Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-11/2023 08.08.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxx 2002-ci ildə Qobustan rayonu Təklə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Qobustan rayonu Təklə kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 17 dekabr 2022-ci il tarixdə saat təxminən 14 radələrində bacısı Zərərçəkmiş şəxs yaşadığı Qobustan rayonunun Təklə kəndində yerləşən fərdi yaşayış evinin giriş qapısının açıq olmasından istifadə edərək evə daxil olub, qonaq otağında servantın alt hissəsində olan siyirmədəki çaydanın içərisindən yataq otağının açarını götürdükdən sonra, yataq otağının qapısını həmin açarla açıb oraya qanunsuz daxil olaraq, həmin otaqda şifonerdə olan çemodanın içərisindəki qızılların saxlanıldığı qabdan ümumi dəyəri 658,00 manat təşkil edən 750 əyarlı, kütləsi 3,28 qram 01 (bir) ədəd qızıl üzük, ümumi dəyəri 342,00 manat təşkil edən 583/585 əyarlı, kütləsi 4,03 qram 01 (bir) ədəd qızıl üzük, ümumi dəyəri 309,00 manat təşkil edən 583/585 əyarlı, kütləsi 3,64 qram 01 (bir) ədəd qızıl üzük, ümumi dəyəri 523,00 manat təşkil edən 583/585 əyarlı, kütləsi 6,15 qram 01 (bir) cüt qızıl sırğa, ümumi dəyəri 575,00 manat təşkil edən 583/585 əyarlı, kütləsi 6,77 qram 01 (bir) ədəd qızıl boyunbağı, ümumi dəyəri 3197,00 manat təşkil edən 583/585 əyarlı, kütləsi 28,88 qram 01 (bir) ədəd üzük, 01 (bir) ədəd qolbaq, 01 (bir) ədəd boyunbağı, 01 (bir) cüt sırğadan ibarət 01 (bir) ədəd qızıl dəstini gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 5604,00 manat dəyərində, xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıda qeyd edilənlərlə tam sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2022-ci ilin sentyabr ayında həmkəndlisi və dayısı qızı X3 ilə ailə həyatı qurmuş, həmin ilin oktyabr ayından Bakı şəhərində fərdi qaydada meyvə alveri ilə məşğul olmuşdur. Həmin müddət ərzində bacısı X2 Bakı şəhəri, Binəqədi rayonunda yerləşən evlərində qalmışdır. 2022-ci ilin noyabr ayının axırlarında yaşadığı kəndə gələn zaman Bakı şəhəri, Binəqədi rayonu, “Sulutəpə” adlanan ərazidə dayanıb maşın gözləyərkən nəzərini “Poz-Qazan” lotereyası satan şəxs cəlb etmiş və digər şəxslər kimi həmin lotereyadan alıb pul qazanmaq istəmişdir. Həmin vaxt təxminən 3-4 saat ərzində 2000 (iki min) manatlıq “Poz-Qazan” lotereyası alıb pozmuş, lakin heç nə qazana bilməmiş, lotereya satan tanımadığı və adını bilmədiyi şəxsə 2000 (iki min) manat pul borcu yaranmışdır. Həmin şəxsə hazırda üzərində 2000 (iki min) manat məbləğində pul olmadığını və ona olan borcunu ödəyəcəyini bildirərək, bir qədər vaxt verməsini xahiş etmiş, həmin şəxs də razılaşmışdır. Həmin vaxtdan başlayaraq 2000 (iki min) manat məbləğində pulu haradan əldə etməsi haqqında düşünmüşdür. 2022-ci ilin dekabr ayınadək həmin məbləğdə pul tapa bilmədiyinə görə doğma bacısı Zərərçəkmiş şəxs qızıllarını oğurlamaq qərarına gəlmişdir. Bacısı Zərərçəkmiş şəxs bibisi oğlu olmaqla yanaşı, həmkəndlisi olan Şahid1 ilə 2021-ci ilin avqust ayında ailə həyatı qurduqdan sonra Rahilgilin Qobustan rayonunun Təklə kəndindəki evlərində yaşayır. Bacısı Zərərçəkmiş şəxs qızıllarının yaşadığı evin yataq otağındakı şifonerdə çemodanın içərisindəki qızıl qabında olmasını, yataq otağının açarının isə qonaq otağında olan servantın alt hissəsindəki siyirmədə çaydanın içərisində saxlanıldığını əvvəlcədən bilmişdir. Bu məqsədlə də 17 dekabr 2022-ci il tarixdə saat 13 radələrində Ürfətgilin yaşadığı evə getmiş və həmin vaxt bacısı Ürfət və onun əri Şahid1 evdə olmamış, evdə bibiləri Şahid2 və Solmaz Hacıyeva olmuşdur. Bibiləri ilə əyləşib bir qədər söhbət etdikdən sonra onlara evinə gedəcəyini bildirərək, mətbəxdən çıxıb evin həyət qapısına tərəf getmiş və küçəyə çıxmışdır. Küçədə bir qədər dayanıb düşündükdən sonra yenidən saat 14 radələrində evin həyətinə daxil olmuş və açıq olan evin giriş qapısından gizlincə, onu heç kimin görmədiyinə əmin olduqdan sonra evin qonaq otağına daxil olmuşdur. Həmin vaxt bibiləri mətbəxdə olmuş və onlar onun getdiyini düşündükləri üçün evə daxil olmasını görməmişlər. Evin qonaq otağına daxil olduqdan sonra orada olan servanta yaxınlaşmış və servantın alt hissəsindəki siyirmədə olan çaydanın içərisindən Ürfətgilin həmin vaxt bağlı olan yataq otağının açarını götürmüşdür. Daha sonra açarla yataq otağının qapısını açaraq yataq otağına daxil olmuş və orada olan şifonerdəki çemodanın içərisindəki qızıl qabından üzərində ağ rəngli qaşları olan bir ədəd boyunbağıdan, bir ədəd qolbaqdan, iki ədəd (bir cüt) sırğadan və bir ədəd üzükdən ibarət olan qızıl dəsti, üç ədəd üzərində ağ qaşları olan qızıl üzüklər, bir cüt üzərində qara qaşları olan qızıl sırğa və bir ədəd qızıl tros sepi götürərək gödəkçəsinin cibinə qoymuşdur. Daha sonra qızıl qabını çemodanın içərisinə, çemodanı isə şifonerin içərisinə qoyduqdan sonra, həmin otaqdan çıxıb qapını açarla ehmalca bağlayaraq, açarı qonaq otağında olan servantın alt hissəsindəki siyirmədə olan çaydanın içərisinə qoyub evdən çıxaraq öz evinə getmişdir. Həmin vaxt bibilərinin yanına getməmiş və onlara bu barədə heç bir söz deməmişdir. Dörd-beş gün həmin qızılları gödəkçəsinin cibində saxlamışdır. Başqa yerdən pul tapıb borcunu qaytara bilmədiyini və borclu olduğu şəxs də tez-tez ona zəng etdiyinə görə məcbur olub həmin qızılları lombarda verərək faizə pul götürmək qərarına gəlmişdir. 23 dekabr 2022-ci il tarixdə Şamaxı şəhərinə gedərək orada yerləşən lombardda işləyən Kamal adlı şəxsə həmin qızılları təhvil verərək Kamaldan 2100 (iki min bir yüz) manat pul götürmüşdür. Həmin vaxt Kamala qızılların özünə məxsus olduğunu, bir-iki aya pulu qaytarıb qızılları geri götürəcəyini demiş, qızılların oğurluq olduğunu bildirməmişdir. Bundan sonra borclu olduğu şəxsə zəng edərək pulunu gəlib aparmasını demiş, borclu olduğu şəxs də həmin gün Qobustan rayonu, Təklə kənd yolunun yaxınlığında yerləşən “Şirvan” restoranına gəlmiş və orada onu qarşılamışdır. Restoranın qarşısında görüşərək həmin şəxsə borclu olduğu 2000 (iki min) manat pulu vermişdir. Bundan sonra həmin şəxs çıxıb Bakı şəhərinə getmiş, özü isə yaşadığı evə qayıtmışdır. Həmin şəxsin nömrəsinin necə olmasını xatırlamır. lombarddan götürdüyü puldan qalan 100 manat pulu isə öz məsrəflərinə xərcləmişdir. 01 yanvar 2023-cü il tarixdə əmisi oğlu Şahid6 ona zəng edərək Ürfətin qızıllarını onun götürüb-götürməməsini soruşmuş və Samirə “gələcəm söhbət edərik” demişdir. 03 yanvar 2023-cü il tarixdə Rahilin işlədiyi qışlağa getmiş və həmin vaxt Rahil qızılların oğurlanmasında ondan şübhələndiyini və şikayət edəcəyini bildirmişdir. Rahilə qızılları götürmədiyini və əgər istəyirsə, şikayət etməsini demişdir. Həmin vaxt utandığından Rahilə qızılları oğurladığını etiraf edə bilməmişdir. Sonradan Rahilin 07 fevral 2023-cü il tarixdə Daxili İşlər Nazirliyinin 102 Xidməti-Zəng Mərkəzinə zəng edərək evlərindən qızıl-zinyət əşyalarının oğurlanmasını bildirdiyini öyrənmişdir. Bundan sonra Qobustan rayon polis şöbəsinə dəvət edilmiş, rayon polis şöbəsinə gəldikdən sonra polis əməkdaşları bacısı Ürfətin qızıllarının oğurlanması ilə bağlı soruşduqda hər şeyi onlara danışaraq həmin qızılları götürdüyünü demişdir. Həmin qızılları bacısı Ürfətin razılığını almadan götürmüşdür. Bacısı Ürfətin qızıllarının və yataq otağının açarının yerini isə lap əvvəldən onların evlərində olduğu zaman görmüş və bilmişdir. Bacısı Ürfətin evindən qızılları tək oğurlamış, qızıllardan başqa heç bir əşya oğurlamamışdır. Başqa heç bir yerdən oğurluq etməmişdir. Lombarddan götürdüyü pulları araşdırma dövründə lombarda geri qaytarıb Ürfətin qızıllarını oradan götürmüş, bundan sonra özündə saxladığı Ürfətin qızıl tros sepini də həmin qızılların yanına qoyaraq bütün qızılları istintaq orqanına təqdim etmiş, işi aparan müstəntiq isə həmin qızılları Ürfətə təhvil vermişdir. Zərərçəkmiş şəxs dəymiş ziyanı tam ödəmişdir. Əməlindən səmimi peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Qobustan rayonu Təklə kəndində ailə üzvləri ilə, yəni əri Şahid1, qayınanası Şahid2, ərinin xalası X4 ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Əri Rahil fərdi qaydada fəhləliklə, yəni çobanlıqla məşğul olur və özü də ona köməklik göstərir. Rahil həm də onun bibisi oğludur, o, Rahillə 05 avqust 2021-ci il tarixdə ailə həyatı qurduqdan sonra Rahilin Qobustan rayonu, Təklə kəndində olan evində yaşamağa başlamışdır. Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Əri Rahil hazırda Qaradağ rayonunda “Umbakı” deyilən yerdə yerləşən qışlaqda çobanlıqla məşğul olaraq heyvanlara baxır və o da Rahilin yanında qışlaqda qalır. Onlar sonuncu dəfə 2022-ci ilin noyabr ayının axırlarında qışlağa getmiş və həmin vaxtdan da Təklə kəndindəki evlərinə Rahil bir dəfə 2022-ci ilin dekabr ayının ortalarında bir günlük qayıtmış, sonra isə yenə qışlağa gəlmişdir. Rahil qışlaqda olduğu müddət ərzində o da Rahillə qışlaqda olmuşdur. Lakin bir dəfə, yəni 31 dekabr 2022-ci il tarixdə evlərinə, oradan isə Bakı şəhərinə gedərək, 04 yanvar 2023-cü il tarixdə qışlağa qayıtmışdır. Təklə kəndindəki evlərinə getməkdə məqsədi Bakı şəhərində yaşayan əmisi oğlu Samirin övladının nişan mərasimində iştirak etmək istəməsi olmuşdur. Təklə kəndindəki evlərində onlar olmadığı müddətdə qayınanası Şahid2 və Rahilin yataq xəstəsi olan xalası Solmaz Hacıyeva yaşayır. 31 dekabr 2022-ci il tarixdə Təklə kəndindəki evlərinə gəlmişdir. O, nişan məclisinə qızıllarını taxmaq üçün götürmək istəyən zaman şifonerdəki çemodanın içərisində qızıl qabında qoyduğu qızıllarının yerində olmadığını görmüşdür. Qayınanası Hökümədən qızıllarının harada olmasını soruşmuş və qayınanası Hökümə ona qızılları götürmədiyini bildirmişdir. Həmin gün axşam Rahil anası Höküməyə zəng edərək onun evə çatıb-çatmamağını soruşmuşdur. Qayınanası Hökümə də Rahilə onun evə gəlib çatmasını və nişana gedən zaman onun qızıllarını taxmaq üçün götürmək istəyəndə qızılların yerində olmadığını gördüyünü bildirmişdir. Səhərisi gün, yəni 01 yanvar 2023-cü il tarixdə Rahil onunla danışan zaman o da Rahilə qızıllarının yerində olmadığını bildirmişdir. Onların evinə kənar şəxslərin gəlmədiyini bildiyi üçün hamıdan şübhələnməyə başlamışdır. O, Samirgildə olan zaman Burcalı Samirə zəng edərək qızıllar barədə heç kimə heç nə deməmələrini və özü gəlib onunla söhbət edəcəyini bildirmişdir. Samir də Rahilə zəng edərək Burcalı ilə telefonda danışan zaman Burcalıdan qızılları götürməsi ilə bağlı soruşduğunu və Burcalının söhbətdən yayınaraq gələndə onunla söhbət edəcəyini bildirdiyini demişdir. Ona sonradan Rahil bildirmişdir ki, 03 yanvar 2023-cü il tarixdə Burcalı Rahilin işlədiyi qışlağa gəlmiş və həmin vaxt onlar görüşən zaman Rahil Burcalıya ondan şübhələndiyini və şikayət edəcəyini bildirmişdir. Burcalı isə həmin vaxt Rahilə qızıllarını götürmədiyini və əgər istəyirsə, şikayət etməsini bildirmişdir. Rahil və o, bir neçə dəfə atası Gülbalaya, anası Bahara, böyük qardaşı İntiqama qızıllarını Burcalının oğurlaması və gətirib qaytarması barədə bildirmişlər. Onlar da Burcalıya bu barədə bildirsələr də, lakin Burcalı yenə də öz əməlini boynuna almamışdır. O və Rahil Burcalının qızılları götürdüyünə əmin olmuş, lakin Burcalı onun qardaşı olduğu üçün ilk olaraq şikayət etmək istəməmişlər. Daha sonra isə Burcalı boynuna almadığı üçün Rahil də məcbur qalıb 07 yanvar 2023-cü il tarixdə Daxili İşlər Nazirliyinin 102 Xidməti-Zəng Mərkəzinə zəng edərək evlərindən onun qızıllarının oğurlanması barədə məlumat vermişdir. Sonradan onlara məlum olmuşdur ki, qızıllarını Burcalı oğurlamış və Şamaxı şəhərində olan lombarda qoyaraq oradan 2100 (iki min bir yüz) manat pul götürmüşdür. Ona məxsus evdən üzərində ağ rəngli qaşları olan bir ədəd boyunbağıdan, bir ədəd qolbaqdan, iki ədəd (bir cüt) sırğadan və bir ədəd üzükdən ibarət olan qızıl dəsti, üç ədəd üzərində ağ qaşları olan qızıl üzüklər, bir cüt üzərində qara qaşları olan qızıl sırğa və bir ədəd qızıl tros sep oğurlanmışdır. Həmin qızılların konkret dəyərini bilmir. Çünki həmin qızılların bəzilərini ona əri almış, bəzilərini isə ona qohumları pay vermişdir. Ümumilikdə dəyəri bilməsə də, əri Rahillə bu haqda söhbət edəndə Rahil ona demişdir ki, yəqin ümumilikdə qızılların dəyəri 15000 manat edir. Yaşadığı evdən oğurlanmış qızıl-zinyət əşyalarının hamısı ona məxsusdur. Qobustan rayonu, Təklə kəndindəki evlərindəki yataq otağının qapısı açarla bağlı olur, açarı qonaq otağındakı servantın (şkafın) alt hissəsindəki siyirmədəki çaynikin içərisində saxlayır. Qızılları isə yataq otağında olan şifonerdəki çemodanın içərisindəki qızıl qabında saxlayır. Şifonerin, qızıl qabının və çemodanın üzərində açar olmamış, onlar adi formada açılırlar. Üzərində ağ rəngli qaşları olan bir ədəd boyunbağıdan, bir ədəd qolbaqdan, iki ədəd (bir cüt) sırğadan və bir ədəd üzükdən ibarət olan qızıl dəstini və bir ədəd qızıl nişan üzüyünü onun üçün əri nişanlanan zaman almışdır. Üzərində ağ qaşları olan iki ədəd qızıl üzükləri isə ona toylarında əmisi Gülağa və qayınatası Rafiq pay vermişlər. Üzərində qara qaşları olan bir cüt qızıl sırğanı ərinin xalası və onun bibisi Ülkər ona pay vermişdir. Bir ədəd qızıl tros sepi isə ona qayınanası Hökümə pay vermişdir. Həmçinin, həmin qızılların konkret çəkilərini və əyyarını da bilmir. Məhkəməəmtəəşünaslıq ekspertizasının 31 yanvar 2023-cü il tarixli, 6/487-9/584 nömrəli rəyinə hər hansı bir etirazı yoxdur və qızıllarının ekspertiza rəyində göstərilən qiymətlərinə etirazı yoxdur. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 31 yanvar 2023-cü il tarixli, 6/487-9/584 nömrəli rəyində göstərilən qiymətlərlə razıdır. Oğurlanmış qızıllarının dəyərinin ekspert rəyində göstərilən kimi nəzərə alınmasını xahiş edir. Qardaşı Burcalı tərəfindən oğurlanmış qızıl-zinyət əşyaları ona qaytarıldığı üçün ondan hər hansı bir şikayəti və ya tələbi yoxdur. Onun tutulmasını istəmir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid5 və Şahid3 isə Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verdilər. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, ailə üzvləri ilə, yəni oğlu Şahid1, gəlini Zərərçəkmiş şəxs və bacısı X4 ilə birlikdə Qobustan rayonunun Təklə kəndində yaşayır və heç bir yerdə işləmir. Oğlu Rahil fərdi qaydada fəhləliklə, yəni çobanlıqla məşğul olur və gəlini Ürfət də ona köməklik edir. Gəlini Zərərçəkmiş şəxs həm də qardaşının qızıdır. Ürfətlə Rahil 05 avqust 2021-ci il tarixdə ailə həyatı qurduqdan sonra Ürfət onların evində yaşayır. Təqsirləndirilən şəxs onun qardaşı oğludur və gəlini Ürfətin doğma qardaşıdır. Oğlu Rahil hazırda “Umbakı” deyilən yerdə qışlaqda çobanlıqla məşğul olaraq heyvanlara baxır və Ürfət də onun yanında qışlaqda qalır. Ürfətlə Rahil sonuncu dəfə 2022-ci ilin noyabr ayının ortalarında qışlağa getmişlər. Bu müddət ərzində Ürfət Rahillə birlikdə qışlaqda olmuşdur. Bu müddət ərzində Rahil bir dəfə 2022-ci ilin dekabr ayının ortalarında evlərinə gəlmiş, Ürfət də bir dəfə 31 dekabr 2022-ci il tarixdə evlərinə gəlmiş, oradan isə Bakı şəhərinə getmişdir. Ürfətin Təklə kəndindəki evlərinə qayıtmaqda məqsədi Bakı şəhərində yaşayan digər qardaşı Gülağanın oğlu Samirin övladının nişan mərasimində iştirak etməsi olmuşdur. X9 kəndindəki evlərində olmayan vaxt orada yataq xəstəsi olan bacısı Solmaz Hacıyeva ilə birlikdə yaşayır. 31 dekabr 2022-ci il tarixdə Ürfət Təklə kəndindəki evlərinə gəlmişdir. Ürfət nişan məclisinə qızıllarını taxmaq üçün götürmək istəyən zaman şifonerdəki çemodanın içərisində qızıl qabında qoyduğu qızıllarının yerində olmadığını görmüşdür. Ürfət ondan qızıllarının harada olmasını soruşmuş və o da Ürfətə onun qızıllarını götürmədiyini bildirmişdir. Onlar nə qədər qızılları evdə axtarsalar da, tapa bilməmişlər. Bundan sonra onlar başa düşmüşlər ki, Ürfətin qızıllarını kimsə oğurlamışdır. Ürfət Samirlə Bakı şəhərinə onların evinə getmişdir. Həmin gün axşam Rahil ona zəng edərək Ürfətin evə çatıb-çatmamasını soruşmuş və o da Rahilə Ürfətin evə gəlib çatmasını, lakin nişana gedən zaman qızıllarını taxmaq üçün götürmək istəyəndə qızılların yerində olmadığını gördüyünü bildirmişdir. O, Ürfət və Rahil onların evlərinə kənar şəxslərin gəlmədiyini bildikləri üçün hamıdan şübhələnməyə başlamışlar. Ona sonradan məlum olmuşdur ki, Burcalı Samirə zəng edərək qızıllar barədə heç kimə heç nə deməmələrini və özü gəlib onunla söhbət edəcəyini bildirmişdir. Samir də Rahilə zəng edərək Burcalı ilə telefonda danışan zaman Burcalıdan qızılları götürməsi ilə bağlı soruşduğunu və Burcalının söhbətdən yayınaraq gələndə onunla söhbət edəcəyini bildirdiyini demişdir. Ona sonradan həmçinin məlum olmuşdur ki, 2023cü ilin yanvar ayının əvvəllərində Burcalı Rahilin işlədiyi qışlağa getmiş və həmin vaxt onlar görüşən zaman Rahil Burcalıya ondan şübhələndiyini və şikayət edəcəyini bildirmişdir. Burcalı isə həmin vaxt Rahilə qızılları götürmədiyini və əgər istəyirsə, şikayət etməsini demişdir. Rahil və Ürfət bir neçə dəfə Burcalının atası Gülbalaya və anası Bahara qızılları Burcalının oğurlaması və gətirib qaytarması barədə bildirmişlər. Onlar da Burcalıya bu barədə bildirsələr də, lakin Burcalı yenə də öz əməlini boynuna almamışdır. O, Ürfət və Rahil Burcalının qızılları götürdüyünə əmin olmuş, lakin Burcalı Ürfətin qardaşı olduğu üçün ilk olaraq şikayət etmək istəməmişlər. Daha sonra isə Burcalı boynuna almadığı üçün Rahil də məcbur qalıb 07 yanvar 2023-cü il tarixdə DİN-in 102 zəng xidmətinə zəng edərək evlərindən qızılların oğurlanması barədə məlumat vermişdir. Sonradan onlara məlum olmuşdur ki, qızılları Burcalı oğurlamışdır. Burcalı onun qardaşı oğlu olmaqla, həm də gəlini Ürfətin qardaşıdır və onların evləri yaxın olduğu üçün evlərinə tez-tez gəlir. Burcalı 17 dekabr 2022-ci il tarixdə onların evlərinə təxminən günorta vaxtı gəlmiş və bir qədər onunla oturub söhbət etdikdən sonra getmişdir. Yaşadıqları evdən oğurlanmış qızılzinyət əşyalarının hamısı gəlini Ürfətə məxsusdur. Üzərində ağ rəngli qaşları olan bir ədəd boyunbağıdan, bir ədəd qolbaqdan, iki ədəd (bir cüt) sırğadan və bir ədəd üzükdən ibarət olan qızıl dəstini və bir ədəd qızıl nişan üzüyünü Ürfət üçün oğlu Rahil nişanlanan zaman almışdır. İki ədəd üzərində ağ qaşları olan qızıl üzükləri isə toylarında Ürfətə əmisi Gülağa və qayınatası Rafiq pay vermişlər. Bir cüt üzərində qara qaşları olan qızıl sırğaları Ürfətə bacısı Ülkər pay vermişdir. Bir ədəd qızıl tros sepi isə Ürfətə o, özü pay vermişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1, X4 və Şahid6 isə Şahid2 ilə eyni məzmunlu ifadə verdilər. Şahid4 Baldadaş oğlu ifadə verərək göstərdi ki, 2021-ci ildən ünvan 1 ünvanında yerləşən “Lombard”da nəzarətçi işləyir. Həmin “Lombard”da pula ehtiyacı olan şəxslərə qızıl-zinyət əşyalarını girov qoymaqla pul verirlər. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında heç bir dostluq, düşmənçilik və ya başqa şəxsi münasibəti olmamışdır. 23 dekabr 2022-ci il tarixdə saat təxminən 15 radələrində iş yerində olan zaman oraya Burcalı adlı şəxs gəlmiş və özündə olan üzərində ağ qaşları olan, 583 əyarlı, 12,2 qram çəkidə bir ədəd qızıl qadın sepini, üzərində ağ qaşları olan 583 əyarlı, 5,7 qram çəkidə qızıl qadın qolbağını, üzərində ağ qaşları olan 583 əyarlı, ümumilikdə 14,3 qram çəkidə dörd ədəd qızıl qadın üzüklərini, bir cüt üzərində ağ qaşları və bir cüt üzərində qara qaşları olan 583 əyarlı, ümumilikdə 13,6 qram çəkidə qızıl qadın sırğalarını ona təqdim edərək həmin qızılları girov qoymaqla pul götürmək istədiyini bildirmişdir. Həmin qızıl-zinyət əşyalarını yoxladıqdan sonra Burcalıya həmin qızılların girov qoyulması müqabilində 2100 (iki min bir yüz) manat pul veriləcəyini bildirmişdir. Burcalı da onunla razılaşmış və həmin qızıl-zinyət əşyalarını Burcalıdan təhvil götürərək Burcalıya 2100 (iki min bir yüz) manat pul vermişdir. Burcalı pulu ondan aldıqdan sonra ona bir ay müddətində pulu qaytaracağını və qızıllarını geri götürəcəyini bildirmişdir. O, da Burcalıya heç bir problem olmadığını və pulu geri ödədiyi halda qızıllarını geri götürə biləcəyini bildirmişdir. Bundan sonra Burcalı oradan getmiş və bir müddət sonra iş yerində olan zaman oraya polis əməkdaşları gələrək ona Qobustan rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını və ondan Burcalının ona qızılzinyət əşyaları verib-verməmələrini soruşmuşlar. O da polis əməkdaşlarına Burcalının adlarını qeyd etdiyi qızılları ona verərək ondan 2100 (iki min bir yüz) manat pul götürdüyünü bildirmişdir. Ona həmin vaxt məlum olmuşdur ki, həmin qızıl-zinyət əşyaları Burcalının özünə məxsus olmamış, Burcalı həmin qızıl-zinyət əşyalarını bacısının evindən oğurlayaraq onun işlədiyi “Lombard”a qoyaraq pul götürmüşdür. Burcalı ona qızılları təqdim edən zaman həmin qızılların onun özünə məxsus olduğunu və toy edərək ziyan etdiyi üçün ona pul lazım olduğundan girov qoyduğunu bildirmişdir. Burcalıdan qızılları götürən zaman girov biletinə həmin qızılların adlarını, əyyarlarını və çəkilərini qeyd etmişdir. Burcalıdan şəxsiyyət vəsiqəsini tələb edərək qızıl-zinyət əşyaları ilə bərabər şəxsiyyət vəsiqəsinin fotoşəklini də çəkmişdir. Həmin vaxt qızıl-zinyət əşyalarının arasında qızıl tros sepinin olmasını görməmiş və Burcalı ona həmin tros sepi təqdim etməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 31 yanvar 2023-cü il tarixli, 6/487-9/584 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, zərgərlik məmulatlarından cədvəl 1 üzrə sıra nömrəsi 1 olan 750 əyarlı, 2,3,4,5 və 6 olanlar 583/585 əyarlı qızıldan hazırlanmışdır. Məmulatlardan üzərilərində qaş olanlardan sıra nömrəsi 1 və 6 olanlarının qaşları qiymətli qaşlara aiddir - brilyantdır. 1. Dəyəri 658,00 manat təşkil edən, kütləsi 3,28 qram, 750 əyarlı, üzərində 24 ədəd rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli 1 ədəd qızıl üzüyün halqasının iç tərəfində “BRAVO 750” damğası vardır. 2. Dəyəri 342,00 manat təşkil edən, kütləsi 4,03 qram, 583/585 əyarlı, üzərində rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli 1 ədəd qızıl üzüyün üzərində cızıqlar vardır. 3. Dəyəri 309,00 manat təşkil edən, kütləsi 3,64 qram, 583/585 əyarlı, üzərində 1 ədəd rəngsiz, şəffaf qaş və “versage” naxışları olan, sarı rəngli 1 ədəd qızıl üzüyün halqasının iç tərəfində “İTALY 585” damğası vardır. 4. Dəyəri 523,00 manat təşkil edən, kütləsi 6,15 qram 583/585 əyarlı, üzərində ümumilikdə 2 ədəd qara rəngli və rəngsiz, şəffaf qaşlar olan qırmızımtıl sarı rəngli 1 cüt qızıl sırğanın kilidində “B*583” damğası vardır. Sırğa cütünün üzərində 1 ədəd qaş yeri boşdur. 5. Dəyəri 575,00 manat təşkil edən, kütləsi 6,77 qram, 583/585 əyarlı, qırmızımtıl sarı rəngli 1 ədəd qızıl boyunbağının qulaqcığında “B*583” damğası vardır. 6. Dəyəri 3197,00 manat təşkil edən kütləsi 28,88 qram, 583/585 əyarlı, üzərində ümumilikdə 111 ədəd rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli 1 dəst qızıl sırğa cütü-üzük-qolbaq-boyunbağı dəstinin elementlərinin hər birinin üzərində “DİA 14 k” damğası vardır. Ekspertiza tədqiqatına təqdim edilən məmulatların modeli və digər göstəriciləri nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 5604,00 manat müəyyən edilir. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs oğurladığı və istintaqa təqdim etdiyi üzərində ağ rəngli qaşları olan bir ədəd boyunbağıdan, bir ədəd qolbaqdan, iki ədəd (bir cüt) sırğadan və bir ədəd üzükdən ibarət olan qızıl dəsti, üç ədəd qızıl qadın üzükləri, bir ədəd qızıl boyunbağı və üzərində qara qaşları olan bir cüt qızıl sırğa maddi sübut əhəmiyyətinə malik olduğundan 20 fevral 2023-cü il tarixli qərarla iş üzrə maddi sübut hesab edilmiş və Zərərçəkmiş şəxs təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş qəbzdən görünür ki, üzərində ağ rəngli qaşları olan bir ədəd boyunbağıdan, bir ədəd qolbaqdan, iki ədəd (bir cüt) sırğadan və bir ədəd üzükdən ibarət olan qızıl dəsti, üç ədəd qızıl qadın üzükləri, bir ədəd qızıl boyunbağı və üzərində qara qaşları olan bir cüt qızıl sırğa Zərərçəkmiş şəxs təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən 24 fevral 2023-cü il tarixdə rayon Polis Şöbəsinə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Qobustan rayonu İcra Hakimiyyəti Başçısının Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 03 mart 2023-cü il tarixdə verdiyi 5-60-7/2-4/2023 saylı arayışda göstərilir ki, Təqsirləndirilən şəxs həqiqətən də Qobustan rayonu Təklə kəndində qeydiyyatdadır. Himayəsində 16 oktyabr 1999-cu il təvəllüdlü arvadı - X3 vardır. Qobustan rayonu İcra Hakimiyyəti Başçısının Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi ilə, eləcə də ekspert rəyi və işdə olan digər sənədlərlə tam sübuta yetir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını, dəymiş ziyanı tam ödəməsini, yaşadığı yerindən müsbət xarakterizə olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını, dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi olmamasını, onun yaşadığı yerdən müsbət xarakterizə olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Üzərində ağ rəngli qaşları olan bir ədəd boyunbağı, bir ədəd qolbaq, iki ədəd (bir cüt) sırğa və bir ədəd üzükdən ibarət olan qızıl dəsti, üç ədəd qızıl qadın üzükləri, bir ədəd qızıl boyunbağı və üzərində qara qaşları olan bir cüt qızıl sırğanın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə 140 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 8 saat hüquqi yardıma görə 48 manat məbləğində pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347-349, 351- 353, 356 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 18 aprel 2023-cü il tarixdən 20 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı iki gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən bir gün azadlıqdan məhrum etmənin iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Qobustan rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Üzərində ağ rəngli qaşları olan bir ədəd boyunbağı, bir ədəd qolbaq, iki ədəd (bir cüt) sırğa və bir ədəd üzükdən ibarət olan qızıl dəsti, üç ədəd qızıl qadın üzükləri, bir ədəd qızıl boyunbağı və üzərində qara qaşları olan bir cüt qızıl sırğanın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə 140 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 8 saat hüquqi yardıma görə 48 manat məbləğində pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №1(026)-11/2023
Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-11/2023
08.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver