Məhkəmə qərarları › İş №1(025)-9/2022

Qəbələ Rayon Məhkəməsi Hökm — İş №1(025)-9/2022

25.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qəbələ şəhəri İş № 1(025)-9/2022 25.05.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, qanuni nümayəndə Şahid3 və təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2004-cü ildə Qəbələ rayonu, Yengicə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, X5 Təhsil Mərkəzində təhsil alan, işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Yengicə kəndində qeydiyyatda olan və yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 15 yanvar 2022-ci il tarixdən 16 yanvar 2022-ci il tarixə keçən gecə saat 02 radələrində Qəbələ rayon Yengicə kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs MMC-yə məxsus olan “X4 və SPA” adlı otelin müştərilər üçün nəzərdə tutulan iki mərtəbəli “103” nömrəli kotecin birinci mərtəbəsindəki pəncərəsini sökməklə oradan qanunsuz içəriyə daxil olub, birinci mərətəbəsindəki otaqda olan həmin MMCyə məxsus 150(bir yüz əlli) manat dəyərində 01 ədəd “LG” markalı, 82 sm dioqanallı televizoru gizli yolla talayıb əvəzsiz və qanunsuz ələ keçirməklə oğurluq cinayətini törətmişdir.. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 15.01.2022-ci il tarixdə “X4 və SPA” adlı oteldən oğurluq etmək qərarına gəlmiş, həmin otelin ərazisindəki koteclərin birində televizor olduğu əvvəlcədən ona məlum imiş. Belə ki, həmin otelin ərazisindən qoz meyvəsi yığan zaman kotecin pəncərəsindən içəriyə göz gəzdirdikdə kotecin içərisində televizor olduğunu görmüşdür. Ona görə də 15.01.2022-ci il tarixdən 16.01.2022-ci il tarixə keçən gecə saat 02 radələrində yaşadığı evdə ailə üzvləri yatdıqdan sonra evdən çıxıb qonşularının bağ sahəsi ilə keçərək sözü gedən otelin həyətinə, kotecin yerləşdiyi yerə gəlmiş, həmin kotecin nömrəsi 103 imiş. Kotecin qapısını yoxlamış, qapı bağlı olduğu üçün kotecin yan tərəfində olan pəncərəsinin yanına yaxınlaşmış, pəncərənin şüşəsini əli ilə çıxarıb içəriyə daxil olmaq qərarına gəlmiş, pəncərənin şüşəsini saxlayan çərçivəni əli ilə sökmüş, pəncərənin şüşəsinin bir hissəsini çıxarıb yerə qoymuşdur. Daha sonra isə pəncərədən kotecin içərisinə daxil olmuş, kotecdə qiymətli əşya axtarmış, lakin heç nə tapa bilməmiş, bu zaman kotecin daxilində divardan asılmış vəziyyətdə olan “LG” markalı, qara rəngli, təxminən 82 sm dioqanallı televizoru götürmək qərarına gəlmiş və həmin televizoru asıldığı yerdən əli ilə sökərək çıxartmış, televizoru özü ilə birlikdə götürüb kotecə daxil olduğu pəncərədən çölə çıxmış, pəncərədən çölə çıxdıqdan sonra kotecin pəncərəsini əvvəlki vəziyyətə gətirərək yerinə qoymuş, televizoru əlinə götürərək gəldiyi istiqamətdə geri qayıdıb yaşadığı həyətə getmiş, həyətyanı sahədə televizoru heç kimin görməməsi üçün həyətyanı sahəyə birləşik olan bağ sahəsindən ağ rəngli kisə götürüb televizoru həmin kisəyə salaraq həyətyanı sahədə yerləşən heyvan tövləsinin dam hissəsindəki otluqların içərisində gizlətmiş, həmin televizoru oğurladıqdan sonra üstündən bir müddət keçdikdən sonra satmaq qərarına gəlmiş ki, oğurluğun onun tərəfindən edildiyi bilinməsin. Lakin 29.01.2022-ci il tarixdə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar onu polis şöbəsinə izahat verməsi üçün çağırdıqlarından artıq oğurluqdan xəbərdar olduqlarını bildiyi üçün və onun əl-barmaq izlərini polis şöbəsində götürdükləri üçün düşünmüş ki, televizoru aparıb yerinə qoysun ki, onu tapa bilməsinlər. Buna görə də 29.01.2022-ci il tarixdən 30.01.2022-ci il tarixə keçən gecə saat 04 radələrində həmin oğurladığı televizoru aparıb “103” nömrəli kotecin yanına getmiş, əvvəlcə istəmiş ki, televizoru kotecin içərisinə qoysun, lakin kotecin qapıları bağlı imiş və kotecin pəncərəsinin isə təmir edildiyini görmüşdür. Buna görə də televizoru kotecin qarşısına elə həmin ağ kisədə qoyub oradan uzaqlaşmış, lakin sonradan onu Qəbələ RPŞ-yə dəvət edən zaman televizorun üzərində onun əl-barmaq izləri çıxdığı bildirilmiş, o da həmin vaxt etdiyi əməli etiraf etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspert rəyi, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs MMC-nin tabeçiliyində olan otellərə ümumi nəzarəti həyata keçirir, Zərərçəkmiş şəxs MMC-nin tabeçiliyində olan otellərdən biri də Qəbələ rayon Yengicə kəndi ərazisində yerləşən “X4 və SPA” adlı oteldir. Həmin otelə Qəbələ rayon ərazisində nəzarəti isə Qəbələ rayon Soltannuxa kənd sakini X2 həyata keçirir. Həmin otelin özü, eləcə də oteldə olan bütün avadanlıqlar, həmçinin 2022-ci ilin yanvar ayında oğurlanmış 01 ədəd “LG” markalı, 82 sm dioqanallı televizor da Zərərçəkmiş şəxs MMC-yə məxsusdur. Həmin televizorun oğurlanması barədə məlumatı 28 yanvar 2022-ci il tarixdə “X4 və SPA” adlı otelə nəzarət edən Rəşad Abdulhəlimov adlı şəxs ona zəng etdikdən sonra məlumatı olmuşdur. Həmin televizor 2014-cü il istehsallıdır. Elə otelə də 300 manat müqabilində 2014-cü il tarixdə alınaraq qoyulmuşdur. Qeyd edilən televizor Zərərçəkmiş şəxs MMC-nin tabeçiliyində olan Qəbələ rayon Yengicə kəndi ərazisində yerləşən “X4 və SPA” adlı otelin “103” nömrəli kotecində yerləşdirilmişdir. Sonradan məlum olmuş ki, həmin televizoru oğurlayan şəxs elə Yengicə kənd sakini Təqsirləndirilən şəxsdur. Həmin oteldən 01 ədəd “LG” markalı televizordan əlavə heç nə oğurlanmamışdır. Sonda isə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbin olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur, Ayxanın oğurluq hadisəsini törətməsi barədə məlumatı 31.01.2022-ci il tarixdə polis şöbəsinə çağırılan zaman, eləcə də oğlu Təqsirləndirilən şəxs ona bu barədə elə həmin gün məlumat verdikdən sonra olmuşdur, oğlu Ayxan da ona etdiyi oğurluq əməlini, yəni Yengicə adlı otelin 103 nömrəli kotecindən televizor oğurladığını bildirmiş və ondan üzür istəmişdir. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərmişdir ki, “X4 və SPA” adlı oteldə 2018-ci il tarixdən etibarən müdir vəzifəsində işləyir, yəni həmin otelə nəzarət edir. “X4 və SPA” adlı otel Zərərçəkmiş şəxs MMC-yə məxsusdur. Həmin MMC-yə məxsus olan otellərə ümumi nəzarəti isə Nümayəndə həyata keçirir. 2021-ci ilin sentyabr ayından etibarən otel öz fəaliyyətini dayandırsa da, otelin əmlakının qorunması üçün bir neçə şəxs oteldə işləyir ki, onlardan altısı mühafizə işçisi, biri mühafizə rəisi, digər işçilər isə texniki işçilərdir. Mühafizə işçiləri növbə ilə işləyirlər. Hər gün otelin mühafizəçiləri növbəni öz aralarında təhvil alıb təhvil verirlər. 28 yanvar 2022-ci il tarixdə mühafizə rəisi İftixar adlı şəxs ona zəng edərək otelin ərazisində olan iki mərtəbəli “103” nömrəli kotecin birinci mərtəbəsindən “LG” markalı, qara rəngli, təxminən 82 sm dioqanallı televizorun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirmişdir. Buna görə də 28 yanvar 2022-ci il tarixdə “X4 və SPA” adlı otelə, birbaşa “103” nömrəli kotecin yanına getmiş və kotecin pəncərəsinə müdaxilə edildiyini, eləcə də kotecin birinci mərtəbəsindəki otağında divardan asılmış televizorun yerində olmadığını aşkar etmişdir. Daha sonra bu barədə Qəbələ rayon polis şöbəsinə ərizə ilə müraciət etmiş, 30 yanvar 2022-ci il tarixdə məlumatı olmuş ki, həmin televizorun “103” nömrəli kotecin yaxınlığına ağ rəngli kisədə qoyulduğunu eşitmişdir. “X4 və SPA” adlı otelin “103” nömrəli kotecindən əlavə olaraq heç bir əşya oğurlanmamışdır. 15.01.2022-ci il tarixdən 16.01.2022-ci il tarixə keçən gecə “X4 və SPA” adlı otelin mühafizəsini Bəhruz və Yasin adlı şəxslər təşkil etmişdir. Həmin televizorun dioqanalını dəqiq bilmirmiş, təxmini olaraq ilkin izahatında 110 sm dioqanal qeyd etmiş, lakin həmin televizor LG markalı, qara rəngli, 2014-cü il istehsallı və 82 sm dioqanallı olmaqla sonradan otelin “103” nömrəli kotecinin yaxınlığına ağ rəngli kisədə qoyulmuş televizordur. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Qəbələ rayon Böyük Pirəlli kəndində yaşayır və orada qeydiyyatdadır, “X4 və SPA” adlı oteldə 2013-cü il tarixdən etibarən mühafizəçi vəzifəsində işləyir. Həmin otelin oğurluq baş verən “103” nömrəli koteci də mühafizə etdiyi ərazinin hüdudlarındadır. Həmin oteldən “LG” markalı televizorun oğurlanması barədə məlumatı 28 yanvar 2022-ci il tarixdə olmuşdur. Belə ki, həmin gün saat 09 radələrində xidməti təhvil aldıqdan sonra ərazini gəzib baxarkən otelin ərazisindəki “103” nömrəli kotecinin pəncərəsinin şüşə hissəsinə müdaxilə olunduğunu görmüş, həmin vaxt dərhal İftixar adlı mühüfizə rəisinə zəng edərək məlumat vermiş, eləcə də pəncərənin şəklini çəkərək ona göndərmiş, İftixar da onun yanına gəlmiş və birlikdə “103” nömrəli kotecin qapısını açaraq içəriyə daxil olmuşlar və içəridə yerləşən televizorun oğurlandığını aşkar etmişlər. İftixar da bu barədə Rəşad adlı otelin müdirinə məlumat vermişdir. Daha sonra polis əməkdaşlarının kotecdən televizoru oğurlayan şəxsi müəyyən etdiklərini, həmin şəxsin Yengicə kənd sakini Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. 103 nömrəli kotec onun mühafizə etdiyi ərazinin hüdudlarında olduğundan hər dəfəsində növbəni təhvil aldıqda və növbəni təhvil verdikdə koteclərin pəncərə hissəsini əli ilə yoxlayırmış, eləcə də televizorun üzərində çıxan barmaq izi həmin kotecdə 2021-ci ilin dekabr ayında təmir və təmizlik işləri gedən zaman təmir və təmizlik işləri görən şəxslərə nəzarət edərkən televizorun üzərinə əlini qoyaraq söykənib dayandığından həmin televizorun üzərində onun da əl-barmaq izləri aşkar edilmişdir. Lakin Təqsirləndirilən şəxsla heç bir əlaqəsi yoxdur. Məhkəmə iclasında şahidlər Şahid4 və Şahid2 Şahid1 ifadasinə uyğun eyni məzmunlu ifadə vermişlər. İşdə oaln 11.02.2022-ci il tarixli DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin 011-1563- 1222 nömrəli məktubdan görünür ki, mövcud oğurluq hadisəsinin baş verdiyi yerdən götürülmüş əl-barmaq izləri KTİ-in ADİS-in bazasında olan şəxslərin əl əksləri ilə müqayisə edilmiş, müqayisəli tədqiqat nəticəsində təqdim edilmiş 01 ədəd əl-barmaq izinin(televizorun üzərindən götürülmüş) xx.xx.2004-cü ildə Qəbələ rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin adsız barmağı ilə, digər 02 ədədi isə (pəncərə şüşəsinin və televizorun üzərindən götürülmüş) xx.xx.1989-cu il tarixdə Qəbələ rayonunda anadan olmuş Şahid1 sol əlinin adsız barmağı ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 mart 2022-ci il tarixli, 9/1106 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 2014-cü il istehsallı, “LG” markalı, 82 sm dioqanallı televizorun 2022-ci ilin yanvar ayının ortalarına olan orta bazar qiyməti 150,00 manat müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 01.03.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün ibtidai istintaq və ilkin məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadələri, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ibtidai istintaq zamanı və ilkin məhkəmə baxışı zamanı verdikləri ifadələri, ekspert rəyi, digər iş materialları ilə onun saxlanc yerinə qanunsuz daxil olub özgə əmlakını gizli yolla talayaraq oğurluq cinayətin törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayətin törədilməsini, əməlini könüllü etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunduğunu, zərərçəkmiş şəxsin dəymiş maddi ziyanı ödəməsini və ona qarşı heç bir şikayət və tələbin olmamasını, cinayəti törədərkən yetkinlik yaşına çatmayan şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 iyun 2008-ci il tarixli qərarının 15-ci bəndinə əsasən yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən nəzərə almaq lazımdır ki, qanunvericilikdə (CM-nin 85.1-ci maddəsi) bu kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulan cəmi 4 cəza növünün (cərimə, ictimai işlər, islah işləri, müəyyən müddətə azadlıqdan məhrum etmə) hər biri üçün qısaldılmış müddət və ya azaldılmış məbləğ nəzərdə tutulmuşdur. Ona görə də yetkinlik yaşına çatmayanlara CM-nin 85-ci maddəsinə uyğun olaraq CM-nin Xüsusi Hissəsinin sanksiyasında göstərilən cəzanın aşağı həddindən də az cəza təyin edilərkən CM-nin 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş və Həmin Məcəllənin 85.4-1ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. İş üzrə maddi sübut olan bir ədəd “LG” televizor zərərəçəkmiş şəxsin sərəncamında saxlanılmış hesab edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia olmamışdır. Məhkəmə müsadirə ilə bağlı məsələni araşdırır və hazırkı cinayət işi üzrə müsadirə olunmalı olan əmlak aşkar edilmədiyindən xüsusi müsadirə ilə bağlı tədbirin tətbiq olunmasını məqsədə müvafiq hesab etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan bir ədəd “LG” televizor zərərəçəkmiş şəxsin sərəncamında saxlanılmış hesab edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar