Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 1(025)-9/2021 01.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qafarlı Yelmar Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikasının Baş Prokorluğunun Dövlət X1 rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1997-ci il təvəllüdlü, Qəbələ rayon Tikanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, orta təhsilli, məhkumluğu olmayan, Qəbələ rayon Tikanlı kəndində qeydiyyatda olmaqla Qəbələ rayon Mıxlıqovaq kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 13 radələrində yaşadığı Qəbələ rayon Mıxlıqovaq kəndindəki həyət qapısının yanındakı ara yolda özünə məxsus olan itini nəzarətsiz buraxmasına görə ona irad bildirən qonşusu Zərərçəkmiş şəxs ilə mübahisə edib həyətində saxladığı beysbol idman oyununda istifadə olunan toxmağı gətirib həmin toxmaqla qəsdən sonuncunun başının arxa sol hissəsindən bir dəfə qəsdən vuraraq ona başın arxa sol ənsə nahiyyəsinin əzilmiş-cırılmış xəsarəti kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran bədən xəsarəti yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qonşusudur, Elvin və onun ailəsi ilə özü və ailələrinin münasibətləri olmamış, səbəbi isə uzun müddətdir ki, aralarında torpaq üstündə qonşu münaqişələrinin baş verməsidir. Belə ki, Elvingillə kəndin mərkəzinə gedən yolları eyni olmuş, həmin yol dar piyada yolu imiş. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 12:30 radlərində dostu Əsədlə birgə qeyd etdiyi yolda qaz borusunun üzərində oturmuşlar. Bu zaman Elvinin həmin yolla evlərinə tərəf getdiyini görmüş, həmin vaxt özünə məxsus olan iti boynu və ağzı açıq şəkildə yolda Elvindən təxminən 30 metr məsafədə imiş. Elvin itin yanına yaxınlaşada itdən müdafiə olunmaq üçün çəpərdən bir ağac çəkib çıxartmaq istəmiş, həmin çəpər Əsədin qardaşının bağının çəpəri olduğundan ağacı çıxartmaq istədikdə Əsəd ona çəpəri dağıtmamasını tələb etmişdir. Elvin də ağac çıxartmadan yoluna davam edərək sakitcə gəlib itin yanından keçib evlərinə getmiş, Elvinin onunla və Əsədlə heç bir mübahisələri olmamışdır. Təxminən 5 dəqiqə sonra Əsədlə evə su içməyə getməyi qərar almışlar. Təxminən 150 metr evlərinə tərəf getdikdə Elvin və İlkinin həyətlərindən onlara doğru gəldiyini, ikisinin də əlində ağac olduğunu görmüşdür. Onlara çatanda Elvin Əsədin ona ağac çıxartığı zaman tutduğu irada görə Əsədə “sən niyə anqırırsan?” demiş, bu sözə Əsədlə Elvin arasında söz mübahisəsi düşmüş, lakin, dava olmamışdır. Həmin vaxt Elvin itin yiyəsinin ünvanına ağır nalayiq söyüşlər söyməyə başlamış, Elvinə söyüş söyməməyi, lazım olsa iti bağlayacağını demiş, lakin, Elvin söyüşlərinə davam etmişdir. Buna görə də Elvinin paltarının yaxasından tutmuş və “səninlə dalaşmaq istəmirəm” demiş, bu zaman Elvin yenə də Əsədlə mübahisəyə davam edəndə Elvingilin əlində ağac olduğundan evə gedib həyətdə saxladığı özünə məxsus olan beysbol ağacını dava olsa ondan istifadə etmək üçün gətirimək qərarına gəlmişdir. Elvingili orada qoyub tez həyətlərinə gəlib həyətdə qoz ağacının dibində saxladığı və ağacdan qoz salmaq üçün istifadə etdiyi beysbol idman ağacını götürmüş və əlində həmin ağacla gəlib Elvingilə çatmışdır. Elvin və Əsəd yenə də mübahisə edirmişlər, onlara çatıb Elvinə “çıx get” demiş, Elvin yenə də nalayiq söyüş söymüş, artıq atası Vacib də oraya gəlmişdir. Elvinlə əllərində ağac bir-birinə tərəf uzadırmışlar, ancaq vurmurmuşlar. Elvinin ona tərəf uzatdığı ağac təsadüfən sağ əlinin 5-ci barmağına dəyərək xəsarət yetirmişdir. Bu zaman Vacib Elvinə “bu it səni tutmayıb, dəyməyib, utanmırsız? dava dalaş etmiyin” deyərək öyüd-nəsihət verirmiş. Elvin əlində ağac atasının üzərinə qıcanmışdır ki, onu vursun. Bu zaman Elvinin sol tərəfində bir addım geridə imiş və həmin vaxt beysbol idman ağacını nazik hissəsindən hər iki əli ilə tutub onun qalın hissəsini havaya qaldırıb Elvinin başının sol tərəfindən qəsdən qüvvətli bir dəfə zərbə vurmuş, zərbədən Elvin yerə yıxılmış, İlkin də orada qaçıb evləri tərəfə getmiş, Elvinin başından qan açılmış, atası onu Elvini vurmağıma niyə vurdun?” deyərək üstünə qışqırmış, yaxında olan it Elvinin üzərinə hücum edərək yerdə onun sol qolunun alt tərəfindən, sinəsindən dişləməyə başlamış, atası da iti dalaşıb onu Elvindən ayırmışdır. Orada dayanmayıb çıxıb uzaqlaşmış, kənd mərkəzinə gəlmiş, sonradan mobil telefonuna zəng gəldikdə Elvingilin ondan polisə şikayət etdiyini bilmiş, araşdırma zamanı polis əməkdaşlarına Elvini vurduğu yeri və Elvini vurduğu beysbol idman ağacı təqdim etmişdir. Hal-hazırda törətdiyi əməldən peşmandır. Zərərçəkmişlə barışmışdır. Təqsirləndirilən şəxs sonda məhkəməyə ərizə təqdim edərək Zərərçəkmiş şəxs ilə barışdığını, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib, barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşusudur, lakin, Feruzla münasibəti Feruzun yaşadığı Mıxlıqovaq kəndində normal xarakterizə olunmadığına görə yaxşı olmamışdır. xx xxxxxx 2020ci il tarixdə saat təxminən 12:30 radələrində Qəbələ şəhərində dişlərini müalicə etdirib ara yolla pidaya evlərinə gedirmiş. Həmin yolla piyada gedən zaman Feruzun itini həmin yolda görmüş, itlə arasında 50 metr məsafə olarmış. Feruz və Feruzun dostu Əsəd isə itdən bir qədər aralı, qaz borusunun üzərində oturub siqaret çəkirmişlər. Feruzun iti tutağan olmasını bilmiş, buna görə də özünə dəfələrlə bu barədə demiş, itini bağlı saxlamasını istəmişdir. Ancaq Feruz itini bağlı saxlamamış, iti başıaçıq kəndə, həmçinin həyətinə, yol verinə buraxırmış. İtin tutağan olmasına görə çəkinib özünə ağac axtarmaq üçün çəpərdən ağac çıxartmağa cəhd etmiş, ondan təxminən 20 metr məsafədə olan Əsəd “çəpər əmimindir, çəpəri sökmə” demiş, buna görə çəpərdən ağac çıxartmamış, yerdən ağac tapıb götürmüş ki, itin yanından keçə bilsin. Əlində ağac itə çatanda it onun üstünə mırıladamış, iti ağacla oradan qovmuş, it də bir qədər aralı bağ yerinə keçmişdir. Feruzgilə salam vermədən əlində ağac yoluna davam edirmiş ki, Əsəd və Feruz arxası ilə gəlib onu saxlamışlar və Feruz “mənim itimi niyə vurursan? mənim itim tutan it deyil” demiş, Feruza “bütün kənd sənin itindən narazıdır, iti bağlayın” demişdir. Bu zaman Feruz “burda dayan indi gəlirəm” demiş, bunu deyib Feruz qaçaraq evlərinə getmiş, Feruzun nə üçün evlərinə getməsini soruşmamışdır. Əsədlə də söhbət edərək ona “Feruzdan uzaq ol, yaxşı uşaq deyil” kimi sözlər dedikdə Əsəd də “mən qoşulmuram, mənlik deyil, özünüz bilərsiniz” deyə cavab vermişdir. Yoluna davam edib getmək istəyərkən iki dəqiqə içində Feruz atası ilə birgə gəlmiş, Feruzun hər iki əlləri arxasında olduğundan əlində nə olduğunu görməmişdir. Atası Vacib ona yaxınlaşıb əli ilə sinəsindən tutub “sən kimsən ki, mənim itimi vurursan?, mənim itim tutan deyil” demiş, Vacibə “itin tutandır, mən onu vurmamışam, itini bağla, hamı narazıdır” deyə cavab vermişdir. Həmin zaman Feruz onun arxasında imiş və Vaciblə söhbət etdiyindən fikir verməmiş, Vacibin qolundan tutub onu sinəsindən kənara etmiş, Vacib əlini buraxan kimi başının arxasından sol tərəfindən güclü ağrı hiss etmiş və yerə yıxılmış, arxadan Feruz onu vurduğunu bilmiş, ancaq nə ilə vurduğunu həmin an bilməmişdir. Ağzıaşağı yerı yıxılı vəziyyətdə imiş, Feruzun itinin üzərinə tulandığını hiss etmiş, it üzərinə tullanıb sağ qoltuğunun altından dişləməyə başlamış, həmçinin, sinəsinin sol tərəfini də cırmaqlamışdır. Bu zaman Vacib iti qovmuş, yıxılı vəziyyətdə qalmış, özünü pis hiss etdiyindən artıq baş verənlərə reaksiya verə bilməmiş, az sonra oraya anası İlahə, atası Elçin, qardaşı İlkin oraya gəlmiş, onu ayıldıb evə aparanda Feruzu orada görməmişdir. Evə çatdıqdan sonra arvadı Nərminə təcili tibbi yardım avtomobili çağırmış, polisin 102 xidmətinə məlumat vermişdir. Həkimlər gəlib onu xəstəxanaya aparmışlar, bundan sonra Feruzdan və Vacibdən polisə şikayət ərizəsi yazmışdır. Bu hadisədən 2-3 gün sonra evdə olan zaman Feruz öz çəpərlərindən həyət qapısının qarşısında ünvanına nalayiq söyüşlər söyüb sözlə öldürməklə hədələmiş, ancaq bayıra çıxmamışdır. Dava zamanı nə Feruzu, nə Vacibi və ya başqa kimsəni vurmamış və əlində olan ağacla Feruzla bir-birilərinə müqavimət göstərməmişlər. Feruzu ağacla və sair formada vurmamışdır. Feruz ağac emalı sexində Şəmkir rayonunda işlədiyindən orada xəsarət ala biləcəyini düşünmüşdür. İtin sahibini və ya başqa kimsəni söyməmiş və qardaşı İlkinin oraya sonradan gəlmişdir. Sonradan Feruzun onun başına beysbol ağacı ilə vurduğunu bilmişdir. Başına xəsarəti Feruz beybol idman ağacı ilə vurub yetirmiş, bədənindəki xəsarətləri isə it dişləmişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmışdır və ona qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs sonda məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, Təqsirləndirilən şəxs barəsində cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs qonşusu, Zərərçəkmiş şəxs isə oğludur. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 12 radələrində arvadı İlahə digər oğlu İlkini kənddəki çaya həyətlərinə su buraxmaq üçün yollamışdır. Az sonra oğlu İlkin evə gələrək bildirmişdir ki, yol yerində Elvinin nəsə səsi gəlir, itin də səsi var. Təcili olaraq yol yerinə getmək lazımdır. O, İlkin, arvadı İlahə yol yerinə gedib görmüşlər ki, Elvin yerə yıxılıb, onun başından qan axır. Vacib isə orada aralı dayanmışdır. Elvindən nə baş verdiyini soruşanda Elvin Feruzun onun başına vurub qaçdığını demişdir. O da buna görə Vacibə irad bildirmişdir. Vacib isə demiş ki, “mən nə edim axı, mən gələndə oldu”. Bundan sonra Elvini evə gətirmişlər və bu barədə polisə, həmçinin, təcili tibbi yardıma məlumat verərək Elvini xəstəxanaya aparmışlar. Təhqiqat zamanı sonradan bilmişlər ki, Feruz itini açıq saxlamış, Elvin də itə görə evə gələn zaman iti qovmuş, buna görə Feruzla düşən mübahisə zamanı Feruz beyzbol ağacı ilə onun başının arxasından sol tərəfindən vurub xəsarət yetirmişdir. Həmçinin it də Elvini dişləyərək Elvinin bədəninə xəsarət yetirmişdir. Hadisəni birbaşa görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Şahid4 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişlər. Məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etiraf edici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi, istintaq protokolları və aşağıda göstərilən digər sübutlarlada təsdiq edilir. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X4-Təcrübi və X2 rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 396 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində başın arxa sol ənsə nahiyyəsinin əzilmiş-cırılmış, sağ qoltuqaltı nahiyyənin deşilmiş-cırılmış yaraları, döş qəfəsinin ön sol yuxarı körpücükaltı nahiyyənin qançırı və sol dirsək oynağının arxa səthinin sıyrıqları kimi xəsarətləri vardır. Başın arxa sol ənsə nahiyyəsinin əzilmiş-cırılmış yarası, döş qəfəsinin ön sol yuxarı körpücükaltı nahiyyəsinin qançırı və sol dirsək oynağının arxa səthinin sıyrıqları sərt küt lətin(əşyaların) təsirindən, sağ qoltuqaltı nahiyyədəki deşilmiş-cırılmış yaralar, deşici xarakterə malik olan alətin(əşyaların-heyvan dişlərinin) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə və şəraitdə yəni xx xxxxxx 2020-ci il tarixdə törənməsinə uyğun gəlir.Bədən xəsarətlərinin birlikdə və ayrı-ayrılıqda dərəcələrinə görə başın arxa sol ənsə nahiyyəsinin əzilmiş-cırılmış və sağ qoltuqaltı nahiyyənin deşilmiş-cırılmış yaraları sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə, döş qəfəsinin ön sol yuxarı körpücükaltı nahiyyəsinin qançırı və sol dirsək oynağının arxa səthinin sıyrıqları isə birlikdə və ayrı ayrılıqda sağlamlığa zərər vurmayan bədən xəsarətlərinə aiddir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinin təqdim etdiyi xx.xx.2020-ci il tarixli 3/1117 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet kustar üsulu ilə hazırlanmış beysbol idman oyununda istifadə olunan toxmaqlara uyğun gəlir, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişən əlavə və dəyişiklik edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət X6 Bölmələrini İdarəetmə Birliyi “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X5 3/632 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs Qəbələ RMX PHŞ-in polikilinika şöbəsinin psixiatrik, narkoloji və nevroloji kabinetində qeydiyyatda deyildir, Təqsirləndirilən şəxs isə Qəbələ RMX PHŞ-in polikilinika şöbəsinin psixiatrik kabinetində “nevrosteniya qıcolmalarla” diaqnozu ilə qeydiyyatdadır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonevroloji Dispanserinin xx xxxxxx 2020-ci il tarili 646 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən, o öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur.Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacı yoxdur. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmiş və Cinayət Məcəlləsinin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs məhkəmə təqdim etdiyi ərizədən görünür ki, o Zərərçəkmiş şəxs ilə barışmışdır. Buna görə də iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edir. Məhkəmə, təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məqsədəuyğun hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs əməli məhkəmə iclasında təqsirləndirilən şəxsin öz etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi, hadisə yerinə baxış protokolu, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Azərbaycan Respublikası CPM-nin 40.3.-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı həmin Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi, Azərbaycan Respublikası CPM-nin 40.3. və 43.1.2-ci maddələri tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qəbələ rayon Polis şöbəsində saxlanılan 01 ədəd beysbol idman toxmağı qərar öz qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası CPM-nın 40.3, 43, 321, 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkam tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qəbələ rayon Polis şöbəsində saxlanılan 01 ədəd beysbol idman toxmağı, qərar öz qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinadarlıq Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab AZE 41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). İş üzrə mülki iddia yoxdur. Qərardan 20 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №1(025)-9/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №1(025)-9/2021
01.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver