1 ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-də buldozer sürücüsü vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdən MMC-də işə qəbul olmuşdur və həmin vəzifədə çalışır. 27 iyul 2024-cü il tarixdə hadisə baş verən əraziyə çay daşı töküldüyündən ora sahə iş icraçısı və sahə rəisi Şahid4 göstərişi ilə göndərilmişdir. Saat 12:30 radələrində sürücü Etibar adlı şəxs özünə məxsus “Shacman” yük markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay çayından gətirdiyi yükünü (çay daşını) hadisə baş verən əraziyə boşaltmaq üçün gətirmişdir. Həmin vaxt o, idarə etdiyi buldozerin içərisində olmaqla buldozeri “Shacman” yük markalı avtomobilin arxa tərəfində təxminən 3 metr yaxınlığında üzü İsmayıllı rayon istiqamətində saxlayıb dayanmış və “Shacman” gətirdiyi yükü boşaltdıqdan sonra o, həmin yükü tikinti aparılan ərazidə yer səthinə yaymalı olduğu üçün arxadan “Shacman”dan yükün boşaldılmasını müşahidə etmişdir. Etibar yük avtomobilini Elvin adlı bayraqdarın köməkliyi ilə arxa-arxaya təmir olunan hissəyə hərəkət etdirmiş, daha sonra isə Firavan adlı qeydiyyatçı sürücüyə yükü gətirməsi barədə qəbz vermiş və kitabda qeyd etmişdir. Həmin vaxt Firavan üzü Qəbələ şəhəri istiqamətində yük avtomobilinin sol tərəfində 2-3 metr yaxınlığında dayanmış, Etibar avtomobilin yük yerini yuxarı qaldırıb yükü boşaltmağa başlamışdır. Lakin, yükün sol tərəfdə olan hissəsi yerə boşalmamış, bu məqsədlə Etibar avtomobili yük yeri yuxarı qaldırılmış vəziyyətdə irəli hərəkət etdirməyə başlamışdır ki, sol tərəfdə ilişib qalan yük yerə boşalsın. Etibar avtomobili təxminən 1.5-2 metr irəli hərəkət etdirdikdən sonra avtomobil silkələnməyə başlamış və sol tərəfə aşmağa meyillənmişdir. Həmin vaxt Firavan avtomobilin aşacağı tərəfdə olmuş, o, buldozerdən dəfələrlə siqnal verib Firavanı xəbərdar etmək istəsə də, Firavan onun verdiyi siqnal səsini eşitməmişdir. Buna görə o, buldozerin qapısını açıb yerə düşmüş, ancaq artıq “Shacman” avtomobilinin yük olan hissəsi Firavanın üzərinə aşmışdır. Dərhal buldozeri işə salıb yük avtomobilinin yanına gedərək buldozerin ön lapatkası ilə yük avtomobilinin yük hissəsini yuxarı qaldırmış və kənardan hadisə yerinə toplaşan tanımadığı şəxslərin köməyi ilə Firavanı yük avtomobilin altından çıxarılmışdır. Hadisə zamanı orada ondan başqa bayraqdar olmuş, “Shacman” yük markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığı yerdə yer səthinə ikinci qat çay dolğusu tökülmüşdür. Tökülmüş çay dolğusu idarə etdiyi buldozerlə hamarlanmaqla yer səthinə yayılmış və həmin sahə düz və möhkəm olmuşdur. Şirkətin vəzifəli şəxsləri tərəfindən həmin ərazidə nəqliyyat vasitələrinin və insanların təhlükəsiz hərəkəti üçün yol nişanları qoyulmuş, ərazilərdə lentlənmə işləri aparılmış, bayraqdar Şahid2 tərəfindən yük gətirən nəqliyyat vasitələrinin hərəkəti tənzimlənmiş və əraziyə kənar şəxslərin girişinə izn verilməmişdir. . İş üzrə Şahid4 ifadəsində göstərmişdir ki, o, “Körpü Bina Tikinti MMC”-də iş icraçısı vəzifəsində işləyir və gün ərzində Girdiman çayından Qəbələ rayonunadək olan yol təmir tikintisinə nəzarət edib lazım olan materialların verilməsini təmin edir. Belə ki, tikinti gedən hər hansı ərazidə işlərin başlanması və ya işlərin dəyişdirilməsi barədə göstərişləri layihə rəhbəri Şahid5 alaraq yerlərdə iş görəcək iş ustalarına bildirir və bundan sonra həmin ərazidə layihəyə uyğun işlər aparılır. xx.xx.2024-cü il tarixdə baş vermiş bədbəxt hadisə Muğanlı-İsmayıllı-Qəbələ yolunun 61-ci kilometrliyində baş vermişdir. Həmin ərazinin sol tərəfində təmir işləri başlandıqdan sonra ilkin mərhələdə yolun asfalt hissəsi qazılmış və yer yatağı olduğundan ora əvvəlcə çay daşları boşaldılmaqla möhkəmlənmə işləri aparılmağa başlanılmışdır. Həmin ərazinin iş ustası Tural Paşayev olmuşdur. O, layihə rəhbərinin tapşırıqlarını Turala çatdırmış və onun həmin tapşırıqları düzgün formada yerinə yetirməsinə nəzarət etmişdir. Layihə üzrə torpaq və çay daşları həmin şirkətə məxsus avtomobillər, həm də podratçı şirkət tərəfindən verilən yük avtomobilləri tərəfindən daşınmışdır. "xxxx" MMC-ə məxsus yük avtomobilləri Göyçay çayında yerləşən bazada, digər podratçı avtomobilləri isə Qəbələ rayonunun giriş hissəsində saxlanılmış və nəzarət edilmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi “Shacman” markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə isə xidmət müqaviləsi əsasında “Oxcucon” podratçı şirkəti tərəfindən nəzarət edilmişdir. Firavan Hacıbalayev şirkətdə qeydiyyatçı işləmiş, onun vəzifəsi və işi podratçı yük avtomobillərinin təmir və tikinti yerlərinə gətirdiyi yüklərin sayının qeydiyyatını aparmaqdan, gün ərzində yük avtomobillərin reys sayını müəyyən edib hər yük üçün sürücüyə qəbz verməkdən və qaimələri ofisə təqdim etməkdən ibarət olmuşdur. 27 iyul 2024-cü il tarixdə hadisə baş verən ərazi yol yatağı olmasına görə Göyçay çayından həmin əraziyə çay qrabili danşınmış, həmin yükün daşınmasını yalnız podratçı şirkətə məxsus avtomobillər təmin etmişdir. Həmin gün oraya (çay qrabili) dolğu daşınmış və Firavan yük avtomobillərindən gələn yüklərin qeydiyyatını aparmışdır. Hadisə baş verən zaman o, 29-cu kilometrlikdə, Girdiman çayının yaxınlığında aparılan iş ərazisində olmuş və hadisə barədə Turaldan məlumat alaraq dərhal hadisə yerinə gəlmişdir. Hadisə yerinə gəldikdə Təqsirləndirilən şəxs idarə etdiyi “Shacman” markalı avtomobilin sol yanı üzərinə aşmasını, qeydiyyatçı Firavanın onun altında qalaraq ölməsini və meyitin həkimlər tərəfindən götürülüb aparılmasını görmüşdür. Hadisə yerində polis əməkdaşları və təcili yardım avtomobili olmuşdur. xx.xx.2024-cü il tarixdə tabeliyində olan işçilərə işə başlamazdan əvvəl əməyin mühafizəsi və texniki təhlükəsizliyi ilə bağlı təlimatların verilməsinə nəzarət etmiş, əraziyə boşaldılan çay dolğusu Şahid1 tərəfindən sürdüyü buldozer vasitəsi ilə əraziyə yayılmış və yerin üst münbit qatına bərkidilmişdir. Hadisə baş verən ərazidə işlər layihəyə uyğun aparılmış və işlərə lazımınca nəzarət edilmişdir. Həmçinin, həmin ərazidə nəqliyyat vasitələrinin və insanların hərəkətinin təhlükəsziliyi və nizamlanması üçün müvafiq yol nişanları qoyulmuş, təmir-tikinti aparılan ərazilərdə lentlənmə işləri aparılmış, bayraqçılar tərəfindən insanlar və nəqliyyat vasitələrinin, onların sürücülərinin hərkətləri tənzimlənmişdir. Əraziyə yüklərin təhlükəsiz şəkildə gətirilməsi və boşaldılması işləri işçilər tərəfindən həyata keçirilmiş və həmin əraziyə aid olmayan şəxslərin girişi qadağan olunmuşdur. İş üzrə Şahid3 göstərmişdir ki, o, "xxxx" MMC-nin təhlükəsizlik üzrə mühəndisi vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə baş vermiş bədbəxt hadisə Muğanlı-İsmayıllı-Qəbələ yolunun 61-ci kilometrliyində baş vermişdir. Həmin ərazinin sol tərəfində təmir işləri başlandıqdan sonra ilkin mərhələdə yolun asfalt hissəsi qazılmış və yer yatağı olduğundan ora əvvəlcə çay daşları boşaldılmaqla möhkəmlənmə işləri aparılmağa başlanılmışdır. Həmin ərazinin iş ustası Tural Paşayev olmuşdur. O, Turalı və digər iş icraçılarını tabeçiliyində çalışan işçilərin əməyinin mühafizəsi və təhlükəsizlik texnikası barədə təlimatlandırılmaları üçün məlumatlandırmışdır. Layihə üzrə torpaq və çay daşları həmin şirkətə məxsus avtomobillər, həm də podratçı şirkət tərəfindən verilən yük avtomobilləri tərəfindən daşınmışdır. Təqsirləndirilən şəxs idarə etdiyi “Shacman” markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə xidmət müqaviləsi əsasında "xxxx" podratçı şirkəti tərəfindən nəzarət edilmişdir. Firavan Hacıbalayev şirkətdə fəhlə (qeydiyyatçı) işləmiş, onun vəzifəsi və işi podratçı yük avtomobillərinin təmir və tikinti yerlərinə gətirdiyi yüklərin sayının qeydiyyatını aparmaq olmuşdur. Firavan gün ərzində yük avtomobillərin reys sayını müəyyən edib hər yük üçün sürücüyə qəbz vermiş və qaimələri isə ofisə təqdim etmişdir. 27 iyul 2024-cü il tarixdə hadisə baş verən əraziyə Göyçay çayından çay qrabili daşınmış, həmin yükün daşınmasını yalnız podratçı şirkətlər təmin etmi və Firavan yük avtomobillərindən gələn yüklərin qeydiyyatını aparmışdır. Hadisə baş verən zaman o, 29-cu kilometrlikdə olmuş, həmin ərazidə aparılan işlərə isə bir başa iş ustası Tural və iş icraçısı (sahə rəisi) Şahid4 nəzarət etmişdir. Həmin gün bayraqçı Şahid2 ona zəng edərək Təqsirləndirilən şəxs idarə etdiyi “Shacman” markalı avtomobilin sol yanı üzərinə aşması və qeydiyyatçı Firavanın maşının altında qalaraq ölməsi barədə məlumat vermiş və o, dərhal hadisə yerinə gəlmişdir. Hadisə yerinə gəldikdə Təqsirləndirilən şəxs idarə etdiyi “Shacman” markalı avtomobilin sol yanı üzərinə aşmasını, qeydiyyatçı Firavanın onun altında qalaraq ölməsini və meyitin həkimlər tərəfindən götürülüb aparılmasını görmüşdür. Hadisə yerində polis əməkdaşları və təcili yardım avtomobili olmuşdur. xx.xx.2024-cü il tarixdə şirkətin tabeçiliyində olan yalnız sahə rəsilərinə, iş ustalarına və iş icraçılarına şifahi olaraq əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları barədə müvafiq işlərə cəlb edilmiş işçilərə təlimatlar verilməsinə dair tapşırıqlar vermiş, ərazidə olarkən hər hansı işçinin geyim qaydasını pozmasını aşkar etdikdə onu yanına çağırıb iradlarını bildirməklə nöqsanı aradan qaldırmasını tələb etmişdir. Hadisə baş verən ərazidə ərazidə nəqliyyat vasitələrinin və insanların hərəkətinin təhlükəsziliyi və nizamlanması üçün müvafiq yol nişanları qoyulmuş, təmir-tikinti aparılan ərazilərdə lentlənmə işləri aparılmış, bayraqçılar tərəfindən insanlar və nəqliyyat vasitələrinin, onların sürücülərinin hərkətləri tənzimlənmişdir. Əraziyə yüklərin təhlükəsiz şəkildə gətirilməsi və boşaldılması işləri işçilər tərəfindən həyata keçirilmiş və həmin əraziyə aid olmayan şəxslərin girişi qadağan olunmuşdur. İş üzrə Şahid5 ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-də layihə rəhbəri vəzifəsində işləyir və Muğanlı-İsmayıllı, Qəbələ avtomobil yolunun 24,600 km-dən 76,658 km-dək yolun yenidən qurulmasına rəhbərlik etmişdir. "xxxx" MMC həmin km-də işlərin görülməsini həyata keçirmiş və bu məqsədlə müxtəlif fiziki və hüquqi şəxslərlə xidməti müqavilə bağlanmışdır. Yüklərin daşınmasından ötrü bağlanan xidməti müqavilələrdən biri də "xxxx" MMC ilə bağlanmış, "xxxx" MMC isə podratçı kimi "xxxx" MMC ilə müqavilə bağlamış və müəyyən edilmiş yük avtomobilləri qeyd olunan yükləri daşımışdır. Ərazidə 1 nəfər, Şahid4 sahə rəisi vəzifəsini icra etmiş və bir neçə iş ustaları olmuşdur. Bədbəxt hadisə 27 iyul 2024-cü il tarixdə saat 12:30 radələrində Qəbələ rayonu, Vəndam qəsəbəsi ərazisində 61-ci km-də baş vermişdir. Həmin gün ərazidə dolğu işləri aparılmışdır. Hadisə barədə işçilərin ona zəng edib bildirməsi əsasında məlumatı olmuş və dərhal hadisə yerinə getmişdir. Hadisə yerinə çatdıqda "xxxx" MMC-nin xidməti müqavilə əsasında işlətdiyi sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Shacman” yük markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük boşaldan zaman sol yanı üzərində aşmasını, həmin vaxt avtomobilin yaxınlığılnda dayanan qeydiyyatçı Firavan Hacıbalayevin yük avtomobilin aşan hissəsinin altında qalması nəticədə ölməsini, meyitin oradan çıxarılaraq kənara qoyulduğunu görmüşdür. Hadisə baş verən ərazidə yer material töküldükdən 16 tonluq vərdənə (katok) ilə bərkidildiyi üçün “Shacman” markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin aşması təkərlərin yerə batmasına görə deyil (foto şəkillərlə təsdiq olunur) sürücünün avtomaşını təlimata uyğun olmayan qaydada idarə etməsi səbəbindən baş vermişdir. İşdə olan AR SN “Məhkəmə-Tibbi Ekspertiza və X9” X12 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 15 nömrəli ekspert rəyində göstərilmişdir ki, X1 meyitində daxili qanaxma, ağ ciyərlərin əzilməsi, diafraqmanın, dalağın və bağırsaqların cırılması, çanaq sümüklərinin, qabırğaların çoxsaylı sınığı, sol bud sümüyünün orta 1/3-nin, sol bazu sümüyünün yuxarı boyun hissədən və sol said sümüklərinin orta 1/3-nin yedəyişən sınığı, başın arxa ənsə nahiyəsinin, alının, burunun, alt çənənin sağ tərəfinin, aralıq nahiyəsinin əzilmiş-cırılmış yaraları, bədən səthinin bütün nahiyələrinin sıyrıqıları və qançırı kimi xəsarəti vardır. Bədən xəsarətinin ağırlıq dərəcəsinə görə ölümlə nəticələnən və həyat üçün təhlükəli olan sağılamlığa AĞİR zərər vurmaya aiddir. X1 bədəni üzərindəki xəsarətlər küt alətin (əşyaların) təsirindən qərarda göstərilən tarxdə və şəraitdə yəni 27 iyul 2024-cü ildə ağır çəkili yük avtomobilinin onun üstünə aşması nəticəsində törənməsinə uyğun gəlir. X4 ölümünə səbəb daxili orqanların travmatik zədələnməsi nəticəsində baş verən daxili qanaxmadan sonraki şok olmuşdur və hadisə vaxtı aldığı ağır bədən xəsarətləri ilə birbaşa səbəbli əlaqəsi vardır. X1 meyitindən götürülmüş qanda və sidikdə məhkəmə tibbi-kimya tədqiqatları nəticəsində spirtli içki, narkotik, psixotrop və güclü təsir edici maddələr aşkar edilməmişdir. (c.i. 01ci cild, səh: 161-164) İşdə olan AR ƏN xx.xx.2024-cü il tarixli 10/8311 nömrəli “məhkəmə mühəndis-texniki ekspertizası” rəyində göstərilmişdir ki, sürücü Təqsirləndirilən şəxs “Shacman SX331” markalı **- OZ-*** dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomobilindən yükü boşaltmağa başlamazdan əvvəl sahənin təhlükəsiz olduğuna, avtomobilin üfüqi səthdə dayandığına əmin olmadan yükü boşaltmaq üçün kuzovu qaldırdığına və kuzovun qaldırılmış vəziyyətində avtomobili hərəkət etdirdiyinə görə “Shacman” markalı özüboşaldan yük maşınlarının istismarı üzrə təlimat»ın 3.1 və 3.2 bəndlərinin tələblərini pozmuşdur; “Shacman SX331” markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs avtomobilin yük yerində olan yükün boşaldılması işini yerinə yetirməsi prosesində nəqliyyat vasitəsinin istismarına dair “Shacman” markalı özüboşaldan yük maşınlarının istismarı üzrə təlimat»ın 3.1 və 3.2 bəndlərinin tələblərinin pozulması hadisənin bilavasitə (birbaşa) texniki səbəbi olmuşdur. (c.i. 02-ci cild, səh: 63-67) İşdə olan 2024-cü il tarixli XM/007/07/24 nömrəli sifarişçi “X11” MMC və icraçı fiziki şəxs, sahibkar Təqsirləndirilən şəxs arasında bağlanmış “Xidməti Müqavilə”-nin 6.3-cü bəndinə əsasən “İcraçı” Təqsirləndirilən şəxs özünə məxsus Shacman SX331” markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobil ilə Muğanlı-İsmayıllı, Qəbələ avtomobil yolunun tikintisi layihəsi üzrə qazıntı işlərinin aparılması zamanı torpağın ərazidən kənarlaşdırılması və tələb olunan materialın əraziyə daşınması işlərini, texnikada yarana biləcək texniki nasazlıqlara görə, həmçinin özünün təqsirindən baş verəcək hər hansı nöqsanlara görə “Sifarişçi”-nin heç bir məsuliyyət daşımamasına dair bütün məsuliyyəti öz üzərinə götürmüşdür. (c.i. 01-ci cild, səh: 229-231) İşdə olan AD 786463 nömrəli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin” və BC115592 nömrəli “sürücülük vəsiqəsinin” surətlərinə əsasən “Shacman SX331” yük markalı **- OZ-*** dövlət qeydiyyat nişanlı özüboşaldan avtomobili sürücü Təqsirləndirilən şəxs məxsusdur və onun hadisə zamanı avtomobili idarə etmək hüququ olmuşdur. (c.i. 01-ci cild, səh: 19-21) İşdə olan xx.xx.2024-cü il tarixli 111 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə Protokolunun surətinə əsasən müayinə olunan Təqsirləndirilən şəxs sərxoşluq aşkar edilməmişdir. (c.i. 01-ci cild, səh: 18) АR CPM-nin 124.2-ci maddəsinə əsasən şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər cinayət prosesində sübut kimi qəbul edilir. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs AR CM-nin 222.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətmişlər. Onun təqsiri özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin və iş üzrə dindirilmiş şahidlərin ifadələri, məhkəmə-tibbi və məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının rəyləri, habelə işdə olan digər materiallarla tam sübuta yetmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib CM-nın Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla cəzalanmalıdır. АR CМ-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza ədalətin bərpası, məhkumun islah edilməsi və məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan Gədəbəy RİHB-nin Söyüdlü kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 250 saylı arayışa əsasən Təqsirləndirilən şəxs evlidir və himayəsində bir nəfər azyaşlı uşağı vardır. ( c.i.1-ci cild, səh:32) X8 zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi, himayəsində azyaşı uşağı olması və əməlindən səmimi peşmançılıq çəkməsi onun cəzanı yüngülləşdirən hallardır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2024-cü il tarixli sorğu məlumatına əsasən Təqsirləndirilən şəxs məhkum edilməmişdir. (c.i. 01-cild, səh: 46) İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşdə olan Gədəbəy RİHB-nin Söyüdlü kənd İƏD üzrə İN tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. ( c.i.1-ci cild,səh:33) Məhkəmə törədilmiş cinayətin xarakterini nəzərə alınaraq hesab edir ki, Təqsirləndirilən şəxs CMnın müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, eyni zamanda cinayətin ictimai təhlükəlilik dərəcəsi, cəzasını yüngülləşdirən hallar və şəxsiyyəti nəzərə alınaraq AR CM-nın 70.1-ci maddəsinə əsasən təyin olunan azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq edilməsi məqsədəmüvafiq hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351-353, 383-385ci maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs AR CM-nin 222.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə texniki təhlükəsizlik sahəsində rəhbər, maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunaraq Təqsirləndirilən şəxs təyin olunan 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası 2 (iki) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə qoyulan vəzifəni mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçırtmazsa, yaxud başqa cinayət törətməzsə ona təyin olunan 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası icra olunmasın. Sınaq müddətinin və texniki təhlükəsizlik sahəsində rəhbər, maddi və məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının çəkilməsinin əvvəli hökm qanuni qüvvəsini aldığı gündən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək öz qüvvəsində saxlansın. İş üzrə ekspertiza xərcini təşkil edən 102,0 manat pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmün icrasına nəzarət Gədəbəy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Qəbələ rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №1(025)-7/2025
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-7/2025
19.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver