Məhkəmə qərarları › İş №1(026)-15/2022

Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-15/2022

19.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-15/2022 19.07.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1967-ci ildə Şamaxı rayonu, Mərəzə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Qobustan şəhəri, M.Ə.Sabir küçəsi, ev 12-də qeydiyyatda olan və orada yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs koronavirus (COVİD-19) infeksiyasına yoluxub-yoluxmaması ilə əlaqədar 28 yanvar 2022-ci il tarixdə Qobustan rayon Mərkəzi Xəstəxanasında verdiyi testin nəticəsinin pozitiv olduğunu 29 yanvar 2022-ci il tarixdə bildikdən sonra, yaşadığı Qobustan şəhəri, M.Ə.Sabir küçəsi, ev 12-də karantinə alınmasına, karantin qaydalarına uyğun olaraq 07 gün müddətində yaşadığı evi tərk etməməli olmasına, karantin rejimini pozduğu halda Azərbaycan Respublikası İnzibati Xətalar və Cinayət Məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacağı barədə xəbərdar edilməsinə baxmayaraq, 01 fevral 2022-ci il tarixdə saat 09 radələrində karantin rejimini qəsdən pozub, yaşadığı evi tərk edərək, özündə aşkar olunan koronavirus (COVİD-19) xəstəliyinin yayılması üçün real təhlükə yaratmış, idarə etdiyi “VAZ-21061” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə müştəri qismində əyləşmiş qonşuları Şahid4, Şahid5 və Şahid6 Qobustan şəhəri ərazisində yerləşən “Diri Baba” türbəsinin yaxınlığına aparmış, bundan sonra həmin tarixdə saat 10 radələrində evinin qarşısında küçədə olarkən Qobustan rayon X10-Patrul Xidməti Tağımının əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakılarla tam sübuta yetir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Qobustan şəhəri, M. Ə. Sabir küçəsi, ev 12-də yaşayır. Fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Eyni zamanda da arada boş vaxtı olanda taksi fəaliyyəti ilə də məşğul olur. 28 yanvar 2022-ci il tarixdə özünü narahat hiss etdiyinə görə, Qobustan rayon Mərkəzi Xəstəxanasına gedərək, COVİD-19 xəstəliyinə yoluxub-yoluxmamağını yoxlamaq üçün test vermiş, 29 yanvar 2022-ci il tarixdə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə TƏBİB-dən 28 yanvar 2022-ci il tarixində verdiyi testin nəticəsinin “Pozitiv” çıxması və korona xəstəliyinə yoluxması barədə mesaj gəlmişdir. Bundan sonra Qobustan RMX-ya getmiş, orada Vahid və Xətai həkim onu müayinə edərək, müalicə almağı üçün dərmanlar yazmış və 07 gün müddətinə, yəni 05 fevral 2022-ci il tarixədək evdə qalmalı, çölə çıxmamaq şərti ilə özünü cəmiyyətdən təcrid etməyini, əks halda cinayət məsuliyyətinə cəlb olunacağını bildirmişlər. Bununla bağlı Vahid həkim tərəfindən iki nüsxədə iltizam tərtib olunmuş, o həmin iltizamlara imza atdıqdan sonra iltizamın biri ona verilmişdir. 01 fevral 2022-ci il tarixdə saat 09 radələrində yaşadığı binanın qarşısında olan zaman qonşuluğunda yaşayan Şahid4 onun arabir taksi fəaliyyəti ilə də məşğul olduğunu bildiyi üçün ona yaxınlaşmış və “Arzu, məni, Qorxmazı və Surəti “Diri Baba” piri deyilən əraziyə apara bilərsən?” demişdir. O Fərəhimə “apararam” demiş və qonşularının hər üçü bundan sonra onun idarə etdiyi “VAZ 2106” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş və o nəqliyyat vasitəsini hərəkətə gətirmişdir. O həmin vaxt sərnişinlərinin heç birinə aktiv COVİD-19 xəstəsi olmağı barədə məlumat verməmişdir. Yolda olan zaman o Alı deyilən şəxsin dükanının qarşısında dayanmış və Fərəhim oradan su alıb geri qayıtdıqdan sonra yenidən yola davam etmişlər. Bundan sonra “Diri Baba” pirinin yaxınlığında sərnişinlərini düşürmüş və Fərahim cibindən çıxardığı 2 manat pulu yol haqqı kimi ona vermişdir. Sonradan o yenidən yaşadığı binanın qarşısına qayıtmış və avtomobilindən enib evinə tərəf hərəkət edən zaman Qobustan rayon Polis Şöbəsinin PPXT-nın 3 nəfər əməkdaşı xidməti avtomobil ilə ona tərəf yaxınlaşmış və sükan arxasında olan polis əməkdaşı ona irad bildirərək “sən aktiv COVİD-19 xəstəsi olaraq nəyə görə evi tərk etmisən?” demişdir. O həmin vaxt özünü qeyri-səmimi apararaq evdən siqaret almaq üçün çıxmasını demişdir. Bundan sonra polis əməkdaşları ona “təcili olaraq evə qayıt” demiş və o da həmin yeri tərk edərək evinə getmişdir. Həmin vaxt onun çöldə olmağını aşkar edən polis əməkdaşları bu hadisəni və sonrakı dialoqu video çəkiliş vasitəsi ilə qeydə almışlar. 01 fevral 2022-ci il tarixdə COVİD-19 virusunun daşıyıcısı olaola çölə çıxan zaman bunun qanuna zidd olmasını, buna görə məsuliyyətə cəlb oluna və bu hərəkətləri ilə xəstəliyi digər şəxslərə keçirə biləcəyini bilmişdir. Ona yüngül cəza verilməsini xahiş etdi. Şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, 08 sentyabr 1990-cı il tarixdən Qobustan rayon mərkəzi xəstəxanasında yoluxucu xəstəliklər şöbəsinin müdiri vəzifəsində işləyir. 29 yanvar 2022-ci il tarixdə Qobustan şəhər sakini Təqsirləndirilən şəxs rayon mərkəzi xəstəxanasına gələrək, 28 yanvar 2022-ci il tarixdə COVİD-19 virusunun daşıyıcısı olub-olmaması ilə bağlı verdiyi testin cavabının pozitiv çıxdığını və COVİD-19 virusunun daşıyıcısı olduğunu bildirmişdir. Bundan sonra tibb qardaşı Şahid8lə birlikdə onu müayinə edərək, dərmanlar yazdıqdan sonra 07 gün karantində olmalı və çölə çıxmamalı olduğunu bildirmişlər. Sonra bununla bağlı o iki nüsxədə iltizam tərtib etmiş və Təqsirləndirilən şəxs bu iltizamları imzaladıqdan sonra həmin iltizamın bir nüsxəsi ona təqdim edilmişdir. Bu prosedurların hamısı başa çatdıqdan sonra Təqsirləndirilən şəxs xəstəxananı tərk edərək getmişdir. Şahid qismində dindirilmiş Qobustan rayon mərkəzi xəstəxanasının radiologiya şöbəsində tibb qardaşı işləyən Şahid8 Şahid7 ilə eyni məzmunlu ifadə verdi. Şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərdi ki, hal-hazırda Qobustan Rayon Polis X9 Xidməti Tağımının manqa komandiri vəzifəsində xidmət edir. 2022-ci ilin əvvəllərində infeksiyaya yoluxmuş şəxslər tərəfindən təyin edilmiş məhdudiyyətlərə riayət edilməsi və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə gündəlik olaraq həmin şəxslərin yaşadıqları ünvanlara gedərək yoxlamalar aparırdılar. 01 fevral 2022-ci il tarixdə saat 10 radələrində Qobustan RPŞ-nin PPXT-nin polis nəfərləri Şahid3 və Şahid2lə birlikdə Qobustan şəhəri ərazisində yaşayan, yeni növ koronavirus infeksiyasına yoluxmuş şəxslərin təyin edilmiş məhdudiyyətlərə riayət edib-etməmələrini yoxlamağa başlamışlar. Həmin vaxt Qobustan şəhəri, M.Ə.Sabir küçəsində yeni inşa olunmuş binada yaşayan yeni növ koronavirus infeksiyasına (COVİD-19) yoluxmuş Təqsirləndirilən şəxs yaşadığı ünvana gedərkən Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2106” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilini evinin qarşısında saxladığını və avtomobildən düşdüyünü görmüşlər. Bu zaman Təqsirləndirilən şəxs nə üçün yaşadığı evi tərk edərək karantin qaydalarını pozduğunu soruşmuş, Təqsirləndirilən şəxs siqaret almaq üçün evdən çıxdığını bildirmişdir. Bundan sonra yeni növ koronavirus infeksiyasına yoluxmuş Təqsirləndirilən şəxs karantin rejimlərinin tələblərini pozaraq evdən çölə çıxdığı üçün xəstəliyin yayılmasına səbəb ola biləcəyini, xəstəliyin yayılması üçün real təhlükə yaratdığını izah edərək sonuncuya dərhal evinə getməsini bildirmişlər. Təqsirləndirilən şəxsla arasında olan söhbəti Şahid2 video çəkiliş vasitəsi ilə qeydə almışdır. Sonra rayon polis şöbəsinə gəlmişlər və bu faktla bağlı raport tərtib etmişdir. Şahidlər Qobustan rayon polis şöbəsinin əməkdaşları Şahid3 və Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdilər. Şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun qonşusudur. 01 fevral 2022-ci il tarixdə səhər saat təxminən 09 radələrində işə getmək üçün qonşuları Surət və Fərahimlə işə getmək üçün məhəllədə görüşmüş və taksi fəaliyyəti ilə məşğul olan Arzu əmini evinin qarşısında görüb ona yaxınlaşıb onları “Diri Baba” piri deyilən əraziyə aparmasını xahiş etmişlər. Razılığa gəldikdən sonra hər üçü Arzunun idarə etdiyi “VAZ 2106” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş və yola düşmüşlər. Yolda olan zaman Alı deyilən şəxsin dükanından düşüb içməyə su almış, sonra yenidən yollarına davam etmişlər. “Diri Baba” piri deyilən əraziyə çatdıqdan sonra avtomobildən düşən zaman yol haqqı kimi 2 manat Arzuya pul vermişlər. Həmin vaxtdan təxminən 1 saat sonra Qobustan RPŞ-dən zəng gəlmiş və onları polis şöbəsinin inzibati binasına dəvət etmişlər. Şöbədə olan zaman orada onlara təxminən 1 saat bundan əvvəl Qobustan şəhər sakini aktiv COVİD-19 xəstəsi olan Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2106” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin kimi əyləşərək “Diri Baba” piri deyilən əraziyə getmələrini soruşduqda onlara Arzunun idarə etdiyi avtomaşınla Qobustan rayonu ərazisində yerləşən “Diri Baba” pirinə getdiklərini demişlər. lakin Təqsirləndirilən şəxs aktiv COVİD-19 xəstəsi olmasından məlumatları olmamışdır. Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qonşusudur. Onunla münasibətləri hər zaman yaxşı olub. 01 fevral 2022-ci il tarixdə səhər saat təxminən 09 radələrində qonşuları Surət və Qorxmazla işə getmək üçün məhəllədə görüşmüşlər. İş yerləri “Diri Baba” piri deyilən ərazinin yaxınlığında yerləşir. Qonşuları taksi fəaliyyəti ilə məşğul olan Arzunu evinin qarşısında görüb ona yaxınlaşmış və demişdir ki, “bizi “Diri Baba” piri deyilən əraziyə apara bilərsən?”. O isə “apararam, amma 2 manat alacam sizdən” demişdir. Razılığa gəldikdən sonra Surət və Qorxmazla Arzu əminin idarə etdiyi “VAZ 2106” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər və yola düşmüşlər. Yolda olan zaman Alı deyilən şəxsin dükanından düşüb içməyə su almış, sonra yenidən yollarına davam etmişlər. Qobustan şəhərində yerləşən “Diri Baba” piri deyilən əraziyə çatdıqdan sonra avtomobildən düşən zaman cibindən 2 manat pul çıxararaq yol haqqı kimi Arzuya vermiş və oradan uzaqlaşmışlar. Təxminən 1 saat sonra Qobustan RPŞ-dən zəng gəlmiş və onları polis şöbəsinin inzibati binasına dəvət etmişlər. Şöbədə olan zaman orada onlara təxminən 1 saat bundan əvvəl Qobustan şəhər sakini aktiv COVİD-19 xəstəsi olan Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2106” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin kimi əyləşərək “Diri Baba” piri deyilən əraziyə getmələrini soruşmuş, onlarda polis əməkdaşlarına Təqsirləndirilən şəxs aktiv COVİD-19 xəstəsi olmasından məlumatları olmadığını demişlər. Əgər onun covid xəstəsi olduğunu bilsəydilər avtomobilinə əyləşməzdilər. Şahid6 Şahid4 ilə eyni məzmunlu ifadə verdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” Publik Hüquqi şəxsin 06 may 2022-ci il tarixli, 262/KEŞ nömrəli rəyindən görünür ki, 28 yanvar 2022-ci il tarixdə yeni növ virus infeksiyasının (Covid-19 PCR) təyini üçün aparılmış laborator müayinə zamanı Təqsirləndirilən şəxs müayinəsinin nəticəsinin pozitiv olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs “COVİD-19” virus infeksiyasının daşıyıcısı olduğu halda sanitariya-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir. “COVİD-19” virus infeksiyasının inkubasiya dövrü 7 gün davam edir və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq, sağalma müddəti müxtəlif olur. Qobustan rayon polis şöbəsinin HK-1/31 saylı 01 ədəd CD diskə baxış keçirilməsi haqqında 08 fevral 2022-ci il tarixli protokoldan görünür ki, diskdə 01 ədəd videogörüntü var. Həmin videogörüntüdən görünür ki, Qobustan rayon PŞ-nin PPXT-nın əməkdaşları Şahid1, Şahid3 və Şahid2 xidməti avtomobil ilə qara gödəkçə və boz şalvar geyinmiş şəxsə tərəf yaxınlaşırlar və sükan arxasında olan Şahid1 həmin şəxsə irad bildirərək deyir ki, “sənin adın siyahıda var, sən aktiv “COVİD-19” xəstəsi olaraq nəyə görə evi tərk etmisən”. Qara gödəkçə və boz şalvar geyinmiş şəxs isə cavab olaraq həmin vaxt evdən siqaret almaq üçün çıxmasını deyir. Bundan sonra polis əməkdaşları ona “təcili olaraq evə qayıt” deyir və o bu sözdən sonra həmin yeri tərk edərək evinə gedir. CD diskə baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirdi ki, həmin video görüntüdə qara gödəkçə və boz şalvar geyinmiş və polis əməkdaşları ilə söhbət edən şəxs o özüdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən Qobustan rayon Polis Şöbəsinə daxil olmuş 10 mart 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Qobustan rayon İcra Hakimiyyəti Başçısının Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 11 aprel 2022-ci il tarixli 620 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Qobustan rayon, Qobustan şəhərində qeydiyyatdadır və himayəsində 30 noyabr 1973-cü il təvəllüdlü arvadı- X1, 25 iyun 1995-ci il təvəllüdlü oğlu- X5 və 09 avqust 1998-ci cil təvəllüdlü oğlu-X7 vardır. Qobustan rayon İcra Hakimiyyəti Başçısının Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 11 aprel 2022-ci il tarixli 621 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Qobustan rayon X3 Hüquqi Şəxsin 08 fevral 2022-ci il tarixli, 67 nömrəli məktubundan görünür ki, Qobustan rayon sakini, 1967-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 28 yanvar 2022-ci il tarixində Koronavirus (COVİD-19) infeksiyası ilə bağlı PZR analizi üçün burundan yaxma götürülmüş, nəticəsi 28 yanvar 2022-ci il tarixində Pozitiv + olmuşdur. Virus aşkar edilmişdir və 05 fevral 2022-ci il tarixinə kimi ev nəzarətinə götürülmüşdür. Nəzarətə götürülməsi haqqında məlumatlandırılmış, bu barədə evdə müşahidə edilməyə dair iltizamla tanış edilmiş və həmin sənədi imzalamışdır. Qobustan rayon polis şöbəsinin 21 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün etirafı və şahidlərin ifadələri ilə, eləcədə digər hüquqi sənədlərlə tam sübuta yetir. O, Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə olan cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 6 saat hüquqi yardıma görə 36 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347-349, 351- 353, 356 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Qobustan rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə olan cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 6 saat hüquqi yardıma görə 36 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır. Hökmdən elan olunduğu andan 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar