Məhkəmə qərarları › İş №1(026)-12/2024

Qobustan Rayon Məhkəməsi Qərar — İş №1(026)-12/2024

30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 1(026)-12/2024 30.07.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxsnun iştirakı ilə, xx xxxxxx 1969-cu ildə Şamaxı rayonu Mərəzə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, natamam orta təhsilli, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Qobustan rayonu, Qobustan şəhəri, Yeni Massivdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 29 may 2022-ci il tarixdə saat 16 radələrində Qobustan şəhərinin “Xaltava” adlanan ərazisində kürəkəni Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı qəsdən Zərərçəkmiş şəxs baş və bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə zərbələr vuraraq, ona boyun, üz və sağ çiyin nahiyəsinin əzilmələrindən ibarət sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən, həmçinin həyat üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid qapalı kəllə-beyin osteonevrotik vəziyyət kimi xəsarətləri yetirməklə, qəsdən Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, üçü qız, biri oğlan olmaqla 4 övladı vardır. Səbinə adlı qızı Zərərçəkmiş şəxs ilə təxminən 9 il olar ki, rəsmi nikaha girərək birlikdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində Zərərçəkmiş şəxs evində yaşayır. Onların 2 azyaşlı övladı vardır. Bu vaxta qədər aralarında ciddi narazılıq olmamış, mehriban münasibətləri olmuşdur. Lakin 2022-ci ilin may ayının ortalarında qızı Səbinə ona Ağaxanın son zamanlar evə gec gəldiyini demişdir. 28 may 2022-ci il tarixdə Ağaxan, qızı Səbinə və uşaqları onlara qonaq gəlmişlər. 29 may 2022-ci il tarixdə saat 11 radələrində ailə üzvləri ilə birlikdə yeyib-içmək məqsədi ilə Qobustan rayonu ərazisində yerləşən “Xaltava” adlanan yerə aparmışdır. Orada onun həyat yoldaşı Sadət, oğlu Seymur, qızı Səbinə, kürəkəni Ağaxan və onların uşaqlarından başqa heç kim olmamışdır. Onlar oraya ona məxsus olan qara rəngli, “Renault Megane” markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobillə getmişlər. 29 may 2022-ci il tarixdə saat 16 radələrinə kimi orada yeyib-içib istirahət etmişlər. O, 150 qram spirtli içki qəbul etdiyindən Seymura bildirmişdir ki, öz avtomobili ilə ilk öncə ailə üzvlərini aparsın, sonra isə geri qayıdıb Ağaxanla onu evə aparsın. Seymur avtomobillə gedəndən sonra Ağaxan ilə tək qalmış və onunla söhbət etməyə başlamışdır. Saat 17 radələrində söhbət edərkən Ağaxan ona bildirmişdir ki, onun Səbinədən başqa arvadı var, yəni iki qadınla yaşayır və həmin qadından “Əli” adında bir oğlu da vardır. Ağaxanın bu sözü ona çox pis təsir etmiş və Ağaxana demişdir ki, “utanmırsan mən sənin qayınatanam”. Həmçinin demişdir ki, “uşağa gərək atanın adını qoyardın, niyə adını Əli qoymusan”. Onun bu sözü Ağaxana pis təsir etmiş və Ağaxan ona kobud cavab vermişdir. Ona görə də, aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı sağ əli ilə Ağaxanın sifətinin sol tərəfindən sillə ilə vurmuş və o, yerə yıxılmışdır. Həmin vaxt yumruq və təpiklə Ağaxanın baş və bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Ağaxan yerdən ayağa qalxaraq onun üstünə gəlmiş, bu zaman Ağaxanın boynundan itələmişdir. Ağaxan onun yanından uzaqlaşmışdır. Oğlu Seymur ailə üzvlərini evə düşürdüb geri qayıdan zaman Ağaxanla rastlaşmış və oğluna Ağaxanı onun yanına gətirməsini bildirmişdir. Lakin Ağaxan ona “atan Sahib məni döyür” deyərək gəlməkdən imtina etmişdir. Ağaxan Seymurdan onu Sumqayıt şəhərinə yola salmasını, sonra isə atasını, yəni onu Qobustan şəhərinə aparmasını istəmişdir. Oğlu Seymur ilk öncə Ağaxanı avtomobilə əyləşdirmiş və onu aparıb Sumqayıt şəhərinə yola saldıqdan sonra onun yanına gələrək onu evə aparmışdır. Aralarında baş verən mübahisə təxminən 5 dəqiqə davam etmişdir. Hadisə baş verən zaman orada heç kəs olmamışdır. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2015-ci ilin avqust ayında Qobustan şəhər sakini X2 ilə rəsmi nikaha girərək ailə həyatı qurmuş və bu nikahdan onların 2 azyaşlı övladları dünyaya gəlmişdir. O, ailə qurandan bu günə kimi Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən N nömrəli hərbi hissədə ailəsi və uşaqları ilə birlikdə yaşayır. Həyat yoldaşı Səbinə ilə münasibətləri 2020-ci ilədək normal olmuşdur. 2020-ci ildə atası dünyasını dəyişdikdən sonra qayınatası və qayınanası onların ailə işlərinə müdaxilə etməyə başlamış və arvadı Səbinə onların sözlərinə qulaq asaraq evdə narazılıq etməyə başlamışdır. Səbəb olaraq isə evə guya gec-gec gəldiyini və pulunu başqa adamlara xərclədiyini ona bildirmişdir. Lakin əslində onların evlərində olan narazılıq ata nənəsi Telli Nurəhmədovanın onların evlərində yaşaması olmuşdur. Arvadı Şahid4 nənəsini evdən çıxarmasını ondan tələb etdikdə, bununla razılaşmamışdır. 28 may 2022-ci il tarixdə qayınatası Sahib onun istifadə etdiyi mobil telefona zəng vuraraq Qobustan şəhərinə qonaq çağırmışdır. Qaynı Seymur 28 may 2022-ci il tarixdə axşam tərəfi onun yaşadığı evə gələrək qayınatası Təqsirləndirilən şəxs onu qonaq çağırdığını bildirmişdir. O, əvvəl həmin qonaqlığa getmək istəməsə də, qaynı Seymurun deməsinə görə Qobustan şəhərinə getməyə razılaşmış və ailəsi ilə birlikdə qayınatası Təqsirləndirilən şəxs yaşadığı evə qonaq gəlmiş və həmin gecəni orada qalmışlar. 29 may 2022-ci il tarixdə saat 11 radələrində o, qayınatası Təqsirləndirilən şəxs, qayınanası Şahid2, qaynı Şahid1, həyat yoldaşı Şahid4 və 2 azyaşlı övladı ilə birlikdə Qobustan şəhərində yerləşən “Xaltava” adlanan əraziyə istirahət etmək üçün getmişlər. Təxminən 5-6 saat oturub istirahət etmiş və yemək yemişlər. Yemək zamanı Sahiblə spirtli içki qəbul etmişlər. Təxminən saat 16 radələrində onlar istirahətlərini yekunlaşdırıb evə getməyə hazırlaşmışlar. Lakin Təqsirləndirilən şəxs içkili olduğu üçün avtomobili idarə etməmiş, Seymura “ailə üzvlərimizi evə sən apar, mən Ağaxanla tək qalmaq istəyirəm”-demişdir. Seymur avtomobillə ailə üzvlərini apardıqdan sonra o, qayınatası Təqsirləndirilən şəxsla tək qalmış və söhbət etməyə başlamışlar. Saat 17 radələrində Sahib ona əlavə suallar verərək evə və ailəsinə baxmadığını, maaşını kənar şəxslərə xərclədiyini, guya onun kənarda hansısa bir qadınla əlaqəsi olması barədə bildirmişdir. O isə bu sözlərin hamısının yalan olduğunu və kənarda arvad-uşaq saxlamadığını ona bildirsə də, Sahib ona “yalan danışırsan”-demişdir. Oturaq vəziyyətdə olduğu üçün Sahib ilk öncə sağ ayağı ilə onun sifət nahiyəsindən təpiklə vurduğuna görə o yerə yıxılmış, yerə yıxılan zaman Sahib hər iki ayağı ilə onu təpikləməyə başlamışdır. Daha sonra o, ayağa qalxmağa çalışarkən Sahib sağ əli ilə onun sifət nahiyəsindən yumruqla vurmuşdur. Sahib ona ayağa qalxmağa imkan veməyərək onun sinəsində oturaraq yumruqla baş nahiyəsinə və bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbələr vurmuşdur. Onun bu cür hərəkətlərini davam etdirdiyini görüb ayağa qalxmağa çalışmış və oradan uzaqlaşmağa başlamışdır. Bu zaman yolun kənarında qaynı Seymur və onun qohumu Müşfiq adlı şəxsin dayandığını görmüşdür. Onlara yaxınlaşaraq Sahibin onu döydüyünü və həmin ərazidən onu tez uzaqlaşdırmalarını bildirmişdir. Onlarla birlikdə avtomobilə əyləşərək Qobustan şəhərində yerləşən qayınatasına məxsus evə gələrək ailə üzvlərini götürüb Sumqayıt şəhərinə aparmaq istəsə də, qaynı ona mane olmuş və o, taksiyə minərək Sumqayıt şəhərinə getmişdir. 30 may 2022-ci il tarixdə yaşadığı evdə huşu getdiyi üçün təcili tibbi yardım avtomobili ilə onu Sumqayıt şəhər Travmatologiya xəstəxanasına aparmışlar. 03 iyun 2022-ci ildə isə hərbi qulluqçu olduğu üçün onu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalına aparmışlar. Barəsində təyin edilmiş məhkəmə-tibb ekspertizasının rəyində göstərilən xəsarətləri ona qayınatası Təqsirləndirilən şəxs yetirmişdir. Ona Seymur və Müşfiq xəsarət yetirməmiş, onu vurmamışlar. Məhkəmədən Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmədə Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun bacısı Şahid2 həyat yoldaşıdır. Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs qızının əridir. Onların hər ikisi ilə normal münasibəti var və bugünədək aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. 29 may 2022-ci il tarixdə saat 15:20 radələrində işdən çıxaraq yaşadığı evə getmişdir. Həmin vaxt bacısı oğlu Şahid1 istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək Qobustan şəhəri, “Xaltava” adlanan əraziyə onunla birlikdə gedərək atası Sahibi və bacısının əri Ağaxanı gətirməsini ondan xahiş etmişdir. Seymurla telefon əlaqəsi saxladıqdan 15-20 dəqiqə sonra Seymur onun yaşadığı evə gəlmiş, Seymurun idarə etdiyi avtomobilə əyləşərək 10-15 dəqiqə yol getdikdən sonra onlar Qobustan şəhəri, “Xaltava” adlanan əraziyə çatmışlar. O, avtomobildən düşməzdən qabaq Zərərçəkmiş şəxs meşəlik ərazidən çıxaraq yola tərəf gəldiyini görmüşdür. Seymur idarə etdiyi avtomobili saxladıqdan sonra avtomobildən düşmüş və Zərərçəkmiş şəxs yanına gəlmişdir. Ağaxana yaxınlaşdıqda, Ağaxan ona bildirmişdir ki, “Sahibdən incimişdir və bu səbəbdən də oradan çıxıb gedir”. O və Seymur ilk öncə Ağaxanla birlikdə Seymurun idarə etdiyi avtomobilə əyləşərək bacısı Sadətin yaşadığı evə getmişlər. Ağaxan və Seymur evə tərəf getmiş, lakin o, avtomobildə qalmışdır. Sonra onların hər ikisi yanına gəlib avtomobilə əyləşmişlər. X3 şəhərinin mərkəzində yerləşən dairənin yaxınlığına gətirərək onu yaşadığı Sumqayıt şəhərinə yola salmışlar. Onlar yolda olarkən Ağaxana Təqsirləndirilən şəxs inciməməsini və yaşının çox olması səbəbindən onu başa düşməsini bildirmiş və Ağaxana onunla birlikdə evə getməsini təklif etmişdir. Lakin Ağaxan qayınatası Təqsirləndirilən şəxs incidiyi üçün onun təklifi ilə razılaşmamışdır. Onlar Ağaxanı yola saldıqdan sonra yenidən Qobustan şəhəri, “Xaltava” adlanan əraziyə getmişlər, o, Təqsirləndirilən şəxsla birlikdə Sahibin avtomobilinə əyləşərək, həmin avtomobili idarə etmiş və onu yaşadığı evə gətirmişdir. Onlar evə çatdıqdan sonra Təqsirləndirilən şəxs nə baş verdiyini soruşmuşdur. Sahib Zərərçəkmiş şəxs ona xoş olmayan sözlər dediyini, bu səbəbdən aralarında narazılıq olduğunu ona bildirmişdir. Daha sonra oradan çıxaraq öz yaşadığı evə getmişdir. İfadəsi elan olunmuş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır. Nurəhmədov İlham oğlu isə bacının əridir. Onların hər ikisi ilə normal münasibəti var, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. 28 may 2022-ci il saat 17:00 radələrində xidmətdə olduğu Quba şəhərindən yaşadığı Qobustan şəhərinə gələn zaman Zərərçəkmiş şəxs ilə istifadəsində olan mobil telefon vasitəsi ilə əlaqə saxlamış və telefonla danışarkən Ağaxana Qobustan şəhərinə getdiyini, Səbinəni və 2 azyaşlı övladını da özü ilə birlikdə Qobustan şəhərinə aparmaq istədiyini bildirmişdir. Həmin vaxt Ağaxan özü də onlarla gəlmək istədiyini bildirmişdir. Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsinə gedərək Ağaxanı, Səbinəni və onların azyaşlı övladlarını ağ “VAZ 2107” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Qobustan şəhəri, Yeni Massivdə yerləşən ata evinə gətirmişdir. 29 may 2022-ci il tarixdə saat 11 radələrində o, öz avtomobili ilə, atası Sahibdə öz avtomobili ilə ailə üzvləri olan anası Sadət, bacısı Şəbinə, bacısının əri Ağaxan və onların 2 azyaşlı övladları ilə birlikdə Qobustan şəhəri ərazisində yerləşən “Xaltava” adlanan yerə gedərək orada yemək yeyib, istirahət edən zaman atası Sahib və bacısının əri Ağaxan spirtli içki qəbul etmişlər. Həmin günü saat 15- 16 radələrində yaşadıqları evə getmək qərarına gəlmişlər. O, dayısı Şahid3 zəng vuraraq Qobustan şəhəri, “Xaltava” adlanan ərazidə olduqlarını, atası Təqsirləndirilən şəxs spirtli içki qəbul etdiyinə görə avtomobili idarə edə bilmədiyini ona bildirərək ondan “Xaltava” ərazisinə gələrək atasının avtomaşınını idarə etməsini xahiş etmişdir. Sonra isə anası Sadət, bacısı Şəbinə və 2 azyaşlı övladını evə gətirib dayısı Müşfiqlə birlikdə atası və bacısının əri Ağaxanə gətirmək üçün “Xaltava” ərazisinə yola düşmüşlər. 10-15 dəqiqə yol getdikdən sonra “Xaltava” ərazisinə çatmışlar. Avtomobildən düşməmişdən öncə Zərərçəkmiş şəxs ərazidən çıxaraq yola tərəf gəldiyini görüb idarə etdiyi avtomobili saxlayıb düşmüş və Zərərçəkmiş şəxs yanına gələrək atasından ayrılmasının səbəbini soruşmuşdur. Ağaxan isə ona atası Sahibdən incidiyini və ona görə də oradan çıxıb getmək istədiyini onlara demişdir. Dayısı Müşfiqlə birlikdə Ağaxandan onların avtomaşınına minməsini xahiş etdikdən sonra Ağaxanı Qobustan şəhərində yerləşən evlərinə gətirmişlər. Ağaxan həyat yoldaşı Səbinəyə bildirdi ki, Sahiblə aralarında davadalaş olmuşdur , bu səbəbdən də çıxıb getmək istəyir. Lakin Şəbinə də Ağaxanla birlikdə getmək istədiyini bildirdiyinə görə o və dayısı Müşfiq idarə etdiyi avtomaşınla onları “Qobustan dairəsi” adlanan yerə gətirərək Sumqayıt şəhərinə yola salmışdır. Yolda olarkən dayısı X1 inciməməsini və yaşının çox olması səbəbindən onu başa düşməsini və ondan Sumqayıta yox, onların evinə getməsini xahiş etmişdir. Lakin Ağaxan öz evinə getmək istədiyini bildirmişdir. Ağaxanı yola saldıqdan sonra Qobustan şəhər “Xaltava” adlanan əraziyə getmişlər. Müşfiq Sahibin avtomobilinə əyləşərək, həmin avtomobili idarə edərək və Qobustan şəhərində yerləşən evlərinə gəlmişlər. Evə çatdıqdan sonra o atasından nə baş verdiyini soruş, atası isə ona Ağaxanın ona xoş olmayan sözlər dediyini, bu səbəbdən ona bir-iki sillə vurduğunu bildirmişdir. İş materiallarında olan məhkəmə tibb ekspertizasının 07 dekabr 2023-cü il tarixli, 154 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxsnun almış olduğu xəsarətlər-qapalı kəllə-beyin travması və baş beynin silkələnməsindən sonrakı osteonevrotik vəziyyət, sol göz orbitasının hematoması, boyun, üzün və sağ çiyin nahiyəsinin yumşaq toxumalarının əzilməsi xəsarətləri kənar şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə əllə, təpiklə döyülməsi zamanı alınması mümkündür. Zərərçəkmiş şəxsnun almış olduğu xəsarətlərdən boyun, üzün və sağ çiyin nahiyəsinin əzilmələri sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilmir. Qapalı kəllə-beyin travması, sol göz orbitasının hematoması, baş beynin silkələnməsindən sonrakı osteonevrotik vəziyyət isə onun sağlamlığının uzun müddətə (xx.xx.2022-xx.xx.2022) pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan Qobustan rayon polis şöbəsinin 10 fevral 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Qobustan rayon polis şöbəsinin 11 iyun 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Qobustan rayon polis şöbəsinin 07 noyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının ləğv edilməsi və materialın əlavə araşdırma aparılması üçün qaytarılması haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxsnun müraciəti ilə əlaqədar aparılmış araşdırma zamanı toplanmış material üzrə Qobustan rayon polis şöbəsinin İB-in müstəntiqi Camal Əliyev tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 11 iyun 2023-cü il tarixli qərarı əsassız olduğundan ləğv edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən 13 yanvar 2024-cü il tarixdə rayon Polis Şöbəsinə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Qobustan rayon İcra hakimiyyəti başçısının Qobustan şəhər İƏD üzrə nümayəndəliyindən 16 yanvar 2024-cü il tarixdə verilmiş 91 saylı xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Qobustan rayon polis şöbəsinin “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 08 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilən qismində cəlb edilmişdir. Qobustan rayon polis şöbəsinin 08 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs əməli ekspert rəyləri, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işdə olan digər istintaq sənədləri ilə tam sübuta yetirilmişdir. Bundan başqa iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan münaqişə 29 may 2022-ci il tarixdə baş vermişdir. Odur ki, Azərbaycan Respublikası CM-in 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdiyinə görə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 39.1.3-cü maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.2-ci maddəsinə əsasən, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək barəsində olan cinayət işinin icraatına xitam verilməsinə etirazı olmadığını bildirdi. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Zərərçəkmiş Zərərçəkmiş şəxs mülki iddia qaldırmaq hüququ izah edilməlidir. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3, 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Zərərçəkmiş Zərərçəkmiş şəxs mülki iddia qaldırmaq hüququ izah edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə qanunun tələblərinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar