Məhkəmə qərarları › İş №1(026)-14/2025

Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-14/2025

07.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-14/2025 07.10.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Qobustan Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxx 1996-cı il tarixdə Qobustan rayonu, Sündü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Qobustan rayonu, Sündü kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 38,29 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı xeyli miqdarda əldə edib, üzərində saxlamaqla Qobustan rayonuna daşımış, Qobustan RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 11 aprel 2025-ci il tarixdə saat 20:25 radələrində Qobustan rayonu, Qobustan şəhəri ərazisində saxlanılıb orada üzəri yoxlanılan zaman əlində olan qırmızı rəngli sellofan torbanın içərisindəki göy rəngli sellofan torbada olan 01 (bir) ədəd şəffaf rəngli sellofan bağlamada təmiz çəkisi 38,29 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bir neçə ildir ki, hərdənbir narkotik vasitə istifadə edir. Qeyd etdiyi müddət ərzində narkotik vasitənin marixuana növündən istifadə etmişdir. 11 aprel 2025-ci il tarixdə istirahət etmək məqsədi ilə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsindən ata evinin olduğu Qobustan rayonu, Sündü kəndinə getmək qərarına gəlmişdir. O, həmin gün saat təxminən 18-19 radələrində Qobustan rayonuna getmək üçün Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarına gedib, əl edib saxlatdırdığı tanımadığı şəxsin idarə etdiyi, markasını və dövlət nömrə nişanını xatırlamadığı avtomobil ilə Qobustan rayonu istiqamətində yola düşmüşdür. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan şəhəri ərazisindən keçən hissəsində avtomobildən düşüb Qobustan rayonu, Sündü kəndi istiqamətinə gedən avtomobil tapmaq üçün yolun kənarı ilə gedərkən yolun kənarında yerdə 01 (bir) ədəd göy rəngli sellofan torba olduğunu görmüş və görüntüsündən içində nə isə olduğunu başa düşmüşdür. Həmin torbanı götürüb içinə baxdıqda içində 01 (bir) ədəd sellofan bağlama olduğunu görmüş və həmin bağlamanın içərisinə baxdıqda isə içində nəşə, yəni narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüşdür. O, içərisində qurudulmuş marixuana olan həmin sellofan bağlamanı daha sonra istifadə etmək üçün yenidən həmin göy rəngli sellofan torbaya qoymuş, həmin göy rəngli sellofan torbanı isə əlində olan qırmızı rəngli sellofan torbanın içərisinə qoymuşdur. Bundan sonra küçədə piyada yol ilə getməkdə davam edərkən saat təxminən 20 radələrində Qobustan rayonu, Qobustan şəhəri ərazisində mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olmalarını və üzərində narkotik vasitə saxlamağı barədə onlarda məlumat olmasını bildirmiş, bu səbəbdən də videoçəkilişdən istifadə edilməklə üzərinə yoxlanış keçirilməsi zərurəti olduğunu izah etmiş, o da üzərinə yoxlanış keçirilməsinə razılığını bildirmişdir. Bundan sonra üzərinə yoxlanış keçirilən zaman əlində olan sellofan torbanın içərisindən içində qurudulmuş marixuana olan həmin 01 ədəd bağlamanın olduğu göy rəngli sellofan torbanı çıxarıb təqdim etmişdir. Sonra həmin bağlamanın içərisinə baxıldıqda, içərisindən qurudulmuş marixuana aşkar edilmişdir. Daha sonra içərisində qurudulmuş marixuana olan 01 ədəd bağlama tərəzidə çəkilmiş, sonra isə həmin 01 ədəd bağlama içərisindəki qurudulmuş marixuana ilə birlikdə içərisi boş olan zərfə qoyulmuş, zərfin üzəri onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. Ondan həmin bağlamadakı kütlə haqqında soruşulduqda, o, həmin kütləni yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, həmin kütlədən kiməsə satmadığını və ya pay vermədiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları onlarla birlikdə polis şöbəsinə getməli olduğunu izah etmiş, o da razılığını bildirmişdir. Orada əvvəlcədən polis əməkdaşları tərəfindən üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəyə bənzər kütləyə videoçəkilişdən istifadə edilməklə baxış keçirilməsi zərurəti izah edilmiş, o da həmin baxışda iştirak etməyə razılığını bildirmişdir. Bundan sonra müdafiəçinin və digər iştirakçıların iştirakı ilə videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən əvvəlcədən üzərindən aşkar olunaraq götürülmüş 01 (bir) ədəd bağlamanın qablaşdırıldığı zərf ona təqdim edilmişdir. Ondan üzərindən aşkar olunaraq götürülmüş həmin bağlamanın qablaşdırıldığı zərf və zərfdəki kütlə haqqında soruşulduqda, o, həmin zərfin üzərindəki imzanın öz imzası olduğunu, zərfin içərisində olan kütlənin onun üzərindən aşkar olunduğunu, özünə məxsus olduğunu, həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, gələndə yol qırağında tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Hazırda öz əməlindən peşmandır və barəsində yüngül cəza tətbiq olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qobustan RPŞ-nin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Qobustan rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan, həmin məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunub cinayət başında yaxalanması məqsədi ilə tərəfindən Qobustan RPŞ-nin rəhbərliyinə raportla müraciət olunaraq Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsindən ötrü aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuşdur. Şöbə rəisinin əmri ilə 11 aprel 2025-ci il tarixdə onun rəhbərliyi, əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 və polis serjantı Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 11 aprel 2025-ci il tarixdə saat 20:25 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, həmçinin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 və polis serjantı Şahid3 ilə birlikdə Qobustan rayonu, Qobustan şəhəri ərazisində küçədə Təqsirləndirilən şəxs yaxınlaşıb xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını demiş və ona üzərində narkotik vasitə saxlaması barədə məlumatın olmasını bildirib, buna görə videoçəkilişdən istifadə edilməklə üzərinə yoxlanış keçirilməsi zərurəti olduğunu izah etmiş və o da üzərinə yoxlanış keçirilməsinə razılığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs vəkilə ehtiyacı olub-olmaması soruşulduqda, o, vəkilə ehtiyacının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan hər hansı bir əşya və predmet olduğu halda təqdim etməyi bildirilmişdir. Təqsirləndirilən şəxs əlində olan qırmızı rəngli sellofan torbanın içərisindən içində qurudulmuş marixuanaya bənzər kütlə olan 01 (bir) ədəd bağlamanın olduğu göy rəngli sellofan torbanı çıxarıb təqdim etmişdir. 01 (bir) ədəd bağlama göy rəngli sellofan torbadan çıxarılaraq Təqsirləndirilən şəxs bağlamanın içərisində olan kütlə haqqında soruşulduqda, o, həmin kütlənin qurudulmuş marixuana olduğunu, həmin kütləni yerdən tapdığını, istifadə etmək üçün üzərində saxladığını, həmin kütlədən kiməsə satmadığını və pay vermədiyini bildirmişdir. Daha sonra içərisində qurudulmuş marixuanaya bənzər kütlə olan 01 (bir) ədəd bağlama tərəzidə çəkilmiş, sonra isə həmin 01 (bir) ədəd bağlama içərisi boş olan zərfə qoyulmuş, zərfin üzəri onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuana əldə etməkdə şübhəli olduğu üçün birlikdə polis şöbəsinə getməli olduğunu demişlər. Sonra isə Təqsirləndirilən şəxs polis şöbəsinə getməyə razılığını bildirdiyindən polis şöbəsinə gətirilmiş və onun üzərindən aşkar edilərək götürülmüş kütləyə baxış keçirilib qanunauyğun tədbir görülməsi üçün raportla şöbə rəhbərliyinə müraciət edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütləyə baxış keçirilməsi təhqiqatçı Fuad Seyidəhmədliyə həvalə edilmiş, təhqiqatçı Fuad Seyidəhmədli öz xidməti iş otağında Təqsirləndirilən şəxs, müdafiəçi Tofiq Seyidovun, onun, əməliyyat müvəkkili Şahid2 və polis nəfəri Şahid3 iştirakı ilə əvvəlcədən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütləyə videoçəkilişlə baxış keçirilmişdir. Həmçinin o, ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti, o cümlədən heç bir ədavəti və düşmənçiliyi olmamış, həmçinin onunla heç bir qohumluq əlaqəsi yoxdur. Təqsirləndirilən şəxs saxlanılıb polis şöbəsinə gətirilərkən və ondan sonra ona qarşı hər hansı bir fiziki və ya psixi təzyiqə və təsirə yol verilməmişdir. İş üzrə şahid qismində dindirilən Qobustan RPŞ-nin PPXB-nin PPXT-nin polis nəfəri Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. İş üzrə şahid Qobustan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ərizə ilə məhkəməyə müraciət edərək, xidməti zərurətlə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM-in) 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə-bioloji ekspertizasının 12 aprel 2025-ci il tarixli, 7/574 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs imza....” yazılar və imzalar olan kağız paketdə 01 (bir) ədəd şəffaf sellofan bağlamada təmiz çəkisi 38,29 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Rəyin qeyd hissəsində marixuananın təmiz çəkisinin 38,29 qram, tədqiqata sərf edilən ümumi miqdarının 0,05 qram, qalıq çəkisinin isə 38,24 qram olması qeyd edilmişdir. Aparılmış tədqiqatın dəyəri 70 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 24 aprel 2025-ci il tarixli, 2344 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. Cinayət işinə əlavə edilmiş Qobustan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən tərtib olunmuş 11 aprel 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Qobustan RPŞ-yə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 11 aprel 2025-ci il tarixdə saat 20:25 radələrində Qobustan rayonu, Qobustan şəhəri ərazisində piyada hərəkət edərkən saxlanılmış, ona hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan hər hansı bir əşya və predmet olduğu halda təqdim etməsi bildirildikdə o, əlində olan qırmızı rəngli sellofan torbanın içərisindən 01 (bir) ədəd bağlamanın olduğu göy rəngli sellofan torbanı çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs 01 (bir) ədəd bağlamanın içərisində olan kütlə haqqında soruşulduqda, o, həmin kütlənin qurudulmuş marixuana olduğunu bildirmişdir. Daha sonra içərisində qurudulmuş marixuanaya bənzər kütlə olan 01 (bir) ədəd bağlama elektron tərəzidə çəkilmişdir. Bundan sonra isə həmin 01 (bir) ədəd bağlama içərisi boş olan zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra zərf RPŞ-nin 142 nömrəli möhürü ilə möhürlənib götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bağlamadakı kütlə haqqında soruşulduqda, o, həmin kütləni yerdən tapdığını, istifadə etmək üçün üzərində saxladığını, həmin kütlədən kiməsə satmadığını və ya pay vermədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində mobil telefon olub-olmaması soruşulduqda, o, əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 (bir) ədəd “Motorola” markalı telefonu çıxarıb təqdim etmişdir. Araşdırma üçün əhəmiyyət kəsb etdiyindən 01 (bir) ədəd ”Motorola” markalı mobil telefon müvafiq qaydada götürülmüşdür. Cinayət işinə əlavə edilmiş Qobustan RPŞ-nin TQ-nin təhqiqatçısı, polis mayoru Fuad Seyidəhmədli tərəfindən tərtib olunmuş 11 aprel 2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, 11 aprel 2025-ci il tarixdə Qobustan RPŞ-də xidməti otaqda RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 təqdim etdiyi əşyalara baxış keçirilmişdir. Həmin istintaq hərəkətində şübhəli şəxs Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi X1, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 və RPŞ-nin PPXB-nin PPXT-nin polis nəfəri, polis serjantı Şahid3 iştirak etmişdir. Təqdim olunan 01 (bir) ədəd bağlamaya, 01 (bir) ədəd “Motorola” markalı mobil telefona və 01 (bir) ədəd DVD diskə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 (bir) ədəd bağlamanın qablaşdırıldığı zərf ona təqdim olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş həmin bağlamanın qablaşdırıldığı zərf və zərfdəki kütlə haqqında soruşulduqda, o, həmin zərfin üzərindəki imzanın onun imzası olduğunu, həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, gələndə yol qırağında tapdığını və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqdim olunmuş 01 (bir) ədəd “Motorola” markalı mobil telefon baxış keçirildikdən sonra geri qaytarılması üçün götürülmüşdür. Daha sonra 01 ədəd DVD diskdə olan videogörüntüyə baxış keçirilmiş, DVD diskdə olan videogörüntüdə təhqiqata təqdim olunan narkotik vasitəyə oxşar kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirməsi öz əksini tapmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 38,29 qram, ekspertiza zamanı aparılmış tədqiqatlardan sonra qalıq çəkisi 38,24 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut əhəmiyyətinə malik olduğundan 05 may 2025-ci il tarixli qərarla iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək Qobustan RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən 30 aprel 2025-ci il tarixdə Qobustan RPŞ-yə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur, yəni o, məhkum olunmamışdır. İş üzrə verilmiş əməliyyat tapşırığı əsasında Qobustan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 21 aprel 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 38,29 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuana onun özünə məxsusdur. Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuana istifadə etsə də, narkotik vasitələrin satışı ilə məşğul olmur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 38,29 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuananı satmaq məqsədi olmamışdır. Təqsirləndirilən şəxs hər hansı bir şəxsə narkotik vasitə olan qurudulmuş marixuananı satması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan qurudulmuş marixuananı kimdən və haradan əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 38,29 qram miqdarında narkotik vasitə - qurudulmuş marixuananı əldə etməsində başqa şəxslərin iştirakını, həmçinin Təqsirləndirilən şəxs başqa cinayətlərin törədilməsində iştirakını müəyyən etmək mümkün olmamışdır. “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin 22 aprel 2025-ci il tarixli, 18-1-53/2-355/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin Poliklinika şöbəsinə narkoloji və psixonevroloji xəstəliklə bağlı müraciət etməmiş və dispanser qeydiyyatında deyildir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11 aprel 2025-ci il tarixdə saat 20:25 radələrində saxlanılaraq həmin gün saat 22:00-da şübhəli şəxs qismində tutulmuş, 12 aprel 2025-ci il tarixdə saat 19:50-də barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, Qobustan RPŞ-nin X4 azad edilmişdir. Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi zamanı qeydə alınmış videogörüntünü əks etdirən 01 ədəd disk, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş predmetlərə baxış və götürmənin həyata keçirildiyi videogörüntünün əks olunduğu 01 ədəd disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ RİHB-nin Müşfiqabad qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də, ünvan 2 ünvanında qeydiyyatsız yaşayır. Həmçin həmin nümayəndəlikdən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir rəsmi və ya şifahi şikayətin daxil olmadığı qeyd edilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 16 iyun 2018-ci il təvəllüdlü X2 və 01 dekabr 2019-cu il təvəllüdlü X3 adlı iki uşağı var. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-in 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir); 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; 21-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının: 2-ci bəndinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair əməlləri təsbit edən CM-in 26-cı fəslində yer alan cinayət hüquqi normalar əsasən blanket quruluşa malik olmaqla əməlin cinayət xarakterli olduğunu göstərmək üçün onunla müvafiq normativ hüquqi aktların müddəalarının müqayisə edilməsini, bu müddəalar nəzərə alınmaqla əməlin hüquqi qiymətləndirilməsinin aparılmasını tələb edir. O cümlədən narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinayət-hüquqi kateqoriyalara dair izahların “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 959-İİQ nömrəli Qanununun (bundan sonra – Qanun) 1-ci maddəsində təsbit edildiyi nəzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olan Qanunun digər müddəaları rəhbər tutulmalı, düzgün təfsir olunaraq tətbiq edilməlidir; 4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur; 5-ci bəndinə əsasən, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir; 6-cı bəndinə əsasən, istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın “Narkotik vasitələr” adlı İ siyahısının 109.1-ci qrafasına əsasən təmiz halda 5 qram qurudulmuş marixuana xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 38,29 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi əməli etiraf edib peşman olmasını və himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların mövcudluğu, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Eləcə də, məhkəmə-narkoloji ekspertizasının 24 aprel 2025-ci il tarixli, 2344 nömrəli rəyinə uyğun olaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, şübhəli şəxs qismində tutulub saxlanıldığı 01 (bir) gün (11 aprel 2025-ci ildən 12 aprel 2025-ci ilədək, 24 saatdan artıq olmaması nəzərə alınmaqla), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM - 69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalı, iş üzrə maddi sübut - Qobustan rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 38,24 olan narkotik vasitə - qurudulmuş marixuana məhv edilməli (CPM - 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM - 198.1). Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in 52-1.1-ci və 52-1.2-ci maddələrinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir:

1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək;

2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək;

3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək;

4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 aprel 2025-ci il tarixdən 12 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı bir gün müddətin bir günü ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ümumilikdə 02 (iki) gün müddət həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Bakı Şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə 70 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı X5 Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən 7 saat hüquqi yardımla bağlı 77 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Qobustan rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti "xxxx" ASC-nin Qobustan filialındakı filialın kodu 200725, müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT AİİBAZ2XXXX, müştərinin hesab nömrəsi AZ55AİİB410400H**********172 saylı hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Qobustan rayon Polis Şöbəsində saxlanılan 38,24 qram narkotik vasitə - qurudulmuş marixuana məhv edilsin. Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi zamanı qeydə alınmış videogörüntünü əks etdirən 01 ədəd disk, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş predmetlərə baxış və götürmənin həyata keçirildiyi videogörüntünün əks olunduğu 01 ədəd disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Hakim: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar