Məhkəmə qərarları › İş №1(026)-14/2020

Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-14/2020

24.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-14/2020 24.11.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 2020-ci il tarixdə Qobustan şəhərində Təqsirləndirilən şəxsxx xxxxxx 1986-cı il tarixdə Şamaxı rayonunun Təklə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Qobustan rayonunun Təklə- Mirzəbaba kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - Azərbaycan Respublikasının CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 21 radələrində Qobustan rayonunun Təklə-Mirzəbaba kəndində yaşadığı evin həyətinin giriş darvazasının qarşısında həmkəndlisi Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı qəsdən Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə sillə və yumruqla zərbə vuraraq, sonuncuya baş beyin silkələnməsi halında qapalı kəllə-beyin travması, sağ göz orbitasının qançırı, sağ gözün ağlı qişasına qansızma, sağ alın-gicgah nahiyəsinin hematoması, boynun ön-aşağı səthinin sıyrığı, bel nahiyəsinin və sol qoltuqaltı nahiyələrinin qançırları, sağ mil-bilək nahiyəsinin səthi yarası ilə müşayiət olunan xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıda göstərilənlərə əsasən tam təsdiqini tapır. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri, yəni anası, bacısı, bacısının övladları Türkan, Saleh, həyat yoldaşı və övladları ilə birlikdə Qobustan rayonunun Təklə-Mirzəbaba kəndində yaşayır. Bacısı Könül təxminən 15 il bundan əvvəl həmkəndlisi Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş və bu nikahdan onların Saleh və Türkan adlı övladları dünyaya gəlmişdir. Xalıq bacısı Könülü döydüyü üçün təxminən 5 il bundan əvvəl bacısı övladlarını da götürərək, onun yaşadığı evə köçmüş və birlikdə yaşamışlar. xx xxxx 2020-ci il tarixdə saat 21 radələrində yaşadığı evdə olan zaman səs-küy eşitmiş, çölə çıxan zaman evin həyətində keçmiş yeznəsi Xalıqı oğlu Salehin qolundan tutaraq, onun üzərinə qışqırdığını görmüşdür. Bundan sonra, evin həyətinə çıxaraq Xalıqa burda nə işi olduğunu bildirmiş, Xalıq uşaqları və Könülü hədələmişdir. Xalıq bunları dedikdən sonra, ona tərəf gəlmiş, həmin vaxt Xalıq onun qolundan tutmuş, bundan sonra aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Xalıqi bir neçə dəfə sillə və yumruqla vurmuş, anası onlara yaxınlaşaraq onun əllərindən tutaraq onları ayırmışdır. Xalıqla darvazanın qarşısında mübahisə etdiyi üçün anası onu Xalıqdan uzaqlaşdıran zaman Xalıq çölə qaçmış və anası darvazanın qapısını arxadan bağlamışdır. Xalıqla arasında mübahisə təxminən 3-4 dəqiqə davam etmiş, mübahisə edən zaman əlində hər-hansı əşya olmamışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, 15 il bundan əvvəl Könül Ağayeva ilə qeyri-rəsmi olaraq ailə həyatı qurmuş, həmin nikahdan Saleh və Türkan adlı uşaqları dünyaya gəlmişdir. Təxminən 4-5 il bundan əvvəl həyat yoldaşı Könül ilə aralarında mübahisə yarandığı üçün Könül uşaqları da götürərək atası evinə getmişdir. Könül Ağayeva ilə ayrıldıqdan sonra qaynı Təqsirləndirilən şəxslə hər hansı bir münasibəti olmamışdır. xx xxxx 2020-ci il tarixdə saat 21 radələrində nömrəsini xatırlamadığı avtomobillə Qobustan şəhərindən yaşadığı Qobustan rayonunun Təklə- Mirzəbaba kəndinə getmiş, kəndə çatdıqdan sonra avtomobildən düşərək yolunu piyada davam etmişdir. Bir neçə metr getdikdən sonra, oğlu Salehin mal-qara otardığını görüb ona yaxınlaşaraq söhbət etməyə başlamışdır. Söhbət zamanı oğlundan hansı səbəbdən yanına gəlmədiyini soruşmuş, bir neçə dəqiqə danışdıqdan sonra oğlu ağlayaraq ondan uzaqlaşmışdır. Bundan sonra yoluna davam etmiş, qaynı Vasifin evinin yaxınlığından keçən zaman oğlu Salehin ağladığını eşitdiyindən onu səsləməyə başlamışdır. Bu zaman qaynanası Elmira və qaynı Vasif darvazanın qarşısına çıxaraq onu nalayiq söyüşlərlə təhqir etməyə başlamışdır. Vasif əli ilə onun boğazından yapışaraq hansı səbəbdən onun qapısına gəldiyini deyib, onu yumruq və sillə ilə vurmağa başlamışdır. Vasifin əlindən çıxaraq qaçıb oradan uzaqlaşdıqdan sonra DİN-in 102 xidmətinə bu barədə məlumat vermişdir. Vasiflə aralarında olan mübahisə zamanı orada keçmiş qaynanası Elmira olmuş, başqa heç kim olmamışdır. Vasif yaşadığı evin darvazasının qarşısında, küçədə onu vuraraq xəsarət yetirmişdir. Vasifə ağır cəza verilməsini xahiş etdi. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ailə üzvləri, yəni oğlu, qızı, qızının və oğlunun övladları ilə birlikdə Qobustan rayonunun Təklə- Mirzəbaba kəndində yaşayır. Qızı Könül təxminən 15 il bundan əvvəl həmkəndlisi Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş və bu nikahdan onların Saleh və Türkan adlı iki övladı dünyaya gəlmişdir. Xalıq qızı Könülü döydüyü üçün təxminən beş il bundan əvvəl qızı övladlarını da götürərək onun yaşadığı evə köçmüşdür. xx xxxx 2020-ci il tarixdə saat 21 radələrində yaşadığı evdə olan mal-qaranın həyətə gəldiyini görmüş, lakin nəvəsi Saleh heyvanların yanında olmamışdır. Bir müddət keçdikdən sonra nəvəsi Saleh ağlayaağlaya həyətə daxil olmuş, ondan nə baş verdiyini soruşduqda, Saleh atası Xalıqla yolda rastlaşdığını, Xaliqin ona qışqırdığını bildirmişdir. Bir neçə dəqiqə keçdikdən sonra Xaliqin həyətə tərəf gəldiyini görmüş, bu zaman onun qarşısına çıxaraq oğlu Vasifin evdə olduğunu bildirmişdir. Bu zaman Xalıq ailə üzvlərini nalayiq söyüşlərlə təhqir etməyə başlamış, uca səslə danışdığı üçün evdə olan oğlu Vasif səs-küyə çölə çıxmışdır. Vasif Xaliqi gördükdən sonra ondan hansı səbəbdən bu qapıya gəldiyini soruşmuş, Xalıq isə qızı Könülü və onun övladlarını hədələməyə başlamış, bundan sonra Vasif Xalıqa tərəf getmiş və onu sillə və yumruqla vurmuşdur. Cinayət işi üzrə şahid qismində anasının iştirakı ilə dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə saat 21 radələrində yaşadığı Qobustan rayonunun Təklə-Mirzəbaba kəndində otardığı heyvanları evə aparmağa hazırlaşan zaman atası Xalıq onun yanına gələrək qolundan tutub, hansı səbəbdən yanına gəlmədiyini soruşaraq üstünə qışqırmışdır. Atası Xalıq qışqıran zaman nənəsinin səsini eşitmiş və evə tərəf qaçmışdır. Həyətə daxil olan zaman ağladığına görə nənəsi nə baş verdiyini soruşmuşdur. O da nənəsinə atasının onun üstünə qışqırdığını bildirmişdir. Evə girdikdən sonra dayısı Vasif çöldən səs-küy gəldiyi üçün həyətə çıxmış, həmin vaxt evdə olduğu üçün həyətdə nə baş verdiyini görməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 X5 verdiyi xx xxxxxx 2020-ci il tarixli T 229/2020 saylı rəyində göstərilir ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-baş beyin silkələnməsi halında qapalı kəllə-beyin travması, sağ göz orbitasının qançırı, sağ gözün ağlı qişasına qansızma, sağ alın-gicgah nahiyəsinin hematoması, boynun ön-aşağı səthinin sıyrığı, bel nahiyəsinin və sol qoltuqaltı nahiyələrinin qançırları, sağ mil-bilək nahiyəsinin səthi yarası bərk küt əşya təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx xxxx 2020-ci il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdilər və dərəcəsinə görə, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx xxxxxxx 2020-ci il tarixli 145-9392-1120 nömrəli tələbnamədə göstərilir ki, Qobustan rayonunun Təklə-Mirzəbaba kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Qobustan rayonu İHB-nin Təklə-Mirzəbaba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 170 nömrəli arayışında göstərilir ki, Təqsirləndirilən şəxs həqiqətən də Qobustan rayonunun Təklə- Mirzəbaba kəndində qeydiyyatdadır. İş materiallarında olan Qobustan rayonu İHB-nin Təklə-Mirzəbaba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 171 nömrəli arayışında göstərilir ki, Təqsirləndirilən şəxs himayəsində xx xxxx 1992-ci il təvəllüdlü arvadı X2, xx xxx 2017-ci il təvəllüdlü oğlu X3 və xx xxx 2020-ci il təvəllüdlü oğlu X4 vardır. İş materiallarında olan Qobustan rayonu İHB-nin Təklə-Mirzəbaba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi ilə, eləcə də digər sənədlərlə tam sübuta yetir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını və himayəsində iki nəfər azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işlər cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347-349, 351- 353, 356 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 10%-i dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasının əvvəli qazancından pul tutulmalarının aparıldığı gündən hesab edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Qobustan rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar