Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-1/2025 06.05.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Qobustan Rayon Məhkəməsinin inzibati binasında xx xxxx 1992-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ali təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Şamaxı şəhəri, Nəriman Nərimanov prospekti, ev 112B ünvanında qeydiyyatda olan və orada yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ki, o, istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 400 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı xeyli miqdarda əldə edib, üzərində saxlamaqla Qobustan rayonuna daşımış, 21 yanvar 2024-cü il tarixdə, saat 19:47-də Qobustan RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan şəhəri ərazisində saxlanılaraq Qobustan şəhəri, Heydər Əliyev prospekti 291 ünvanında yerləşən Qobustan RPŞ-yə gətirildikdən sonra orada həmin tarixdə saat 21:00dan 21:09-dək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin ön iç hissəsindən 01 (bir) ədəd qara rəngli polietilen bağlamanın içərisində təmiz çəkisi 400 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı və məhkəmənin 17 aprel 2024-cü il tarixli və sonrakı iclaslarında Təqsirləndirilən şəxs etirafedici ifadələr versə də, 20 iyun 2024-cü il tarixli məhkəmə iclasından başlayaraq əvvəllər verdiyi ifadələri təkzib etmiş, özünü CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməmişdir. 29 oktyabr 2024-cü il tarixdə işə baxılması əvvəldən başlandıqdan sonra Təqsirləndirilən şəxs bildirdi ki, təxminən 16-17 yanvar 2024-cü il tarixlərində dostu ilə atasına məxsus avtomobili idarə etməklə Bakı şəhərinə getmiş və qayıdarkən yol kənarında xarab olan avtomobil görmüşdür. Özünü dostuna göstərmək niyyəti ilə idarə etdiyi avtomobili saxlamış, sürdüyü avtomobildən enərək yol kənarında xarab olan avtomobilə yaxınlaşmış və onun şüşəsini sındırmaqla avtomobildəki monitoru söküb götürmüşdür. Hadisəni araşdıran polis əməkdaşları həmin ərazidən atasına məxsus avtomobilin keçdiyini kameralar vasitəsilə müəyyən etmiş və atasını Qobustan RPŞ-yə aparıb orada iki gün saxlamışlar. Həmin vaxt o özü Bakı şəhərində olmuş, atasının saxlandığını biləndə 19 yanvar 2024-cü il tarixdə gecə yaşadığı Şamaxı şəhərinə qayıtmışdır. 20 yanvar 2024-cü il tarixdə isə atası və tanıdıqları taksi sürücüsü ilə Qobustan şəhərinə gəlmişdir. Qobustan şəhərinə gələrkən öz mobil telefonunu götürməsə də, atasının mobil telefonu ilə Qobustan RPŞ-nin rəis müavini Emin müəllimlə bir neçə dəfə əlaqə saxlayaraq sonuncunun həmin vaxt olduğu restorana gəlmişlər. Atasının mobil telefonu ilə rəis müavini ilə danışarkən digər bir mobil telefon vasitəsilə də həmin danışıqların aparıldığının videoçəkilişini etmişdir. Həmin restoranda polis əməkdaşları ilə görüşüb yol kənarındakı avtomobildən sökdüyü monitoru onlara təhvil vermişdir və birlikdə Qobustan RPŞ-yə gəlmişlər. 20 yanvar 2024-cü il tarixdən 24 yanvar 2024-cü il tarixədək Qobustan RPŞ-də saxlanılmışdır, lakin sənədləşmə işləri aparılarkən onun guya 21 yanvar 2024-cü il tarixdə saxlanıldığı və 23 yanvar 2024-cü il tarixdə buraxıldığı göstərilmişdir. Polis şöbəsində olduğu zaman polis əməkdaşları tərəfindən onunla söhbət aparılmış və oğurluq maddəsi əvəzinə 50 qram narkotik vasitə ilə rəsmiləşdirilməsi ona təklif olunmuş, müqabilində cəza kimi yalnız ayağına qandal vurulacağı bildirilmişdir. Oğurluqla rəsmiləşdiriləcəyi halda isə onu mütləq azadlıqdan məhrumetmə cəzasının gözlədiyi polis əməkdaşları tərəfindən ona bildirilmişdir. O özü əvvəllər də azadlıqdan məhrumetmə növündə cəza çəkdiyinə görə yenidən həmin cəzaya məhkum olunmaqdan qorxmuş, yenidən tutulmaq istəməmiş, eyni şəkildə aldadılan atasının təkidi ilə polis əməkdaşlarının təklifi ilə razılaşmışdır. Sənədləşmə aparılan gün isə onun üzərindən guya aşkar olunan narkotik vasitənin çəkisinin 400 qram olduğunu görəndə buna etiraz etsə də, polis əməkdaşları ona bunun ona veriləcək maddəyə və cəza kimi ayağına qandal vurulmasına heç bir təsiri olmadığını bildirmişlər. Verilən vədlərə inanaraq və azadlıqdan məhrum ediləcəyindən qorxaraq bütün təhqiqat və istintaq dövründə, hətta ilk məhkəmə iclaslarında o, 400 qram narkotik vasitənin guya onda aşkar olunduğunu bildirmişdir. Sonradan tutulacağını anlayaraq məhkəmədə həqiqəti danışmağa başlamışdır. Halhazırda da özünü ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə qətiyyən təqsirli bilmir. Təqsirləndirilən şəxs 26 noyabr 2024-cü il tarixli məhkəmə iclasında əlavə olaraq bildirdi ki, 20 yanvar 2024-cü il tarixdə atası və tanıdıqları taksi sürücüsü ilə səhər saatlarında Şamaxı şəhərindən Qobustan şəhərinə gələrək və yolda Qobustan RPŞ-nin əməkdaşı Şahid1 ilə telefonla danışaraq sonuncunun bildirdiyi Qobustan şəhərinin girişində yerləşən kafeyə gəlmiş və orada bir neçə polis əməkdaşı ilə görüşərək hətta birlikdə çay da içmişlər. Hazırkı iclasda şahid qismində ifadə verən Şahid2 də həmin polis əməkdaşlarının içində olmuşdur. Guya 21 yanvar 2024-cü il tarixdə narkotik vasitə ilə saxlananadək o dəfələrlə Qobustan RPŞ-nin əməkdaşları ilə telefon vasitəsilə danışmışdır. Konkret olaraq, 20 yanvar 2024-cü il tarixdə polis əməkdaşları ilə görüşə gələrkən Şahid1 ***-***-**-** nömrəsi ilə atasına məxsus mobil telefon vasitəsilə danışıq apardığına dair sübutları da var. Atasının istifadə etdiyi mobil nömrələr isə ***-***-**-** və ***-***-**-**-dır. Həmçinin, Şahid2 də istifadə etdiyi nömrə ona məlumdur. Belə ki, Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə danışıqlar apardığına dair sübutları var və hələ 2024-cü ilin mart ayının 20-də Nicatla həmin nömrə ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs 24 dekabr 2024-cü il tarixli məhkəmə iclasında əlavə olaraq bildirdi ki, hələ 18 yanvar 2024-cü il tarixdə onun istifadəsində olan mobil nömrəyə hazırda dindirilən Şahid3 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən zəng olunmuşdur. Lakin zəng edən şəxsin kim olduğunu dəqiq deyə bilməz. Həmçinin, bildirdi ki, 19 yanvar 2024-cü il tarixdə Qobustan RPŞ-də ümumiyyətlə olmamış və heç bir material üzrə həmin tarixdə izahat verməmişdir. Cinayət işinə əlavə edilmiş “Toyota Corolla” avtomobilindən monitor talamasına dair materialdakı 19 yanvar 2024-cü il tarixli izahatdakı imza da onun tərəfindən icra olunmamışdır. Təqsirləndirilən şəxs 25 fevral 2025-ci il tarixli məhkəmə iclasında bildirdi ki, bir çox polis əməkdaşları ilə onun arasında mobil telefon vasitəsilə əsasən “Whatsapp” tətbiqi üzərindən danışıqlar olmuş və həmin danışıqların bir hissəsini o, digər bir telefon vasitəsilə çəkiliş etməklə lentə almışdır. Həmin danışıqlara qulaq asdıqda polis əməkdaşlarının onun təqsirsiz olması barədə məlumatlı olmalarını anlamaq mümkündür. Onda olan videoçəkilişləri diskə köçürməklə məhkəməyə təqdim etmişdir. Təqsirləndirilən şəxs 11 mart 2025-ci il tarixli məhkəmə iclasında özünün Qobustan RPŞ-nin əməliyyat müvəkkilləri Samir, Vüsal, polis serjantı Aydın və adını bilmədiyi daha bir polis əməkdaşı tərəfindən 11 mart 2025-ci il tarixdə, saat 15:00-16:00 radələrində əvvəlcə Şamaxı şəhərində avtovağzala yaxın ərazidə atasının dükanının qarşısında döyülərək avtomobilə oturulduğu, daha sonra isə Qobustan RPŞ-yə gətilərək döyülməsi və hazırkı məhkəmədə etirafedici ifadələr verməsi üçün təzyiqə məruz qalması barədə məlumat vermişdir. Məhkəmənin 26 noyabr 2024-cü il tarixli iclasında şahid qismində dindirilmiş Qobustan RPŞ-nin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 21 yanvar 2024-cü il tarixdə mötəbər mənbələrdən Qobustan rayonu ərazisində Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğuna dair məlumat daxil olmuşdur. Bununla əlaqədar dərhal qrupun rəhbəri kimi Qobustan RPŞ-nin CAB-nin rəisi Şahid1, ondan və CAB-nin əməliyyat müvəkkili Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Məlumatın yoxlanılması üçün o və əməliyyat müvəkkili Şahid3 Qobustan şəhərində “Nərimankənd dairəsi” deyilən əraziyə yollanmış, orada yol kənarında Təqsirləndirilən şəxs görüb ona yaxınlaşmış və özlərini təqdim edərək polis şöbəsinə daxil olmuş məlumat barədə məlumat verməklə Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs öz razılığı ilə onlar Qobustan RPŞ-yə getmiş, orada inzibati binada təhqiqatçı Şükran Cavadzadə tərəfindən vəkil Pərvanə Hüseynovanın iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və onun əynində olan qara rəngli gödəkçənin ön içəri hissəsində iri bağlama aşkar olunmuşdur. Həmin bağlamadakı maddənin qurudulmuş marixuana olduğuna dair Təqsirləndirilən şəxs özü məlumat vermiş və bağlamanın çəkisinin də 400 qram olduğu müəyyən edilmişdir. Verilmiş suallar ətrafında Şahid2 bildirmişdir ki, 21 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs saxlanana qədər onu tanımamış və heç bir şəkildə heç bir əlaqələri olmamışdır. Təqsirləndirilən şəxs saxlanan günədək onunla heç vaxt telefon vasitəsilə əlaqə saxlamamışdır. Eyni zamanda, 20 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs bildirdiyi Qobustan şəhərinin girişindəki kafedə olmamış və Bilalla orada görüşməmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı vaxt o özü ***-***-**-** mobil nömrəsindən istifadə etmişdir, 3-4 ay olar ki, məhkəmə iclasında ucadan səsləndirmək istəmədiyi, lakin xidməti vəsiqəsinin kserosurətinin yanında yazılı şəkildə qeyd etdiyi adını çəkmək istəmədiyi dostu tərəfindən hədiyyə olunmuş və əvvəllər istifadə edilməmiş mobil nömrədən istifadə edir. Lakin hazırkı məhkəmə iclasında Təqsirləndirilən şəxs hazırda şahid qismində ifadə verən Şahid2lə hələ 2024-cü ilin mart ayının 20-də Nicatın istifadəsində olan ***-***-**-** mobil nömrəsi vasitəsilə danışıqlarına dair sübutlarının olduğunu bildirdikdə Şahid2 xidməti vəsiqəsinin kserosurətində də özünün qeyd etdiyi, lakin məhkəmə iclasında səsləndirmədiyi mobil nömrənin ***-***-**-** olduğuna dair hər hansı bir izah verə bilməmişdir. Məhkəmənin 24 dekabr 2024-cü il tarixli iclasında şahid qismində dindirilmiş Qobustan RPŞ-nin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, 21 yanvar 2024-cü il tarixdə mötəbər mənbələrdən Qobustan rayonu ərazisində Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğuna dair məlumat daxil olmuşdur. Bununla əlaqədar dərhal qrupun rəhbəri kimi Qobustan RPŞ-nin CAB-nin rəisi Şahid1, ondan və CAB-nin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Məlumatın yoxlanılması üçün o və əməliyyat müvəkkili Şahid2 Qobustan şəhərində “Nərimankənd dairəsi” deyilən əraziyə yollanmış, orada yol kənarında Təqsirləndirilən şəxs görüb ona yaxınlaşmış və özlərini təqdim edərək polis şöbəsinə daxil olmuş məlumat barədə məlumat verməklə Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs öz razılığı ilə onlar Qobustan RPŞ-yə getmiş, orada inzibati binada təhqiqatçı Şükran Cavadzadə tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və onun əynində olan qara rəngli gödəkçənin ön içəri hissəsində iri bağlama aşkar olunmuşdur. Həmin bağlamadakı maddənin qurudulmuş marixuana olduğuna dair Təqsirləndirilən şəxs özü məlumat vermişdir. Verilmiş suallara cavab olaraq Şahid3 bildirdi ki, 18 yanvar 2024-cü il onun Qobustan RPŞ-də ilk iş günü olmuşdur və saxlanıldığı anadək heç vaxt Təqsirləndirilən şəxslə hər hansı əlaqəsi, o cümlədən telefon danışığı olmamışdır. Özü ***-***-**-** mobil nömrəsindən istifadə edir və həmin nömrə ilə Təqsirləndirilən şəxslə hər hansı danışıq aparmamışdır. Təqsirləndirilən şəxs saxlanıldığı günlərdə Qobustan şəhərinin girişindəki yol polisi postunun yaxınlığındakı kafedə olmuşdur, lakin orada Təqsirləndirilən şəxslə heç vaxt rastlaşmamışdır. Məhkəmənin 14 yanvar 2025-ci il tarixli iclasında şahid qismində dindirilmiş Qobustan RPŞ-nin əməliyyat işi üzrə rəis müavini Şahid1 ifadəsində göstərdi ki, 16 yanvar 2024-cü il tarixdə Qobustan RPŞ-yə Fərid Poladzadə adlı şəxsin “Toyota Corolla” markalı avtomobilindən monitorun talanmasına dair məlumat daxil olmuşdur. Həmin vaxt o, Qobustan RPŞ-nin Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsində işlədiyinə görə hadisə yerinə baxış keçirmiş və bir müddət sonra hadisənin Təqsirləndirilən şəxs tərəfindən törədildiyinə dair məlumat daxil olmuşdur. Həmin günlərdə o, bir neçə dəfə Təqsirləndirilən şəxs atası və özü ilə mobil telefon vasitəsilə əlaqə saxlamışdır. Bildiyinə görə, 19 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs polis şöbəsinə gələrək təhqiqatçı Şükran Cavadzadəyə izahat vermiş və dərhal polis şöbəsini tərk etmişdir. Talanmış monitoru gətirmədiyinə görə həmin əmlakın qaytarılmasını təmin etmək, o cümlədən talama zamanı Təqsirləndirilən şəxs yanında başqa şəxslərin olub-olmamasını müəyyən etmək üçün o, daha bir neçə dəfə Təqsirləndirilən şəxs ilə mobil telefon vasitəsilə əlaqə saxlamışdır. Həmin danışıqlar zamanı o, Təqsirləndirilən şəxs müxtəlif yerlərə, o cümlədən Qobustan şəhərinin girişində yerləşən şərti olaraq “Mərəzə postu” adlandırılan yol polisinin stasionar postunun yanındakı kafeyə dəvət etmiş və Təqsirləndirilən şəxs ilə görüşüb müəyyən məlumatlar əldə etmək istəmişdir. Lakin Təqsirləndirilən şəxs telefon danışıqları zamanı hər dəfə görüşə gələcəyini bildirsə də, onu aldatmışdır. 21 yanvar 2024-cü il tarixdə isə Təqsirləndirilən şəxs Qobustan rayonu ərazisində olduğuna və üzərində narkotik vasitə gəzdirdiyinə dair əməliyyat məlumatı olmuş, məlumat əsasında əməliyyat qrupu yaradılaraq o da qrupun rəhbəri təyin edilmişdir. Qrupun rəhbəri olsa da, nə Təqsirləndirilən şəxs saxlanılması prosesində, nə də onun üzərinə baxış keçirilməsi prosesində iştirak etməmiş və həmin vaxt baş verənlərin şahidi olmamışdır. Özü ***-***-**- ** mobil nömrəsindən istifadə edir və həmin nömrə ilə bir neçə dəfə də Təqsirləndirilən şəxs və atası ilə danışsa da, narkotik vasitələr barədə aralarında hər hansı söhbət olmamışdır. Məhkəmənin 14 yanvar 2025-ci il tarixli iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Dəqiq tarixini xatırlamasa da, hadisə baş verən vaxt polis əməkdaşları onu yaşadığı Şamaxı şəhərindən götürüb Qobustan RPŞ-yə gətirmişlər. 1 gün ərzində Qobustan RPŞ-də saxlanılmış və hansısa avtomobildən monitorun oğurlanması ilə bağlı sorğu-sual edilmişdir. Onun həmin hadisəni törətmədiyini görüb oğlunu polisə çağırması təklif olunmuşdur. O da həmin vaxt Bakı şəhərində olan oğlu Bilalla danışıb sonuncunun gəlməsini istəmişdir. Bilal Şamaxı şəhərinə yaşadıqları evə qayıtmış və 20 yanvar 2024-cü il tarixdə o, oğlu Bilal ilə birlikdə, tanıdıqları Məhəmməd adlı taksi sürücüsünün avtomobili ilə Qobustan rayonuna gəlmişlər. Yolda gələrkən onun istifadəsində olan telefonla polis əməkdaşı Emin müəllimlə əlaqə saxlamışlar və sonuncu da onların Qobustan şəhərinin girişindəki “Mərəzə postu” deyilən yerin yaxınlığındakı kafeyə gəlmələrini istəmişdir. Həmin kafedə bir neçə polis əməkdaşı ilə oturub çay içmişlər və Bilal avtomobildən monitor taladığını səmimi etiraf etməklə həmin cihazı da polislərə təqdim etmişdir. Bundan sonra Bilal polislərin avtomobili ilə, o özü isə gəldiyi taksi sürücüsü ilə birlikdə Qobustan RPŞ-yə getmişlər. Polis şöbəsində Emin müəllim bildirmişdir ki, Bilal əvvəllər də talama cinayəti törətdiyinə görə residivistdir və daha yüngül cəza alması üçün Bilalı narkotiklə “rəsmiləşdirməyi” təklif etmişdir. Emin müəllim bildirmişdir ki, buna görə Bilal azadlıqdan məhrum edilməyəcəkdir. Bilal bununla razılaşmasa da, o, bir ata kimi oğlunun tutulmasını istəmədiyinə görə Bilalı narkotik vasitə saxlamağa görə özünü təqsirli bilməyə razı salmışdır. Sonra Bilal təxminən 3 gün ərzində polis şöbəsində qalmış, o isə gəldiyi taksi ilə Şamaxı şəhərinə geri qayıtmışdır. Verilmiş suallar ətrafında Elşən Abdullayev bildirmişdir ki, oğlu tutulandan 10-15 gün sonra Emin müəllim ondan cinayət işindəki sənədləri imzalamağa Bilalı məcbur etməyi xahiş etmişdir. Lakin əvvəldən özünü narkotik istifadəsində təqsirli bilməyə də bir ata olaraq Bilalı o razı salmışdır. Məqsədi isə yalnız oğlunu qorumaq olmuşdur. Məhkəmənin 25 fevral 2025-ci il tarixli iclasında şahid qismində dindirilmiş Qobustan RPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi X20 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ibtidai istintaq onun tərəfindən aparılmışdır. İbtidai istintaq dövründə Təqsirləndirilən şəxs aparılmış bütün prosessual hərəkətlər zamanı və ifadələri alınarkən özünü təqsirli bilmiş və sonuncuya hər hansı bir təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs atasını da ibtidai istintaq aparılarkən görməmişdir. Eyni zamanda, bildirdi ki, hazırkı məhkəmə iclasında onun iştirakı ilə izlənilən videogörüntülərdəki Təqsirləndirilən şəxslə danışıq aparan şəxs o özüdür, həmin videogörüntülərdəki danışıq onunla Təqsirləndirilən şəxs arasında telefon vasitəsilə baş tutmuşdur. Həmin ərəfələrdə Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə hallarının müəyyən olunması üçün ekspertizaya getməkdən yayındığına görə onunla əlaqə saxlamış və ekspertizadan keçibkeçmədiyini dəqiqləşdirmişdir. Danışıq zamanı Təqsirləndirilən şəxs müəyyən provokativ fikirlər səsləndirsə də, o, Təqsirləndirilən şəxslə artıq danışığa yol verməmiş və iradlarını gəlib polis şöbəsində bildirməyi təklif etmişdir. Məhkəmənin 24 sentyabr 2024-cü il tarixli iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, özü taksi fəaliyyəti ilə məşğuldur, əvvəllər tanıdığı Elşən Abdullayevin xahişi ilə sonuncunu və onun oğlu Bilalı Şamaxı şəhərindən Qobustan şəhərinin girişində dövlət yol polisi postunun yanında yerləşən restorana gətirmiş, həmin vaxt oraya ağ rəngli avtomobillə mülki geyimli dörd nəfər şəxs gəlmiş və Elşən Abdullayev və onun oğlu Bilalla restoranda bir müddət əyləşib söhbət etmişlər. Həmin şəxslərin polis əməkdaşı olub-olmadığını bilmir və onlarla restoranda oturmamış, çöldə gözləmişdir. Söhbət etdikdən sonra həmin şəxslər Bilalı öz avtomobillərinə əyləşdirib Qobustan RPŞyə aparmışlar. Elşən Abdullayev də onun avtomobili ilə Qobustan RPŞ-yə getmiş və o da polisin inzibati binasına daxil olmuşdur. Xeyli müddət gözlədikdən sonra Elşənin və Bilalın gəlmədiyini görüb o özü Şamaxı şəhərinə qayıtmışdır. Həmin hadisənin baş verdiyi tarixi dəqiq xatırlamır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Qobustan RPŞ-nin TQ-nin təhqiqatçısı, polis baş leytenantı X15 tərəfindən qəbul edilmiş cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi barədə 22 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai araşdırmanın davam etdirilməsi üçün istintaq aidiyyəti üzrə göndərilmişdir; Qobustan RPŞ-nin rəisinə ünvanlanmış 21 yanvar 2024-cü il tarixli raportdan görünür ki, Şamaxı şəhərində anadan olan, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Qobustan rayonu ərazisində narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olması barədə Qobustan RPŞ-yə ayrı-ayrı və qərəzsiz mənbələrdən əməliyyat məlumatları daxil olmuşdur. Həmin şəxsin cinayət əməlini ifşa etmək məqsədi ilə onun üzərində şəxsi axtarış keçirilməsi məqsədəmüvafiq hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbiri həyata keçirilməsinə icazə verilməsi xahiş olunmuşdur; Qobustan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 tərəfindən qəbul edilmiş və Qobustan RPŞ-nin rəisi, polis polkovniki Bəhruz Cabbarov tərəfindən təsdiq edilmiş 21 yanvar 2024-cü il tarixli təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərardan görünür ki, həmin qərarla Şamaxı şəhərində anadan olan, ünvan 4 ünvanında qeydiyyatda olmaqla orada yaşayan, xx xxxx 1992-ci il təvəllüdlü, subay, ali təhsilli, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs ətrafında əməliyyat müşahidələrinin keçirilməsi, Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitələr və digər cinayətin törədilməsində istifadə olunan əşyaların və maddi sübutların aşkar edilməsi məqsədilə dərhal saxlanılan zaman üzərinə şəxsi axtarış və təxirə salınmadan onun yaşadığı ünvana baxış keçirilməsi qərara alınmışdır; Qobustan RPŞ-nin rəisi, polis polkovniki Bəhruz Cabbarov tərəfindən qəbul edilmiş 21 yanvar 2024-cü il tarixli əmrdən görünür ki, Şamaxı şəhərində anadan olan, ünvan 4 ünvanında qeydiyyatda olmaqla orada yaşayan xx xxxx 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Qobustan rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Qobustan RPŞ-yə ayrı-ayrı, məlum və qərəzsiz mənbələrdən əməliyyat məlumatlarının daxil olması ilə əlaqədar əmr edilmişdir ki, müvafiq əməliyyataxtarış tədbirlərinin keçirilməsi məqsədilə Qobustan RPŞ-nin əməkdaşlarından ibarət aşağıdakı tərkibdə əməliyyat-axtarış qrupu yaradılmışdır: Qrupun rəhbəri CAB-nin rəisi, polis mayoru Şahid1, üzvləri CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 və CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3; Qobustan Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli, 5(026)-2/2024 saylı qərarından görünür ki, həmin qərarla Qobustan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən qəbul edilmiş ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan xx xxxx 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ətrafında əməliyyat müşahidələri keçirilməsi, yaşadığı ünvanda narkotik vasitələr və digər cinayətin törədilməsində istifadə olunan əşyaların və maddi sübutların aşkar edilməsi məqsədilə dərhal saxlanılan zaman üzərinə və təxirə salınmadan onun yaşadığı ünvana baxış keçirilməsinə dair 21 yanvar 2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir; Qobustan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 tərəfindən Qobustan RPŞ-nin rəisi, polis polkovniki Bəhruz Cabbarova ünvanlanmış 21 yanvar 2024-cü il tarixli raportdan görünür ki, ünvan 7 ünvanında qeydiyyatda olmaqla orada yaşayan Təqsirləndirilən şəxs Qobustan rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə alınmış əməliyyat məlumatına əsasən 21 yanvar 2024-cü il tarixdə, saat 19:47 radələrində Qobustan şəhəri ərazisində tərəflərindən saxlanılmışdır. Odur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi keçirilməsi və təhqiqat araşdırmasının aparılması üçün aidiyyəti əməkdaşa göstəriş verilməsi xahiş edilmişdir; Qobustan RPŞ-nin TQ-nin təhqiqatçısı, polis baş leytenantı X15 tərəfindən qəbul edilmiş 21 yanvar 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsində şübhələnməyə əsas verən kifayət qədər əsaslar olduğundan xx xxxx 1992-ci il təvəllüdlü, ünvan 8-də yaşayan Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır; Qobustan RPŞ-nin TQ-nin təhqiqatçısı X15 tərəfindən tərtib edilmiş 21 yanvar 2024-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-nin Qobustan RPŞ-nin TQ-nin təhqiqatçısı X15 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM-in) 147.1.1, 148-ci maddələrini rəhbər tutaraq xx xxxx 1992-ci ildə Şamaxı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs saat 20:50-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından tutmuşdur; Qobustan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2, Qobustan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3, Qobustan RPŞnin NH-nin sürücüsü, polis serjantı X13, Abşeron rayon Xırdalan şəhər Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X3, xx xxxx 1992-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş, subay, ali təhsilli, əvvəllər Azərbaycan Respublikası CM-nin 263.2-ci, 185.1-ci, 177.2.4-cü, 315.2-ci və 221.3-cü maddələri ilə məhkum olunmuş, ünvan 8-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs iştirakı ilə və Qobustan RPŞ-nin TQ-nin təhqiqatçısı, polis baş leytenantı Şükran Cavadzadə tərəfindən tərtib edilmiş 21 yanvar 2024-cü il tarixli şəxsi axtarış keçirilməsi haqqında protokoldan görünür ki, HK-1/34 nömrəli materiala əsasən CPM-in 51, 86 və 246-cı maddələrini rəhbər tutub narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməyə başlanmış, şəxsi axtarış video görüntü vasitəsilə həyata keçirilmiş, Təqsirləndirilən şəxs video görüntü ilə şəxsi axtarış aparılmasına heç bir etirazının olmadığını bildirmişdir. Xidməti iş otağında şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və əşya varsa, könüllü olaraq iştirakçılara təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ iç tərəfində qara sellofanın içərisində olan çəkisi 435 qram təşkil edən yaşıl rəngli narkotik vasitəyə bənzər kütləni iştirakçılara təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin marixuana olduğunu bildirmiş, gödəkçənin sol iç cibindən mobil telefon hissəsini çıxarıb təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən aşkar edilmiş mobil telefon hissəsi maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün geri qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Protokolun tərtibi zamanı iştirakçılar tərəfindən heç bir ərizə və təklif daxil olmamışdır. Qeydə alınmış olan video görüntü diskə yazılaraq materiala əlavə ediləcəkdir. Tərtib olunmuş protokol iştirakçılara ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış saat 21:00-da başlamış və 21:09-da başa çatmışdır; Qobustan RPŞ-nin TQ-nin təhqiqatçısı, polis baş leytenantı X15 tərəfindən qəbul edilmiş 21 yanvar 2024-cü il tarixli məhkəmə-bioloji ekspertizasının təyin edilməsi haqqında qərardan görünür ki, araşdırma materialı üzrə məhkəmə-bioloji ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmiş, rəy verə bilməsi üçün ekspert qarşısında aşağıdakı sualların qoyulması qərara alınmışdır: “ünvan 8-də yaşayan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin sağ iç tərəfində ümumi çəkisi 435 qram olan yaşıl rəngli narkotik vasitəyə bənzər kütlə aşkar edilərək götürülmüş maddə narkotik xassəli maddə və ya vasitədirmi, əgər narkotik tərkibli maddələrdirsə, narkotik xassəli maddə və vasitələrin hansı növünə aiddir, təmiz çəkisi nə qədərdir, həmin maddələr eynilik təşkil edirmi?”; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə bioloji ekspertizasının 22 yanvar 2024-cü il tarixli, 3-16-16/2-7/113 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs imza Təqsirləndirilən şəxs...” dairəvi möhür əksi olan zərfdə 1 ədəd qara polietilen bağlamada təmiz çəkisi 400,0 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Rəyin qeyd hissəsində marixuananın təmiz çəkisinin 400,0 qram, tədqiqata sərf edilən ümumi miqdarının 0,05 qram, qalıq çəkisinin isə 399,95 qram olması qeyd edilmişdir. Aparılmış tədqiqatın dəyəri 70 manat təşkil edir; Qobustan RPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi, polis kapitanı X20 tərəfindən qəbul edilmiş 22 yanvar 2024-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün icraatına qəbul edilmişdir; 22 yanvar 2024-cü il tarixli şübhəli şəxsi dindirmə protokolundan görünür ki, Qobustan RPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi, polis kapitanı X20 xidməti iş otağında müdafiəçi X3 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs saat 18:55-dən saat 20:15-ə qədər dindirmişdir; Qobustan RPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi, polis kapitanı X20 tərəfindən qəbul edilmiş 23 yanvar 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; 23 yanvar 2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokolundan görünür ki, Qobustan RPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi, polis kapitanı X20 otağında müdafiəçi X3 iştirakı ilə Təqsirləndirilən şəxs saat 10:45-dən saat 12:05-ə qədər dindirmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə özünü təqsirli bildiyini qeyd etmişdir; Qobustan RPŞ-nin İB-nin baş müstəntiqi, polis kapitanı Araz Vəlizadə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi üçün Qobustan Rayon Məhkəməsinə təqdimat verilməsi üçün Qobustan rayon prokuroruna 23 yanvar 2024-cü il tarixli vəsatətlə müraciət etmiş və Qobustan rayon prokurorunun 23 yanvar 2024-cü il tarixli qərarı ilə həmin vəsatətin müdafiə edilməsindən imtina edilmişdir; Qobustan RPŞ-nin İB-nin baş müstəntiqi, polis kapitanı Araz Vəlizadə tərəfindən qəbul edilmiş 23 yanvar 2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi və X17 azad edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və X17 azad edilməsi qərara alınmışdır. Qərar Təqsirləndirilən şəxs 23 yanvar 2024-cü il tarixdə, saat 17:00-da elan edilmiş, polisin nəzarəti altına vermə qətimkan tədbiri haqqında qərarın surətini almışdır; Qobustan RPŞ-nin İB-nin baş müstəntiqi, polis kapitanı Araz Vəlizadə tərəfindən qəbul edilmiş 24 yanvar 2024-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 400,0 qram, ekspertiza zamanı aparılmış tədqiqatlardan sonra qalıq çəkisi 399,95 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək Qobustan RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir; İş üzrə verilmiş əməliyyat tapşırığı əsasında Qobustan RPŞ-nin Cinayət-Axtarış Bölməsinin 10 fevral 2024-cü il tarixli məktubundan görünür ki, əməliyyat tapşırığına əsasən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 21 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin mənbəyi müəyyən edilməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması halı, sözügedən cinayətin törədilməsində başqa şəxs və ya şəxslərlə əlbir olması halı, eləcə də Təqsirləndirilən şəxs başqa cinayətlərin törədilməsində iştirak etməsi halı müəyyən edilməmişdir. Tədbirlər zamanı Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması müəyyən edilmişdir; Şamaxı RİHB-nin Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 fevral 2024-cü il tarixli arayışdan görünür ki, xx xxxx 1992-ci ildə anadan olmuş Təqsirləndirilən şəxs aşağıda adları qeyd olunan ailə tərkibi var: 1) atası 22 avqust 1962-ci il təvəllüdlü X12; 2) anası 01 aprel 1970-ci il təvəllüdlü X16; Şamaxı RİHB-nin Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 fevral 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, ünvan 8 ünvanında yaşayan xx xxxx 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində qonşuları və ailə üzvləri tərəfindən RİHB-nin Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən 16 fevral 2024-cü il tarixdə Qobustan RPŞ-yə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şamaxı Rayon Məhkəməsinin 30 iyul 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından 10 faiz dövlət nəfinə tutulmaqla 02 ay 27 gün müddətinə islah işləri cəzasına məhkum edilmişdir. 23 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Amnistiya qərarının 1.5-ci bəndinə əsasən təyin olunmuş cəzadan azad edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2016cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökm 16 avqust 2016-cı il tarixdə qüvvəyə minmiş, 24 sentyabr 2016-cı il tarixdə azad edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 05 iyul 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qobustan Rayon Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad edilmişdir. 15 may 2020-ci il tarixdə cəza müddəti başa çatdığından icra və probasiya şöbəsində qeydiyyatdan çıxarılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 14 iyul 2023-cü il tarixdə ilkin hökmlə təyin olunmuş cəzadan 10 ay 05 gün vaxtından əvvəl şərti azad edilmişdir; Şamaxı Rayon Məhkəməsinin 05 iyul 2017-ci il tarixli, 1(074)-37/2017 saylı hökmündən görünür ki, həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 1 il müddətinə, CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 3 il müddətinə və CM-in 315.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq 3 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin əvvəlinin həbs olunduğu andan, yəni 15 mart 2017-ci il tarixdən hesablanması qərara alınmışdır; Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 1(101)-812/2020 saylı hökmündən görünür ki, həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəzanın – 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının icra edilməsi üçün Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkum şərti olaraq vaxtından əvvəl azad edilərsə və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edilərsə, hökmün surətinin və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədin məhkumun yaşadığı yerin icra məmuruna göndərilməsinin cəzaçəkmə müəssisəsinin müdiriyyətinə həvalə edilməsi qərara alınmışdır; Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 7(002)- 535/2022 saylı qərarından görünür ki, həmin qərarla məhkum Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsindən ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsi, cəzasının əvvəlinin 19 noyabr 2020-ci il tarixdən hesablanması, qərarın icrasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməsi qərara alınmışdır; Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 7(003)-890/2023 saylı qərarından görünür ki, həmin qərarla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssəsində cəza çəkən Təqsirləndirilən şəxs ərizəsi təmin edilmiş, məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 10 ay 05 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunması, qərarın dərhal icra edilməsi, məhkum Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsinin yaşayış yeri üzrə icra və probasiya qurumuna həvalə edilməsi, məhkum Təqsirləndirilən şəxs üzərinə cəzanın çəkilməmiş müddəti ərzində yaşayış yeri üzrə icra və probasiya qurumuna məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması qərara alınmışdır; Şamaxı rayon İcra və Probasiya şöbəsinin 04 mart 2024-cü il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs cəzanın çəkilməmiş qalan 10 ay 05 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-890/2023 saylı, 14 iyul 2023-cü il tarixli qərarı şöbənin icraatına 07 avqust 2023-cü il tarixdə daxil olmuş və məhkum qeydiyyata götürülmüşdür. Məhkum Təqsirləndirilən şəxs cəzanın 7 ay 20 gün müddətini çəkmiş, cəzanın çəkilməmiş müddəti 2 ay 15 gün təşkil edir; “Şamaxı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin 28 fevral 2024-cü il tarixli, 18-1-72/2-267/2024 nömrəli məktubundan görünür ki, ünvan 8 ünvanında yaşayan xx xxxx 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Şamaxı RMX-nin Narkoloji və Ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur; Məhkəmə-narkoloji ekspertizasının 01 mart 2024-cü il tarixli, 1385 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs Kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür; Qobustan Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 1(026)-13/2024 saylı qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunan Təqsirləndirilən şəxs cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-**, ***-***-**-**; X7 istifadəsində olan ***-***-**-**; X4 istifadəsində olan ***-***-**-**, ***- ***-**-**; şahidlər Şahid1 istifadəsində olan ***-***-**-**; Şahid2 istifadəsində olan ***-***-**- ** və Şahid3 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonların 17 yanvar 2024-cü il tarixdən 24 yanvar 2024-cü il tarixə kimi anten məlumatlarının və həmin tarixlərdə mobil telefonlardan və nömrələrdən hansı nömrəli mobil və ya sabit (stasionar) telefonlara zəng edilməsi və zəng qəbul olunması barədə məlumatların "xxxx" MMC-dən, "xxxx" MMC-dən və "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. "xxxx" MMC-nin 08 oktyabr 2024-cü il tarixli və "xxxx" MMC-nin 07 oktyabr 2024-cü il tarixli məktubları ilə qeyd edilən məlumatlar diskə köçürülmüş şəkildə məhkəməyə təqdim edilərək iş materiallarına əlavə edilmişdir. Hazırkı cinayət işinə Qobustan RPŞ-də X5 müraciəti ilə əlaqədar toplanmış HK- 1/30 nömrəli rədd materialı da əlavə edilmişdir. Həmin rədd materialında olan: X14 tərəfindən Qobustan RPŞ-yə ünvanlanmış 16 yanvar 2024-cü il tarixli ərizədə qeyd edilmişdir ki, ona məxsus “Toyota” markalı, “Corolla” modelli avtomobilin içərisində olan android monitor naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Xahiş edir ki, həmin şəxs və ya şəxslərin müəyyən edilməsinə köməklik edilsin; Təqsirləndirilən şəxs adından Qobustan RPŞ-yə yazılmış 19 yanvar 2024-cü il tarixli izahatda ona verilən suallara cavab olaraq bildirmişdir ki, ünvan 8 ünvanında qeydiyyatda olmaqla yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. O, ustalıqla məşğuldur. Əvvəllər müxtəlif maddələrlə bir neçə dəfə məhkum olunmuşdur. Faktla bağlı onu deyə bilər ki, 16 yanvar 2024-cü il tarixdə, saat 03 radələrində Bakı şəhərindən Şamaxı şəhərinə idarə etdiyi “Azsamand” markalı avtomobillə hərəkətdə idi. Qobustan rayonunda 40-lar qəbiristanlığı adlanan yerin yaxınlığında yol kənarında, ağ rəngli, **-OM-*** dövlət qeydiyyat nişanlı, “Toyota” markalı avtomobili dayanmış vəziyyətdə görmüş, avtomobilini həmin avtomobilin arxasında saxlayıb nə baş verdiyini öyrənmək üçün avtomobildən düşüb dayanmış, avtomobilə yaxınlaşanda heç kimin olmadığını görmüşdür. Həmin vaxt avtomobilin salonunda android monitor olduğunu görmüş, onu oğurlayıb satacağını düşünmüş, avtomobilin sağ tərəfinə keçib qapısının pəncərəsini yerdən tapdığı daşla sındıraraq avtomobilin salonunda olan monitoru çıxarıb oradan uzaqlaşmışdır. 19 yanvar 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən etdiyi əməli etiraf etmişdir, etdiyi əməldən peşmandır. Avtomobildən monitordan başqa heç bir şey oğurlamamış, avtomobilin qapısının pəncərəsini sındırmaq yolu ilə qapısını açıb monitoru yerindən çıxarıb oradan uzaqlaşmışdır. O, 16 yanvar 2024-cü il tarixdə tək olmuş, yanında həmin vaxt heç kim olmamış, oğurluq etməsi barədə heç kimə məlumat verməmişdir. Son zamanlar pula ehtiyacı var idi, avtomobildə də android monitoru görərkən oğurlamaq qərarına gəlmişdir. İzahata başqa əlavəsi yoxdur, onun sözləri ilə yazıldı və ona ucadan oxundu, imzası ilə təsdiq edir. İzahat Ş.Cavadzadə tərəfindən alınmışdır; Qobustan RPŞ-nin TQ-nin təhqiqatçısı, polis baş leytenantı X15 tərəfindən HK-1/30 nömrəli material üzrə qəbul edilmiş 26 yanvar 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, həmin qərarla X5 etdiyi müraciət əsasında toplanmış materialda Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci və 232-1-ci maddələrinin tərkib əlamətləri olsa da, X1 ilə barışmasını və Təqsirləndirilən şəxs dəymiş ziyanı tam olaraq ödəməsini nəzərə alaraq inzibati icraata xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cinayət işinin materiallarına əlavə olunan və məhkəmə istintaqı zamanı tədqiq etdiyi sübutları ayrı-ayrılıqda araşdırıb, həmin sübutların mümkünlüyünü, mənsubiyyətini və mötəbərliyini qiymətləndirib belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qarşı CM-in 234.1-ci maddəsi ilə irəli sürülən ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən, ona CM-in 234.1-ci maddəsi ilə bəraət verilməlidir. Belə ki, CPM-in 12.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-in 21.1-ci maddəsinə görə, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. CPM-in 33.1 və 33.2-ci maddələrində müəyyən edilmişdir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 125.2-ci, 125.2.1-ci və 125.2.2-ci maddələrinə əsasən, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir:
1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda;
2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin İİ hissəsində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Konstitusiyanın 151-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Konstitusiyanın 12-ci maddəsinin İİ hissəsinə əsasən, bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası Azərbaycan Respublikasının tərəfdar çıxdığı və bu səbəbdən Konstitusiyanın 12-ci, 148-ci və 151-ci maddələrinə əsasən Konvensiyanın müddəalarına müvafiq surətdə tətbiq edilməli olan dövlətlərarası beynəlxalq müqavilədir. Həmin Konvensiyanın 19 və 32-ci maddələrinə əsasən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi dövlətlərin Konvensiya və ona dair Protokollarla üzərinə götürdükləri öhdəliklərə riayət olunmasını təmin edir, o cümlədən Konvensiyanın və ona dair Protokolların müddəalarının şərhi və tətbiqi üzrə məsələləri həll edir. Qeyd olunan normalar konkret işlərə baxılması zamanı insan hüquq və azadlıqlarına dair məsələlərlə əlaqədar milli hüquq normalarını təfsir edərkən məhkəmələrdən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyini nəzərə almağı tələb etdiyi kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da bunu ədalət mühakiməsinin həyata keçirilməsi üzrə məhkəmə fəaliyyətinin mühüm aspekti kimi görür. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı qərarında məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyyə etmişdir (qərarın 2-ci bəndi). Hazırkı iş üzrə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs həm ibtidai araşdırmanın ilkin mərhələsində, yəni ilk dəfə polis əməkdaşları tərəfindən saxlanılaraq Qobustan RPŞ-də olarkən əvvəllər də talama cinayətlərinə görə məhkum olunduğundan avtomobildən monitor taladığına görə cinayət məsuliyyətinə cəlb olunacağı təqdirdə mütləq qaydada azadlıqdan məhrum ediləcəyi ilə özünün və atasının hədələndiyini, nəticədə azadlıqdan məhrum edilməkdən qorxduğuna görə, həmçinin, eyni qorxu hissini yaşayan atasının təkidi ilə əslində törətmədiyi cinayəti etiraf etdiyi, o cümlədən barəsində olan cinayət işi üzrə məhkəmədə araşdırma aparıldığı dövrdə etirafedici ifadələr verməsi üçün təzyiqlərə məruz qaldığı və hətta döyüldüyü haqqında məsələ qaldırdığından və sübutlar bazasının məhz bu yolla yaradıldığını bildirdiyindən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin isə bu məsələyə dair kifayət qədər geniş presedent təcrübəsi olduğundan, məhkəmə sözügedən məsələnin həlli zamanı daxili qanunvericiliklə yanaşı, Avropa Məhkəməsinin presedentlərinə müraciət edilməsinin zəruri olduğu qənaətinə gəlir və məhz hazırkı iş üzrə əldə olunan sübutları bu aspektdən qiymətləndirərək aşağıdakıları qeyd edir. Təqsirləndirilən şəxs qarşı CM-in 234.1-ci maddəsi ilə irəli sürülən ittihamla bağlı cinayət işi üzrə müəyyən olunan hallar İnsan Hüquqları üzrə Avropa Məhkəməsində baxılmış “Layıcov Azərbaycana qarşı” işi üzrə məhkəmənin müəyyən etdiyi hallarla bənzərlik təşkil etdiyindən, məhkəmə “Layıcov Azərbaycana qarşı” işi üzrə Avropa Məhkəməsinin qəbul etdiyi 10 aprel 2014-cü il tarixli qərarında əks olunanların nəzərə alınmasını və məhz həmin qərarda yaradılan presedent hüququnun hazırkı iş üzrə tətbiq edilməsini məqsədəmüvafiq sayır. Belə ki, “Layıcov Azərbaycana qarşı” işi üzrə Avropa Məhkəməsinin qəbul etdiyi 10 aprel 2014-cü il tarixli qərarında məhkəmə Avropa İnsan Hüquqları Konvensiyasının 3 və 6-cı maddələrinin pozuntularını müəyyən edərək göstərmişdir ki, Konvensiyanın 3-cü maddəsi demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir (bax: “Assenov və Digərləri Bolqarıstana qarşı” (Assenov and Others v. Bulgaria, 28 October 1998, § 93, Reports of Judgments and Decisions 1998-Vİİİ) və “Selmuni Fransaya qarşı” (Selmouni v. France [GC], no. 25803/94, § 95, ECHR 1999-V). Pis rəftar 3-cü maddənin tətbiqi dairəsinə düşmək üçün heç olmasa minimum sərtlik səviyyəsində olmalıdır. Bu minimum sərtlik səviyyəsinin qiymətləndirilməsi işin bütün hallarından, o cümlədən rəftarın müddəti, onun doğurduğu fiziki və psixi nəticələr, bəzi hallarda zərərçəkmiş şəxsin cinsi, yaşı və səhhətindən asılıdır (bax: “X6rşı” (İreland v. the United Kingdom, 18 January 1978, § 162, Series A no. 25) “Kudla Polşaya qarşı” [Böyük Palata] (Kudła v. Poland [GC], no. 30210/96, § 91, ECHR 2000-Xİ) və “Pirs Yunanıstana qarşı” (Peers v. Greece, no. 28524/95, § 67, ECHR 2001-İİİ). Məhkəmə, inter alia, qəsdən, bir-neçə saat ərzində fasiləsiz tətbiq edilmiş və bədənə real xəsarət vurulmasına və ya əhəmiyyətli dərəcədə fiziki və mənəvi iztirablara səbəb olmuş rəftarı “qeyri-insani” hesab etmişdir. Rəftar zərərçəkmiş şəxsdə qorxu, əzab və alçalma hissləri yaradaraq onu təhqir edirsə və ya ləyaqətini aşağılayırsa, məhkəmə tərəfindən “alçaldıcı” hesab edilir (bax: yuxarıda qeyd edilmiş “Kudla” işi, 92-ci bənd). Bu yerdə məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə ittiham aktında istinad olunan və ittihamın əsasını təşkil edən zəruri sübutlar maddi sübutun (400 qram narkotik vasitə qurudulmuş marixuananın) aşkar olunduğu 21 yanvar 2024-cü il tarixli şəxsi axtarış keçirilməsi haqqında prosessual hərəkətin protokolu, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, həmçinin polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 şahid ifadələridir. İttiham aktında istinad olunan sübutlara ayrı-ayrılıqda qiymət verən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham başlıca olaraq onun etirafedici ifadələri əsasında qurulmuşdur. Bununla bağlı məhkəmə bildirir ki, 20 iyun 2024-cü il tarixli məhkəmə iclasından başlayaraq Təqsirləndirilən şəxs əvvəllər verdiyi bütün etirafedici ifadələri təkzib etmişdir. O bildirmişdir ki, cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı bütün etirafedici ifadələri hədə-qorxu, mənəvi təzyiq və aldatma nəticəsində vermişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında verdiyi ifadəsində göstərmişdir ki, “polis şöbəsində olduğu zaman polis əməkdaşları tərəfindən onunla söhbət aparılmış və oğurluq maddəsi əvəzinə 50 qram narkotik vasitə ilə rəsmiləşdirilməsi ona təklif olunmuş, müqabilində cəza kimi yalnız ayağına qandal vurulacağı bildirilmişdir. Oğurluqla rəsmiləşdiriləcəyi halda isə onu azadlıqdan məhrumetmə cəzasının gözlədiyi polis əməkdaşları tərəfindən ona bildirilmişdir. O özü əvvəllər də azadlıqdan məhrumetmə növündə cəza çəkdiyinə görə yenidən həmin cəzaya məhkum olunmaqdan qorxmuş, yenidən tutulmaq istəməmiş, eyni şəkildə aldadılan atasının təkidi ilə polis əməkdaşlarının təklifi ilə razılaşmışdır. Sənədləşmə aparılan gün isə onun üzərindən guya aşkar olunan narkotik vasitənin çəkisinin 400 qram olduğunu görəndə buna etiraz etsə də, polis əməkdaşları ona bunun ona veriləcək maddəyə və cəza kimi ayağına qandal vurulmasına heç bir təsiri olmadığını bildirmişlər. Verilən vədlərə inanaraq və azadlıqdan məhrum ediləcəyindən qorxaraq bütün təhqiqat və istintaq dövründə, hətta ilk məhkəmə iclaslarında o, 400 qram narkotik vasitənin guya onda aşkar olunduğunu bildirmişdir. Sonradan tutulacağını anlayaraq məhkəmədə həqiqəti danışmağa başlamışdır”. Təqsirləndirilən şəxs qeyd etdiyi bu məqamla bağlı məhkəmə bildirir ki, iş materiallarında olan tələbnamədən də göründüyü kimi, təqsirləndirilən şəxs əvvəllər də bir neçə dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci, 185.1-ci və s. maddələri ilə bir neçə dəfə məhkum olunmuşdur. Lakin Təqsirləndirilən şəxs heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətməyə görə məhkum olunmamışdır. Bu yerdə məhkəmə qeyd edir ki, məhkəmənarkoloji ekspertizasının 01 mart 2024-cü il tarixli, 1385 nömrəli rəyindən də göründüyü kimi, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkməsi halı müəyyən edilməmiş, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığı göstərilmişdir. Sonuncu məhkəmə iclasında Təqsirləndirilən şəxs həmçinin 21 aprel 2025-ci il tarixdə “Medsun” klinikasında müayinədən keçməsinin nəticələrinə dair arayış təqdim etmişdir ki, həmin arayışdan müayinə zamanı sonuncunun hər hansı narkotik vasitədən istifadə etməsinin müəyyən olunmadığı görünür. Sözsüz ki, narkomaniya xəstəliyindən əzab çəkməyən, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmayan şəxsin satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, konkret halda 400 qram qurudulmuş marixuananı əldə etməsi, üzərində saxlaması və daşımasının məntiqi izahı olmalıdır. Belə ki, 400 qram qurudulmuş marixuana Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün şərt olan başlanğıc çəkidən 80 dəfə artıq bir göstəricidir, hətta külli miqdarda narkotik vasitə kimi qiymətləndirilən başlanğıc çəkiyə yaxın bir göstəricidir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın “Narkotik vasitələr” adlı İ siyahısının 109.1-ci qrafasına əsasən təmiz halda 5 qramdan 500 qramadək qurudulmuş marixuana xeyli miqdar, 500 qramdan artıq isə külli miqdar hesab olunur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyini, ona qarşı satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə cinayət məsuliyyəti nəzərdə tutan Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmədiyini nəzərə alan məhkəmə Təqsirləndirilən şəxs məhz 400 qram qurudulmuş marixuananın aşkar edilməsinə şübhəli məqam kimi yanaşır. Hətta verilmiş əməliyyat tapşırığı əsasında Qobustan RPŞ-nin Cinayət-Axtarış Bölməsinin 10 fevral 2024-cü il tarixli məktubundan görünür ki, əməliyyat tapşırığına əsasən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması halı müəyyən edilməmişdir. Aşkar olunmuş narkotik vasitə - qurudulmuş marixuananın çəkisi ilə bağlı daha bir diqqətçəkən məqam isə ondan ibarətdir ki, 21 yanvar 2024-cü il tarixli şəxsi axtarış keçirilməsi haqqında protokolda və 21 yanvar 2024-cü il tarixli məhkəmə bioloji ekspertizasının təyin edilməsi haqqında qərarda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin sağ iç tərəfində aşkar olunmuş narkotik vasitəyə bənzər yaşıl kütlənin ümumi çəkisi 435 qram olaraq göstərilmişdir. Hətta məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin videogörüntülərindən də aydın olur ki, onun gödəkçənin sağ iç hissəsindən çıxararaq təqdim etdiyi qara rəngli polietilenə bükülmüş kütlə elektron tərəzidə çəkilərkən ümumi çəki 435 qram olmuşdur. Bundan cəmi bir neçə saat sonra, 22 yanvar 2024-cü il tarixdə saat 10:10-da məhkəmə bioloji ekspertizasının aparılması üçün aşkar olunmuş kütlə ekspertə təqdim edilərkən tərtib edilmiş aktda və 22 yanvar 2024-cü il tarixli, 3-16-16/2- 7/113 nömrəli ekspert rəyində tədqiqata təqdim edilmiş zərfi açdıqda içərisində 1 ədəd qara polietilen bağlama təmiz çəkisi 400,0 qram xırdalanmış, qurudulmuş, çətənə (kannabis) bitkisinə məxsus spesifik qoxuya malik bitki mənşəli kütlənin aşkar edildiyi qeyd edilmişdir. Qeyd edilən çəkilər arasındakı 35 qram fərqlə bağlı isə nə ekspert rəyində, nə də istintaq materiallarında olan hər hansı digər sənəddə izah verilməmişdir. Eyni zamanda, iş materiallarından müəyyən olunur ki, həqiqətən də, 16 yanvar 2024-cü il tarixdən 26 yanvar 2024-cü il tarixədək Qobustan RPŞ-nin TQ-nin təhqiqatçısı Şükran Cavadzadənin icraatında 16 yanvar 2024-cü il tarixdə saat 16 radələrində X8 məxsus “Toyota Corolla” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobilin pəncərəsinin Qobustan-Şamaxı yolu, 40-lar deyilən ərazidə sındırılaraq avtomobildən monitor oğurlanması ilə bağlı Təqsirləndirilən şəxs barəsində HK-1/30 nömrəli material olmuşdur. Həmin material üzrə qəbul edilmiş 26 yanvar 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, X5 etdiyi müraciət əsasında toplanmış materialda Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin müraciət üzrə materiallara Təqsirləndirilən şəxs 19 yanvar 2024-cü il tarixli izahatı da əlavə edilmişdir ki, məhkəmə istintaqı zamanı iş materialları ilə tanış olarkən Təqsirləndirilən şəxs həmin izahatı yazmadığını, izahatın onun tərəfindən verilmədiyini, izahatdakı imzanın onun tərəfindən icra edilmədiyini, hətta izahatın alındığı 19 yanvar 2024-cü il tarixdə ümumiyyətlə Qobustan şəhərində olmadığını, həmin gün Bakı şəhərində olduğunu göstərmişdir. Təqsirləndirilən şəxs 19 yanvar 2024-cü il tarixdə bütün gün ərzində Bakı şəhərində olduğunu güman etməyə Qobustan Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli qərarı əsasında mobil operatorlardan əldə edilmiş, məhkəmə iclaslarında tədqiq olunmuş anten məlumatları və zənglər barədə məlumatlar da əsas verir. Həmçinin, məhkəmə tərəfindən 22 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Qobustan RPŞ-də X5 müraciəti ilə əlaqədar toplanmış və təhqiqatçı Şükran Cavadzadə tərəfindən araşdırılmış HK-1/30 nömrəli rədd materialında olan onun adından yazılmış 19 yanvar 2024-cü il tarixli izahatı özünün verməməsi, həmin izahatın onun tərəfindən imzalanmaması, onun həmin vaxt ümumiyyətlə Qobustan RPŞ-də olmaması barədə ifadələri əsasında Qobustan rayon prokurorluğuna məlumat da verilmişdir. Bu yerdə məhkəmə iş üzrə şahid qismində dindirilmiş Qobustan RPŞ-nin əməliyyat işi üzrə rəis müavini Şahid1 verdiyi ifadələrə istinad edərək göstərir ki, sonuncunun deməsinə görə, 19 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs polis şöbəsinə gələrək təhqiqatçı Şükran Cavadzadəyə izahat vermiş və dərhal polis şöbəsini tərk etmişdir. Talanmış monitoru gətirmədiyinə görə həmin əmlakın qaytarılmasını təmin etmək, o cümlədən talama zamanı Təqsirləndirilən şəxs yanında başqa şəxslərin olub-olmamasını müəyyən etmək üçün o, daha bir neçə dəfə Təqsirləndirilən şəxs ilə mobil telefon vasitəsilə əlaqə saxlamışdır. Həmin danışıqlar zamanı o, Təqsirləndirilən şəxs müxtəlif yerlərə, o cümlədən Qobustan şəhərinin girişində yerləşən şərti olaraq “Mərəzə postu” adlandırılan yol polisinin stasionar postunun yanındakı kafeyə dəvət etmiş və Təqsirləndirilən şəxs ilə görüşüb müəyyən məlumatlar əldə etmək istəmişdir. Lakin Təqsirləndirilən şəxs telefon danışıqları zamanı hər dəfə görüşə gələcəyini bildirsə də, onu aldatmışdır. Əgər Təqsirləndirilən şəxs 19 yanvar 2024-cü il tarixdə Qobustan RPŞ-də olub təhqiqatçı Şükran Cavadzadəyə material üzrə izahat verdiyini qəbul etsək belə, Şahid1 izahatından belə nəticəyə gəlinir ki, həmin tarixdə Təqsirləndirilən şəxs talanmış monitoru qaytarmamış, həmin əmlakın qaytarılması üçün Şahid1 sonradan bir neçə dəfə mobil telefon vasitəsilə Təqsirləndirilən şəxslə əlaqə saxlamış və onu müxtəlif yerlərə, o cümlədən Qobustan şəhərinin girişində yerləşən şərti olaraq “Mərəzə postu” adlandırılan yol polisinin stasionar postunun yanındakı kafeyə dəvət etmişdir. Belə olan halda 19-20 yanvar 2024-cü il tarixlərində Təqsirləndirilən şəxs daim Qobustan RPŞ-nin əməkdaşları ilə ünsiyyətdə olduğunu və barəsində Qobustan RPŞ-də araşdırma getdiyini bildiyi halda onun 21 yanvar 2024-cü il tarixdə ümumiyyətlə onun daimi yaşayış yeri olmayan Qobustan şəhərində üzərində 400 qram qurudulmuş marixuana ilə dolaşmasını məhkəmə ən azından şübhəli bir məqam kimi qiymətləndirir. Təqsirləndirilən şəxs özü də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində dəfələrlə qeyd etmişdir ki, o, 21 yanvar 2024-cü il tarixdə deyil, 20 yanvar 2024-cü il tarixdə Qobustan RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılmasının səbəbi kimi isə məhz 16 yanvar 2024-cü il tarixdə “Toyota Corolla” markalı avtomobildən monitor talaması ilə bağlı araşdırmanı göstərmişdir. Qeyd etmişdir ki, sonradan polis şöbəsində ona və atasına əvvəllər də talama cinayətlərinə görə məhkum olunduğuna görə yenə də eyni xarakterli cinayətə görə məhkum olunarsa, azadlıqdan məhrumetmə cəzası veriləcəyi ilə bağlı hədə-qorxu və təzyiqlər olmuş, oğurluq maddəsi əvəzinə narkotik vasitə saxlama və daşımağa görə məhkum olunarsa, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza veriləcəyi vəd edilmişdir. Təqsirləndirilən şəxs öz təqsirsizliyini sübuta yetirmək üçün gətirdiyi bu dəlil həmçinin iş üzrə şahid kimi ifadə vermiş atası X12 və taksi sürücüsü X2 ifadələri ilə də öz təsdiqini tapır. Belə ki, həmin şahidlərin hər ikisi Təqsirləndirilən şəxs Şamaxı şəhərindən onlarla birlikdə Qobustan şəhərinin girişində yol polisi stasionar postunun yaxınlığında yerləşən restorana gəldiyini təsdiq edərək, orada polis əməkdaşları ilə görüşüb və oradan da Qobustan RPŞ-yə aparıldığını qeyd etmişlər. Şahid Elşən Abdullayev qeyd edilən hadisənin 20 yanvar 2024-cü il tarixdə səhər saatlarında baş verdiyini göstərmiş, şahid Məhəmməd Cavadov isə Bilal və atasını Şamaxı şəhərindən Qobustan şəhərinə dəqiq hansı tarixdə gətirdiyini xatırlamasa da, Elşən Abdullayevin öz izahatında göstərdiyi bütün digər xüsusatları olduğu kimi təsdiq etmişdir. Şahid Elşən Abdullayev həmçinin öz ifadəsində göstərmişdir ki, polis şöbəsində Emin müəllim Bilala əvvəllər də talama cinayəti törətdiyinə görə residivist olduğunu demiş və daha yüngül cəza alması üçün Bilalı narkotiklə “rəsmiləşdirməyi” təklif etmiş, buna görə Bilalın azadlıqdan məhrum edilməyəcəyini bildirmişdir. Bilal bununla razılaşmasa da, o, bir ata kimi oğlunun tutulmasını istəmədiyinə görə Bilalı narkotik vasitə saxlamağa görə özünü təqsirli bilməyə razı saldığını qeyd etmişdir. Təqsirləndirilən şəxs və atası Elşən Abdullayev 20 yanvar 2024-cü il tarixdə Şamaxı şəhərindən Qobustan şəhərinə gələrkən bir neçə dəfə mobil telefon vasitəsilə polis əməkdaşı Şahid1 ilə əlaqə saxladıqlarını və sonuncunun göstərişi ilə Qobustan şəhərinin girişindəki yol polisi stasionar postunun yaxınlığındakı restorana gəldiklərini göstərmişlər. Bu halı təsdiq etmək üçün Təqsirləndirilən şəxs hətta məhkəməyə Şahid1 ilə telefon vasitəsilə danışıq aparmalarının audio və video çəkilişini özündə əks etdirən disk təqdim etmiş, məhkəmə iclasında ifadə verən Şahid1 isə öz növbəsində bu halı təkzib etməmiş, əksinə, 19 yanvar 2024-cü il tarixdən sonra da Təqsirləndirilən şəxslə bir neçə dəfə telefon vasitəsilə əlaqə saxladığını, həmin danışıqlar zamanı Bilalı müxtəlif yerlərə, o cümlədən Qobustan şəhərinin girişində yerləşən şərti olaraq “Mərəzə postu” adlandırılan yol polisinin stasionar postunun yanındakı kafeyə dəvət etdiyini təsdiq etmişdir. O cümlədən 20 yanvar 2024-cü il tarixdə səhər saatlarında Elşən Abdullayevin istifadəsində olan ***-***-**-** nömrəsi ilə Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrələri arasında danışıqların olduğu Qobustan Rayon Məhkəməsinin 24 sentyabr 2024cü il tarixli qərarı əsasında mobil operatorlardan əldə edilmiş, məhkəmə iclaslarında tədqiq olunmuş anten məlumatları və zənglər barədə məlumatlarla öz təsdiqini tapır. Əgər qəbul etsək ki, 19 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Qobustan RPŞ-də təhqiqatçı Şükran Cavadzadənin yanında olaraq sonuncunun icraatında olmuş material üzrə izahat vermiş, Şahid1 öz ifadəsində 19 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs avtomobildən taladığı monitoru hələ zərərçəkmiş şəxsə qaytarmadığını və həmin əmlakın qaytarılması üçün Təqsirləndirilən şəxslə telefonla əlaqə saxlayıb görüşməyə cəhd etdiyini bildirmiş, 21 yanvar 2024-cü il tarixdə isə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə daşıdığına görə saxlanılmış, deməli, onda xx.xx.2024-xx.xx.2024-cü il tarixləri aralığında ən azından avtomobildən talanmış monitoru qaytarmaq üçün Təqsirləndirilən şəxs Qobustan RPŞ-nin əməkdaşları ilə görüşməsi faktı öz təsdiqini tapır. Bu hal Təqsirləndirilən şəxs iddia etdiyi kimi onun məhz 20 yanvar 2024cü il tarixdə Qobustan RPŞ-nin əməkdaşları ilə görüşməsinə və məhz həmin görüş vaxtı monitoru qaytarmasına dair verdiyi ifadələri ilə uzlaşır. Həmçinin, məhkəmə istintaqının gedişində Təqsirləndirilən şəxs məhkəməyə bir neçə disk təqdim edərək həmin disklərdə Qobustan RPŞ-nin bir neçə əməkdaşı - həmin vaxt Qobustan RPŞ-nin CAB-nin rəisi olmuş, hazırda isə əməliyyat işi üzrə rəis müavini olan Şahid1, müstəntiq Araz Vəlizadə, əməliyyat müvəkkili Şahid2, TQ-nin baş təhqiqatçı Elşən Eyvazov ilə apardığı telefon danışıqlarını özündə əks etdirən audio və video yazıların olduğunu bildirmişdir. Həmin disklərdəki görüntülər məhkəmə iclasında tədqiq olunmuş və Təqsirləndirilən şəxs təqsirsizliyinə dəlalət edən hər hansı təkzibolunmaz sübutu özlərində əks etdirmədiyi qənaətinə gəlinmişdir. Lakin həmin görüntülərdən və səs yazılarından aydın olur ki, Təqsirləndirilən şəxs apardığı danışıqlarda daim istintaqın gedişindən narazılığını ifadə etmiş, hətta bəzi hallarda polis əməkdaşları ilə öz işinə aid olmayan məsələlər barədə də müzakirələr aparmışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 və X30 Abdullayevlə disklərdə öz əksini tapan danışıqlarının olduğunu təkzib etməmişlər. Buna baxmayaraq, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs statusunu daşıyan Təqsirləndirilən şəxs Qobustan RPŞ-nin bir çox kifayət qədər yüksək rütbəli və vəzifəli əməkdaşları ilə telefon əlaqəsi yarada bilmək imkanına malik olması özlüyündə narahatedici məqamdır. Qeyd edilənlərlə yanaşı, Təqsirləndirilən şəxs 11 mart 2025-ci il tarixli məhkəmə iclasında özünün Qobustan RPŞ-nin əməliyyat müvəkkilləri Samir, Vüsal, polis serjantı Aydın və adını bilmədiyi daha bir polis əməkdaşı tərəfindən 11 mart 2025-ci il tarixdə, saat 15:00-16:00 radələrində əvvəlcə Şamaxı şəhərində avtovağzala yaxın ərazidə atasının dükanının qarşısında döyülərək avtomobilə oturulduğu, daha sonra isə Qobustan RPŞ-yə gətilərək döyülməsi və hazırkı məhkəmədə etirafedici ifadələr verməsi üçün təzyiqə məruz qalması barədə ifadə vermiş, həmin məsələlərin araşdırılması üçün məhkəmə tərəfindən Qobustan və Şamaxı rayon prokurorluqlarına məlumat verilmişdir. Həmin məlumatın araşdırılması zamanı əldə olunmuş Məhkəmə-Tibbi Ekspertiza və X9 Şamaxı rayon şöbəsinin 17 nömrəli, 17 mart 2025-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər – alnın və sifətin sol və sağ yan tərəflərinin cızıqları, sol qoltuqaltı və sol ayağın bayır və içəri səthlərinin qançırları küt əşya təsirindən törənməklə, yetirilmə müddətləri 11 mart 2025-ci il tarixə uyğundurlar. Təqsirləndirilən şəxs almış olduğu xəsarətlərdən alın və üz nahiyyələrinin cızıqları yerləşmə nahiyyələrinə, səthiliyinə görə, eləcə də bədənin əl çatan nahiyyələrində yerləşmələri əsas verir ki, həmin xəsarətlər zərərçəkənin özü tərəfindən yetirilmişdir. Sol qoltuqaltı və ayaq nahiyyələrinin qançırları isə ona zor (fiziki güc) tətbiq etməklə avtomaşına mindirilməsi zamanı alınmağa uyğun gəlirlər. Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs Qobustan RPŞ-nin əməkdaşları tərəfindən döyülməsi barədə Qobustan Rayon Məhkəməsinin məlumatı əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində araşdırma aparılmış və qəbul edilmiş 17 aprel 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla material üzrə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda Təqsirləndirilən şəxs izahatında göstərilmiş polis əməkdaşı tərəfindən məhkəmə prosesində şikayətçi olmamağı müqabilində 2000 manat məbləğində pul təklif edilməsi, həmçinin məhkəmə-tibbi ekspertizasının rəyində göstərilən xəsarətlərin törənmə şəraiti ilə bağlı xüsusatların araşdırılması üçün toplanmış materialın həmin hissədə Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinə göndərilməsi və bu barədə maraqlı tərəflərə məlumat verilməsi qərara alınmışdır. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində sadəcə olaraq şikayətçi Təqsirləndirilən şəxs, barələrində şikayət olunan Qobustan RPŞ-nin əməkdaşları Samir Allahverdiyevin izahatlarına bir neçə sətirdən ibarət istinad, o cümlədən, Məhkəmə-Tibbi Ekspertiza və X9 Şamaxı rayon şöbəsinin 17 nömrəli, 17 mart 2025-ci il tarixli ekspert rəyinin nəticə hissəsi öz əksini tapmış, demək olar ki, başqa hər hansı bir əsaslandırma aparılmamışdır. Belə olan halda, məhkəmə iş materiallarında olan sübutlara, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə əsaslanaraq, sonuncunun vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zamanı qeyd etdiklərinə, o cümlədən ibtidai istintaq zamanı şübhəli və ya təqsirləndirilən şəxs kimi dindirilərkən verdiyi etirafedici ifadələrində göstərdiyi xüsusatlara şübhə ilə yanaşır və hesab edir ki, sözügedən etirafedici ifadələr əsaslı sübut növü kimi qəbul edilib ona qarşı irəli sürülən ittihamın əsasına qoyula bilməz. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs məhz məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsinə dair verdiyi ifadələrini iş materialları, o cümlədən məhkəmə istintaqı zamanı müəyyən olunan hallarla üst-üstə düşüb bir-birini tamamladığı üçün əsaslı sayır və ona elan olunan bəraətin əsasına məhz həmin ifadəni qoyur. Məhkəmə CPM-in 21.2 və 145.3-cü maddələrinin müddəalarını əsas götürüb, sözügedən sübut növünü, yəni şəxsin həm şübhəli şəxs, həm də təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələri məhz bu əsasla da mötəbər sübut kimi qəbul etmir. CPM-in 21.2-ci maddəsində göstərilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmçinin, CPM-in 145.3-cü maddəsində göstərilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Polis əməkdaşlarının (Şahid1, Şahid2 və Şahid3) həm ibtidai istintaq zamanı, həm də məhkəmədə şahid qismində verdiyi ifadələrdə Təqsirləndirilən şəxs əleyhinə göstərdiyi xüsusatlara gəldikdə isə məhkəmə qeyd etməyi zəruri sayır ki, əvvəla həmin şahidlər ittiham tərəfinin şahidləridir və müvafiq əməliyyat tədbirinin keçirilməsində iştirak edən polis əməkdaşları olmaqla işin nəticəsində birbaşa maraqlı olan şəxslərdir. Həmin şahidlərdən Şahid1 isə ümumiyyətlə bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirdiyinə dair əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupunun rəhbəri təyin edilsə də, nə Təqsirləndirilən şəxs saxlanılması prosesində, nə də onun üzərinə baxış keçirilməsi prosesində iştirak etməmiş, həmin vaxt baş verənlərin şahidi olmamışdır. Həmin şahidlərin maraqlı olması xüsusilə Təqsirləndirilən şəxs Qobustan RPŞ-nin əməkdaşları tərəfindən təsir və təzyiqə məruz qalmasını, hətta məhkəmə araşdırmasının davam etdiyi (11 mart 2025-ci il tarixdə) müddətdə döyülərək zorla Qobustan RPŞ-yə aparılması və ondan məhkəmədə etirafedici ifadələr verməsinin tələb olunduğunu, sözügedən narkotik vasitənin ona məxsus olmaması, təsir və aldatma nəticəsində etirafedici ifadələr verməsini iddia etdiyini nəzərə alaraq daha aydın təzahür edir. Avropa İnsan Hüquqları Məhkəməsi presedent hüququ yaratdığı bir sıra qərarlarında, o cümlədən “Kobiaşvili Gürcüstana qarşı” işi üzrə 14 mart 2019-cu il tarixdə çıxardığı qərarında da bu qəbildən olan işlər üzrə, yəni müvafiq əməliyyat tədbirinin keçirilməsində məsul olan şəxslərin polis əməkdaşları olduğu cinayət işləri üzrə məhz həmin polis əməkdaşlarının verdiyi ittihamedici ifadələrinə bu formada tənqidi yanaşmış, həmin sübutların birmənalı şəkildə əsaslı sübut növü kimi qəbul olunmasının düzgün olmaması ilə bağlı mövqe formalaşdırmışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş maddi sübutun (400 qram qurudulmuş marixuana) onun barəsində olan iş üzrə ittiham hökmünün çıxarılması üçün (şahid ifadələrinin və Təqsirləndirilən şəxs etirafedici ifadəsinin ittihamın əsasını təşkil edən sübut növü kimi qəbul edilməz hesab edilməsindən sonra) yeganə əsaslı və faktı təsdiq edən sübut kimi çıxış etdiyini nəzərə alaraq hesab edir ki, yuxarıda göstərilənlər Təqsirləndirilən şəxs qarşı ittihamın irəli sürülməsinə əsas olmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı həyata keçirilən prosesin bütünlükdə ədalətsiz olması qənaətinə gəlmək üçün kifayət edir. CPM-nin 350.1-ci maddəsinə əsasən, məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-in 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Bayramov və qeyrilərinin şikayətləri üzrə 09 sentyabr 2005-ci il tarixli Qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). CPM-in 349.5.1-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. CPM-in 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Məhkəmə iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək, daxili inama əsaslanaraq CPM-in 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməmişdir. CPM-in 42.1.4-cü maddəsinə əsasən, təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsi üçün ibtidai istintaq orqanının istinad etdiyi sübutlar CPM-in 125-ci maddəsində sadalanan tələblərə cavab vermir, mötəbər sübutlar sayıla bilməz və belə sübutlar əsasında onun barəsində ittiham hökmünün çıxarılması mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli və barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv edilməlidir. CPM-in 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə, Təqsirləndirilən şəxs bəraət almış şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 399,95 qram olan narkotik vasitə qurudulmuş marixuana (Qobustan RPŞ-də saxlanılır) və hadisəsinin törədilməsinə aidiyyəti şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün hazırkı cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Belə ki, CPM-in 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs bəraət verildiyi üçün cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci CPM-in 197.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən, lakin qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan - hökm qanuni qüvvəyə mindikdən sonra həmin narkotik vasitənin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin, iş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalıq çəkisi 399,95 qram olan narkotik vasitə - qurudulmuş marixuana araşdırma sona çatanadək Qobustan RPŞ-nin saxlancında saxlanılsın. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 70 (yetmiş) manat Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadə nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk, "xxxx" MMCdən daxil olmuş 01 ədəd disk və Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi 03 ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Hakim: Samir Mayılov