Məhkəmə qərarları › İş №1(026)-11/2022

Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-11/2022

31.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-11/2022 31.05.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1969-cu ildə Şamaxı rayonu, Cəmcəmli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Qobustan rayonu, Cəmcəmli kəndində qeydiyyatda olan və Qobustan şəhəri, Yeni Massivdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs koronavirus (COVİD-19) infeksiyasına yoluxub-yoluxmaması ilə əlaqədar 03.11.2021-ci il tarixdə Qobustan rayon Mərkəzi Xəstəxanasında verdiyi testin nəticəsinin pozitiv olduğunu 04.11.2021-ci il tarixdə bildikdən sonra, yaşadığı Qobustan şəhəri, Yeni Massiv adlanan ərazidə yerləşən fərdi yaşayış evində karantinə alınmasına, karantin qaydalarına uyğun olaraq 14 (on dörd) gün müddətində yaşadığı evi tərk etməməli olmasına, karantin rejimini pozduğu halda Azərbaycan Respublikası İnzibati Xətalar və Cinayət Məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacağı barədə xəbərdar edilməsinə baxmayaraq, 16.11.2021-ci il tarixdə saat 15 radələrində karantin rejimini qəsdən pozub, yaşadığı evi tərk edərək, özündə aşkar olunan koronavirus (COVİD-19) xəstəliyinin yayılması üçün real təhlükə yaratmış, Qobustan Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı həmin tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs evinə gələn zaman yaşadığı evin qarşısında küçədə saxlanılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakılarla tam sübuta yetir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə ifadəsində göstərdi ki, 03 noyabr 2021-ci il tarixdə özünü narahat hiss etdiyi üçün Qobustan Rayon Mərkəzi Xəstəxanasına gedərək, korona xəstəliyi tutubtutmadığını yoxlamaq üçün test vermiş, 04 noyabr 2021-ci il tarixdə istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəyə TƏBİB-dən korona xəstəliyi tutmağı barədə mesaj gəlmiş, bundan sonra Qobustan RMX-yə getmişdir. Orada Elnarə həkim onu müayinə edərək, müalicə almağı üçün dərmanlar yazmış, 14 gün müddətinə evdə qalmalı, çölə çıxmamalı, çölə çıxdığı halda cinayət məsuliyyətinə cəlb olunacağını bildirmişdir. Xəstəxanadan getdikdən sonra korona xəstəliyinin daşıyıcısı olduğu müddətdə karantin qaydalarını pozmamış və yaşadığı evdən çölə çıxmamış, yaşadığı evi tərk etməmişdir. 16 noyabr 2021-ci il tarixdə saat təxminən 20 radələrində yuxudan durduqdan sonra yoldaşı Afaq qardaşı Qoşqarın təxminən bir saat əvvəl, yəni saat 19 radələrində “MİTSUBİSHİ” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobili Qobustan şəhəri, Yeni Massiv adlanan ərazidə yerləşən fərdi yaşayış evinin qarşısında saxladığını bildirmiş, həmin gün saat 20 radələrində avtomobili həyətə salmaq üçün evin qarşısına çıxmış, avtomobili işə salaraq həyətə daxil edən zaman, mülki geyimli şəxslər yaxınlaşaraq, polis əməkdaşları olduqlarını bildirib, “COVİD-19” virusunun daşıyıcısı olduğu halda, hansı səbəbdən çölə çıxdığını soruşmuşlar. Onlara avtomobili həyətə salmaq üçün “darvazanın ağzına” çıxdığını bildirmiş, bundan sonra, onlar “COVİD-19” virusunun daşıyıcısı olduğu üçün karantin qaydalarını pozmamalı olduğunu deyərək, onu RPŞ-yə gətirmişlər. Həmçinin bildirmişdir ki, “MİTSUBİSHİ” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobil qardaşı Şahid1 məxsusdur, həmin avtomobili etibarnamə əsasında idarə edir. 16 noyabr 2021-ci il tarixdə evdən çölə çıxan zaman, “COVİD-19” virusunun daşıyıcısı olmuş və müalicə almış, evdən çıxan zaman bu barədə heç kimə məlumat verməmişdir. 16 noyabr 2021-ci il tarixdə evdən çölə çıxan zaman maska taxmamışdır. 04 noyabr 2021-ci il tarixdən 18 noyabr 2021-ci il tarixədək olan müddət ərzində karantin qaydalarını pozmamış və aktiv korona xəstəsi olduğu üçün yaşadığı evdən çölə çıxmamış, yaşadığı evi tərk etməmiş, ancaq 16 noyabr 2021-ci il tarixdə avtomobili həyətə salmaq üçün evin qarşısına çıxmış, bundan başqa karantində olduğu müddətdə yaşadığı evdən çölə çıxmamışdır. ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr ona məxsusdur, 04 noyabr 2021-ci il tarixdən 18 noyabr 2021-ci il tarixədək olan müddət ərzində “MİTSUBİSHİ” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobili qardaşı Qoşqar idarə etmiş, həmçinin, 04 noyabr 2021-ci il tarixdən 18 noyabr 2021-ci il tarixədək olan müddətdə mobil telefonu həmin avtomobildə olmuş, istifadə etdiyi mobil telefon nömrəsi də telefonunun üstündə olmuş, bu səbəbdən 04 noyabr 2021-ci il tarixdən 18 noyabr 2021-ci il tarixədək olan müddət ərzində telefon istifadə etməmiş və telefonla heç kimlə danışmamışdır. Ev telefon nömrələri isə dəyişilib, hal-hazırda xatırlamır. 16 noyabr 2021-ci il tarixdə polis əməkdaşları ona yaxınlaşan zaman, qardaşını soruşduğunu düşündüyü üçün Alay olmadığını demişdir. Həmin video görüntüdə olan şəxs özüdür, qardaşı deyil. 16 noyabr 2021-ci il tarixdə ona polis əməkdaşları yaxınlaşan zaman avtomobildə tək olmuşdur. 16 noyabr 2021-ci il tarixdə avtomobili darvazadan həyətə salan zaman darvazanın qarşısında həyat yoldaşı Afaq və oğlu Emil olmuşdur. Evi tərk etməməli olduğu halda evi tərk edərək karantin qaydasını pozmuşdur. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etdi. Şahid qismindədindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Qobustan rayon Mərkəzi Xəstəxanasında acil şöbəsinin həkimi işləyir. 04.11.2021-ci il tarixdə Qobustan rayon sakini Təqsirləndirilən şəxs Rayon Mərkəzi Xəstəxanasına gələrək, 03.11.2021-ci il tarixdə “COVİD-19” virusunun daşıyıcısı olub-olmaması ilə bağlı verdiyi testin cavabının pozitiv çıxdığını və “COVİD-19” virusunun daşıyıcısı olduğunu demişdir. Bundan sonra onu müayinə edərək, dərmanlar yazdıqdan sonra 14 gün karantində olmalı və çölə çıxmamalı olduğunu, karantin şərtlərini pozaraq çölə çıxarsa, buna görə cinayət məsuliyyəti daşıyacağını bildirmişdir. Təqsirləndirilən şəxs müayinə olunduqdan sonra xəstəxananı tərk edərək getmişdir. Şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Qobustan rayon Təhsil şöbəsində baş mühasib işləyir. Təqsirləndirilən şəxs Qobustan rayon sakini kimi tanımış, onunla münasibətləri hər zaman normal olmuşdur. 14 noyabr 2021-ci il tarixdə istifadəsində olan mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə Alay Mirzaliyevlə danışmışdır. Onunla danışan zaman Təqsirləndirilən şəxs evdə olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs korona xəstəsi olduğunu bilməmişdir. 14 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxslə telefonla danışan zaman Alay ona toxumçuluqla bağlı kartların onda olduğunu, kartları gəlib evdən götürməsini demişdir. Bundan sonra Alayın yaşadığı evin qarşısına getmiş, Alaydan kartları götürdükdən sonra, təxminən 5-10 dəqiqə onunla söhbət etmiş, sonra isə çıxıb getmişdir. Şahid qismində dindirilmiş Şahid5 bildirdi ki, Təqsirləndirilən şəxs Qobustan rayon sakini kimi tanımış, onunla münasibətləri hər zaman normal olmuşdur. 16 noyabr 2021-ci il tarixdə istifadəsində olan mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə Təqsirləndirilən şəxslə iş ilə bağlı danışmışdır. Həmin vaxt Təqsirləndirilən şəxslə danışan zaman onun korona xəstəsi olduğunu bilməmişdir. Şahid qismində dindirilmiş Şahid6, Şahid7, Şahid8 və Şahid9 Şahid5 ilə eyni məzmunlu ifadə verdilər. Şahid qismində dindirilmiş Şahid10 bildirdi ki, Təqsirləndirilən şəxs və Şahid1 Qobustan rayon Cəmcəmli kənd sakinləri kimi tanıyır, onlarla münasibətləri hər zaman normal olmuşdur. 13 noyabr 2021-ci il tarixdə istifadəsində olan mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə zəng vuraraq Təqsirləndirilən şəxslə danışmışdır. 16 noyabr 2021-ci il tarixdə isə istifadəsində olan mobil nömrə ilə Şahid1lə danışmışdır. Şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, hal-hazırda Qobustan rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində polis nəfəri işləyir. Təqsirləndirilən şəxs qayınatasıdır, onunla münasibətləri hər zaman yaxşı olmuşdur. 04 noyabr 2021-ci il tarixdən 18 noyabr 2021-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs “Covid 19” xəstəsi olması barədə, həmçinin həmin müddətdə Təqsirləndirilən şəxs karantin qaydalarını pozub-pozmaması barədə hər hansı bir məlumatı olmamışdır. 16 noyabr 2021-ci il tarixdə saat 16:08-də Təqsirləndirilən şəxslə mobil telefon vasitəsi ilə danışmış, həmin vaxt onunla şəxsi məsələlərlə bağlı danışmışdır. 16 noyabr 2021-ci il tarixdə saat 16:08-də Təqsirləndirilən şəxslə telefon vasitəsi ilə danışsa da, həmin vaxt Alayın harada olması barədə hər hansı bir məlumatı olmamışdır. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. “MİTSUBİSHİ” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur, qardaşı Alay həmin avtomobili etibarnamə əsasında idarə edir. 04 noyabr 2021-ci il tarixdən 18 noyabr 2021-ci il tarixədək olan müddətdə qardaşı Alay “COVİD-19” xəstəsi olduğu üçün karantində olmuş, bu müddət ərzində avtomobili özü idarə etmişdir. 16 noyabr 2021-ci il tarixdə “MİTSUBİSHİ” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Alayın Qobustan şəhəri, Yeni Massiv adlanan ərazidə yerləşən fərdi yaşayış evinin qarşısına gəlmiş, avtomobili evin qarşısında saxladıqdan sonra, istifadəsində olan mobil nömrə ilə Alayın ev nömrəsinə zəng vurmuş, bu zaman telefonu Alayın həyat yoldaşı Afaq açmışdır. Afaqa avtomobili küçədə saxladığını, avtomobildə ərzaqlar olduğunu Alaya deməsini bildirmişdir. Afaq isə Alayın hal-hazırda yatdığını, bu barədə ona deyəcəyini bildirmişdir. Bundan sonra açarı da avtomobilin üzərində qoyaraq çıxıb getmişdir. 16 noyabr 2021-ci il tarixdə polis əməkdaşları Alaya yaxınlaşan zaman orada olmamışdır. 16 noyabr 2021-ci il tarixdə “MİTSUBİSHİ” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş, həmin avtomobillə Şamaxı rayonuna da getmişdir. 04 noyabr 2021-ci il tarixdən 18 noyabr 2021-ci il tarixədək olan müddət ərzində Alayın istifadəsində olan mobil nömrələrin olduğu telefon idarə etdiyi “MİTSUBİSHİ” markalı, **- DL-*** dövlət qeydiyyat nişanlı avtomobildə olmuşdur. Şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır, üç övladı var. 04 noyabr 2021-ci il tarixdə Alay evə gələrək, korona xəstəliyi ilə bağlı verdiyi testin cavabının pozitiv çıxdığını, xəstəxanada müayinə olunduğunu, 14 gün karantində qalmalı olduğunu və yaşayış yerini tərk etməməli olduğunu bildirmişdir. 16 noyabr 2021-ci il tarixdə qayını Qoşqar ev telefonuna zəng vuraraq, idarə etdiyi “MİTSUBİSHİ” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobillə ərzaq gətirdiyini demiş, Qoşqara Alayın yatdığını bildirmişdir. Bundan sonra Qoşqar “MİTSUBİSHİ” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadıqları evin qarşısında saxladığını, ərzaqların da avtomobildə olduğunu demişdir. Həmin tarixdə saat 20 radələrində Alay avtomobili həyətə salmaq üçün evin qarşısına çıxmış, həmin vaxt darvazanı açmışdır. Alay avtomobildə olan zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq, polis əməkdaşları olduqlarını deyib, hansı səbəbdən karantin qaydalarını pozduğunu bildirmişlər. Alay isə onlara karantin qaydalarını pozmadığını, sadəcə olaraq avtomobili həyətə salmaq üçün çölə çıxdığını bildirmişdir. Alay 04 noyabr 2021-ci il tarixdən 18 noyabr 2021-ci il tarixədək olan müddətdə karantin qaydalarını pozmamış, yaşayış yerini tərk etməmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən Qobustan RPŞ-yə daxil olmuş 21 yanvar 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Qobustan rayon İcra Hakimiyyəti Başçısının Qobustan rayon Cəmcəmli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 21 fevral 2022-ci il tarixli 26 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Qobustan rayonunun Cəmcəmli kəndində qeydiyyatdadır və himayəsində arvadı-Şahid3, 17 avqust 1993-cü il təvəllüdlü qızı X4, 30 avqust 1994-cü il təvəllüdlü qızı- X7 və 04 iyun 2005-ci il təvəllüdlü oğlu X5 vardır. Qobustan rayon İcra Hakimiyyəti Başçısının Qobustan rayon Cəmcəmli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 21 fevral 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” Publik Hüquqi şəxsin 04 fevral 2022-ci il tarixli, 64/KEŞ nömrəli məhkəmə-tibb ekspert rəyindən görünür ki, 03 noyabr 2021-ci il tarixdə yeni növ virus infeksiyasının (COVİD-19 PCR) təyini üçün aparılmış laborator müayinə zamanı Təqsirləndirilən şəxs müayinənin nəticəsinin pozitiv olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs “COVİD-19” virus infeksiyasının daşıyıcısı olduğu halda sanitariya-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir. “COVİD-19” virus infeksiyasının inkubasiya dövrü 14 gün davam edir və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq, sağalma müddəti müxtəlif olur. Qobustan rayon X3 Hüquqi Şəxsin 14 dekabr 2021-ci il tarixli, 03/280 nömrəli məktubundan görünür ki, Qobustan rayonunun Cəmcəmli kənd sakini Təqsirləndirilən şəxs 03 noyabr 2021-ci il tarixdə Qobustan RMX PHŞ-də koronavirus (COVİD-19) infeksiyası ilə bağlı PZR analizi üçün burundan yaxma götürülmüş və 04 noyabr 2021-ci il tarixində cavabı Pozitiv (+) olmuşdur. Xəstə həmin tarixdən evdə müşahidəyə götürülmüşdür. 18 noyabr 2021-ci il tarixdə müşahidə vaxtı bitmişdir. Təhlükəsizlik Şəhər Xidmətinin videoqeydiyyat sistemi vasitəsi ilə qeydə alınmış AZ **- DL-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət trayektoriyasını əks etdirən bir ədəd CD diskə baxış keçirilmiş və bu barədə protokol tərtib edilmişdir. Həmin protokoldan görünür ki, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobil 05.11.2021-ci il tarixdə saat 19:47də Bakı-Şamaxı yolunun 90.6-cı kilometrliyində Şamaxı istiqamətində, 11.11.2021-ci il tarixdə saat 14:51-də Bakı-Şamaxı yolunun 90.6-cı kilometrliyində Şamaxı istiqamətində, 14.11.2021-ci il tarixdə saat 12:43-də Bakı-Şamaxı yolunun 90.6-cı kilometrliyində Bakı istiqamətində, 15.11.2021-ci il tarixdə saat 12:31-də Bakı-Şamaxı-Xaldan yolunun 110.8-ci kilometrliyində Xaldan istiqamətində, 15.11.2021-ci il tarixdə saat 12:33-də Bakı-Şamaxı- Xaldan yolunun 113.5-ci kilometrliyində Xaldan istiqamətində, 15.11.2021-ci il tarixdə saat 12:48-də Bakı-Şamaxı-Xaldan yolunun 118.5-ci kilometrliyində Xaldan istiqamətində, 15.11.2021-ci il tarixdə saat 17:23-də Bakı-Şamaxı-Xaldan yolunun 118.5-ci kilometrliyində Bakı istiqamətində, 15.11.2021-ci il tarixdə saat 17:31-də Bakı-Şamaxı-Xaldan yolunun 113.5-ci kilometrliyində Bakı istiqamətində, 15.11.2021-ci il tarixdə saat 17:33-də Bakı- Şamaxı-Xaldan yolunun 110.8-ci kilometrliyində Bakı istiqamətində hərəkətdə olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 22.11.2021-ci il tarixli məktubu ilə daxil olmuş bölgələr üzrə yaşayış yerini tərk edən şəxslərin statistik məlumatlarına dair proqram vasitəsilə müəyyən edilmiş Təqsirləndirilən şəxs hərəkət trayektoriyası barədə sənədə baxış keçirilmiş və bu barədə protokol tərtib edilmişdir. Həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04.11.2021ci il tarixdən 18.11.2021-ci il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda Qobustan şəhərində yerləşən fərdi yaşayış evini tərk etmişdir. Belə ki, həmin statistik məlumatların hərəkət qeydiyyatı bölməsində Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinin 16 noyabr 2021-ci il tarixdə saat 16 radələrində trayektoriyası Qobustan rayonu, Cəmcəmli kəndi ərazisini göstərir. Cinayət işi materiallarına əlavə edilmiş “nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında” 20.03.2021-ci il tarixdə reyestrdə 7E-5666 nömrəsi ilə qeydə alınmış etibarnamənin surətindən görünür ki, X8 “MİTSUBİSHİ L 200” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipotekaya qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini Şahid1 etibar etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş “nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” 06.05.2021-ci il tarixdə reyestrdə 7E-2543 nömrəsi ilə qeydə alınmış etibarnamənin surətindən görünür ki, X8 adından onun verdiyi etibarnamə əsasında hərəkət edən nümayəndəsi Şahid1 “MİTSUBİSHİ L 200” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini Təqsirləndirilən şəxs etibar etmişdir. Qobustan rayon polis şöbəsinin 08 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli onun özünün etirafı və şahidlərin ifadələri ilə tam sübuta yetir. O, Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 6 saat hüquqi yardıma görə 36 manat Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil X1 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347-349, 351-353, 356 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Qobustan rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 6 saat hüquqi yardıma görə 36 manat Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil X1 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır. Hökmdən elan olunduğu andan 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar