Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-8/2021 15.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarlı Yelmar Elman oğlunun katibliyi, Azərbaycan Respublikasının Baş Prokorluğunun Dövlət X2 rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1973-cü ildə Qəbələ şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, Qəbələ rayonu Corlu kəndində qeydiyyatda olub Qəbələ rayonu Mirzəbəyli kəndində yaşayan, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci ildə saat 17 radələrində Qaraməryam- İsmayıllı-Şəki yolunun Qəbələ rayonu Zarağan kəndi ərazisindən keçən 74-cü kilometrliyində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq yəni, sürücü yola bitişik ərazidən (yolun hər iki tərəfinə bitişik olan və nəqliyyat vasitələrinin bir-başa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri, orada yerləşən həyətlər, yaşayış massivləri, avtomobil duracaqları yanacaqdoldurma məntəqələri, müəssisəsələr və başqa obyektlər) yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə yol verməli olduğu halda, hadisənin qarşısını almağa texniki imkanı olsada bunu etməyib, idarə etdiyi VAZ-2109 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə yolun İsmayıllı rayonu istiqamətindəki hərəkət zolağının sol kənarına bitişik olan ərazidə yerləşən ticarət mərkəzinin qarşısından hərəkət hissəsinə daxil olub təxminən 10 km/saat sürətlə sola doğru manevr etmiş, bu zaman İsmayıllı rayonu istiqamətində hərəkət hissəsi ilə hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi Mondial 150 Z-ONE markalı 99 B 238 dövlət qeydiyyat nişanlı motosikletin qabaq hissəsi onun avtomobilinin qabaq sağ qanad hissəsi ilə Quba istiqamətindəki hərəkət hissəsində toqquşmuş, nəticədə ehtiyatsızlıqdan Mondial 150 Z-ONE markalı motosikletin sürücüsü Zərərçəkmiş şəxs2 sol aşıq-baldır oynağının əziyi, sol incik sümüyünün distal metaepifizinin, daban sümüyünün sınığı və sol baldırın bayır yuxarı 1/3-nin əzilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran, habelə Mondial 150 Z-ONE markalı 99 B 238 dövlət qeydiyyat nişanlı motosikletin əzilərək sahibi Zərərçəkmiş şəxs2 3512 (üç min beş yüz on iki) manat, VAZ-2109 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs1 100 (yüz) manat məbləğində maddi ziyan yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadə verərkən iş üzrə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 17 radələrində idarə etdiyi VAZ 2109 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qəbələ rayonu Zarağan kəndi ərazisində üzü Şəki istiqamətində dayanmış, bu zaman həmkəndlisi Ceyhunu görmüşdür. O, Ceyhuna «Qəbələ şəhərinə gedirəm, əgər gedirsənsə səni də aparım» demiş, Ceyhun razılaşmış və avtomobilinə əyləşmişdir. O, idarə etdiyi avtomobili arxaya verib yola düzəlmişdir. Qəbələ şəhəri istiqamətində 8-9 metr yolu 10 km/saat sürətlə hərəkət edərkən motosikletlə toqquşmuşdur. Belə ki, motosiklet sürüsüsünün sol ayağı onun avtomobilinin ön sağ qanadının uc hissəsinə dəymişdir. Motosiklet aşmamış və təxminən 10-15 metr gedib dayanmışdır. Sürücü ayağından xəsarət aldığına görə yerdə oturmuşdur. Təxminən 5-10 dəqiqədən sonra hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmişdir. Onlar adını sonradan bildiyi Zərərçəkmiş şəxs2 Qəbələ DM-nə aparmışlar. O da idarə etdiyi avtomobili hadisə yerində qoyub taksi ilə xəstəxanaya getmişdir. Orada Arzuya tibbi yardım göstərmişlər və evə buraxmışlar. Hesab edir ki, motoskiletə dəymiş ziyan çox hesablanmışdır. Ziyan aktında göstərilən məbləğ ilə razı deyil və həmin məbləğ həqiqəti əks etdirmir. Sonda Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olduğunu, İİ qrup əlil olmasının nəzərə alınmasını və məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə idarə etdiyi özünə məxsus Mondial Z-ONE markalı 99-B-238 dövlət qeydiyyat nişanlı motosikletlə Oğuz rayonundan çıxıb Qəbələ Asan xidmətinə gedərkən motosikletdə sərnişin olmamışdır. Həmin günü saat 17 radələrində Qaraməryam- İsmayıllı-Şəki yolunun Qəbələ rayonu Zarağan qəsəbəsi ərazisindən keçən 74-cü kilometrliyində idarə etdiyi Mondial Z-ONE markalı 99-B-238 dövlət qeydiyyat nişanlı motosikletlə üzü İsmayıllı istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən təxminən 50-60 metr məsafədən qırmızı rəngdə VAZ-2109 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin köməkçi yolda üzü baş yola tərəf dayandığını görmüşdür. 20-25 metr məsafədən VAZ-2109 markalı avtomobilin hərəkətə gələrək düz xətti kəsib baş yola çıxıb onun hərəkət zolağına çıxdığını görmüşdür. O, tez VAZ 2109 markalı avtomobillə toqquşmamaq üçün əyləci basmış və sükanı sağa burmuşdur. Lakin toqquşmadan qaça bilməmiş və öz hərəkət zolağının sağ kənarında VAZ-2109 markalı avtomobili idarə etdiyi motosikletin qabaq təkərindən vurmuşdur. Həmin vaxtı ayağı VAZ-2109 markalı avtomobillə idarə etdiyi motosikletin arasında qalmışdır. O, tez yıxılmamaq üçün ayağını yerə qoymuşdur. 10-15 metr getdikdən sonra motosikleti dayandırmışdır. Ayağında küt ağır hiss etdiyinə görə yerə oturmuşdur. Sonra isə oraya toplaşan şəxslərdən biri TTYS-na zəng vurmuşdur. Təxminən 15-20 dəqiqədən sonra TTYS-nın avtomobili gələrək onu Qəbələ rayon DM-nə aparmışdır. Xəstəxanada onu müayinə etmişlər və bildirmişlər ki, sol ayağının topuq nahiyəsində sınıq var. Həmin vaxtı idarə etdiyi motosikletlə toqquşan VAZ-2109 markalı avtomobilin sürücüsü, adını sonradan bildiyi Habil adlı şəxs də xəstəxanada olmuşdur. Orada onun səhhəti ilə maraqlanmışdır. Hadisə vaxtı VAZ- 2109 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil təxminən 10-15 km/saat sürətlə hərəkət etmişdir. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini, onun səhhəti ilə maraqlanmadığını və bu səbəbdən təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ona məxsus olan VAZ-2109 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə yol qəzası törətmiş, nəticədə ona məxsus avtomobilə 100 manat ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir və fikirləşir ki, dəymiş ziyan qardaşı Təqsirləndirilən şəxs tərəfindən deyil, Zərərçəkmiş şəxs2 tərəfindən ona ödənilməlidir. Belə ki, eşitdiyi qədər ilə hadisə zamanı qardaşı Təqsirləndirilən şəxs heç bir təqsiri olmamışdır. Əksinə Zərərçəkmiş şəxs2 özü ona demişdir ki, motosikleti sürətlə idarə etmiş və bu səbəbdən hadisə baş vermişdir. Bu halı Zərərçəkmiş şəxs2 Qəbələ rayonundan Oğuz rayonuna aparan Şahid2 da təsdiqləyə bilər. Həmçinin ona məxsus avtomobili qardaşı Təqsirləndirilən şəxs idarə etdiyindən ona dəymiş 100 manat maddi ziyanla bağlı qardaşından şikayət və tələbi yoxdur. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 17 radələrində Qəbələ rayonu Zarağan qəsəbəsində «Araz market» ticarət mərkəzinin önündə Qəbələ şəhərinə getmək üçün avtomobil gözləyərkən həmkəndlisi Habilin idarə etdiyi VAZ-2109 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə ona yaxınlaşıb hara getməyi ilə maraqlanmışdır. O, Qəbələ şəhərinə gedəcəyini söyləmişdir. Habil də Qəbələ şəhərinə gedəcəyini bildirmişdir. O, Habilin avtomobilində qabaq sağ oturacaqda əyləşmişdir. Habil avtomobili arxa-arxaya verib baş yola çıxan ikinci dərəcəli yolda avtomobilini üzü Qəbələyə getməyə tarazlamışdır. Sonra Habil idarə etdiyi VAZ-2109 markalı avtomobillə baş yola çıxıb dönmə işığını yandıraraq sola doğru hərəkət etməyə başlamışdır. O və Habil oradan maşın gəlib-gəlmədiyinə baxmışlar. Bu zaman Şəki rayonundan Qəbələ istiqamətində motosikletin onlara tərəf gəlməsini görmüş, motosiklet sürətlə gəldiyindən saxlaya bilməmiş və motosiklet sürücüsünün sol ayağı VAZ-2109 markalı avtomobilin sağ qanadına toxunmuşdur. Motosiklet aşmamış və yoluna davam etmiş və Zarağan qəsəbəsi «Bazar store» marketinin qarşısında dayanmışdır. Habil yolu boşaltmış, avtomobili yolun sağ tərəfinə çəkib saxlamışdır. Sonra onlar motosiklet sürücüsünə yaxınlaşmışlar. Adını sonradan bildiyi motosiklet sürücüsü Arzu yerdə oturmuşdur. Təxminən 5-6 dəqiqədən sonra təcili tibbi yardım avtomobili gəlib Arzunu xəstəxanaya aparmışdır. Habil başqa bir maşına oturub Arzunun ardınca Qəbələ DM-nə getmişdir. Ona ehtiyac olmadığına görə işinə davam etmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə hərəkətə başlayıb 10 km/saat sürətlə təxminən 7-8 metr məsafə qət etmişdir ki, motosikletlə toqquşmuş, yol-nəqliyyat hadisəsi zamanı xəsarət almamış və ona maddi ziyan dəyməmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərdi ki, hadisə günü orada olmamışdır. Hadisədən sonra bacanağı ona zəng edərək bibisioğlunun, yəni Zərərçəkmiş şəxs2 maşın vurduğunu, onu Qəbələ rayonundan Oğuz rayonuna aparmasını istəmişdir. Belə olub Zərərçəkmiş şəxs2 Oğuz rayonuna aparmışdır. Zərərçəkmiş şəxs2 öz avtomobili ilə aparan zaman onunla birlikdə Zərərçəkmiş şəxs1 da olmuşdur. Avtomobildə olan zaman Zərərçəkmiş şəxs1la Zərərçəkmiş şəxs2 söhbət etdikləri yadına gəlsə də, söhbətin nə olduğunu bilməmişdir. Belə ki, həmin vaxt avtomobili yeni təmirdən çıxmış və içində səs-küy olduğundan onların söhbətini eşitməmişdir. Hadisə barədə başqa heç bir məlumatı yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru X8 ifadə verərək göstərmişdir ki, xx xxxxxxxx 2020-ci ildə saat 17 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun Qəbələ rayonunun Zarağan qəsəbəsi ərazisindən keçən 74-cü kilometrində yol-nəqliyyat hadisəsi baş vermişdir. Zərərçəkmiş şəxs2 yol nəqliyyat hadisəsi zamanı sağlamlığı az ağır zərər vuran xəsarət alması faktında Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin əlamətləri olduğundan həmin maddə ilə tərəfindən cinayət işi başlanılmışdır. xx xxxxxxxx 2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilmiş və baxış keçirilməsi haqqında protokol tərtib edilmişdir. Hadisə yerinə baxış zamanı ətrafdakı ticarət obyektlərinə və digər yerlərə baxış keçirilmiş, lakin hadisə yerininin görüntülərini əks etdirən videogörüntülər müəyyən olunmamışdır. Tərəfindən məhkəmə-tibbi ekspertizalar keçirilmişdir. Daha sonra cinayət işinin istintaqı Hikmət Kərimova həvalə edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat şöbəsinin baş müstəntiqi, polis polkonvik-leytenantı X9 ifadə verərək göstərmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə cinayət işi icraatına qəbul edilmiş və istintaqın davam etdirilməsi ona həvalə edilmişdir. Tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə məhkəmə yolnəqliyyat hadisəsi ekspertizası təyin edilmişdir. Ekspert rəyi alınmış və tərəflərə ekspert rəyinin surəti təqdim edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmaq təklif olunmuş, lakin sonuncu zərərçəkmiş şəxslə barışmaqdan imtina edərək işin məhkəməyə göndərilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qismində cəlb ediləndə müdafiəçinin iştirakı təmin edilmiş, ona hüquq və vəzifələri izah edilmişdir. Daha sonra ittiham aktı tərtib edildikdən sonra ittiham aktının surəti təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təqdim edilmiş və o da işin məhkəməyə göndərilməsini bildirmişdir. Təqsirləndirilən şəxs “sənin təqsirin yoxdur” deyə ifadə işlətməmişdir. Məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsləri və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətmişdir və onun təqsiri, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12noyabr 2020ci il tarixli, 8/1838 saylı ekspert rəyindən görünür ki,VAZ-2109 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx xxxxxxx 2020-ci il tarixli, 542 saylı rəyindən görünür ki,Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər sol aşıq-baldır oynağının əziyi, sol injik sümüyünün distal metaepifizinin, daban sümüyünün sınığı və sol baldırın bayır yuxarı 1/3-nin əzilmiş yarası bərk küt əşya (alət) təsirindən törənmişdir, xx.xx.2020-ji il tarixli yol-nəqliyyat hadisəsi zamanı törənə bilər. Qeyd olunan xəsarətlər dərəjəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmanın əlamətlərinə malikdir. İş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2020-ci il tarixli 400 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinə aktı ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq olmuşdur. İş materiallarına əlavə edilmiş DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 016-87279-1220 nömrəli məktubdan məlum olur ki, DİN BDYPİ Qeydiyyat-İmtahan Şöbəsinin kompyuter uçot bazasına əsasən xx.xx.1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə xx.xx.2012-ci il tarixdə AB seriyalı 733770 nömrəli «B» dərəcəli sürücülük vəsiqəsinin verilməsi barədə informasiya mövcuddur. İş materiallarına əlavə edilmiş AC seriyalı 388336 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 2109” minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs1 məxsusdur. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixdə verilmiş etibarnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs1 “VAZ 2109” minik markalı, **-BG-***dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2020-ci il tarixə kimi idarə etməyi Təqsirləndirilən şəxs Hünbət oğluna etibar etmişdir. İş materiallarına əlavə edilmiş «Ekosoft» MMJ tərəfindən verilmiş xx.xx.2020-ji il tarixli məktubdan məlum olur ki, Mondial 150 Z-ONE markalı 99 B 238 dövlət qeydiyyat nişanlı motosikletə 3512 (üçmin beş yüz oniki) manat ziyan dəymişdir. İş materiallarından müəyyən olunur ki, iş üzrə Mondial 150 Z-ONE markalı 99 B 238 dövlət qeydiyyat nişanlı motosiklet və VAZ-2109 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillər maddi sübut kimi tanınmış və sahiblərinə qaytarılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarına əlavə edilmiş Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Qəbələ rayon Mirzəbəyli kənd X10 üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarına əlavə edilmiş Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Mirzəbəyli kənd X10 üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 517 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı 1984-cü il təvəllüdlü X4, uşaqları 2007-ci il təvəllüdlü X6, 2008-ci il təvəllüdlü Abbasova Röya Habil qızı və 2011-ci il təvəllüdlü X3 ibarətdir. Məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 14 saylı region ərazi filialı tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, **********2 nömrəli arayışdan görünür ki, Qəbələ rayonu Corlu kənd sakini Təqsirləndirilən şəxs İİ (ikinci) qrup əlil olduğuna görə 130 (bir yüz otuz) manat sosial müavinət alır. Müddəti – xx.xx.2024-ci ilə kimidir. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətməsi zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri, hadisə yerinə baxış protokolu və digər sübutlarla tam sübuta yetirilir. Belə ki, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 54-cü maddəsinin İİ hissəsinə əsasən, əgər nəqliyyat vasitəsi nizamlanmayan piyada keçidinin qarşısında dayanmışdırsa və ya sürətini azaltmışdırsa, qonşu zolaqlarda hərəkət edən digər nəqliyyat vasitələrinin sürücüləri yalnız dayanmış nəqliyyat vasitəsinin qarşısında piyadaların olmadığını yəqin etdikdən sonra hərəkəti davam etdirə bilərlər. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, «yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 12-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir.» Məhkəmə Zərərçəkmiş şəxs1 Hümbət oğlunun ifadəsində hadisə ilə əlaqədar qardaşı Təqsirləndirilən şəxs təqsirinin olmaması və hadisənin baş verməsində Zərərçəkmiş şəxs2 motosikleti sürətlə idarə etməsinin səbəb olması kimi göstərdiyi xüsusatlar, iş üzrə Təqsirləndirilən şəxs yaxın qohumu (qardaşı), yəni maraqlı şəxs olmaqla sonuncunu müdafiə xarakteri daşıdığından, eləcə də həmin xüsusatlar hadisənin baş verməsinə bir başa səbəbli əlaqə kimi işin faktiki hallarına uyğun gəlmədiyindən və qeyd edilənləri məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 təsdiq etmədiyindən, Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi həmin xüsusatları sübut növü kimi qiymətləndirmir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İşə əlavə edilmiş Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Mirzəbəyli kənd X10 üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. O, ailəlidir, hal-hazırda 2007-ci il təvəllüdlü X6, 2008-ci il təvəllüdlü Abbasova Röya Habil qızı və 2011-ci il təvəllüdlü X7 adlı üç azyaşlı uşağı vardır. Həmçinin özü İİ qrup əlildir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağın olmasını və İİ qrup əlil olmasını cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon icra və probasiya şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə Qəbələ rayon icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin sanksiyasının göstərişinə əsasən, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərkən, maddi sübut qismində tanınmış Mondial 150 Z-ONE markalı 99 B 238 dövlət qeydiyyat nişanlı motosikletin və VAZ-2109 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarılmasını nəzərə alır. İş üzrə ekspertiza xərci 100 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış Mondial 150 Z-ONE markalı 99 B 238 dövlət qeydiyyat nişanlı motosikletin və VAZ-2109 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə xərci 100 (bir yüz) manat Təqsirləndirilən şəxs alınaraq Dövlət büdcəsinə keçirilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinadarlıq Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZE41NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). İş üzrə mülki iddia yoxdur. Hökmdən 20 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №1(025)-8/2021
Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-8/2021
15.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver