Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-12/2025 17.06.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Qobustan Rayon Məhkəməsinin inzibati binasında xx xxx 1964-cü il tarixdə Şamaxı rayonu, Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Qobustan rayonu, Qobustan şəhərində qeydiyyatda olan və orada yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 8,40 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı xeyli miqdarda əldə edib, üzərində saxlamaqla Qobustan rayonuna daşımış, Qobustan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 14 yanvar 2025-ci il tarixdə saat 14:10 radələrində Qobustan rayonu, Qobustan şəhərində saxlanılıb orada üzəri yoxlanılan zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxladığı 01 (bir) ədəd kibrit qutusunun içərisində təmiz çəkisi 8,40 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, lakin fərdi əməklə məşğul olur. Bir neçə ildir ki, narkotik vasitə istifadə edir. Qeyd edilən müddət ərzində narkotik vasitənin marixuana növündən istifadə etmişdir. 2024-cü ilin dekabr ayının sonunda qardaşının qəbrini ziyarət etmək üçün “Nərimankənd” qəbiristanlığına getmiş, oradan piyada qayıdarkən yolun kənarında ağ rəngli vərəqə bükülmüş 01 (bir) ədəd kibrit qutusu onun diqqətini cəlb etdiyindən onu götürmüşdür. Əvvəllər də narkotik vasitə istifadə etdiyinə görə kibrit qutusunun içərisinə baxdıqda onun içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüşdür. Lakin o, həmin qutunu öz üzərində saxlamamış, onu qəbiristanlıqdan təxminən 60-70 metr aralıda daşın altında gizlətmişdir. 14 yanvar 2025-ci ildə yenə də qəbir üstünə getmiş, oradan qayıtdıqda bir qədər sıxıntısı olduğuna görə gedib daşın altında gizlətdiyi narkotik vasitəni götürmüşdür. Onu götürüb bir qədər yol gedəndən sonra mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olmalarını və üzərində narkotik vasitə saxlamağı barədə onlarda məlumat olmasını bildirmiş, bu səbəbdən də üzərinə şəxsi yoxlanış keçirilməsi zərurəti olduğunu izah etmiş, o da üzərinə şəxsi yoxlanış keçirilməsinə razılığını bildirmişdir. Polis əməkdaşları üzərində qanunla qadağan olunan hər hansı bir əşya olduğu halda təqdim etməsini bildirmişlər. O da əynində olan qara rəngli gödəkçənin cibindən ağ rəngli vərəqə bükülmüş, içərisində narkotik vasitə qurudulmuş marixuana olan 01 (bir) ədəd kibrit qutusunu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra içərisində qurudulmuş marixuana olan kibrit qutusu tərəzidə çəkilmiş, sonra isə zərfə qoyulmuş, zərfin üzəri onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. Bundan sonra polis əməkdaşları onlarla birlikdə polis şöbəsinə getməli olduğunu izah etmiş və o da razılığını bildirmişdir. Polis şöbəsinə gəldikdən sonra onu baş təhqiqatçı Elşən Eyvazovun xidməti iş otağına aparmışlar. Bundan sonra Müdafiəçi və digər iştirakçıların iştirakı ilə videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən əvvəlcədən üzərindən aşkar olunmuş içərisində narkotik vasitə olan 01 (bir) ədəd kibrit qutusunun qablaşdırıldığı zərf açılmış, həmin kibrit qutusu zərfin içərisindən çıxarılaraq baxış keçirilmişdir. Baxış zamanı ondan üzərindən aşkar olunaraq götürülmüş həmin kütlə haqqında soruşulduqda, o, zərfin içərisindən çıxarılaraq ona təqdim olunan kütlənin üzərindən aşkar olunduğunu, ona məxsus olduğunu, həmin kütlənin qurudulmuş marixuana olduğunu və iki həftə əvvəl Qobustan rayonu, Qobustan şəhəri ərazisində yerləşən “Nərimankənd” qəbiristanlığının yanında tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Hazırda törətdiyi əmələ görə peşmandır və məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qobustan RPŞ-nin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid2 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs Qobustan rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan, həmin məlumatın yoxlanılması məqsədi ilə 14 yanvar 2025-ci il tarixdə Qobustan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 rəhbərliyi, onun və Qobustan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 14 yanvar 2025-ci il tarixdə, saat 14:10 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, Qobustan RPŞ-nin CAB-nin əməliyyat müvəkkiləri Şahid1 və Şahid3 ilə birlikdə Qobustan rayonu, Qobustan şəhəri ərazisində küçədə Təqsirləndirilən şəxs yaxınlaşıb, xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını demiş və ona üzərində narkotik vasitə saxlaması barədə məlumatın olmasını bildirib, buna görə videoçəkilişdən istifadə edilməklə üzərinə yoxlanış keçirilməsi zərurəti olduğunu izah etmiş və o da üzərinə yoxlanış keçirilməsinə razılığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən ağ rəngli vərəqə bükülmüş, içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan 01 (bir) ədəd kibrit qutusunu çıxarıb ona təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin kibrit qutusunun içərisində olan kütlə haqqında soruşulduqda, o, həmin kütlənin qurudulmuş marixuana olduğunu, özünün də narkotik vasitə istifadəçisi olduğunu, həmin kütləni Qobustan rayonu, Qobustan şəhəri ərazisində yerləşən “Nərimankənd” qəbiristanlığının yaxınlığında yerdən tapdığını, istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Daha sonra içərisində qurudulmuş marixuanaya bənzər kütlə olan kibrit qutusu tərəzidə çəkilmiş, sonra isə həmin kibrit qutusu içərisi boş olan zərfə qoyulmuş, zərfin üzəri onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. Sonra isə Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmiş və onun üzərindən aşkar edilərək götürülmüş kütləyə baxış keçirilib qanuna uyğun tədbir görülməsi üçün onun tərəfindən raportla şöbə rəhbərliyinə müraciət edilmişdir. Bundan sonra isə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs, Müdafiəçi, onun, həmçinin əməliyyat müvəkkilləri Şahid1 və Şahid3 iştirakı ilə əvvəlcədən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütləyə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş həmin kütlə haqqında soruşulduqda o, yenə də həmin kütlənin qurudulmuş marixuana olduğunu, Qobustan rayonu, Qobustan şəhəri ərazisində yerləşən “Nərimankənd” qəbiristanlığının yaxınlığında yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra həmin kibrit qutusu elektron tərəzidə çəkilmiş, içərisi boş olan zərfə qoyulmuş, zərfin üzəri onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. İş üzrə şahid qismində dindirilən Qobustan RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid3 və Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə verdilər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM-in) 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə-bioloji ekspertizasının 15 yanvar 2025-ci il tarixli, 3-16-16-2-7/85 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan zərfdəki kağız paketin içərisində 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 8,40 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Rəyin qeyd hissəsində marixuananın təmiz çəkisinin 8,40 qram, tədqiqata sərf edilən ümumi miqdarının 0,05 qram, qalıq çəkisinin isə 8,35 qram olması qeyd edilmişdir. Aparılmış tədqiqatın dəyəri 78 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 23 yanvar 2025-ci il tarixli, 357 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli, 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. Cinayət işinə əlavə edilmiş Qobustan RPŞ-nin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 tərəfindən tərtib olunmuş 14 yanvar 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Qobustan RPŞyə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 14 yanvar 2025-ci il tarixdə saat 14:10 radələrində Qobustan rayonu, Qobustan şəhəri ərazisində piyada hərəkət edərkən saxlanılmış, ona hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan hər hansı bir əşya və predmet olduğu halda təqdim etməsi bildirildikdə o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən ağ rəngli vərəqə bükülmüş 01 (bir) ədəd kibrit qutusunu çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin kibrit qutusunun içərisində olan kütlə haqqında soruşulduqda o, həmin kütlənin qurudulmuş marixuana olduğunu, özünün də narkotik vasitə istifadəçisi olduğunu, həmin kütləni Qobustan rayonu, Qobustan şəhəri ərazisində yerləşən “Nərimankənd” qəbiristanlığının yaxınlığında yerdən tapdığını, istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Daha sonra içərisində qurudulmuş marixuanaya bənzər kütlə olan 01 (bir) ədəd kibrit qutusu elektron tərəzidə çəkilmişdir. Sonra həmin 01 (bir) ədəd kibrit qutusu içərisi boş olan zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra RPŞ-nin 142 nömrəli möhürü ilə möhürlənib götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən qara rəngli “GPS” aparatı, gödəkçənin sol yan cibindən 01 (bir) ədəd alışqan, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd “Samsung” markalı mobil telefon və 01 (bir) ədəd “Argo” markalı siqaret aşkar edilmişdir. Araşdırma üçün əhəmiyyət kəsb etdiyindən 01 (bir) ədəd “Samsung” markalı mobil telefon da müvafiq qaydada götürülmüşdür. Araşdırma üzrə əhəmiyyət kəsb etmədiyindən “Argo” markalı siqaret, alışqan və “GPS” aparatı Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs üstünü yoxlama Qobustan rayonu, Qobustan şəhəri ərazisində küçədə keçirilmişdir. Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxt onun Qobustan rayonu, Qobustan şəhəri ərazisində küçədə saxlanıldığı 14 yanvar 2025-ci il saat 14:10 radələrindən hesablanmalıdır. Cinayət işinə əlavə edilmiş Qobustan RPŞ-nin Təhqiqat Qrupunun baş təhqiqatçısı, polis polkovnik-leytenantı Elşən Eyvazov tərəfindən tərtib olunmuş 14 yanvar 2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, 14 yanvar 2025-ci il tarixdə Qobustan RPŞ-də xidməti otaqda RPŞ-nin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 təqdim etdiyi əşyalara baxış keçirilmişdir. Həmin istintaq hərəkətində şübhəli şəxs Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 və RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 iştirak etmişdir. Üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış ağ rəngli zərf açıldıqda zərfin içərisində 01 (bir) ədəd kibrit qutusunda yaşıl rəngli, kəskin qoxulu spesifik iyə malik narkotik vasitə olan marixuanaya oxşar kütlə olduğu məlum olmuşdur. Sonra həmin zərf yenidən möhürlənmişdir. Təqdim olunan “Samsung” markalı 01 (bir) ədəd mobil telefon da araşdırma üçün əhəmiyyət kəsb edə biləcəyindən götürülmüşdür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ilkin təmiz çəkisi 8,40 qram, ekspertiza zamanı aparılmış tədqiqatlardan sonra qalıq çəkisi 8,35 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut əhəmiyyətinə malik olduğundan 16 yanvar 2025-ci il tarixli qərarla iş üzrə maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılması üçün Qobustan RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən 25 yanvar 2025-ci il tarixdə Qobustan RPŞ-yə daxil olmuş tələbnamədən görünür ki, Zahidov X2 Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə surəti olan Qobustan Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 1(026)- 3/2023 nömrəli hökmündən görünür ki, həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılmasına cəzasına məhkum edilmiş, X4 20 oktyabr 2022-ci il tarixdən 22 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı iki gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir gün azadlıqdan məhrum etmənin iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılması və üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt Şəhər Probasiya Şöbəsinin 03 aprel 2025-ci il tarixli, 21-2/3-2277 nömrəli məktubundan görünür ki, Qobustan Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 1(026)-3/2023 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş Təqsirləndirilən şəxs 13 mart 2023-cü il tarixdə qeydiyyata alınmış və cəza müddəti bitdiyi üçün barəsində olan şəxsi iş 07 mart 2025-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. İş üzrə verilmiş əməliyyat tapşırığı əsasında Qobustan RPŞ-nin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 24 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərində 14 yanvar 2025-ci il tarixdə aşkar edilmiş narkotik vasitəni o, satış məqsədi olmadan şəxsi istifadə üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni kənar şəxslərə satması halı müəyyən edilməmişdir. O, narkotik vasitə istifadəçisidir. Onun üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın əldə edilmə mənbəyini müəyyən etmək mümkün olmamışdır. “Qobustan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsindən daxil olmuş 23 yanvar 2025-ci il tarixli, 18-1-53/2-80/2025 nömrəli məktubdan görünür ki, Qobustan rayon, Qobustan şəhər sakini Zahidov X2 RMX PHŞ-nin Poliklinika şöbəsinə narkoloji və psixonevroloji xəstəliklə bağlı müraciət etməmişdir və dispanser qeydiyyatda deyildir. İşdəki Qobustan RİHB-nin Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 23 yanvar 2025-ci il tarixli, 108 nömrəli arayışından görünür ki, Zahidov X2 rayonu, Qobustan şəhərində qeydiyyatda olmaqla, orada yaşayır. İşdəki Qobustan RİHB-nin Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 yanvar 2025-ci il tarixli, 109 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx xxx 1964-cü ildə Şamaxı rayonu, Nərimankənd kəndində (indiki Qobustan şəhərində) anadan olmuşdur. İçkiyə və avaralığa meyillidir. Şəhər əhalisi tərəfindən müsbət xarakterizə olunmur. Qohum-qonşular ilə ünsiyyətdə normaldır. Təqsirləndirilən şəxs barəsində Qobustan şəhər İƏD üzrə nümayəndəliyinə ərizə və ya şikayət daxil olmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 yanvar 2025-ci il tarixdə saat 14:10 radələrində saxlanılaraq saat 14:56-da şübhəli şəxs qismində tutulmuş, 16 yanvar 2025-ci il tarixdə saat 12:50-də barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, Qobustan RPŞ-nin X1 azad edilmişdir. Məhkəmə iclaslarında da tədqiq olunmuş əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyalarının götürülməsi zamanı qeydə alınmış videogörüntünü əks etdirən 01 ədəd disk, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş predmetlərə baxış və götürmənin həyata keçirildiyi videogörüntünün əks olunduğu 01 ədəd disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-in 144-146-cı maddələri). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir); 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; 21-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının: 2-ci bəndinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair əməlləri təsbit edən CM-in 26-cı fəslində yer alan cinayət hüquqi normalar əsasən blanket quruluşa malik olmaqla əməlin cinayət xarakterli olduğunu göstərmək üçün onunla müvafiq normativ hüquqi aktların müddəalarının müqayisə edilməsini, bu müddəalar nəzərə alınmaqla əməlin hüquqi qiymətləndirilməsinin aparılmasını tələb edir. O, cümlədən, narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinayət-hüquqi kateqoriyalara dair izahların “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 959-İİQ nömrəli Qanununun (bundan sonra – Qanun) 1-ci maddəsində təsbit edildiyi nəzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olan Qanunun digər müddəaları rəhbər tutulmalı, düzgün təfsir olunaraq tətbiq edilməlidir; 4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur; 5-ci bəndinə əsasən, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir; 6-cı bəndinə əsasən, istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın “Narkotik vasitələr” adlı İ siyahısının 109.1-ci qrafasına əsasən təmiz halda 5 qram qurudulmuş marixuana xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 8,40 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən yaşını və törətdiyi əməli etiraf edib peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Bununla yanaşı, məhkəmə hesab edir ki, əvvəllər CM-in 234.1-ci maddəsi ilə məhkum olunsa da, məhkumluğu götürülmədən və ya ödənilmədən yenidən CM-in eyni maddəsi ilə cinayət törətməsi Təqsirləndirilən şəxs şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirilməlidir. CM-in: 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur; 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Təqsirləndirilən şəxs üzərindən məhkumluğu götürülmədən və ya ödənilmədən o, yenidən qəsdən cinayət törətmiş olsa da, əvvəlki cinayət işi üzrə Qobustan Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 1(026)-3/2023 nömrəli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyindən, hazırda onun əməlində cinayətlərin resividi halı yaranmamışdır. CM-in 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 18.4.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs yaşını da (61 yaş) nəzərə alaraq onun cəmiyyətdən təcrid olunmadan da islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Eləcə də, məhkəmə-narkoloji ekspertizasının 23 yanvar 2025-ci il tarixli, 357 nömrəli rəyində Təqsirləndirilən şəxs kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğu qeyd edilsə də, təqsirləndirilən şəxsin hazırda 61 yaşında olması onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsinə imkan vermir. Bununla belə, o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, şübhəli şəxs qismində tutulub həbsdə saxlanıldığı 2 (iki) gün (14 yanvar 2025-ci il tarixdən 16 yanvar 2025-ci il tarixədək, 48 saatdan az saxlanılması nəzərə alınmaqla), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM - 69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalı, iş üzrə maddi sübut - Qobustan RPŞ-də saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 8,35 qram olan narkotik vasitə-qurudulmuş marixuana məhv edilməli (CPM - 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM - 198.1), Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən 5 saat hüquqi yardımla bağlı 55 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Qobustan rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti onun hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in 52-1.1-ci və 52-1.2-ci maddələrinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir:
1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək;
2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək;
3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək;
4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 14 yanvar 2025-ci il tarixdən 16 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı iki gün müddətin bir günü ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ümumilikdə 04 (dörd) gün müddət həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qobustan rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə 78 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı X3 Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən 5 saat hüquqi yardımla bağlı 55 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Qobustan rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti "xxxx" ASC-nin Qobustan filialındakı filialın kodu 200725, müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT AİİBAZ2XXXX, müştərinin hesab nömrəsi AZ55AİİB410400H**********172 saylı hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Qobustan rayon Polis Şöbəsində saxlanılan 8,35 qram narkotik vasitə-qurudulmuş marixuana məhv edilsin. Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyalarının götürülməsi zamanı qeydə alınmış videogörüntünü əks etdirən 01 ədəd disk, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş predmetlərə baxış və götürmənin həyata keçirildiyi videogörüntünün əks olunduğu 01 ədəd disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Hakim: Samir Mayılov