Məhkəmə qərarları › İş №1(026)-15/2023

Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-15/2023

24.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-15/2023 24.10.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxx 1993-cü il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Lənkəran şəhəri, Mirsalayev küçəsi, ev 56 B-də qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Qarabağ küçəsi, döngə 1-də yerləşən nömrəsiz fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qobustan rayon məhkəməsində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 0,954 qram olan ağ rəngli kristalşəkilli maddə-kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla Qobustan şəhəri ərazisinə daşımış, 25 aprel 2023-cü il tarixdə saat 13 radələrində Qobustan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan şəhəri ərazisində saxlanılaraq, Qobustan Rayon Polis Şöbəsinə gətirildikdən sonra orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarının ön sağ cibindən 01 (bir) ədəd bükülüdə təmiz çəkisi 0,954 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıda qeyd edilənlərlə tam sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Lənkəran şəhəri, Mirsalayev küçəsi, ev 56 B-də qeydiyyatda olsa da, lakin hazırda Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Qarabağ küçəsi, döngə 1-də yerləşən nömrəsiz fərdi evdə ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir və fərdi əməklə məşğul olur. Əvvəllər narkotik vasitə və psixotrop maddə istifadə etmiş və hazırda da arabir istifadə edir. 20 aprel 2023-cü il tarixdə günorta vaxtı Bakı şəhəri, Sabunçu rayonu ərazisində dəqiq ünvanı bilmədiyi ərazidə olmuş və həmin vaxt yolla gedərkən yerdə sellofan bükülünün olduğunu görmüşdür. Həmin bükülü nəzərini cəlb etdiyi üçün ayağının ucu ilə bükülüyə toxunmuşdur. Həmin bükülünün içərisində nə isə olduğunu başa düşmüş və bu səbəbdən də əyilib həmin sellofan bükülünü götürüb içərisinə baxdıqdan sonra içərisində “patı” kimi bildiyi psixotrop maddə olan metamfetamin olduğunu başa düşmüşdür. Həmin bir ədəd bükülünün içərisində olan metamfetamini yenidən bükərək şəxsi istifadəsi üçün üzərində, yəni əynində olan şalvarının cibinə qoyaraq saxlamışdır. 25 aprel 2023-cü il tarixdə tanımadığı yol maşını ilə Şamaxı şəhərinə tikinti işi ilə əlaqədar gedərkən saat 13 radələrində Qobustan şəhərində yolun kənarında olan mağazaların yanında taksidən yerə düşüb siqaret almaq üçün piyada biraz irəli getdikdən sonra onu Qobustan şəhəri ərazisində polis əməkdaşları saxlamışlar. Polis əməkdaşları tərəfindən saxlanılarkən yerdən tapdığı bir ədəd bükülüdə olan “patı” kimi bildiyi psixotrop maddə olan metamfetamin üzərində olmuşdur. Polis əməkdaşları ona üzərində narkotik vasitəni gəzdirməkdə şübhəli olduğunu bildirərək RPŞ-yə dəvət etmişlər. O da polis əməkdaşlarına heç bir etiraz etməyərək onlarla birlikdə RPŞ-yə gəldikdən sonra hüquqlarını müdafiə etmək üçün Müdafiəçi öz seçimi əsasında dövlət hesabına ona müdafiəçi təyin edilmişdir. Üzərində şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşları ona üzərində gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və əşya varsa, könüllü olaraq iştirakçıların yanında təqdim etməsini təklif etmişlər. O da üzərində bir ədəd sellofan bükülüdə “patı” kimi bildiyi psixotrop maddə olan metamfetamin olmasını bildirərək həmin sellofan bükülünü əynində olan boz rəngli şalvarının ön sağ cibindən çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları ondan həmin “patı” kimi bildiyi psixotrop maddə olan metamfetamini haradan əldə etməsi barədə soruşduqda, həmin “patı” kimi bildiyi psixotrop maddə olan metamfetamini Bakı şəhəri ərazisində küçədə yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını demişdir. Həmin psixotrop maddə olan metamfetamini heç kimdən almamış, həmin psixotrop maddə olan metamfetamini 20 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu ərazisində küçədə yerdən tapmış və özü istifadə etmək məqsədilə üzərində saxlamışdır. Heç bir şəxsə həmin psixotrop maddə olan metamfetamindən satmamış və ya verməmişdir. Əvvəllər bir-iki dəfə narkotik vasitə və psixotrop maddə istifadə etmiş və heç kimdən nəyinsə qarşılığında narkotik vasitə almamışdır. Narkotik vasitə istifadə etməsi barədə nə ailə üzvlərinə, nə qohumlarına, nə tanışlarına heç vaxt bildirməmişdir. Bu barədə onların məlumatı olmamışdır. Bükülünü taparkən içərisində psixotrop maddə “patı” olduğunu bilib şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Əməlindən peşmandır. Şahid2 ifadə verərək göstərdi ki, Qobustan RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. 25 aprel 2023-cü il tarixdə Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs Qobustan rayonu ərazisində narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə Qobustan RPŞ-yə əməliyyat məlumatı daxil oldu. Daxil olmuş məlumat şöbə rəhbərliyinə məruzə olunduqdan sonra yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədi ilə CAB-ın əməliyyat müvəkkili Şahid1 tərəfindən “təxirə salınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi” haqqında qərar qəbul edildi və bununla əlaqədar olaraq əməliyyat qrupu yaradıldı. Qobustan RPŞ-nin rəhbərliyi tərəfindən tərtib olunmuş əmrlə əməliyyat qrupunun üzvləri və CAB-ın əməliyyat müvəkkili Şahid1 təyin olunmuşdur. 25 aprel 2023-cü il tarixdə saat 13 radələrində Əhmədli X2 şəhərində “Son” adlanan ərazidə saxlanaraq, ona narkotik vasitələrin istifadəsində və qanunsuz üzərində gəzdirməsində şübhəli olduğunu, üzərinə şəxsi axtarış keçirilməsi üçün Qobustan RPŞ-yə getməli olacağını demişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməyərək onlarla birlikdə Qobustan RPŞ-yə gələrək xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra vəkillərin siyahısından seçmiş olduğu və dövlət hesabına təyin olunmuş Müdafiəçi və onların iştirakı ilə təhqiqatçı Şükran Cavadzadə tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və əşya varsa-könüllü olaraq iştirakçıların yanında təqdim etməsi təklif olundu və Təqsirləndirilən şəxs üzərində olan boz rəngli şalvarının sol yan cibindən bir qutu “vinston” markalı siqaret və bir ədəd alışqan, sağ yan cibindən 3 (üç) ədəd bir manatlıq pul əskinazı, ön sağ cibindən bir ədəd sellofan bükülüdə ağ rəngli maddə çıxardıb təqdim etdi. Təqsirləndirilən şəxs həmin sellofan bükülüdə ağ rəngli olan maddənin “patı” olduğunu bildirdi. Sonra Təqsirləndirilən şəxs bildirdi ki, həmin psixotrop maddə olan -metamfetamini 20 aprel 2023-cü il tarixdə Bakı şəhərində küçədən yerdən tapıb və şəxsi istifadəsi üçün üzərində saxlayıb. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülü elektron tərəzidə çəkildi. Təqsirləndirilən şəxs üzərində olan boz rəngli şalvarının sol yan cibindən aşkar edilmiş bir qutu “vinston” markalı siqaret və bir ədəd alışqan, sağ yan cibindən 3 (üç) ədəd bir manatlıq pul əskinazları iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün təhqiqatçı tərəfindən özünə qaytarıldı. Aşkar edilərək götürülmüş ağ rəngli sellofan bükülüdə psixotrop maddə olan metamfetaminə bənzər maddə isə təhqiqatçı tərəfindən zərfə qoyularaq DİN-in 142 saylı möhürü ilə möhürləndi, üzərinə imzalar edildi, şəxsi axtarış aparılması barədə protokol tərtib olundu və bütün iştirakçılar həmin protokolu imzaladılar. Məhkəmə iclasında ifadəsi elan olunan Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, əvvəllər Qobustan RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Lakin 08 may 2023-cü il tarixdən Şamaxı RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 25 aprel 2023-cü il tarixdə Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs Qobustan rayonu ərazisində narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə Qobustan RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat şöbə rəhbərliyinə məruzə olunduqdan sonra yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə tərəfindən “Təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin keçirilməsi” haqqında qərar qəbul edilmişdir. Qobustan RPŞ-nin rəhbərliyi tərəfindən tərtib olunmuş əmrə əsasən ondan və Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 25 aprel 2023-cü il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs tərəflərindən Qobustan şəhərində “Son” adlanan ərazidə saxlanaraq, ona narkotik vasitələrin istifadəsində və qanunsuz üzərində gəzdirməsində şübhəli olduğunu, üzərinə şəxsi axtarış keçirilməsi üçün onlarla Qobustan RPŞ-yə getməli olacağını bildirmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməyərək onlarla birlikdə Qobustan RPŞ-yə gəlmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra vəkillərin siyahısından seçmiş olduğu və dövlət hesabına təyin olunmuş Müdafiəçi və onların iştirakı ilə təhqiqatçı Şükran Cavadzadə tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və əşya varsa, könüllü olaraq iştirakçıların yanında təqdim etməsi təklif olunmuş və Təqsirləndirilən şəxs üzərində olan boz rəngli şalvarının sol yan cibindən bir qutu “Winston” markalı siqaret və bir ədəd alışqan, sağ yan cibindən üç ədəd bir manatlıq pul əskinazı, ön sağ cibindən bir ədəd sellofan bükülüdə ağ rəngli maddə çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin sellofan bükülüdə ağ rəngli olan maddənin “patı” olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin psixotrop maddə olan metamfetamini 20 aprel 2023-cü il tarixdə Bakı şəhərində küçədə yerdən tapıb və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülü elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs üzərində olan boz rəngli şalvarının sol yan cibindən aşkar edilmiş bir qutu “Winston” markalı siqaret və bir ədəd alışqan, sağ yan cibindən aşkar olunmuş üç ədəd bir manatlıq pul əskinazı araşdırma üzrə əhəmiyyət kəsb etmədiyi üçün təhqiqatçı tərəfindən özünə qaytarılmışdır. Aşkar edilərək götürülmüş ağ rəngli sellofan bükülüdə psixotrop maddə olan metamfetaminə bənzər maddə isə təhqiqatçı tərəfindən zərfə qoyularaq DİN-in 142 nömrəli möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmiş, şəxsi axtarış aparılması barədə protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokolu imzalamışlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə fiziki-kimyəvi ekspertizasının 26 aprel 2023-cü il tarixli, 6/2403 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN “zərflər üçün № 142” möhür əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,954 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin Azərbaycan Respublikası 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Rəyin qeyd hissəsində metamfetaminin ümumi çəkisinin 0,954 qram, tədqiqata sərf edilən ümumi miqdarının 0,05 qram, qalıq çəkisinin isə 0,904 qram olması qeyd edilmişdir. Məhkəmə narkoloji ekspertizasının 26 may 2023-cü il tarixli 3268 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən 20 may 2023-cü il tarixdə rayon polis şöbəsinə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,954 qram, ekspert tədqiqatından sonra təmiz çəkisi 0,904 qram olan psixotrop maddə metamfetamin maddi sübut əhəmiyyətinə malik olduğundan 01 may 2023-cü il tarixli qərarla iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək Qobustan rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Qobustan rayon polis şöbəsinin şübhəli şəxsin tutulması haqqında 25 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 25 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 25 aprel 2023-cü il tarixdən 27 aprel 2023-cü il tarixə kimi Qobustan rayon polis şöbəsində saxlanılmışdır. Həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən azad edilmişdir. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 08 may 2023-cü il tarixdə verdiyi 5-188/2-2180/2023 arayışında göstərilir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Qarabağ küçəsi, döngə 1-də qeydiyyatsız yaşayır. Himayəsində anası - X1, arvadı - X5, oğlu - X3 və qızı - X4 vardır. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 08 may 2023-cü il tarixdə verdiyi 5-188/2-2179/2023 xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün və şahidlərin ifadəsi ilə, eləcə də ekspert rəyi və işdə olan digər sənədlərlə tam sübuta yetir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, himayəsində iki azyaşlı uşaqlarının olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə zalından dərhal həbsə alınmalı və “həbs” qətimkan təqdiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi iş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan 0,904 qram olan psixotrop maddə metamfetamin məhv edilməli və 110 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə olan cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 20 saat hüquqi yardıma görə 120 manat məbləğində pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347,349, 351-353, 356 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 25 aprel 2023-cü il tarixdən 27 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin. Məhkəmə zalından dərhal həbsə alınsın və “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 24 oktyabr 2023-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan 0,904 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə 110 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə olan cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 20 saat hüquqi yardıma görə 120 manat məbləğində pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar