Məhkəmə qərarları › İş №1(026)-11/2024

Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-11/2024

07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-11/2024 07.05.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 1999-cu il tarixdə Qobustan rayonu Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Qobustan rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və hazırda cəza çəkən, Qobustan rayonu Nabur kəndində qeydiyyatda olan və orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs – Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 5,84 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı xeyli miqdarda (Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyasına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda) əldə edib üzərində saxlayaraq, Qobustan şəhərinə daşımış, 24 noyabr 2023-cü il tarixdə saat 15 radələrində Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan şəhəri ərazisində saxlanılaraq Qobustan şəhəri, H.Əliyev prospekti 291 ünvanında yerləşən Qobustan Rayon Polis Şöbəsinə gətirildikdən sonra orada həmin tarixdə saat 17:19-dan 17:29-dək olan müddət ərzində üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın qabaq sağ cibindən 01 (bir) ədəd sellofan bükülüdə təmiz çəkisi 5,84 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıda qeyd edilənlərlə tam sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər bir neçə dəfə narkotik vasitə olan marixuana istifadə etmişdir. Qobustan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə o, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və hazırda da cəza çəkir. 22 noyabr 2023cü il tarixdə Qobustan rayonunun Nabur kəndi ərazisində olmuşdur. Nabur kəndinin mərkəzindən yaşadığı evə gedərkən yerdə içərisində yaşıl rəngli ot kütləsi olan 01 ədəd sellofan bükülü görmüş, həmin bükülünün içərisinə baxdıqda yaşıl rəngli kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüşdür. O, əvvəllər də narkotik vasitə olan marixuana istifadə etdiyi üçün həmin ot kütləsini tanımışdır. İçərisində narkotik vasitə qurudulmuş marixuana olan 01 ədəd bükülünü götürüb gələcəkdə istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. 24 noyabr 2023-cü il tarixdə Qobustan rayon idman kompleksində idman etmək üçün yaşadığı evdən Qobustan şəhərinə gəlmişdir. 24 noyabr 2023-cü il tarixdə saat 15 radələrində Qobustan şəhəri “Son” adlanan ərazidə olan zaman tapmış olduğu 01 ədəd sellofana bükülmüş narkotik vasitə olan qurudulmuş marixuana da əynində olan göy rəngli cins şalvarın qabaq sağ cibində olmuşdur. Həmin vaxt bir neçə şəxs ona yaxınlaşıb özlərini təqdim edərək Qobustan RPŞ-nin əməkdaşları olduqlarını bildirərək, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün onu Qobustan RPŞ-yə dəvət etmişlər. O, həmin polis əməkdaşlarına heç bir etiraz etməyərək onlarla birlikdə Qobustan RPŞ-yə gəlmişdir. Daha sonra müdafiəçisinin və polis əməkdaşlarının iştirakları ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Üzərində şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşları ona üzərində gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və ya əşya varsa, könüllü olaraq iştirakçıların yanında təqdim etməsini təklif etmişlər. O da polis əməkdaşlarına əynində olan göy rəngli cins şalvarının qabaq sağ cibində 01 ədəd sellofana bükülmüş narkotik vasitə olan marixuana olduğunu bildirmiş və həmin bükülünü şalvarının qabaq sağ cibindən çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Sonra isə polis əməkdaşları onun üzərində şəxsi axtarış aparmış və üzərindən başqa gəzdirilməsi qanunla qadağan olan hər-hansı maddə, predmet və ya əşya aşkar olunmamışdır. Aşkar edilmiş 01 ədəd sellofana bükülmüş narkotik vasitə olan qurudulmuş marixuana polis əməkdaşları tərəfindən götürülərək qablaşdırılmışdır. O, polis əməkdaşlarına bildirmişdir ki, üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd sellofana bükülmüş kütlə narkotik vasitə olan marixuanadır, həmin marixuananı Qobustan rayonu, Nabur kəndi ərazisindən yolun kənarı ilə gedərkən tapmış və özü istifadə etmək üçün üzərində saxlamışdır. Bundan sonra bu barədə protokol tərtib olunmuş, o da digər iştirakçılar kimi həmin protokolu imzalamışdır. O, əməlindən peşmandır. Cinayət işi üzrə şahid qismində dindirilmiş Qobustan RPŞ-nin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Qobustan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunub cinayət başında yaxalanması məqsədi ilə tərəfindən Qobustan RPŞ-nin rəhbərliyinə raportla müraciət olunaraq, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün əməliyyat tədbirlərinin keçirilməsindən ötrü aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuş, şöbə rəisinin əmri ilə 24 noyabr 2023-cü il tarixdə onun rəhbərliyi, Qobustan RPŞ-in CAB-ın əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 24 noyabr 2023-cü il tarixdə saat 15 radələrində keçirilmiş əməliyyat axtarış tərbirləri zamanı Qobustan şəhərində “Son” deyilən ərazidə Təqsirləndirilən şəxs yaxınlaşıb, ona xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını bildirərək ona narkotik vasitə əldə etməkdə şübhəli olduğu üçün onlarla birlikdə polis şöbəsinə getməli olduğunu demişlər. Təqsirləndirilən şəxs polis şöbəsinə getməyə razılaşaraq onlarla birlikdə polis şöbəsinə gəlmiş və üzərinə şəxsi axtarış keçirilib tədbir görülməsi üçün raportla şöbə rəhbərliyinə müraciət etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi təhqiqatçı Şükran Cavadzadəyə həvalə edilmişdir. Sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah olunmuş, bundan sonra isə müdafiəçi Niyaz Talıbovun, onun, əməliyyat müvəkkili Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilən hər hansı bir əşya olduğu halda, həmin əşyanı təqdim etməsi xahiş edildikdə, o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd siqaret qutusu və 01 ədəd kibrit qutusu çıxararaq təqdim edib masanın üzərinə qoymuşdur. Həmin qutular açıldıqda, siqaret qutusunun içərisindən siqaret dənələri, kibrit qutusunun içərisindən kibrit dənələri aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində başqa bir əşyanın olub-olmadığı soruşulduqda, o, əynində olan göy rəngli cins şalvarın qabaq sağ cibindən içərisində narkotik vasitəyə bənzər bitki kütləsi olan 01 ədəd şəffaf sellofan bükülünü çıxararaq təqdim edib masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə haqqında soruşulduqda, o, həmin kütlənin marixuana olduğunu, Qobustan rayonu, Nabur kəndi ərazisində yolun kənarı ilə gedərkən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd siqaret qutusu və 01 ədəd kibrit qutusu özünə qaytarılmışdır. Yekunda protokol tərtib edilərək ucadan oxunmuş, heç bir tələb, təklif, şikayət və ya qeyd daxil olmamışdır. O və digər iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş Qobustan RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə-bioloji ekspertizasının 25 noyabr 2023-cü il tarixli, 3-16-16/2-7/1614 nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs...” yazıları və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan bükülüdə təmiz çəkisi - 5,84 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Rəyin qeyd hissəsində marixuananın təmiz çəkisinin 5,84 qram, tədqiqata sərf edilən ümumi miqdarının 0,05 qram, qalıq çəkisinin isə 5,79 qram olması qeyd edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 19 dekabr 2023-cü il tarixli, 8299 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs k annabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 5,84 qram, ekspert tədqiqatından sonra təmiz çəkisi 5,79 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut əhəmiyyətinə malik olduğundan 29 yanvar 2024-cü il tarixli qərarla iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılması üçün Qobustan Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən 29 noyabr 2023-cü il tarixdə rayon Polis Şöbəsinə daxil olmuş tələbnamədən görünür ki, Niyazov X1 Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Qobustan Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 1(026)-26/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən bir gün azadlıqdan məhrumetmə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla ona təyin olunmuş cazadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Sumqayıt şəhər Probasiya Şöbəsinin 18 aprel 2024-cü il tarixli 21-2/3 2/36 saylı məktubundan görünür ki, Qobustan rayon məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 1(026)-26/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs 18 aprel 2024-cü il tarixə cəzasının 01 il 02 ay 15 gününü çəkmiş, çəkilməmiş cəzası 09 ay 11 gün təşkil edir. Qobustan rayon İcra hakimiyyəti başçısının Nabur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Qobustan rayon polis şöbəsinin “şübhəli şəxsin tutulması haqqında” 24 noyabr 2023-cü il tarixli qərarından görünür ki, 24 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və 26 noyabr 2023-cü il tarixə kimi Qobustan rayon polis şöbəsində saxlanılmışdır. Həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün və şahidlərin ifadəsi ilə, eləcə də ekspert rəyi və işdə olan digər sənədlərlə tam sübuta yetir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş cəzaya Qobustan rayon məhkəməsinin 16 dekabr 2022-ci il tarixli 1(026)-26/2022 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi qismən birləşdirilməlidir. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə zalından dərhal həbsə alınmalı və “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan 5,79 qram olan olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə 78 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347,349, 351- 353, 356, 358 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəzaya Qobustan rayon məhkəməsinin 16 dekabr 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi olan 8 (səkkiz) ay 22 (iyirmi iki) günün 1 (bir) günü azadlıqdan məhrumetmə cəzasının 2 (iki) günə hesablanmaqla 4 (dörd) ay 11 (on bir) gün azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 noyabr 2023-cü il tarixdən 26 noyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə zalından həbsə alınsın və “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 07 may 2024-cü il tarixdən hesab edilsin. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan 5,79 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə 78 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar