Məhkəmə qərarları › İş №1(026)-13/2021

Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-13/2021

22.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-13/2021 22.06.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxsxx xxx 1982-ci ildə Qobustan rayonunun Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, Qobustan şəhərində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş- Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq bir ədəd zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində istehsal olunmuş 9 mm kalibrli “Makarov” konstruksiyalı texniki cəhətdən saz, atəş üçün yararlı, nömrəsi silinmiş, yivli odlu silah hesab olunan tapançanı, həmin konstruksiyalı silahın komplekt hissəsi olan texniki cəhətdən saz, bircərgəli, 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş darağı və həmin silahdan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən beş ədəd 9 mm kalibrli patronu əldə edib saxlamış, 28 may 2020-ci il tarixdə əvvəlcədən əldə olunmuş razılıq əsasında tanışı Şahid ilə Qobustan şəhərində görüşüb birlikdə Qobustan rayonu Cəngi yaşayış massivinə gedib orada ilkin ödəniş kimi 50 manat məbləğində pul alaraq, 1000 manat pul müqabilində yivli odlu silah hesab olunan tapançanı, həmin konstruksiyalı silahın komplekt hissəsi olan darağı və həmin silahdan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən bir ədəd 9 mm kalibrli patronu Şahid satmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıda qeyd edilənlərlə tam sübuta yetir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid uzun müddətdir ki tanıyır. Şahid Qobustan rayonu, Nərimankənd kəndində anadan olmuş, lakin bir müddət yaşadıqdan sonra Bakı şəhərinə köçmüşdür. 2019-cu ilin payız aylarında Bakı şəhəri, Yasamal rayonu ərazisində piyada gəzən zaman, oradakı poçtun binasının yaxınlığında olan zibil qutularının yanında qara sellofanın bükülü olduğunu görmüş, zibil qutularına yaxınlaşıb, həmin sellofanı açan zaman, sellofanın içərisində bir ədəd “Makarov” tipli tapança olduğunu görmüşdür. Həmin tapançanı əlinə alan zaman sandıqçasının üzərində olduğunu və sandıqçada 5 ədəd güllə olduğunu görüb həmin tapançanı oradan götürərək, Qobustan şəhərində yerləşən yaşadığı evə gətirmişdir. Evə gəldikdən sonra, həmin tapançanı yaşadığı evin həyətində yerləşən quşların saxlanıldığı tövlədə gizlətmişdir. Maddi çətinlikləri olduğu üçün həmin silahı satmaq qərarına gəlmiş, əvvəlcə silahı satmağa adam tapmasa da, daha sonra Şahid yadına düşmüşdür. 28 may 2020-ci il tarixdə saat 18 radələrində istifadəsində olan mobil nömrə ilə Faiqin istifadəsində olan mobil nömrəyə zəng vuraraq 1 ədəd “Makarov” tipli tapançası olduğunu və həmin silahı 1000 manata satmaq istədiyini Faiqə bildirmişdir. Faiq isə gəlib silaha baxacağını demişdir. Bir neçə saat keçdikdən sonra, Faiq özünə məxsus “Niva” markalı avtomobillə onun Qobustan şəhərində yaşadığı evinə gəlmiş, evə gəldikdən sonra onunla birlikdə evin həyətində yerləşən quşların saxlanıldığı tövləyə girib orada saxladığı bir ədəd “Makarov” tipli tapançanı və həmin tapançaya məxsus sandıqçada olan 5 ədəd gülləni Faiqə göstərmişdir. Faiq silaha baxdıqdan sonra silahın atəşə yararlı olub-olmadığını soruşmuş, silahı yoxlamaq istədiyini, silah atəşə yararlı olduğu təqdirdə alacağını bildirmişdir. Faiqlə razılaşaraq birlikdə Qobustan rayonu, Cəngi qəsəbəsi ərazisinə getmişlər və orada heç kəsin olmadığı bir yerdə o, silahı Faiqə vermiş, Faiq silahdan bir neçə dəfə atəş açdıqdan sonra silahı ondan almağa razı olduğunu deyib ona ilkin olaraq 50 manat pul verərək, silahı aldığını və yerdə qalan pulu isə bir müddət sonra verəcəyini bildirmişdir. Faiq silahı aldıqdan sonra avtomobilinə əyləşib getmişdir. Həmçinin bildirmişdir ki, silahı tapdıqdan sonra həmin silahla hər hansı bir cinayət hadisəsi törətməmiş, onda silah olması barədə Faiqə zəng vuranadək, heç kimə deməmiş, 28 may 2020-ci il tarixdə Faiqə zəng vuraraq, silah satmaq istədiyini bildirmişdir. İlkin ifadələrində qorxduğu üçün yalan ifadə vermiş və belə dediyi halda məsuliyyətdən azad olunacağını, Faiqə silah satmasını ört-basdır edə biləcəyini düşünmüşdür. Lakin daha sonra Faiqə silah satmasını gizlədə bilməyəcəyini başa düşmüş və buna görə də həqiqətləri söyləmək qərarına gəlmişdir. Əməlindən peşman olmuşdur. İbtidai istintaqda ifadəsi elan olunmuş şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2020-ci ilin may ayında həmkəndlisi olan, hazırda da Qobustan rayonunda yaşayan Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə onun mobil nömrəsinə zəng vuraraq, onda tapança olduğunu və həmin tapançanı 1000 manata satmaq istədiyini bildirmişdir. Nurlana həmin tapançanı almaq niyyətində olduğunu deyib idarə etdiyi “Niva” markalı **-UM-*** nömrəli avtomobillə tək özü Qobustan rayonunun Qobustan şəhərinə gələrək Nurlanla görüşmüş, silahla əvvəllər hansısa cinayət törədilib-törədilmədiyini soruşmuşdur. Nurlan silahın təmiz olduğunu demişdir. Nurlandan silahın atəş üçün yararlı olub-olmamağını soruşmuş və boş əraziyə gedib atəş açmaqla silahın sazlığını yoxlamağı təklif etmişdir. Nurlan razılaşmış və birlikdə Cəngi qəsəbəsində fermaya gedən yol ilə hərəkət edib, yaşayışın, o cümlədən heç kəsin olmadığı, düzənlik sahəyə getmişlər. Həmin sahədə Nurlan tapançanın darağını təxminən 3-4 güllə ilə doldurmuş və atmaq üçün ona vermişdir. O da silahı göyə tuşlayıb 3-4 dəfə atəş açmış və silahın atəşə yararlı olduğuna əmin olmuşdur. Bakıya qayıdanda isə tapançanın sandıqçasında bir güllə qalmışdır. Tapançanı Nurlan 1000 manata satsa da, ona əvvəlcədən 50 manat pul vermiş və pulun qalan hissəsini növbəti gün görüşüb ona verəcəyini bildirmişdir. Silahı aldıqdan sonra Bakı şəhərinə yaşadığı ünvana qayıtmış, yaşadığı evin həyətində olan torpağı qazıb həmin silahı orada gizlətmiş, Nurlandan silahı aldıqdan sonra onu bir daha görməmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə-ballistik ekspertizasının 13 iyun 2020-ci il tarixli 20/342R nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş 01 ədəd N-si silinmiş silah, zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tapançanın hissələri və mexanizmləri üzərində heç bir kustar üsulla əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim olunmuş 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, Makarov konstruksiyalı silahların komplekt hissəsi olan darağıdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanması üçün nəzərdə tutulmuşdur. ********* nömrəli cinayət işi üzrə hadisə yerindən götürülmüş 01 ədəd 9 mm kalibrli güllə, tədqiqata təqdim edilmiş 01 ədəd N-si silinmiş 9 mm kalibrli Makarov konstruksiyalı tapançadan atılmışdır. Təqdiqata təqdim edilmiş 01 ədəd N-si silinmiş 9 mm kalibrli Makarov konstruksiyalı tapançadan eksperimental qaydada atılmış güllə-giliz nümunələri və ********* nömrəli cinayət işi üzrə hadisə yerindən götürülmüş 01 ədəd 9 mm kalibrli güllə, DİN, KTİ-nin “güllə-giliz” kartotekasında olan digər açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə və gilizlə “ARSENAL” avtomatlaşdırılmış ballistik identifikasiya sistemi vasitəsi ilə yoxlanılmışdır. Müqayisəli tədqiqat nəticəsində eynilik aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş Qobustan rayon İcra Hakimiyyəti Başçısının Qobustan şəhər inzibati dairəsi üzrə nümayəndəliyinin 16 mart 2021-ci tarixdə verdiyi 465 saylı arayışda göstərilir ki, Səmədov X1 rayonunun Qobustan şəhərində qeydiyyatdadır. Təsərrüfatbaşına kitaba əsasən ailə tərkibi tək özüdür. İş materiallarına əlavə edilmiş Qobustan rayon İcra Hakimiyyəti Başçısının Qobustan şəhər inzibati dairəsi üzrə nümayəndəliyinin 16 mart 2021-ci il tarixdə verdiyi 464 saylı xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs oğlu müsbət xarakterizə olunur. Məhkəmə sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli onun özünün və şahidin ifadəsi ilə, eləcə də ekspert rəyi və işdə olan digər sənədlərlə tam sübuta yetir. Onun əməli Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs oğluna təqsirli bilindiyi maddənin sanksiyasının həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsinə əsasən təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 iyul 2020-ci il tarixdən 16 iyul 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı iki gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 22 iyun 2021-ci il tarixdən hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalında həbsə alınmalı, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 22 fevral 2021-ci il tarixli 1(001)-95/2021 il tarixli hökmü ilə Şahid Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinib bir il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 22 fevral 2021-ci il tarixli 1(001)-95/2021 il tarixli hökmünə əsasən iş üzrə maddi sübut olan - Bakı şəhər Baş Polis İdarəsinin saxlanılan ünvan 2 ünvanından aşkar edilərək götürülmüş 1 ədəd darağı ilə birlikdə “Makarov” konstruksiyalı tapança və 1 ədəd güllənin istifadə üçün yararlı olduğundan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 iyul 2020-ci il tarixdən 16 iyul 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin, o, məhkəmə iclas zalında həbsə alınsın, hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 22 iyun 2021-ci il tarixdən hesab edilsin. İş üzrə maddi sübut olan- Bakı şəhər Baş Polis İdarəsinin saxlanılan Bakı şəhəri, Binəqədi rayonu, 28 may qəsəbəsi, İzlivnoy küçəsi 2/16 ünvanından aşkar edilərək götürülmüş 1 ədəd darağı ilə birlikdə “Makarov” konstruksiyalı tapança və 1 ədəd güllənin istifadə üçün yararlı olduğundan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməsi nəzərə alınsın. Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 14 saat hüquqi yardıma görə 84 manat Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar