Məhkəmə qərarları › İş №1(026)-10/2021

Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-10/2021

22.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-10/2021 22.02.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 iştirakı ilə, Təqsirləndirilən şəxsxx xxx 1948-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta texniki təhsilli, ailəli, təqaüdçü, məhkum olunmamış, Qobustan rayonu Şıxzərli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri seçilmiş- Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il saat 14 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən 79,6-cı kilometrliyində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməyərək nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi və etibarnamə olmadan VAZ-2103 markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib həmin Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkətə başlarkən, yerdəyişərkən, dönərkən manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib, Bakı istiqamətinə yolun sağ kənarında dayandığı yerdən hərəkətə başlayaraq sola doğru 10-20 km/saat sürətlə hərəkət edərək arxadan eyni istiqamətdə sol zolaqda təxminən 80-90 km/saat sürətlə hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi VAZ-21074 markalı ** MH *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq tərəfi onun avtomobilinin qabaq sol qanadının arxa yan hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan VAZ-2103 markalı avtomobilin sərnişini Zərərçəkmiş şəxs1 soldan Vİ-Vİİ qabırğaların yerini dəyişmiş qapalı sınıqları kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az-ağır, VAZ-21074 minik avtomobilin sərnişini Zərərçəkmiş şəxs3 qapalı kəllə beyin travması ilə müşahidə olunan baş beyin silkələnməsi, sağ əlin İV barmağının əsas falanqasının yerini dəyişən sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az-ağır zərər vuran bədən xəsarətləri almalarına, habelə VAZ-21074 markalı ** MH *** dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək sahibi Zərərçəkmiş şəxs2 1366 manat məbləğində maddi ziyan yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıda qeyd edilənlərlə tam sübuta yetir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 263-1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə günorta vaxtı özünə məxsus olan, lakin öz adına sənədləşdirmədiyi VAZ-2103 markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Qobsutan rayonunun Şıxzərli kəndindən Bakı-Şamaxı yoluna çıxıb Bakı istiqamətində yolun sağ tərəfində qarşı tərəfi asfalta doğru çəpəki dayanıb soldan Şamaxı istiqamətindən Bakı istiqamətinə gələn avtomobilləri gözləmiş, hava yağışlı, çiskinli olmuşdur. Soldan avtomobillərin olmadığını zənn edib avtomobilini yerindən sürətlə tərpədib sürətini artıraraq yolun soluna doğru keçib getmək istəyərkən qəfildən Şamaxı istiqamətindən gələn ağ rəngli VAZ-2107 markalı avtomobil onun maşınını vurmuşdur. Həmin avtomobilin dəqiq sürətini bilməmişdir. Onun avtomobilinin sürəti təxminən 10-20 km/saat olmuşdur. Hadisə ani anda baş vermişdir. Havada dumanlı olduğundan soldan gələn avtomobili görməmişdir. Avtomobildə olan tək sərnişin kəndçisi Sahibzaman qabaq sağ oturacaqda əyləşmişdir. Avtomobilində başqa sərnişin və yük olmamışdır. Hadisədən əvvəl avtomobili saz vəziyyətdə olmuş və o, spirtli içki qəbul etməmişdir. Onun yola çıxmasına səbəb Qobustan şəhərinə, yəni Şamaxı rayon istiqamətinə dönüb ərzaq almaq üçün getmək istəməsi olmuşdur. Hadisə zamanı özü də xəsarət almışdır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəmişdir. Əməlindən peşman olmuşdur. Cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadə verərək göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 14 radələrində etibarnamə əsasında idarə etdiyi VAZ-21074 markalı ** MH *** dövlət qeydiyyat nişanlı avtomobillə Qobustan şəhərindən Bakı şəhərinə gələrkən Qobustan rayonu ərazisində yolun sağ tərəfindən bir VAZ-2103 markalı avtomobil qəfildən sola onun qarşısına doğru kəskin olaraq sürətini artıraraq çıxmışdır. O, idarə etdiyi avtomobili saxlamaq istəsə də yer yaş və sürüşkən olduğundan avtomobilnin ön hissəsi VAZ-2103 markalı avtomobilin qabaq sol qanadının yan hissəsi ilə toqquşmuşdur. Nəticədə avtomobilində sərnişin qismində olan qardaşı Nemət xəsarət almışdır. Hadisədən əvvəl idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, heç bir spirtli içki qəbul etməmiş, avtomobilində qardaşı Nemətdən başqa arvadı Sənubər və qardaşı Nemətin arvadı Zibeydə olmuş və qadınlar xəsarət almamışlar. VAZ-2103 markalı avtomobilin sürücüsü də xəsarət almış, hadisə zamanı VAZ-2103 markalı avtomobildə sürücünün yanında bir nəfər sərnişin də olmuşdur. Hadisə yerində yol yaş olduğundan tormoz izi qalmamış, o, ayağını tormoza basdıqda avtomobil təxminən 10-15 metr tormozlanmış vəziyyətdə irəli gedərək toqquşma baş vermişdir. VAZ-2103 markalı avtomobil dayandığı yerdən sıçrayışla kəskin sola doğru sürətini artıraraq yolun soluna doğru hərəkət etmiş, həmin avtomobilə çatmağa az qalmış, həmin avtomobil təxminən 20 km/saat sürətlə onun qarşısında olmuşdur. Sonra hiss etmişdir ki, VAZ-2103 markalı avtomobil yolu tərsinə sola dönərək (əks tərəfə) Qobustan-Şamaxı istiqamətinə getmək istəmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 14 radələrində qonşusu Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2103 markalı avtomobillə yaşadığı Şıxzərli kəndindən Qobustan şəhərinə mağazaya gedərkən Bakı-Şamaxı yolunun Şıxzərli kənd yolu ilə birliəşdiyi yerin yaxınlığında Vəlican Bakı istiqamətində yolun sağ tərəfindən sola, yəni Qobustan şəhəri istiqamətinə dönmək istəmiş, həmin zaman o, avtomobildə qabaq sağ oturacaqda oturub telefonunda oyun oynamış, birdən Vəlican sola istiqamətlənərkən toqquşma baş vermişdir. Hadisə ani anda baş vermişdir. O, avtomobillərin sürətini dəqiq bilməmişdir. Avtomobildə ondan başqa sərnişin olmamışdır. Hadisə nəticəsində o və Vəlican xəsarət almışlar. Hadisə günü hava yağışlı olmuşdur. Xəsarət aldığı üçün xəstəxanaya müraciət etmişdir. Əyləşdiyi avtomobillə toqquşan avtomobil ağ rəngli VAZ- 2107 markalı avtomobil olmuşdur. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə günorta vaxtı qardaşı Həmidin idarə etdiyi VAZ-21074 markalı ** MH *** dövlət qeydiyyat nişanlı avtomobillə Qobustan rayonundan Bakı şəhərinə gələrkən avtomobildə qabaq sağ oturacaqda, onun arxasında arvadı Zibeydə, onun yanında arxada sol oturacaqda isə qardaşı Həmidin arvadı Sənubər əyləşmişdir. Hava yağışlı olmuşdur. Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisində Həmid avtomobili sol tərəfdə hərəkət etdirmişdir. Birdən yolun sağından bir qırmızı rəngli VAZ avtomobili sürətlə sola düz əyləşdiyi avtomobilin qarşısına çıxmış, dərhal Həmid qışqırıb tormoz vermiş, lakin əyləşdiyi avtomobilin qabaq tərəfi həmin VAZ avtomobilin qabaq sol qanadının yanına dəymiş, avtomobillər azca irəli sürüşmüşdür. Hadisə nəticəsində o, sağ əlindən və burnundan xəsarət almışdır. Hadisə zamanı Həmid avtomobili təxminən 90 km/saat sürətlə idarə etmiş, əyləşdiyi avtomobilin yoluna qəfil sağdan gələn toqquşduğu avtomobilin sürəti təxminən 20 km/şaat olardı. O, VAZ markalı avtomobili görəndə həmin avtomobil onun yoluna sürətlə çıxmış, hadisə yerində bilmişdir ki, həmin sürücü Şamaxı istiqamətinə getmək üçün yolu sola doğru kəsib (əks tərəfə) yəni əksinə getmək istəyirmiş. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Şahid X5 ifadə verərək göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 14 radələrində əri Həmidin idarə etdiyi VAZ-21074 markalı avtomobillə sərnişin kimi arxa oturacaqda sol tərəfdə o, onun sağında qaynı Nemətin arvadı Zibeydə, qabaq sağ oturacaqda isə qaynı Nemət əyləşib Bakı şəhərinə getmək üçün yola çıxmışlar. Bakı-Şamaxı yolunun Qobustan rayon ərazisində Şıxzərli kəndinin yaxınlığında keçəndə Həmid qışqırmış, o, qabağa baxdıqda əyləşdiyi avtomobilin qarşısına sağdan sola tərəf qırmızı rəngli jiqulinin keçdiyini və həmin an toqquşma baş verdiyini görmüşdür.O, baxanda qırmızı rəngli avtomobilin onların yoluna sürətlə sağdan sola doğru çıxmış və ani anda toqquşma baş vermişdir. Hadisə nəticəsində o, Zibeydə və Həmid xəsarət almamışlar. Qaynı Nemət isə xəsarət almışdır. Onlar avtomobildən düşəndə qarşılarına çıxan toqquşduqları avtomobilin sürücüsü yaşlı kişi xəsarət almışdır. Onun yanında cavan oğlan olmuşdur. Hadisə zamanı hava yağışlı və çiskin idi. Həmid avtomobilə tormoz vermiş, lakin toqquşma baş vermişdir. Şahid1 ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 14 radələrində qaynı Həmidin idarə etdiyi VAZ-21074 markalı avtomobillə Qobustan şəhərindən Bakı şəhərinə gələrkən o, avtomobildə arxada sağ oturacaqda, yanında qaynı Həmidin arvadı Sənubər, qabaq sağ oturacaqda isə əri Nemət əyləşmişdir. Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisində yağışlı havada hərəkətdə olarkən birdən Həmid qışqırmış, o, qabağa baxdıqda qarşılarına qırmızı rəngli minik avtomobilinin çıxdığını görmüşdür. Həmid avtomobilə tormoz vermiş, amma toqquşma baş vermişdir. Həmin avtomobil onların qarşısına sola tərəf çıxmış, sürətlə hərəkət etmişdir. Toqquşma əyləşdiyi avtomobilin yolunda baş vermişdir. Hadisə nəticəsində təkcə Nemət xəsarət almışdır. O, heç bir xəsarət almamışdır. Toqquşduqları avtomobilin sürücüsü yaşlı kişi də xəsarət almışdır. Onun yanında bir nəfər oğlan olmuşdur. İş materiallarına əlavə olunmuş məhkəmə tibb ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 167 nömrəli rəyində göstərilir ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində aşkar edilmiş xəsarətlər - qapalı kəllə beyin travması ilə müşahidə olunan baş beyin silkələnməsi, sağ əlin İV barmağının əsas falanqasının yerini dəyişən sınığı küt əşya təsirindən törənmişdir, xx xxxxxx 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sərnişin qismində əmələ gəlməsi mümkündür. Zərərçəkmiş şəxs3 aldığı xəsarət dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az-ağır zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş məhkəmə tibb ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 168 nömrəli rəyində göstərilir ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər-soldan Vİ-Vİİ qabırğaların yerini dəyişmiş qapalı sınıqları küt əşya təsirindən törənmişdir, xx xxxxxx 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sərnişin qismində əmələ gəlməsi mümkündür. Zərərçəkmiş şəxs1 aldığı xəsarət dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az-ağır zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş məhkəmə tibb ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 169 nömrəli rəyində göstərilir ki, X3 bədəni üzərində aşkar edilmiş xəsarətlərçanağın əzilməsi, sağ qalça sümüyünün qapalı sınığı, hər iki qaşıq sümüklərinin qapalı sınıqları küt əşya təsirindən törənmişdir, xx xxxxxx 2020-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində sürücü qismində əmələ gəlməsi mümkündür. X3 aldığı xəsarət dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az-ağır zərər vurmaya aiddir. İş materiallarına əlavə olunmuş məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 8/2139 nömrəli rəyində göstərilir ki, VAZ-2103 markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzlüq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 daxil olmuş tələbnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarına əlavə olunmuş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları” na əlavə olunmuş 11 dekabr 2020-ci il tarixli 298 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə ayıq vəziyyətdə olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş avtomobilləri texniki xidməti mərkəzindən alınmış xx.xx.2020-ci il tarixli qüsur aktı ilə müəyyən edilmişdir ki, VAZ-21074 markalı ** MH *** dövlət qeydiyyat nişanlı avtomobilə 1366 manat ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş Qobustan rayonu İcra Hakimiyyəti Başçısının Şıxzahirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xx xxxxxx 2020-ci il tarixli 129 saylı arayışdan görünür ki, X9 Qobustan rayonunun Şıxzahirli kəndində qeydiyyatdadır və xx xxxxxxx 1975-ci il təvəllüdlü arvadı- X8, xx xxxxxx 2009-cu il təvəllüdlü qızı- X4 və xx xxxxxxxx 1999-cu il təvəllüdlü oğlu-X6 vardır. İş materiallarına əlavə edilmiş Qobustan rayonu İcra Hakimiyyəti Başçısının Şıxzahirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona qarşı heç bir şikayət və tələbləri olmadığını göstərdilər. Məhkəmə sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə, eləcə də ekspert rəyi və işdə olan digər sənədlərlə tam sübuta yetir. Onun əməli Azərbaycan Respublikası CMin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı nəticəsində ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi cinayəti etiraf edib əməlindən səmimi peşmançılıq keçirməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayəti və tələbi olmamasını, himayəsində yetkinlik yaşına çatmayan uşağı olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddində nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, eləcə də cəzasını ağırlaşdıran halın olmamasını, zərərçəkmiş şəxslərin ondan heç bir şikayəti və tələbinin olmamasını və onunla barışmasını, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, özünün də xəsarət almasını, 73 yaşında olmasını nəzərə alaraq ona Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq olunmasını əsaslı və məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs sınaq müddətinin əvvəli hökm qanuni mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə onun davranışına nəzarət edən dövlət orqanının razılığı olmadan daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə germəmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə mülki iddia, maddi sübut yoxdur. İş üzrə 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası 1 il sınaq müddəti tətbiq edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışına nəzarət edən dövlət orqanının razılığı olmadan daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 4 saat hüquqi yardıma görə 24 manat Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar