Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-10/2024 27.02.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi X1 iştirakı ilə, xx xxx 1986-cı ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, üç uşaq atası, “ABA media” reklam agentliyinin direktoru vəzifəsində işləyən, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon , Həmzə Balayev küçəsi, ev 72-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02 dekabr 2023-cü ildə saat 12 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Hyundai Elantra” markalı ** SY *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən 66,7 kilometrində, Şamaxı rayonu istiqamətində 100-110 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə əməl etməyib, idarəetməni itirərək yolun sağ kənarına çökəklik sahəyə aşmış, nəticədə ehtiyatsızlıqdan Hyundai Elantra markalı avtomobilin sərnişini X4 qapalı kəllə beyin travması, baş beynin əzilməsi, sol said və sağ bazu, said sümüklərinin və çanaq sümüklərinin qapalı, qəlpəli yerini dəyişən sınıqları, sol göz orbitasının hematoması, sağ kürək altı nahiyənin qançırları, sağ bud-çanaq oynağı nahiyələrinin geniş həcmli qançırları, dalağın cırılması, daxili qanitirmə, travmatik şok İV dərəcəli kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirməklə 02 dekabr 2023-cü il tarixdə saat 18:35-də Respublika Kliniki tibbi mərkəzdə ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmələri aşağıda qeyd edilənlərlə tam sübuta yetir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 02 dekabr 2023-cü il tarixdə saat 12 radələrində etibarnamə əsasında idarə etdiyi “Hyundai Elantra” markalı ** SY *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən İsmayıllı rayonuna gedərkən Bakı-Şamaxı-Yevlax yolunun 66,7-ci kilometrliyinə çatdıqda avtomobili təxminən 100-110 km/saat yolun sağ zolağı ilə sürətlə hərəkət etdirən zaman birdən avtomobilin sola istiqamətləndiyini görüb dərhal sükanı sağa burmuş, avtomobil yoldan çəpinə sağa çınqıl örtüklü ehtiyat hissəyə çıxaraq torpaq-otluq ərazidə aşmışdır. Hadisə nəticəsində o və idarə etdiyi avtomobildə qabaq sağ oturacaqda əyləşmiş sərnişin X5 xəsarət aldıqlarından onları xəstəxanaya aparmışlar. Bakı şəhər Kliniki tibbi mərkəzdə olduqları vaxt bir neçə saat sonra Turanın öldüyünü eşitmişdir. Hadisə zamanı başqa avtomobillə toqquşmamış, yol boş olmuş və spirtli içki qəbul etməmiş, idarə etdiyi avtomobil texniki cəhətdən saz və yüksüz vəziyyətdə olmuşdur. Dəymiş ziyanı ödəmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır. Əməlindən səmimi peşmandır. Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq ifadəsi alınmış X6 göstərdi ki, qızı X5 02 dekabr 2023-cü il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi Hyundai Elantra minik markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayon ərazisindən keçən 66,7-ci kmdə Şamaxı rayon istiqamətində hərəkətdə olarkən ani olaraq idarəetməni itirib yoldan sağa çıxaraq avtomobil aşmış, nəticədə sürücü Təqsirləndirilən şəxs və avtomobildə olan qızı Turan Məmmədli xəsarət almışlar. 02 dekabr 2023-cü il tarixdə saat 18:35 radələrində qızı Turan stasionar müalicəyə daxil olduğu Bakı şəhər X7 ölmüşdür. Həmin günü qızı Turanın meyiti meyitxanada müayinə olunduqdan sonra onlara təhvil verilmiş və meyiti Lənkəran şəhər qəbiristanlığında dəfn etmişlər. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam ödənilmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbləri olmadığını bildirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibb ekspertizasının 13 dekabr 2023-cü il tarixli 19 nömrəli rəyindən görünür ki, X2 meyitinin bədəni üzərində aşkar edilmiş xəsarətlər qapalı kəllə beyin travması, baş beynin əzilməsi, sol said və sağ bazu, said sümüklərinin və çanaq sümüklərinin qapalı, qəlpəli yerini dəyişən sınıqları, sol göz orbitasmın hematoması, sağ kürək altı nahiyənin qançırları, sağ bud-çanaq oynağı nahiyələrinin geniş həcmli qançırları, dalağın cırılması, daxili qanitirmə, travmatik şok İV dərəcəli xəsarətləri həyatidirlər, ölümündən əvvəl küt əşya təsirindən törənmişdir, 02 dekabr 2023-cü il tarixdə avtomobilin aşması nəticəsində, sərnişin qismində alınmışdır, həmin xəsarətlərdə yetirilən anda həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətləri vardır. Ölümünə səbəb qapalı kəllə beyin travması, baş beynin əzilməsi, said və bazu sümüklərinin, çanaq sümüklərinin sınıqları, dalağın cırılması, daxili qanitirmə, hemotravmatik şok olmuşdur. Ölüm 02 dekabr 2023-cü il tarixdə saat 18:35-də xəstəxanada baş vermişdir. X2 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı zamanı etil spirti və ya narkotik maddələr aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 məhkəmə kimya şöbəsinin 15 dekabr 2023-cü il tarixli 4400/K saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alman və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 30 dekabr 2023-cü il tarixli, 8/3823 nömrəli rəyindən görünür ki, “Hyundai Elantra” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət edərək hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən 11 dekabr 2023-cü il tarixdə rayon polis şöbəsinə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri ilə, eləcə də ekspert rəyi və işdə olan digər sənədlərlə tam sübuta yetir. Onun əməli Azərbaycan Respublikası CMin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı nəticəsində ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi cinayəti etiraf edib əməlindən səmimi peşmançılıq keçirməsini, zərərçəkmiş şəxsin hüquqi varisinə ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayəti və tələbi olmamasını, himayəsində üç nəfər azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasının həddində nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə 85 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə “Hyundai Elantra” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobil sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351- 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış “Hyundai Elantra” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə 85 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Mirələm Quliyev
Məhkəmə qərarları › İş №1(026)-10/2024
Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-10/2024
27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver